
Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Xan Sənəmin “Şeirim utanır” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.
Xan Sənəm
Əhər
II
Metabolizm idi, nəydi bilmədim,
İçimdə fırtına qopardı ancaq.
Cinsimin birinci kötəyin yedim,
Şirin günlərimi apardı ancaq.
Elə tez gəldi ki, ağzımda qaldı,
On üç yaşlığımın oyuncaq dadı.
Erkək arxadaşlar qəribə oldu,
Hələ də bilmirəm bu nə qaydadı.
Ayda bir gələnə mən necə satım –
Babamın gündəlik dizlərin axı?
Hayanda oturum, hayanda yatım?
Dilimdə dolaşmır sözlərin çoxu.
Darıxan anlarım yerikləyəcək,
Abimin sım-sıcaq qoynuna canım.
Görəsən ona da anam deyəcək?!
Görəsən onu da qəribə sanım?!
Təbiət gör necə dərdə salıb ki,
Nə təhər yazıram, şeirim utanır.
Qələmimdən gücü elə alıb ki,
Şəriət odunda mənliyim yanır.
Günahkar günahın gizlədən kimi,
Özümü sandığa qoyuram hər ay.
Utancı gözümdən oxuyur hamı,
Görəsən neçə qız vardı mənə tay?
Klasmen edirəm qadınlığımı,
Deyirəm bu hansı bölümdür görən?
Mələklər qutlayan yeni doğumu,
Mən niyə sanıram ölümdür görən?
Bir daha otuz gün yaxınlaşıram,
Anamın sızlayan gəlinliyinə.
Xanlığın dağların bir-bir aşıram,
Qan dolur şerimin bağrına yenə.
Yenə hiss edirəm başqa bir mənəm,
Yenə güllər bitir yanaqlarımdan.
Babam gəlsə deyin: “Yatıbdır Sənəm”,
Anama deyirəm yenə arımdan.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyevanın gənc xanəndələrə tövsiyyələri
“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.
Gənc xanəndələrə və davmçılara nə kimi tövsiyyələriniz var?
Tövsiyyəm budur ki, daim öyrənsinlər. Yaşlarından fərqli olmayaraq. Həmişə öyrənsinlər. N qədər çox dinləsələr, öyrənsələr daxili aləmləri o qədər zəngin olacaq və mənəvi cəhətdən daha sərvətli olacaqlar.
Hamısına uğurlar arzulayıram.
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.
Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.
1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.
Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.
2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb.
Səsi – sopranodur.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
DİL və DİN
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Dil və din millətlərin (xalqların) tərəqqisində ən güçlü faktorlardan hesab olunur. Onlar həm də dəyərlər sisteminin əsasında duran başlıca amillərdəndir.
Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, “Allah-təalanın gözəl nemətlərindən birisidir”. O, qəlbin aynasıdır. Ruh aynasında görünənlər dildə aşkar olur. İnsanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq dil mədəni həyat üçün təməl zərurət olan sosiallaşmanın əsas şərti və vasitəsidir.
Dil bir toplumun millətə çevrilməsinə şərait yaradır, onun düşüncə sistemini və düşünmə qabiliyyətini göstərir. Həm bütöv millətin, həm də onun ayrı-ayrı fərdlərinin fəzilətlərini, dəyərlərini və mədəniyyətlərini əks etdirir. Antik dövrün filosofu Sokrat həmişə deyərmiş ki, “Ey insan, danış səni tanıyım”. Həzrət Əli isə buyururdu ki, hər kəs öz dilinin altında gizlənib, danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmaz.
Dil bir milləti (xalqı) təmsil edir. Onun simasını səciyyələndirən amillərdən biridir.Millətin (xalqın) dili onun sözdə təcəssümünü tapan tarixi yaddaşı, milli varlığının qorunmasının təməl daşlarından biridir. F.Köçərli yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir”. Başqa sözlə, dil hər bir xalqın milli kimliyidir.
M.Ə.Rəsulzadə isə “Milli dirilik” məqaləsində qeyd edirdi ki, “Milliyyətin ümdə rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir … Çünki dil həmən millət deməkdir”. Böyük mütəfəkkir “Dil içtimai bir amil kimi” məqaləsində haqlı olaraq yazırdı: “Dil millətin canıdır...İştə bunun üçündür ki, bir dili öldürmək, bir milləti öldürmək deməkdir...Dil durduqca, millət də durar, öldümü, millət də canını bağışlar. Dillərini unutmağa başlayan millətlər axırı qəti bir ölüm olan fəlakətli bir yola girişmişlərdir”.
Yuxarıda qeyd edildiyi kimi, milli dəyərlər sisteminin əsasında duran vacib amillərdən biri də dindir. Dinlərin çoxu dildən fərqli olaraq müxtəlif millətləri (xalqları) əhatə edir. Din Allah-Təalanın insanları yaxşılığa yönəltmək və pisliklərdən çəkindirmək üçün peyğəmbərləri vasitəsilə bildirdiyi əmr və hökmlərdir. Dinin məqsədi insanı əxlaqi cəhətdən yetkinləşdirərək dünyada dinclik və xoşbəxtliyə, axirətdə əbədi səadətə, ülviyyǝtǝ qovuşdurmaqdır.Başqa sözlə, din insanları öz iradə və ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmuəsidir. Bu gün dünya əhalisinin çox hissəsi dini ənənələrlə yaşayır. (Cəmi 10-12 faizi özlərini dini olmayanlar kimi təqdim edirlər.)
“Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir”, - söyləyən Ümummilli liderimiz H.Əliyev dini də xalqın mənəviyyat hadisəsi kimi əsaslandırır və deyirdi: “İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz islam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına xidmət etmişdir”.
