Super User
Bizim içimizdəki Qabil, hər gün bir az daha güclənir - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İnsan ilk dəfə daşını yerə atanda, o daş yalnız torpağa dəymirdi. O, həm də öz gələcəyinə, öz qəlbinə, öz qaranlıq təbiətinə toxunurdu. Neandertalın ovçuluq instinkti ilə başlayan vəhşilik, zamanla bir əfsanəyə çevrildi. Habil və Qabilin əfsanəsinə. Qardaşlıq, qırğın, qisas.. İnsanın ruhunda sanki başlanğıcından yazılmış bir cəhənnəm idi.
Təbiət, ədalətsiz, bəzən amansız, amma heç vaxt mühakimə etməyən bir varlıqdır. O, hər kəsə eyni günəşi, eyni yağışı, eyni nəfəsi verir. Amma insan... İnsan bu veriləni heç vaxt bərabər bölməyib. O, aldıqları ilə kifayətlənmədi, əlini uzadıb, daha çoxunu tələb etdi, daha çoxunu əzmək üçün. Təbiət sadəcə izləyirdi. Səbrlə, soyuqqanlılıqla, sanki insanın özünü məhv etməsini seyr edirdi. Bizim sivilizasiyamız, təkcə texnologiyadan, elm və kəşfdən ibarət deyil. O, həm də qətlin, xəyanətin, qardaş qırğının, müharibələrin, məhvin və illüziyanın tarixidir. Bizim içimizdəki Qabil, hər gün bir az daha güclənir. O, artıq fərdi bir insan deyil. O, ideologiyalarda, dövlətlərdə, qanunlarda və ya ən qorxunc halda, insanın öz vicdansızlığında təcəssüm tapır. İnsan ağlını alov kimi yandırdı, amma o alovun yanında öz vicdanını qoyub getdi. Kəşf etdikcə, güc qazandıqca daha çox zülm yaratdı. Elmi nailiyyətlər, texnoloji irəliləyişlər, bəşəriyyətin tarixində qara ləkələrə çevrildi. Tankların təkərləri, bombaların səsi, yoxsulluğun dərinləşməsi və təbiətin səssiz fəlakəti..
Biz özümüzü tanrı hesab etdik, amma tanrının səsindən çox uzaq düşdük. Biz özgə qardaşını öldürüb, öz ruhumuzu öldürməyi də öyrəndik. Qabilin qəzəbi ilə yaşadıq, Habilin səssizliyini unutduq. Azadlığı, yalnız bədənimizin sərbəstliyi ilə ölçdük, ruhun azadlığını isə həmişə gözardı etdik. Bu yazı dostum, insanın təkamülünün və tənəzzülünün, təbiətin ədalətsizliyinin və insan vicdanının yorğunluğunun hekayəsidir. Bu, insanın özü ilə, qardaşı ilə, təbiətlə və öz içindəki qaranlıqla üzləşməsi üçün yazılmış bir sükut çağırışıdır.
Dünya heç vaxt bərabər olmadı. Amma insan, ən böyük xəyanəti özündən başlayaraq etdi.
Təbiət səssizdir. Bu səssizlikdə mərhəmət də yox idi, qərəz də. Günəş hər səhər doğurdu. Ağac üçün də, qatillər üçün də. Külək meşədəki budağı sığallayırdı, elə həmin gün bir balaca uşağın qəbri üzərindən də keçirdi. Təbiət yalnız var idi, lakin heç vaxt bizimlə deyildi. Onu "ana" adlandırdıq, amma o heç vaxt övladlarına qayğıkeş olmadı. O, sadəcə öz qanunlarına sadiq qaldı. Kim güclüdürsə, o qalacaq, zəiflər isə səssizcə torpağa qarışacaq. Bu, onun üçün zülm deyildi. Bu, onun neytrallığı idi. İnsanlar isə bu neytrallığı ədalət sandı. Öz boşluqlarına uydurmalarla divar hördülər. Dedilər ki, təbiət hər şeyi bərabər paylayır. Amma eyni torpağın içində biri aclıqdan ölür, digəri artıq yeməkdən xəstələnirdi. Bu necə bərabərlikdir? Əgər doğrudan da hər şey bərabər verilibsə, o zaman niyə biri anadan silah səsi altında doğulur, digəri isə pianonun səsi ilə? Niyə biri qumda böyüyür, susuzluqla, zəhərli havayla, digəri isə yaşıl vadilərin qoynunda? Sual budur dostum. Təbiət bərabər veribsə, nəyi verib? Su? Biri dağın başında yaşadığı üçün içməyə su tapa bilmir. O biri hər gün maşın yuyur. Hava? Birisi maska ilə nəfəs alır, digəri səhər oyananda dağ havasını ciyərinə çəkir. Günəş? Onun altında yanan var, onunla çöldə çörəyini qızdıran da. Əgər bu bərabərlikdirsə, deməli sözlərin mənası itib. Bəlkə də təbiət heç vaxt "bərabərəm" demədi. Biz ondan bunu istədik, ona bunu yaraşdırdıq. Çünki insan düşüncəsi "tərəfsizliyi" anlaya bilmir. Biz ya düşmən istəyirik, ya da dost. Ya bizə verdiyinə minnətdarlıq edirik, ya da vermədiyinə nifrət. Amma təbiət bizə heç vaxt cavab vermədi. O bizi eşitmədi. Bu səssizliyə dözə bilməyən insan isə öz Tanrısını yaratdı, öz “ədalət”ini uydurdu və başqalarını həmin ədalətin altına basdırdı. İnsanın ən böyük fəlakəti budur. O, bərabər doğulduğuna inandırılıb, sonra həyatın onu yavaş-yavaş boğduğunu izləməyə məcbur edilib. O, əvvəlcə oynayır, sonra ona deyirlər ki, oyunun qaydaları var, amma bu qaydaları əvvəldən bilənlər uduzmurlar. Qalanlar isə oyuna sonradan gəlirlər və uçurumun kənarından başlamalı olurlar.
Məgər bu bərabərlikdir?
Əgər sən ac doğulmusansa, bu sənin günahın deyil. Amma sən tox doğulmusan və susursansa, bu sənin günahındır. Təbiət səssiz ola bilərdi. İnsan isə susmamalıydı. Amma insan əvvəl özünə yalan danışdı, "bu mənim haqqımdır", dedi. Halbuki o haqq doğulmayanların da idi. O torpaq, o su, o hava.. ilk nəfəsindən əvvəl bütün insanlığın ortaq mirası idi. Amma sən o nəfəsi alan kimi qapını bağladın. Qalanları çöldə qaldı.
İndi isə bax. Sən çöldəkiləri görmürsən. Sənin pəncərənin arxasında başqa bir dünya var. Şüşə təbiətin qərəzsizliyini əks etdirir amma sən ona baxanda yalnız öz işığını görürsən. Bəli, təbiət səni günahlandırmır. Amma o səni bağışlamır da. Çünki bağışlamaq üçün əvvəlcə eşitmək lazımdır. Təbiət isə səni eşitmir, çünki sən heç vaxt danışmadın. Bəlkə də elə bu səbəbdən insan özündə Tanrı oyunu oynamağa başladı. Çünki Tanrı olmaq, təbiətin səssizliyinə cavab vermək idi. Amma o cavab yaradıcı yox, məhv edici oldu. İnsan təbiətin yaratmadığı ədaləti qurmağa çalışdı və bu ədalət, bərabərlikdən doğulmadı, qorxudan doğuldu. Qorxan insan ya dua edir, ya öldürür. Və bu gün biz dua ilə başlayan, bombayla bitən bir sükutun içindəyik.
