Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə - Zəfərimizin 5 illik yubileyi ərəfəsindəMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” adlı kitabı işıq üzü gördü. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında sadə insanların qələbəyə verdikləri töhfələrə, bu 5 il ərzində quruculuq fəaliyyətinə həsr edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab ölkə gündəmindəki bütün əhəmiyyətli hadisələrə yerində reaksiya verən müəllifin qələmindən çıxan növbəti uğurlu iş kimi diqqət çəkir.
Elmi redaktoru Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Eldar Quliyev, redaktoru Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçiyev, rəyçiləri ehtiyatda olan general-mayor, sabiq millət vəkili Vladimir Timoşenko və filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli olan, informasiya dəstəyiniSeymur Əliyev və Nazxanım Cəlilli həyata keçirən kitabın Eldar Quliyev tərəfindən yazılmış ön sözü özlüyündə kitabın bütün dəyərlərini özündə əks etdirməyə hesablanıbdır. Eldar Quliyev yazır:
“Tarixin ən şərəfli səhifələri qəhrəmanlıqla, xalqın birliyi və milli ruhun ucalığı ilə yazılır. Azərbaycan xalqı 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri zamanı məhz bu birlik və əzmkarlıqla öz adını dünya tarixinə qızıl hərflərlə yazdırdı. Biz o günlərdə əsrlərlə gözlədiyimiz tarixi ədalətin bərpasına şahidlik etdik. Qazanılan möhtəşəm Zəfər nəticəsində xalqımız öz torpaqlarına sahib çıxdı. Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin polad iradəsi, qətiyyətli rəhbərliyi və milli liderlik məharəti həlledici rol oynadı. Onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi, millətimizin qürurunu və gələcəyini özünə qaytardı.
Zəfərdən sonrakı beş il isə tarixi Qələbəni daha da möhkəmləndirən, onu yeni mərhələyə – quruculuq və dirçəliş dövrünə daşıyan mühüm bir epoxanın başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, “Böyük Qayıdış” proqramı, ağıllı kənd və şəhər layihələri, yollar, hava limanları, məktəblər və xəstəxanalar bu torpaqlara yenidən həyat gətirdi. Cənab Prezidentin “Biz Qarabağı cənnətə çevirəcəyik” sözləri artıq bu günün reallığını əks etdirir.
Bu dövrdə xalqla birlikdə olan, Vətən müharibəsinin ruhunu gənc nəslə aşılamaqda əvəzsiz rol oynayan ictimai təşkilatlardan biri də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıdır. Digər qurumlarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası ilə də hər zaman səmərəli əməkdaşlıq edən, daim dövlətin yanında yer alan bu təşkilat təkcə veteranların deyil, hər bir vətəndaşımızın hüquqlarını müdafiə edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə xüsusilə son illərdə görülən işlər – paytaxtda və ölkəmizin müxtəlif bölgələrində təşkil olunan vətənpərvərlik tədbirləri, şəhid ailələrinə və qazilərə göstərilən dəstək, təbliğat işləri, Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılması və gənclərlə aparılan maarifləndirmə fəaliyyəti bu təşkilatın Zəfərin qazanılmasında və sonrakı dövrdə xidmətlərini təsdiqləyən dəyərli nümunələrdir. Qeyd etmək lazımdır ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı öz missiyasını sadəcə ötən müharibələrin xatirəsini yaşatmaqla məhdudlaşdırmamış, əksinə, tarixin aktiv iştirakçısı olmuşdur.
Bu baxımdan Cəlil Xəlilovun “İlham Əliyev: müharibənin qalibi, sülhün müəllifi” kitabı Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ən böyük Qələbənin, onun ardınca xalqımızın göstərdiyi səylərin, fədakarlıqların, quruculuq əzminin və gələcəyə olan inamın salnaməsidir”.