Dillər və dinlər arasında həmişə oxşarlıq və qarşılıqlı əlaqələr mövcud olub. Onların ikisi də insan mənliyinin ayrılmaz bir parçasıdır. Dil insan həyatına necə daxil olmuşsa, din də o cür daxil olmuşdur. Dilin inkişafı düşünməyi, dinin inkişafı həyatı rövqləndirir. Bu iki böyük amil insanların təfəkkür tərzinin formalaşmasına və dəyişməsinə eyni dərəcədə təsir edir.
Dillə dinin mədəniyyətə münasibətində də oxşar cəhətlər vardır. Dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi, qorunması və qavranılması məhz dilin sayəsində mümkün olur. Bunun kimi mədəniyyətin ötürülməsi və qorunması din vasitəsilə də həyata keçir. Ulu öndərimiz deyirdi ki, “...mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır”.
Gündəlik həyatımızda dil və din arasında sıx əlaqə olduğunun şahidiyik. Məsələn, danışıq dilində içərisində Allah sözünün olduğu (Allah saxlasın, Allah xoşbəxt etsin, Allah səbr versin, Allah şəfa versin və s.) və digər (vallah, namaz, həcc, rəbbim, imam, surə, oruç, zəkat və s.) dini məzmunlu çoxsaylı söz və ifadələrin tez-tez işlədilməsini buna misal göstərmək olar. Həm də maraqlıdır ki, belə ifadələri dinə inamı olmayan kəslər də işlədir.
Aparılmış araşdırmalardan məlum olur ki, dillər dinlərin meydana çıxmasında ən vacib vasitədir və hazırda mövcud olan səmavi dinlər dillərin fromalaşmasından sonra meydana gəlmişdir. Çünki “dinin tərcivi (izahı) içün dilə ehtiyac vardır”. Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü N.Cəfərov “Dinlərin dilləri” adlı məqaləsində yazır: “İlk dinlər, tamamilə təbiidir ki, ilk inkişaf etmiş dillərin formalaşdığı məkan və zamanlarda meydana gəlmişdir. Bu isə o deməkdir ki, müqəddəs metafizik izhar üçün eyni səviyyədə mükəmməl dil materialı tələb olunur”. Ərəb dili də öz dövrünün mükəmməl dillərindən biri olduğuna görə “Quran” həmin dildə nazil olmuşdur. İmam Cəfər Sadiqdən “Quran”ın nə üçün ərəb dilində nazil olduğunu soruşanda o demişdi: ”Quran” başqa dilləri bəyan edə bilər, amma başqa dillər onu bəyan edə bilməz”.
Dillər dinlərin yaranmasında ən önəmli vasitə olmaqla qalmır, həm də onların nəzəri, praktiki, sosioloji və psixoloji məzmununun açıqlanmasında və izharında çox önəmli rol oynayır. Başqa sözlə, o, dinin anlaşılmasının da ən önəmli vasitəsidir. Müqəddəs “Quran” kəlmələrdən, ifadələrdən, cümlələrdən ibarət deyilmi !? Zikirlər, təkbirlər, təmidlər, tövbə, irşad, azan və s. hamısı dil vasitəsi ilə yerinə yetirilmirmi!? Toplu dini mərasimlərin təşkilində, gedişində və idarə olunmasında dilsiz keçinmək mümkündürmü?! Bu sualların hamısının bir tək cavabı var: xeyr! Deməli, belə demək mümkünsə, din dilə “möhtacdır”.
Dillər dinlərin yaranmasında müstəsna rol oynadığı kimi, dinlər də dillərin inkişafında əhəmiyyətli rola malik olmuşlar. M.Ə.Rəsulzadə yazırdı ki, “Dil bir millətin əsliyətini mühafizə edə bilər. Fəqət çox kərə də din bir millətin dilinin baqi qalmasına və bu münasibətilə milliyyət fikri və amalının inkişafına səbəb oluyor”.
O da bir gerçəkdir ki, dinlər yarandığı dilləri yüksək səviyyəyə ucaltmış, elm və poeziya dilinə çevirmişdir. Məsələn, İslam dininin əsas qaynağı olan “Quran”ın ərəb dilində nazil olması bu dilin Qureyş ləhcəsi əsasında ədəbi dil kimi formalaşmasına, lüğət tərkibinin zənginləşməsinə, elm və poeziya dilinə çevrilməsinə, dünyada sürətlə və geniş yayılmasına, müqəddəs dillər səviyyəsinə yüksəlməklə məhvolma təhlükəsindən birdəfəlik xilas olmasına səbəb olmuşdur.
Akademik N.Cəfərov yuxarıda adı çəkilən məqaləsində yazır: “…dini təfəkkürün təcrübəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri olmuşdur. Qədim Şumer, hind, yunan, roman (latın), İran, Çin, yəhudi, ərəb, türk, slavyan… dilləri bəşər övladının Tanrı axtarışlarının doğurduğu təfəkkür enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət texnologiyaları (mətnlər) yaratmışdır ki, intellektual inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur”. Təsadüfi deyildir ki, söz nəhəngləri (şairlər, yazıcılar və digər mütəfəkkirlər) də məhz belə dilləri öyrənməyə, bu dillərdə yazıb-yaratmağa üstünlük vermişlər.
