Super User

Super User

Çərşənbə axşamı, 25 Noyabr 2025 14:04

Ölmək: sükutun əbədi ritmi -ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Ölmək – bir qapının arxasında unudulmuş köhnə mahnı kimidir. İnsanın həyatı səhər tezdən başlanmış və günəş batana qədər bitmək bilməyən bir rəqsdir. Amma o rəqs bir anlıq dayanır, ayaqlar yerdən üzülür və bir daha toxunmur torpağa.

 

 Ölüm – hər kəsin tanış olduğu, amma heç kimin dəqiq anlaya bilmədiyi bir sükutdur. İnsanlar deyir, o bir sondu. Amma bəlkə də ölmək başlanğıcdır. Su damlasının okeana qarışdığı, küləyin qovduğu yarpağın torpağa qarışdığı kimi... Ölmək, bəlkə də, bir damla işığın geniş bir qaranlıqla qucaqlaşmasıdır.

 Bəzən ölüm bir rəssamın son toxunuşu olur – hekayənin bitdiyi yer, amma izinin əbədi olduğu lövhədir. İnsan ölər, ancaq onun izləri, səsi, toxunduğu ürəklərdən silinməz. Hər bir ölüm, əslində, böyük bir sirrin qapısını açır. O qapının o biri tərəfində nə olduğunu isə yalnız ölümlə görüşənlər bilir. Ölmək həmişə qorxulu gəlir insana. Amma niyə? Çünki qaranlıq bilinməzlikdir. Amma bəlkə də ölmək illərlə daşınan ağır yüklərin yerə qoyulmasıdır. Yorğun bir ruhun dincəlmək üçün gecəyə qucaq açmasıdır. Səni ağuşuna alan bir ana, səni əbədi yuxuya çağıran bir layla...

 İnsan öləndə göy üzü kədərlənirmi? Bəlkə buludların arasındakı boşluqlar o kədərin göz yaşlarıdır. Axı ölüm təkcə gedənə deyil, qalana da yükdür. Hər bir itki sevgi ilə toxunmuş bir bağın qırılmasıdır. Amma bəzən ölüm gözəllikdir. Sönən bir şamın buraxdığı ətir kimi. Payızda yerə düşən yarpağın torpağa qarışıb ağac üçün gübrəyə çevrilməsi kimi. Ölüm – təbiətin ən səssiz, amma ən səmimi dövranıdır. Hər şey gec-tez başlanğıcına qayıdır.

 Bəlkə də ölmək heç vaxt tam yox olmaq deyil. Bir xatirəyə çevrilmək, bir ulduzda işıq olmaq, bir şeirdə nəfəs almaqdır. İnsan ölər, amma onun haqqında deyilən sözlər, yaddaşlarda qalan baxışları əbədi olaraq bir həyat forması alır.

 Beləliklə, ölmək bəlkə də insanın özündən başqa hər şeyə çevrilməsidir. Sən ölürsən, amma dünya sənə nəfəs aldırır – bir çiçəkdə, bir küləkdə, bir quşun qanad çırpışında... Ölüm son deyil, ruhun sərhədsizliyə qovuşmasıdır.

 Ramiz Rövşən ölümü öz fəlsəfəsi ilə ölümü belə təsvir etmişdir:

Bulud kimi ölmək
             bir yaz yağışında.
Ümid kimi ölmək,
             bir qız baxışında.

Bir yel qanadında
         yarpaq kimi ölmək
Bir qəbir altında,
          torpaq kimi ölmək.

Bir gül kimi ölmək,
             bir güldan içində.
Bülbül kimi ölmək
              bir hicran içində.

Bir səs kimi ölmək
             bir kar qulağında.
Bir söz kimi ölmək,
             bir lal dodağında.

Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...

                                                     

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yusif Məmmədəliyev  

Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş bir çox böyük layihələrə qədər hər yerdə  onun əməyi var.

 

Lütfi Zadə

Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professoru olub. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

 

Kərim Kərimov  

Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə kosmik elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

 

Xudu Məmmədov

Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerikada, bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.