3 fəsildən ibarət olan, faktlarla, tarixi xronikalarla, fotoşəkillərlə zənginləşdirilmiş kitabın həm yazılış tərzi, həm dili, həm tərtibatı o qədər mükəmməl qurulub ki oxucunu yormur, onu bir bölümü oxuyan kimi digərini oxumağa yönəldir.
Cəlil Xəlilov bu kitabda Müzəffər Ali Baş Komandanımızın müharibə dövründə və sonrakı illərdə göstərdiyi müdrik liderlik keyfiyyətlərini, sarsılmaz iradəsini, xalq ilə birliyini faktlarla və düşünülmüş təhlillərlə oxucuya təqdim edir. Əsərdə dövlət başçısı qələbə və tərəqqi yolunda misilsiz xidmətləri ilə yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının uğurlu fəaliyyəti, veteranların qələbəyə verdikləri töhfələr, həyata keçirilən tədbirlər, görülən işlər, çıxışlar, müsahibələr və s. diqqətə çatdırılır. Eləcə də möhtərəm Prezidentimizin rəhbərliyi ilə Vaşinqtonda diplomatiyamızın əldə etdiyi uğurlar və digər nailiyyətlər 8 Noyabr Zəfərinin məntiqi sonluğu, şanlı yekunu kimi dəyərləndirilir. Kitabda təsvir olunan hadisələr və fikirlər bir daha sübut edir ki, Prezident İlham Əliyev təkcə müharibənin qalibi deyil, eyni zamanda bölgəyə sabitlik və sülh gətirən uzaqgörən bir lider, gələcəyə yönəlmiş qurucu bir dövlət başçısıdır. Sülhün müəllifi olmaq üçün yalnız güclü olmaq kifayət deyil, həm də humanist, ədalətli və iradəli olmaq gərəkdir.
“İlham Əliyev: müharibənin qalibi, sülhün müəllifi” kitabı tarixi Qələbəmizlə yanaşı, qələbədən sonrakı illərdə xalqımızın necə birlikdə çalışdığını, dövlətimizin rəhbərliyinin uzaqgörənliklə torpaqlarımızda necə quruculuq və dirçəliş işləri apardığını, hər bir azərbaycanlının bu prosesdə fəal iştirak etdiyini göstərən qiymətli sənəddir.
1-ci fəsil “Yolumuz İlham Əliyev yoludur” adlanır.
Fəsil Azərbaycan Prezidentinin bu məşhur sitatı ilə başlayır:
“44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı.
44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi.
Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını da geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik."
Müəllif qeyd edir ki, qalib xalq öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qazanılmış möttəşəm qələbənin sevincini, təntənəsini hər gün yaşayır, Zəfər günü isə bir ayrı qürurverici, iftixargətirici gündür.
Tarixi salnaməçilik baxımından, 44 günlük Vətən müharibəsi — 2020-ci ilin 27 sentyabrından 10 noyabrınadək Azərbaycan ilə Ermənistan arasında baş vermiş silahlı münaqişədir. Əslində isə, bu 44 gün özlüyündə daha böyük anlam kəsb edir, çünki bu qısa müddət ərzində Azərbaycan təqribən 300 illik bir dövr davam edən ən ağır, ən müşkül bir problemini həll etmiş oldu. Bu müharibə Qarabağ bölgəsi və ətraf ərazilərin azad olunması ilə nəticələndi və bölgənin siyasi xəritəsində mühüm dəyişikliklərə səbəb oldu.
Müharibə dövründə bütün dünya Azərbaycan ordusunun sücaətini, ildırımsürətli müharibədə əldə etdiyi inanılmaz müvəffəqiyyətləri görür, bu fenomenal döyüş taktikasından vəcdə gəlirdi. Cəbhədə döyüş gedən müddətdə Müzəffər Ali Baş Komandan həm də dünya mediasının önünə çıxmışdı, müsahibələr verir, hər bir əcnəbiyə Qarabağ barədə əsl həqiqəti başa salırdı. Cəlil Xəlilov Preridentin bu yorulmaz fəaliyyətinə xüsusi önəm verir.