Onu da qeyd edək ki, dinimizdə dil ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar üçün çox sərfəli olan ərəb dili kosmik-ilahi informasiyanın ötürücüsü və ilkin daşıyıcısı kimi şərəfli bir tarixə düşüb.Amma bu ona fövqəladə üstünlük vermir. Ümumiyyətlə, “Quran” heç bir millətin və dilin üstünlüyündən bəhs etmir. “Ərəb dili”, “ərəb”, “ərəbcə” ifadə və sözlərinin olduğu ayələrin də heç birində bu xalqın və bu dilin əlahiddəliyindən söhbət getmir. Sadəcə olaraq, “Quran”ın eniş dilinin ərəbcə olması bildirilir. “ər-Rum” surəsinin 22-ci ayəsində deyilir: “Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə”. Göründüyü kimi, ayə bütün dilləri eyni statusda təqdim edir. Elə təkcə bu ayə ərəb dilinin əlahiddəliyi fikrini təkzib etməyə bəs edir. N.Qasımoğlunun “İslam və millilik” məqaləsində yazdığı kimi, “…milli dil də ayədir, yəni Tanrı dərkinə yön verən işarələrdən, impulslardan sayılmalıdır, ilahi varlığın dəlillərindəndir. Başqa sözlə, bütün milli dillər Tanrı zəmanətində olduğundan müqəddəslik statusuna malikdir”.
Onu da deyək ki, İslam dini yayıldığı ərazilərdə heç bir yerli dilin işlənməsini qadağan etməmiş, əksinə bu dilləri öyrənməyə təşviq etmişdir. Dinimiz İslamın digər insanlara çatdırılması üçün xarici dilləri öyrənməyi “kifayi fərz” hesab etmişdir.Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar elm xadimi V.Məmmədəliyev “Quran”ın I,II və III nəşrlərinə ön sözdə yazırdı: “Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini, buyruqlarını təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri öyrənməyi tovsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi qeyri-ərəb sami xalqlara anlatmaq, onların arasında yaymaq məqsədilə ibrani və siryani dillərini öyrənməyi buyurmuşdu”. Tarixi faktlar göstərir ki, Allahın elçisi özü siryani dilini bilirmiş və bu dili 17 günə öyrənibmiş. O həmçinin səhabələrinə müraciət edərkən bəzən xarici dillərdə olan (məsələn, o zaman xristian olan həbəşlərin dilində) sözlərdən istifadə edirmiş.
Qaldı ki, ilkin dövrlərdə İslam dininin yayıldığı qeyri-ərəb ölkələrində yerli dillərin işlənmə dairəsinin daralmasına, zənnimizcə, burda İslam dininin birbaşa heç bir günahı yoxdur. Bunun birinci səbəbi “lingua franca”, yəni müxtəlif dillərdə danışan müsəlman xalqlarının bir-biri ilə iqtisadi, siyasi və mədəni əlaqələr yaratmasında ümumi dilin zəruruliyi (hazırkı ingilis dili kimi), ecazkar ərəb-fars dillərinin yüksək sürətlə öz dövrünün elm və poeziya dilinə çevrilməsi idi. İkincisi səbəbi isə ərəblə, ərəb dili ilə İslamı bərabərləşdirən, ərəb dilinin “Quran”la bağlı olduğunu iddia edib, “toxunulmaz” sayan, iştifadəsini “qanuniləşdirən”, ərəb və fars ədəbiyyatına, dillərinə əsir olub qalan, XIX əsrin ikinci yarısından başlanan və XX əsrin iyirminci illərinədək davam edən əlifba islahatı məsələlərində də eyni mövqeyi sərgiləyən riyakar ruhanilərin, “ərəbbaşların” və səbatsız dövlət başçılarınin movqeyi idi. Vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas M.Kazımbəy özünün“İndiki Hindistanda maarifin yayılmağa başlaması” adlı məqaləsində ərəb əlifbasının (dilinin-İ.V) dini mahiyyət daşıdığını, guya “Quran”la bağlı olduğunu və onun “müqəddəsliyini” əldə bəhanə edənlərə inandırıcı və tutarlı cavablar vermişdi.
Dinlərin mədəni danışığın və ya nitq mədəniyyətinin, dil əxlaqının və ya dil ədəbinin formalaşmasına ciddi təsiri olmuşdur. Buna İslam dininin timsalında bir nümunə təqdim etməklə kifayətlənəcəyik. “Quran”ın “Rəhman” (4), “Zümər” (16-17), “Bəqərə” (83), “əl-İsra” (53,63), “Həcc” (30), “Ənam” (108) və dıgər surələrində danışıq meyarları tanıdılır, danışıq ədəbi öyrədilir. Məsələn, “Bəqərə” surəsində deyilir: “İnsanlarla xoş dillərlə danışın”. “əl-İsra” surəsində oxuyuruq: “Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir”. Həcc surəsində isə buyrulur: “Əyri söz(lər)dən uzaq olun”. İmam Əli deyirdi ki, “Kişi öz dilini qorumalıdır. Dil sahibinə qarşı itaətsizdir. Allaha and olsun ki, dilini qorumayan pərhizkar bəndəyə pərhizkarlığının bir xeyir verməsini görmürəm”. Burda dindarlıq və möminliklə dilin əlaqəsindən söhbət gedir. Dindarlıqla dilin əlaqəsi o qədər sıxdır ki, dilini qorumadan mömin olmaq qeyri- mümkündür. Qeyd olunur ki, insan öz danışığında yalan, töhmət, təhqir, qeybət, iftira etməməlidir. Həmçinin dilini jarqon, arqo və vulqar sözlərdən qorumadan mömin dindar olmaq mümkün deyil. Sözün zahiri zərif, batini lətif olmalıdır. “Qabusnamədə” deyildiyi kimi, sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan. Peyğəmbər insanın dilini doğru istifadə etdiyi təqdirdə cənnətə gedəcəyini, əks-təqdirdə isə cəhənnəmə girəcəyini bildirirdi.
