
Super User
KİTAB BƏLƏDÇİSİNDƏ İlyas Əfəndiyevin “Söyüdlü arx”ı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tanış olduqları gün yenidən görüşmək üçün səhərə görüş təyin edirlər, qız gəlir, lakin hərbçi olan gənc leytenant səfərə göndərilir və bu, onların qovusmaqlarına bir dəfəlik son qoyur.
Murad 8 ay sonra səfərdən qayıdır, çalışır, çabalayır, amma Nuriyyədən xəbər ala bilmir. Sonralar Murad ordudan təxris olur, Quzey qışlağa (yaşadığı yerə) qayıdır. Evlənir, övladı olur. Və iş elə gətirir ki, bəyəndiyi o xanımın - Nuriyyənin təyinatı da qonşu bölgəyə - Güney qışlağa olur.
Nuriyyə artist idi və bu təyinatla onun çətin günləri başlayır. O, öz sevgisini sevdiyi oğlanın xoşbəxtliyi üçün fəda edir. Muradın xanımı Səadətin həyatını məhv etməsinə səbəb olan qısqanclıq "xəstəliyinin" bitməsi məhz Nuriyyənin müdaxiləsi hesabına olur. O xəstəlik ki Muradın gününü qara edirdi. Səadət özü də bu hallarından məmnun deyildi, lakin özü ilə bacara bilmirdi.
Kitab çox gözəldi, oxuya və Nuriyyənin etdiyi böyük fədakarlıqla tanış ola bilərsiz.
Günümüzdə Nuriyyə kimilər əfsus ki, çox azdırlar.
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)
“Səni itirmək qorxusu, yaxud, Sevinc və Ümid” - ƏFSANƏ
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
...Sevinc yıxılmışdı. Ancaq bunu heç kimə sezdirmirdi. İnsanlar onu həmişə şən, gülərüz görürdü. Sevinc yıxıldığından kimsə xəbər tutmasın deyə, yenə də həyata gülümsəyir, insanları sevindirməyə çalışırdı.
Amma onun özünün də diqqətə, qayğıya, sevgiyə ehtiyacı var idi. O, yaralarının sağalacağına ümid edirdi. Bir gün təsadüfən Ümidlə qarşılaşdı. Ümid Sevincə ayağa qalxmaqdakömək edəcəyinə söz verdi. Ümidə rast gələndən Sevincin həyatında yeni dönüş yarandı. Yaraları yavaş-yavaş sağalmağa başladı...
Bir gün Ümidlə Sevinc xiyabanda görüşmək üçün vaxt təyin etdilər. Sevinc belə soyuq havada xiyabana necə gedəcəyini düşünürdü. Axı yıxılandan sonra yaxşı yeriyə bilmirdi. Ümidsə Sevinci inandırdı ki, o öz ayaqları ilə xiyabana gələ biləcək. Sevinc o qədər inamlı, ümidli idi. Özü də bilmədi, xiyabana necə gəldiyini. Hətta görüş vaxtından yarım saat əvvəl çatmışdı ora. Sanki dünyaya yenidən gəlmişdi. Ümid "dünya Sevinclə daha gözəldir, deyib, Sevincin bu dünyaya nə qədər lazım olduğuna onun özünə inandırmışdı.
Sevinc görüş yerində Ümidi gözləyirdi. Ümid də söz verdiyi kimi Sevincin görüşünə tələsirdi. Yolda Hiylə ilə rastlaşdı. Hiylə Ümidə yalan söylədi: "Kimsəsiz, ahıl bir qadının ayağı sınıb, onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Lap yaxındadır". Ümid həyəcandan Sevincə xəbər etməyi unutdu. Yaşlı qadına kömək etmək üçün Hiylənin ona göstərdiyi yollarla irəliləməyə başladı. Hiylə dediyi ünvana onlar günəş batanda gəlib çatdılar. Onları gözləyən kimsə yox idi. Hiylə bununla da kifayətlənməyib Ümidə növbəti yalanı danışdı: "Ona söz vermişdim. Qadını mütləq tapmaq lazımdır. Biz onu tək qoya bilmərik. Bəlkə xəstəxanaları axtaraq?".
Ümid Hiylə ilə razılaşdı. Bir-bir xəstəxanalara gedir, yaşlı qadının orada olub-olmadığını öyrənməyə çalışırdı. Saatın əqrəbləri isə sürətlə irəliləyirdi.