“Bir insanda nə qədər enerji olarmış! Razılaşın ki, bu boyda fədakarlıq bəzən yuxusuz gecələr hesabına başa gəlirdi. Qarşısına məqsəd qoymuş adam məhz bu cür fədakarlıq gösrətməlidir, cənab Prezident həm də öz vətəndaşlarına bir örnək göstərirdi həmin günlərdə” – yazır müəllif.
Digər yazıda İlham Əliyev qlobal arenada Azərbaycan imzasını təsdiqləyən lider kimi təqdim edilir, onun Zəfərdən sonrakı 5 il ərzində beyəlxalq arenadakı fəaliyyətinə diqqət ayrılır.
Azərbaycan bu gün dünya xəritəsində strateji anlamda yeni bir məna kəsb edir. İstər enerji, istər nəqliyyat, istərsə də diplomatik fəaliyyət sahələrində ölkəmiz Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Zəngəzur nəqliyyat qovşağı kimi layihələr bir zamanlar ideya səviyyəsində olan yolları real infrastruktur layihələrinə çevirib. Bu böyük uğur yalnız maddi resurslarla deyil, siyasi iradə, beynəlxalq etimad və düşünülmüş strateji yanaşmalarla mümkün olmuşdur.
Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğuladığı kimi "söz imzadır", yəni Azərbaycan bu gün beynəlxalq razılaşmalarda etibarlı tərəfdaş, sözünə sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində əsas yer tutan məqamlardan biri balanslı, çoxvektorlu və praqmatik yanaşmadır. Bu gün ölkəmiz həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində fəal iştirak edir. 2025-ci ilin may ayının önəmli hadisələri - Avropa Siyasi Birliyi Zirvəsində iştirak, Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvəsi, Prezidentin Macarıstana işgüzar səfəri və strateji bəyanatları Azərbaycanın qlobal miqyasda artan rolunun aydın göstəricisidir. Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər - "onun sözü imzasına bərabərdir", "ondan öyrənməliyik" - bu etimadın yalnız protokol səviyyəsində deyil, real siyasi münasibətlər səviyyəsində formalaşdığını göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştdə səsləndirdiyi “Müzəffər Prezident, əziz Qardaşım bölgəyə sülhü gətirəcək Lider olaraq tarixə adını yazdıracaq” fikri bu liderliyin region miqyasından çıxaraq türkdilli dünyada və qlobal siyasətdə qəbul olunduğunun sübutudur.
“Bugünkü dünya şəraitində liderlər çoxdur, lakin öz millətini qlobal siyasətdə layiqincə təmsil edən, gələcəyin təhlükələrini qabaqlaya bilən, eyni zamanda dost və tərəfdaş ölkələr üçün dayaq olan liderlər azdır. Prezident İlham Əliyev bu baxımdan öz siyasi məktəbini yaradan liderlər sırasındadır. Onun fəaliyyəti, təkcə bir ölkənin yox, regionların və sistemlərin taleyinə təsir edə bilən uzaqgörənlik, təmkin və qətiyyət nümunəsidir.
Prezident İlham Əliyev quran, yön verən və qoruyan dövlət başçısıdır. Onun siyasətində bu günlə yanaşı, gələcəyin də konturları aydın görünür. Elə buna görə də bu gün Azərbaycan oyunçu deyil, oyunun qurucusudur”- deyə Cəlil Xəlilov Azərbaycan Prezidentinin hazırkı rolunu olduqca dolğun xarakterizə edir.
