Super User

Super User

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə yazıçı-publisist, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş tədbir Poeziya Evində reallaşıb. Bu əlamətdar gün milli-mənəvi dəyərlərin qorunmasını, həm də ədəbi mühitimizin inkişafını bir daha önə çıxarıb.

 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Poeziya Evinin direktoru İbrahim İlyaslı iştirakçıları salamlayaraq belə görüşlərin ədəbi-mədəni həyatımızda önəmli rol oynadığını bildirib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbirin məqsəd və məramından, həmçinin Zemfira Məhərrəmlinin ədəbi irsinin əhəmiyyətindən danışıb.

Sonra söz qələm sahiblərinə verilib. Əsəd Cahangir, Əyyub Qiyas, Nazir Rüstəm, Nəzakət Məmmədli, Yusif Nəğməkar, Adilə Nəzər, Rəfail Tağızadə, Arzu Nehrəmli, Elvin Əlizadə, Lilpar Cəmşidqızı və İlhamə Müslümova çıxış edərək Zemfira Məhərrəmlinin yaradıcılıq yolunu, bədii mahiyyət daşıyan baxışlarını, insanlığa və mədəniyyətə verdiyi töhfələri dilə gətirib, gənc nəslə örnək olan ədəbi fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonda Zemfira xanım çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü ifadə edib,  belə görüşlərin həm ədəbi yaradıcılığın, həm də mədəni mühitin inkişafı üçün vacib olduğunu, həmçinin qələm adamları arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə təkan verdiyini diqqətə çatdırıb.

Bir sözlə, bu yubiley tədbiri sənətsevərlərin, yazıçıların və jurnalistlərin bir araya gələrək yaradıcılığı, mənəvi dəyərləri və intellektual irsi paylaşması baxımından xüsusi əhəmiyyət kəsb edib.eyni zamanda ədəbiyyatın insan ruhunu zənginləşdirən qüdrətini bir daha nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

Bazar ertəsi, 01 Dekabr 2025 17:11

Qəbir və məzar daşları – Araşdırma

 

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda Bakı qəbirstanlıqlarından birindəki diqqətimi çəkən bir təmtəraqlı məzar məni aşağıdakı yazını qələmə almaq üçün ötəri bir araşdırma aparmağa sövq etdi.

 

Bir sıra mənbələrdə göstərildiyi və el arasında deyildiyi kimi İslam dini müəyyən zaman keçdikdən sonra qəbrin itməsinin lazım olduğunu tələb edir. Hətta bəzi din xadimləri belə deyirlər ki, Məhəmməd peyğəmbər (s.a.s.) öz evində üzərində heç bir nişan və əlamət olmayan şəkildə dəfn edilməsini istəmişdi. Buradan aydın olur ki, məzarlar üzərində qoyulmuş başdaşlarında təsvir edilən adi şəkillər və onların ətrafında olan rəmzlər İslam dininə yaddır. Onu da qeyd edək ki, tarixə nəzər saldıqda görərik ki, nə İslamdan öncəki ərəblərdə, nə də sasanilərdə qəbrin üzərində heykəl ucaltmaq adəti olmuşdur. Bəs nədəndi reallıqda müasir müsəlman qəbirstanlıqlarında başqa bir mənzərə ilə qarşılaşırıq. Bunun tarixi keçmişini nəzərdən keçirsək, görərik ki, müsəlman qəbirlərinin müxtəlif cür nəql olunan tarixi var.

Bir qism tarixçilər belə fərziyyə irəli sürürlər ki, çox güman bu bir çox insanın İrana muzdlu əsgər, müharibə əsiri və qul kimi axın etdiyi Abbasilər dövrünə (8-13-cü əsrlər) təsadüf edir. Buraya axın edən insanların özləri ilə məzarı çadırla örtmək mədəniyyətini gətirdikləri ehtimal olunur.

Biz bugün məzar daşlarının tarixi ilə bağlı çözümlərdən digər birinə - daha qədim olana toxunmağı düşündük. Bu məzar daşları özləri də bilmədən qədim türklərin milli kimliyini yaşatmaqla onların tarixi keçmişi barədə gələcəyə bir sıra mesajlar verir.

Qədim türklərin yaşadığı coğrafi ərazilərdə günümüzə qədər gəlib çatan çoxsaylı monumental abidələrin (Sibirin, Altayın, Tıvanın, Monqolustanın, Moldovanın, Azərbaycanın, Ukraynanın, Cənubi Koreyanın və başqa ölkələrin tarix-diyarşünaslıq muzeylərində qorunub saxlanılan daş heykəllər və s. Nəzərdə tutulur.) mövcudluğu bunların İslam dinindən çox-çox əvvəllər yayıldığının bariz nümunəsidir. Tarixdən məlumdur ki, qədimdə  zəngin və məşhur insanlar - fironlar, krallar və s. üçün abidə və mavzoleylər inşa edilirdi. Bu, eyni zamanda qəbiristanlıq mədəniyyətinin İslamdan əvvəlki dövrdən var olduğunu deməyə əsas verir. Volter “Türklər, müsəlmanlar və başqaları” əsərində göstərirdi ki, ta bineyi-qədimdən Qafqazların arxasında - Volqadan Çinə və Buz dənizinə - Şimal buzlu okeana qədər uzanan saysız ölkələrin sakinləri skiflər (türklər) adlandırılırdı. Araşdırmalar da göstərir ki, skiflər türklərdir. Tədqiqatçı Z.H.Həsənov qeyd edir ki, Herodotun skiflərin adı ilə bağlı olan yazısında Herodotun yazdığı söz qədim yunan dilinin düzgün  transkripsiyasında “kuz” və ya “quz” kimi oxunur ki, bu da “çar skiflər”in əslində “quzlar” oğuzlar (türklər) olduğunu göstərir. Tarix elmlər doktoru professor Abbas Seyidov qeyd edir ki, e.ə. I minillikdən etibarən skif tayfaları şərqdə Sakit okeandan qərbdə Şərqi Avropa düzlərinə qədər geniş bir ərazidə yayılmışdılar. Türklərlə bağlı coğrafi ərazinin bu ucsuz-bucaqsızlığı, nəhəngliyi onlara məxsus bəzi məişət xüsusiyyətlərinin, mədəniyyətin, adət və ənənələrin dünyanın müxtəlif yerlərində özündə qoruyub saxlamasına başlıca səbəb olmuşdur. Bu da, dünənimizin carçısı sayılan məzarüstü abidələrin geniş yayılmasına gətirib çıxaran amillərdən başlıcası hesab oluna bilər.