Görüş yerində Ümidi gözləyən Sevinc gah saata baxır, gah da havaya. Saat irəliləyir, hava qaralırdı. Birdən güclü külək əsməyə başladı. Əsən küləklə bərabər, qar yağmağa başladı. Ay işığında Göydən Yerə düşən soyuq qar dənələri ulduz kimi parıldayırdı. Sevinc gah titrəyir, gah əllərini bir-birinə sürtüb isinməyə çalışır, gah da soyuq kəsən əlləri ilə Ümidə zəng edib harada olduğunu öyrənməyə çalışırdı.
"Ümid vəfasız ola bilməz. Ümid etibarsız, yalançı ola bilməz. Yəqin başında bir iş var. Yoxsa, nədən telefona da cavab vermir?"
Sevinc həyacandan boğulur, soyuqdan titrəyir, artıq Yerlə əlaqəsinin kəsildiyini hiss edirdi.
Sonadək duruş gətirib gözləmək, getməmək, yalnız gözləmək...
Donan barmaqları ilə Ümidə mesaj göndərdi: "Səni tanıyandan dünyanın necə gözəl olduğunu duydum. Yeriməyən ayaqlarım yeriməyə başladı. Bu gözəl dünyada hamıdan fərqli sən idin, Ümid. Sən olan yerdə həyat da, arzu da, sevinc də var idi. Sən olmayan yerdə dünya özü bir dar qəfəsmiş. Səni soyuq qar altında gözləmək də gözəlmiş. Mənim azadlığım, qürurum, fərəhim, yaşama səbəbim də sən oldun".
Mesajı Ümidə göndərib Allaha dua etməyə başladı: "Sonuncu dəfə Ümidi görə bilsəm…"
Ümid telefonuna mesaj gəldiyini hiss etdi. Mesajı oxudu. Üzünü çevirdi ki, Hiyləyə təcili getməli olduğunu söyləsin. Hiylə yox idi. Ümid Hiylənin onu aldatdığını yalnız indi anladı.
Özünü Sevincə çatdırmaq üçün qaçır, yol boyu Sevincin başına bir iş gəlməməsi üçün dua edirdi.
Görüş yerinə çatanda Sevincin hələ də xiyabanda onu gözlədiyini, amma buz heykələ dönməkdə olduğunu gördü, şaşırdı.
Sevinc ömrünün son dəqiqələrini yaşayırdı. Ümidin gəlişini hiss etdi, dodaqlarının arasından titrək kəlmələri güclə qopdu: "Niyə gec gəldin, Ümid? Harada idin? Niyə zənglərimə cavab vermirdin? Şükür sağ-salamatsan. Sən zənglərimə cavab vermədikcə elə qorxurdum ki. Dedim, birdən səni qəfil, istəmədən itirsəm mən necə yaşaya bilərəm? Məni insanların yalanı, ikiüzlülüyü, hiyləsi öldürə bilmədi. Məni Səni itirmək qorxusu öldürdü, Ümid"!
Və gözlərini elə Ümidin qoynundaca əbədi yumdu.
Sizi Tanrı heç vaxt sevda yolunda Hiylə kimiləriylə rastlaşdırmasın.
Sizə ümid edənləri mütləq sevindirin.
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)
Kino tənqidçiləri və kinoşünasların görüşü olub
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə kino tənqidçiləri və kinoşünasların görüşü olub.
İttifaqdan AzərTAC-a bildirilib ki, görüşdə Azərbaycan kinoşünaslığının hazırkı vəziyyəti, problemləri və perspektivləri müzakirə olunub.
Görüşdə kino tənqidinin rolunu genişləndirmək, kinomuzun nəzəri bazasını gücləndirmək məqsədilə bir sıra addımların həyata keçirilməsi məqsədəuyğun sayılıb.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Səlim Babullaoğlu, Əkbər Qoşalı, Anar Adil, Sevinc Elsevər, Şəfa Vəli və digərləri…
Könül, “Ədəbiyyat və incəsənət
Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarından biri olan, ədəbiyyatsevərlərin, gənclərin sevimlisi “Ulduz” jirnalının növbəti sayı işıq üzü görüb. Yanvar-fevral sayında yerləşən yazılar barədə bilgilənmək üçün jurnalın baş redaktoru Qulu Ağsəsə müraciət etdik.