Azərbaycan bu gün yalnız sabit bir ölkə deyil, həm də təlatümlü dünyada sabitliyin mənbəyidir. O, gücü necə bölüşəcəyini və necə bölüşərək gücləndirəcəyini bilən müdrik və güvənilən tərəfdaşdır. Azərbaycanın nailiyyətləri və artan nüfuzu artıq “Azərbaycan Modeli” adlandırılan bir dövlətçilik fəlsəfəsinin formalaşmasına səbəb olub. Bu modelin memarı isə əlbəttə ki Prezident İlham Əliyevdir. Bu uğurların ən çox sevindirici tərəfi isə onların xalqla birlikdə və xalq üçün qazanılmasıdır.
Müəllif onu da qeyd edir ki, bu uğurlar eyni zamanda Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının da qürur mənbəyidir. Veteranlar yaxşı bilirlər ki, bu gün əldə olunan uğurlar sülh, sabitlik, güc və nüfuz göstərilən fədakarlıqların, əzmkarlığın və vətənpərvərliyin bəhrəsidir. Təşkilat adından səslənən bu birlik və etimad bir daha sübut edir ki, Azərbaycanın gücü təkcə ordusunda deyil, xalqının həmrəyliyində və liderinə olan sarsılmaz inamındadır. Bu inamın ən parlaq nümunələrindən biri də Prezident İlham Əliyevin müharibə veteranları və qazilərlə keçirdiyi görüşlərdir. Bu görüşlər formal deyil. Onlar dövlətin yaddaşının, şəhidlərə və qazilərə olan mənəvi borcunun canlı ifadəsidir.
Hər bir görüşdə Prezidentin göstərdiyi diqqət, sədaqətli xidmətlərə verdiyi yüksək qiymət, Təşkilata bəslədiyi etimad veteranlar üçün böyük bir mənəvi dayaqdır. Veteranlar bu diqqəti yalnız şəxsi ehtiram kimi deyil, dövlətin öz tarixinə, mübarizə yoluna və qəhrəmanlarına sahib çıxmasının nümunəsi kimi dəyərləndirirlər. Təşkilatın üzvləri bu görüşləri ömrün ən qürurlu anları kimi yaşayıb, bir səslə bəyan edirlər: “Biz Prezident İlham Əliyevlə görüşümüzlə fəxr edirik! Bu görüş bizim üçün şərəfdir, gücdür, Vətənə xidmətin dövlət səviyyəsində təsdiqidir!”
Bu sözlərdə təkcə təşəkkür yox, bir tarix yatır. Bu fəxarət hissi yalnız keçmişə bağlılıq deyil, gələcək nəsillərə örnək olacaq bir xalq-lider birliyinin təntənəsidir.
Bu fəsildə Prezidentin şəhid və qazi ailələrinə diqqət və qayğısı, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva barədə də maraqlı, oxunaqlı məqalələr yer alıbdır.
“Gündəm hadisələrinə reaksiya” adlanan 2-ci fəsildə polkvnik günümüzün ən əsas siyasi-iqtisadi-sosial hadisələrinə operativ rekasiyalarını oxucularına təqdim edir. O həm rəhbərlik etdiyi qurumu “Veteran adı şərəfli olduğu qədər də məsuliyyətlidir və hər kəs bu məsuliyyəti dərk etməlidir. 100 minə yaxın üzvü olan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu gün dünyanın 37 ölkəsi ilə əməkdaşlıq edir. Və ölkə rəhbərinin apardığı siyasəti, məqsədyönlü işləri bu dövlətlərdə layiqincə təbliğ edir. Təşkilatın qısa bir zamanda gördüyü işlərə Azərbaycan və beynəlxalq kütləvi infosmasiya vasitələri geniş yer ayırır və bu işlər media nümayəndələri tərəfindən müntəzəm işıqlandırılır” cümlələri ilə xarakterizə edir, həm ordu quruculuğumuz barədə geniş bəhs etməklə “Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur” deyə hökm edir, həm Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinə diqqət çəkir. Ayrıca, 2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən biri olan dünya miqyasında güc mərkəzlərindən sayılan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın perspektivləri, yeni dönəmdə Azərbaycan-İran münasibətləri, 2025-ci ilin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən 5 saatlıq görüş, III Şuşa Qlobal Media Forumu, Prezident İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı tarixi çıxışı, milli təhlükəsizlik sistemində dövlətimizin təhlükəsizliyinin eibarlı təminatı barədə barədə dəyərli fikirlər söyləyir.
