Super User
“Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” – Furqanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsini təqdim edir.
FURQAN
MUSTAFA HƏBİBZADƏNİN MEYİDİNİ MƏN OĞURLAMIŞAM
1.
Jurnalist otaq yoldaşımdan xahiş etmişdim ki, aktyor Mustafa Həbibzadəni tapsın və onu müsahibəyə razı salsın.
– Çətin məsələdi, – demişdi.
Amma bir gün işdən qayıdanda dedi:
– Muştuluğumu ver, Mustafa Həbibzadəni tapmışam.
– Doğrudan? – dedim, inanmağım gəlmirdi.
– Hə! Doğrudan.
– Müsahibə verməyə razı oldu?
– Güc-bəla razı saldım.
– Əla, – dedim, – mən də gəlirəm.
– Sən hara?
– Müsahibəyə. Sənin fotoqrafın olacam.
Otaq yoldaşım bilirdi ki, Mustafa Həbibzadə mənim ən sevimli aktyorumdu və onu yaxından görmək, onunla söhbət etmək ən böyük arzularımdan biridi. Və onu da bilirdi ki, tutduğumu qoparmamış əl çəkən deyiləm. Yəni “mən də gəlirəm” dedimsə, deməli, gələcəm. Dirəşməyin mənası yoxdu.
2.
– Bax ha, – deyərək son tapşırıqlarını verməyə çalışan otaq yoldaşım əlavə etdi, – orda sən çox danışma. Qəşəng şəkillər çək. Müsahibə bitəndən sonra nə istəsən, soruşarsan Mustafa müəllimdən.
– Yaxşı, – dedim, – narahat olma!
Avtobusdan düşüb meyvə-tərəvəz satılan marketə yaxınlaşdıq. Redaksiyanın fotoaparatı da əlimdə idi. Otaq yoldaşım satıcıdan soruşdu:
– Bilmirsiz, Mustafa Həbibzadə hansı evdə yaşayır?
– Niyə bilmirəm ki?! – deyə satıcı gülərüzlə cavab verdi. – Bu yolla təxminən iki yüz metr gedin, qırmızı darvazanı da keçib sağa dönün, birinci darvaza yox, ikincisi. Göy rəngdə.
Satıcı sözünü bitirib bizi başdan-ayağa süzdü:
– Deyəsən, jurnalistsiz.
Otaq yoldaşım sevincək:
– Hə, – dedi.
– Boş yerə əziyyət çəkməyin!
Satıcının bu sözlərinə ikimiz də təəccübləndik:
– Niyə?
– Oğlu maşın qəzasında vəfat edəndən sonra o, hamıdan qaçır. O vaxtdan bəri nə kinoya çəkilib, nə televiziyaya çıxıb, nə də müsahibə verib.
– Biz özüylə danışmışıq. Müsahibə verəcək, – otaq yoldaşım dedi.
– Həə? Lap yaxşı. Yaxşı kişidi o, həm də gözəl aktyordu.
Daha çox vaxt itirmək istəmədik. Satıcıya təşəkkür edib onun dediyi yolla getdik.
Otaq yoldaşım üçün bu müsahibə böyük əhəmiyyət daşıyırdı. Dediyinə görə, illərdi heç yerdə görünməyən aktyorun birdən-birə ortaya çıxması, müsahibə verməsi ölkədə böyük səs-səda doğuracaqdı. Və bu, bəlkə də, otaq yoldaşımın maaşının artmasına vəsilə ola bilərdi.
3.
Mustafa Həbibzadə pıçıltıyla:
– Bir şərtlə müsahibə verməyə razıyam! – dedi.
Biz bir-birimizə baxdıq.
– Hansı şərt? – deyə otaq yoldaşım soruşdu. Mustafa Həbibzadə eyni pıçıltıyla danışmağa davam etdi:
– Həkimlər mənə diaqnoz qoyublar. Pis xəstəliyim var. Uzağı bir ilə öləcəm. Bunu sizdən başqa heç kimə deməmişəm. Heç həyat yoldaşıma da.
Qısa sükut yarandı. Biz ikimiz də donub qalmışdıq. Adicə “Allah şəfa versin!” də deyə bilmirdik. Sükutu aktyorun özü pozdu:
– İstəyirəm ki, bu müsahibə mən ölən gün üzə çıxsın.
Otaq yoldaşım yenə mənə baxdı. Baxışları deyirdi ki, neyləyək? Astaca başımı yellədim. Yəni razı ol, onsuz da buracan gəlmişik.
Otaq yoldaşım dilləndi:
– Şərtinizlə razıyıq!
4.
Müsahibə, məncə, çox yaxşı alınmışdı. Mən də xeyli şəkil çəkmişdim.
Bir gün sonra otaq yoldaşım işdən qayıdanda qırımından bildim ki, sözü var, deməyə çəkinir.
– Nə olub? – deyə xəbər aldım.
– Heç nə! – dedi.
– Sözlü adama oxşayırsan.
– Hə, baş redaktor müsahibəni çap eləmək istəyir.
– Necə ki?
– Deyir, indi çap edək, partlasın. Ölümündən sonraya qalsa, yaxşı olmayacaq.
– Bəs şərti demədin?
– Dedim.
Kefim get-gedə pozulurdu.
– Demədin ki, kişiyə söz vermişik?
– Dedim.
– Nə dedi?
– Dedi ki, bu dövrdə kişi var?
– Tfu! – dedim, – lənət şeytana.
– Bilmirəm neyləyim... Bu gün şəkilləri vermədim. Dedim ki, kartı evdə unutmuşam. Sabah aparmalıyam.
– Aparmasan, olmaz?
– İşdən qovar məni.
– Xəstəliyi olduğunu da yazacaqsız?
– Bilmirəm.
5.
Baş redaktor istəyinə nail olmuşdu. Otaq yoldaşım çarəsiz qalıb şəkilləri və müsahibəni ona təqdim etmişdi. Müsahibə şəkillərlə birgə qəzetdə iki səhifə tutmuş, qəzetin saytında da dərc olunmuşdu. On il ərzində heç yerdə görünməyən Mustafa Həbibzadənin ortaya çıxması sənət camiəsində, doğrudan da, partlayışa səbəb olmuşdu. Otaq yoldaşım sözünün üstündə dura bilmədiyinə görə kədərlənsə də, baş redaktorun maaş artımı ilə bağlı dediyi sözlərin xoşbəxtliyini yaşayırdı.
Amma bu sevinc çox çəkmədi. Bir həftə sonra Mustafa Həbibzadənin ölüm xəbəri yayıldı.
Bütün saytlar ölüm xəbərinin ardınca aktyorun son müsahibəsini paylaşırdı. Otaq yoldaşım evin içində gəzə-gəzə təkrarlayırdı:
– Düz eləmədik. Gərək müsahibəni dərc etməyəydik.
Aktyorun dəfni sabah olacaqdı.
6.
Dəfn günü xəbər saytlarında dəhşətli bir xəbər yayıldı:
“Aktyor Mustafa Həbibzadənin meyiti yoxa çıxıb”.
Otaq yoldaşım işə getməyə hazırlaşırdı. Ordan da guya dəfnə gedəcəkdi. Xəbərdən ikimiz də sarsıldıq.
Elə bu anda qapı döyüldü. Otaq yoldaşım qapını açıb məni çağırdı:
– Tez bura gəl!
