
Super User
Azərbaycan Jurnalistikasının Nəhəngi: Şirməmməd Hüseynovun İrsi və Fəaliyyəti
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Azərbaycan mətbuat tarixinin öyrənilməsində və jurnalistikamızın elmi əsaslarla inkişaf etdirilməsində Şirməmməd Hüseynov əvəzedilməz şəxsiyyətlərdən biridir. 1924-cü ildə doğulan və bu gün 100 illik yubileyini qeyd etdiyimiz Şirməmməd Hüseynovun zəngin elmi və pedaqoji fəaliyyəti, həmçinin jurnalistikaya töhfələri onun Azərbaycan ictimai fikri tarixində önəmli yer tutduğunu göstərir.
Həyatı və Əsas Fəaliyyətləri
Şirməmməd Hüseynov Bakı Dövlət Universitetində uzun illər pedaqoq kimi çalışmış, jurnalistika fakültəsində Azərbaycanın gələcək jurnalistlərini və tədqiqatçılarını yetişdirmişdir. Onun elmi maraq dairəsi Azərbaycan mətbuatının ilk nümunələrini, xüsusilə Həsən bəy Zərdabi və “Əkinçi” qəzetini araşdırmağa yönəlmişdir. O, Azərbaycanın maarifçilik ənənələrini dərindən öyrənərək, milli mətbuatın inkişafına və demokratik dəyərlərin təbliğinə xüsusi diqqət yetirmişdir. Hüseynovun məqsədi, jurnalistikanın təkcə informasiya ötürmək deyil, eyni zamanda maarifləndirici və ictimai fikir formalaşdıran bir qüvvə olduğunu sübut etmək idi.
Hüseynovun tədqiqatlarının əhəmiyyətli hissəsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, xüsusilə Əlimərdan bəy Topçubaşovun siyasi və diplomatik fəaliyyətinə həsr olunmuşdur. O, Topçubaşovun əsərlərini sistematik şəkildə toplayaraq nəşr etdirmiş, bu yolla Azərbaycan tarixinin bu vacib dövrünü daha dərindən anlamağa imkan yaratmışdır. Hüseynov bu araşdırmaları ilə yalnız mətbuat tarixini deyil, həm də Azərbaycan siyasi düşüncə tarixini işıqlandırmışdır.
Elmi İrsi
Şirməmməd Hüseynovun elmi irsi, Azərbaycan jurnalistikasının tarixi inkişaf mərhələlərinin araşdırılmasında əvəzedilməz bir mənbədir. O, milli mətbuat tariximizin təməl sütunlarını təşkil edən Əkinçi, Molla Nəsrəddin və digər mətbu nəşrlərin ideoloji, bədii və ictimai aspektlərini dərindən təhlil etmişdir. Onun ən mühüm əsərlərindən biri, Həsən bəy Zərdabi: həyat və irs kitabıdır. Bu kitab vasitəsilə Şirməmməd Hüseynov yalnız bir maarifçinin deyil, həm də milli mətbuatın atası hesab edilən Zərdabinin Azərbaycan cəmiyyətinə təsirini ətraflı təhlil etmişdir.
Hüseynov həm də jurnalistikaya yeni yanaşmalar gətirən elmi əsərlərin müəllifi olmuşdur. Onun tədqiqatlarında jurnalistikanın etik dəyərləri, ictimai məsuliyyəti və maarifçilik funksiyaları xüsusi vurğulanır. O, gənc jurnalistlərə təkcə peşəkar biliklər deyil, həm də ictimai məsuliyyət anlayışı aşılamışdır.
Pedaqoji Fəaliyyət və Şəxsi Keyfiyyətləri
Pedaqoq kimi Şirməmməd Hüseynov tələbələri ilə yaxın münasibətlər qurmuş, onların yalnız peşəkar inkişafına deyil, həm də mənəvi dünyasına təsir göstərmişdir. Onun dərsləri təkcə elmi biliklərlə deyil, həm də jurnalistika sahəsində etik və mənəvi prinsiplərlə zəngin olmuşdur. Tələbələrinin xatirələrində Şirməmməd Hüseynov mehriban, anlayışlı və fədakar bir müəllim kimi qalmışdır.
Hüseynovun şəxsi keyfiyyətləri onun peşəkar fəaliyyətinə də sirayət etmişdir. O, həm yazılarında, həm də pedaqoji fəaliyyətində milli dəyərləri, obyektivliyi və maarifçilik ideyalarını rəhbər tutmuşdur.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
GÜNƏ SÖZARDI: Vaqif Mustafazadə və Tofiq Bayram
Könül, “Ədəbiyyat və incəsənət”
Vaqif Mustafazadə və Tofiq Bayram. Məşhur cazmen və məşhur şair. Onları tək populyarlıqları birləşdirmir, həm də 16 dekabr tarixi birləşdirir.
