İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Filologiya tariximizə adını yazdıran alimlərimizdən biri də Qulu Xəlilovdur. Kəşməkeşli həyat yaşayan, ömrünün bir hissəsini ağır xəstəliklərlə mübarizəyə həsr edən, bu mübarizədən bəhs edən “Yaşamaq istəyirəm” adlı kitabı bestsellerə çevrilən bu böyük ziyalımızın doğum günü – anadan olmasının 95-ci ildönümüdür.
Qulu Xəlilov 1930-cu ilin 20 noyabrında indiki Sisyan rayonunun Qızılcıq kəndində anadan olub. 1948-ci ildə ailəsi məcburi şəkildə Ağcabədi rayonun Poladlı kəndinə köçürülüb. 1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib. Tələbə ikən Tələbə Elmi Cəmiyyətinin sədri, komsomol bürosunun üzvü, divar qəzetinin redaktoru olub. 1954-1955-ci illərdə ”Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri olub.
1956-1959-cu illərdə Azərbaycan Pedaqoji Universitetində aspiranturada təhsil alıb. 1959-cu ildə vaxtından 6 ay əvvəl “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb.
1967-1970-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan mətbuatı tarixi kafedrasında müəllim,sonra professor (1967), filologiya fakültəsində dekan (1977-1978) işləyib, ömrünün sonunadək ADU-nun jurnalistika fakültəsinin “Mətbuat tarixi və ideoloji iş metodu” kafedrasının professoru olub.
”Atam və mən”, ”Ömrün baharı”, ”Qocaların söhbəti”, ”Qulun yaman kişnədi”, ”Müəllimə”, "Hörümçək", "Tənha palıd", "Bir də gəlmə" kimi əsərləri yazıb. Xalq yazıçısı Süleyman Rəhimov onu tənqidimizin “Koroğlu toppuzu”, xalq şairi Bəxtiyar Vahabzadə “Babək qılıncı” adlandırıb. Ümumilikdə 15 elmi-tənqidi-publisistik, 10 bədii kitabın və 1000-dən çox elmi-publistik məqalələrin müəllifidir
Qulu Xəlilovun ədəbi-tənqidi fəaliyyəti Azərbaycan sovet romanının ideya-məzmun strukturu, tematik inkişaf dinamikası, süjet və xarakter sisteminin formalaşması, eləcə də dil və üslub xüsusiyyətlərinin analizi kontekstində mühüm əhəmiyyət kəsb edib. O, tənqidlərində ədəbi obrazların ictimai reallıqlarla əlaqəsini və onların bədii-estetik dəyərini sistemli şəkildə təhlil edib.
"Evinə gedən tələbələrin hamısını yedizdirib yola salıb"
Xəstəlik onu nə qədər üstələsə də, məğlub olmayıb. 30-40 yaşlarından başlayaraq ömrünün sonuna qədər xəstəlikdən əziyyət çəkib. Yaradıcılığına, yaşayıb-yaratmağına isə davam edib. 1959-cu ildə namizədlik dissertasiyasını vaxtından 6 ay əvvəl müdafiə edir və elmlər namizədi adını alıb. Nizami adına Ədəbiyyat Muzeyində işləməyə başlayıb. Burada çalışdığı müddətdə isə doktorluq dissertasiyasını müdafiə edib. Həmçinin filologiya fakültəsində dərs deməyə başlayıb.
Tələbələrini sevməklə yanaşı, onlara həmişə qayğı göstərib, lazım olanda tərəflərini də saxlayıb. Qızı Rəna Xəlillinin mətbuata verdiyi açıqlamaya görə, atası onlara gedən heç bir tələbəni ac yola salmayıb: "Kim ki, atamın tələbəsi olub hansısa iş üçün bizə gəlirdisə, bizim evdə çörək yeməmiş getməyib. Atamın tələbəlik illəri çox ağır vaxtlara təsadüf edib. Buna görə tələbələrindən birini də evdən yemək yeməmiş yola salmayıb. Həyat yoldaşına da deyib ki, otaqdan çıxaq, uşaq sərbəst, doyunca yeyə bilsin".
Q.Xəlillinin evdəki otağı kitabxananı xatırladıb. Hətta bəzən qəhrəmanımız saatlarla otaqdan çıxmaz, dissertantları ilə bərabər işləyib.