İnsanın təbiətlə olan münasibəti, tarix boyu bir paradokslar girdabıdır. O, təbiətdən aldığı hər şeyi haqqı hesab edib, amma heç vaxt ədalətli davranmayıb. İlk addımlarından etibarən, ovçuluq instinkti ilə vəhşilik bir-birinə qarışdı, vicdanın zəif işığı isə tez-tez qaranlıqda itdi. Neandertalın ov zərurətində gizlənən o ilk vəhşilik, insanın içində doğan qardaşlıq və qardaş qırğının başlanğıcı idi. Bu ilkin dövr, insanın öz təbiətini, öz qəlbini anlamağa çalışdığı, amma hələ çox uzaq olduğu zaman idi. İlk insan ovladı təbiətlə dost deyildi. O, qorxurdu. Dağdan gurultu düşəndə gizlənirdi. Səmanın qaranlığı onu udmaqla hədələyirdi. Şimşək çaxanda diz çökürdü. Çünki hələ dua nədir bilmirdi, sadəcə lənəti gözləyirdi. Onun üçün dünya ya təhlükə idi, ya da yem. O, sevməyi öyrənməmişdi, yalnız sağ qalmağı instinkt halında daşıyırdı. Neandertal ovladı. İlk daşını götürəndə bu, müdafiə üçün idi. Amma sonra bu daş hücum oldu. Çünki insan aclıqdan çox həmləni öyrəndi. Əvvəlcə heyvan ovladı. Zərurət idi. Amma bu zərurət zamanla hakimiyyət zövqünə çevrildi. Güclü olan yaşadı, zəif olduğu üçün ölən isə təkcə heyvan deyildi. Artıq digər insanlar da "qida zəncirinə" daxil idi. Neandertal dövrü bitmədi, sadəcə kostyum geyindi. Əvvəlcə heyvanların gözləri qorxu ilə böyüyürdü, sonra insanın. Çünki insan gördü ki, təbiət onu sevmir. O, yağışa paltar tikmək məcburiyyətində qaldı. Soyuğa atəş tapmalı oldu. Təbiətlə dostlaşmaq mümkün deyildi. Onu aşmaq lazım idi. İnsan qisas aldı, ağlı ilə. O düşündü və düşündükcə daha qəddar oldu. Vəhşilik artıq instinkt deyildi, şüurlu seçim oldu.Əgər biz neandertal atamızın gözlərinə baxa bilsəydik, orada qorxu görərdik. O hələ öldürməkdən zövq almırdı. O, sadəcə yaşamaq istəyirdi. Amma müasir insan.. o öldürür, çünki yaşamaqla kifayətlənmir. İdarə etmək, mülkləşdirmək, boyun əydirmək istəyir. Təbiət isə bütün bu şıltaqlıqların içində sakit durdu. Günəş eyni doğdu, çay eyni axdı. Amma artıq o çaylar torpaqla yox, qanla qarışmağa başlamışdı. Hər şey ilk daşla başlamışdı. Bir ov aləti, bir qorunma vasitəsi.. Sonra o daş beyin qırdı. İnsanın isə beyni böyüdükcə, vicdanı kiçildi...
Və nəhayət, müasir sivilizasiyanın yəni, neandertaldan sonraki o səhnəyə qayıdaq. İki qardaş. Habil və Qabil. Heç bir imperiyanın olmadığı bir dövrdə, dinlərin, bayraqların, sərhədlərin, dövlətlərin hələ doğulmadığı, torpaq anlayışının belə mənasız olduğu o ilk insan dövründə bir insan başqa birini öldürdü. Yalnız paxıllıqdan, yanan bir qürurdan, tanınmaq istəyindən. O cinayət insanlığın ilk günahı deyildi. O, insanlığın ilk qərarı idi. Və o gündən bu günə qədər dəyişən təkcə alətlər oldu. Daşdan qılınca, qılıncdan tüfəngə, tüfəngdən raketə. Amma insanın əli həmişə titrəyirdi. Əvvəl qardaşını, sonra xalqları, sonra planetin özünü qurban kəsmək üçün. Qabildən bu yana nə qan azaldı, nə də cəza yaxşılaşdırdı. Qabil bir dəfə öldürdü, biz isə hər gün bir-birimizi təkrar öldürürük.
"Qabildən bu tərəfə heç bir cəza dünyanı yaxşılaşdırmadı". Heç bir qanun Habili diriltmədi. Heç bir məhkəmə o günahın təkrarını dayandıra bilmədi. Sadəcə ölüm modernləşdi, qəddarlıq hüquqla örtüldü, ədalət anlayışı ilə izah edildi. Amma içindəki Qabil heç vaxt susmadı. Əslində, insan öz içində Qabili gömdüyünü düşünür, amma əlləri hələ də torpaq içindədir. Və o torpaq, təbiətin deyil, özümüzün qazdığımız bir qəbirdir. Sonra bir gün, torpağın üstündə iki qardaş dayandı. Biri qurban verdi, biri qatil oldu. Habil və Qabil. O gündən sonra neandertal öldürməyi unutdu, amma Qabil yadda qaldı. Heç bir qanun, ilk qardaş qatilliyinin travmasını sağalda bilmədi. Heç bir ədalət sistemi, o ilk cinayətin mirasını yerdən qaldıra bilmədi. İnsan bir dəfə ölümə əl atdı və əlini oradan çəkmədi. Bu sözlər, təkamülün deyil, tənəzzülün tarixidir. Təbiət heç vaxt adil olmadı. Amma insan, ədaləti imitasiyaya çevirərək ondan daha da pis oldu. Amma bu yalnız bir başlanğıcdır. Ovçuluq instinktiylə bərabər insan ağlının oyanışı da öz yerini tutdu. İndi gəl düşünək dostum, bu zəka necə kəşfə çevrildi, amma kəşf edildikcə insanın öz vicdanını necə itirdiyini anlayaq. Çünki insanın ağlı, bəzən ən böyük düşməni olur, öz özünü məhv etməyə başlayanda. İnsan ağlını öydü. Onu özünün ən böyük silahı, Tanrının içimizə üfürdüyü nəfəs kimi ucaltdı. Amma həmin o ağıl, daha çox yaratmaq üçün deyil, qurban vermək üçün işlədi. İlk dəfə alovu tapanda, barmaqları yanmışdı. Amma sonra başqalarının barmağını yandırmağa başladı. Kəşfin tərifi dəyişdi. Artıq "tapmaq"yox, "üstün olmaq"idi missiya.. Sual vermək yox, cavabı ələ keçirmək idi. İnsan su içmək üçün quyu qazmadı. O quyu digərini itələmək üçün dərinləşdirildi. Ağıl, ilk dövrdə həyatda qalmaq üçün idi. Amma sonra qurtulmaq üçün deyil, əzmək üçün işə düşdü. Kəşf etdikcə, məsafələri qısaltdı, amma insanlar arasındakı məsafə daha da uzandı. Gəmi düzəltdi, dənizləri keçmək üçün. Sonra o gəmini qul daşımaq üçün istifadə etdi. Yazı icad etdi, bilik yaymaq üçün. Amma sonra yazdıqları ilə başqalarının dillərini susdurdu. İnsan torpağın altına girdikcə, göylərə çıxmaq istədi. Yerin cazibəsi onu sıxanda, öz cazibəsi ilə pul, şöhrət, güc yaratdı. Elə bir cazibə ki, insanların bir-birini orbitinə alaraq boğduğu bir sistemin başlanğıcı oldu. Elm inkişaf etdi, amma insan əxlaqi cəhətdən daş dövründə qaldı. O atomun bölünməsini kəşf etdi həyatın sirrini anlamaq üçün deyildi bu. O atomu parçalayaraq şəhərlər yandırdı. Həmin şəhərlərdə körpə gözləri partladı, dərilər əridi, divarlar ağladı. Amma insan həmin o atom bombasının maketini muzeyə qoyub "irəliləyiş" adlandırdı.