İslam dini söz sənəti sayılan ədəbiyyatın inkişafına da güçlü təsir göstərmişdir. Onlar hər ikisi də eyni mənbələrdən qaynaqlanır və eyni motivlərlə formalaşırlar. Belə ki, din və ədəbiyyat birbaşa insanın ruh və mənəvi aləmi ilə əlaqəlidir. Dini hadisə, rəvayət və əfsanələr, “Quran”ın özü və oradaki hekayələr (qasaslar) ədəbiyyata zəngin və geniş material verir. Aparılmış araşdırmalar göstərir ki, XX əsrədək ədəbiyyatımızda “dinə istiqmətlənmiş” bədii əsərlər özünə məxsus yer tutmuşdur. Məsələn, “Quran”dakı Yusif və Züleyxa qissəsi mövzusunda ilk dəfə Əli adlı şairin 1212-ci ildə “Qisseyi-Yusif”, 1367-ci ildə M.Zəririn və XV əsrdə Ə.Təbrizinin “Yusif və Züleyxa” poemaları, 1913-cü ildə Ə.Müznibin “Yusif və Züleyxa” pomanı meydana çıxmışdır. XVI əsrdə böyük M.Füzuli Kərbala vaqiəsinə, İmam Hüseyn müsibətinə həsr olunmuş “Hədiqətüs-süəda”, XX əsrdə H.Cavid Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Peyğəmbər” əsərlərini yazmışlar. Başqa çoxlu nümunələr də söyləmək olar. Ümumiyyətlə, şair və yazıçılarımız müntəzəm olaraq öz yaradıcılıqlarında İslam dininin izlərindən bəhs edib və fikirlərini “Quran”, dini hadisə, rəvayət və əfsanələr, Peyğəmbərin və İslamda müqəddəs olan digər şəxslərin həyat hekayələri və dini statlarla əsaslandırıblar.
O da məlumdur ki, VII-XII əsrlərdə əslən azərbaycanlı olan İsmayıl ibn Yasar, Musa Şəhəvat, Əbil-Abbas əl-Əma, X.Təbrizi, Eyn əl-Quzat və digər söz ustalarımız ərəb dilində gözəl sənət əsərləri yaratmışlar. Bu ənənə fars dilinin (ərəb dili dıgər dillərə nisbətən daha çox fars dilinə təsir etmişdir) mövqeyi güclənən dövrlərdə də davam etmişdir. Bunu Ə.Xəqani, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli və digərlərinin yaradıcılığında da görə görürük. Onu da görürük ki, ərəbcə yazmalarına baxmayaraq, onların İslam mədəniyyətinə töhfələri öz milli adət-ənənələrini ərəb (sami) adət-ənənələri ilə deyil, İslam dinində irəli sürülən müddəalarla səsləşdirməsi çərçivəsində olmuşdur.
Dinlər dillərin lüğət fondunun zənginləşməsinə də güçlü təsir göstərmişdir. Yenə İslamdan nümunə gətirək. İslam dininin yayılmasından və ərəb dilinin elm və poeziya dilinə çevrilməsindən sonra Şərq xalqlarının, o cümlədən türklərin, eləcə də azərbaycanlıların dilinə “Quran” dili olan ərəb dilindən külli miqdarda ərəb sözləri, dini, fəlsəfi, ədəbi və s. terminlər keçmiş, mükəmməl poeziya nümunələri və elmi əsərlər yaranmışdır. Onu da qeyd edək ki, İslama kimi türk tanrıçılığı türklər arasında məhz türkcə zühur etmişdi. Tanrıçılıq o dərəcədə mükəmməl terminologiya ilə təmsil olunmuşdu ki, İslamı qəbul eləyən türklər İslam dini anlayışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir çətinliklə qarşılaşmırdılar. (N.Cəfərov) (Araşdırmalar göstərir ki, nə qədər zəngin dil olsa da, ərəb dilində də çoxlu alınmalar mövcuddur. Bu proses hələ cahiliyyə dövründən başlayaraq davam etmişdir. Sonralar bu sözlərin çoxu ərəbləşdirilmişdir. Təsadüfi deyildir ki, ərəb qrammatika elminin banisi, 796-cı ildə vəfat etmiş Sibəveyhi ilk dəfə özünün “əl-Kitab” əsərində ərəb ədəbi dilinə keçən sözlərə aid bölmə həsr etmişdir.)
İslam dini qeyri-ərəb xalqlarında tərcüməçilik sənətinin və tərcümə mədəniyyətinin formalaşmasına da təsirsiz ötüşməmişdir. Bildiyiniz kimi tərcümə təkcə dillərarası ünsiyyət yox, həm də mədəniyyətlərarası ünsiyyətdir. Bu mənada İslam dininə aid ədəbiyyatın dilimizə çevrilməsi xüsusi önəm daşıyırdı. Bu işlərə çox əvvəldən başlansa da, XI əsrə kimi olan tərcümələr dövrümüzə gəlib çatmamışdır. Tarixdən məlumdur ki, XIV əsrdə Azərbaycan şairi M.Zərir İbn İsaqın Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Surətün-Nəbi” və ərəb tarixçisi Vəqidinin müsəlmanların Suriyanı işğal etməsindən bəhs edən “Fütuhüş-Şam” əsərlərini ərəb dilindən, Məqsudi islamda müqəddəs olan şəxslərin həyatında baş vermiş hadisələrdən bəhs edən “Möcüznamə” əsərini fars dilindən tərcümə etmişdir.