Hər bir ünsür tarixi-fəlsəfi və mədəni-sosioloji mahiyyət daşıyır. Bunlarda xalqın düşüncə və təsəvvürü, adət-ənənəsi, dünyagörüşü, məişəti, yaşadığı ictimai-siyasi quruluşun əlamətləri və s. öz əksini tapır. Günümüzə gəlib çatan bu məzarüstü yazılar qədim tariximizin izlərini, islamdan əvvəlki dövrünü, baş vermiş ictimai-siyasi hadisələri, eləcə də dini-mifoloji təsəvvürləri və s. əks etdirir. Bunlar tarixin izlərini müasir dövrümüzə gətirən real faktlardır. Bu faktlar tədqiq edilib öyrənildikcə bu qatın struktur tipləri, tərkibi, soy kökümüzün yayılma arealları müəyyənləşir, xalqın etnik mənzərəsi, millətlər arasındakı mədəni əlaqələr aydınlaşır, keçmiş və müasir adət-ənənələr arasındakı fərq üzə çıxır.

Tarixdən o da məlumdur ki, türklər 4-5 min il bundan əvvəldən başlayaraq yuxarıda dediyimiz kimi tanınmış sərkərdələrə, qəbilə və tayfa başçılarına, cəmiyyətdə yüksək mövqeyə malik seçilib sayılan adamların məzarları üzərində sərdabə və kurqan düzəldər, orada ölən adamın daş heykəlini ucaldar, onun axirət dünyasını qeyd edərdilər. Dövrünün səlnaməsi olan bu məzarüstü abidələr zamanından başlayaraq elinə, obasına bağlı nəsillər tərəfindən xatırlana-xatırlana yad edilərək müqəddəsləşmiş, ya ziyarətgah, ya da müxtəlif türbə, məqbərə şəkilində abidələşərək günümüzə qədər gəlib çatmışdır. Bugün tarixi keçmişmizdən xəbər verən bu abidələrin hər biri türk xalqlarının qədim incəsənətini və mədəniyyətini öyrənmək baxımından əvəzi olmayan dəyərli mənbələrdir. Bu məzarüstü abidələri ensiklopediya adlandırsaq, bəlkə də yanılmarıq. Çünki bunlarda hər şey var: Buradakı yazı və təsvirlər vasitəsi ilə onların aid olduğu xalqın məişətindən, təfəkküründən, mədəniyyətindən, dövlət quruluşundan, inanclarından, dini əqidəsindən, sərhədlərindən, ərazilərinin təsvirindən məlumat verilir.

UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilən dünyanın ən böyük Türk-İslam qəbiristanlığı "Urartu və Osmanlı məzarlığı, Ahlat qəbir daşları"nın tarixi bəzi mənbələrdə göstərilir ki, eramızdan 900 il əvvələ gedib çıxır. Bir zamanlar Bizans, Anadolu Səlcuqları, monqollar, ərəblər və Osmanlı dövlətlərinin tərkibində olan Ahlat şəhəri təbii şəraitinə görə, mülayim iqlimi, su ehtiyatları, zəngin otlaq sahələri, yaşayış məskəni üçün hər cəhətdən əlverişli olduğu, Asiyadan Avropaya gedən yollar üzərində yerləşdiyi üçün hər zaman diqqət mərkəzində olmuşdur. Ən qədim türk məskənlərinin sakinləri bu səbəbdən əldən-ələ keçməsinə, sonralarsa İslam dininin güclü təsirinə baxmayaraq öz milli adətlərini qoruyub saxlamışdır. Orta əsrlərdə İslam dininin köklü şəkildə geniş yayıldığı böyük şəhərlərdən biri olan Ahlat ən qədim türk məskənlərindəndir.  Məlumat üçün bildirək ki, günümüzdə türkiyənin ən böyük gölü olan vanın sahilndə yerləşən bu şəhər daha çox tarixi qəbir, məzar daşları ilə diqqəti cəlb edir. Geniş bir əraziyə yayılan bu məzar daşları qədimliyindən əlavə ölçüsü və dizaynı baxımından İslam aləmində də özünəməxsus yer tutur. Burada məzar daşları kərpic qırmızısı və ağ rəngli tuf daşlarından hörülüb. Qəbirlər və daşlarında qədim zamanların türk mədəniyyətini əks etdirən mühüm elementlər var, ona görə də cəmiyyətin adət-ənənələri, sənət anlayışı, gündəlik həyatı haqqında müəyyən informasiyalar, o cümlədən ölüm və ölümdən sonrakı həyatla bağlı fikir və inanclar bu məzar daşlarında öz əksini tapır. Mənbələrdə göstərilir ki, Ahlat qəbiristanlığı 8 mindən çox qəbir və başdaşlarından ibarət olan açıq səma altında bir muzeydir. Ahlat qəbir daşlarının bir üzündə mərhuma və işi-peşəsinə aid məlumat, digər üzündə məzar daşını düzəldən ustanın adı və Quran ayələri yer alır.  Bu monumental qalıqların ölçüləri adi qəbirlərdən xeyli böyükdür: bəzilərinin hündürlüyü bir metr yarımdan yuxarı, bəziləri üç metr yarıma qədərdir. Daş heykəllər adətən kişilərə mənsub olub – döyüşçülərə aiddir. “Göytürklərin (VI-VIII əsrlər) inancları” yazısında Yunus Oğuz göstərir ki: “Qədim türklərdə döyüş meydanında qəhrəmanlıqla həlak olan əcdadlarının da kultu var idi. Bu qəhrəmanlara daş plitələrdən ibarət abidələr ucaldılır, daşlara yazılar yazırdılar. Belə hesab edirdilər ki, insan fiziki bədənin qayğısına qalmaqla yanaşı, ruhunu da daim qidalandırmalıdır. Bu qidalanma isə əcdadların ruhlarının enerjisi ilə olmalıdır. Ona görə də, onlar əcdadlarının qəbirləri üzərində daş abidələr ucaldır və qurban verirdilər. Belə abidələrə Altaydan tutmuş, Dunaya qədər bütün ərazilərdə rast gəlmək olardı. Bu adət hər bir türkü yeddi nəsil əcdadını tanımağa məcbur edirdi. Bundan başqa türklər inanırdılar ki, əcdadların ruhları göydən onların hər birinin əməllərini izləyir. Yalan və xəyanət qədim türklərdə qəbuledilməz idi və belə hesab edirdilər ki, bu cür hərəkət edən insan yaşamağa və nəslini artırmağa layiq deyil. Belə təlim milləti çürüməkdən qoruyurdu.”

