Super User

Super User

Cümə axşamı, 12 İyun 2025 09:31

Ölümsüzlüyə qovuşmuş dahi yazar İSA MUĞANNA

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O həqiqətən də ədəbi dahi idi. Çox təəssüf ki, yaradıcılığı həqiqi dəyərini hələ də almayıbdır. Amma hökmən alacaq. Onun ən azı “Məhşər” və “İdeal” romanları dünyanı fəth etməyə layiqdir.

Söhbət Azərbaycan SSR xalq yazıçısı İsa Muğannadan gedir. O İsa Muğannadan ki, bu gün onun doğum günüdür.

 

İsa Muğanna deyəndə onun fəlsəfi, dərin məzmunlu romanlarını oxumayanlar belə ən azı “Tütək səsi” filmini xatırlayırlar. Bu film də bir neçə mükəmməl romanı kimi bud ahi sənərkarın adını mədəniyyətimizin qızıl fnduna saldırıbdır.

İsa Muğanna (Hüseynov) 1928-ci ilin 12 iyununda Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub.

Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra İsa kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, Ssenari şurası üzvü, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür", "Tütək səsi", "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

Düzdür, bəzi işlər, xüsusən “26 Bakı Komissarı” filmi ideoloji işə yaradığı üçün bu gün bizim üçün yabançıdır, bu da dövrün tələbinin bir qanunauyğunluğudur. Amma “Məhşər” və “İdeal” kimi şedevrlər də var ki, bütün dövrlər üçün aktualdır.

 

Kitabları

 

1. "Bizim qızlar" pyesi 

2. "Dan ulduzu" pyesi 

3. Hekayələr

4. Ömrümdə izlər

5. Pyeslər

6. Yanar ürək

7. Doğma və yad adamla

8. Cəhənnəm

9. Qəbiristan

10. "Saz" povest

11.”Məhşər”

12.”İdeal”

 

Filmoqrafiya 

 

Ulduzlar sönmür,

26 Baki komissarı,

Tütək səsi, 

Nəsimi,

Nizami

 

İsa Muğannanın şəxsiyyəti və yaradıcılığı oxucusu tərəfindən rəğbətlə qarşılandığı kimi, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Ədibə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları verilmiş, 1998-ci ildə o, Ümummilli lider Heydər Əliyev tərəfindən İstiqlal ordeni ilə təltif edilmişdir. Daha sonra Nəsimi milli mükafatına layiq görülmüşdür. Yazıçının Nəsimi mükafatına layiq görülməsi onun Ədəbiyyata və Mədəniyyətə göstərdiyi xidmətlərlə bahəm, Nəsimi şəxsiyyətinə və tariximizə verdiyi töhfələrə dəyərdir. 

Uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıbdır İsa Hüseynov. Hey yazıb, yaradıb, fəal olub. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etdi. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşdi.

Xalq yazıçısının növbəti ömrü onun ölümsüzlüyü ilə başlandı və bu gün də davam edir. Bu dönəmdə onun əsərləri yenidən nəşr olundu, 2009-cu ildə tamamlanmış "Türfə” romanı 2015-ci ildə çap edilərək Muğannasevərlərə təqdim olundu. Ədəbiyyatşünas alim Şəmil Sadiqin müəllifi olduğu "İsa Muğanna yaradıcılığı İdeal işığında” adlı monoqrafiyasının nəşri də bu dönəmə təsadüf etdi.

İsa Muğannanın əsərləri ailəsi, oxucuları, haqqında yazılan elmi tədqiqat işləri (yaradıcılığı ilə bağlı) yazıçını bu gün də yaşadır. Muğannanın yaradıcılığı yalnız ədəbiyyatşünas alimlərin deyil, böyük şairlərin də maraq dairəsində olmuşdur. Xalq şairi Xəlil Rza Ulutürk ədibin "İdeal” romanının yazılmasından sonra "Sən mənə bir silah verdin” poemasını yazmışdır. Xalq şairi Zəlimxan Yaqub isə "Ün” poemasını İsa Muğanna yaradıcılığına həsr etmişdir.