Qonaqları görəndə təəccübdən yerimdə dondum. Otaq yoldaşım ağappaq olmuşdu.
– İçəri girmək olar?
Cavab gözləmədən mənzilə daxil oldular. Dörd nəfər idilər. Çiyinlərində də tabut. Yorulmuşdular. Tabutu koridora qoyub otağa keçdilər.
– Çaydan, sudan nəyiniz var? – biri soruşdu.
Otaq yoldaşım titrəyə-titrəyə mətbəxdən su gətirdi.
Gələnlər, Mustafa Həbibzadənin müxtəlif filmlərdə yaratdığı mənfi obrazlar idi. Tabutdakı da, çox güman ki, aktyorun özü idi.
Su içdikdən sonra kresloda oturan mənfi obraz dilləndi:
– Yəqin, bilirsiz də, həkim ona diaqnoz qoymuşdu. Xəstəliyi var idi.
Otaq yoldaşım hələ də titrəyirdi:
– Hə, – dedi titrəyə-titrəyə, – bi... bilirik...
– Onu da bilirsiz ki, sizin üzünüzdən ürəyi partladı, öldü?
– Mənim günahım yoxdu, – dedim, – mən heç qəzetin işçisi deyiləm, sadəcə, Mustafa müəllimi görmək üçün fotoqraf olmuşdum.
– Kəs səsini! Əclaf! Günahı yox imiş. Buna bax!
Divana yayxanan mənfi obraz çox əsəbiləşmişdi, mənə qanlı-qanlı baxırdı, halbuki o, ən sevdiyim filmdəki obraz idi.
– Yaxşı, – dedi kresloda oturan, – olan olub, keçən keçib. Dəfnə az qalıb. – Sonra otaq yoldaşıma tərəf çevrildi:
– Zəng vur baş redaktoruna. Tez gəlsin bura. Vaxtımız azdı. Meyit iylənəcək.
7.
Baş redaktor koridorda qurumuşdu. Tabut və tanış simalar onu çox qorxutmuşdu.
– Deməli, belə! – dedi mənfi obrazlardan biri. – Zəng vurursan redaksiyaya. Belə bir xəbər verirlər saytda: “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam”. Yəni sən...
Mənfi obrazlardan biri qapının ağzını kəsdirmişdi ki, baş redaktor qaçmasın. Baş redaktor isə eynən otaq yoldaşım kimi əsirdi. Əsə-əsə cibindən telefonu çıxardı. Danışanda dili topuq çalırdı.
On beş dəqiqədən sonra xəbər hazır idi. On dəqiqə ərzində bütün xəbər saytları bu dəhşətli xəbəri tirajlamışdı.
Bayaqkı mənfi obraz dedi:
– Biz daha gedə bilərik.
Onlar getdilər, tabut evdə qaldı. Baş redaktor koridorda dizləri üstə çökmüşdü. Başını əlləri arasına almış, səssiz ağlayırdı.
Qorxa-qorxa tabutun qapağını qaldırdım. Boş idi. Otaq yoldaşım da, baş redaktor da gəlib baxdılar.
– Qəribədi, – baş redaktor dedi.
Xəbər saytlarına girdim. Sən demə, Mustafa Həbibzadənin meyidinin yoxa çıxma xəbəri yalan imiş. Hansısa sayt oxucuların marağına səbəb olsun deyə, yalandan paylaşıbmış.
Baş redaktor acı-acı dilləndi:
– Şərəfsizlər, ağızlarına gələni yazırlar.
Televizoru yandırdım. Mustafa Həbibzadənin baş rolda çəkildiyi film gedirdi. Məni söyən mənfi obrazı görən kimi tanıdım.
P.S. Dəfndə o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Otaq yoldaşımın dəfndən hazırladığı reportajın böyük hissəsi baş redaktorun məzar üstündə çıxışından ibarət idi.
Həmçinin onun qələmə aldığı “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” adlı köşə yazısı da saytda oxunma rekordu qırmışdı.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
BÖYÜK ABBAS SƏHHƏT – o da erməni qurbanıdır
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət"
Bir gün ondan soruşurlar ki:
- Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?
O isə cavabında deyir:
- Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.
Bu gün Azərbaycan ədəbi-ictimai fikri tarixində əhəmiyyətli yer tutan ictimai xadim, Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şeir nəzəriyyəçisi, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndəsi, şair, nasir, dramaturq, tərcüməçi, müəllim, həkim kimi tanınmış Abbas Səhhətin anım günüdür.
Abbas Əliabbas oğlu Mehdizadə 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair 1901-ci ildə Şamaxıya qayıdıb və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyib.
Yaradıcılığının əsas mövzusu vətən olan şair ik şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirib və sonralar da mütəmadi olaraq Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edib.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görüb.
“Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub və onun görkəmli nümayəndəsi olub.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan şair Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görüb. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunub.
Dövri mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutub. O, həmçinin Sabirin əsərlərini toplayaraq, vəfatının ildönümünə qədər ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirib. Və çox gözəl ön sözüylə Mirzə Ələkbər Sabirin yığcam tərcümeyi-halını qələmə alıb.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirib və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyib.
1918-ci ildə Azərbaycanın şərqində ağalıq edən bolşeviklər başda erməni Stepan Şaumyan olmaqla Azərbaycanı erməniləşdirmək üçün bolşevik-daşnak ordusu ilə azərbaycanlılara qarşı kütləvi qətliama başlayıblar, tarixdən bu sizə bəllidir. Xüsusən Bakıda, Qubada və Şamaxıda bu qətliam misilsiz həddə çatıb.
Əliyalın Şamaxı əhalisi qaçıb canını qurtaranda Abbas Səhhət və ailəsi də onların içində olub. Gedib Gəncədə sığınacaq tapıblar. Amma ölüm sanki onu qarabaqara izləyirmiş, şair Gəncədə yatalaq xəstəliyinə tutulub, 1918-ci il iyulun 11-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Qorxu fimləri - "Güzgülər"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Film metro stansiyadan keçən təhlükəsizlik xidməti əməkdaşından başlayır. Mühafizəçi qaçır və otağa girəndə görür ki, bütün güzgülər onu əks etdirir. O güzgüdən onu öldürməməyini xahiş edir. Qəfildən güzgü çatlayır və ondan bir parça yerə düşür. Mühafizəçi yerdəki, güzgü parçasını əlinə alır və onun güzgüdəki əksi öz boğazını kəsir. Və mühafizəçi ölür…
Magik qorxu filmi...
Polis detektivi vəzifəsindən müvəqqəti kənarlaşdırılan Ben Karson on il əvvəl yanğından xaraba qalmış Mayflauerdə təhlükəsizlik əməkdaşı kimi işə başlayır. Yanğında sonra da bina bir çox güzgüləri özündə saxlayırdı. Ben həqiqətdə qapının bağlı, güzgüdə isə açıq olduğunu görür. Uzun müddət Benin başına bir çox belə hadisələr gəlir və Ben elə bilir ki, bu hallyusinasiyalardır. O tezliklə Qerri Luisin sənədlərini tapır və onun ondan əvvəl burada işləyən gecə mühafizəçisi olduğunu bilir (filmin başlanğıcında ölən şəxs). Ben Qerrinin cinayət fotoşəkilllərinə baxdıqdan sonra başa düşdü ki, bunu onlar yox, onların güzgüdəki əksləri edir. Ben bacısının işlədiyi yer gedəndə ona deyir ki, "mən hərdən güzgüyə baxanda mənə elə gəlir ki, mən güzgüyə yox, güzgü mənə baxır."
