Super User

Super User

Cümə axşamı, 05 Dekabr 2024 12:32

POEZİYA DƏQİQƏLƏRİ - “Sabaha leysan yoxdu...”

                                  

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Vasif Əlihüseynin şeirlərini təqdim edir.

 

 

DƏRD ELƏMƏ, ƏZİZİM

 

Küçədə yağış yağır,

sel götürüb hər yanı.

Yuyur günahlarını,

təmizləyir dünyanı.

 

Sənin də günahın var,

düzün deyim, bağışla.

İndi fürsətdi sənə,

çıx küçəyə yağışda.

 

Qoy saçların islansın,

gözlərinə yaş dolsun.

Ürəyinə “heyif”lər,

ürəyinə “kaş” dolsun.

 

Dərd eləmə, əzizim,

günahsız insan yoxdu.

İndi nə çıxdın-çıxdın,

sabaha leysan yoxdu.

 

 

KİNO ÇƏKİRSƏN

 

Eh! İndi bələnmiş xına əllərin,

Əsirdi kiminsə baş hərfinə.

Özün öz könlünlə çıxıb gedirsən,

Mənim hisslərimin bircə səhvinə.

 

Hələ sızıldamır o daş ürəyin,

Qoy hava qaralsın, bir gecə olsun.

Ən yaxşı günümüz toy günündüsə,

Bəs ən pis günümüz, de, necə olsun?

 

Bəlkə də, oturub ötən günündən

Yanıb dəqiqəsinə külün əkirsən.

Səndən yeddi oğul, qız istədilər,

Olmaya-olmaya kino çəkirsən. 

 

 

KÖRPƏLƏRİN ŞƏKLİ

 

Bütün müharibələrə

körpələrin yatdığı yerdə

şəklini göstərin,

onda anlayacaqlar

dünyanın nə qədər mənasız olduğunu

 

anaların qolları

saat kəfkiri kimi

yelləyir bu ağlağan uşağın beşiyini,

 

yellədikcə zaman ötür,

körpələr böyüyür,

əsgər olur.

 

 

SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR

 

Sinəsinə mina basdırılmış

torpaqdı ömür,

Yaşayırıq, Allaha təvəkkül.

 

Gəl, istehkamı çağır,

irəlidə getsin,

biz də arxasınca –

qarşıdakı günləri qarşılamaq üçün.

 

Bax, ayağını itirən o adam

Hələ də peşmandı

Cızından çıxdığı üçün...

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

Cümə axşamı, 05 Dekabr 2024 12:02

QISA FİKİRLƏR XƏZİNƏSİndə Qay Kavasaki

“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində yapon kouç Qay Kavasakinin müdrik kəlamları diqqətinizə çatdırır.

 

-Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan.

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

 

 “Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

 

 

Cümə axşamı, 05 Dekabr 2024 11:29

Bu gün Beynəlxalq Könüllülər Günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Nəyisə könüllü edirsən, nəyisə zor gücünə, məcburən. Hansı ürəyinə daha çox yatar? Əlbəttə ki, könüllü etdiyin. Könüllülüyün bir şaxəsi də var. Biri var, hansısa bir işi məvacib xatirinə edəsən, biri də var, məvacibsiz, ictimai əsaslarla. Bax bu sosial və ictiami könüllülükdür.

Və bu gün “könüllü” sözü gündəmdə olacaqdır.

BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır. Bu təqvim günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.

Ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb, bu faktdır. Hətta Prezident İlham Əliyev 2020-ci ili respublikamızda “Könüllülər ili” elan etmişdi. Avropa oyunları, Formula 1 kimi idman yarışlarında, beynəlxalq forumlarda böyük vüsət almış mövsümi könüllülük hərəkatı ASAN könüllüləri qismində daimi status da qazanıb.

Azərbaycan könüllülərini – fədakar gənclərimizi təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı Redaksiyanın poştundan rubrikasında bu gün sizlərə AYB üzvü Coşqun Xəliloğlunun “Dənizə daş atmayın” şeirini təqdim edəcək.