 

Rafiq Əliyev 

Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat, süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

* AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması

* Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması

* Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi

* ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

UNESCO-ya bağlı uluslararası şeir təşkilatları içində yer alan “Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivali” bu il 8-ci dəfə 21-23 noyabr 2025 tarixində, İstanbulda Kartal Bələdiyəsinin dəstəyiylə düzənləndi. 

 

“Gazze katliamından sonra medeniyetten ve insanlıktan söz edilebilir mi?” şüarı ilə yola çıxan FeminİSTANBUL qadın olmanın problemlərinə dair dünyəvi bir fikir, sənət ve dialoq platformu olma hədəfini irəli sürür.

Festivalın ilk günü saat 18:00-da Kartal Soğanlık Kültür Mərkəzində gerçəkləşdi. İkinci günü isə saat 14:00 -20:00 arasında Ataşehir Yeditepe Universitetində baş tutdu.

"8. Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivalı"nın Ana temasını qadın, qadın problemləri, qadın kimliyi, qadın şəxsiyyətı, yəni qadına dair hər sahədəki vəziyyət, durum və hadisə təşkil edir. Bu festival cinsiyyətçi ya da salt feminist bir festival olmamaqla yanaşı Türkiyədə bir ilk olaraq nəzər diqqəti cəlb edir. Bu festivala dünyanın bir çox ölkələrindən - Çin, Avstraliya, Yeni Zellandiya, Vyetnam, Rusiya, ABŞ, Peru, Kuba, Çili, Boliviya, İran, bütün ərəb ölkələri,  Avropa ölkələri, Malaziya, Hindistan və nəhayət Azərbaycandan  şairlər qatıldı. Azərbaycanı bu festivalda tarix üzrə fəlsəfə doktoru, şair-yazar, tərcüməçi Həyat Şəmi təmsil edirdi.

Adı çəkilən ölkələrdən gələn şair qadınlar öz ölkələrindəki qadınların problemlərini şeirlərlə dilə gətirdilər, birlikdə  çözüm yolları aradılar  və ulusal geyimlərində öz dillərində şeirlər oxudular.

"Gazze Katliamından Sonra Medeniyetten ve İnsanlıktan Söz Edilebilir mi?" şüarı festivalın əsas qayəsini təşkil edirdi.

Bu ilin şüarını festival direktoru Op. Dr. Hilal Karahan belə açıqladı:  “Theodor Adornonun, 1949-cu ildə önə sürdüyü, ünlü “Auschwitz’den sonra şeir yazmaq barbarlıqdır” fikrinə  istinadən soruşuruq: "Gazze katliamından sonra medeniyetten ve insanlıktan söz edilebilir mi?"

Bütün dünyanın gözü önündə gerçəkləşən bir qətliamda, aclıqdan ölən körpələr,  zövq üçün güllələnən ya da diri-diri yandırılan uşaqlar, çörək növbəsinə duran insanlara yağdırılan  bombalar, füzeylə partladılan xəstəxanalar və bütün bu şərtlərdə qəhr olan analar olduqca, müasir dövrün “mədəniyyət” ve “insanlıq” anlayışları anlamını itirmişdir. Ukrayna ve Rusiya arasında çıxan müharibəni ekranlarımızda bir holoqram kimi izlərkən, indi  Fələstin, Yəmən, Livan, İran, Suriya od-alov əhatəsindədir. 

... İnsan heç bu gün olduğu qədər insanlıqdan uzaqlaşmamış; mədəniyyətə güvənini bu qədər itirməmişdii! Ona görə də, biz şairlər ən çox qadınlarla məsum körpələrə qıyan bu savaş, xaos və zulmə qarşı səsimizi birləşdirdik. Həm varlığımız, həm də şeirimizlə “yetər!” dedik. Şeir həyatı canlandırır; insana umut verir. Ona görə də, bu anlamda FeminİSTANBUL dünyada,  qız qardaşlığının səsini  duyuran, qadın olmağı qeyd edən və  qucaqlayan tək şeir festivalıdır".