Eyni zamanda, Benin bacısı güzgünün qabağından çəkiləndə əksi güzgüdə qalır. Onun əksi çənəsini hər iki tərəfdən tutur və yavaş-yavaş dartmağa başlayır. Bacısının çənəsi kənarlardan tamamilə çırılır və hər yer qan olur, o ölür. Ben onu tapanda çox hirslənir və Mayflowerə gedir. O əsas güzgünü qırmağa cəhd edir və bu zaman güzgüdə çatlarla bir soyad yazılır: "ESSEKER". O Mayflauerin yarısı su altında qalan zirzəmisinə daxil olur və oradakı "Psixiatrik Tədqiqatlar"-ın aparıldığı yeri tapır. O divardan suyun sızdığı yeri görür və divarı dağıtmağa başlayır. O hər tərəfdən güzgülərlə əhatə olunmuş və ortada stul olan otağı tapır. O buradakı xəstəni təyin etmək üçün polis dostu Lerridən bunu xahiş edir və Lerri Onun adının Anna Esseker olduğunu və onun dəli olduğunu deyir. Anna 12 yaşında kütləvi intiharda öldüyünü sənədlərdə yazılırdı. Lakin Ben Annanın fayılına baxır və onun Ölüm Haqqında Şəhadətnamasini danmış İcazəni və Razılıq formalarını tapır. Bu vaxt Benin həyat yoldaşı Emi (rol Paula Patton) Mayklın güzgünün qarşısından duranda əksinin güzgüdə qaldığını gördü. Emi dərhal Benə deyir və onlar bütün əks etdirən əşyaları boyayırlar.
Ben Annanın əvvəl qaldığı evi tapır və məlum olur ki, onu uşaq vaxtı zirzəmidə ciddi nəzarət altında saxlayırmışlar. Onu güzgülü otaqda saxlayıb müalicə etdikdən sonra onu Monastıra göndərirlər. Çünki, Monastırda güzgüyə baxmaq qadağandır və ümumiyyətlə orada güzgü olmur. Ben Monastıra gedib Annanı tapır. Elə bu vaxt Maykl boyanmış əşyaların üzərini bıçaqla təmizləyir və evdəki bütün suları açıq qoyur və bütün yer su olur. Emi Deyzini təhlükəsiz yerə qoyur və Mayklın yanına gedir amma Maykl qaçır. Ben Annanı Monastırdan çıxarıb Mayflauerə gətirib güzgülü otaqdakı stula bağlayır. Maykl yerdəki sudan qəfildən dartılmağa başlayır və batır. Mayflauerdəki işıqlar partlayır və güzgüdəki ilbislər yenidən Annaya qayıdır və bütün güzgülər partlayır. Eyni zamanda, Maykl yerdən çıxır. Anna Benə hücüm edir və onlar dalaşmağa başlayır. Ben qaz xətdini yandırır, Annanı öldürür və bina partlayır. Ben çıxışa tərəf qaçır və binadan çıxmağı bacarır. Küçə polis və yanğın söndürənlərlə dolu idi. Ben onların yanına gedir ancaq heç biri Benə fikir vermir. Ben görür ki, bütün yazılar güzgüdəki kimi əksinə yazılıb. O başa düşür ki, güzgü dünyasına düşüb. O küçədəki güzgünün yanına gedir və öz əksini görmür və o əlini güzgüyə qoyur və həqiqi dünyadakı həmin güzgüdə onun əli meydana çıxır.
Bu filmə daha çox yeniyetmələr baxır, statistika belədir.
Görünür, böyüklər acı həyatda ciddilikdən kənara çıxmağı lüzumsuz hesab edirlər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Bütün ömrünü teatra bağlayan aktrisa
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Bütün həyatını teatra bağlayan adamlar tək-tük olur. Azərbaycan sənətçisi, aktrisa Ofeliya Məmmədzadə belələrindəndir.
O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərib. Arada teatrını dəyişib, sonra yenidən bura qayıdıb. 1999-cı ildə yenidən teatrdan çıxıb, amma 6 il sonra bir daha teatra qayıdası olub.
Teatr onu ömrü boyu öz cazibəsində saxlayıb.
Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış edib.
Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradıb. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabili olub.
Ofelya Məmmədzadə Əməkdar Artist fəxri adına layiq görülüb.
1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradıb.
Filmoqrafiya
1. 777 №-li iş
2. Arşınmalçı
3. Arvadım mənim, uşaqlarım mənim
4. Bir cənub şəhərində
5. Burulğan
6. Əlavə iz
7. 7. Gethagetdə
8. Köç
9. Poçt qutusu
10. Yenilməz batalyon
11. Zəncirbənd
O, 11 iyul 2007-ci ildə dünyasını dəyişib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Bəlkə qapının bağlanması daha yaxşısının açılması üçündür?-ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər şey gözlədiyin kimi olmadı, eləmi?
“Bu gün, sabah olacaq” — deyə səbrsizliklə gözlədiyin arzular gerçəkləşmədi hə ?
“Artıq bacardım, öz yolumu tapdım” dediyin anda bütün yolların bağlı olduğunu görmək sənə əzab verdi, düzdür?
Hisslərini anlayıram. Nə düşündüyünü də təxmin etmək çətin deyil.
Amma çətin olan nədir, bilirsənmi?
Bu hissin təkcə sənə aid olmadığını bilməmək.
Yola çıxan hər yolçu bu duyğulardan keçir. Bu çətinlikləri yaşayır.
Əgər bunu anlamasan, özünü və ətrafını günahlandırmağa başlayacaqsan. Əzab çəkəcəksən.
Yaşamaq sənin üçün məna kəsb etməyəcək.
Ən təhlükəlisi isə — bu düşüncələrin sənə heç bir fayda verməyəcək.
Çünki faydasız şeylər insanın içində daha böyük boşluq yaradır.
Və sən bu boşluqla yaşamağa məcbur qalacaqsan.
Amma bir anlıq dayan…
Yaşadıqların boşuna deyil.
Bəzən yolların bağlanması — daha yaxşı, daha doğru qapıların açılması üçündür.
Arzularının gecikməsi — onların daha mükəmməl formada qarşına çıxması üçündür.
Başqaları da bu çətinlikləri yaşayıb.
Amma mübarizə aparanlar qalib gəldi.
Geri çəkilənlər isə indi sənin yaşadığın hisslərin içində itib gediblər.
Onlar da inanırdı, çalışırdı.
Sadəcə, ilk sarsıntıda dayanıb geri döndülər.
İndi isə onların çoxu “kaş ki…” deyə yaşayır.
Sən də onlardan biri olmaq istəyirsən?
Unutma: mübarizə edənlər qalib gəlməyə məhkumdur.
Qələbə yalnız son deyil, yolda qalma bacarığıdır.
Və sən…
Sən o gücə, o cəsarətə sahibsən.
Hər nə olursa-olsun, bir gün bacaracaqsan.