Bəs, səncə, zəka nə vaxt zəhərə çevrildi?
O an ki, insan ağlıyla tək qalanda vicdanı otaqdan çıxdı. O an ki, kəşf etdiyi hər yeni alət insan üzərində nəzarətə, insanın nəzarətdə saxlanmasına, daha böyük müharibələrə, daha incə zülmlərə xidmət etməyə başladı. Zəka yalnız bir vasitədir dostum, bıçaq kimi. Amma insan bıçağı yaraları dağlamaq üçün deyil, yaralar açmaq üçün itilədi. İndi telefonlarımız var, amma bir-birimizin səsini eşitmirik. Əlaqələr sürətlidir, amma qəlblər ləngdir. Tibb inkişaf edib, amma xəstənin dərdi yox, ödəmə üsulu soruşulur. Uçuruq, amma nə üçün getdiyimizi bilmirik. Bu ağıl, insanı Tanrı etmədi. O, insanı iblisə daha yaxın etdi. Çünki iblis də bir zamanlar mələk idi. Amma özünü üstün sandı. İnsanın da faciəsi buradadır. O öz ağlını bir dəfə Tanrının əli sananda, artıq heç bir ilahi xəbərdarlıq çatmır ona. Əslində insan kosmosa raket göndərməklə Tanrıya "bax, mən də sənin yaratdıqlarının arasındayam"demək istədi. Amma unutdu ki, Tanrı göyə baxanları yox, yerdə ədalət axtaranları dinləyir. İnsan ağlının kəşfi həm yaradıcı, həm də dağıdıcı oldu. O, yeni yollar açdı, amma həmin yollar çox vaxt qanla sulandı. Kəşfin ardından gəldi ən dəhşətli mərhələ. Müharibə…
Müharibə, sadəcə siyasi alət deyil, insan vicdanının çöküşü, qardaşlığın əzilməsidir. İndi müharibənin arxasında duran Qabil qəzəbini araşdıraq və nə üçün insanın özündən başqa düşməni olmadığını görək. Tarix kitabları müharibəni izah edir. Səbəblərlə, nəticələrlə, ittifaqlarla, müqavilələrlə. Amma müharibənin içində doğulan bir uşaq üçün səbəb yoxdur. O, bir səhər raket səsi ilə oyanar və bu onun ilk melodiyası olar. O, ölü analar görər və bu onun ilk şəkilləridir. O, təkcə öyrənmək istər, amma məktəb yeri bomba çuxurudur. Müharibə sadəcə güllə səsi deyil. Müharibə, insanın öz içindəki Qabili dövlətə çevirməsidir. Yəni, bir nəfərin qardaşını öldürməsi artıq fərdi cinayət deyil. Bu, ideologiya, millətçilik, müqəddəslik pərdəsi altında bütün insanlara şamil edilən sistemli bir ölümə çevrilir. Heç bir müharibə "sülh" üçün başlamadı. Bu bir mifdir. Əslində, hər müharibə, əvvəlcədən bağışlanmağa hazır olan bir günahdır. Və ən qorxunc tərəfi odur ki, bu günahı edənlər özlərini haqlı hesab edirlər. Çünki artıq Qabil yalnız bir qardaş deyil. O, prezidentdir, komandanlıqdır, doktrinadır, müqəddəs kitabdan seçilmiş bir ayədir. İnsan öz zülmünü haqlı çıxarmaq üçün həmişə "böyük ideallar" icad edib. Vətən, ərazi bütövlüyü, millət, din, ləyaqət.. Bəs bu ideallar üçün ölənlər kimdir? Cəbhəyə göndərilənlər? Əsgər formasına salınmış yoxsullar. Qərarları verənlər isə arxada, otaqlarında, qəhvə fincanı ilə danışanlardır. Qabil ölmür dostum. Qabil danışıqlar aparır.
Müharibə insanın ruhuna işləyən bir virusdur. O, sadəcə evləri yıxmır dəyərləri də yandırır. Qardaş qardaşa silah tutduğu andan etibarən vicdanla tarix arasında bir uçurum açılır. Sonra tarix qalibin qələmi ilə yazılır amma vicdan itirilənlərin səssiz ağrısında qalır. İnsanlar ölür, amma tarix yazılmağa davam edir. Bu necə ola bilər? Çünki insan hələ də öyrənməyib ki, öldürmək, heç bir ideyanı ucaltmır, yalnız insanı alçaldır. Biz Qabili həbs etmədik. Biz ona bayraq verdik. Biz onu general etdik. Biz onu "qəhrəman" adlandırdıq. Bir neçə cəsədin üstündən keçmək kifayət etdi ki, birinə heykəl qoyulsun. Bəs o cəsədlərin kim olduğu soruşulanda, cavab gəlmədi. Tarix onları "itki" adlandırdı. Amma onlar canlıydılar axı. Sevdikləri, gözləyənləri, qorxuları, arzuları olan, qısaca insan idilər. Bax, müharibə bunu yox edir. İnsanı insan olmaqdan çıxarır. Onu ya "əsgər", ya "düşmən", ya "itki", ya "qəhrəman" adlandırır. Adlar dəyişir, amma ölüm dəyişmir.
Bəs biz bu qədər ölümün içində yaşamağı necə qəbul etdik? Çünki biz ölümü romantikləşdirdik. Onu "şərəfli ölüm" adlandırdıq. Amma heç bir ana oğlunun qəbrinin üstündə "şərəf"axtarmır. O sadəcə səs axtarır. Oğlunun son dəfə dediyi "ana" sözünü. Və bu səs, müharibələrin gurultusunda həmişə itib. Əgər Qabil bir nəfər idisə, biz indi Qabilin ordusuyuq. Və ən dəhşətlisi odur ki, bu orduda iştirak etmək üçün razılıq verməyə belə ehtiyac yoxdur, doğulmağın yetər.
Müharibənin qanlı səhnələrində insan özünü tanrı kimi gördü, öz hökmünü icra etdi. Amma bu hökm bərabərlik yox, yalançı ədalət yaratdı. İndi sivilizasiyanın növbəti böyük oyunu baş verir, insanların özünü Tanrı kimi təyin etməsi. Bu illüziya, əslində, insan ruhunun ən dərin yarasını yaradır. İnsan özünü Tanrı etdi, ən böyük kəşfi də elə bu oldu. Təbiətin bərabərsizliklərini tanıdı, amma bunun üstündən gəlib öz ədalətini yaratdı. Bu ədalət bərabərliklə yox, seçməklə, üstünlük verməklə, haqları əzməklə formalaşdı. "Bərabərlik" dedikdə, artıq biz yalnız sözə baxırıq. Onun içi boşalıb, əvəzinə "haqsızlıq" gəlib yerləşib. İnsanlar bərabər hüquqlar istəyir, amma eyni anda "öz mənfəətimə görə başqalarının haqqını məhdudlaşdırmaq" hüququnu da müdafiə edir. Tanrı yer üzündə yoxdur, amma insanlar Tanrıların, sistemlərin, qanunların, dövlətlərin içində dolaşırlar. Və hər biri özünü o Tanrının yerinə qoyur. O Tanrı ki, hökm edir, bölür, mühakimə edir. Amma bu hökm ədalət deyil, sadəcə insanın özünü haqlı çıxarma üsuludur. Hər bir ideologiya, hər bir din, hər bir qanun öz daxilində gizli olaraq bərabərsizliyi təsdiqləyir. Çünki insan hər dəfə özünü ucaltdıqca, başqa birini aşağı salır. İnsan bərabər doğulmadı bərabərlik, bir mifi yaşatmaq üçün yaradılan yalançı bir qalxandır. Bu yalançı bərabərlik, zəncirli qapı kimidir. Hər kəs onun içindən keçməyə çalışır, amma heç kim qapının ölçüsünü dəyişdirə bilmir. Çünki qapını açan əllər artıq seçilib, onlara "güc" və "əlavə haqlar" verilib.