VAQİF MUSTAFAZADƏ
16 dekqbr Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 45 il bundan əvvəl Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
V.Mustafazadənin musiqi stili “Caz-Muğam” adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir: Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Onun işıqlı xatirəsi daim xalqımız tərəfindən əziz tutulur, hörmətlə anılır.
TOFİQ BAYRAM
Tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Bayramın isə bu 16 dekabr günü doğum günüdür, anadan olmasının 90-cı ildönümüdür.
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib.
Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə edib. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da, onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci il sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında Ümummilli Lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Biz ki unutmuşduq ilk məhəbbəti,
Ah bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Bu isə unudulmaz Tofiq Bayramın bir bənd şeiridir.
Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.
Hər iki böyük sənətkarın ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Gənclər Kitabxanasında Səttar Bəhlulzadənin 115 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb
Bu il adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həkk olunanan Dövlət mükafatı laureatı, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyi tamam olur. Gəncləri biri-birindən dəyərli əsərlərin müəllifi, görkəmli rəssamın həyat və yaradıcılığı, təsviri sənətimizi zənginləşdirən böyük irsi ilə tanış etmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülleteni və “Səttar Bəhlulzadə-115” adlı ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Gənclər Kitabxanasından verilən məlumata görə, materiallarda rəsmi sənədlər, “Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə” adlı
məqalənin tam mətni, görkəmli şəxslərin Xalq rəssamı haqqında söylədikləri dəyərli fikirlər, Səttar Bəhlülzadənin zəngin fəaliyyəti boyunca layiq görüldüyü təltif və mükafatlar haqda məlumatlar təqdim edilir. “Təbiətin Səttar möcüzəsi” adlı məlumat bülletenində Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən 1958-2024-cü illərdə nəşr edilən “Sonuncu dərviş”, “Səttar Bəhlulzadə: gözəlliyə həsr olunmuş həyat”, “Səttar Bəhlulzadə nağılı”, “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi”, “Boyalarda yaşayan ömür” kimi Azərbaycan və rus dillərində 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahısı təqdim edilir. Virtual kitab sərgisində Xalq rəssamı Səttar Bəhlulzadənin Azərbaycanın füsünkar təbiətinin gözəlliklərini özünəməxsus tərzdə təsvir etdiyi, istedadlı, ecazkar dünyasının əksi olan əsərləri foto və video formatda sərgilənir, görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Badımcan, pomidor, bibər dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Badımcan, pomidor, bibər dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Ət – 117 qr
§ Badımcan – 140 qr
§ Pomidor – 130 qr
§ Bibər – 30 qr
§ Soğan – 20 qr
§ Müxəşşər – 42 qr
§ Quru mərzə – 10 qr
§ Ağ reyhan – 10 qr
§ Yağ – 20 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ darçın – 0,2 qr, qatıq – 70 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Badımcan soyuq suda yuyulur, saplaq tərəfi kəsilir, bıçaqla içi oyu- lur, duzlu suda içi təmizlənib, duz və istiot əlavə olunur. Bolqar bibəri yu- yulur, baş tərəfi qapaq kimi kəsilir, pomidorlar yuyulur, baş tərəfi qapaq kimi kəsilib, içi təmizlənir.
Içlik üçün: qoyun və ya mal əti qiymələnir, bişirilir. Soğan qızardı- lır, üzərinə ət, ayrıca bişmiş, noxud ləpəsi əlavə olunur. Duz, istiot, quru mərzə, ağ reyhan vurulur.
Badımcanlar yüngülcə sıxılaraq suyu çıxarılır, pomidor, bibər və badım- canlar iç ilə doldurulub bişirilir. Dar- çın, sarımsaq və qatıqla süfrəyə verilir.
Bu xörəyi zövqə görə bəzən bi- bərsiz də bişirirlər, yəni badımcan- pomidor dolması kimi.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Gülüş klubunda Əsəd
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bizim siyasətçilər Domokl qıllncı və Qordi düyünü problemlərini həll edə bilmirlər. Halbuki, bu çox asandır. Domokl qılıncını götür və Qordi düyününü parçala.
2.
Görəsən Bəşər ƏSƏDin faciəsinə ƏSƏD Cahangir də təəssüfləndimi?
3.
-Vətəndaş müttəhim, insan imkan daxilində düzgün yaşamağa çalışmalıdır.
-Vətəndaş hakim, vallah imkan yoxdur.
4.
Kəndirbazın menyusuna:
Kəndir üzəriylə gedərkən asqırma. Əks halda “sağlam ol” kəlmələrini eşitməyə bilərsən.
5.
Bir dəfə HƏMİN O tanınmış millət vəkilinə deyirlər ki, get 4x3 şəkil gətir.