Çünki sən artıq içindəki işığın fərqindəsən.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Kinorejissor, Əməkdar incəsənət xadimi…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət
Onun üçün azad yaşamaqdan qiymətli heç nə yoxdur. Elə buna görə də müstəqil olmaqdan ötrü, bütün ömrü boyu əlindən gələni edir. Təzyiqə və şiddətə dözümsüzdür. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Təhsilə böyük əhəmiyyət verir, öxuyub öyrənməkdən yorulmur. Emosional tərəfi çox güclüdür, amma heç zaman öz üzərində nəzarəti itirmir. Adət-ənənələrə bağlı adam kimi görünsə də, onun öz qaydaları var...
Müsahibələrindən birində deyir ki: “Bir tanışım var göyərçin saxlayır. Çox maraqlı və bu işin peşəkarı olan adamdır. Mən də peşəkar insanları sevirəm. Su satsın, amma işinin peşəkarı olsun. Bir dəfə onunla söhbət edirdim. Mənə dedi ki, göyərçinlər hava qatının müəyyən bir hissəsinə çatıb oradakı çəkisizliyi bir dəfə hiss edəndən sonra həmişə oranın kefi, həvəsiylə yaşayırlar ki, bir də nə zamansa həmin sahəyə qalxsınlar. O elə deyəndə, mən sufiləri daha yaxşı başa düşdüm. Sufilər də o uçuşu, eşqi görəndən sonra geri qayıtmaq istəmirdilər...”
Bildinizmi söhbət kimdən gedir? Kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğludan. O 1966-cı ilin iyul ayının 11-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətlə birlikdə 1983-cü ildən 1990-cı ilədək indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin rejissorluq fakültəsində ali təhsilə yiyələnib. 1989-1990-cı illərdə Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb. 1990-cı ildən iki il Azərbaycan kinostudiyasında, 1992-1994-cü ilərdə isə Akademstudiyada çalışıb. 1994-2004-cü illərdə "Azərbaycantelefilm" YB-də işləyib. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur. Ərsəyə gətirdiyi filmlər bir sıra beynəlxalq fesyivalların mükafatına layiq görülüb...
“Tarkovskinin bir sözü var, deyir, insan içindəki uşağı diri saxlamağı bacarmalıdır. Vay o gündən ki, o uşaq ölsün. Onda insan da qocalır, ölür. Bəzən yaradıcı ölüm fiziki ölümdən tez baş verir. Yaradıcı insan öz qəlbini, düşüncəsini təmiz saxlamağı bacarmalıdır. Bizdə kino sahəsində elə adamlar var ki, mən onların hərəkətlərindən dəhşətə gəlirəm. Amma kinoya başlayan gənclərə deyirəm ki, siz pis olan fikri yaxına buraxmayın. Çünki enerjinin itməməsi qanunu var. İnsan həmişə yaxşı tərəfi düşünməlidir. Yaxşıya yaxşı demək çox rahatdır. Əsas məsələ pisə qarşı münasibətdir. Mənim də bəzən hövsələsizliklərim olub. Ancaq mən gəncləri çox istəyirəm. Bu xasiyyət mənə atamdan keçib. Onun tələbələri ilə davranışını görmüşəm, ondan öyrənmişəm. Düzdür, anam da xeyirxah insan idi. Ondan da çox şeylər mənimsəmişəm. Anamın adı çəkiləndə, həmişə kədərlənirəm. Allah ona rəhmət eləsin. İnsan həyatında genetikanın rolu çox vacibdir.”- söyləyir.
Təvazökardır, lovğalıqdan, eləcə də təkəbbürdən uzaqdır. Əzmkar, iradəli və çalışqandır. Əgər qarşı tərəfə çox güvənmirsə, işini həmin adama heç zman tapşırmır. Onda rəqabət ruhu çox inkişaf edib, insanlarla yarışmağı xoşlayır, amma kin saxlamır və heç kimdən intiqam almır. Yalanı sevmir, alnının təri ilə pul qazanır. Kifayət qədər dürüstdür. Müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir...
Deyir ki:- “Mən çox ölkələrdə olmuşam. İnanın mənə, bir çox yerlərdə adamlar çox təmizdirlər. Oskarlı aktyorlardan, lap elə Leonardo Di Kapriodan gedib kömək istəsən, qarşına düşüb sənə köməklik edər. Düşünməz ki, mən Oskarlı aktyoram. Yəni təkəbbür hissi yoxdur. Bizdə isə sanki adamların başına yeridiblər ki, özündən sonra gələn cavanı vur ki, gəlib sənin yerini tutmasın. İnsanlar çox laqeyidləşib. Adını çəkmək istəmirəm. Dünyasını dəyişib. Yəni paxıllıq edənlər də çox olub. Mən özüm də təəccüblənirəm ki, adamlar bir-birlərindən nə istəyirlər? Adamlar var ki, səndən, məndən və digərindən çox istedadıdır. Amma dünya dağılsa da, o, mənim çəkdiyimi çəkə bilməyəcək. Nə də mən onun çəkdiyini çəkə bilmərəm. Çünki biz ağlımız, ruhumuz, rəngimiz, keçmiş həyatımızla bir-birimizdən fərqləndiyimiz kimi, gördüyümüz işlərələ, çəkdiyimiz filmlərlə də fərqlənirik. Ola bilər ki, mən kimdənsə maraqlı düşünüm. Amma bu o demək deyil ki, qarşıdakı adam mənim başımı kəsməlidir. Sən başqası kimi yaza, film çəkə bilmirsənsə, onu öldürməlisən?..”
Cəmiyyət tərəfindən xoş qarşılanan həyat tərzinə üstünlük verir. Əgər onun duyğularına xitab etsəniz onunla asanlıqla dost ola bilərsiniz. İctimai həyata böyük əhəmiyyət verir. Gözəl geyim zövqü var, özünə yaraşanı necə geyinəcəyini çox yaxşı bilir. Pula həris deyil, amma pulsuz həyatın mümkün olmadığını da gözəl bilir. Buna görə də əzmlə çalışır. Əylənmək, məzələnmək onun işi deyil. Ciddi olmaq, əhəmiyyətli işlər görmək onun üçün daha cəlbedicidir...
“Mən Kurosavanı, Odzunu çox sevirəm. Tokiyoda olanda, onların hər ikisinin qəbrini tapmışdım. Orda Kurosovanın nəvəsi ilə görüşdüm. O, eynilə babasının cavanlığına oxşayırdı. Ona bunu deyəndə, dedi, hə, mən babamın paltarlarını geyinirəm. Kurosovanın qəbrinə getmək üçün bir saat yol qət etməliydik. Onun məzarı evlərin arasında balaca bir ərazidə idi. Ancaq mən dedim ki, məsafə nə qədər olur olsun, gedəcəm. Hər iki rejissorun məzarında titrətmə hiss etdim. Azad Mirzəcanzadənin qəbrinə gedəndə də mənim içimdən həmin titrəmə keçir.”- söyləyir.
Yaxşı insandır, Allahın varlığına, alın yazısına şübhə etmir. Bacardıqca özünü saf saxlamağa, səmimiyyətini itirməməyə çalışır...
Deyir ki:- “Ruhu qorumaq sənət adamı üçün çox vacibdir. Komfort içərisində, villalarda yaşayıb, sonra əzab-əziyyət haqqında film çəkmək mümkün deyil. Səmimi olmur həmin filmlər. Tarkovski cəmi yeddi film çəkib, amma görün necə filmlər çəkib. Onun gündəliklərini oxuyuram, o, nə qədər mənəvi, maddi sıxıntılar çəkib. Ən böyük namərdlikdir insanı maddi sıxıntı içərisində qoymaq. İnsanın çörək yeməyə pulu olmalıdır. Tarkovski bu sınaqlardan keçib. Ona görə onun filmləri o qədər güclüdür. Bir də insan özü ilə tək qalmağı bacarmalıdır. Mən özümlə qalmaqdan heç vaxt darıxmıram. Günlərlə, saatlarla özümlə qala bilərəm...”