Ruhu şad olsun dahi yazarın!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Cümə axşamı, 12 İyun 2025 09:05

Şel Silverştaynın uşaq şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

Bu gün tanış olacağınız şeir Şel Silverştayna aiddir. O, Amerika şairidir.

 

Şel Silverştayn

(1930-1999)

ABŞ

 

Sehrli pozan

 

Sənə nədən danışım –

Çətin bu qız inana.

Karandaşın başında

 

Pozana bax, pozana.

Qız dönüb mənə dedi:

– Sən ağılsız moosan, moo!

Yalançının birisən!

Dediyimə, ay oğlan,

İnanmaq istəmirsən.

Nə bilmisən sən məni?!

Sildim mən də pozanla

Tez bu qızın şəklini!

Tənbəl Ceyn

Sən bu

Tənbəl

Ceynə bax,

İstəyir o,

Su içə

Hə,

Beləcə

Gözləyir,

Deyir –

Bəlkə,

Yağış,

Yağar

İndicə.

Görən məni

söyləyir...

Görən məni söyləyir –

Burnun lap atanındır,

Gözlərin babanındır,

Saçların ananındır.

Qaldı bircə öz belim –

O, mənim olanımdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

 

 

 

Cümə axşamı, 12 İyun 2025 08:03

O, Xocalı fəryadını daşlarla əks etdirib

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Xalq rəssamlarından kimləri tanıyırsınız? Gənclərdən ibarət auditoriyaya ünvanlanmış sualıma cavablar monoton oldu. Hardasa təkrarlanan 3-4 ad. Bir çox tanınmış rəssamların, o cümlədən də Xanlar Əhmədovun adları çəkilmədi. Və mən qərra gəldim ki, bu gün doğum günü olan bu rəssam barədə sizlərə ətraflı danışım.

 

Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov 12 iyun 1946-ci ildə Bakıda anadan olub. Əsasən dəzgah və monumental heykəltaraşlıq sahəsində işləyən rəssam bir sıra məşhur monumental layihələrin müəllifidir. Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb.

 

 Bu cür heykəltaraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar.

Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.

1975-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

 

Mükafatları 

 

"Humay" mükafatı 

Azərbaycan Respublikasının xalq rəssamı

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

 

Cümə axşamı, 12 İyun 2025 08:28

“Kim hara gedir-getsin, mən Ağdamda qalacağam!"

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 "Ermənilər ancaq mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir-getsin, mən Ağdamda qalacağam", -dedi və sona qədər də öz sözündə durdu.

 

Qüdrət və hökmlülük deyəndə ağlıma ilk o, gəlir. Çünki 1003 xocalı vətəndaşının əsirlikdən azad edilərək geri qaytarılmasını biz məhz onun hökmlü xarakterinə borcluyuq.

Bu gün milli qəhrəmanımız Allahverdi Bağırovun şəhadət günüdür. 

 

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-sində Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alıb. Uşaqlıqdan futbol, voleybol. və yüngül atletika ilə məşğul olan qəhrəmanımız  bir neçə il Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildən isə kamandanın baş məşqçisi seçilib. Qarabağ hadisələrinin ilk günlərindən qardaşı Eldar Bağırovla birlikdə ön sırada dayanıb və Ağdamdakı müdafiə dəstələrinin yaradılmasına və təşkilinə rəhbərlik edib. Rayon ərazisində gedən bütün  döyüşlərdə iştrak edib. Vətən oğulları adlandırılan 760 nəfərlik batalyona rəhbərlik edən, eyni zamanda Azərbaycan Ali sovetinin deputatı olan qardaşı Eldar Bağırov 1991-ci ildə yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib