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Bazar ertəsi, 24 Noyabr 2025 11:44

GÜNÜN FOTOSU: AVROPA KASIBLAYIR

GÜNÜN FOTOSU: AVROPA KASIBLAYIR

 

Avropa Birliyində 2024-cü ildə kasıblıq həddində yaşayanların sayı 72 milyon nəfərə çatıb. Bu, bütün əhalinin 16,2 faizidir.

 

Foto: AP

Bazar ertəsi, 24 Noyabr 2025 11:13

RƏSM QALEREYASI, DİEQO RİVYERA, “GÜLSATAN”

RƏSM QALEREYASI, DİEQO RİVYERA, “GÜLSATAN”

 

Diqqo Rivyera Latın Amerikasının ən tanınmış rəssamlarındandır, “Gülsatan” Çin albomu silsiləsindəndir.

 

F, Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın tarixi Qələbəsinin 5 illik yubileyinə həsr olunmuş “Zəfər və Qürur Yolunun Tarixi” adlı Elektron Məlumat Bazasının təqdimatı keçirilib. Tədbir Bakı Dövlət Universitetinin “Zəfər Tarixi” lektoriyasında İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbir Vətən müharibəsi şəhidlərinin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, eləcə də fakültənin gənc tədqiqatçıları çıxış edərək layihənin həm elmi, həm də mənəvi baxımdan əhəmiyyətini vurğulayıblar. 

Natiqlər 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun qəhrəmanlıq dolu əməliyyatları, işğaldan azad edilən şəhər, qəsəbə və kəndlər barədə ətraflı məlumat veriblər. Təqdimat çərçivəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Zəfər və Qürur Yolunun Tarixi” elektron məlumat bazası haqqında geniş təqdimat nümayiş etdirilib. Məlumat bazası 10 əsas bölməni əhatə edir:

Təqdimat zamanı 44 günlük Vətən müharibəsinin gedişi,  Azərbaycanın rəşadətli Ordusunun qazandığı tarixi Qələbə və azad edilən şəhər, qəsəbə və kəndlər barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun 2020-ci ildə apardığı qəhrəmanlıq dolu əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. Müzəffər ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan cənab ilham Əlivevin uzaqgörənliyi, güclü siyasəti nəticəsində 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixinda Ermənistanın məğlubiyyəti ilə başa çatdı və bu  Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası 10 bölmədən ibarətdir. “Ana səhifə”, “Rəsmi sənədlər”, “İşğaldan azad olunmuş torpaqlarımız”, “44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimiz”,  “Kitablar”, “Məqalələr”, “Əbədi yaddaş”, “Vətən müharibəsi iştirakçılarına təsis edilmiş orden və medallar”, həmçinin foto və videoqalerya yer alır. Məlumat bazasının əsas məqsədi Zəfər tarixinin faktlar, sənədlər, foto və video materiallar vasitəsilə gənc nəslə düzgün şəkildə çatdırılması, eləcə də müasir informasiya resurslarından istifadə imkanlarının artırılmasıdır.

Tədbirin sonunda iştirakçılar məlumat bazasının gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirərək layihənin dəyərini yüksək qiymətləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

Adilə Nəzər, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə” şeiri Qarabağ torpağına həm sevgi, həm ağrı, həm də qayıdış həsrətinin poetik etirafıdır. Şeirin ilk misralarında Xankəndi adi coğrafi məkan kimi deyil, sanki ümumi yurd – binə kimi təsvir olunur: “Tavanı - göy şüşəli, döşəməsi - meşəli”. Bu bənzətmə Xankəndinin təbiətini gündəlik məişət obrazına çevirərək həm sadəlik, həm də doğmalıq yaradır.

