Super User

Super User

25 noyabr 2025-ci il tarixində Astanada “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində İncəsənət Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Tədbir Astana şəhər Akimliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Astana şəhərində təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, mərasimdə türk dünyasının zəngin musiqi və sənət irsini əks etdirən eksponatlar, interaktiv guşələr və nadir kolleksiyalar ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub.

Açılış çərçivəsində dünya şöhrətli ustad sənətkarlar tərəfindən hazırlanmış musiqi alətlərinin Rəsmi Təhvil-təslim Mərasimi baş tutub. Əsrlərin ənənəsini müasir ustalıqla birləşdirən bu alətlər türk musiqi mədəniyyətinin müxtəliflik və zənginliyini nümayiş etdirən unikal sənət nümunələri kimi dəyərləndirilib.

Tədbirin davamında “Türk Musiqi Alətləri Sərgisi”nin açılışı keçirilib. Nümayiş etdirilən eksponatlar türk xalqlarının musiqi aləti hazırlığına dair tarixi, etnoqrafik və estetik məlumatlarla müşayiət olunaraq ziyarətçilərə həm elmi, həm də vizual baxımdan geniş təsəvvür yaradıb.

Günün proqramında həmçinin türk dünyasının tanınmış ustaları tərəfindən təşkil olunan ustad dərsləri də yer alıb. Master-klaslar zamanı iştirakçılara alətlərin hazırlanma prosesinin incəlikləri, ifa xüsusiyyətləri və ənənəvi texnikaların qorunması ilə bağlı praktiki biliklər təqdim edilib.

Tədbir türk dünyasının musiqi irsinin qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun ardıcıl səylərinin və tərəfdaş qurumlarla birgə əməkdaşlığının növbəti mühüm nəticəsi kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Vətənpərvərlik dərsləri rubrikasında bu gün sizlərə Vüsal Tağızadənin “Ağdam və Başlıbel: Mənim köküm, mənim tarixim, mənim qürurum” adlı məqaləsini təqdim edir.

 

Ağdamın böyük hissəsi işğalda olduğu illərdə mən onun qalan kiçik, amma qürurlu və dözümlü parçasında doğulub böyüdüm. Uşaqlığımın fonunu laylalar yox, mermilərin vıyıltısı, topların gurultusu, səngərdən gələn səslər təşkil edirdi. Amma bütün bu səs-küldə qorxu bizə yaxın durmadı — çünki evimizdə qorxudan güclü bir şey vardı: Vətən sevgisi, atamızdan miras qalan iradə. Atam birinci Qarabağ müharibəsinin döyüşçüsü, veteranı idi; sonra polis kimi illərlə bu dövlətin keşiyində dayanıb. Onun qətiyyəti, mərdliyi və qüruru indi rəhmətə getmiş olsa belə, bizim hər nəfəsimizdə yaşayır. Qardaşım isə illərlə hərbi xidmət keçərək 44 günlük Vətən müharibəsində döyüşən igidlərdən olub. Biz mərmi səsi içində böyümüş, amma mərdliklə nəfəs alan bir ailənin övladlarıyıq.

 

Amma mənim yalnız Ağdam kimi bir yaddaşım yoxdur… Mənim köküm Kəlbəcərin Başlıbel kəndinə gedib çıxır — tariximizin ən ağır, ən qara səhifələrindən birinə şahidlik etmiş yerə. Başlıbel təkcə mənim doğulduğum yer deyil; ailəmin canı ilə yazılmış bir dərs, nəsil yaddaşımızın ən ağrılı ünvanıdır. O illərdə Başlıbelin mühasirədə qaldığı günlərdə qohumlarımızın yaşadığı faciə bizim soyumuzun ruhunu yandıran izlər buraxdı. İnsanlar günlərlə mağaralarda sıxılıb qalmış, don vurmuş torpaq onların sığınacağına çevrilmiş, çörəyin yoxluğu, soyuğun sərtliyi, düşmən təhlükəsi hər nəfəsi bir mübarizəyə döndərmişdi. Bir çoxumuzun yaxınları həmin faciənin qurbanına çevrildi, bəziləri mühasirəni yarmaq üçün çalışarkən canından oldu, bəziləri mağara sükutunda ölümün addımını dinləyə-dinləyə sağ qalmağa çalışdı. Başlıbelin o qara günləri bizim ailənin qanına, ruhuna, yaddaşına həkk olundu. Bu gün də o acını unutmaq olmur — o bizim kökümüz, yaddaşımız, dağ sarsıntımızdır. 