Ən nəhayət, “Veteranlar təşkilatı tədbirlərdə” adlanan sonuncu, 3-cü fəsildə təşkilatın yalnız cari – 2025-ci ildəki tədbirlərinə işıq salınır. Onlar o qədər geniş və rəngarəngdir ki, oxucu hətta bir qurumun bu qədər fəallıq göstərdiyinə inana da bilmir. Həqiqətən də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı öz missiyasını şərəflə yerinə yetirir. Cəlil Xəlilov bu missiyanı kitabında açıqlayır:
Müharibə, əmək və silahlı qüvvələr veteranlarının sosial, hüquqi və mənəvi maraqlarını müdafiə etmək. Onların cəmiyyətə layiqli şəkildə inteqrasiyasını təmin etmək;
Veteranların rifah halının yaxşılaşdırılması üçün dövlət qurumları və digər təşkilatlarla əməkdaşlıq etmək, onların sosial müdafiəsini gücləndirmək;
Gənc nəslə vətənpərvərlik, dövlətə və xalqa xidmət idealını aşılayan tədbirlər həyata keçirmək. Veteranların qəhrəmanlığını təbliğ edərək milli-mənəvi dəyərlərin qorunmasına töhfə vermə;
Müharibə veteranlarının qəhrəmanlıq tarixini qorumaq, gənc nəsillərə ötürmək və Azərbaycan xalqının şərəfli keçmişini unudulmaması üçün fəaliyyət göstərmək;
Veteranlar arasında birlik və həmrəyliyi təmin etmək, onların sosial aktivliyini artırmaq, mədəni və ictimai həyatlarında fəallıqlarını dəstəkləmək.
Təşkilatın fəaliyyəti, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində və dövlətin sosial siyasətinə uyğun şəkildə aparılır.
Cəlil Xılilov yazır: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ilboyu onlarla tədbir keçiririk, bu tədbirlər, missiyamızın həyata keçirilməsinə xidmət edir. Həmçinin, keçirdiyimiz görüş və tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 8 Noyabr zəfəri, eləcə də bu zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin apardığı abadlıq və quruculuq işləri haqqında auditoriyaya, hədəf qruplarına geniş məlumat verir, beynəlxalq birliyi bununla bağlı məlumatlandırmağa çalışırıq.”
Gəlin sadəcə bu tədbirlərin tarixi ardıcıllıqla bir qisminə nəzər yetirək:
20 YANVAR, ŞƏHİDLƏR XİYABANININ ZİYARƏTİ
7 APREL, “XOCAVƏND ƏMƏLİYYATININ” İLDÖNÜMÜ TƏDBİRİ
16 APREL. DAĞISTAN VƏ AZƏRBAYCAN VETERANLARININ BİRGƏ FORUMUNDA İŞTİRAK
17 APREL.DƏRBƏND KİTABXANASI VƏ ADMİU DƏRBƏND FİLİALINA KİTAB HƏDİYYƏLƏRİ
18 APREL. GÖRKƏMLİ DÖVLƏT XADİMİ ƏZİZ ƏLİYEVİN ABİDƏSİNİN ZİYARƏTİ
23 APREL, ŞƏKİDƏ “ZƏFƏRDƏN ZƏFƏRƏ GEDƏN YOL” ADLI TƏDBİR
24 APREL, GƏNCƏDƏ “ZƏFƏRDƏN ZƏFƏRƏ GEDƏN YOL” ADLI TƏDBİR
6 MAY, SUMQAYITDA “ZƏFƏRDƏN ZƏFƏRƏ GEDƏN YOL” ADLI TƏDBİR
7 MAY, BELARUS VƏ RUSİYA SƏFİRLƏRİ İLƏ GÖRÜŞ
9 MAY, 102 YAŞLI MÜHARİBƏ VETERANININ ZİYARƏTİ