 Qardaşının ölümündən sonra Allahverdi ömrünün sonuna qədər saqqal saxlıyıb və Eldarın batalyonuna rəhbərlik edib. 1992- ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Xocalının Naxçıvanlı kəndində ermənilərin bütün canlı qüvvəsini və texnikasını məhv edib. Əskəran qalasına qədər irəliləyib Pircamal kəndindəki böyük yüksəklikləri tutub, erməni bayraqlarının yerinə üçrəngli Azərbaycan bayrağını sancıb. Xocalı soyqrımı zamanı həlak olanların cəsədlərinin döyüş meydanından çıxarılması və Ağdam məscidində yuyularaq torpağa tapşırılması da Allahverdinin səyi nəticəsində baş verib. 1003 xocalı vətəndaşını əsirlikdən azad edib ailələrinə təhvil verib. 1992-ci il iyunun 12-si Aranzəmin döyüşündə Bağırovun dəstəsi 100 erməni əskərini məhv edib 10 nəfəri əsir götürüb. Həmin gün təcili iş üçün Ağdama çağırılıb və onların maşını yolda minaya düşüb. Maşındakı 3 nəfər sağ qalsa da Allahverdi, sürücü və Nizami adlı həkim yerindəcə dünyasını dəyişib Bağırovun nəşi Ağdamdakı şəhidlər xiyabanında qardaşı Eldarın yanında dəfn olunub. 

O, ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına laiq görülüb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təşkil edilən “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilir. 10-11 iyun tarixlərinə təsadüf edən sərginin dünən əsas hadisələrindən biri barədə danışacağıq.

 

Söhbət 10 iyun, 2025-ci il tarixində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində (Türküstan şəh., Qazaxıstan) simpozium çərçivəsində “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərginin təntənəli açılış mərasimindən gedir.

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin müəllifi olduğu məşhur ümumtürk ensiklopediyası “Divani Lüğət it-Türk” əsərinin yazılmasının 950 illiyinə həsr olunub. Tədbirin bədii hissəsində türk xalqlarının mənəvi birliyini və mədəni irsini əks etdirən “МыңзаманбірТүркістан” adlı musiqili kompozisiya təqdim edilib.

“Divani Lüğət it-Türk” ensiklopedik əsəri dilçilik, tarix, ədəbiyyat, incəsənət, etnoqrafiya, minerologiya, kimya, botanika, coğrafiya, biologiya, zoologiya və digər sahələri əhatə edən unikal məlumatları özündə birləşdirir. Bu əsər türk mədəni irsinin  zənginliyi və dərinliyinin mühüm sübutlarından biri kimi qəbul edilir.

Qeyd edilməlidir ki, “Divani Lüğət it-Türk” əsərinin yazılmasının 950 illiyi münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstanda, Qırğızıstanda və Türkiyədə sərgilər artıq təşkil olunub. Gələcəkdə isə zəngin türk mədəni irsinin beynəlxalq arenada təbliği və tanıdılması məqsədilə bu sərginin həm türk ölkələrində, həm də xarici ölkələrdə açılması planlaşdırılır.

Simpozium barədə növbəti materialları da portalımızdan izləyə biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

                                           

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Poeziya dəqiqələrində Vasif Əlihüseynin şeirlərini təqdim edir.

 

 

DƏRD ELƏMƏ, ƏZİZİM

 

Küçədə yağış yağır,

sel götürüb hər yanı.

Yuyur günahlarını,

təmizləyir dünyanı.

 

Sənin də günahın var,

düzün deyim, bağışla.

İndi fürsətdi sənə,

çıx küçəyə yağışda.

 

Qoy saçların islansın,

gözlərinə yaş dolsun.

Ürəyinə “heyif”lər,

ürəyinə “kaş” dolsun.

 

Dərd eləmə, əzizim,

günahsız insan yoxdu.

İndi nə çıxdın-çıxdın,

sabaha leysan yoxdu.

 

 

KİNO ÇƏKİRSƏN

 

Eh! İndi bələnmiş xına əllərin,

Əsirdi kiminsə baş hərfinə.

Özün öz könlünlə çıxıb gedirsən,

Mənim hisslərimin bircə səhvinə.

 

Hələ sızıldamır o daş ürəyin,

Qoy hava qaralsın, bir gecə olsun.

Ən yaxşı günümüz toy günündüsə,

Bəs ən pis günümüz, de, necə olsun?

 

Bəlkə də, oturub ötən günündən

Yanıb dəqiqəsinə külün əkirsən.

Səndən yeddi oğul, qız istədilər,

Olmaya-olmaya kino çəkirsən. 