Akademik V.Məmmədəliyev qeyd edir ki, “Quran”nın başqa dillərə tərcüməsi işinə lslamın lap ilk dövrlərində təşəbbüs göstərilmişdi. Onun türk dilinə tərcüməsinin tarixi də çox əvvəllərdən başlanmışdır. Cığatay ləhcəsində olduğu ehtimal edilən ilk belə tərcümə XI əsrə aiddir. “Quran”ın Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən başlansa da, bunların heç biri əldə deyil. Əldə olan ilk tərcümə və ilk təfsir Bakı qazisi Mir Məhəmməd Kərim ağaya məxsus olan və 1904 və 1906-cı illərdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olunmuş “Kəşf əl-həqaiqən nükət əl-ayati və-dəqaiq” əsəridir. Zaqafqaziya şeyxülislamı Mühəmməd Həsən Mövlazadənin 1908-ci ildə Tiflisin “Qeyrət” mətbbəsində çap olunmuş “Kitab əl-bəyan fi təfsir əl-Quran”, 1962-ci ildə M.Həşimzadənin yazdığı dörd cildlik “Təfsiri-Quranil-əzim” və digər tərcümə təfsirləri də diqqəti cəlb edir. “Quran”ın və İslam dininin kamil bilicisi Ə.Fəhminin də bu sahədə az əməyi olmamışdır. Hazırda Azərbaycanda “Quran”ın ən mükəmməl tərcüməsi hələlik akademiklər Z.Bünyadov və V.Məmmədəliyevə aiddir.
Şübhəsiz ki, heç bir əsərin tərcüməsi orjinalın yerini tuta bilməz, o ki qala müqəddəs “Quran”ın tərcüməsi. Amma müqəddəs “Quran”da deyilənlərin “mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər…Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl (çevrilmiş) olar”. (M.Ə.Rəsulzadə) Bir də yazar P.Cəbrayılın dediyi kimi, insan Tanrıyla, əlbəttə, ruhunun diliylə danışır…Tanrı diliyox, mənanı, niyyəti qəbul edir.
Milli dəyərlər sistemində dillərin və dinlərin rolunu yüksək qiymətləndirən böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi yazırdı ki, “Elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylərdən birisi dil və birisi də din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri-tayfalara qarışar, mirar ilə yox olar”. Çünki “ümumi bir dil nə qədər dil əhlində ümumi bəzi xislətlər və ideallar tovlid edirsə, ümumi bir dinə malik olmaq dəxi o dərəcədə böyük bir təsir icra edə bilər”.
Dilimizi və dinimizi qorumaq ölkəmizin hər bir vətəndaşının borcudur. İnsanın öz ana dilinə, öz dininə bağlılığı və bu ülvi hisslər, müqəddəs duyğular elmi baxımdan vətəndaşlıq-mənəviyyat məsələsidir.
Ümummilli liderimiz H.Əliyev deyirdi: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır”.
Dilimizi, dinimizi və milli ənənələrimizi yaşatmaq isə mənsub olduğumuz millətin əbədi var olması deməkdir.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Cümhuriyyətin Şirməmmədi 100 yaşında
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
17 dekabr görkəmli alim, mətbuat tarixçisi və ideoloji sahənin ustad tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) professoru, həm də unudulmaz müəllimimiz Şirməmməd Hüsəynovun 100 illik yubileyidir.
Bu tarixi gündə, o dahi alimə dörd bir yanı sevgi, ehtiram və minnətdarlıq hissi bürüyüb. O, hələ sağılığında ölməzlik qazanmış nadir şəxsiyyətlərdən idi.
1924-cü ilin qədim Şəki torpağında dünyaya göz açan Şirməmməd Hüseynov öz maarif yoluna Şəki Müəllimlər Institutunda başlamış, daha sonra jurnalistika sahəsində zirvələrə yüksəlmək üçün uzun və məşəqqətli bir yol qət etmişdir. Gənc çağlarında öz ölkəsinin maariflənməsi və maarifçiliyi uğrunda çalışaraq, Zaqatala və Şəkidə müəllimlik etdi, müəllimlərin fədakar mayaqı oldu.
1945-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olaraq, burada böyük ədəbi-ictimai fəaliyyətə başladı. O, sadəcə elm tələbəsi deyildi, həm də Cümhuriyyət dəyərlərini qorumaq üçün səylə çalışan bir azad fikirli ziyalı idi. Həyatını həmşə təhsilə, tədqiqatlara və milli irsin qorunmasına həsr etmiş Şirəmməd müəllim 1954-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, elmi uğurlarla dolu bir karyera başladı. O, uzun illər boyunca Bakı Dövlət Universitetinin jurnalistika sahəsində çoxlu vəzifələrdə çalışaraq tələbələrə böyük bilik və dəyərlər təqdim etdi. 1971-ci ildə jurnalistika fakültəsinin dekanı təyin olunduqdan sonra bu sahənin əsas sütunlarından birinə çevrildi. Eyni zamanda, mətbuat tarixini tədqiq etməklə milli irsi öyrənən və gələcək nəsillərə çatdıran böyük araşdırmaçıya çevrildi.
Onun elmi yaradıcılığı sadəcə rəqəmlərə sığışmaz. Şirməmməd Hüseynov 30-dan çox kitab, monoqrafiya, 800-dən artıq elmi məqalə yazmış, özəlliklə Həsən bəy Zərdabi, Cümhuriyyət qurucuları Əli bəy Hüsəynzadə və Məhəmməd Əmin Rəsulzadənin irsini öyrənmək üçün yorulmazcasına çalışmış və bu dəyərləri xalqına çatdırmışdır. “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri”, “Milli haqq və Ədalət axtarışında” kimi kitabları onun elmi irsinin parlaq nümunələridir.