Bizə görə, müsəlmanlarda məzarlara münasibəti önəmli edən amillərdən digər biri Türkiyədə yaşayan gürcü memar Nikoloz Lekveişvilinin dediyi kimi, İslamda ölüm mövzusunun Xristian mədəniyyətindən fərqli olaraq daha çox xatırlanmasıdır. (Bizcə, çox güman ki, bu kökünə bağlılıq xüsusiyyəti də müsəlmanlara qədim türklərdən keçmişdir.)  O, qeyd edir ki, Gürcüstanda qəbiristanlıqlar əsasən şəhərdən kənarda olur, ancaq bir çox müsəlman ölkələrində qəbiristanlıqlar şəhərin mərkəzində yerləşir. Bu da, qəbirlərə münasibəti səciyyələndirməklə ölən insanlara bir növ hörmət mənası daşıyır və onları ölümsüzləşdirir.

Müsəlmançılıq dedikdə çox zaman ərəblərlə bağlılıq fikri qabardılır. Onların bu fikri türk müsəlmanların tarixi köklərinin qədimliyini azaltmağa xidmət etmiş olur. Bu da, akademik Nizami Cəfərovun aşağıda qeyd etdiyi kimi tamamilə yanlışdır. Azərbaycanda türklük, türkçülük və türkologiya” məqaləsində professor göstərir ki: “…müsəlmanlıq o baxımdan müəyyən şərh tələb edir ki, burada müsəlmanlığın "türk təmayülü" nəzərdən qaçırılmasın... Müqayisələr göstərir ki, İslamın qəbulundan keçən min ildən artıq bir dövr ərzində nəinki ərəb, fars və türk müsəlmanlığı, hətta türk xalqları, millətlərinin müsəlmanlıqları arasında ciddi fərqlər əmələ gəlmişdir. Farsların müsəlmanlığında zərdüştiliyin, türklərin müsəlmanlığında isə tanrıçılığın fundamental təsiri vardır. Qıpçaqlara nisbətən karluqlar, oğuzlar "daha çox" müsəlmandırlar.

Azərbaycançılıq ideologiyasının araşdırıcıları bəzən müsəlmanlıq deyəndə, onun "ərəb təzahürü"nü nəzərdə tutur, türklərə, eləcə də azərbaycanlılara aid olmayan məsələlərdən bəhs edirlər ki, tamamilə yanlışdır.”

Bütün bunlar və burada qeyd olunmayan arxeoloji araşdırmaların nəticəsində aşkar olan qədim türk ulularını əbədiləşdirən məzarüstü abidələr və daş heykəllər təsdiq edir ki, bugün qəbiristanlıqlarımızda qarşılaşdığımız mənzərənin tarixi kökləri daha qədimlərə gedib çıxır.

Onu da qeyd edək ki, İslam dininin köklü şəkildə yayıldığı bəzi ərazilərdə məzarüstü heykəllər tədricən aradan çıxmağa başlasa da, bizdə insanların böyük qəbir daşları düzəltmək və məzarların üzərində heykəllər inşa etmək ənənələri kütləviləşməkdədir. Azərbaycanda imkanı çatanlar qəbir daşlarını mərmərdən hazırladır. Adamlar bu iri məzar daşları üçün minlərlə manat xərcləyir. Mərmər daşı daha bahalı və “hörmətli” sayıldığı səbəbindən hazırda mərmər biznesi ölkənin çox gəlirli sahələrindən birinə çevrilib.

Bugün qəbiristanlıqlarımızda qarşılaşdığımız qəbir daşları və qəbirüstü yazıların tarixi kökləri çox uzaqlardan xəbər versə belə, biz də bəzi din xadimləri və bəzi söz adamlarının fikrinə qoşularaq düşünürük ki, dünyasını dəyişmiş insanın qəbir daşı onun sosial statusunu müəyyənləşdirən meyar olmamalıdır. Bütün qəbirlər standart ölçüdə olmalıdır. Təəssüf ki, qəbirlərin standartlaşdırılması lahiyəsi hələ də söz olaraq qalmaqdadır.

Son olaraq aşağıdakı sitatı xatırlatmaq istəyirəm: “Heç vaxt özünü qarşındakı insanlardan yuxarı görmə! Düşün, məzarlıqda milyarder və milionerlərin adları nə qədər çoxdur. Onlar dünyaya nə qədər mal-mülk gətirdilərsə də, nəhayət, bir gün torpağa qarışdılar. Var-Dövlət bir ruzgar kimi gəlib və keçir.” (Hüseynli Nihat)

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

Bazar ertəsi, 01 Dekabr 2025 16:34

Muxtar Türk xalqları

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü söhbətimiz Muxtar Türk xalqları barədədir.

 

Rusiya Federasiyası daxilində formalaşmış muxtar türk respublikaları tarixən Volqa-Ural, Sibir və Altay bölgələrinə yayılmış qədim türkdilli etnosların siyasi-inzibati varisliyini təmsil edir. Bu qurumlar həm dil və mədəniyyət baxımından türk etnosisteminə daxil olmaqla, həm də federal struktur daxilində hüquqi muxtariyyətə sahib olan subyektlər kimi siyasi-inzibati xüsusiyyətlərə malikdir. Onların hər biri qədim türkdilli tayfaların etnoqrafik, dil və mədəni inkişaf xəttini müasir dövrdə institusional şəkildə yaşadan regional mərkəzlər sayılır.

Tatarıstan Respublikası Volqa Bulqar dövlətinin, sonrakı Qızıl Orda və Kazan Xanlığının tarixi mirasını daşıyır. Buradakı tatar xalqı Kipçak-qıpçaq qrupuna daxil olan türkdilli etnosdur və respublikanın paytaxtı Kazan tarixi türk mədəniyyətinin mühüm mərkəzlərindən hesab olunur. Tatarıstan müasir dövrdə dil siyasətində iki dilli model tətbiq edir və türk-islam mədəniyyətinin Volqa bölgəsindəki əsas mərkəzlərindən biri olma statusunu saxlayır.

Başqırdıstan Respublikası Ural bölgəsində yaşayan başqırd xalqının etnik-siyasi vahidi kimi formalaşıb. Başqırdlar qıpçaq türk dilləri qrupuna mənsubdur və tarixi etibarilə köçəri və yarımköçəri təsərrüfat modeli ilə bağlı olmuşlar. Respublika müasir dövrdə başqırd dilinin qorunması, folklor ənənələrinin institusional dəstəklənməsi və milli mədəni irsin yaşadılması ilə seçilir.