 

 

KÖRPƏLƏRİN ŞƏKLİ

 

Bütün müharibələrə

körpələrin yatdığı yerdə

şəklini göstərin,

onda anlayacaqlar

dünyanın nə qədər mənasız olduğunu

 

anaların qolları

saat kəfkiri kimi

yelləyir bu ağlağan uşağın beşiyini,

 

yellədikcə zaman ötür,

körpələr böyüyür,

əsgər olur.

 

 

SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR

 

Sinəsinə mina basdırılmış

torpaqdı ömür,

Yaşayırıq, Allaha təvəkkül.

 

Gəl, istehkamı çağır,

irəlidə getsin,

biz də arxasınca –

qarşıdakı günləri qarşılamaq üçün.

 

Bax, ayağını itirən o adam

Hələ də peşmandı

Cızından çıxdığı üçün...

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

 

 

Çərşənbə, 11 İyun 2025 17:40

“Seni bende yazarım” deyirdi Özdemir Asaf

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Kendimi sileceksem, bilirim sende varım.

Senin ben yarısıyla seni ben tamamlarım.

Seni sende bütünler, sana sende inanır;

Seni sende siler, seni bende yazarım.

 

Qardaş Türkiyə ədəbiyyatı ölkəmizdə yetərincə təbliğ edilməlidir. Bizdə türk ədəbiyyatı deyəndə klassiklərdən yalnız Nazim Hikmət, Əziz Nesin, Rəşad Nuri Güntəkin, müasirlərdən də 3-5 yazar, İskəndər Pala, Əlif Şafak, Orxan Pamuk yada düşür. Amma türk ədəbiyyatı o qədər geniş, o qədər zəngindir ki, ona bələd olmaq sadəcə mənəvi həzz yaşadar.

Biz ən azı təqvim üzrə doğum və ğlüm tarixləri üzərindən tanınmış türk yazarları barədə sizlərə biblioqrafik məlumatlar verməyi özümüzə borc bilirik.

Türkiyə yazıçısı və şairi Özdemir Asaf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatıb. Əsl adı Xalid Özdəmir olub. O ilk və orta təhsilini Qalatasaray liseyində alıb. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olub. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirib. Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoyub.

O, "Zaman" qəzetində tərcüməçi işləməklə gücünü əmək fəaliyyətinə yönəldib. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olub və ardınca da şeirlərini dərc etdiribdir, tezliklə də özünün ilk şeir kitabını çap etdirib.

 

Əsərləri

 

1.Sən sən sən

2.Bir qapı önündə

3.Necəsən

4.Mən deyildim

5.Bugün və Bugün

6.Məndən sonra xosbəxtlik

 

Özdemir Asaf 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat edib. Amma kitablarına tələbat indi də var. Xüsusən, sevgi motivli şeirləri oxunur və sevilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sevda Verdiyeva, ADPU-nun Şəki filialının tələbəsi – “Ədəbiyyat və incəsənət” üçün

 

Bəri başdan deyək ki, “Yenilməz batalyon” filmi istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından mükəmməl filmdir.

 

Film yazıcı Qılman İlkinin (Musayevin) “Qalada üsyan” romanı əsasında çəkilmişdir. Ssenari müəllifi Q.İlkinin özüdür. Filmdə Zaqatalaya sürgün olunmuş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların birgə mübarizəsindən danışılır. Hadisələr 1907-ci ildə baş verir. “Yenilməz batalyon” bədii filmi də öz təsir gücünə görə “Qalada üsyan” romanının özündən geri qalmır.

Ssenarisi 1960-cı ildə bəyənilərək təsdiqlənən bu filmin çəkilişlərinə uzun çək-çevirdən sonra 1965-ci ilin sentyabr ayında başlanmışdır. Çəkilişləri 1966- cı ildə başa çatan filmin ilk baxış tarixi həmin ilin fevral ayının 13-də baş tutmuşdur.

Filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, operatorlar Xan Babayev, Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, filmin direktoru Nazim Ələkbərovdur.