Hər dəfə bərabərlik tələb edənlərə "sistem belədir" deyilir. Amma bu sistem, insan ağlının zirvəsi deyil, insanın qəlbindəki qorxunun ən dərin əks-sədasıdır. Sən haqlı olsan belə, bərabər olmaq üçün başqasının haqqından keçmək məcburiyyətindəsən. Bu ziddiyyətə necə dözmək olar? Bunun cavabı yoxdu. Çünki insan özü özünü məhkum etdi. İnsan Tanrı deyil, yalnız öz yaratdığı Tanrısının qulu oldu. İnsan özünü haqlı çıxarmaq üçün bərabərsizliyə dözür, amma daha da dərinə gedir. Texnologiya və elm vasitəsilə dünyanı kəşf edir, amma ruhunu itirir. İrəliləyiş və inkişafın paradoksunu görmədən, biz yalnız xarici dünyamızı dəyişdirməyə çalışırıq, amma daxilimizi korlayırıq.
İnsan kəşf etdikcə sevindi. Sürəti artırdı, məsafələri qısaldırdı, hər şeyi daha tez əldə edirdi. O elə bilirdi ki, bu inkişafdır. Amma bu inkişafın ünvanı yox idi, məqsədi yox idi. İnsan daha tez getməyə başladı amma hara? Heç kim bilmirdi. İnsanın ilk kəşfi oddur. Yaşamı qorumaq üçün alov tapdı. Sonra həmin alovu daha çox şeyi yandırmaq üçün böyütdü. Texnologiya belə başladı, bir ehtiyacın qana çevrilməsi ilə. Daha sonra dəmir tapdı. Onu baltaya, sonra qılınca, sonra toplara, sonra tanklara çevirdi. İnsan nə qədər ağıllandısa, öldürmək üsulları da bir o qədər incə və effektiv oldu. Bu, irəliləyiş deyil. Bu, tənəzzülün zərgərlik işçiliyidir. İndi insan Marsa raket göndərə bilir, amma ehtiyac içində yaşayan milyardlarla insanın qarnını doyura bilmir. O, atomu parçalayıb enerjiyə çevirə bilir, amma öz içindəki nifrəti idarə edə bilmir. Bu necə irəliləyişdir? Elm inkişaf etdi, amma insan ruhu geri getdi. Həkim texnologiya ilə orqan dəyişə bilir, amma mərhəmət hissini transplantasiya edə bilmir. Müəllim robotik metodlarla dərs deyir, amma şagirdin ürəyindəki boşluğu doldura bilmir. Texnika çoxalıb, amma mənəviyyat yoxa çıxıb. Bizi bu qədər "inkişaf" içində narahat edən bir sual var. Niyə hələ də insanlar xoşbəxt deyil? Cavab sadədir. Çünki kəşflər xaricə yönəldi, daxilə yox. Biz kosmosu öyrəndik, amma öz ruhumuzu oxuya bilmədik. Biz dənizlərin dibini ölçdük, amma insan qəlbinin dərinliyinə enmədik. İnsan həmişə "inkişaf" deyir, amma bu inkişaf çox zaman tükənmənin başqa adıdır. Meşələri texnoparklara çevirdik. Axar çayları beton kanallara saldıq. Gözəlliyi ölçdük, səssizliyi sındırdıq, sadəliyi dəyərsiz sandıq. Biz "mədəniyyət" qurduq, amma bu mədəniyyət təbiətin məzarı üzərində inşa olundu. Kəşf elə bir yerdə dayandı ki, indi insan istədiyi hər şeyi ala bilir, amma heç nəyə heyran qala bilmir. Çünki artıq hər şey alınır, satılır, tükənir.
Və bəlkə də ən kədərli paradoks budur. İnsan nə qədər irəlilədi, bir o qədər özündən uzaq düşdü. Bu söhbətin sonu dostum, artıq bizi bir nöqtəyə gətirir. Məntiq tükəndi, ruh susdu, amma səs-küy daha da artdı.
İnkşafın bu məntiqsiz sürəti, təbiətin səbrini sınayır. Amma təbiət səbr edər, unutmaz. Artıq insanın məhv etdiyi yalnız torpaq, su və hava deyil, eyni zamanda öz varlığıdır. Təbiətin qəzəbi susqun olsa da, cavabsız qalmayacaq. Təbiət heç vaxt qışqırmadı. O, yalvarmadı, şikayət etmədi, qəzəblənmədi. İnsan onun damarlarını kəsdi, ağaclarını biçdi, çaylarını çirkləndirdi, dağlarını oydu, havasını zəhərlə doldurdu, amma o sadəcə baxdı. Baxmaq, bəzən ən ağır qisas formasıdır. Çünki təbiət tələsmir. O, səbr edir. Səbrin arxasında isə unutmayan bir yaddaş yatır. İnsan zənn etdi ki, o qalibdir. Qızıl yataqlarını tapdı, nefti çıxardı, torpağı mülklərə böldü. Hər şeyi adlandırdı, ölçdü, dəyərə çevirdi. Amma unuttuğu bir şey varki, təbiət öz adını heç vaxt dəyişməz. O, hələ də ağacdır, su, torpaq, daş və küləkdir. İnsan isə artıq "sahib"dir, "fəaliyyət göstərən tərəf"dir, "geosiyasi maraqlar faktoru"dur. Bu fərq, ölümün yavaş addımlarla gəldiyi yerdir. Təbiət cavab vermir, o göndərir. Zəlzələ gəlir və insanın tikdiyi göydələnlər qum qala kimi dağılır. Sel gəlir və müasir texnologiyalar tualetə dönür. Bir virus yayılır və bütün sivilizasiya evində əsir olur. İnsan bu acizlik anlarında dua etməyə başlayır. Amma bu dualar artıq səmaya yox, qorxunun içinə ünvanlanır. Təbiət isə yenə cavab vermir. Çünki artıq eşitmir. O, çoxdan eşitməkdən vaz keçib. O, indi öz axarına qayıtmaq istəyir. O axar ki, bizim yollarımızla üst-üstə düşmür. O axar ki, necə boğulacağımızı özü seçir. İnsan unudur, təbiət isə qeydə alır. Hər kəsdirdiyimiz ağac bir nəfəs az, hər qurudulmuş göl bir ruhun susuz qalması, hər ölü heyvan, qatilin izidir. Və bir gün, biz səssizliyə düşəcəyik. İnsanlıq bütün texnologiyası ilə birlikdə susacaq. Çünki sonda, qışqıranlar yox, səbr edənlər qalır. Təbiətin qisası yavaş-yavaş özünü göstərir və insanlıq yeni reallıqla üz-üzə qalır. Amma bəlkə də hələ gec deyil. Əsl azadlıq, bəlkə də qapıları bağlayan sistemlərdən yox, insanın öz içində tapdığı sükutdan başlayır. İndi azadlığın nə olduğunu, və insan ruhunu necə xilas edə biləcəyini düşünək. İnsan özünü tanrının yerinə qoydu. Qanunlar yazdı, sərhədlər çəkdi, ideologiyalar qurdu. Amma azadlıq, bu sistemlərin heç birində yox idi. Azadlıq, bu zəncirlərin kəsildiyi andır. Azadlıq, ürəyin susduğu, ağlın sakitləşdiyi, ruhun danışdığı andır. Biz əsirlərik, tarixin, ağlın, bədənin. Amma bəlkə də azadlıq, əslində, heç vaxt bədənlə, dövlətlə, qanunla ölçülməyib. Azadlıq, öz içimizdə gizlənən o sükutdur, bir anda eşidilən həqiqət və ya susqunluqla gələn qurtuluş. Əgər insan bunu tapa bilsə, öz içindəki Qabili susdursa, öz təbiətini qucaqlayıb və özünü təbiətin sadəcə kiçik bir parçası kimi qəbul etsə, o zaman bəlkə də, bu qarışıq dünyada bir az işıq, bir az ədalət və ən əsası, bir az da ümid olar.