Çuvaşıstan Respublikası çuvaş xalqını birləşdirir ki, bu etnos türkdilli xalqlar arasında xüsusi dil qolu – Bulqar (Oğur) qrupunun yeganə yaşayan nümayəndəsi kimi bilinir. Çuvaş dili fonoloji və leksik cəhətdən digər türk dillərindən müəyyən dərəcədə fərqlənsə də, çuvaş xalqının etno-mədəni tarixi bütövlükdə qədim bulqar-türk ənənələri ilə bağlıdır. Çuvaşıstan regionu bu unikal dil və mədəni irsin mühafizəsi üçün mühüm institutlara malikdir.

Saxa (Yakutiya) Respublikası şimal və şərqi Sibir bölgəsində yaşayan saxaların etnik dövlətçiliyinin əsas formasıdır. Saxa xalqı Sibir türk dilləri qrupuna daxildir və iqlim, təsərrüfat, mifologiya və sosial struktur baxımından özünəməxsus mədəni kompleksə malikdir. Respublika həm də Sibir türklərinin ən böyük ərazi vahidi olmaqla yanaşı, regionda türk dilinin dövlət səviyyəsində qorunduğu nadir şimal bölgələrindən biridir.

Tuva Respublikası tuvaların etnik-siyasi mərkəzidir və bu xalq Sibir türk dillərinin uyğur-xakas qolu ilə bağlı hesab olunur. Tuva həm də şamanist ənənələrin canlı şəkildə qorunduğu türk bölgələrindən biridir. Burada xöömei (boğaz oxumağı) kimi qədim musiqi ənənələri dünya miqyasında tanınmışdır. Tuva dövlət strukturu milli dilin tədrisi və mədəniyyətin inkişafını prioritet kimi saxlayır.

Altay Respublikası Altay türklərinin etnik-siyasi vahidi olub, Altay-Sayan dağlıq bölgəsində yaşayan türkdilli tayfaların tarixi davamlılığını əks etdirir. Altay xalqları qədim türk mifologiyasının formalaşdığı coğrafiyanın bir hissəsi kimi mədəni və etnik baxımdan xüsusi əhəmiyyət daşıyır. Altay dili bir neçə dialekt qrupunu əhatə edir və bölgə şamanist, epik və dastan ənənələrinin institutlaşdığı mərkəzlərdən biri sayılır.

Bu respublikaların hər biri Rusiya Federasiyası çərçivəsində fərqli səviyyələrdə muxtariyyətə malik olsa da, onların ümumi cəhəti türkdilli xalqların tarixi, dil və mədəni kimliyinin müasir dövrdə dövlət strukturları vasitəsilə qorunmasıdır. Hər bir respublika türk etnoslarının regional identikliyini saxlayan, eyni zamanda onların sosial, mədəni və akademik inkişafını təmin edən mühüm mərkəz funksiyasını daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Qərbi Azərbaycan aşıq mühiti XIX–XX əsrlərdə regionun mədəni kimliyini formalaşdıran ən mühüm söz-sənət sahələrindən biri kimi çıxış edir və bu dövrün aşıq yaradıcılığı həm poetik üslub baxımından, həm sosial funksiyaları etibarilə, həm də bölgə məktəblərinin özünəməxsusluğu ilə seçilir.

 

XIX əsrdə Göyçə, Zəngibasar, Vedibasar, Şörəyel, Ağbaba və İrəvan bölgələrində formalaşmış aşıq mühiti əsasən ustad-şagird ənənəsi, saz-sözün ictimai nüfuzu, dəsgah formalarının sabitliyi və yaradıcılığın kollektiv yaddaşa bağlılığı ilə xarakterizə olunurdu. Aşıqlar həmin dövrdə yalnız poetik mədəniyyət daşıyıcısı deyil, həm də icma daxilində münaqişələrin həllində, toy və mərasimlərin idarə edilməsində, mənəvi-mədəni dəyərlərin qorunmasında həlledici sosial fiqurlar kimi çıxış edirdilər. Bu mühitdə aşıqların sözü həm estetik, həm də normativ gücə malik idi və onların yaradıcılığı toplumun davranış qaydalarına, əxlaq normalarına və tarixi yaddaşına birbaşa təsir göstərirdi.

Poetik üslub baxımından Qərbi Azərbaycan aşıq mühiti klassik Azərbaycan aşıq yaradıcılığının əsas janr və forma ənənələrini qorumaqla yanaşı, bölgəyə məxsus orijinal üslubi çalarlar yaratmışdır. Göyçə mühiti dilin sadəliyi, lirizmin gücü, obrazların həyatiliyi və ustadnamə üslubunun genişliyi ilə seçilirdi. Aşıq Alı, Aşıq Nəcəfqulu, Aşıq Ələsgər kimi ustadların poetik sistemi yeni bir məktəb kimi formalaşmış, xüsusilə qoşma, gəraylı, divani və müxəmməs janrlarında özünəməxsus ritmik və semantik strukturlar yaranmışdı. Aşıq Ələsgərin lirikasında dilin musiqililiyi, qadın obrazlarının ucaldılması, təbiət motivlərinin humanist məzmunla birləşməsi, poetik hiperbola və təsvir gücü Göyçə üslubunun başlıca cizgilərinə çevrilmişdi. Şörəyel və Ağbaba mühitləri isə daha çox ritmik cəldlik, mizahi və satirik elementlərin bolluğu, söz duelinə əsaslanan deyişmə ənənəsinin güclülüyü ilə tanınırdı. Burada aşıqlar icma daxilində sosial tənqidin söz vasitəsilə aparılmasında xüsusi rol oynayır, ağıllı söz, hazırcavablıq və improvizə qabiliyyəti ən yüksək sənətkarlıq göstəricisi sayılırdı.

XIX əsrdə aşıq mühitinin sosial funksiyaları həm dini-mənəvi, həm də ictimai-tədbir xarakterli idi. Aşıqlar toylar, el şənlikləri, mərasimlər, yas mərasimləri və başqa kollektiv toplantılarda icma birliyini möhkəmləndirən söz sahibi kimi çıxış edir, tarixi hadisələr, qəhrəmanlıq nümunələri və köçərilik ənənələri haqqında dastanlar söyləməklə xalqın tarixi yaddaşını canlı saxlayırdı. Onların sözləri mübahisələrin həllində, nəsihət və hikmətin çatdırılmasında, həmçinin cəmiyyətin sosial ədalət gözləntilərinin ifadəsində mühüm funksiyaya malik idi. XX əsrin əvvəllərində bölgədə baş verən siyasi dəyişikliklər, müharibələr və kütləvi köçürmələr aşıq yaradıcılığına da güclü təsir göstərdi. Aşıqlar müharibə, didərginlik, yurd həsrəti və məcburi köç mövzularını poeziyalarının əsas xəttinə çevirdilər və bu dövrün şeirlərində Vətən itkisi, kəndlərin boşalması, dağıdılmış yurd yerlərinin ağrısı poetik təcrübənin aparıcı məzmununa döndü. Aşıq Şenlik, Aşıq Növrəs İman, Aşıq Kərəm kimi ustadların yaradıcılığında bu dövrün faciəvi təcrübəsi güclü şəkildə əks olunur.