Qulu Ağsəs bildirdi ki, həmişəki kimi yenə də jurnal oxucularının görüşünə zövq oxşayan yazılarla gəlib. Yanvar-fevral sayı Pərvanə Bayramqızının “Özüylə söhbəti...” və essesiylə açılır.
“Şeir vaxtı”nda yeni şeirləriylə Gülsada İbarhimli, Qəndab Əliyeva, Əkbər Qoşalı, Günel Ağazadə, Pərvin Əliyeva, Zöhrab Mehdi və Gəray Göyyurddu görə bilərik.
Bildiyiniz kimi, hazırda “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nın birgə layihəsi icra olunur. “Ayrı söhbət” adlı layihə müsahibəsində Qulu Ağsəslə Hidayət Orucov danışıblar, həmin müsahibəni də jurnalın bu sayında oxuya bilərsiniz.
Jirnalln “Nəsr” bölümündə Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”, Günel Mehri “Sarmaşıq” hekayələri təqdim olunur.
“Tribuna”da Həyat Şəmi “Tam anlamı ilə Anar”, Aslanlı Huntürk “M.T.Sidqinin “Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”, Zəhra Namazlı “Tarixin kölgəsində bu gün” yazıları ilə görüşünüzə gəlib.
Bizim “Ədəbiyyat və incəsənət”in əməkdaşı Şəfa Vəli “ “Ulduz”da “Gənc ürəklər””dən yazır. Bildiyiniz kimi bu, Azərbaycan və Türkiyə jurnalçılarının birgə layihəsidir.
“Tərcümə saatı”nda Nazir Rüstəm Robert Byornsun “İşdə məhəbbət macərası” filmində şeirini dilimizə çevirib.
“Esseistika” rubrikasında “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızıdır.
“Tənqid”də İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısını təqdim edir.
“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.
“Dərgidə sərgi”də isə rəsm əsərləri ilə Tünzalə Ağabalayeva görüşünüzə gəlir.
Bir sözlə, çox maraqlı “Ulduz”dur, oxumağa dəyər.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Komitə sədri Ceyhun Məmmədovu təbrik edib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komitənin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovu 50 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən xəbərə görə, Komitə sədrinin təbrik məktubunda Millət vəkilinin həyat və fəaliyyətinin ən önənli hadisələrinə vurğu edilib:
“Hörmətli Ceyhun müəllim,
Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi işğaldan qurtulmuş doğma Cəbrayıla mədəniyyətin, insanlığın dönüşü, Böyük Qayıdışın icra olunması, bir sözlə, azadlıqdan abadlığa, böyük quruculuğa keçidin təntənəsi, sevinci, qüruru içində keçirirsiniz.
Siz ixtisasınız üzrə bir sıra önəmli vəzifələrdə çalışmış, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri, “Dövlət və Din” ictimai fikir toplusunun redaktoru, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçi vəzifələrində çalışmış, Azərbaycan İlahiyyat İnstitutunun rektoru olmusunuz.
VI, VII çağırış Milli Məclisin üzvü, İctimai birliklər və dini qurumlar komitəsi, Elm və təhsil komitəsinin, eləcə də, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq səmərəli ictimai-siyasi fəaliyyətinizlə seçilirsiniz.
Sizi 50 illik yubileyinizlə bağlı bir daha təbrik edir, möhkəm cansağlığı, iş avandlığı diləyirəm”!
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)
ADPU-da TÜRKSOY tərəfindən hazırlanmış kitab təqdim edilib
Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dramaturq və şair Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən hazırlanmış "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a universitetdən bildirilib. Tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına töhfələrindən bəhs edib. A.Zamanov C.Cabbarlının əsərlərinin Türk dünyasına verdiyi dəyərli mesajlarla zəngin olduğunu vurğulayaraq, bu cür nəşrlərin təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası üçün böyük mədəni irsin qorunub saxlanılmasına xidmət etdiyini deyib. Prorektor təqdim edilən kitabın dramaturqun ədəbi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi, "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının redaktoru Elçin Qafarlı dramaturqun yaradıcılığının Türk dünyası üçün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, kitabda C.Cabbarlının yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı 7 pyesin türk dilinə tərcüməsi yer alıb. Qeyd edilib ki, ötən ilin dekabrında Ankara şəhərində kitabın geniş təqdimatı keçirilib.