 

“Ovçunun yuxusunda marala bənzəyir o” misrası isə daha çox tarix və münaqişə kontekstindən doğan məna daşıyır. Buradakı “ovçu” – düşməndir, (burada: erməni tərəf) Maral isə həm zərifliyini, həm də cazibəsini qoruyan Qarabağın özüdür. Əsrlər boyu bu torpaq düşmənin nəzərində belə cəlbedici olub, ovçunun yuxusuna girəcək qədər dəyərli görünmüşdür. Bu bənzətmə əslində Qarabağın, o cümlədən Xankəndinin gözəlliyinin necə arzuolunan, necə həsəd doğuran bir nemət olduğunu xatırladır.

“Dağların yaxasında medala bənzəyir o” misrası isə artıq başqa bir məqamı – Zəfəri tamamlayan son nöqtəni işarə edir. Medal burada təkcə bənzətmə deyil, həm də Xankəndinin azad edilməsi ilə Qarabağ Zəfərinin tamlığı, bütövlüyü simvolizə olunur. Yəni Xankəndi dağların qoynunda parlayan, qələbəni təsdiqləyən son medaldır.

Şeirin ortasında Qulu Ağsəs torpağın insan yetişdirmə gücünə toxunur: “Burda doğulmur adam, əkilir şitil kimi”. Bu misra həm poetik, həm də fəlsəfi anlam daşıyır, belə ki, bu torpaq insanı yalnız doğmur, həm də yetişdirir, formalaşdırır. Şair özünü bu torpağın yazdığı sətrə, bir misraya bənzədir və “şütüyən sətir kimi” yurd-yurd dolaşsa da, sonunda yenə öz “Xanım”ına, yəni Xankəndinə dönür.

Buradakı “Xanım” müraciəti əslində çoxqatlı simvolik məna daşıyır. Bu söz həm Xankəndinin adındakı “Xan”a işarədir, həm də Qarabağ musiqisinin səsini – Xan Şuşinskinin irsini çağırır. Beləliklə, şair təkcə torpağa yox, bu torpağın səsinə, musiqisinə, xatirəsinə də dönür.

Şeirin ən yüklü misralarından biri isə “Yaşamaq vaxtı öldük, ölmək vaxtı yaşayaq!” misrasıdır. Burada müəllif şəxsi həyatının illərini Qarabağın taleyi ilə eyniləşdirir: onun gənclik illəri Qarabağdan qaçqın düşdüyü dövrlərə, qocalıq çağı isə geri dönüşün mümkün olduğu zamana təsadüf edir. Yəni yaşamalı olduğu çağlarda – ömrün baharında itirmiş, ağrı çəkmiş, ömrün payızında isə yenidən o torpağa qovuşmaq nəsib olub. Bu misra həm tale acısını, həm də gec də olsa qayıdış sevincini özündə cəmləyir.

Bütün bu məna qatları şeiri sırf nostalji mətn etmədən, həm tarixi, həm mənəvi, həm də bədii çalarlarla dolu olan çoxqatlı bir poetik etirafa çevirir. Qulu Ağsəs bu şeirdə Xankəndini həm maral kimi həzin, həm medal kimi dəyərli, həm də ev kimi doğma göstərərək Qarabağın üç halını bir yerdə təqdim edir: şeirdə itirilən gözəllik, ulduz kimi parlayan Zəfər və gec də olsa qayıdışın sevinci var.

 

 

Qulu AĞSƏS

 

Xankəndi və M.Zəkiyə

 

 Tavanı - göy şüşəli,

Döşəməsi - meşəli...

Ovçunun yuxusunda

Marala bənzəyir o.

Dağların yaxasında

Medala bənzəyir o.

Burda bahar payızı,

Qış yayı məst eləyir.

Bu yerlərin havasın,

Bu göylərin yağışın

Üzeyir bəstələyir.

Burda doğulmur adam

Əkilir şitil kimi.

Adladım yurddan yurda

Şütüyən sətir kimi.

Gəzdim düzü, dünyanı

Bu düz-dünya tükəndi.

Sənə dönmüşəm, Xanım,

Sənə dönmüşəm, kəndim.