Qərbi Azərbaycan aşıq məktəblərinin müqayisəsi göstərir ki, hər bir bölgə poetik və musiqi irsinə özünəməxsus töhfə vermişdir. Göyçə məktəbi lirika və ustadnamə xətti ilə, Ağbaba–Şörəyel məktəbi deyişmə və satira ənənəsi ilə, Zəngibasar və Vedibasar mühiti isə daha çox mərasim, dastançılıq və qəhrəmanlıq tematikası ilə fərqlənirdi. Göyçə aşıqlarında sazın çalınma texnikası nis­bətən yüngül və melodik olur, deyişmələrdə yumşaq və məntiqi söz axını üstünlük təşkil edirdi. Ağbaba–Şörəyel aşıqlarında isə melodik temp daha sürətli, improvizasiya daha sərt və ritmik idi; onlar bir çox hallarda şifahi sati­ra və sosial tənqid elementləri ilə xalq arasında geniş nüfuz qazanırdılar. Zəngibasar mühitində dini-mənəvi mövzular, nəzirə yazma ənənəsi və məhəbbət lirikasının mülayim formaları üstünlük təşkil edirdi. Bütün bu üslubi fərqlər ümumilikdə Qərbi Azərbaycan aşıq mühitinin polifonik, çoxqatlı və zəngin strukturunu formalaşdırırdı.

XX əsrin ortalarından etibarən Qərbi Azərbaycan əhalisinin kütləvi şəkildə tarixi torpaqlarından çıxarılması bu mühitin fiziki dağılmasına səbəb olsa da, onun poetik ənənəsi məcburi köçdən sonra da Azərbaycan aşıq sənətinin ümumi sistemində yaşamağa davam etdi. Köçdən sonra bu aşıqların yaradıcılığı yurd həsrətinin daşıyıcısına çevrildi və bəzi bölgə məktəbləri artıq coğrafi deyil, mənəvi-mədəni yaddaş olaraq mövcudluğunu qorudu. Beləliklə, XIX–XX əsrlər boyu Qərbi Azərbaycan aşıq mühiti həm poetik üslub baxımından, həm sosial funksiyalar etibarilə, həm də bölgə məktəblərinin zəngin müxtəlifliyi ilə Azərbaycan xalq mədəniyyətinin ən mühüm sütunlarından biri kimi formalaşmış və xalqın tarixi yaddaşını daşıyan başlıca söz ənənələrindən birinə çevrilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

2025-ci ilin soyuq, amma qəribə şəkildə aydın bir səhəri idi. Hər şey adi görünürdü, otağın boşluğu, şəhərin uzaq uğultusu, pəncərənin altında toplanan işıq zolaqları... Yalnız bir şey fərqli idi. İçimdəki yorğunluq. O yorğunluq ki, nə yatmaqla keçir, nə gəzməklə, nə də kimlərləsə söhbətlə.

 

Elə bil ruhum uzun müddətdir özündən qaçır, mən isə bunu illərlə hiss etməmişəm. Həmin gün qərara gəldim. Telefonu iki ay kənara qoyuram. Sadəcə belə. Sanki içimdən bir səs dedi: "Artıq sükuta ehtiyacın var."

 Bu sözün içində qorxu da vardı, hüzur da, bilinməz bir kədər də. Çünki insan ən çox özündən qaçır, öz səsinin gəlməsindən qorxur. Telefon isə bu qaçışın ən rahat alətidi. Səslər, şəkillər, xəbərlər, mesajlar, bildirişlər.. Hamısı insanın öz səsini eşitməməsi üçün yaradılmış görünməz pərdə kimidir sanki.

 Telefonu söndürəndən sonra otağın səsi dəyişdi. Divarlar daha yaxın idi sanki. Hava daha ağır. Fikir isə daha iti. İnsanın içində gizlətdiyi fikirlər adətən, kənar səslərin sayəsində susdurulur. Amma sükut gələndə... Hər şey dirilir.

İlk günlər içimdə saysız suallar oyandı. Mənası olmayan, amma məni dərinliyə çəkən suallar:

"Niyə bu qədər qaçıram?"

 "Hara tələsirəm?"

" Nəyi itirməkdən qorxuram?"

" Kiməm mən, bu səs-küyə dayanan kimdir?"

Hər sual bir maskanı qoparırdı. İllərlə yığılmış, üstünə səs qoyulmuş daha doğrusu qalaqlarla yığılmış maskalar… "məşğulam", "çox düşünmürəm" , "sonra baxaram"," indi vaxtım yoxdur" deyə-deyə özümə taxdıqlarım. İndi hamısı yerə düşürdü. Və mən maskasız qalırdım. Maskasız qalmaq çılpaq qalmaq kimidir,soyuq, sərt, amma həqiqi.

 Vaxt keçdikcə sükutun öz dili formalaşdı. Artıq telefonun səsi yox idi. Dünya sanki kənardan axır, mən isə onun içində deyil, ona kənardan baxırdım. Hər addımım daha ləng, hər düşüncəm daha ağır idi. Bəzən mənə elə gəlirdi ki, içimdə böyük, qaranlıq bir boşluq var. Bu boşluq uzun illərdən bəri toxunulmamış bir otaq kimidir. Tozlu, köhnə, amma özünə xas bir cazibəsi var. İçimə həm qorxu doğurur, həm də məni ora çəkir. Çünki insan varoluşuna yaxınlaşdıqca qorxur, amma eyni zamanda onun həqiqətini yalnız orada tapır. Bu boşluğa baxanda qəribə bir həqiqəti dərk etdim: İnsan özündən nə qədər qaçırsa, özünə o qədər darıxır. Telefon uzaqdaykən bu darıxmaq boy göstərirdi. Daha heç nə diqqətimi oğurlamır, heç nə qoparmır, heç nə yayındırmırdı. Məcbur idim dostum. özümlə üz-üzə qalmağa məcbur idim.