Daha sonra Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilmiş sənədli film nümayiş olunub, ədibin “Ana” şeiri səsləndirilib.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov isə “Cəfər Cabbarlı yaradıcılığı metodoloji kontekstdə” mövzularında məruzə ilə çıxış ediblər.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru, yazıçının nəvəsi Qəmər Bağırova babasının zəngin irsi, həyat və yaradıcılığının müxtəlif dövrləri haqqında ətraflı məlumat verib, muzeyin gördüyü işlər, C.Cabbarlının irsinin qorunması və təbliği istiqamətində atılan addımlar barədə danışıb.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Antiterror əməliyyatı şəhidinin şəhidlik zirvəsinə ucalmağından bir il ötdü
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Antiterror əməliyyatı şəhidi Qasımov Hacıəli Tahir oğlunun şəhidlik zirvəsinə ucalmağından bir il ötür.
Qasımov Hacıəli Tahir oğlu 21 mart 2002-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya gəlmişdir. Hacıəli orta təhsilini F. Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində almış, gənc yaşlarından öz vətəninə olan dərin sevgisi və vətənpərvərliyi ilə fərqlənmişdir. O, məktəbdəki təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə qərar vermiş və özünü hərbi sahədə göstərmək üçün böyük həvəs və istəklə yola çıxmışdır.
Vətən müharibəsi zamanı Hacıəli Qasımov torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qoşulmuş, döyüş meydanında göstərdiyi cəsarət və qəhrəmanlıqla seçilmişdir. O, qorxmadan, çətin anlarda belə, vətənin müdafiəsi yolunda ən yüksək vəzifələri yerinə yetirmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Hacıəli Qasımov 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, uzun müddət komada qalmış və nəhayət, 28 yanvar 2024-cü ildə şəhid olmuşdur.
Şəhid Hacıəli Qasımov, Tovuz rayonunun Qaraxanlı kəndində dəfn edilmişdir. O, yalnız ailəsi və yaxınları tərəfindən deyil, həm də bütün Azərbaycan xalqı tərəfindən dərin hörmət və ehtiramla yad edilir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi xidmət etdiyi müddətdə, Hacıəli Qasımov göstərdiyi yüksək peşəkarlıq, şücaət və mərdliklə fərqlənmişdir. Hərbi xidmətlərindəki nailiyyətləri və Vətən uğrunda göstərdiyi fədakarlıq ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Hacıəli Qasımovun həyatı və göstərdiyi fədakarlıq, gələcək nəsillərə Vətənə bağlılıq, cəsarət və qorxmazlıq haqqında qiymətli bir dərsdir. Onun adı hər zaman Azərbaycan tarixində şücaət və vətənpərvərlik simvolu olaraq qalacaqdır.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Tərk edilməmiş günahlar - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İnsan var olduğu müddətdə istədiklərinə çatmaq üçün daim çalışır, mübarizə aparır. Bu yolda qarşısına çıxan əngəlləri bir-bir aşaraq istədiyi nöqtəyə yaxınlaşır. Və bu əngəllər onu bir gün istədiyi nöqtəyə gətirib çıxarır.
Amma bir də insanın istəmədiyi yollar olur. Hansı ki, onlar yoluna çıxmasın deyə hər gün qarşısına sədd çəkdiyi, bir addımlıq da olsa yer qalmasını istəmədiyi bir yol... Bu yol isə ən çətin olanıdır, çünki səni getmək istəmədiyin yerlərə sürükləyir. Bu yolda nə bir hədəfin, nə də bir məqsədin var. Bədənin ağlına güc gələrək səni getmək istəmədiyin yola sürükləyir. Sanki bədənin düşüncələrinə xəyanət edir.
Və sən bu yolun sonuna çatanda isə hər şey gecikmiş olur. Geriyə yalnız dərin bir peşmanlıq qalır. Bu yol səni hər gün uçurumun kənarına aparır, ancaq nə ordan aşağı atır, nə də geriyə çəkir. Bu "günah"larının yoludur. Adını eşitmək belə sənin ürəyinə qorxu salarkən, sən bu yolun sakini olmusan. Yol günahlarla doludur. Sən hər zaman bu əzabı susdurmaq üçün özünə haqq qazandırmağa çalışırsan, başqasını günahlandırırsan. Həyata isyan edirsən, peşmanlıq hissi səni məhv edir, bəzən də normal hal kimi qəbul edirsən. İllərdir mübarizə apardığın günahın səni yenə də öz toruna salır və sən yenə əzab çəkirsən. Sonra yenə də özünə söz verirsən, yanlışlardan dönəcəyinə, daha bu yola düşməyəcəyinə... Zamanı çatanda sən yenə də məğlub olursan.