Şirməmməd müəllinin həyat və fəaliyyəti istər, sovet dövründə, istərsə də müstəqilliyimiz dövründə yüksək qiymətləndirilmiş, müxtəlif təltiflərə layiq görülmüşdür:1948 — "Nizami təqaüdü", 1966–1972: "Qızıl qələm" mükafatı, 1988 — "Əməkdar jurnalist" fəxri adı, 1991 — Zərdabi adına mükafat, 1992 — Y. Məmmədəliyev adına mükafat, 1998 — Məhəmməd Əmin Rəsulzadə adına mükafat, nəhayət, 2014 Cənab prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni!
Filosoflardan biri deyir: 'Kim adamları tanıyırsa – arifdir. Özünü tanıyırsa – aqildir. Adamlara qalib gəlirsə – güclüdür. Özünə qalib gəlirsə – qüdrətlidir. Biliyi çoxdursa – dövlətlidir. İnadkardırsa – iradəsi var. Təbiətini dəyişirsə – uzunömürlüdür. Öləndən sonra unudulmursa – deməli, ölməzdir."
Bəli, Şirməmməd Hüseynov şəxsiyyət kimi əbədiyaşarlıq qazanaraq hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş elm adamı idi. O, təkcə müdrik elm adamı deyil, həm də güclü mənəviyyat adamı idi. Bugünkü – müstəqil Azərbaycan Respublikasının müasir tarixini yazan və dünənki – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən, araşdıran Şirməmməd Hüseynova Tanrıdan rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Mənim narıncım... Müasir ədəbiyyatın yaşılı... Bir də, “İkimiz”... -MÜSAHİBƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Hər gün özüylə insana qorxular da gətirir. Bu günümün qorxusu nə vaxtsa xatirələrimi itirməyimdir. İtirsəm... Özümlə sabaha nəyi apararam? Sabaha... O yerə ki, “portağal dadında açılır səhər...” O yerə ki, “narıncı ayrılıq” bütün “ağ gün arzuları”nın başı üstündə rəqs edir. Bir şeirimdə Gəncənin gecə işıqlarını sarı atlasa bənzətmişdim. Başqa şeirimdə isə qoca palıdın başına qara şal deyil, sarı bağladığını söyləmişdim. Və o sarı getdikcə tündləşəndə olur narıncı. Olur sabah... Olur ümidin üstünə düşən gün işığı. Sokratın özünümüdafiəsi dünyanın ilk hüquqi müdafiə nitqi sayılır. Filosof öz bilgisizliyinin isbatı üçün şairlərin fikrini almağa cəhd edir. Və şairlər öz yazdıqları haqqında sıradan bir oxucunun dediklərindən fərqli heç nə demir.
Sokrat deyir: “O zaman anladım ki, şairlər əsərlərini bilgilərindən deyil, bir növ instinkt ilə Tanrıdan gələn bir ilhamla yazırlar”.
Mənimçün şeiriyyəti narıncı rəngdə olandır Xanım Aydın. Üzünə baxanda da narıncı rəngi xatırlayıram. Qışın ən soyuğunda, lap elə bu gün - bu dekabr ayazında Xanımla söhbətləşmək istəyim bir az da soyuqdan qaçmaqdır bəlkə.
Yazıçı, şair, tərcüməçi Xanım Aydın. 1984-cü ildə Bakıda anadan olub. Üç kitab müəllifi, çoxsaylı kitabların tərcüməçisi və redaktorudur. Onun ssenari müəllifi olduğu seriallar böyük maraqla qarşılanıb, xüsusi izləyici auditoriyası qazanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016), “Müşfiq” mükafatçısı, KİVDF və MEDİA agentliyinin keçirdiyi müxtəlif jurnalist müsabiqələrinin qalibidir. Xanım Aydın bu gün həm ədəbiyyat, həm də jurnalistika sahəsinin parlaq simalarındandır.
– 2024-cü il sizin üçün necə keçdi?
– İlim, şükür Allaha, yaxşı keçib. Tərcümə və redaktə etdiyim xeyli kitab işıq üzü gördü, ssenari müəllifi və redaktoru olduğum seriallar efirdə uğurla yayımlandı. Sevdiyim işlə məşğulam.
– Həyatda axtardığınız ədəbiyyatda varmı?
– Ədəbiyyat özü elə həyatımızdır. Həyatımızdan yazılan, həyatımızı yazan və bütün həyatımızla vahid bir orqanizm - ruh və can vəhdəti olan nəsnədir. Bunları bir-birindən ayrı görmürəm.
– Kitablarınızdan danışaq... "İkimiz" dəhşətdi... Dəhşətini mən açıqlayacağam sonda, siz özünüz kitablarınızdan nə danışa bilərsiniz?
– İlk kitabım -“Yağış olmaq istəyirəm” adlı şeirlər kitabım 2014-cü ildə çap olunmuşdu. Uzun fasilədən sonra - 2022-ci ildə iki kitabımı ərsəyə gətirdim. “İkimiz” adlı şeirlər və “Çamadan” adlı hekayələr kitabımı oxucularıma təqdim etdim. Kitab təqdimatım gözlədiyimdən də uğurlu keçdi. O qədər əziz insanı yanımda görmək məni çox xoşbəxt etmişdi. Üstündən iki il keçməsinə baxmayaraq, hələ də o günün xatirəsi təzədir, doğmadır, əzizdir. Çünki bilirəm ki, həmin gün yanımda olanlar mənə, yazıma, yaradıclığıma dəyər verənlər idi. Və onlar az deyillərmiş. Həmin gün çap olunan kitabların 80 faizi satıldı. Hazırda kitablardan hərəsindən cəmi 10 nüsxə qalıb.
– Bir çox kitabı dilimizə tərcümə etmisiniz. Tərcüməçiyə həmmüəllif də deyirlər. Özünüzü tərcümə etdiyiniz əsərin ikinci müəllifi hiss edirsinizmi?