İnsan təbiətdən heç nə almayıb. O, onu zorla, qanla, aldatmaqla, əlindəki daşla, kəşfləriylə oğurlayıb. Təbiət heç vaxt ədalət verməyib. O, sadəcə var olub, sənin və mənim kimi səbrlə, soyuqqanlılıqla, heç bir bağışlama gözləmir. Amma biz… biz öz içimizdəki Qabili dirçəltmişik, hər gün o qardaşı öldürməkdən yorulmamışıq. Bu qatil nəinki qardaşını, bəlkə də öz ruhunu da öldürüb. Bəli, insan inkişaf edib. Amma bu inkişaf, daha çox zəhər kimi, damarlarımızda dolaşır. Texnologiya, elm, müharibə, fəlakət hamısı bir-birinin davamı, özünü təkrarlayan, daha dərin uçurumlara aparan səhnələrdir. Biz bəlkə də sonsuzluğa tərəf addımlayırıq, amma yalnız öz məhvinə. Bu dünyada bərabərlik yalanıdır, azadlıq isə bir illuziya. Biz hər zaman özümüzdən kiçik olanları əzərək, üstünlük uğrunda qan tökərək yaşamağa məhkumuq. Bu, bizim təbiətimizdir. Habilin qurbanlığından yox, Qabilin qəzəbindən doğan təbiət. Ancaq təbiət səbr edir, səbr edir, səbr edir... və bir gün, bu səbrin qırılması anı gələcək. O zaman hər şey çürüyəcək, dağılacaq, insan isə ən son səssizliyə məhkum olacaq, sanki heç olmamış kimi. İndi isə hər kəs özü ilə sual verməlidir. Bu zəhərlənmiş mirasın davamçısı olmaq istəyirəmmi? Yoxsa o qatil əli öz içimdə qırmaq gücünü tapmalıyam? Çünki həqiqət budur. İnsan nə qədər inkişaf edirsə, o qədər də öz içindəki qaranlığı ucaldır. Bu ucalma, insanın özü ilə barışması deyil, əksinə, içindəki Qabili qəzəbləndirməkdir. Sonda isə qalan yalnız bir səssizlik olacaq. Həmin səssizlik ki, onu ya insan qulaqardına vuracaq, ya da qulaq asıb özü ilə üzləşəcək.
İnsanlıq uzun yol keçdi. Daşdan alova, qandan qanada, qanaddan qandaladək. Bu yol, bəzən qardaşın qardaşı öldürdüyü, sülhün yalan olduğu, ədalətin isə yalnız şübhə ilə deyilə bildiyi bir cəhənnəmə çevrildi. Biz öz içimizdəki Qabilin səssiz qəzəbiyik, təbiətin amansız qisasını gözləyən titrək səssizlik. Biz, həm də bu qaranlıq içində yanıb sönən, amma heç vaxt tam sönməyən bir şamıq, bəlkə də sonuncu şam. Bu şam nə yandırmaq üçün, nə də soyumaq üçün var. O, sadəcə var olmaq üçün yanır. O şamın işığı, insanın öz ruhunda hələ də qalan azadlıq istəyidir, həqiqəti axtarmaq, barışmaq, bağışlamaq, bəlkə də özünü bir daha kəşf etmək. İnsanlıq ya bu şamı söndürəcək, ya da onun işığında yeni bir səhifə açacaq. Amma unutmaq olmaz, qaranlıq çox güclüdür, səssizlik isə ən ağır cəza. Bu məqalənin sonunda sənə buraxdığım sual budur dostum:
Biz o şamı qorumağı bacaracağıq, yoxsa qaranlıq bizi tamamilə udacaq?
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
İbrahim İlyaslının ”Necəsən” şeiri və İlhamə Məhəmmədqızı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam dəyərli izləyicilərimiz, bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı əməkdaşımız AJB və AYB- nin üzvü İlhamə Məhəmmədqızıdır.
-- Xoş gördük, əziz İlhamə xanım, buyurun söz Sizindir.
-- Salam Ülviyyə xanım, bu gözəl rubrikanızda Sizi xoş gördük.Mən rubrikanıza sevimli şairimiz İbrahim İlyaslının " Necəsən?" şeirini təqdim edirəm.
İBRAHİM İLYASLI
NECƏSƏN?
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
Sədaqətli sevginin səsi- İbrahim İlyaslının “Necəsən?” şeiri ayrılığın iztirablarını, bitməyən məhəbbətin təsirini və sevən bir insanın qəlbindəki əbədi sualı poetik dillə təqdim edir. Bu əsəri seçməyimin əsas səbəbi, onun həm bədii dəyərinin yüksək olması, həm də dərin emosional təsir gücüdür.
Şeirin mərkəzində ayrılıq var – lakin bu ayrılıq qəzəbdən, küskünlükdən yox, sədaqətdən doğan həsrətlə müşayiət olunur. Sevilən insan artıq başqasına qismət olub, lakin bu, şairin onu unutmasına səbəb olmur. Əksinə, o, hələ də “necəsən?” deyə soruşur, halını bilmək istəyir. Bu təkrarlanan sual əsərin ritmini müəyyənləşdirir və onun lirikasına səmimi bir ahəng qatır. Hər bəndin sonunda təkrarlanan “necəsən?” kəlməsi təkcə sual deyil – bu, həm sevginin izharı, həm də ümidsizliyin astanasında dayanan ümidin səsi kimi səslənir.
İbrahim İlyaslı xalq poeziyasına yaxın bir üslubdan istifadə edərək sevdiyi qadını təbiətin gözəlliklərinə, qiymətli daş-qaşlara, nadir nemətlərə bənzədir: “Çəmənim, çölüm, çiçəyim, pətəyim, balım”, “Zər-zibam, ləlim, gövhərim”. Bu təşbehlər sevginin dərinliyini, sevilənin dəyərini vurğulayır. Eyni zamanda, şairin ürəyində sevgi ilə inciklik bir araya gəlir: “İbrahimin sitəmkarı, necəsən, zalım, necəsən?” – deyə sevgi ilə qınayır, amma yenə də onu unuda bilmir.
Şeirdəki hisslər çox təbii, çox insani təqdim olunur. Məhz bu təbii səmimiyyətə görə mən bu şeiri seçdim. Oxucu olaraq özümü bu sualların qarşısında tapıram. Bəlkə də hər kəsin ürəyində belə bir “necəsən?” deyə soruşduğu kimsə var. Bu ümumiləşdirmə onu həm şəxsi, həm də ümuminsani bir səviyyəyə yüksəldir.