Amma bu gün — 20 noyabr — mən Ağdamın azadlığından danışıram. Mənim üçün bu gün xüsusi gündür, çünki illərlə mermi səsi eşitdiyim, hər səhəri müharibənin kölgəsi ilə açdığım Ağdam sükutla və siyasi qətiyyətlə azad edildi. Bu gün Ağdam nəfəsini geri aldı. Bu gün bizim nəsillərin çiyninə çökmüş yükün bir hissəsi qaldırıldı.

Mən həm Başlıbelin faciəsini yad edirəm, həm Ağdamın qurtuluşunu yaşayıram. Mən Kəlbəcərin acı yaddaşında doğulan soyun, Ağdamın dözümlü torpağında böyüyən bir ömürəm. Hər iki torpağın ağrısı da, qüruru da mənim içimdədir.

Bu gün mənim üçün təkcə bir rayonun azadlığı deyil — həyatımın, taleyimin, yaddaşımın düzələn parçalarıdır. Ağdamın qurtuluşu ilə içimdə nəsillərdən qalan bir ağırlıq işığa çevrildi. Başlıbelin faciəsini unutmadığım kimi, Ağdamın azadlığını da qürurla yaşayıram.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

 

 

 

24 noyabr 2025-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının növbəti hesabat qurultayı keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan məlumat verilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatı bu siyasətin uğurlu təzahürlərindən biridir və təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələr minlərlə gəncin bilik, bacarıq və intellektual potensialının inkişafına xidmət edib. 

Ümumi Yığıncaqda qəbul edilən qərara əsasən Aysiman Quliyeva yekdilliklə Təşkilata yeni sədr seçilib.

19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə indiyədək 44 000-ə yaxın könüllü qoşulub. Təşkilat tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

Çərşənbə axşamı, 25 Noyabr 2025 18:33

"Napoli"-"Qarabağ" oyunu görün hansı günə düşüb?

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində saat 00:00-da doğma Qarabağ FK İtaliya səfərində Napoli klubunun qonağı olacaq. Təsadüfi deyil ki, bu qarşılaşma futbol dünyası üçün xüsusi bir günə təsadüf edir: bu gün dünya futbolunun əfsanəsi, “futbol tanrısı” adlandırılan Dieqo Armando Maradonanın vəfat günüdür.

 

Maradona təkcə Argentina üçün yox, xüsusilə də Napoli şəhəri üçün bir simvol, bir mədəniyyət obrazıdır. Neapollular onu böyük futbolçu olmasıyla yanaşı, həm də çətin günlərdə onlara ümid verən bir qəhrəman kimi xatırlayırlar.

Maradonanın Napoli ilə bağını göstərən ən təsirli hadisələrdən biri 1984-cü ildə baş verir. Həmin il Maradona ağır xəstəlikdən əziyyət çəkən bir uşağa yardım üçün xüsusi matç təşkil edilməsini təklif edir. O, həm Napoli klubuna, həm də FIFA-ya müraciət edir və xeyriyyə oyunu keçirmək üçün razılıq istəyir. Lakin hər iki tərəfdən aldığı cavab mənfi olur. Buna baxmayaraq, Maradona geri çəkilmir. O, yaxın dostları ilə birlikdə uşağın yaşadığı evin qarşısındakı kiçik meydançada qeyri-rəsmi bir oyun təşkil edir.

Heç kimin gözləmədiyi halda, bu sadə və səmimi təşəbbüs böyük maraq doğurur. Xeyriyyə məqsədli oyuna 5.000-dən çox azarkeş toplaşır. Nəticədə uşağın müalicəsi üçün lazım olan məbləğin üç qatı toplanır. Bu hadisə Maradonanın təkcə meydanda yox, həm də meydandan kənarda necə böyük bir ürəyə sahib olduğunu bir daha göstərir.