Dünyada nələr gördük

Həyatımız baş-ayaq:

Yaşamaq vaxtı öldük,

Ölmək vaxtı yaşayaq!

Tavanı - göy şüşəlim,

Döşəməsi - meşəlim...

 

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.

 

Həkimə Babakişizadə

Ərdəbil

 

 

Qapsamlı ümidsizlik sindromu

Sam yeli kimi əsir içimizə

Lallıq kəndirindən asılır

Qan ağızın dillənməyən dili.

Ümidsizlik hörümçəyi

Hüceyrəmizdə tor toxuyan çağ

İnsanın qalın gönü başlayır öyüd məsləhətinin vərin tutmağa

Həyata bir meyilli var olmaqdan

Qurumlayır ürək evinin qara damın

Tapmacalarda kilkəli qızın saçları.

Qaranlıqlarda batan ümid tozanı

Daşınır işıq əllərilə

Bacadan çəkilən uzun yollara

Allah dərd də verib, dərman da deyib

Möcüzələr yoluna göz tikir bəşər.

Ümid allahdır

Ümidsiz şeytandır deyir.

Başını dişi kimi ağardan analar

Analar!

Analar qorxaq yaşayırlar xəstəlik qoxusunda

Leşi batmış arzuları görən zaman...

Keçdi

Sevgililər əl-ələ verib

Qızımız arzu

Oğlumuz ümid doğulacaq deyib qoşulub qaçan zamanları.

İndi sevgili oğlan ya gözdən düşür,

Ya damdan.

Qızların da qapısı şahsız evin

Bayquş xarabasıdır.

Qızların gömülmüş qızıllığının üstündə

İlan yeyib əfi olan ümidsizlik yatıb

Yalqız bağrında daş yatan kimi.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“ Məni başqasından gizlətmək çətin,

Sənin hər yerindən görünərəm mən.

 Üzündən, gözündən görünmək asan

Səsindən, sözündən görünmək asan

Sənin kölgəndən də görünərəm mən.”

2.

Ölüm ayağında Beyrək Qazana belə bir xəbər göndərir: “Aruz oğlu Basat gəlmədən, evimi, obamı çapıb talamadan, ağca üzlü halalımı (yəni, Banu çiçəyi) əsir edib aparmadan Qazan özünü mənə yetirsin.”

Bu cümləyə heç vaxt heç kim diqqət yetirməyib. Beyrək və Basat münasibətinin “pərdəarxası” nələrdən danışa bilərmiş?!

3

Mükəmməl əsərləri təxəyyülü olmayanlar üçün yazmaq lazımdır. Təxəyyülü olanlar üçün mükəmməl olmayan əsərlər də yetər.

4.

Şərq nağıllarının əvvəli nəşəli, ortası müəmmalı, axırı isə xoşbəxtliklə doludur. Göydən üç alma hökmən düşür. Bütövlükdə qəmlidir.

5.

Azərbaycan ədəbiyyatından artıq yerləri Okkam ülgücü ilə doğrayıb atsaq, yerdə nə qalar barədə düşünmək belə qorxuludur.

6.

“ Dözən oğlu Alp Rüstəm, sənmisən?!

Dəli Dondar, sənmisən?!

Şirşəmsəddin, Qanturalı, Qarabudaq…

Bəy yigidlər yaşıl-yaşıl, budaq-budaq

Gəlib girdilər uyğuma...

7.

Nitsşe: “Səhra böyüyür.”

Bu, yer üzünü ala biləcək ən böyük təhlükədir.

 Nitsşenin səhrası yaddaşın itməsi deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

 

 

 

Bazar ertəsi, 24 Noyabr 2025 16:28

ANAR, “Anara”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

ANARA,

yəni özüm-özümə

 

Roman yazdı – uzandı,

Pyes yazdı – usandı,

Çıxış etdi – utandı,

Hərdən şeir yazardı.

Bir gün başa düşdü ki,

Şairlik bir azardı, –

Hərdən-birdən tutandı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.