Bəli, bu gün Elçin Musaoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər arzulayıram. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Dünyadan vaxtsız köçdü
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Çağdaş dövrdə yaşayıb yaratmış aktrisalarımızdan da söz açaq. Məsələn, Xanım Qafarovadan. Niyə məhz ondan? Bu gün dünyadan vaxtsız gedən sevilən aktrisanın anım günüdür.
Azərbaycanın teatr və kino aktrisası Xanım Qafarova 9 may 1967-ci ildə anadan olub. Teatr və musiqi sənətləri ilə erkən yaşlarından maraqlanıb, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.
1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirib. Burada o R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib.
1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb.
Filmoqrafiya
1. Şirbalanın məhəbbəti
2. Kənddən gələn var
3. Kənddən gələn var. II hissə
4. Yuxu
5. Adam ol!
6. Bacanaqlar
7. Qayınana
Mükafatları
- Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı
- Prezident Mükafatı
Süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda vəfat edib. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
BİRİ İKİSNDƏ El Romanın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün El Romanın şeirləri ilə tanış olacaqsınız.
EL ROMAN
El Roman Əlizadə 02.09.2000 tarixində Bakı şəhərində anadan olub.
Son beş il ərzində El Roman təxəllüsü ilə yazdığı şeirlər "525.az", "Kulis.az", "Manera.az", "Muellif.az" və digər saytlarda, eyni zamanda "Ulduz" və "Azərbaycan" jurnallarında, iki müxtəlif şeir antologiyasında dərc edilib.
2020-ci ildə "Sənsizliyin baş hərfi" adlı ilk şeirlər kitabı, 2024-cü ildə "Ağ kvadrat" adlı ikinci şeirlər kitabı çap edilib.
ALLAH VƏ SƏN
Bilmirsən, ürəyi gedir
Yerin göydən, göyün yerdən?
İndicə yer-göy qopacaq
Saçını hördüyün yerdən.
Quzum, mən gecə bilmirəm,
Sayıram, neçə, bilmirəm,
Hələ də keçə bilmirəm
İtlərin hürdüyü yerdən.
Yağışlıdı, qal, gedərsən,
Yanaqları al gedərsən...
Haqqını halal edərsən mənə
Öskürdüyüm yerdə.
Başım üstə – Allah
Və sən,
Nə Allah qocadı,
Nə sən.
Sən onu görə bilməzsən
O səni gördüyü yerdən.
Ay üzüm-üzüm üzdüyüm,
Qara gözünü süzdüyüm...
İndi nə üzlə gözdüyüm
Səni öldürdüyüm yerdə?
YARASALAR
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey –
Adamlar torpağa, kağız torpağa...
Göyərsə göylərdə bir ağ göyərçin,
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
Və
Saçların tərəfə çevrilərəm,
Gəl.
Sən kimin olmusan min illər əvvəl?
Adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrısan, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
Məni də bir dəfə yada sal orda...
Mağara?!
Görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
Adamlar torpağa, kağız torpağa...
PAYIZ FƏSLİ GÖZƏLDİ
Payız gələr, işıldaquş işıldar,
Külək əsər, ağacları boşaldar.
Ayağının altına bax,
Xəzəldi!
Mən demişdim, payız fəsli gözəldi.
Yol gedərik.
Bu yol hara, biz hara?
Bu aylarda ağaclarda qızaran
Mandarinlər bircə-bircə bozarar,
Yerə düşər, əyilsəmmi,
Bilmərəm.
Fikrim uçar bayağıdan bayağı,
Səmalarda qağayılarsayağı,
Sonra dəyməz ayağına ayağım,
Mənimsənmi, deyilsənmi,
Bilmərəm.
Götürəndə yerə düşən çörəyi
Sünbül kimi ovxalanar ürəyin.
Görərsən ki, sonra hər şey düzəldi;
Mən demişdim, payız fəsli gözəldi.
Sonra bütün sevgilərin gücündən
Öpmək üçün güc yığaram içimdə –
Dəmiryolu vağzalının səsinə
Titrəyərək ürəyimiz diksinər.
Qatarları tələsdirən həmin səs
Öpüşləri gecikdirər, əksinə.
Görərsən ki, yer ilə göy birləşər
İkisinin arasında yerləşən
İşım-işım işıldarkən işıqlar,
Üşüm-üşüm üşüyərkən uşaqlar,
Danə-danə dənə dönər başaqlar
Bir qırıq da külək əsdi,
Gözəldi!
Mən demişdim, payız fəsli gözəldi.
MƏNƏ İNAN
Mənə inanmırsan?
Gözümlə gördüm,
Ayna qarşısında balaca uşaq
Pomada sürtürdü
Dodaqlarına.
Nikah masasında oturan o qız
Stuldan sallanan ayaqlarıyla
Tapdaya bilmirdi
Yanındakının
Qırx altı ölçülü ayaqlarını.
Mənə inanmırsan?
Gözümlə gördüm,
Ayağı çatmırdı
Ayaqlarına...
Aeroport yolunda yavaş sürənlər
Nə qədər söyüldü!
Gözümlə gördüm.
Mənə inanmırsan?
Özüm də gördüm,
Ya ayaq ləngiyir, ya baş fırlanır.
Kimi ayrılıqdan, kimi təklikdən,
Kimi yüksəklikdən qorxduğu üçün
O yolda təkərlər yavaş fırlanır...
Mənə inanmırsan?
İnanıram de...
ALLAHI QUCAQLAMAQ
Sonra göydən süd tökülər-
Gəlin paltarında su.
Bilirsənmi, buludlar da yeriməyib yetmiş il.
Bəlkə, biz də buludlara
İnad edib getmişik.
Sonra kimsə ağ-qaralı filmlərin birində
Şəkillərdə yeriməyən buludları yeridər.
Buxar səni aldatmasın, gözlərini itilə!
Köynəklərin üzərində
Qəhvə süzər ütülər...
Sən qəfəsdə saxladıqca
Qarğış edər qumrular.
O qumrular
Saçlarında bircə-bircə yumrular...
Başlamazdan öncə düşün, sıfır nədir?
Yumurta.
Sonra həmin yumurtadan bütün rəqəmlər çıxar.
Göy üzündə növbə-növbə hərlənəcək dövrələr
Kirpiyinin kölgəsini qısqanacaq zöhrələr.
Tutulmaq nə?
Vurulacaq, bəlkə də. ay çöhrənə!
Sonra ayı incidəcək
Görünməmək qorxusu.
Sonra göydən süd tökülər –
Gəlin paltarında su...
KÜRD NƏNNİSİ
Ağac olacaqsan önümdə, ağac,
Bir qız qoparacaq yarpaqlarını.
O gün mən yıxacam barmaqlarımı
Küləyin saçını yıxdığı yerə.
Hanı o əvvəlki yuxular, hanı?
O nəm kirpiyində yuxularammı?
Nə vaxtsa təzədən yıxılar hamı
Bir vaxtlar ayağa qalxdığı yerə.