Bu hekayə bizə çox sadə, amma həyat qədər vacib bir həqiqəti xatırladır:

Dünyada hansı dindən, hansı irqdən və ya hansı millətdən olmağının heç bir fərqi yoxdur — ən önəmlisi İNSAN ola bilməkdir.

Yeri gəlmişkən, “Qarabağ”ımıza matçda uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

24 noyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “Əcdadlar və sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda Beynəlxalq simpozium keçirilib. Simpozium Astanа şəhər Akimliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkil etdiyi “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

Simpoziumun açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçılara müraciətlə ənənə ilə müasirliyin vəhdətinin yeni tədqiqatlara, texnoloji yanaşmalara və beynəlxalq elmi əməkdaşlığa geniş imkanlar yaratdığını diqqətə çatdıraraq simpoziumu bu sahədə mütəxəssisləri bir araya gətirən mühüm platforma kimi dəyərləndirib.

Daha sonra Fondun prezidenti simpoziumun plenar iclaslarında moderator qismində çıxış edərək iştirakçılara – Qazaxıstan Respublikası Parlamentinin Senat deputatı, akademik Darxan Kıdırali; Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin Sədri Erlan Dakenov; Astanа şəhəri akiminin müaviniEset Bayken; Qazaxıstan Respublikasının UNESCO və ICESCO işləri üzrə Milli Komissiyasının Baş katibiJanar Şaymenova; “Macar İrsi Evi”nin baş məsləhətçisi, Macarıstanın əməkdar artistiAkoş Qreqor növbə ilə söz verib.

Simpozium çərçivəsində “Tək Səda: Türk musiqi alətlərinin araşdırılması və beynəlxalq əməkdaşlıq” adlı dəyirmi masa təşkil olunub. Müzakirədə türk xalqlarının musiqi irsinin tədqiqi və bu sahədə institusional əməkdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.

Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondutərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə nəşr olunan“Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimatı keçirilib, nəşr böyük maraq doğurub. Dörd dildə hazırlanmış bu kitab türk musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması və elmi cəhətdən sistemləşdirilməsi baxımından əhəmiyyətli mənbə kimi yüksək dəyərləndirilib.

Simpoziumun yekunu olaraq tədbir iştirakçıları tərəfindən türk xalqlarının musiqi aləti hazırlığı irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi ilə bağlı birgə Qətnamə qəbul edilib.Sənəddə musiqi alətlərinin vahid elmi bazasının yaradılması, ənənəvi ustalıq məktəblərinin sistemli şəkildə araşdırılması, təhsil proqramlarında musiqi aləti hazırlanmasına dair xüsusi kursların tətbiqi, eləcə də rəqəmsal arxivləşdirmə, 3D modelləşdirmə və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi kimi prioritet istiqamətlər vurğulanıb.

Qətnamə eləcə də türk musiqi irsinin YUNESKO və İSESKO çərçivəsində beynəlxalq səviyyədə daha geniş tanıdılması üçün ortaq təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur və bu istiqamətdə Türk Xalqlarının Musiqi Aləti Ustalarının birgə Assosiasiyasınınyaradılması imkanının araşdırılması barədə razılıq ifadə edir.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

Çərşənbə axşamı, 25 Noyabr 2025 12:50

Astanada azərbaycanlı heykəltəraşın yubiley sərgisi

 

Qazaxıstanın Almatı şəhərində yaşayan azərbaycanlı heykəltəraş Vaqif Rəhmanın 85 illik yubileyi münasibətilə sərgi keçirilib.

 

Ölkənin paytaxtı Astanada “Has Sanat” İncəsənət Qalereyasında təşkil edilən sərgi “Əbədi sevgi” adlanıb. “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, burada heykəltəraşın bir-birindən maraqlı əsərləri nümayiş olunub. Ekspozisiyada yer alan bürünc və şüşədən hazırlanan heykəllər ziyarətçilərin rəğbətini qazanıb.

