Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, ADPU-nun Şəki filialının dosenti Kamil Adışirini 65 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, yubilyar alimə ünvanlanan təbrik məktubunda onun ictimai, elmi-pedaqoji fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:
“Hörmətli Kamil müəllim,
Sizi - Şəkidə yaşayıb-yaradan ictimai və elm xadimi, ədəbiyyatşünas, publisist, pedaqoq, filologiya elmləri doktorunu 65 illik yubileyinizlə bağlı səmimi qəlbdən təbrik edirəm! Siz ictimai fikrin, milli-mənəvi dəyərləriin, ədəbi-tarixi yaddaşın yorulmaz araşdırmaçısı kimi tanınırsınız.
Sizin elmi, publisistik və ictimai fəaliyyətiniz yalnız bir tədqiqatçılıq zəhməti deyil, eyni zamanda milli-mənəvi kimliyə, bölgə ədəbiyyatına verilmiş dəyərli töhfədir.
Şəki ədəbi mühiti ilə bağlı araşdırmalarınız, yazıçı və maarifçilərimizin irsini işıqlandıran monoqrafiya və esseləriniz milli yaddaşın qorunmasına bir töhfədir.
Siz, ədəbiyyatla yanaşı ictimai dəyərin, mədəni kimliyin və maarifçilik gələnəyinin də daşıyıcısı olaraq, elmi və mənəvi məsuliyyəti, öz çalışmalarınızda prinsipə çevirmisiniz.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi olaraq biz, aydınlarımızın fəaliyyətini həm də vətəndaş cəmiyyəti institutlarının, ümumən cəmiyyətin mənəvi gücü və ictimai məzmunu baxımından önəmli hesab edirik. Cəmiyyətin öz əsl köklərinə bağlı qalmasında, bölgə ədəbi-mədəni, ictimai mühitinin dəyərləndirilməsində, milli ruhun söz sənəti üzərindən ifadəsində Sizin kimi aydınların rolu təqdirəlayiqdir.
Sizi yubileyi münasibətilə bir daha təbrik edir, möhkəm cancansağlığı, ictimai, elmi-pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayıram”!
“Ədəbiyyat və incəsənət”
(01.06.2025)