Heç həmin yuxular belə darıxmaz...
Ay mənim hər dərdə, zülmə dözənim,
Səbir elə, düzəlir, hər şey düzəlir...
Bir kürd nənnisiylə yatmış gözəli
Öpsəm dodağından...
Hələ darıxmaz.
Sən də qayıdasan keçmişə - dərdə,
Sənin də könlünə qəm düşə hərdən.
Bircə gün uzaqda qal bu şəhərdən,
Gör nələr darıxar, nələr darıxmaz...
Adam heç darıxmaz?
De ki, darıxar...
Adamın başında tükü darıxar.
Adam bir darıxar, iki darıxar,
Adam üçüncüdə ölər, darıxmaz...
NÖVBƏTİ SEVGİLİYƏ XƏYANƏT
Bir yuxunu uzadardım günortayadək,
Bir günorta oyanardım, bəlkə, acınnan.
Bir bərbərin həyəcanlı şagirdi qədər
Ehtiyatlı davranardım sənin saçınnan...
Bir dodağın qırağında çuxur görünər,
O çuxura neçə nəfər baxır, görünməz.
O çuxurdan neçə nəfər çıxır, görünər,
O çuxura kimlər düşür, axı görünməz...
Bir yuxunun ləzzətini yadıma salar
Bir varlığın, bir yoxluğun, bir də borclarım.
Səssiz-səssiz yeriyərəm, səni yuxudan
Oyatmaqçün səs çıxarar barmaq uclarım.
Bir küləyin yapışaraq düz ayağından
Xoş olardı ayağının yanına getmək.
Eşq – bəlkə də, bu şəhərin ən uzağında
Bir növbəti sevgiliyə xəyanət etmək...
ƏLİM
Gecədir,
əlim üşüyür,
əlimi tapa bilmirəm.
Üşüyən yerə baxıram,
Dəlini tapa bilmirəm!
Ay qız, hələ harasıdır?
Hələ
Yağış yağmağı var.
Hələ
Kişi qürurunun
Avtobusa sığmağı var.
İnsanlar məni axtarır-
Tanınan
Və tanınmayan.
Məni görməsinlər deyə,
Bilbordların yanındayam...
İnsanlar məni axtarır,
Mən də əllərimi,
Ay qız!
Hansı şərəfsiz kəsdirib
Qarə tellərini,
Ay qız!
Hər adam
Deyər özünə –
Dəlini
Yadından çıxar!
Adam da hara qoymuşdu
əlini,
yadından çıxar?
Bilirəm ki,
Ay qız,
Təksən.
Bilirəm, sən gedəcəksən...
İndicə zəng edəcəksən,
əlimi
tapa bilmirəm!
Üşüyən yerə baxıram,
Dəlini tapa bilmirəm...
QONAQ
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir, mənə də heyif.
Sarı dimdiyini mənə uzadıb
Çiyninin üstündə öpüş gözləyən
Buğda saçlarından ocuvladığım
O quşa atdığım dənə də heyif.
Bir dənə möhtacdı çiynində o quş,
O quşa laləzar vətən yaxşıdı.
Mənim qulağıma pıçılda, soruş,
Sahidən, bu vətən nədən yaxşıdı?!
Hətta küçənizə raket də düşsə,
Ağappaq çiynindən jaket də düşsə,
Birinci vətənçün, sonra səninçün
Narahat olacaq adamlar ki var,
Onların gözünə qonaq gedə...
Mənim də bəxtimə o səngər düşə,
Allahın əlindən bir çəngəl düşə,
Bu dəfə göylərə mən qonaq gedəm...
Daha ikimizdən oldu, olmadı,
Yenə də heyifdir, yenə də heyif.
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir, mənə də heyif...
SƏNİ TANIMAMIŞ
Səni tanımamış ulduzlar – nöqtə,
Aypara – göydəki tək vergül idi.
Bütün səhvlərimin adı uşaqlıq,
Bütün çiçəklərin adı gül idi.
Səni tanımamış yalan – yalandı,
Bir gündə zəhərin dadına döndü.
Səni tanımamış salam – salamdı,
Bir gündə Allahın adına döndü.
Səni tanımamış ölmək – qorxulu,
Yaşamaq – ölməyin ikiqatıydı.
Səni tanımamış saçlar – ətirsiz,
Ətir – oksigenin plagiatıydı.
Səni tanımamış heykəl – adamdı,
Adam – heykəllərin ağır yuxusu.
Dünyada nə qədər adamda var ki
Səni tanımamış ölmək qorxusu?!
Səni tanımamış səmalar – şəhər,
Buludlar – səmaya cızılmış ölkə.
Elə doğmasan ki, səni görməmiş,
Səni tanımamış tanıdım, bəlkə.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Paytaxtdan əyalətə təbrik...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Həyatda heç zaman görüşməmişik, amma sosial mediada virtual dostuq.
Axı, dostluqadamdandiqqəttələbedir. Elə budiqqətlə də onunhaqqındaməlumattoplamağa çalışdım. Axı, onun 50 yaşı tamam olur...
Müsahibələrinin birində deyir ki: “Şeir yazmağa Kəlbəcərdə yaşadığım vaxtlardan başlamışam. İlk şeirlərimi hələ ibtidai təhsilimi alarkən çəkdiyim şəkillərin altında yazırdım. O vaxt da indiki kimi təbiət peyzajları çəkirdim, yazdığım şeirlər də təbiətlə bağlı olurdu. Artıq altıncı sinifdə oxuyanda qafiyəsi, hecası yerli-yerində olan qoşmalar, gəraylılar yaza bilirdim. Yəqin ki, Kəlbəcərdə olsaydım, indi də şeirimin ovqatı, ruhu bambaşqa olardı. Çünki Kəlbəcərdə yazılan şeirlərin bir ayrı nəfəsi, ruhu, fərqli intonasiyası, ritorikası olurdu. Əlbəttə, mənim də şeirlərim daha çox kəlbəcərli idi. Ancaq onu dəqiq bilirəm ki, bu illəri doğma yurdumda yaşasaydım belə Kəlbəcər aşıq şeiri ənənəsi ilə məhdudlaşmazdım...”
Atası ədəbiyyat müəllimi olub. Oğlunu hər zaman ciddi ədəbiyyata yönəldib. Mütaliəsinə ciddi fikir verib, bəzi toyxana şeirlərinin təsirinə düşməkdən çəkindirib. Hər iki valideyni ədəbiyyatçı olduğundan daim “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarına, “Ədəbiyyat və incəsənət” qəzetinə abunə olublar. Evlərində zəngin kitabxana vardı. Bütün bunlar onun ədəbi zövqünün formalaşmasında böyük rol oynayıb...
“Hərbi xidmətdə olduğum illərdə də şeir yazırdım, hətta bakılı, şamaxılı uşaqlara qoşulub meyxana da deyirdim. Yaradıcılığımın ən romantik, ən kövrək dövrü Gəncədə keçirdiyim tələbəlik illəri ilə bağlıdır. Mingəçevirdəki yaradıcılıq fəaliyyətimdə də bir çox uğurlarım olub. 1999-cu ildə Mingəçevirdə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı açıldı. O vaxtdan sonra şəhərdə ədəbi mühit canlanmağa başladı. 1997-ci ildən paytaxt mətbuatında çap olunmağa başlasam da, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının açılışından sonra bu prosses daha da sürətləndi. Bu illər ərzində 3 şeir kitabım nəşr olundu, ölkədə və ölkə xaricində bir sıra tədbirlərə qatıldım. Bir sözlə, ədəbi aləmdə və xalq arasında şair kimi tanınmağım Mingəçevirdə yaşadığım illərlə bağlıdır. Dünya Gənc Türk Yazarlar Birliyinə üzv olmağım isə mənim üçün Türk dünyasının ədəbi həyatına bir açılım rolu oynadı.”- söyləyir.