Millət vəkili sual edir:
-12 dənə şəkil sizin nəyinizə lazımdır?
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
PA - Uğur barədə söylənilən növbəti dəyərli fikirlər
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.
Beləliklə, növbəti 10 aforizm:
7.
Səndən hərəkət, məndən bərəkət.
Azərbaycan atalar sözü
Uğurun yol yoldaşı nizam-intizamdır.
Çin atalar sözü
Qələbə günü yorğunluq hiss olunmaz.
Fars atalar sözü
Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır.
İtalyan atalar sözü
İnsan heç vaxt uğurdan doymaz.
Yunan atalar sözü
Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən.
L.Blanki
Məqsədi böyük olan iş böyük sayıla bilər.
A.Çexov
Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz.
T.Drayzer
Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən.
D.Didro.
Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik.
R.Emerson
Şəkildə: D.Didro
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Aysel Fikrətin ən sevdiyi şeir Vaqif Bayatlı Odərdəndir
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Şeirlər şairin ruhunun sözlərə damla- damla köçməsidir.
Hər misra hissləri oyandıran bir gücə malikdir.
Rubrikamızın bugünkü qonağının da poeziya olan sevgisi sonsuzdur.
Bəli, bugünkü qonağımız:
"Əlində əriyən qar dənəsidir,
Bilmədən ömrünə gələn sevgilər.
Qatarın ardıyca qaçıb yıxılsan,
Sənə gendən baxıb, gülən sevgilər." -- söyləyən Aysel xanım Fikrətdir.
-Xoş gördük, əziz Aysel xanım. Artıq məlumdur ki, Ədəbiyyata, İncəsənətə bağlı olan Aysel xanımın bu sevgisi tükənməzdir. Elə bu an üçün ona söyləsək ki, " Sevdiyin şeiri gəl mənə söylə", Aysel xanım bizə hansı şairin yaradıcılığından şeir söyləyər?
-Sevdiyim şairlər çoxdur; Ramiz Rövşən, İsa İsmayılzadə, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Əli Kərim, atam- Fikrət Sadıq, Nazim Hikmət, Musa Yaqub, Məmməd Araz, Cabir Novruz və digərləri, uşaqlıqdan onların şeirləri ilə böyümüşəm, həyatı anlamışam.
Onun üçün də rubrikanızın şərtinə görə bir şairi seçməkdə çətinlik çəkdim, xatirimdə gözəl şeirlər çoxdur, amma elə bu an üçün, ovqata görə Vaqif Bayatlı Odərdən bir şeir söyləyəcəyəm.
Mən zalım adamam, kamança.
Qardaşım ağaclar, bacım çiçəklər,
Bir də söz tutdu sizi,
Söz tutdu, sevda qurutdu,
Üz tutub yüyürməyin mənə sarı,
Bağlanıb gözümün
Yaş qapaqları.
Dünyanın bəla qapıları
Qala qapıları, daş qapıları,
Yetim qapıları, boş qapıları
Bağlanıb könlümə, bağlanıb
Bağlanıb gözümün yaş qapaqları
Mən söz bəlasıyam,
Zalım tifilli.
Sürüşüb alnımdam Tanrının əli
Daha sən də
Sən də ağladammazsan məni
Mən zalım adamam, kamança.
Yenə deyirəm, şeir içində böyümüşəm. Şeir mənim çörəyim, suyum olub. Ayrı dünyanın adamı olduğumdan bu dünyaya heç sığmadım, birtəhər sürünüb keçirəm bu dünyadan, ən çətin ən dözülməz anımda da dadıma çatan yenə şeir olur. Dünyada ən az inanılan şairlər olur deyirlər.
"Aldanma ki, şair sözü əlbəttə yalandır" - Füzuli deyib.
Hərçənd bunu deyirlər, mən şair övladıyam mənim inandığım yer də şeirdi və müqəddəs şairlərdi .
Nə qədər sağam, bu belə də olacaq.
Sizə bu rubrikanı yaratdığınız üçün minnətdaram. Dəvət üçün də təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
“Xəmsə”nin “Xəzinə”si Gəncədə nümayiş olunub
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrı dahi Nizami Gəncəvi fəlsəfəsindən bəhs edən "Xəzinə" tamaşası ilə ulu şairin yurdunda- Gəncədə qastrol səfərində olub.
Yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı, baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi iki hissəli pritça baş rəssam Elşən Sərxanoğlunun bədii həlli ilə Nizami konseptini- bəşəri problemləri, yaradılışın sosial- fəlsəfi mahiyyətini, irfani düşüncəni özündə ehtiva edir.
Şairin beş əsəri də pritçada istifadə edilib. Tamaşa boyu zəka ilə daş-qaş mübarizəsi verilir.