"Sizi kəsmək su içimi kimidir"
Qulu Xəlilovun tələbəsi Faiq Qismətoğlu yazır:
"Auditoriyaya girərdi və sonra da özünəməxsus bir görkəm alıb qaşları çatılardı. Sonra da deyərdi ki, əgər mən sizi "kəsmək" istəsəm, bu, su içimi kimi bir şeydir. Deyərəm ki, gedin "Şamo"nu başdan-ayağa oxuyun. Amma sizə deyirəm ki, Hüseyn Cavidi oxumasanız, Əhməd Cavadı tanımasanız, Mikayıl Müşfiqi öyrənməsəniz, Süleyman Rəhimovu bilməsəniz gələcəkdə axsayacaqsınız. Yazı-pozu adamı əlinə qələm götürüb nə isə yazmaq istəyən bütün gənc ədibləri, o cümlədən adını sadaladığım yazarları tanımalıdır. Bunları oxumayan, bunları öyrənməyən tələbəyə barmağımı kəssələr, də qiymət yazan deyiləm".
Dərs oxumaq barədə tələbələrinə güzəştə getməsə də, həmişə onların yanında olub. Tələbəsi Faiq Qismətoğlunun dediyinə görə, onun "Ədəbiyyat və incəsənət" qəzetində "Dekan dekan olsa..." sərlövhəli yazısı o vaxt böyük əks-sədaya səbəb olub: "Qulu müəllim həmin yazıda tələbə-müəllim münasibətindən danışıb. O, tələbəni müdafiə edib, yaxşı oxuyanın haqqını özünə qaytarmaq istəyib və tələbəni incidən müəllimlərə üsyan edib. O vaxt hər kişinin işi deyildi ki, müəllimi qoyub tələbəni müdafiə etsin. Amma Qulu müəllim əzazil, tələbəni incidən müəllimləri mühakimə edib, onları haqqın yoluna qaytarmaq istəyib. Qulu müəllim harada olubsa, harada işləyibsə, orada həmişə halallıq, haqq-ədalət olub və işə vicdani münasibət bəsləyib".
"Nə xahişin olsa, edərəm, ancaq bu xahişi etmə"
Qulu Xəlilli4 0-dan çox müxtəlif səpkidə kitab, mindən çox məqalə müəllifi olub. 1953-cü ildən mətbuatda həm də tənqidçi kimi fəaliyyətə başlayıb. Özünü ədəbiyyatımızın qara fəhləsi adlandırıb. Onun üçün əsas məqsəd Azərbaycan ədəbiyyatının toxunulmazlığı, inkişafı olub.
Qızı Rəna Xəlillinin sözlərinə görə, Azərbaycan Dövlət Dram Teatrında elə bir tamaşa olmayıb ki, atası onun ilkin baxışında iştirak etməsin: "Orada tamaşaları qoyulan yazıçıların hamısı, aktyorlar belə məhz atamın o tamaşa haqqında dediklərini gözləyiblər. Bilirdilər ki, atamın heç bir sözündə qərəz yoxdur".
Qulu Xəlillinin bacısının yoldaşı Şirin Quliyevin dediyinə görə, bəzi şair və yazıçılar barədə Qulu müəllimdən müsbət rəy yazmasını xahiş edəndə onun cavabı belə olub: "Nə xahişin olsa, de, edərəm, ancaq bu xahişi etmə".
Qulu müəllim söhbətlərində zəif əsər haqqında güzəştə getməyi millətə xəyanət hesab etdiyini deyib
Qulu Xəlilli həm də yazıçı olub. Ağır exnakok xəstəliyi ilə çarpışa-çarpışa "Yaşamaq istəyirəm", "Ömrün baharı", "Atam və mən", "Qulun yaman kişnədi", "Mələk xala" kimi roman, povest və hekayələrində bir-birindən maraqlı, unudulmaz bədii obrazlar yaradıb.
"Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər"
Ömrünün sonlarına yaxın televiziya müsahibələrinin birində deyib: "Allah mənə bir yaratmaq, yaşatmaq arzusu verə... Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər. Heç yaralı ağac da özünü düzəldə bilməz".
Oğlu Azər Xəlilovun dediklərindən aydın olur ki, Qulu Xəlilli öz vəsiyyəti ilə Şağanda bir qayanın yanında dəfn olunur: "Mənə deyirdi ki, kaş qəbrim ya sıldırım qayaların arasında yerləşərdi, ya da buzluğun içində olardı".
1995-ci ildə, 65 yaşında xəstəliklə çarpışa-çarpışa rəhmətə gedən Q.Xəlillini İkinci Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da, vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında - Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər. Məzarı qayaların arasında düşüb.
Elmi və publisistik əsərləri
- Böyük sənət uğrunda
- "Vaqif" pyesi və tarixi dram janrı
- Sənət və sənətkar
- V. İ. Lenin və ədəbiyyat məsələləri
- Azərbaycan Sovet Ədəbiyyatında Lenin Milli Siyasətinin qələbəsi
Bədii əsərləri
1. Yaşamaq istəyirəm. Sənədli povest.
2. Mələk xala. Hekayələr
3. Atam və mən. Povestlər və hekayələr
4. Həyatdan gələn səslər. Hekayələr, oçerk və portretlər
5. Ömrün baharı. Povest və hekayələr
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.11.2025)