Rollarda Tamilla Ağamirova, Vladimir Yemelyanov, İsmayıl Osmanlı, Anatoli Yurçenko, Müxlis Cənizadə, M.Orlov, İsanbet Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə, Mixail Puqovkin, Ceyhun Mirzəyev, Pavel Vinnik, Hüseynağa Sadıqov, Zoya Çekulayeva və başqaları çəkilib.

Bu yazıda məqsədimiz heç də filmi və aktyorların işini təhlil etmək yox, film haqqında bəzi yalnış və əsassız fikirlərə münasibət bildirməkdir. Birincisi, bəziləri iddia edirlər ki, “Yenilməz batalyon” filmi əvvəldən axıra kimi Zaqataladakı qalada çəkilmişdir. Düzdür, əvvəl çəkilişin Zaqataladakı həbsxanada aparılması nəzərdə tutulmuşdu. Lakin bu çəkilişə icazə verilməyib. Ümumiyyətlə, bu filmlə bağlı Zaqtalada hər hansı çəkiliş olmayıb.

“Yenilməz batalyon” filmində titrlərdə adı keçməsə də, burada rejissor köməkçisi kimi iştirak edən R.Dadaşov müsahibələrinin birində deyir:

 “Bütün çəkilişlər Bakıdakı köhnə kinostudiyanın pavilyonunda, eyni zamanda Şəkidə həyata keçirilib. Əsas natura çəkilişləri elə Şəkinin adıyla bağlıdır. Səhnələr Şəkiətrafı, Oğuz (Qırxbulaq səhnəsi, arabanın partlaması), Xanabadda (final səhnəsi) ekranlaşdırılıb.

Deməli, 1964-cü ilin sentyabr ayı idi, bütün heyətlə Şəkiyə yollandıq. Biz iki ekspedisiya ilə Şəkiyə getmişdik. Çəkilişlər zamanı çox böyük çətinliklərimiz oldu. Biz Şəkiyə çatdıq, yerləşdik. Təsəvvür edə bilməyəcəyiniz qədər güclü yağışlar yağmağa başladı. Gözləməli olduq, bir gün, iki gün...

Demək olar ki, hər gün boşluq idi. Yuxudan durub nə edəcəyimizi bilmirdik. Gördük ki, bu yağış kəsən deyil. Bir ay ərzində boş yerə Şəkidə gözlədik. Nəhayət qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini həyata keçirək. Bu gecikmələrdən dolayı filmin çəkilişləri bir ildən çox vaxt aldı.

Böyük səhnələrdən olan həyətdə ev tikilməsi, işçilərin yük daşıması, kazarma, dərzi Yusifin evi pavilyonda qurulmuş səhnələr idi… Bakıdakı pavilyon çəkilişlərini bitirdikdən sonra yenidən Şəkiyə yollandıq. Əsas səhnələr Şəkidəki türmə-qalanın ətrafında reallaşdırıldı. Deməli, türmənin ətrafında dekorasiyalar tikmişdik. Qala çəkilişləri, əsgərlərin addımlaması, barabanların çalınması hamısı orda lentə alınıb…filmdəki dava səhnəsində çəkilənlər əsl idmaçılar olub”

Eyni zamanda Azərbaycan hərbi dairəsinin hissələri də çəkilişlərdə iştirak ediblər. Filmin bəzi epizodlarının (Qırxbulaq səhnəsi və arabanın partlaması) Oğuzda çəkilməsini rejissor köməkçisi R.Dadaşov və kino-tənqidçisi S.Sultanova ilə yanaşı, Oğuz rayonunun onlarla sakini də xoş bir xatirə kimi xatırlayır.

Çəkilişin şahidi olan oğuzlulardan tanınmış ziyalı E.Əzimli qeyd edir ki, yaxşı xatırlayıram, film Bayan kəndində, yeni Filfilli ərazisindəki yolda çəkilib.

Bayan kəndinin sakini S.Üzeyirov söyləyir ki, həmin epizodlar Bayan kəndində Əlican çayının sahili ilə üzüaşağı Bayan talaşına gedən tozlu yolda çəkilmişdir. Hətta Bayan kənd sakini Bəkir kişi öz atı ilə orda epizodik rolda da çəkilib.

G.Mürşidova isə deyirdi ki, bu film mənim gözümün qabağında çəkilib.