 

DƏNİZƏ DAŞ ATMAYIN

 

 (Neftçi oğlunun dilindən)

 

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz  özülündə 2015-ci ilin 4 dekabr tarixində baş vermiş yanğın hadisəsində  həlak olmuş və itkin düşmüş neftçilərin  əziz xatirəsinə ithaf edirəm.

 

Dənizə daş atmayın,

O daş atama dəyər,

Atam Xəzərdə batıb,

Bunu bilmirsiz, məgər?

 

Sevinclə, gülərüzlə,

Yollanmışdı işinə,

Körpəyəm, nə söyləyim,

Fələyin gərdişinə.

 

Gedən gün məni öpüb ,

Kişi, darıxma, dedi,

Ananın sözünə bax,

Heç vaxt, karıxma, dedi.

 

Mən də qucaqlayaraq

Öpdüm, onun üzündən,

Fərəh, sevinc yağırdı

Bu vaxt onun gözündən.

 

Getdi, həmişəki tək,

Xəzərin qucağına,

Bir daha qayıtmadı

Öz doğma ocağına.

 

Xəzər coşmuşdu yaman,

Külək qəzəblə əsir.

Qəfil qopmuşdu tufan,

Dalğalar əjdaha, şir...

 

Od-alov bircə anda

Bürümüşdü dörd yanı,

Elə bil, yuxudaydım,

Bəs mənim atam hanı?

 

Zəhmətkeş idi atam,

Gecə-gündüz çalışdı,

Xəzəri çox sevirdi,

Xəzərə də qarışdı.

 

Dənizə daş atmayın,

O daş atama dəyər,

Atam Xəzərdə batıb

Bunu bilmirsiz, məgər?

 

 

“Ədəbiyyat və incəsənət”

 

(05.12.2024)

 

 

 

 

 

 

 

Cümə axşamı, 05 Dekabr 2024 11:01

III Gəncə Kitab Sərgisi keçiriləcək

 

6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutacaq sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.

Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli,  tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı  ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.

Ziyalılar, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsublarının qatılacağı sərgidə 90 %-dək endirimlər tətbiq ediləcək.

Giriş sərbəstdir.

Qeyd edək ki, sərginin baş sponsorları “DNK hospital”, “Oksi Group”, sponsorları isə Bani seminariyası, “Hedef Group”, “166” yükdaşıma və logistika şirkətidir.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

Cümə axşamı, 05 Dekabr 2024 10:29

“Günebakanların arasından” - Tuncay Çalışkan

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 “Günebakanların arasından”

 

Tuncay Çalışkan

 

2020 yılının Kurban Bayramı’nda, bu ağustos sıcağında Ukrayna’da yaşayan soydaşlarımıza, sıla-i rahim için Türkiye’den selamlar, dualar ve yardımlar ile geldim. Bana bir görev verilmişti ve layıkıyla yapılması icap etmişti. Ben üzerime düşeni büyük bir memnuniyetle yaptım.

Soydaşlarıma selam vermeye geldim. Zemin üzerine nakşolmuş yüzlerce yıllık nal izlerini seyrederek, hissederek izleye-izleye Novoalekseevka’ya geldim. Bayram sabahıydı. Camiyi kolayca buldum. Evler tek katlı ve bahçeli olduğu için süngü gibi beliren minare çabucak fark edildi. Henüz güneş doğmamış, tan ağarmamış; fakat insanlar camiye tek-tük gelmeye başlamıştı. Merhabalaştık.

Bin yıllık hasretle sarıldık. Sarılan bendim; ama taşıdığım hasret heybede birikmiş yıllanmış bir hasretti. Benim değil, bana emanetti.

Novoalekseevka küçük bir yerleşim birimi, on beş bin civarında nüfusu var. Beş bin civarında Kırım Türk’ü orada yaşamını idame etmeye çalışıyor yokluklar içinde. Bu kasaba Kırım sınırında, doğal olarak ben de sınırdayım. Domates ve günebakan tarlalarının bitiminde hemen şuracıkta Kırım. O yüzden gönlümden ve dilimden geçen “Ben Kırım’dayım” oluyor. Sürgün sonrası yurda dönüş için toplanılan yer olmuş burası. Kapılar kapanınca da Küçük Kırım oluvermiş Novoalekseevka.