Tamaşanın musiqi tərtibatçısı Telman Qəniyev, icraçı rəssam Nizami Dadaşovdur.
Gəncə tamaşaçıları "Xəzinə"ni alqışlarla qarşılayıb.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
POETİK LÖVHƏLƏR, Ramiz Qusarçaylı, “Qar”
Yurdumuza qış gəlib. Bu şənbə hər yan ağappaq örpəyə büründü. Eləcə də cənnətməkan Qubanıza qar yağdı. Ustad şair Ramiz Qusarçaylı da dərhal qara bir gözəlləmə həsr etdi.
“Ədəbiyyat və incəsənət” portalı “Qar” şeirini sizlərə təqdim edir.
Qar
Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qübarı
Tox toxa söylənir, ac aca, - qardı.
Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...
Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.
Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də
Bu qar sirli qardı, tapmaca qardı.
Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə,-
Adına gəlincə,- bir heca, Qardı...
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Yazarlar 2024-cü ili necə uğurlayırlar? - III yazı
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Təqvimlə üz-üzə dayanıb dərləşdiyimiz çox olur. Düşünürük ki, hər təqvim vərəqində bizdən nəsə var... Eləcə də, düşündüyümüzə, etdiyimizə hər keçən gün özündən nəsə qatır.
Bəlkə də, insanın günləri adlandırmağı, təqvim yaratmağı onun ehtiyacından çox, xəyalı idi. Xəyallar ehtiyacdan doğulmur, insanın yaşamaq ehtiyacının özüdür. Xəyallarından sabaha saxlamayan insan elə həmin gecə ölür…
Bəlkə də, ilin son ayında ili dəyərləndirmək ehtiyacım gələn ilə saxladığım ümidlərimin cücərmə ehtimalını artırmaqdır mənimçün. Qələm dostlarımla 2024-cü ilin yazılarımızın içindən necə keçib getdiyini müzakirə etdik. Üz tutduğum ilk qapı Ustad Əkbər Qoşalı idi, son qapı da “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdir. Dediyinə görə, 2024-cü ili də ürəklə “yaşadım” dediyi illər siyahısına salıb:
“Maraqlı il oldu 2024-cü il... Bir an kimi keçib getdi. Ümumiyyətlə, bir yaşdan sonra insana elə gəlir ki, ömür atlanıb, harasa naməlum sona doğru çapır. Çapağan atı da zamandır. Bu ilin əvvəli yaradıcılığım üçün düşərli oldu. Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova yaradıcılığıma həsr etdiyi “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab yazdı. Kitab "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin "Ədəbiyyatşünaslığa dəstək” layihəsi çərçivəsində nəşr edildi. Kitabın məqsədi mənim şeirlərimdəki estetikanın, bədii dillə ifadə edilən aksioloji dəyərlər sisteminin anlaşılması, təhlili, şeirlərimin bədii strukturunun və ideyasının (məzmununun) böyük ədəbiyyatla vəhdətləşməsinin önə çəkilməsidir. Keçən aylar göstərdi ki, kitab məqsədinə çatdı. Bir çox söz adamları, sözə dəyər verənlər kitab haqqında yüksək fikirlər söylədilər. Geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanan kitabın redaktoru sevimli uşaq yazarımız Sevinc Nuruqızı, rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır. Üz qabığındakı portretin müəllifi “Ulduz”un rəssamı, əsl sənət fədaisi Ədalət Həsəndir.
Yaradıcılığımla bağlı ikinci kitabın müəllifi şair- publisist, AYB və AJB- nin üzvü Təranə Dəmirdir. “Mücrü” nəşriyyatında nəşr olunan kitab “Üşüyəndə özünü yandıran şair” adlanır. 7 məqalədən ibarət olan kitabın naşiri Müşfiq Xan, ön sözünün müəllifi və redaktoru AYB və AJB- nin üzvü Nəzirməmməd Zöhrablıdır. Öz həmkarımın bu cür kitab yazmağı, əlbəttə, əlamətdar hadisədir.
Qısa vaxt ərzində yaradıcılığım haqqında həm bir alimin, həm də bir yazıçının kitab yazmasını yüksək qiymətləndirirəm. Qeyd etməliyəm ki, bu kitablar qətiyyən bir-birinə bənzəmir. Kəmalə Umudova yaradıcılığımı elmi cəhətdən təhlil edib, Təranə Dəmir isə poetik cəhətdən.