Sərginin açılış mərasimində Astanada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri fəal iştirak ediblər.

Qeyd edək ki Vaqif Rəhman Qazaxıstanda bürünc və şüşə ilə sənət əsərləri yaradan istedadlı heykəltəraş kimi tanınıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Çərşənbə axşamı, 25 Noyabr 2025 12:13

“Narın içində not”

 

Almaniyada yaşayan azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin Berlində “Narın içində not” adlı solo konserti keçirilib.

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil edilən və milli musiqimizin Avropada təbliği məqsədi daşıyan konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, Nərmin Nəcəfli konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Adil Bəbirov, həmçinin Frederik Şopen və Frans List kimi Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Üzeyir Hacıbəylinin "Sevgili canan"ı zərif lirizmi ilə dinləyiciləri duyğulandırıb, Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən "Səyahət" əsəri isə dinamizmi ilə iştirakçıların zövqünü oxşayıb. Tofiq Quliyevin "Lirik Vals"ı, Vaqif Mustafazadənin "Düşüncə"si isə improvizasiya zənginliyi ilə dərin emosional anlar yaşadıb.

Gənc pianoçunun peşəkar ifası dəfələrlə gurultulu alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

 

Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində keçirilən “Multicultural Fusion” (“Multikultural birləşmə”) festivalında Azərbaycan təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasprla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanadada yaşayan soydaşımız, diasporumuzun fəalı Müşfiqə Quliyeva ölkəmizin zəngin mədəni irsi, adət-ənənələri və milli mətbəxi barədə iştirakçılara ətraflı məlumat verib. Azərbaycan stendinə yaxınlaşan ziyarətçilər mədəniyyətimiz haqqında dolğun məlumatları heyranlıqla dinləyiblər, mətbəximizin ləziz təamlarını dadmaq imkanı əldə ediblər.

Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan festivalda Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şərəf” ordenli nasir, tərcüməçi,  Xalq şairi Vahid Əziz 80 yaşını qeyd etdi. Bu münasibət ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası və videomaterial hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasında akademik Nizami Cəfərovun “Vahid Əzizin vətən nəğmələri” və filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin “Vahid Əzizin poeziya dünyasına daha bir nəzər” adlı məqalələrin tam mətni, bir sıra görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Vahid Əzizin müəllifi, naşiri və məsləhətçisi olduğu, redaktə etdiyi, ön söz yazdığı kitabların, dövri mətbuat məqalələrinin siyahısı təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Vahid_Eziz_el_melumat_bazasi/index.html  bazada “Rəsmi sənədlər”, “Vahid Əzizin hikmətli fikirləri”, “Virtual sərgi”, “Video və fotoqalereya” kimi bölmələr də yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Vahid Əzizin bədii yaradıcılığında xüsusi yer tutan əsərləri, fəaliyyət sahələri, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin sözlərinə bəstələnmiş mahnılar, tərcümə etdiyi əsərlər haqqında məlumatlar yer alır. Videomaterialda Vahid Əzizin öz ifasında səsləndirdiyi şeirlər təqdim edilir.

Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

 https://www.ryl.az/multimedia/vahid-eziz-80

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

 

 

 

 

 

Ostin şəhərində yerləşən Texas Universitetinin “Bates Recital Hall” zalında ABŞ-də yaşayan azərbaycanlı musiqiçi, dirijor Fərhad Xudiyevin konserti olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsertdə Texas Simfonik Orkestrinin direktoru Fərhad Xudiyevin dirijorluğu ilə maestro Niyazinin “Çitra” baletindən “Final” rəqsi ABŞ-də ilk dəfə səsləndirilib. Bu ifa böyük coşqunluqla qarşılanıb və alqışlara səbəb olub. Dmitri Şostakoviçin 10-cu Simfoniyasından seçilmiş parçalar da izləyicilərin zövqünü oxşayıb.

Konsert proqramında Fərhad Xudiyevin repertuar seçimi musiqinin sərhədləri aşan, mədəniyyətləri birləşdirən gücünü bir daha nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.