İbrahim İlyaslının “Necəsən?” şeiri sevgini təmtəraqlı sözlərlə deyil, sadə, lakin güclü ifadələrlə təqdim edir. Elə bu sadəlik də onun gücüdür. Bu şeir bizə xatırladır ki, bəzən bir sual belə bir ömürlük məhəbbəti içində daşıya bilər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
MƏN KİMƏM? – əslində insanın ən böyük mübarizəsi elə özüylədir
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bəzən saatlar, günlər, aylar keçmək bilmir, amma bəzən də dönüb geriyə baxanda zamanın necə də tez keçdiyini görürük.
Nə keçirdiyimiz narahatçılıqlar fayda verir, nə sevinclərimiz bizimlə qalır. Bizimlə qalan sadəcə və sadəcə ötüb keçən zamanla birlikdə geridə qalan acılı-şirinli xatirələr olur.
Bəzən zaman özü ilə birlikdə sadəcə xoş anlarımızı, uşaqlığımızı və ya gəncliyimizi deyil, məsumluğumuzu, hisslərimizi də alıb aparır.
Hər şeyin nisbi olduğu bu dünyada şam kimi əriyən ömür payında hamı öz səhvləri ilə öz doğrusuna sığınaraq, kimi arzuları, kimi də peşmanlıqları üçün yanır.
Hamı bir şeylərin mübarizəsində, hamı bir şeylərin təlaşındadır.
Lakin, bir az dərin düşünəndə görürük ki, əslində insanın ən böyük mübarizəsi elə özüylədir.
Və hamıya qalib gəlsə belə insan adətən bu mübarizədə həmişə özünə uduzur.
Hər daim azadlığa can atan insan mütləq özünü nələrəsə qurban edir.
Bəzən o qurbangahına özü can atır, bəzənsə ora məcburən aparılır.
Və insan bu ziddiyyətli istək və əməli arasında sərgərdana çevrilir.
Mən kiməm? Mən Heyran Zöhrabova!
Həyatım boyu mənə çox güvəndilər.
Ailəm, dostlarım, müəllimlərim həmişə mənə şübhəsiz etibar etdilər.
Bəlkə də ilk baxışda bu ki, çox yaxşı bir şeydir deyəcəksiniz, amma mən bunun bədəlini çətinliklər qarşınıda həmişə tək buraxılmaqla ödədim.
Sən bacararsan, Sən onsuz da bilirsən, sən tək də öhtəsindən gələ bilərsən, sən bunu edərsən, sənə inanıram sözlərinin ağırlığı heç vaxt çiyinlərimi tərk etmədi.
Bəzən insanın güvənə deyil dəstəyə ehtiyacı olur.
Hamı məni zirvədə gördü lakin ora hansı zəhmətlə çıxdığımı görmədi.
Kənardan xoşbəxt görünürük, ya da elə görünməyə çalışırıq, amma kənardan saray stunlarını xatırladan bu dik duruşumuzun neçə yerdən qırıq, neçə yerdən dayaqlı, neçə yerdən yamaqlı olduğunu kimsə bilmir.
Hər döyüşdə qalib, hər mühitdə məğrur olan ədamızın kölgəsində uyuyan məğlubiyyətləri yuxuya verməkdən ötrü neçə gecə yuxusuz qaldığımızdan şübhəsiz heç kəsin xəbəri yoxdur.
Bəzən söylədiyimiz, bəzən udduğumuz, amma ən çox da heç özümuzlə təklikdə belə dilə gətirə bilmədiyimiz sözlər bizi aram-aram öldürür.
Dünyalar qədər dəyərliykən bəzən kiçik bir ehtiyatsızlıq səbəbi ilə özümüzü gözdən sala bilirik.
Bəzən bir nöqtəyə kilitlənib çata bilməyəcəyimiz, bəlkə heç dəyməyəcək olanlara tələsərkən dəyərimizə layiq olanları itirdiyimizin fərqinə belə varmırıq və gecikirik.
İnsanlar termus kimi sınır və bəzən biz onları qırmadıgımızı düşünüb eyni istiliyi gözləyirik. Hər halda buna sadəlövlük deyə bilmərik.
Bəzən eqomuzu təmin etmək üçün insanları sevgi adı altında əzirik.
Deyirlər hamı sevdiyini öldürür, Santiaqoda deyirdiki "Hamı bir-birini və ya nəyisə müəyyən bir bəhanə, bir yolla öldürür." Yəqin onun da balığı sevərək öldürdüyü kimi.
Mələyi də elə ona azadlıq istəyən xalq parçalamışdı, Arturun ölümünü təsdiqləyən ona mənim dünyada səndən başqa heç kimim yoxdu söyləyən Montorelli olmuşdu.
Həsənin əzabına göz yuman səndən ötrü min yol dediyi Əmir idi.
Mumunu çayda boğan da, Lennini çayın qırağında güllələyən də onları hamıdan qoruyan Gerasim və Corc idi.
Mən heç vaxt uşaq olmadım. Uşaqlar uşaqlıqlarını yaşayıb böyüdülər mən isə bir para uşaqlıqdan bir para yetkinlikdən yarım qaldım.
Mən həmişə özümün ən yaxşı versiyası olmaq istədim amma heç vaxt bir başqası və ya bir başqasının yerində olmaq istəmədim.
Bir yandan sonuncu ölən ümidin yasını tutarkən digər yandan kiçik qığılcım görsəm oduna pərvanəyəm.
Deyəsən ulduzda batsa, şamda ölsə, hamıda getsə, kimsə qalmasada, yarımda olsa, yarımçıq da olsa yenə yaxşı olmağın hələ də mümkünolduğuna inanmaqdayam.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Şəhidlər barədə şeirlər - Ayaz Abasov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ayaz Abasov
Ayaz Abasov Nizami oğlu 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidlər harda olur,
Dünyanın harasında?
Məzarına baxıram
Məzarlar arasında.
Vətənin hər yerindən,
Şəhidliyin görünür.
Üzündə körpəliyin,
İgidliyin görünür.
Lap uzaqdan seçilir
Şəhidlərin başdaşı.
Məzarını bəzəyir
Bir atanın əl izi,
Bir ananın göz yaşı.
Göz yaşından məzarın
Çiçək açır, gül açır.
Elə bil şəhidlərin
Məzarı işıq saçır.
İşıq saçır şəhidlik
Zirvəsindən hər yana.
İşıq saçır Şuşadan
Bütün Azərbaycana.
Mən indi bilirəm ki,
Şəhidlərin məzarı
Ocağım, pirim imiş.
Vətən, millət, şəhidlik
Bir yazar kimi mənim,
Ən həssas yerim imiş.
Bəlkə, yerim buradır,
Bu məzarın ayağı?
Döşək – vətən torpağı,
Yorğan – vətən bayrağı.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Xalq rəssamı Fazil Nəcəfovun anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovu bu gün xatırlamaq, yada salmaq borcumuzdur.
O, 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib. 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.
Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini hazırlayıb. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. 2019-cu ilin yanvarında onun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilib.
"Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.
Filmoqrafiya
- Üfüqlü ötənlər
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
“YARAT – Daxilindəki sənətkarı oyat!”
9 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında növbəti master-klass keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, yardıcı məşğələdə iştirak edən uşaqlar müxtəlif bədii fiqurlar hazırlayaraq onları öz zövqlərinə uyğun rəngləyiblər. Nağıl və hekayə personajlarından ilhamlanan uşaqların əl işləri fərdi yanaşma və yaradıcı təsəvvürlə seçilib.