2024-cü ildə uzun-uzun düşüncələrdən sonra, nəhayət, yeni şeir kitabımın nəşrinə qərar verdim. “Görsən üşüyürsən...” adlı kitabımda həm əvvəl yazmış olduğum, heç bir yerdə çap olunmayan, həm də son illərdə yazdığım şeirlər yer aldı. Kitabın nəşrə hazırlanmasında redaktorum Günay Səma Şirvan və gənc dostum, məni şeir kitabı çıxarmağa, bir növ, təşviq edən Süleyman Muradlı çox kömək etdi. Naşir Tural Axundova da nəfis tərtibat üçün mütəşəkkirəm.
Bu kitabların üçü də yaz fəslində işıq üzü görüb. Beləcə, deyə bilərəm ki, bu 3 kitab 2024-cü ili mənim yaradıcılığımçün bir fəslə-yaz fəslinə çevirdi.
Redaktoru olduğum “Ulduz” jurnalı üçün də 2024-cü il dopdolu keçdi. “Ulduz” jurnalının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM) əməkdaşlığı çərçivəsində keçirilən hekayə müsabiqəsi uğurla başa çatdı. “Məişət zorakılığına YOX deyək!” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi də elə yaz fəslində baş tutdu. Hazırda “Ulduz” və İSİM növbəti müsabiqəni-“Narkomaniyaya YOX deyək!” adlı müsabiqəni həyata keçirir. Qaliblərin adı yaxında açıqlanacaq.
Eyni zamanda, “Ulduz” jurnalının Azərbaycan Ədəbiyyat Fondu ilə birgə təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi, Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi də uğurla keçirildi. Hər iki müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi də ədəbi hadisə kimi yadda qaldı.
“Ulduz”un keçən ilin sonları-bu ilin əvvəlində oxuculara təqdim etdiyi xüsusi nömrələr də ədəbi hadisə dəyərindədir. “Yeni nəsil: proza”, “Yeni nəsil: poeziya”, “Yeni nəsil:tənqid” buraxılışları ədəbiyyatşünaslığımıza da töhfədir. Jurnalın Qərbi Azərbaycana həsr olunmuş xüsusi nömrəsi Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqres çərçivəsində təqdim olundu.
2024-cü ildə “Ulduz” jurnalının imza atdığı bir ilk də oldu. Sentyabr sayını bütövlükdə Qardaş Türkiyə ədəbiyyatına həsr etdik. Və bunu olduqca orijinal şəkildə etdik: “Genç Yürekler” dərgisinin bir sayını bütövlükdə “Ulduz”da nəşr etdik. İlin sonunadək “Ulduz”un bir nömrəsi də Ankarada –“Genç Yürekler” dərgisində işıq üzü görəcək. Bu, ortaq ədəbiyyat tariximiz naminə qarşılıqlı atılmış uğurlu addımlardır.
“Ulduz”un dahi Füzuliyə həsr olunmuş buraxılışı haqqında danışmağı isə sənə həvalə edirəm, Şəfa. Əminəm ki, “Ədəbiyyat və İncəsənət” saytının oxucuları üçün “Ulduz”un həmin sayı üçün gözəl bələdçi olacaqsan.
2025-ci il üçün də planlar çoxdur. Plan tutmaq asandır, o planı həyata keçirmək də... Əsas olan ömrü yaşamağı bacarmaqdır. Şükür, hələ ki, “bu ömrü yanlış gəldim” deməyimiz olmayıb...”
Əziz oxucu, şair Qulu Ağsəsin sözünə əməl edərək sizi “Ulduz” jurnalının Füzuliyə həsr edilmiş xüsusi buraxılışı ilə tanış etməyə tələsdim. Və bəribaşdan demək istəyirəm ki, Azərbaycan ədəbiyyatının Füzuliyə deyəcək sözü heç vaxt bitməyəcək... “Ulduz” jurnalının bu buraxılışı mənim Füzuli yaracıdılığına, onun şair kimi daxili dünyasına baxdığım nəfəsliyin çərçivələrini bir az daha genişlətdi. Və o qismi genişlikdə gördüklərimdən yazıram...
Filologiya elmləri doktoru Pərvanə Bəkirqızının redaktorluğu ilə nəşr olunan xüsusi buraxılış prezident İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli, Füzulinin 530 illiyinə həsr olunmuş tədbirlər planının həyata keçirilməsinə dair Sərəncamı ilə açılır. Ulu Öndər Heydər Əliyevin 8 noyabr 1996-cı ildə Respublika sarayındakı nitqini də jurnaldan oxuyuruq. Dahi şairin 500 illik yubileyinə həsr edilmiş təntənəli nitq bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat tarixinə dərindən bələd olub. “Məhəmməd Füzuli öz yaşadığı dövrdən əvvəlki dövrü geniş təhlil etmiş və həm Şərqin ona qədər yaratdıqlarını, həm də qədim yunan, rum antik ədəbiyyatının, qədim hind ədəbiyyatının nümunələrini öz əsərlərində cəmləyərək, yaradıcılığında Şərqin və Qərbin sintezinin nəticəsi olaraq şeirin, elmin, fəlsəfənin ən yüksək zirvələrinə çatmışdır"-bu cümlədə Ulu Öndərin Füzuliyə olan sevgisi, mənəvi bağlılığı da duyulur... Çünki, Füzuli bəşəri şairdir. Onun şeiriyyəti bəşəriliyi elmi, təfəkkürü sayəsində qazanıb. Yenə qarşımıza “oxumaq, öyrənmək” prinsipi çıxır. Tarixə, ədəbiyyata, bəşərə bələd olmaq yaradıcılığı fərdilikdən uzaqlaşdırır, bəşəri edir.