 İnsanın içindəki qaranlıq sahələr bəzən o qədər dərin olur ki, ora düşəndə özündən şübhə etməyə başlayırsan. Mən də başladım. Bəzən düşünürdüm:

"Niyə bütün bunları edirəm?"

"Bunun nə mənası var?"

"Heç nə dəyişmir axı…"

Bu, nihilizmin soyuq nəfəsidir, hər şeyi mənasız görən, amma bu mənasızlıq qarşısında qəribə bir azadlıq hissi də yaradan bir nəfəs. Amma qəribədir, insanın içində başqa bir səs də gəlir. O səs çox zəif olur, çox sakit, bəzən eşidilməyəcək qədər incə, amma ölmür.

O səs deyirdi:

"Bəlkə də mənası yoxdur. Amma sən yenə də yaşayırsan."

"Bəlkə də boşluq var. Amma boşluğun içində də bir istiqamət var."

"Bəlkə də dəyişən heç nə yoxdur. Amma sən dəyişirsən."

Və insan bəzən sadəcə bu cümlələrin dayağı ilə yaşamağa davam edir. Mən isə artıq sükuta alışmışdım. Həyatın ritmi dəyişmişdi. Daha ləng, daha nəfəsli, daha dərin olmuşdu. Heç bir mesajı gözləmirdim, heç bir səslə tərpənmirdim, heç nəyə görə narahat olmurdum.

Dünyanın səsi eyni idi, amma mənim içimdəki səs dəyişmişdi.

Tələsik deyildi. Parlaq deyildi. Gurultulu deyildi. Amma aydın idi. Bu iki ayda həyatın mənası haqqında müəyyən cavablar tapmadım, amma cavabların ardınca qaçmağın öz-özlüyündə mənasız olduğunu anladım. Həyat bəzən cavab deyil, sadəcə davam etməkdir. Bəzən boşluq deyil, boşluqda nəfəs almağı öyrənməkdir. Bəzən qaranlıq deyil, qaranlığa gözünün öyrəşməsidir.

Bu dövrdə anladım ki, insanın varlığı həm zülmət, həm işıq, həm ümidsizlik, həm də doğmayan bir ümiddir. Və gözəllik də məhz bu qarışıqlıqdadır, xaosdadır. Necə ki, ulduzların səpələnməyi.

İki ay sonra telefonu əlimə götürdüm. O eyni cihaz idi, eyni ikonalar, eyni tətbiqlər, eyni dünyanı təqdim edən eyni soyuq işıq. Amma mən artıq əvvəlki kimi deyildim. Ekranın işığı gözümü qamaşdırmadı, çünki içim artıq kor deyil. Bildirişlərin səsi məni narahat etmədi, çünki ruhum daha dərin idi. İnsanların həyatı mənim həyatımı boğmadı, çünki öz daxili ritmimi tapmışdım. Mən nə müdrik olmuşdum, nə də təmamilə dəyişmişdim. Sadəcə bir qatım soyulmuşdu. Daha az səs vardı içimdə, daha çox aydınlıq. Daha az qaçış vardı, daha çox dayanmaq. Daha az qorxu vardı, daha çox qəbullanmaq.

Və bu uzun sükutdan sonra bir həqiqəti dərk etdim:

İnsan bəzən dünyadan uzaqlaşmır ki, özünü tapsın.

Bəzən sadəcə ekranı söndürür...

Və ilk dəfə həqiqətən yaşayır…

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

Bazar ertəsi, 01 Dekabr 2025 10:33

Könül sərgisi – “Sevgi palitrası”

 

Əkbər Qoşalı, ”Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Muzey Mərkəzinin sərgi salonuna girəndə ilk hiss etdiyim nə oldu?.. — Birinci dəfə deyildi sərgidə olurdum; amma daun sindromlu uşaqların sərgisində birinci dəfəydim… — Bax, bu, qəribə hisslər bəxş edirdi. Bizi sanki sükutun içindəki rənglərin səsi qarşıladı.

 

Əslində, yetərincə iştirakçı varıydı, hələ-hələ həyəcanlı uşaqlar, onların qayğılı anaları susqun deyildi amma pılıçıltı da, TV-yə müsahibə də, kiminsə kimdənsə hansısa ortasəsli gənəşiyi də eşidilir, duyulur, fərq edilirdi... Yəni sükut — öyrəşilmiş, deyiləbilən sükut deyildi… Və adətən rəngləri gözlə görərsən, burada isə rənglər “danışırdı”. “Sevgi palitrası” bir sərginin adı olmaqdan çıxıb, şahlanmış — insan qəlbinin ən saf qatlarından çəkilib gətirilmiş bir aləm kimi çıxış edirdi. — Məhdudiyyətli uşaqların xəyalının, ümidinin, sakitcə içəridən boylanan işığının başqa aləmi…

Burada hər rəng, necə deyərlər — bir duyğunun temperaturu, hər şəkil — uşağın içindəki kainatın kodudur və kətana çəkilmiş hər xətt – bir nəfəs kimi gəldi mənə...

Bu sərgi sənəti göstərmir – insanı anladır, in-sa-nı!..

Layihənin koordinatoru, sənətşünas Ziyarət Cabarova-Qəhrəmanova salamlama nitqi söylədi; Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov, Əməkdar rəssam Elşən Hacızadə, “Qayğı- Sağlam Nəsil Naminə İctimai Birliyi”nin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəhbəri Natella Həsənova və bu yazının müəllifi ürək sözlərini bölüşdü; sonra layihənin ideya müəllifi, rəssam Mahizər Sadıqlı çıxış etdi.

Budur, qırmızı lent kəsildi və biz ayrı-ayrı əsərlərlə yaxından, bilavasitə tanış olmağa başladıq; bax, mərkəzi divarda asılmış kollaj – sərginin özünə bənzəyir: müxtəlif duyğular, müxtəlif səslər, müxtəlif çalarlar burada bir “vəhdəti-vücud”a, daha səlisi — bütövlüyə çevrilib. Elə bil, gənc rəssam-müəllim Mahizər Sadıqlının içindəki böyük ana mərhəməti bu kollajda birləşərək “Uşaqların hamısı bir sevginin fərqli dilləridir” deyir, deyir, deyir...

Zalda şəkillərin qarşısında dayanan yeniyetmə rəssamlar da bu palitranın bir başqa həyəcanı, canı, özəyi deyildimi?..