Kitabxana əməkdaşları proses boyu onlara texniki və estetik istiqamətdə dəstək göstəriblər. Master-klassı keçirtməkdə əsas məqsəd uşaqların incəsənətə marağının artırılmasına, əl bacarıqlarının inkişafına və yaradıcı düşüncələrinin formalaşmasına xidmət etməkdir.
Qeyd edək ki, “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində bu tip maarifləndirici və yaradıcı tədbirlərin təşkili davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
GÖZƏL TƏCRÜBƏ – Tağıyev ənənələri davam etməkdədir
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bu cür xəbərlər həqiqətən də insanın sevincinə səbəb olur. “Azərsun Holdinq” şirkəti Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin yaz semestrinin imtahan sessiyasında ən yüksək bal toplayan tələbələrinə təqaüd ayırıb.
Bu münasibətlə fakültədə təşkil edilən görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir addımın atılmasının sevindirici hal olduğunu qeyd edib. O bildirib ki, BDU-nun fəaliyyətində universitet-sənaye işbirliyi əsas tendensiyalardan hesab olunur. BDU-da son illərdə bu istiqamətdə müxtəlif qurumlarla ortaq layihələr həyata keçirilib: “Sevindirici haldır ki, Jurnalistika fakültəsində də bu ənənənin əsası qoyuldu. “Azərsun Holdinq” ölkənin ən iri şirkətlərindən biridir. Bu təqaüdlər tələbələr üçün böyük motivasiya olacaq, onların peşəkar mütəxəssis kimi formalaşmasına dəstək verəcək”.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələr üçün yaradılan bu şəraitə görə Universitetin və “Azərsun Holdinq”in rəhbərliyinə təşəkkür edib, bunun gənc jurnalistlərin yetişməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb: “İnanırıq ki, digər şirkətlər də belə layihələr həyata keçirəcəklər. Gələcəkdə çox maraqlı, gənclərimizin inkişafı üçün səmərəli ola biləcək təqaüd proqramları elan edə biləcəyik”.
“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov isə holdinqin bu il mətbuatla bağlı silsilə layihələr həyat keçirdiyini söyləyib: “Bu layihələr çərçivəsində əsas tərəfdaşlarımızdan biri də BDU-nun Jurnalistika fakültəsidir. Şirkətlər qrupu növbəti tədris ili ərzində ən yaxşı nəticə göstərən 6 tələbəyə dəstək göstərəcək”.
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və “Azərsun Holdinq”in müşaviri Oruc İbrahimov çıxışlarında tələbələri təbrik edib, tövsiyələrini paylaşıblar.
Sevindirici haldır ki,portalımızın əməkdaşı olaraq bəndəniz Nigar Həsənzadə də bu təqaüdə layiq görülən 6nəfərdən biridir!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
"Cənab Leytenant" və "İgid Əsgər, möhkəm dayan!" türkülərinin müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Bəli, o hər bir kəsə "Cənab Leytenant" və "İgid Əsgər, möhkəm dayan!" türkülərinin müəllifi kimi tanışdır. Zaman-zaman bu türküləri başqa adamlar da mənimsəməyə çalışıblar, amma haqq öz yerini tutub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980–86-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Şahin Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayıb.
İlk təyinatı isə Biləsuvar rayonuna olub. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönüb. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Şahin Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirib.
Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürüb. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb.
1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı -"İgid Əsgər, möhkəm dayan!" ilk dəfə televiziya ekranında səslənib.
Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazıb. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş "Qərib Karvan", Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon", "Cənab Leytenant" və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırıb.
8 kitab müəllifidir:
1.İgid Əsgər Möhkəm Dayan 2.Yaşamaq gözəldir, Yaşatmaq sonsuz
3.Ağ Ümid
4.Cəng əsgəri — ييجيت سولدير الوقوف ثابتة
5.Güllədən biçilmiş bir köynək
6.Светить всегда, светить везде!
7.Mübariz
8.Beş qapı
Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və Badam Medikal center klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Musiqi əsərlərinin siyahısı:
- İgid Əsgər Möhkəm Dayan
- Çağırır Vətən
- Vətən Əmanəti
- Öncə Vətəndir
- İstiqlal marşı
- And İçirik
- Cənab Leytenant
- Ağ Ümid
- Birinci Batalyon
- Səma Şahinləri
Şahin Musaoğlunun esseləri
1. Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
2. Adları əbədi yaşayacaqdır və ya "Yalnız Tanrı bilir
3. Herkes ona "Bey" derdi
4. Nizami Gencevi
5. Əmir Teymurun qılıncı
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Türk Mədəniyyəti və İrsi Fondu bu dəfə diplomatiya irsinə diqqət yönəltdi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi ofisində Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi olduğu “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı oldu.
Nəfis tərtibatlı kitab Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Demokratik Respublikası arasında qeyd olunmuş dövrdə diplomatik və siyasi münasibətlərin təhlilinə həsr olunub.
Dövlət rəsmilərinin, Azərbaycanda akkreditə olunmuş səfirlərin, elm xadimlərinin və media mənsublarının qatıldığı, fondun əməkdaşı, yazıçı Fərid Hüseynin moderatorluğu ilə keçən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova ilk çıxış edərək öncə xatırlatma etdi ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə liderlərinin dəstəyi ilə yaradılıb və o vaxtdan bəri türk mədəni irsinin qlobal miqyasda təbliği istiqamətində fəal beynəlxalq fəaliyyət göstərir. Bu ildən isə Özbəkistan da bu birlikdə təmsil olunur.
Aktoti Raimmkulova Fondun son illərdə həyata keçirdiyi əsas layihələr, uğurlu beynəlxalq proqramlar və yerli təşəbbüslər barədə də məlumat verdi. Xüsusilə gənclərlə iş sahəsinə toxunaraq bildirdi ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Türk İrsi Mərkəzləri fəaliyyət göstərir, yaxın zamanda isə oxşar mərkəzlərin Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Polşada da açılması planlaşdırılır.
Həmçinin söylədi ki, yaxın gələcəkdə Türk dünyasında Fondun həyata keçirəcəyi layihələr çərçivəsində rəqəmsal mədəniyyət və irs bazası yaradılacaq.
Daha sonra xanım Raimkulova qeyd etdi ki, bu nəşr təkcə tarixi bir araşdırma deyil, həm də xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən səylərin rəmzidir.
“Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji əməkdaşlıq əsasında münasibətlər nümayiş etdirir”, – deyən Aktoti Raymkulova vurğuladı ki, iki ölkənin diplomatik əlaqələrinin araşdırılması regionun ortaq mədəni və tarixi ənənələrini daha dərindən anlamağa imkan verir.
“Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922)” kitabının müəllifi — Dr. Fəxri Valehoğlu‑Hacıyev əsərin diplomatlar üçün dəyərli irs olduğunu və heç şübhəsiz, bu sahəyə yeni yanaşmalar gətirdiyini vurğuladı.
Hacıyev nitqində bildirdi ki, həmin dövrdə qurulmuş səfirliklər iki ölkə arasında kommunikasiya və əlaqənin təməlini formalaşdırıb və monoqrafiyada bu tarixi irsin davam etdirilməsi əsas məqsədlərdən biridir.
O, qeyd etdi ki, Gürcüstanın coğrafi mövqeyi əsrlər boyu türk xalqları arasında bir körpü rolu oynayıb və bu amil bu gün də öz aktuallığını qoruyur.
“Bizi birləşdirən çox sayda amil var. Gürcü xalqının mədəniyyəti, mənəvi dəyərləri, mətbəxi və daha bir çox sahələr türk xalqlarının ənənələri ilə sıx bağlıdır. Bu baxımdan kitabın məhz Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə çap olunması xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğuladı.