"Heydər Əliyevin Füzuli sevgisi" adlı yazıda qeyd olunur ki, Naxçıvanda orta məktəb şagirdi olarkən belə, Heydər Əliyev Füzuli yaradıcılığının sirrinə vaqif imiş. Həmçinin, uşaqlıqdan yaradıcılığa-rəssamlığa, memarlığa böyük maraq göstərirmiş. Onun çəkdiyi ilk rəsm əsərlərindən biri Füzulinin portreti olub. Portret həmin dövrdə məktəblilərin rəsm əsərlərindən ibarət müsabiqədə l yeri qazanıb.
Firudin bəy Köçərli “"Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs"” adlı yazısında belə qənaətə gəlir ki, Füzuli öz ana dilini həddən artıq sevdiyindən türkcə yazıb. Məqaləsi boyunca Füzulinin şeirlərindən misal çəkməməyə çalışır. Bunu belə izah edir: "Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır".
Mirzə Cəlilin "Füzuli" adlı yazısı da maraqlıdır. Mən bu yazıda Qulu Ağsəsi də tapdım və onun həmişə dediyi bir fikri yada salıb gülümsədim. Qulu müəllim etiraf edir ki, biz sözün ehtiva etdiyi məna yolunun ilk deyil, növbəti yolçularıyıq. Biz elə yeriməli, bizdən əvvəl şəninə min şeir qoşulmuş bir əlçim otu, mamırlı daşı elə təsvir etməliyik ki, bu yolda iz qoya bilək. Mirzə Cəlilin indi misal çəkəcəyim cümləsi isə həm Füzulini öyür, həm də bizi Qulu Ağsəsə gözüyumulu inanmağa vadar edir: “Keçmiş əsrlərdən gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıblar".
Abdulla Şaiq "Füzuli haqqında düşüncələrim"də əmindir ki: “O, mühitinə deyil, mühiti ona yabançı qalmışdır". Razılaşmamaq olmur. Yazı əhlinin, ümumdan fərqli düşüncə sahiblərinin hamısı haqqında “zəmanə adamı deyil” demirikmi? Ardınca "Həyatın ən böyük məktəb" olduğunu deyən Abdulla Şaiq yazır: "... Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran onu həyata bağlayan iztirablardır".
"Füzuli və onun yeri" adlı yazının müəllifi Bəkir Çobanzadə isə Füzulinin mövcudiyyətinə daha romantik yanaşır: "Füzuli dörd yüz il əvvəl ədəbiyyatımızın dumanlı-buludlu üfüqlərində doğmuş, ölməmişdir". “...ədəbiyyatımızın dumanlı-buludlu üfüqləri...” Necə kədərli, necə sevindirici və necə də düşündürücüdür. İndi mən-XXI əsrin hansı qırışının arasında yeri olduğunu müəyyənləşdirə bilməyən Azərbaycan şairi ədəbiyyatımızın üfüqlərində gördüklərimin fərqindəyəmmi? Ya siz, əziz oxucu, siz bu üfüqlərdə nə görürsünüz? Dərin suallardır... Yenə təsəllimiz Bəkir Çobanzadənin başqa bir cümləsidir: “İstiqbal Füzuli kibi səmimi şairlərindir".
Cəfər Cabbarlı "Füzuli haqqında" yazısında dahi şairi öyməklə qalmır, onun milli ədəbiyyat tariximizdəki yerini bir daha təsdiqləyir: "Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi". Əkrəm Cəfər isə "Füzulinin yubileyi qarşısında qəlbim" adlı yazısında xalqımızın şairə, şeirə qiymət verməsindən bəhs edir. Müəllif Füzuliyə verilən qiymətdə onun ruhən də, fikrən də öz xalqına doğmalığının payı olduğu düşüncəsindədir: "Azərbaycan xalqı da ölməz şairini qəlbinin bütün həyəcanıyla sevir, beyninin bütün girinti-çıxıntılarıyla anlayır..."
