İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə yazıçı-publisist, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş tədbir Poeziya Evində reallaşıb. Bu əlamətdar gün milli-mənəvi dəyərlərin qorunmasını, həm də ədəbi mühitimizin inkişafını bir daha önə çıxarıb.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Poeziya Evinin direktoru İbrahim İlyaslı iştirakçıları salamlayaraq belə görüşlərin ədəbi-mədəni həyatımızda önəmli rol oynadığını bildirib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək tədbirin məqsəd və məramından, həmçinin Zemfira Məhərrəmlinin ədəbi irsinin əhəmiyyətindən danışıb.
Sonra söz qələm sahiblərinə verilib. Əsəd Cahangir, Əyyub Qiyas, Nazir Rüstəm, Nəzakət Məmmədli, Yusif Nəğməkar, Adilə Nəzər, Rəfail Tağızadə, Arzu Nehrəmli, Elvin Əlizadə, Lilpar Cəmşidqızı və İlhamə Müslümova çıxış edərək Zemfira Məhərrəmlinin yaradıcılıq yolunu, bədii mahiyyət daşıyan baxışlarını, insanlığa və mədəniyyətə verdiyi töhfələri dilə gətirib, gənc nəslə örnək olan ədəbi fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda Zemfira xanım çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü ifadə edib, belə görüşlərin həm ədəbi yaradıcılığın, həm də mədəni mühitin inkişafı üçün vacib olduğunu, həmçinin qələm adamları arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə təkan verdiyini diqqətə çatdırıb.
Bir sözlə, bu yubiley tədbiri sənətsevərlərin, yazıçıların və jurnalistlərin bir araya gələrək yaradıcılığı, mənəvi dəyərləri və intellektual irsi paylaşması baxımından xüsusi əhəmiyyət kəsb edib.eyni zamanda ədəbiyyatın insan ruhunu zənginləşdirən qüdrətini bir daha nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)