Birinin əsəri limonları danışdırır — sarının Günəşi sanki onun əlini tutur, tutur və heç buraxmaq istəmir…

O birinin çəkdiyi çiçəklər vazadan çıxıb şeirin içinə girəcək qədər poetikdir, canlımı?-canlıdır...

Başqa bir uşaq isə dənizin maviliyini elə çəkib, elə çəkib, sanki kətana toxunan dalğanın nəfəsidir, fırça deyil.

“Biz buradayıq, biz yaradırıq, biz də sevinirik və sevindiririk” ismarıcını — o uşaqların baxışlarında gördüm...

Mahizər Sadıqlı, əhsən! Müəllim kimi müəllim, könül memarı kimi memar, rəssam kimi rəssam və qarapaltarlı ağgünlər qayğılısı…

Məncə, Mahizər Sadıqlının işini “müəllimlik” adlandırmaqla yetinmək ədalətli olmaz; bu, daha çox ruh mühəndisliyi, sevgi ixtisası, könüllərə yol çəkməkdir, yol...

O, uşaqlara rəsm çəkməyi öyrətmir, ha… — özlərinə danışmağı öyrədir. — Dil-dil, söz-söz, cümlə-cümlə və də rəng-rəng...

Uşaqların kətanları ona görə bu qədər təbii və səmimidir ki, Mahizər xanım onlara “belə çəkin” demir, “ürəyiniz necə istəyirsə, elə çəkin” deyir. Ancaq bu komanda-razılıqdan öncə onlarla necə iş aparmalı, necə könül bağı qurmalı, necə öyrətməli ki, sonrasına əmin olasan... Əhsən, Mahizər xanım, əhsən!

Bax, bu sərgi — onun təmkininin, fədakarlığının, uşaq qəlbinə zərifanə və ana kimi toxunmaq cəsarətinin hesabatı… — yox, yox, hesabatı da deyil, bəhrəsidir.

Ziyarət Cabarova-Qəhrəmanova isə bu gözəlmi?-gözəl, özəlmi?-özəl sərginin, necə deyərlər, görünməyən arxa işığıdır.

Ziyarət xanımın təşkilatçılıq səliqəsi, sənətşünas zərafəti sərgi məkanını bir mədəniyyət tədbiri yeri olmaqdan çıxarıb, sosial məsuliyyət ünvanına çevirdi sanki. Sərginin ritmi, məkanın tonu, işıqların zərifliyi, hətta, uşaqların portretlərindən ibarət ağac, eləcə də qırmızı pərdəli, qızıl sarısı boş çərçivə belə… — hər detal bir ismarıcdır:

uşaqlar bu toplumun qırağında deyil; onlar toplumun özüdür — dərinləməsinə və üfüqötəsinə… bir sözlə, “ayrılıq sevdaya daxil” (Atilla İlhan)…

Uzun sözün qısası, bu, bir sərgidən üstün olaydır, bu, bir mövqedir.

Elə bir sərrast mövqe ki, rənglərin içindəki səslər açıq-aydın eşidilir.

Sərginin ən güclü tərəfi — əsərlərdəki “sadəlöhvlük” deyil, təmizlikdir.

“Sadəlöhv sənət, başqa sözlə, “naive art”, “primitivizm” – akademik məktəb keçməmiş, lakin təbiiliyi, səmimiyyəti, saflığı ilə seçilən yaradıcılıq deməkdir. Bu üslubun əsas özəllikləri nədir? — Yada salaq:

-süni effektlərin olmaması;

-duyğunun birbaşa ifadəsi;

-sadə, aydın forma və rənglər;

-düşüncənin filtirlənmədən kətana keçməsi;

-uşaqların çəkdiyi rəsmlərdəki təbii enerjinin qorunması.

Yəni təmiz, içdən, akademik çərçivəsiz rəsmlərdən, saflıq estetizmindən, şüuraltının birbaşa rəngə çevrilməsindən danışırıq.

Bunlar isə duyğunun ilkin enerjisini, uşaq baxışının poetikliyini göstərir.

Bax, bax, budur:

-Günəbaxanlar o qədər səmimidir ki, Günəşin özü belə onu “incitsə” utanar;

-Qırmızı nar — uşağın qəlb döyüntüsünü xatırladır;

-Dəniz — sakit deyil, həyat kimi dəyişkəndir;

-Qəhvəyi budaqda oturan quş — sükutun musiqisidir…

Bu tablolar “professional” olmaq üçün yox, ürəyə xəfif, zərif və saf toxunuşlar üçün çəkilib — ona görə də təsirlidir, çox təsirlidir.

 

Bu sərgi daha nə deyir?

“Sevgi palitrası” topluma bəlkə də tək bir cümlə ünvanlayır:

-Heç bir məhdudiyyət insanın içindəki yaradıcı alovu söndürə bilməz.

Əgər o alova bir az qayğı, bir az münbit ortam, bir az sevgi versən — fışqırar!..

Bu uşaqların yaratdığı əsərlər bir varlıq iddiasıdır, yaşam sevincidir, topluma səslənən səmimi “mən burdayam!” çağırışıdır.

 

Sərgidən çıxanda hiss etdim ki, rənglər adamı təkcə gözlərindən tutub aparmır, həm də qəlbini qəribə bir məhəbbətlə yüngülləşdirir. Çün bu sərgi yaşadan sərgidir — onun içindən həyat özü boylanır, həyat özü...

 

“Sevgi palitrası” sənətin sosial funksiyasını, insanın insanı anlamasının mümkünlüyünü (vacibliyini!), uşaq dünyasında gizlənmiş hikmətləri bir daha göstərir.

Belə bir sərgiyə baxmaq – insanın içindəki sevgiyə baxmağın özüdür...

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

Bazar ertəsi, 01 Dekabr 2025 09:29

Nicat Hunalp “Yaradıcılıq emalatxanasında”

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam əziz izləyicilərimiz, bu dəfə  "Yaradıcılıq emalatxansı"- nın qonağı şair Nicat Hunalp oldu. “Alp Aruz taleyi” şeiri Dədəmiz Qorquda bir müraciətdir, Oğuz ellərinin faciələrinə bir aynatutmadır.

Gəlin birlikdə şairin yeni şeirini oxuyaq.

 

Nicat Hunalp

Alp Aruz taleyi

 

         "Bu qara çadır mənə borc olsun" - dedi, Alp Aruz                                             

                                                                   Dədə Qorqud

 

Gəlmişəm sözümü dinlə ay dədə,

Min ildir ruhumda gör nələr yatır.

Oğuzun başına bəla gətirdi,

O qara qovurma, o qara çadır.