Bu mübarizədən hər dəfə məğlub olaraq ayrılırsan. Həyat sənə iki yolla üz-üzə qoyur: biri gedəcəyin yerə, digəri isə getmək istəmədiyin yerə aparır... İndi düşün, sən kimsən? Məsumsan? Yoxsa Günahkar? Sənin üçün istəmədiyin yolu kim seçir? Yenə sən? Yoxsa başqası? Nə üçün bu günahları tərk edə bilmirsən? Bəlkə sən də qəlbinin dərinliklərində, bir küncündə yanmağa hazır olan bu alovun qığılcımlarını daşıyırsan? Aynada öz əksinə bax! Məsum və günahkar hiss etdiyində hansına daha çox bənzəyirsənsə onu seç. O zaman sənin bir yolun olacaq. Bəzən büdrəsən də, eyni yolda olacaqsan. Həyatda seçim etməkdən qorxma. Məsumluq və günah arasında seçim sənindir. Amma unutma, hər iki yol sənin bir hissəndir.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Necə bir ziyalımızı itirmişik…
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968–1974-cü illərdə Azərbaycan Texniki Universitetində (Azərbaycan Politexnik institutu) təhsil alıb. 1975–1982-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bərpa idarəsində memar, 1983–1992-ci illərdə "Bərpaçı" Baş idarəsində memar, 1992–2000-ci illərdə Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001–2002-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi vəzifəsini icra edib.
2003–2015-ci ildə "Azərbərpa" Elmi-Tədqiqat layihə institutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir. Opera və Balet Teatrının bərpası, Bibi Heybət məscidi, Buzovnada Cümə məscidi, "ÜNS" teatrı (O. Səttarovla birgə), Fəxri Xiyabanın (R. Əliyevlə birgə) və Şəhidlər Xiyabanının rekonstruksiyası, Gəncədə İmamzadə Dini-memorial kompleksi, Qala kəndində Açıq səma altında Muzey, İçəriŞəhərin qala divarlarının bərpası, İqtisad Universitetinin və ətrafının regenerasiyası, Nəsimi meydanında yeraltı qaraj və mağaza (S. Salamzadə ilə birgə), Zərifə Əliyeva, Fizuli və Heydər Əliyev prospektlərində yerləşən binaların layihəsinin müəllifidir.
S. Vurğun, H. Cavid və Sahil bağlarının rekonstruksiyası, Bəhram Gurun heykəlinin ətrafı, Ağ fontan, Lazerli fontan, Göygöl şəhərində Bayraq meydanı və muzeyi, Göyçay şəhərində Yeni Azərbaycan Partiyasının binası, Moskva şəhərində "Bakı" restoranı, Budapeşt şəhərində 7 mərtəbəli binanın bərpa layihələri üzərində çalışıb.
20 elmi məqalənin müəllifidir. Üçüncü Bakı Beynəlxalq Memarlıq müsabiqəsində "Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid" nominasiyası üzrə "Azərbaycanın bilinməyən memarlığı"əsərinə görə I dərəcəli diplomla təltif olunub (2017).
Çox təəssüf ki, dekabr ayının 18-də biz onu itirdil. Fəxrəddin Miralayevin vəfatı Azərbaycan memarlıq sənətinə ağır itkidir.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
Üfüqlər xəyaldı, sahillər gerçək... - Əkbər QOŞALI
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əkbər Qoşalının şeirləri təqdim edilir.
Şabranda və Nabranda yazılanlar...
*
"Hamı hamı ilə savaşır" sanki,
"Hər şey axır, heç nə yerində qalmır";
Yenə də "Karfagen məhv edilməli!"
Yenə də masada "nifaq alması"...
"Çörək və tamaşa" - Batıda söz var;
Biz Gündoğarlıyıq - istiqanlıyıq.
Gün varkən, "Yarasa olmaq, nə ola?"
"Dolabda müqəvva" saxlamamışıq...
Gün batar, ulu Göy yetimmi qalar?
Bu səfər Dolunay ya da Aypara...
Dövlətlər yaradan, dövlətlər yıxan
Əcdaddır onları tuğuna taxan...