10 MAY, ULU ÖNDƏRİN MƏZARININ ZİYARƏTİ
19 MAY, NAXÇIVANDA “8 NOYABR ZƏFƏRİ SUVERENLİYİMİZİN QARANTIDIR” MÖVZUSUNDA KONFRANS
19 MAY, NAXÇIVAN ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
13 İYUN, “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ” AKSİYASI
19 İYUN, LAÇINDA “8 NOYABR ZƏFƏRİ SUVERENLİYİMİZİN QARANTIDIR” MÖVZUSUNDA KONFRANS
21 İYUN, 50-YƏ YAXIN VETERANIN PULSUZ TİBBİ XİDMƏT ALMASI
26 İYUN, SİLAHLI QÜVVƏLƏR GÜNÜNÜN QEYD OLUNMASI
15 AVQUST, “ZƏFƏRİMİZİN SÜLHƏ APARAN YOLU” ADLI KONFRANS
3 SENTYABR, QUSARDA “İLHAM ƏLİYEV -QƏLƏNBƏNİN MEMARI, SÜLHÜN MÜƏLLİFİ” ADLI KONFRANS
8 SENTYABR, ZAQATALADA “İLHAM ƏLİYEV - QƏLƏNBƏNİN MEMARI, SÜLHÜN MÜƏLLİFİ” ADLI KONFRANS
8 SENTYABR, ŞƏHİD ABAKAR HACIYEVİN AİLƏSİNİN ZİYARƏTİ...
Və təsadüfi deyil ki, kitab Azərbaycan Prezidentinin veteranlarla bağlı sitatları ilə (“Veteranlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır. Hər bir vəzifəli şəxs, onlara böyük diqqət və qayğı göstərməlidir.”) tamamlanır.
Cəlil Xəlilov postskrimpumda yazır:
“Əlbəttə, təqvimdəki günlər bitmədiyi kimi, insan fəaliyyəti də bitməz, tükənməz. Zəfər qazanmış qalib xalqın qalib fərdləri olaraq hər birimiz üzümüzə açılan yeni sabahlara yeni hədəflərlə, əzmlə, qətiyyətlə gedirik. Bunu bizə qazanılan Zəfərin memarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz yorulmaz fəaliyyəti, tükənməz enerjisi, əzmi və qətiyyəti ilə təlqin edir.
Azərbaycan böyük yolun başlanğıcındadır.
Bu yol bizi işıqlı gələcəyə aparır.
Yolumuz açıq olsun!”
Bu da müəllifin, xalqımızın, dövlətimizin sanki kredosu, yol xəritəsidir.
Azərbaycan xalqı böyük xalqdır. Bu xalqın içindən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev kimi lider çıxırsa, bu xalq yenilməz rəşadətli ordu yaradırsa, bu xalq səngərdən qələmə, qələmdən qəlbə Zəfər ruhunu daşıyırsa, o xalqı heç bir qüvvə məğlub edə bilməz. Bizim qələbəmiz əbədi və dönməzdir.
“İlham Əliyev: müharibənin qalibi, sülhün müəllifi” kitabı da bu əbədi Qələbənin tarixi şahididir. Əminik ki, bu kitab təkcə bir əsər yox, həm də milli yaddaşın bir parçası olacaq, buu torpağın hər qarışı üçün can verən şəhidlərimizin, bu Qələbəni xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandanımızın və bu ruhu yaşadan sadə insanların şərəfinə bir ehtiram nişanəsi kimi yaşayacaq.
Son olaraq oxuculara səslənir, bu qiymətli kitabı oxumaq üçün onları təşviq edirik. Hədsiz faydalanacağınıza tam zəmanət veririk.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)