Məsud Əlioğlunun jurnalda 3 yazısı yer alıb. O, "Füzuli və müasir ədəbiyyatşünaslığımız" adlı yazısında Həmid Araslının və Mir Cəlal Paşayevin Füzulinin fikir dəryasından tapıb üzə çıxartdıqları inciləri tanıtdırır. Qeyd edir ki, "Həmid Araslı Füzuli yaradıcılığını təhlil etməzdən əvvəl şairin yaşayıb-yaratdığı dövrü və bu dövrün mürəkkəb siyasi, tarixi hadisələrini elmi dəlillər əsasında təhlil edir". Bu cümlə məni kədərə qərq etdi; bunu etiraf etməliyəm. Çünki son illərdə oxuduğum bəzi ədəbiyyatşünaslıq mətnlərində haqqında danışılan imzanı öz əsrindən, zəmanəsindən kənarda təqdim etmək cəhdi var. Və mən bu cəhdi qəsdli hesab etmirəm... Mətn müəllifinin ya vaxt yetməzliyindənmi, ya elə hövsələsizliyindənmi imzaya köklənib, o imzanı yetirən, püxtələşdirən dövrü açmamağı məni həm təəccübləndirib, həm də peşman edib... “Niyə oxudum?” deyildi peşmanlığım, əsla! “Niyə özüm bu imzanın zəmanəsini araşdırmağa vaxt sərf etməmişəm?” peşmanlığıydı bu... Peşmanlığı xatırlamaq da bir kədərdir. Özü də, ədəbi kədər... Nə isə... Məsud Əlioğlu deyir ki: “Mir Cəlal daha çox Füzulinin hiss və həyəcanlarını, arzu və meyillərini, fəlsəfi - əxlaqi görüşlərini ifadə edən lirikasını, qəzəllərini təhlil edib qiymətləndirmişdir". Demək, Füzulinin romantikasını Mir Cəlalın araşdırmalarında, reallığını isə Həmid Araslının araşdırmalarında axtarmalıyıq, əziz oxucu. Bu mənada, Məsud Əlioğlunun "Füzuli və müasir ədəbiyyatşünaslığımız" yazısını yolgöstərən saymaq olar.
"Füzuli sənətinin iki əsas canlı məsdəri vardır : eşq və idrak". Bu cümlə isə Məsud Əlioğlunun "Füzuli kədəri"adlı yazısındandır. Demək, Füzulinin araşdırmaçılarını araşdıra-araşdıra Məsud Əlioğlu özü də yekun qərara gəlməyi bacarıb. Bu qətiyyət Məsud Əlioğlunun Füzuli yaradıcılığının bətninə doğru uzanan yolunda nailiyyətidir. "Füzuli və Üzeyir" yazısında isə Məsud Əlioğlu oxucuya Şərq ədəbi mühitinin Füzuli sirrini açır: “Füzuli tükənməzlik xüsusiyyəti-möcüzəsi ilə ağılları, ürəkləri heyran qoymuşdur". Hə, gəlib çıxdıq örkənin doğanaqda ilişdiyi yerə...Tükənməzlik... Şairin, ümumən, Tanrının öz yaratmaq qüdrətindən bir çimdik bəxş etdiyi insanın tükəndiyi məqamlar çox olur. Bu mənada kimsə “tükənmərəm” deyib sinəsinə döyürsə, səmimi deyil. Buradan-bu uzaqlıqdan Füzuliyə baxarkən Məsud Əlioğlu onun tükənməzliyini görür. Elə biz də görürük və heyrətlənirik. Amma əminəm ki, Məsud Əlioğlunun “möcüzə” adlandırdığı sirrin özünün də batinində bir sirr var: Füzulinin tükənmişlik uçurumundakı çırpıntıları... Biz o tükənmişlik uçurumuna dair Füzuli yaradıcılığında heç bir iz görmürük. Ona görə ki, Füzuli oradakı çırpıntıların belə, yaradıcılıq üçün xammal olduğunu bilirdi! Dahilik bir də bundadır!
Jurnalda Füzuliyə ithaf edilmiş poeziya nümunələri də yer alıb. Əlağa Vahid "Füzulidən təxmis"də “Həyatı, aşiqin eşq olmasa, əfsanə bir röya..." deyir. Füzulinin aşiqliyi necə görməsinin ədəbi güzgüsüdür bu misra. Rəsul Rza isə üzünü Füzuliyə tutsa da, əbədi sualını bütün ədəbiyyata -burada ədəbiyyat üçün dövr, janr, imza anlamı yoxdur,- ünvanlayıb:
Deyirlər, İraqdan ayrılmamısan,
Ömrün Kərbəlada, Bağdadda keçib.
Əgər doğma idi sənə o yerlər,
Niyə bütün ömrün fəryadda keçib?