Yadlarda işğal var, bizdə fəthlər,
Biz idik onaran şəhəri-kəndi...
Çıxan qan damarda durmaz deyiblər,
Çay coşsa basmazmı bərəni-bəndi?..
"Söz - adam ağzından, köz - qazan altdan",
"Sözümüz - imzamız qədər keçərli!"
Yanıla-yanıla öyrənən dünya,
Yenə də yanılır, yenə, nədəndi?..
Adam öz içindən sıxılır, şair,
Bal olsun, arısı Bağdaddan gəlsin...
Ağac öz səmtinə yıxılır, şair,
Bir arxdan min dəli atlı su içsin...
Şabran, 09.11.2024
*
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Könül qapısı var, pir qapısı var,
Yenə bəslənəsi ümid var, şair.
Bəlkə təkrar olur ömürlər bir-bir?
Biz ki "uzun, incə bir yolda" idik...
Hanı çıra yanan, it hürən səmt? -
Dar gündə Xızıra umudvar idik...
Hələ getmədiyi yol var hər kəsin,
Qanmayan da varar, qanan da varar;
"Ya yol tap, ya yol aç, ya yoldan çəkil",
Yeriyə bilməyən yola yük olar...
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Açıq qapılar var, sirr qapısı var,
Hər kəsi gözləyən biri var, şair.
Yoxsa təkrar olur ömürlər bir-bir?
Biz ki "uzun, incə bir yolda" idik...
Şabran, 10.11.2024
*
İki min il keçib İsa vaxtından
Kim görüb "İlk daş"ı atan adamı?
Yoxsa, balalayıb, çoxalıb o daş,
Mina vadisində yüz illər sonra
"Şeytan daşlama"da işə yaradı?..
Şeytana atılan daşları yığaq -
Evsiz olanların evi tikilsin;
Çiçək tək açılsın çatılan qaşlar,
Hamının ocağı, piri sevinsin...
Hər kəsə əlimiz yetişməsə də,
Beşi sevinməsə, beşi sevinsin...
İlk varsa, sonuncu daş da var, yəqin,
İki daş arası ocaq qalayaq;
Ocağın üstündə qazan asaq biz,
Onu bircə gün də boş qaynatmayaq...
"İki çay arası" başlayan adət,
Yaşasın, yayılsın, heç axsatmayaq...
Fateh İstanbulu alan gün dedi:
Heç kəs acqarına gecələməsin...
İnsanlar ibadət edir-etməyir? -
Tanrı özü bilər - onun işidir.
Müsəlman, xaçpərəst ya da musəvi -
İş olsun, aş olsun - bəndə bəndədir...
Bir də, bir "Ağlaşma divarı" vardır,
Və "Çin səddi" vardır çox-çox uzaqda...
O divar və o sədd arasındakı
Torpaqlar nə zaman dinclik tapacaq?..
Ey, məscid, kilsə və sinaqoqdakı
Eyni sözü deyən,
hardasan, harda?!.
Şabran, 11.11.2024
*
Dəniz üstdən ötür dolmuş buludlar
Kim bilir hirsini hara tökəcək...
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək...
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr...
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək...
Üfüqlər xəyaldı, sahillər gerçək...
Sahillər qocalır, sular gəncləşir,
Görərsən yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək...
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz...
Yerin qulağı var - belə deyiblər -
Yəqin ki buranı görüb deyiblər...
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək...
Nabran, 27.07.2024
*
Nabran...
Dəniz sahili...
O başdan bu başa gəlib-gedirik
Sahildə nə olur? -
Balıqqulaqları, narın qum
bir də
Dənizin qırağa atdığı nəsə...
Nə yaşıl orman var,
nə də göy çəmən
Bəs nədir
bizləri gətirən bura?
O yaşıl ormanlar
göy çəmənliklər
çox gözəl olsa da,
bir gün gəlir də
qaçmaq istəyirsən,
uzaqlaşırsan...
Bəzən özümüzdən qaçmaq istərik
Özgədən, özündən, hər yerdən qaçan
Gəlib soluğunu sahildə alar...
Bəs dəniz olmayan ölkələr neynir?..
Dənizə, sahilə özgələr neynir?..
Ancaq biz...
Və ancaq Xəzər sahili...
Balıqqulaqları, narın qum
bir də
Xəzərin qırağa atdığı nəsə...
Təsadüf olmayır dünyada heç nə...