Kırım’da su aynı, su tadı başka, gece aynı, serinliği başka, güneş aynı, sıcağı başka, kavun aynı, lezzeti başka, evler aynı, pencereleri başka, yollar aynı, yürüyeni başka, çocuklar aynı, giyimleri başka, ezan aynı, avazı başka; iyilik aynı, muhabbet aynı- hepsi aynı, bakışlar da, gözdeki yaş da, akıl taşıyan baş da, duvardaki damgalı taş da-her şey Türkiye ile aynı.

Caminin avlusundayım, bir kaç yaşlı adam bir şeyler söylüyorlar. Kırım Tatarcası ile konuşuyorlar. Bir az dinledikten sonra siz de kendiliğinden onlar gibi konuşmaya başlıyorsunuz. Sanki Anadolu’da;  Burdur, Kastamonu, Aydın, ya da Sivas şehirlerinde halk pazarında geziniyorsunuz gibi bir hisse kapılıyorsunuz. Bir az sonra yanıma yoldaşım, ağabeyim Cem Baba geliyor. Birlikte köyleri ziyarete çıkıyoruz. Gönül dostları ile buluşuyoruz. Çocukları sevindiriyoruz. Gülüyorlar;  içten, samimi, çocukça sarılıyorlar sıkıca. Derken güneş batıyor. Vedalaşıyoruz.

Trenle saatlerce yol alıyoruz. Bir ara uyumuşum. Rüyamda akıncılar atlarını sürüyorlar. Ellerinde kargı, yay ve ok… Hızla bir yere gidiyorlar. Bağırmak istiyorum, katılmak istiyorum; ama hareket edemiyorum. Günebakanların kenarındayım. Güneş var, toynak ve nal sesleri uzaklaşıyor. Bir elma düşüyor günebakanın dibine. Almak için uzanıyorum. Birden uyanıverdim. Hâlâ trendeyim, camdan dışarıya bakıyorum, uçsuz-bucaksız günebakan tarlaları ve kulağımda toynak sesleri…

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

 

 

 

 

Gürcüstanın Kutaisi şəhərində Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş, 15 və 17 yaşlılar arası yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

 

Turnirdə Gürcüstanın regionları ilə yanaşı Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan 400-dən çox idmançı iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Qazaxıstanın Almatı şəhərində yaşayan Qəhrəman Sadiyev ölkə Prezidenti Kasım-Jomart Tokayev tərəfindən nüfuzlu dövlət mükafatı olan “Şapaqat” medalı ilə təltif edilib. Bu mükafat soydaşımıza Qazaxıstanın ictimai-siyasi həyatında fəal iştirakına görə verilib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hüquq elmləri doktoru olan Qəhrəman Sadiyev gənc yaşlarından Qazaxıstanda yaşayır. Uzun müddət ölkənin Ədliyyə Nazirliyi orqanlarında, prokuror, məhkəmə sədri və hakim kimi fəaliyyət göstərən soydaşımız, eyni zamanda Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədridir.

Dəfələrlə Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olan Qəhrəman Sadiyev Azərbaycanın tanıdılması və təbliğində fəal iştirak edir, Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı mühüm işlər görür.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri  diqqətinizə çatdırırıq.

 

Ümumdünya yerin təki günü

6 qatdan ibarət olan, sualtı sular üçün filtr rolunu oynayan yerin təki özündə 45 faiz mineral hissəcik, 25 faiz su, 25 faiz hava və 5 fazi üzvü maddələr daşıyır. Ekosistemin qorunmasında əhəmiyyətli rol oynayan bu qat bitkilər aləminin həyat mənbəyi hesab edilir. Yerin təkinin qorunması vacibdir, bu gün insanlara xilaskarlıq missiyası tapşırılacaq.