V.Çələbiyev də deyilənləri təkrar edir və çəkiliş zamanı məzəli hadisələrin baş verdiyini söyləyir. A.Zakirzadə söyləyir ki, filmdəki qara atı Bucaq kəndindən tapıblar. Sahibi əvvəl atı verməyə razı olmayıb, sonradan razılaşıblar.

İ.İsmayılov isə qeyd edir ki, çəkilişdə istifadə olunan furqon Böyük Söyüdlü kəndindəki keçmiş Muçirin adına kolxozdan götürülmüşdür.

Yuxarıda da qeyd edildiyi kimi filmin final səhnəsi Xanabadda çəkilmişdir.

İkinci mübahisəli məsələ filmdə Teymurun mahnısının kimin ifa etməsi ilə əlaqəlidir. Məşhur mahnını kimin ifa etdiyi əksərən səhv bilinir. Bir çoxları filmdə mahnının ifaçısı kimi C.Mirzəyevin və A.Qəniyevin adını çəkirlər. Halbuki burada səslənən ifa Xalq artistimiz İ.Rzayevə məxsusdur.

Xalq artisti Heydər Anatolu müsahibələrinin birində deyir: “Deməli, “Yenilməz batalyon”da həmin ifanı birinci dəfə atam səsləndirmişdi. O vaxt Moskvaya filmi təhvil verəndə bədii şura bildirib ki, atamın səs tembri ilə böyük  sənətkarımız Ceyhun Mirzəyevin yaratdığı obraz uyğun gəlmir. Ona görə mahnını mərhum sənətkarımız, atamın da yaxın dostu olan İ.Rzayev səsləndirdi”.

Sonda qeyd edək ki, 60 il öncə çəkilmiş “Yenilməz batalyon” filminə bu gün də maraqla tamaşa edilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

 

 

Çərşənbə, 11 İyun 2025 16:28

“Ulduz” – Nemət Mətinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı NƏSR SAATInda sizlərə Nemət Mətinin “Ulduz” hekayəsini təqdim edir.                                                        

 

 

– Böyük ulduz tez sönür. 

– Yəni ulduz ölür?

– Belə də demək olar. 

Nazlı ulduzları seyr edərkən ona baxdım. Suya düşmüş pişik kimi titrədim. "İlahi, o, ulduzdan da gözəldir", – acizanə düşündüm.

– Bəs ulduz niyə axır?

– Əslində, bizə elə gəlir ki, ulduz axır. Meteoritlər atmosferə girmək istəyəndə yanır. 

– Uşaqlıqda axan ulduz görəndə arzu tutardım. Deməli, cəfəngiyyat imiş.

– Arzular bizi məqsədlərə yönəldir.

– Razıyam.

Nazlı mənimlə razılaşanda sanki ürəyimdə od qalandı. Qeyri-ixtiyari onu öpdüm. O utandığından nə edəcəyini bilmədi. Üzünü çevirib getdi.

 

***

 

Artıq evlənmişəm. Bir qızım var. Adını Ulduz qoymuşam. Həmin günün şərəfinə. Nazlı ilə heç nə alınmadı. Atası Nazlını və onun anasını Rusiyaya apardı. Bir daha sevdiyim insanı görmədim. Arabir xəbəri gəlirdi. Qonşularımız qəzet müxbirlərindən daha operativdirlər. Hər şeydən xəbərləri var. Son məlumatlara görə, Nazlı ərə gedib. Varlı bir iş adamına...

İyirmi bir noyabr... Bu əlamətdar günü heç vaxt unutmaram. Gözlənilmədən Nazlını gördüm. Həyat yoldaşı və oğlu ilə baba evinə gəlmişdi. "Bircə onunla danışa bilsəm...", – deyə düşündüm.

O da oldu. İnsan bir şeyi çox istəyəndə olur. Həmişə olur. Nazlıdan başqa hamı harasa qonaq getmişdi. Fürsəti əldən vermədim. Tələm-tələsik qapılarına sarı addımladım. Qapını döyəndə səs çıxmadı. Əllərim sözümə baxmırdı. Birtəhər yerdən xırda daş götürdüm. Var gücümlə qapını döydüm. Nazlı qapını açanda dilim yumalanıb qarnıma düşdü. Dodaqlarım kilidləndi. O dedi:

– Xoş gəlmisən. Necəsən?