Balıq tanımayır öz qulağını
Deyirlər balığın yaddaşı olmur;
Amma insanlarçün
bu balıqqulaqlı,
bu narın qumlu
sahillər
sahilsiz xatirə yığnağı olar -
O ya yaşanıbdı ya yaşanacaq...
Heç nə gərək deyil
Nə yaşıl, nə göy...
Boz sahil
boyunca yeriməyimiz,
Dənizi dinlərcə kiriməyimiz
Hopacaq sabahkı xatirələrə -
Bu balıqqulaqlı, bu narın qumlu,
heç yerə getməyən üzüboz sahil
Dünyanın ən əlvan yeri olacaq...
Ən rəngli yuxular qazanacaq o
Həsrətin əlçəkməz süsü olacaq...
Neynək, bu sahildə sadədil olaq,
Balıqqulağına tutunaq duraq;
Bu dəniz, bu sahil, bu qum nə deyir?..
Torpaqla dənizin öpüşdüyü yer,
Nəsə bir hikmətə sahib olmalı...
Gəl, hədiyyə verək bir-birimizə:
Bu bir cüt qızılı balıqqulağı -
Biri sənin olsun, biri də mənim;
Bizi bu sahilə gətirər yenə
Dəniz pıçıltılı balıqqulağı...
Nabran, 25.07.2024
*
Dəniz qovur istini
Öz istim yetər deyir
Nə Günəş yox olacaq,
Nə Xəzər itər - deyir.
Sahildə nə hikmət var? -
Fikirlilər axışar
hər axşam-səhər deyir;
Özüm də darıxıram
Adamdan betər deyir...
Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar -
Qara torpaq, ağ alın,
İzn ver, öpəm deyir...
Dəniz-Torpaq sevgisi
heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də,
O höküm keçər deyir...
Nabran, 26.07.2024
*
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
Mən dağ dili bilirəm
Çöl dilini bilirəm
Çəməndə gül bilirəm
Dəniz dili bilmirəm
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
İnsan bilmədiklərni
Öyrənməyə aşina
Bəlkə ona görə də
Dəniz öyrədən olub
Dağlarsa dərd ortağım
Dağlardan qopan çaylar
Dinləyib dərdimizi
Yuxumuzu dinləyib
Nə ki gizlinimiz var
Sulara danışmışıq
Dərdimiz yüngülləşib
Necə dərdlər yüklənib
Nə yuxular eşidib
Dənizə qaçıb çaylar
Bizim bütün çayların
Son ünvanı Xəzərdi
Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə
Yoxsa öz sirlərinin
yoxsa yuxularının
ardınca at çapıblar
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular
Harda dəniz vardısa
Bir türk at çapıb ora
Bir çay dərd daşıyıbdır
O dənizə əminəm
Yuxumuzun dalınca
gəlmişik dənizlərə
Qabarırsa dənizlər
Yuxunu xeyrə yozub
Sakit ləpələyirsə
qaramatı itirir
Dəniz ana kimidir
Ata Dağlar sussa da
Ana gah layla çalar
Gah əsib-coşub susar
Dənizi dinləyirəm
Dinləyib-öyrənirəm
Yuxumuzun ardınca
sənə gəlmişik, dəniz!
Nabran, 25.07.2024
*
Sahil adam kimi dalıb dənizə,
Arabir qırağa çıxır yosunlar.
Dizini qatlasa sahil bir azca,
Sular bir qıraqda göl-göl balalar...
Hər sahilə gələn sahilmi bilir?..
Hər dənizə girən dənizçi deyil;
Göz torpaqdan doymur, dənizdən bezmir -
Yəqin, Nuhdan qalma bir adət olar...
Kimsə ocaq çatıb - günü ağ olsun,
Bir də ağ çadır var - quran sağ olsun!
Gündüz əlimizdə gur çıraq olsun,
Atalar sözüdür: arayan bular...
Hər su qırağına sahil deyilmir...
Nə dəniz, nə sahil söz bitirməyir...
Odur, könül alır ya könül verir,
Könlün qıt vaxtında
bu,
nə xoş bazar...
Arabir qırağa çıxır yosunlar...
Nabran, 28.07.2024
*
Atamın sözləri düşür yadıma:
Soyuğu yamandı, yaya aldanma...
Baxıram sıxlaşan, dolan buluda,
Yoxsa, göy üzündə qurultaymı var?..
Nabran, 28.07.2024
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)