Təvazökar, təmkinli, incə qəlbli və xeyirxah insandır. Yaxşı danışmağı var, özünə qiymət verməyi bacarır. Cəmiyyəti sevir, cəmiyyət də onu sevir. Kübar məclislərini xoşlayır. Bəlkə də, bu onun öz kübarlığından irəli gəlir. Adətən özündən çıxmır, sakit və soyuqqanlıdır. Kövrək ürəyi var. Adi bir səbəbdən ağlaya, lakin tez də ovuna bilər. Mühafizəkardır, həyatını sarsıda bilən, gərginlik yaradan hər şeyə nifrət edir. Odur ki, rahatlığa və təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy etmədən bir addım da atmır. Ehtiyatlı olduğuna görə, ona heyran qalanlar da az deyil. Diribaş və çevikdir, ona etibar edən adam heç vaxt büdrəməz. Baxışlarında isə bir müəmma var, insanları sehirləməyi bacarır...
Rəsmi məlumatlara görə, o, 28 avqust 1975-ci ildə, amma “Facebook”dakı səhifəsində göstərilir ki, iyulun 11-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya gəlib. İlk dəfə 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində ikinci ali təhsilə yuyələnib. 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru olub, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis edərək ona rəhbərlik edib. Hazırda Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur...
Deyir ki:- “Azərbaycanda hər zaman sənətin bütün növlərində bölgə-paytaxt fərqi hiss olunub. İndi sosial şəbəkələrin olduğu, çap olunmağın çətin olmadığı dövrdə bu fərq elə də nəzərə çarpmasa da, dəqiq fikir verdikdə çox qayğıların olması göz önünə gəlir. Bölgədə yaşayan sənət adamlarına bir növ həvəskar kimi baxılır. Doğrudur, mən bu fikirlə razı deyiləm, öz yaradıcılığımla belə düşüncələri alt-üst etməyə çalışıram, bəzən müvəffəq oluram da. Ancaq yenə də müəyyən çətinliklərin olduğu danılmazdır. Bölgədə yaşayan ədəbiyyat adamlarının iş yerləri ədəbiyyatla, sənətlə bağlı olmadığından bəzən prossedən kənarda qalırlar. Ancaq bir məsələ də var ki, paytaxtda yaşayan şair və yazıçılar da ədəbiyyatla dolana bilmirlər, kitablarının satışı ilə maddi vəziyyətlərini sabit saxlamağı bacarmırlar, müxtəlif sahələrdə çalışırlar, ən yaxşı halda jurnalist kimi, redaktor kimi, tərcüməçi kimi fəaliyyət göstərirlər. Və ya bölgədə yaşayanlar da təqaüd alır, kitab nəşr etdirir, ciddi ədəbi mediada çap olunur və s. Deməli o qədər də böyük fərqimiz yoxdur.”
Doğru deyir, məkan fərqi ola bilər, amma əsl poeziya nümunəsi kənddə yaransa belə, böyük şəhərləri fəth etməyi bacarır. O qədər kənddə yaşayıb şöhrəti dünyanı dolaşan qələm adamları olub ki…
Nə isə, haqqında söhbət açdığım şair Elşən Əzimin bu gün 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Üzeyir bəyin son bəstəsi – Şıxlinskilərin məhəbbət əfsanəsi
Şərəf Cəlilli,
filologiya üzrə fəlsəfə doktru, “Ədəbiyyat və incəsənət” üçün
Tiflisin məşhur əsilzadələrindən olan, Qayı boyuna bağlı Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov vaxtın, zamanın fövqünə qalxıb vaxtı, zamanı millətinin nəfinə işlədən din xadimlərindən, islam üləmalarından idi. Nəcəf-ül Əşrəfdə təhsil almışdı. Dini və dünyəvi elmləri mükəmməl bilirdi. Hüseyn Əfəndi övladlarına dövrünün ən yüksək təhsilini vermişdi. 1878-ci il martın 21-də – Novruz bayramında dünyaya gələn Nigar xanım Qayıbova – sonradan Şıxlinskaya Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk türk, müsəlman, azərbaycanlı qadın kimi tarixə düşmüşdü...
Ərəb, fars, fransız və rus dillərini mükəmməl bilən Nigar xanım Hüseyn Əfəndi qızı Qayıbova ilk azərbaycanlı şəfqət bacısı, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin ilk və son, türk, müsəlman, azərbaycanlı sədri olmuşdu. O, həm də Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik etmişdi. Müharibənin ağır aylarında Nigar xanımın başçılıq etdiyi xəstəxana “Şıxlinski xəstəxanası” kimi şöhrət tapıb məşhurlaşmışdı. 1914-cü ildə təsis olunan Qadın Xeyriyyə Cəmiyyətinin ilk sədri idi. Cümhuriyyət qurucularının sırasında yer alan Nigar xanım Hüseyn Əfəndi qızı – Qayıbova – Şıxlinskaya Milli Ordu quruculuğuna bilavasitə töhfələr verən tək və yeganə azərbaycanlı qadın kimi də tarixdə qalıb. 1917-ci il noyabrın 15-də Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradan, bununla Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü zamanı Əlahiddə Azərbaycan Korpusunun təməlini qoyan, Xalq Cümhuriyyəti Hökumətinin əmri ilə 1918-ci ilin dekabrında Hərbi Nazirlik qurularkən hərbi nazir general Səməd bəy Mehmandarovun müavini, əslində isə Baş ideoloqu kimi tarix yaradan tam artilleriya generalı Əliağa Şıxlinskinin bütün tapşırıqlarını yerinə yetirən Nigar xanım Şıxlinskaya general Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə rəhbərlik etmişdir. Cəmiyyətin “Şəfqət xidməti”nin banisi kimi məsul vəzifəni üzərinə alan Nigar xanım cəmiyyətin xətti ilə çoxsaylı iclaslar, yığıncaqlar təşkil edir, dul qadınların, ailə himayəsindən məhrum olunan uşaqların müdafiəçisi kimi çıxış edir, bununla da, yüz il bundan öncə ölkənin ilk Ombudsman təsisatının- İnsan Hüquqları üzrə Müvəkkilliyin əsasını qoyur.
Nigar xanım Osmanlı əsgərlərinin müalicəsi üçün boyunbağını və gümüş kəmərini “Pasaj”da satdırdı
Soyu, soykökü, şəcərə dəftəri ilə Qayı boyuna, Oğuz Xaqan müqəddəsliyinə bağlı olan Nigar xanım hələ Birinci Dünya müharibəsi, Osmanlı-Rusiya müharibələri zamanı türklərin müdafiəçisi qismində çıxış etmiş, Çar Rusiyasının Osmanlıdan əsir gətirib Bakıda, Nargin adasında işgəncələr verib incitdiyi türk əsgərlərinin müdafiəsinə qalxmış, əsirlərlə müharibənin qanunları çərçivəsində davranılmasını tələb edən Həbib bəy Mahmudbəyovun yanında yer almışdır. Əsirlərin müayinə və müalicə məsələlərinə xüsusi həssaslıqla yanaşan Nigar xanım Tağıyevin, Murtuza Muxtarovun, Nəriman Nərimanovun, İsa bəy Aşurbəyovun, general Şıxlinskinin silahdaşına çevrilmişdir. Bir həkim kimi gərək olan bir çox cərrahi ləvazimatları almaq üçün Şıxlinskinin ona bağışladığı boyunbağını, atasından miras qalan gümüş kəməri belə “Pasaj”da satdırmaqdan çəkinməmişdir.