 

 

Küsəndə obadan, eldən Alp Aruz,

Dış Oğuz, İç Oğuz oldular düşman.

Ağac tək içindən oyuldu Oğuz,

Axırda Oğuzu tutdu həmin qan.

 

Həmin qan Oğuzu yuxuya verdi,

Həmin qan Oğuzu daşa çevirdi.

Tanrı qara yazdı bəxtin Oğuzun,

Tanrı baharını qışa çevirdi

 

 

İndi haqqı deyim, mən haqqı Dədə,

Nə olsun kökümüz Bozqurddan gəlir.

Bizim başımıza gələn bəlalar,

Elə sən Dədəmiz Qorquddan gəlir.

 

Tanrı yazmayırmı taleyi, bəxti?

Tanrı vermir məgər oğulu-qızı?

Bəs niyə sındırdı bəy qürurunu,

Ulu xan babamız o Alp Aruzun.

 

Tutdu gözümüzü o qarğış, o ah,

Babamız etdiyi səhv tutdu bizi.

Neçə il ulu xalq, bəy xalq, sultan xalq,

Deyə-deyə babam ovutdun bizi.

 

Züryətsiz olmağı günahı deyil,

Tanrının Aruza yazan yazıydı.

O vaxtdan bu yurdda bütün sonsuzlar,

Talecə, qismətcə Alp Aruzuydu.

 

Olarda qınandı eldə, obada,

Oğulsuz dedilər, qızsız dedilər.

Toya çağırmayın uğursuzluqdu,

Sən Allah yan elə, sonsuz dedilər.

 

İçində göynədi yarası, Dədəm,

Kimsə nə çəkirdi Aruz, bilmədi.

Uçmağa vardıda, qəbri itdi də,

Qara çadırdakı Aruz ölmədi.

 

Daşıdı içində sonsuzluq dərdin,

Min ildir yerində daşlaşıb qalır.

Baybican, Bəybura, Qılbaş, Alp Aruz,

O qara qovurma, o qara çadır.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bəstəkarlar musiqi janrına üstünlük verir, irihəcmli əsərlərə meyl etmirlər. Bu, sürət əsrinin tələbidir deyə düşünür, həm də bununla, anidən qazanmaq istəklərini reallaşdırırlar. Halbuki irihəcmli əsərlər gərgin əmək, uzunmüddətli çalışmalar tələb edir. Nə yaxşı ki, Azər Dadaşov kimi bəstəkarlarımız vardır.

 

Həqiqətən də bizim çox böyük bəstəkarlarımız var.

16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Xalq artisti Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir.

 Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub.

Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları – Niyazi, Rauf Abdullayev, Nazim Rzayev, Ramiz Məlikaslanov, Yalçin Adıgözəlov, Teymur Göyçayev, Fəxrəddin Kərimov və b., xarici dirijorlar – D. Kitaenko (Rusiya), R. Matsov (Estoniya), R. Şilakadze (Gürcüstan), V. Runçak (Ukrayna) və b. tərəfindən təfsir edilmişdir. Əsərləri bir sıra xarici ölkələrdə — o cümlədən Fransa, ABŞ, İngiltərə, Finlandiya, Türkiyə, İran, Rusiya və s. keçirilmiş nüfuzlu festivalların proqramına daxil olunub.

 

- Simfoniyaları:

1. Böyük simfonik orkestr üçün I simfoniya (3 hissəli)

2. Böyük simfonik orkestr üçün II simfoniya (3 hissəli)

3. Kamera orkestri üçün III simfoniya (3 hissəli)

 

- Simfonik əsərləri:

1. "Uzeyirsayağı"- simli orkestr üçün

2. "Pastoral süitası"

3. "Elegik musiqi" — simli orkestr üçün

4. "Uşaq süitası"

 

Filmoqrafiya

1. Altı duru, üstü quru

2. Anın quruluşu

3. Arvadım Mənim, Uşaqlarım Mənim

4. Arzunu yarat

5. Bəhri-təhvil

6. Dəcəl dovşan

 

77 yaş özündə magik rəqəmin sehrini daşıyır. 77-cindən 78-inə adlayır bəstəkarımız. Güman edirik ki, qocaman bəstəkarımız bu yaşında da yazıb yaradacaq.

Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

"Teatrda əsasən o adamlar qalır ki, onların adı hər bir zaman teatr aləmində çəkilir. Mirmahmud Kazımovski məhz belə insanlardandır".

                                                Görkəmli sənətşünas Cəfər Cəfərov 

 

Mirmahmud Kazımovski 27 fevral 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olub. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olublar. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərib, bir sıra epizodik rollarda çıxış ediblər.

Sonralar Mirmahmur Kazımovski peşəkar artist kimi tanınmağa başlayıb. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış edib. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tutub.

Mirmahmur Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi olub. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış edib.

Onun daha bir işi – kiçik həcmli dram əsəsrləri yazması olubdur.

 

Əsərləri

- Nə qanır, nə qandırır (məzhəkə bir pərdədə)

- Daşım-daşım (bir pərdəli məzhəkə)

- Molla Cəbi (operetta 4 pərdədə)

- Vurhavur (operetta 3 pərdədə)

 

Filmoqrafiya

1. Neft və milyonlar səltənətində

2. Bismillah

3. Bakılılar

4. Kəndlilər

5. Sovqat

 

Azərbaycan SSR əməkdar artisti Mirmahmud Kazımovski 1 dekabr 1942-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

Bazar ertəsi, 01 Dekabr 2025 11:32

Xalq şairi Məmməd Arazın anım günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Poeziyamızın kəhkəşanında bir ulduz da Məmməd Arazındır, daim parlayan bir ulduz! Bu gün Azərbaycan Respublikasının xalq şairi Məmməd Arazın anım günüdür.

 

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib.

 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb. Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub.

Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub.

 

Kitabları

1. Sevgi nəğməsi

2. Üç oğul atası

3. Araz axır

4. Mən səni taparam

5. Anamdan yadigar nəğmələr

6. Ömür karvanı

7. İllərdən bəri

8. Qanadlı qayalar

9. Atamın kitabı

10. Həyatın və sözün rəngləri

 

Tərcümələri

(ruscadan)

1. S. V. Mixalkov. Foma

2. G. Ağacanyan. Narahat ürək

3. M. Svetlov. Şeirlər

4. N. A. Nekrasov. Rus qadınları

5. Ocaq başında (dünya şairlərinin şeirləri)

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

- "İstiqlal" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Məmməd Araz 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub.

Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyır.

27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilən “Araz şairi” adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.