Və Rəsul Rza bu sualın cavabını bilirdi. Füzulinin əsrlərin o tayından ona bircə “ah”ıyla cavab verdiyini də eşidirdi... O cavabı dilə gətirirəm, bu gün səizinbələdçinizəm axı, əziz oxucu. Cavab budur: “Ədəbiyyat adamı hər yerdə, hər anda qəribdir”. Fikrimin təsdiqini Bəxtiyar Vahabzadənin Füzulinin heykəli önündə dilə gətirdiyi şeirinin adında tapa bilərsiniz: "Onun pərişanlığı". Bəxtiyar Vahabzadə sualının mərkəzinə özünü qoyur: “Öz əsrində Füzuli, Axı nəyə ağlamış?"
Əli Kərim həm Füzuliyə heyranlığıyla, həm də onunla eyni xalqa mənsub olmağıyla qürurlanır: "Dünya səni qocaltdı yaşıdın olsun deyə..." Zəlimxan Yaqub "Görüş - ayrılıq"da Füzulinin Məcnunundan yazır. O Məcnun ki, saysız-hesabsız şeirin, poemanın, nəsr əsərinin, əfsanənin qəhrəmanı oldu, amma heç birində Füzulinin onu ucaltdığı zirvənin yamacına da qalxammadı. Zəlimxan Yaqub bunu bilirdi. Bilirdi deyə yazırdı: "Səhrada Məcnuna qurduğun saray Bütün saraylardan möhtəşəm oldu".
Məmməd Cəfər "Füzuli sevir..." yazısında "Füzulinin qəlbinin insanlığın faciəsi, dərdi üçün döyündüyünü" qeyd edir. Bəs bu faciə nədir? Dərininə getsək, faciənin də şaxələndiyini, ayrı-ayrı məna donu geyindiyini görərik. Dayazında isə insanlığın yeganə faciəsi var: “var olmaq”. "Uzaq ellərin yaxın töhfələri"ndə Rəsul Rza Füzuli üçün eşqin iztirabının eyil, Vətən dərdinin qorxulu olduğunu deyir. İnanıram... Yenə qürbətin doğmalığı, doğmaların yadlığı və qəribliyi var düşüncənin zirvəsində...
Bəxtiyar Vahabzadə üçün Füzuli həm də "Qəlb şairi"dir. Əziz oxucu, indi mənə irad bildirmək haqqına sahibsiniz: “Şairlərin hamısı qəlb şairidir də!” Hə, amma hər şairin bir mövzu ustalığı var ki, o mövzuyla bağlı suallarına cavab verə bilər. Füzuli isə... Elə BəxtiyarVahabzadənin sözlərini təkrarlasam, yaxşıdır: “Düşünən, duyan, hiss edən, sevən, nifrət edən-bir sözlə, sözün geniş mənasında, yaşayan hər kəs Füzuli şeirindən öz sualına cavab tapa bilər”.
Samət Əlizadə "Füzuli sözünün sehri"ni oxucu (ya da araşdırmaçı) zövqündə axtarır. Tapdığı da onun özünəməxsus qənaətidir: “Yüz illər, min illər keçəcək, dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək”. Yaşar Qarayev isə Füzulini tanımağın yolunu başqa cür göstərir- "Türk-İslam intibahının zirvəsi - Füzuli" adlı yazısında deyir: "Füzulidə "eşq" sözü də "elm" sözünün özü, onun daha ali mərtəbəsi deməkdir".
"Unutmamak lazımdır ki, Füzuli hemen bütün Şark edebiyyatının gerçek şiir vadisindeki en üstün şairidir".Bəli, Nihad Sami Banarlı da Füzulinin bütün araşdırmaçıları ilə həmfikirdir. "Füzulinin dühası" adlı yazının hər abzasında Banarlının Füzulinin yaradıcılığı, ümumən, ədəbiyyat qarşısındakı heyrətini görürük...
“Ulduz” jurnalının Füzuliyə həsr olunmuş xüsusi buraxılışı Füzulinin söz inciləri ilə sona çatır... O inciləri düşüncənizin, duyğunuzun yaraşığı etmək sizin işinizdir, əziz oxucu. Bunu bacaracaqsınız, əminəm! Yetər ki, jurnalı əlinizə alın, vərəqləyin və o incilər olan səhifələrə əlinizin izini, alnınızdakı qırışıqlığın kölgəsini salın...
Bu il çatdırmasanız da olar, heç mən də oxumaq istədiklərimin hamısını oxuyub, yazmaq istədiklərimin hamısını yazıb çatdıra bilməmişəm. Gələnilki mütaliə planınıza salın “Ulduz” jurnalını... “Əlim çatmaz” deməyin, “Ulduz”a abunə olmaqçün ilk addımı elə bu gün atın, hər ayın sonu jurnal özü gəlib ünvanınızı tapacaq!
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)