 

Şəhid daxili işlər naziri Məhəmməd Əsədovun doğum günü

1991-ci il noyabr ayının 20-də Azərbaycanın dövlət xadimləri öz vəzifə və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçarkən Qarakənd səmasında dəhşətli, yaddaşlardan silin­məyən qanlı vertolyot faciəsi baş verdi. Sanki hansısa xəyanətkarlıqla vertolyota doldurulub erməni terrorçularına yem olaraq göndərilən şəxslərin hamısı müstəqilliyimizin qatı tərəfdarları, vətənpətrvərlər idi. Xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə şəhid olan bu şəxslərin arasında daxili işlər naziri Məhəmməd Nəbi oğlu Əsədov da var idi.

Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Uzun illər partiya-sovet işlərində çalışıb, 1982-ci ildə Moskva Təhlükəsizlik Akademiyasını qırmızı diplomla başa vurub, Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifələr daşıyıb. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib, nazir işlədiyi müddətdə vaxtının çoxunu Qarabağ bölgəsində keçirib, əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyib. 1990-cı il noyabr ayının 5-də general-mayor rütbəsini alıb. Allah ona rəhmət eləsin!

 

Beynəlxalq Könüllülər Günü

BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu, öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır. Bu təqvim günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.

Ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb, bu faktdır. Hətta Prezident İlham Əliyev 2020-ci ili respublikamızda “Könüllülər ili” elan etmişdi. Avropa oyunları, Formula 1 kimi idman yarışlarında, COP29-da, beynəlxalq forumlarda böyük vüsət almış mövsümi könüllülük hərəkatı “Asan könüllüləri” qismində daimi status da qazanıb. Azərbaycan könüllülərini – fədakar gənclərimizi təbrik edirik.

 

Mandelanı, Cavidi, Moneni, Dümanı, Motsartı aparan gün

Vanna günü. Duş sevənlər ən azı bu gün vərdişlərini dəyişməlidirlər. Nindzya günü. Bu Şərq sənətini bir gün mənimsəmək pis olmazdı. Fransada əfvetmə, Niderlandda Klozum (keşiş), Avstriyada Krampus (cadugər) və Amerikada komfortla yemək günü.

2017-ci ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi dopinq istifadəsinə görə Rusiya qış olimpiya yığmasını 2018-ci il oyunlarından kənarlaşdırıb. 2013-də Nobel mükafatçısı, CAR-ın prezidenti olmuş Nelson Mandela vəfat edib. 1966-cı ildə məşhur fransız müğənnisi Patrisiya Kaas doğulub. 1949-cu ildə Qüds İsrailin ilk paytaxtı elan olunub. 1946-cl ildə məşhur ispaniyalı tenor Xose Karreras doğulub. 1941-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri – Stalin repressiyasının qurbanı Hüseyn Cavid İrkutsk həbsxanasında işıqlı dünyaya əlvida deyib. 1940-cı ildə Azərbaycan teatr və kinosunun unudulmaz aktyoru Ağasadıq Gəraybəyli vəfat edib. 1936-cı ildə Qazaxıstan və Qırğızıstan SSRİ tərkibində müxtar respublikadan ittifaq respublikasına keçiblər. Həmin gün SSRİ-də Stalin Konstitusiyası da qəbul edilib.

Rəssamlığın ən cazibədar cərəyanı impressionism hesab edilir. 1926-cı ildə məşhur fransız rəssamı, impressionizmin banisi Klod Mone dünyadan köçüb. 1925-ci ildə SSRİ-nin ilk kult filmi olan “Potyomkin zirehli gəmisi” ekranlaşdırılıb. 1924-cü ildə Azərbaycan kinosunun incisi sayılan “Şərikli çörək” filminin rejissoru Şamil Mahmudbəyov dünyaya gəlib. 1901-ci ildə adı uşaqların dillərində əzbər olan Amerika rəssamı Uolt Disney doğulub. 1879-cu ildə ABŞ-da ilk ATS yaradılıb. 1870-ci ildə Aleksandr Düma – dünyaşöhrətli fransız, Quba hamamında çimib çimmək günah sayılan avropalıları bədbəxt adlandıran dahi yazıçı dünyadan köçüb. 1803-cü ildə rus şairi Fyodor Tütçev doğulub. 1791-ci ildə başqa bir dünyaşöhrətli şəxs – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart dünyadan köçüb. 1766-cı ildə dənizçi Ceyms Kristi Londonda ilk auksion keçirib, yeri gəlmişkən, indi Kristis dünyanın ən məşhur auksionudur. 1496-cı ildə Portuqaliya kralı Manuel yəhudilərin ölkədən qovulması barədə fərman imzalayıb.