Uzun-uzadı susdum.

– Səni görəndə sevindim. – nəhayət, bu sözləri güc-bəla ilə ağızdan çölə atdım. – Yaxşıyam, Ulduz.

Nazlını gülmək tutdu. Güləndə daha da gözəlləşdi. Mənsə çaşdığım üçün dilxor oldum. Utandım. Yer yarılsaydı, düşünmədən içinə girərdim. 

– Keç içəri, utanma.

Heç nə düşünmədən dərbeçədən içəri keçdim.

Sonra nə oldusa, yadıma gəlmir. Sanki sərxoş oldum. Bədənim keyidi. Baş verənlər hər gözümü yumub açanda kadrlar şəklində görünməyə başlayır. Evə keçirəm. Çay içirik. Gülümsəmələr... Nazlı yanağımdan öpür. Soyunuruq. Tərləyirəm. Ürəyimdə sanki od qalanır. Rahatlaşıram...

 

***

 

Nazlıgilin Rusiyaya qayıtmağından bir ay keçib. Qızım Ulduza rəsm dərsindən evə tapşırıq veriblər. Tapşırıq dəftərinə nəzər yetirdim. Müəllim yazmışdı:

"Ulduz çəkin və rəngləyin". 

Rəsm albomunda yer qalmadığı üçün yenisini almağa getdik. Üstündə gəlincik olan albomu aldıq. Qaranlıq düşüb.

Yolda heç nə danışmadıq. Fikirli idim. Qızım sükutu pozdu:

– Ata, ulduzlar da bizimlə evə gedir. 

Başımı qaldırıb ulduzlara baxa-baxa düşündüm: "Sonuncu dəfə Nazlını öpəndə ulduzlara baxmışam..."

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

 

 

Manşet

 

Qərbi Azərbaycan

 

 

 

Ədəbiyyat və incəsənət” portalı bu gündən etibarən sizlərə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim etməyə başlayır. Bu gün sizlər üçün layihənin məramı barədə ADPU-nun prorektoru, Dərələyəz, Keşkənd icmasının rəhbəri, professor Mahirə NAĞIQIZI,tədqiqatçı-hüquqşünas Səməd VƏKİLOV və  texnika elmləri doktoru, professor, ADPU-nun rektoru Cəfər CƏFƏROV danışırlar.

 

 

 “Keçmiş zamanlarda Azərbaycanın torpaqlarının bir qismi əlindən gedibdir. Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır”.

         Ümummili Lider Heydər Əliyev:

 

Əziz oxucular, daşına, torpağına vətən dediyimiz, hər parçası Azərbaycan türklərinin qanı ilə yoğrulmuş, nisgillərimizin, həsrətlərimizin ünvanı olan Qərbi Azərbaycana həsr edilən bu layihədə fərqli çalarların olması tamamilə təbiidir.

       Bir parça daş vətəndir,

Hər yerdə baş vətəndir!

Bu poetik düşüncənin məna çalarlarının əsas motivi vətən sevgisi olmaqla bizim özümüzü də vətənin bir parçasına çevirir.