Publisistikanın ən gözəl örnəkləri onun adı ilə bağlıdır
Nigar xanım eynən general Şıxlinski kimi incə ruhlu şeirlər, kəsərli məqalələr yazırdı. Onun “Azərbaycan”, “Açıq söz”, “Dirilik”, “Yeni fikir”, “İqbal”, “İrşad”, “İşıq” qəzetlərində, “Şərq qadını” jurnalında dərc olunan məqalələri əsasən insan haqlarına, dul qadınların, himayədən məhrum olunan uşaqların problemlərinə, dil, ədəbiyyat və tarix məsələrinə həsr olunmuşdu. Dövrünün ilk müəllim və publisist -qadınları Şəfiqə xanım Əfəndizadə, Hənifə xanım Abayeva – Məlikova, Badisəba xanım Köçərli kimi millətin cəhalətdən qurtuluşu, Azərbaycan qadınının düşdüyü bataqlıqdan xilasını milli maarifçiliyin inkişafında görürdü. “Yeni fikir” qəzetində dərc olunan, ədəbiyyat, ədəbiyyatşünaslıq və dil məsələrini əhatə edən düşüncələri ilə tanış olduqca onun millət, məmləkət, yaddaş sevgisi ilə baş-başa qalırsan. Nigar xanım yazırdı: “Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözləri işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq Azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”.
Nigar xanım ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan, TURAN, türk dünyası olan dahilərin diyarındandı. Tiflisin elmi, mədəni mühitində yetişmişdi. General Şıxlinskiyə könül vermişdi. Qori Müəllimlər Seminariyasını Qazaxa köçürən Firudin bəy Köçərli bu torpaqların İbrahim ağa, Əliağa Şıxlinski kimi məğrur, müdrik şəxsiyyətlərinə söykənmişdi. “Bir millətin varını, dövlətini, sərvətini alarsan məhv olmaz, dilini əlindən alarsan tərk olub gedər” nidası ilə qələm çalmışdı.
Şıxlinski izdivaca gedəndə onun 44, Nigar xanımın 31 yaşı vardı
General Şıxlinski qüdrətli sərkərdə, peşəkar hərbçi idi. Bütün həyatını artilleriya generalı kimi səhralarda keçmişdi. İlk və son məhəbbəti də səhra ilə bağlı olmuşdu. Nigar xanım Şıxlinskaya Çar Rusiyası zamanı hərb tarixinə qədəm qoyan ilk türk, müsəlman, Azərbaycanlı qadın idi. General Şıxlinski ilə Nigar xanımın ilk tanışlığı sənəd üzərində olmuşdu. X Ordunun Komandanı general Əliağa Şıxlinski masasının üzərində yer alan tibbi arayışlarda Azərbaycanlı qadın imzasını görən zaman heyrətini ancaq, ona eşq elan etməklə dilə gətirmişdi. Qafqazın müftisi Hüseyn Əfəndi Qayıbov “Hərbçiyə qız verə bilmərəm” deyib. Şıxlinskinin elçilərinə “yox” cavabı verir. Bu arzuolunmaz, qərarında israrlı, qızının da könlündə taxt quran “Elçi”dən xilas üçün Nigar xanımı özündən 20 yaş böyük Ali Gildiyalı tacir, milliyətcə acar, dini mənsubiyyət baxımından müsəlman olan Dərviş bəy Məmmədbəy oğlu Palavandova ərə verir. İlk övladları dünyaya gələndən qısa müddət sonra Palavandov dünyasını dəyişir. Xəbər Şıxlinskiyə çatanda, o, Peterburqdan durub, ta Tiflisə qədər gəlir, bu dəfə elçiliyi özü edir. İstəyinə çatan Şıxlinski Nigar xanımın oğlunu himayəsinə almaqdan belə çəkinmir. Bu nigahdan onların övladları olmur. Şıxlinski 1909-cu il oktyabrın 27-də izdivaca gedəndə onun 44, Nigar xanımın 31 yaşı vardı. General Şıxlinskinin həyatını dəyişən, həyatına bahar çiçəyi, həm də bahar nəsimi kimi gələn Nigar xanım onu bivaxt tək edir. Oğlunun Türkiyədəki mühacirəti, üstəlik itkin xəbərinin gəlməsi, anası Səadət xanımın dünyasını dəyişməsi ona dərd olur.
Yarımçıq bəstənin son akkordları – Şıxlinskilərin əbədiyyət dastanı
1948-ci il noyabrın 28-də dünyaya vida nəğməsi oxuyan Üzeyir bəyin pianosunun üstündə bitməmiş bir əsərin partiturası qalıb. Üzeyir bəy general Şıxlinskinin ilk və son məhəbbətinə - Nigarına həsr etdiyi “Mənim” şeirinin iki bəndinə romans yazıbmış. Üzeyir bəy Şıxlinskilərlə birlikdə Əbədi İstiqlalın memarlarından olub, manifestini yaradanların sırasında yer almışdı. Cümhuriyyətin himnini yaratmışdı. “Leyli və Məcnun”a, “Sənsiz”ə, “Sevgili canan”a ruhundan qida vermişdi. “Artilleriyanın Allahı” “Koroğlu”nun diyarında doğulmuşdu. Nigarı ilə sənəgərlərə sipər olmuşdu. Ona “Səbri qərarımsan, türfə yarımsan, əcəb dildarımsan, namusum, arımsan, Nigarımsan” demişdi.
Onların övladları olmadı...
Hasan Paşanın qızı atasının etirazına baxmayaraq Qoç Koroğluya qoşulub Çənlibelə gəlmişdi. Nigar xanım müfti atasının “yox” cavabına rəğmən sərkərdə Şıxlinskiyə qoşulub səhralarda sultan olmuşdu. Onun Leylisinə, “Sevgili canan”ına dönmüşdü. Həm də, onu “Sənsiz”liyin oduna, atəşinə salmışdı. Əsl məhəbbətin hüdudları məlum olmayan sevginin də, bir şərəf, ləyaqət məsələsi olduğunu sübut etmişdi. Şıxlinski Çənlibelli Qoç Koroğlu kimi Qılıncı, Üzeyir bəy Qələmi, Nigar xanım Neştəri ilə tarix yaratdı. Dövlət qalan, qalan hər şey yalan deyən bu dahilər Əbədi Sevgini yaşadılar. Hasan Paşanın qızı qoç Koroğlunu, Məleykə xanım Terequlova Üzeyir bəyi, Nigar xanım Qayıbova general Şıxlinskini seçdi. Onların övladları olmadı. İlahi eşqlə bağlandıqları, övlad məhəbbəti ilə sevdikləri Vətənləri oldu – Odlar Yurdu Azərbaycan!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)