 

İnkvizisiya tonqalları

Ən nəhayət, 1484-cü ilin 5 dekabrında Roma Papası əcinnə ovuna çıxanlara inkvizisiya tonqallarını daha gur yandırmağı əmr edib. Hardasa bizlərin 37-ci il repressiyasına bənzər bir azadfikirliliyin təqibi və cəzalandırılması ən işıqlı insanların məhvi ilə sonuclanıb. Bəlkə də tale işidir ki, repressiya qurbanı Hüseyn Cavid də məhz 5 dekabrda dünyadan köçüb.

Çox təəssüf ki, əsrlər ötsə belə cəmiyyətlər yenə də azad ola bilməyiblər. İnkvizisiya tonqallarına insanlar cismən atılırdısa indi mənən atılır, repressiya edamlarına insanların cisimləri tuş gəlirdisə, indi mənəviyyatları tuş gəlir. Hər şeyin düzələcəyi ümidi ilə!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

 

Cümə axşamı, 05 Dekabr 2024 09:32

Onu güllələmədən öldürdülər

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Ah, bilməm ki, bu aləm nərəsi?  

Bana bir söylə, cəhənnəm nərəsi?  

Şu sönük qəlbimə atəş dilərim,  

Ağlamaq istər ikən həp gülərim. 

 

Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, söz və fikir zadəganı adlandırılan, Stalin represiyası qurbanı dahi şair Hüseyn Cavidin anım günüdür. 

 

Hüseyn Cavid 1937-ci il iyunun 4 də Sovet cəza orqanları tərəfindən həbs olunub, 1937-ci ildən 1939-cu ilə qədər Keşlə və Bayıl həbsxanalarında dustaq olmuşdur.

Bu illər ərzində 3 dəfə məhkəmə olsa da, heç bir əsaslı dəlil olmadığından məhkəmə qərar çıxara bilmir. Və onun sənədləri SSR-i xalq daxili işlər komisarlığına göndərilir. 1939-cu ilin iyun ayında xüsusi müşavirənin qərarı ilə Hüseyn Cavid antisovet təşkilatında və təbliğatında iştirakına görə 8 il islah əmək düşərgəsinə sürgün edilərək uzaq Sibirə - Maqadana göndərilir.

50-60 dərəcəlik Sibir şaxtası şairin səhhətinə təsirsiz ötüşmür və xəstələnən Cavid 1941-ci ilin iyun ayında müalicə olunmaq məqsədi ilə İrkutsk vilayətinin Tayşek rayonunun Şevçenko kəndinə 21 saylı məhbus əlillər evinə göndərilir.

Tayşet rayon arxivində Şevçenko kəndində  yerləşən məhbus əlillər evində həlak olanların siyahısında yer alan Hüseyn Cavidin sənədində qeyd olunduğuna görə 21 saylı məhbus əlillər evində müalicə olunan Cavid 1941-ci ilin dekabrın 5-də saat 22:30-da ürək zəifliyindən dünyasını dəyişib. 59 yaşlı şair 2 gün sonra məhbus qəbristanlığında 59 nömrəli qəbirdə taxta tabutda 2 metr dərinliyində dustaq Azərbaycanlıların iştirakı ilə başı şərqə dəfn olunub.

1956-cı il martın 6-da Azərbaycan SSR ali məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alıb. 

26 oktyabr 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi doğma vətəninə gətirilib və o, Naxçıvanda Cavidlərin ailə məqbərəsində dəfn olunub.

Onu güllələmədən öldürdülər..

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.