Hədəfimiz öz doğma yurdumuz olan  Qərbi Azərbaycana qayıdışdır. Bu qayıdış isə təkcə mənəvi amillərlə özünü ehtiva etmir. Bu məsələdə  tarixi və  hüquqi aspektlərdən yan keçmək mümkün deyil. Bütövlükdə Qərbi Azərbaycana qayıdış konsepsiyası mənəvi-hüquqi, tarixi aspektləri özündə əks etdirən irimiqyaslı bir fəaliyyət sahəsidir. Azərbaycan dövlətinin siyasi prioritetinə çevrilən Qərbi Azərbaycana qayıdış hərəkatı  yurd-yuvasından zorla çıxarılmış yurddaşlarımızın iradəsinin ifadəsidir və  tarixi şüura əsaslanır. Tarixi aspekt, Qərbi Azərbaycan ərazisində olan tarixi abidələr, toponimlər  qırğınlar nəticəsində tarixdən silinmiş, dağıdılaraq xarabalığa çevrilmiş kəndlər.  Bir də unutmayaq ki, vətən torpaqlarının mənəvi bütövlüyünün qorunduğu yeganə ünvan folklorumuzdur. İrtica nə qədər vətənimizi parçalasa da, folklorda vətən torpağının hüdudları tamdır! Vətənimiz Bütöv Azərbaycandır!  Bu bütövlüyü yaşadan isə bizim vətən övladlarıdır. Şifahi yaddaşımızın daşıyıcılarıdır ki, onlar bu mədəniyyəti nəsildən-nəslə ötürür. Zəngin mədəni irsə malik olan Qərbi Azərbaycan folklorunun öyrənilməsi, təbliği və mühafizəsi günün aktual problemi olaraq qalmaqdadır.  Beləliklə, bu bütövlük ədəbiyyatımızda, mədəniyyətimizdə, incəsənətimizdə özünün varlığını yaşadır.  Bu mənəvi dəyərlər sistemi bizim Qərbi Azərbaycana qayıdışımızı təmin edəcək ən həlledici amildir. Bu mənəvi dəyərlərin əsasını isə inam təşkil edir. Biz zaman-zaman bu inamı dövlət rəhbərlərimizin dilindən eşitdikcə qayıdışa olan ümidlərimiz qəlbimizdə daha da möhkəmlənir. 

Ümumilli Lider Heydər Əliyev Qərbi Azərbaycandan olan bir qrup şəxslə görüşündə qayıdışa olan sarsılmaz inamını ifadə edərək qeyd etmişdir:"Azərbaycan xalqının bu əzab-əziyyətinə görə hər şey onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz".

Uğurlu siyasi varis, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu mövzuda olan hər çıxışı qayıdışa olan inamın dönməzliyini bir daha təsdiq edir. Prezident İlham Əliyev:"Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq!.

 Qayıdışın  hüquqi aspektlərinə gəldikdə Ümummilli lider Heydər Əliyev tərəfindən vaxtı ilə qəbul edilmiş   18 dekabr 1997-ci il tarixli  1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaq-larından  kütləvi surətdə deportasiyası haqqında,   28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanlarla  Qərbi Azərbaycana qayıdışın təmin olunması istiqamətində  fəaliyyət üçün hüquqi təminatlar yaradır.

Qərbi Azərbaycandan zorakılıqla çıxarılmış şəxslərin öz yurdlarına qayıtması  beynəlxalq hüquqa əsaslanır. Azərbaycan və Ermənistan respublikalarının radifikasiya etdiyi BMT-nin 10 dekabr 1948-ci il tarixli  "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sinin 13-cü maddəsində deyilir:  "Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir".

       Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən,heç kəs öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməz.

         "Qaçqınların statusu haqqında Cenevrə  Konvensiyası", "İnsan hüquqları haqqında Beynəlxalq Bill", "İqtısadı, sosial və mədənı hüquqlar haqqında Beynəlxalq Pakt", "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya", "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya", "Uşaq hüquqları haqqında Konvensiya"və s. beynəlxalq sənədlərdə  Qərbi Azərbaycandan deportasiya edilmiş vətəndaşlarımıza  verilmiş hüquq və azadlıq-lar kobud şəkildə pozulub. Eyni zamanda bu sənədlər onların öz yurdlarına qayıtması üçün hüquqi təminatlar yaradır. 

Cənab Prezident İlham Əliyev  gənc nəslin tərbiyəsi ilə bağlı çox vacib məqama toxunaraq söyləyir: "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, yüz il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi". 

"Biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik.  İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq!" – deyən Prezident İlham Əliyevin sarsılmaz inamı və bütün platformalarda  bu taleyüklü məsələdə səfərbər olunmaqla  biz hədəfimizə çatacağıq.  

Əziz oxucu, bu layihə Azərbaycan türklərinin ana yurdu olan Qərbi Azərbaycana qayıdış hərəkatına kiçik bir töhfədir. Tarixi keçmişimizi unutmayaq. Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!   

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.