– Ədəbi tərcümə mənim üçün həmişə maraqlı olub. Uzun illərdir bu işlə məşğulam. Tərcüməmdə bir çox kitab işıq üzü görüb. Hələlik sonuncu Anna Dostoyevskayanın “Mixail Dostoyevski haqqında xatirələrim”dir. Bu əsəri tərcümə edəndən sonra Dostoyevski dühasına sevgim ikiqat artıb. Dostoyevskinin şəxsi həyatı ilə bağlı dildən-dilə eşitdiklərini danışanlara bu kitabı oxumağı xüsusilə tövsiyə edirəm. Anna həyat yoldaşının sevinci, kədəri, iztirabları və əlbəttə ki, bir yerdə yaşadıqları sevgi, hiss və duyğularını olduqca sadə, səmimi və son dərəcə həssaslıqla qələmə alıb. Tərcüməyə gəlincə... Demək istərdim ki, tərcümə edəcəyin dili bilmək bədii əsər nümunəsini çevirmək üçün kifayət etmir. Həmin xalqın məişətini, tarixini, həyat tərzini bilməyəndə, tərcümə çiy, saxta alınır. Sadəcə sözləri, cümlələri dilimizə çevirmək tərcümə etmək deyil. Tərcüməçi mətnə xələl gətirməməli, müəllifin fikirlərini təhrif etməməli, olduğu kimi oxucuya çatdırmalıdır. Yəni o, oxucu və müəllif arasında, sadəcə, gözəgörünməz bir körpü olmalıdır. Qoqolun dediyi kimi: “Tərcüməçi şüşə kimi olmalıdır, o qədər şəffaf olmalıdır ki, görünməsin”. Ümumiyyətlə, bu işdən zövq almağı bacarmaq lazımdır. Zövq almırsansa, gərək məşğul olmayasan.
– Redaktoru olduğunuz xeyli kitab var. Redaktə prosesindən də zövq alırsınız?
– Redaktəni də çox sevirəm. Tərcümə kimi, həm yaradıcı, həm də texniki işdir. Redaktor ancaq müəllifin yazdığı fikirləri cilalaya, aydınlada, belə deyək də, oxucu üçün daha doğru bir formaya gətirə bilər. Amma gərək müəllifin ortaya qoyduğu mövzu, fikir, süjet də qaydasında ola. Yəni redaktor müəllifi yaxşı yazıçı etmir. Amma yaxşı redaktor həm də müəllifin yaxşı yazmaq istəyini formalaşdırır.
– Əliniz uğurludur... Sınamışam. Bəs sizin necə, qəribə inanclarınız varmı?
– Mənim üçün bu, inanc deyil. Hər bir canlının, elə əşyanın da mənfi və ya müsbət enerjisi var. Əgər yaxşı insansansa, əgər niyyətin xoşdursa, heç kimə pislik etmirsənsə, pislik arzulamırsansa, əgər ürəyində, ruhunda insanlara sevgi bəsləyirsənsə, mərhəmət hissin varsa, deməli, ötürdüyün enerji də müsbətdir. Dediyiniz o “əlin uğurludur”, yəqin ki, həmin o müsbət enerjidir. İnandığım ancaq yaxşılıqdır. Etdiyin mütləq özünə qayıdır: istər yaxşı, istər pis.
– Zaman maşını hədiyyə etsələr, hara və ya kimin yanına gedərdiniz?
– Dünənimlə, bu günümlə bağlı şükürlü insanam. Amma ən gözəl günlərin sabah olacağına inanıram. Çünki ürəyimdə həmişə mənimlə birgə ümidlərim də böyüyür. Sabaha inam artır. O sabahların haradasa qırılacağını bilsəm belə, günəşin sabah daha yaxşı parlayacağına inanıram.
– Hərdən olur... Nə?
– Olur da hərdən, darıxmağın havası dolaşır saçlarıma...
– Hər kəsin bir rəngi var. Ümumiyyətlə, rəngin insan taleyinə müəyyən təsiri var, deyirlər. Hansı rəngdir sizinki?
– Mənim rəngim yaşıldır. Dəqiq səbəbini bilmirəm. Amma bilirəm ki, yaşıl həyat, yenilənmə, təbiət və enerji rəngidir. O, böyüməyə ilham verir, xoşbəxt emosiyalar yaradır, qorunma və təhlükəsizlik hissinin formalaşmasına kömək edir. Mənfi emosiyaları aradan qaldırır, insana sakitlik, harmoniya və rahatlıq gətirir. Bölüşməyin, əməkdaşlığın, comərdliyin rəngidir. Həm də, əsas məsələ, inadkar adamların rəngidir. Mən də bir az inadkaram axı. Narıncı deyirsiniz mənə həmişə... Ən yaxınlarım mənə “Günəş” deyir. Bəlkə də, narıncı - isti rəng sizin gözünüzdə oradan əks olunub.
– Arzularınızın arxasınca gedirsiniz, yoxsa Piafla həmfikirsiniz ki, "ən böyük arzular heç vaxt gerçək olmur"?
– “Arzunun reallıqdan daha yaxşı tərəfi var. Reallığın da arzudan daha yaxşı tərəfi var. Tam xoşbəxtlik hər ikisinin birləşməsi olardı”. Bunu rus yazıçısı Lev Tolstoy deyib. Əlbəttə ki, arzu gözəldir, ona görə ki, onun reallaşmağını gözləyirsən. Reallaşandan sonra sevinir, yeni arzunun dalınca qaçmağa başlayırsan. Arzun olmasa, bir gözləntin, bir sevincə çatmaq niyyətin olmasa, o niyyətə doğru ümidlə addımlamasan, həyəcanla arzunun çin olmağını gözləməsən, həyatın nə mənası olar axı? Ümumiyyətlə, əlçatanlıq ucuzlaşdırır, adiləşdirir həyatı.
