Məni bağışlamaq olarmı??? - ESSE Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Əziz uşaqlar, bilirsinizmi, bu gün əslində sizin bayramınızdır. Amma təəssüf ki, bu gün belə biz böyüklər çox vaxt özümüzü düşünürük. Halbuki bu gün biz yetkin fərdlərə bir xatırlatma üçün mövcuddur – sizin, yəni özünü müdafiədən məhrum mələklərin varlığını, hüquqlarını, göz yaşlarını və arzularını yadımıza salmaq üçündür.

 

Bir kitab sərgisində bir yazıçı belə bir sual verdi: "Əziz gənclər, ideal gənc necə olmalıdır?" Hamı susdu. Səssizliyin ortasında fikrimi bölüşdüm: "İdeal gənc və ya ideal yaşlı anlayışı yoxdur. İdeallarından vaz keçməyən, haqq, hüquq və ədalət üçbucağını qoruyaraq, uğura gedən yolda heç kimin ayağını tapdamadan irəliləyə biləndirdir ideal insanlar."

Lakin bu məsələ sonradan məni daha dərin düşünməyə vadar etdi. Anladım ki, idealizm bizə çox erkən yaşlardan, uşaqlığımızdan yüklənir. Hələ nə istədiyimizi bilmədiyimiz vaxtlarda çiyinlərimizə başqasının – "xalqın uşağı" obrazı və valideynlərimizin yarımçıq qalmış arzularını həyata keçirmək missiyası yüklənir. Biz isə bu missiyanı ideallaşdıraraq, gələcəyimizin mərkəzinə yerləşdiririk.

 

Əminəm ki, bu yazını oxuyan əziz dostlarımın çoxu elə bu sətirlərdə özlərinin yaşaya bilmədiyi uşaqlığının tozlu səhifələrini görəcəklər.

Bu yazının sonunda isə bir etirafım var: Mənim üzr istəməli olduğum uşaqlar var – bu dünya və insanlıq naminə…

 

Əziz Zəhra, səndən üzr istəyirəm. Düşmən gülləsi sənin balaca ürəyinə sinə gərdi, biz isə yasını tez unutduq.

 

Əziz Nərmin, səndən də üzr istəyirəm. Körpə bədənin təcavüzə məruz qaldı, amma qatilin aydın şəkildə tapılmadı.

 

Əziz 13, 14, 15 yaşlı qız uşaqları, sizdən üzr istəyirəm. Təhsil haqqınız əlinizdən alındı, öz bədəninizə belə düz-əməlli bələd olmadan qanlar içində ana oldunuz.

 

Əziz fələstinli körpələr, sizdən üzr istəyirəm. Mən evimdə Yeni İl şənliyi keçirərkən, sizin bədənləriniz dağıdılmış evlərin altında küknar oyuncaqları kimi asılmışdı.

 

Əziz Elgün, səndən üzr istəyirəm. Harayına səssiz qaldım, səsimi çıxarmağa qorxdum.

 

Və əziz Kübra, ən sonda səndən üzr istəyirəm – içimdəki körpənin səssiz qatili olduğum üçün…

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.