Müəllif əlavə etdi ki, bu gün Gürcüstan bütün türk dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurur və gələcəkdə türk əməkdaşlıq qurumlarında müşahidəçi statusu qazanmasına səmimi istək vardır.
F.Hacıyev həmçinin Tbilisidəki diplomatik fəaliyyəti zamanı şəxsi xatirələrini bölüşdü. Bildirdi ki, səfirlikdə və baş konsulluqda çalışarkən tez-tez düşünürdü ki, yüz il əvvəl Azərbaycanın adından burada kimlər diplomatik missiya aparıb, onların qarşısında hansı vəzifələr olub, kimlərlə görüşüblər, harada işləyiblər, harada yaşayıblar?
Hər dəfə düşünürmüş ki, münasib vaxt gələcək, bu mövzunu daha dərindən araşdıracaq.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzaladıqdan sonra sərəncam bütün səfirliklərə göndərildi və konkret tapşırıqlar verildi: fəaliyyət göstərdikləri ölkələrdə Cümhuriyyət irsi ilə bağlı materialları toplayıb araşdırmaq və toplanmış materialları mərkəzə - Bakıya göndərmək. Bu da müəllifi kitabı məhz indi yazmağa sövq etdi.
Tədbir panel müzakirəsi ilə davam etdi. Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, A. Bakıxanov adına AMEA tarix institutunun direktoru Kərim Şükürov nəşrə elmi qiymət verdilər, ekspertlərin və digər iştirakçıların fikirləri dinlənildi.
İki saata kimi davam edən tədbirdən sonra kfe-breyk zamanı müəllifdən ərsəyə gətirdiyi kitabla bağlı fikirlərini aldım.
O söylədi:
-Kitabın hazırlanması zamanı Gürcüstan və Azərbaycan arxiv materiallarından geniş istifadə etdim. Ümumilikdə 33 fonddan 237 mənbə, o cümlədən qəzetlər, memuarlar, rəsmi yazışmalar və tarixi oçerklər işlənildi. Bu sənədlər əsərə elmi təməl verdi və yeni faktların gün işığına çıxmasına şərait yaratdı.”
Kitabın da, bu təqdimatın da əsas mesajı diplomatik irsin tədqiqi və qorunmasıdır. Bu istiqamətdə reallaşdırılan tədqiqat layihələri Türk dünyasının ortaq tarixini daha geniş oxucu auditoriyasına çatdırmaq üçün vacib addımdır.
Snda onu qeyd edim ki, diplomatiya tariximizə yeni baxış gətirən “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922)” kitabı və onu müşayiət edən tədbir bir daha göstərdi ki, keçmişin işığında gələcəyin yolunu görmək mümkündür. Türk dünyasının ortaq irsini qorumaq və gələcək nəsillərə ötürmək yolunda Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Bu cür elmi tədqiqatlar təkcə tarixçilər üçün deyil, milli kimliyimizi anlayıb yaşatmaq istəyən hər bir vətəndaş üçün dəyərli yol göstəricidir.
Təqdimatı yerində izləyən jurnalist kimi deyə bilərəm ki, tədbir boyu səslənən fikirlər, təqdim olunan əsərin məzmunu və ümumi atmosfer bir daha sübut etdi ki, tarix sadəcə keçmişin aynası deyil, gələcəyin istiqamətverici kompasıdır.
Gənc tədqiqatçı olaraq portalımızın Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə layihəsi çərçivəsində apardığım araşdırmaları genişləndirməyim üçün tədbir məndə xüsusi ruh yüksəkliyi yaratdı.
Türk mədəniyyətinə, tarixinə dair maraqlı nüansları növbəti yazılarda daha dəqiq və sistemli şəkildə sizlərlə bölüşəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Femida təbiətli xanım
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Haqqında söhbət açmaq istədiyimiz femida təbiətli bu xanımın adı və soyadı belədir: Mahitac Əsədova.
Mahitac Elməddin qızı Əsədova 1939-cu ildə keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Baş Daçağıl kəndində müəllim ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Baş Daşağıl, orta təhsilini Muxas kənd məktəbində almışdır. Orta məktəbi “əla” qiymətlərlə başa vurmuşdur.
1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirmişdir. 1960-1978-ci illərdə rayondakı Bucaq kənd orta məktəbində müəllim işləmişdir.
1978-ci ildə Bakı şəhərinə köçmüşdür. Keçmiş Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda ixtisası üzrə müəllim işləməyə başlamışdır. 23 il fasiləsiz həmin kollektivdə çalışmışdır.
Şeirləri o dövrün mətbuat səhifələrində ardıcıl olaraq dərc olunmuş, “Ayrılıq günümüz olmasın, Vətən!” adlı kitabı çap olunmuşdur.
M.Əsədova ilə 23 il bir kollektivdə işləmiş, onu yaxından tanıyan pedaqoji elmlər doktoru, professor Yusif Talıbov “Ayrılıq günümüz olmasın, Vətən!” kitabına yazdığı “Femida təbiətli xanım” adlı ön sözdə qeyd edirdi: “Qarşımda kiçik bir şeirlər kitabı var. Kitabın müəllifi haqqında bir neçə söz demək istərdim, çünki 23 il onunla birlikdə işləmişik”. Daha sonra Y.Talıbov M.Əsədovanın şeirlərində ifadə etdiyi vətənpərvərlik duyğuları ilə vətənini dərin məhəbbətlə sevdiyini, çox səbrli, təmkinli, intizamlı, Femida kimi ədalətli bir insan olduğunu göstərir. Qeyd edir ki, “Onun şeirləri vətənpərvərlik duyğuları ilə, düşmənə nifrətlə yoğrulmuşdur. Vətən, Vətən Şəhidləri onun şeirlərinin fəqərə sütünudur. Bu mövzudakı şeirlərdə onun göz yaşları, düşmənə dərin kini və nifrəti ifadə olunur. Milli Qəhrəman G.Əsgərovaya həsr etdiyi poema da belələrindəndir. “Şərəfli ölüm” poeması, onun Vətənə, Vətən şəhidlərinə həsr etdiyi şeirləri bir haray, çağırış kimi səslənir”.
M.Əsədova 15 may 2003-cü ildə vəfat etmişdir. Sonsuzluq tale qisməti olmuş Mahitac xanımdan təkcə şeirləri, bir də onu tanıyanların ürəyində yaşayan xatirələr qalmışdır. Allah rəhmət eləsin!
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış yazar N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” kitabında M.Əsədova barədə yazır: “Hər bir şəxs, hər bir insan ölümündən sonra öz işi, əməli ilə xatırlanır. Xoşbəxt o kəsdir ki, ona rəhmət oxuyurlar. Mahitac xanım belə şəxslərdən biridir”.
Sonda Mahitac Əsədovanın “Gülə biləydim” adlı şeirini oxucularımıza təqdim edirik
Ömür karvanımdan qırılan teli,
Ürəyim başında boş qalan yeri,
Hökmü, taleyimi yazan o əli,
Allah dərgahından silə biləydim,
Həyatda ürəkdən gülə biləydim.
Bəxtimin bağında solan gülləri,
İlan zəhərindən acı dilləri,
Qadalı, qayğılı keçən illəri,
Arxada qoyuban gələ biləydim,
Həyatda bir anlıq gülə biləydim.
Daşdan-daşa dəyən san gümanımı,
Qismətdə olmayan ömür payımı,
Xoşbəxtlik diləyən ömür payımı,
Həqiqət mülkündə görə biləydim,
Nə ola ürəkdən gülə biləydim.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)


