“Maraqlı söhbətlər”də kəşfləri ilə dünya elminə töhfə vermiş 5 Azərbaycan alimi Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yusif Məmmədəliyev  

Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş bir çox böyük layihələrə qədər hər yerdə  onun əməyi var.

 

Lütfi Zadə

Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professoru olub. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

 

Kərim Kərimov  

Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə kosmik elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.

 

Xudu Məmmədov

Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerikada, bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.

 

Rafiq Əliyev 

Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat, süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

* AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması

* Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması

* Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi

* ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.