...Xanımın “İkimiz” kitabı dəhşətdir. Orada əks olunanlar insanda özünəinam yaratdığı kimi, var olan inamını yerlə-yeksan etməyi də bacarır. Xanım mətnləri ilə insanın öz gözünə gözəl göründüyü güzgüləri çilik-çilik edir, amma o çiliklərin arasından narıncı işıq sızdırmağı da bacarır.
Müasir Azərbaycan ədəbiyyatının yazmaq, redaktə etmək, tərcümə etmək kimi məsuliyyətli ağırlıqlarını öz zərif barmaqlarının ucunda daşıyanlardandır Xanım. O zərif barmaqlara ötürülən böyük, nəhəng bir düşünmək də var axı. Əzminiz daim, könlünüz sevincək olsun, Xanım! Razıyam, hə, hərdən olur gözəlliklər. Məsələn, Xanım kimi ədəbiyyat fədakarından müsahibə almaq şansı qismət olur Şəfaya...
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Şəkidə şəhid valideynləri, ailələri və qazilər üçün tədbir keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Şəhidlik ən yüksək zirvədir!
O zirvəni fəth etmək hər adama qismət olmaz!
Növbəti söhbətimiz Şəkidə düzənlənən bir tədbir barədədir.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və 2 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə 16.12.2024-cü il tarixdə Şəhid valideynləri, ailələri və qazilər üçün "Vətənim Azərbaycandır" adlı tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin rəhbərliyi, mədəniyyət işçiləri və içtimaiyyət nümayəndələri iştirak edib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə vətənpərvərlik mövzusunda milli musiqi nümunələri və Vətənə aid şeirlər səsləndirilib.
Daha sonra Şəhid anaları çıxış edərək övlad itkisi hər nə qədər çətin olsa da şəhidlik mərtəbəsinə yüksələn övladları ilə fəxr etdiklərini bildiriblər.
Tədbir çay süfrəsi ətrafında davam edib, sonda xatirə şəkli çəkilib.
Allah bütün şəhidlərə rəhmət etsin!
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
Qarabağın məşhur el şairləri - ZAL CABBARLI
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
"Mey içib, baş isinəndə canhacana nə var ki?!
Çətin vaxtda az tapılar, ürək dostu dar günü".
Zal Cabbarlı
ZAL XƏLİL OĞLU CABBARLI...
1916-cı ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. 1933-cü ildən müəllim kimi fəaliyyətə başlamışdır. Və sonralar müxtəlif illərdə məktəb direktoru, Rayon Xalq Maarif Şöbəsinin müdiri, Məişət Xidməti Kombinatının direktoru, “Qızıl Maldar” qəzetinin redaktoru və bir sıra mühüm vəzifələrdə çalışmışdır...
Rayonun ictimai-siyasi həyatında böyük rolu olmuşdur. Hələ gəncliyindən yazdığı şeirlər dillər əzbəri olmuş və məclislərin bəzəyinə çevrilmişdir.
Şair Zal Cabbarlı 1989-cu il 5 noyabrda dünyasını dəyişmişdir. Məzarı doğma Qamışlı kəndindəndir.
Zal Cabbarlı indinin özündə də camaatımız tərəfindən xoş xatirlərlə anılır. Ruhu şad olsun.
Şairin iki şerini qədirbilən oxucularıma çatdırırıq. Hər iki şeiri möhürləyib şair. Yaradıcılığı da kimsəyə bənzəməz.
Şair hələ gəncliyindən el-obanın ağsaqqalın çevrilib, məsləhət yeri olubdur.
DAYNA...
Həsrət-həsrət, heyran-heyran
Baxır baxsın, gözdü, dayna..
Üzündə gül rəngi görüb,
Elə bilir yazdı, dayna.
Dindir, ürək gəlsin dilə...
Sızıldatma bilə-bilə...
Deyib-danış, gülə-gülə,
Şirin söhbət-sözdü, dayna...
Görmürsənmi qocalıb Zal?!
Baş ağarıb, saqqalı çal...
Özün deynən:-Bir busə al...
Qurtarmaz ki, üzdü, dayna.
-Şeirdə insan həyatının keçiciliyi və sevgi ilə bağlı dərin hisslər təsvir olunur. "Dayna" kəlməsi yerli camaatın işlətdiyi "da" ədatının dialekt formasıdır ki, həyatın gözəlliklərini və çətinliklərini simvolizə edir.
Gənclikdəki təravət və təbiətin gözəllikləri vurğulanır, eyni zamanda qocalıq və zamanın qaçılmazlığı xatırladılır. Şeir sevgi, ünsiyyət və anlayışın insan həyatında əsas yer tutduğunu poetik dillə ifadə edir.
Bu şeirlə bağlı dodaqqaçıran bir əhvalat da var.
Rəhmətlik Zal müəllim Kəlbəcərdə Maarif şöbəsinin müdiri olan vaxtlarda gənc bir müəllim təyinatla rayona göndərilir. Zal müəllim oğlanı rahat kəndlərin birinə göndərir. Bir neçə müddətdən sonra gənc müəllim Zal müəllimin yanına gəlir, minnətdarlığını bildirir və soruşür...
- DAYNA nə deməkdir?
-Mən səni nejə başa salım, ay bala? DAYNA elə DAYNADI DAYNA !!!
Zal müəllim başqa bir şeirində dostluq, həyatın sınaqları və insanın mənəvi dəyərləri ilə bağlı dərin bir fəlsəfi məna ifadə edir. Hər bir bənddə dostluğun əsl mahiyyəti, insan münasibətlərinin mürəkkəbliyi və sınaqlarda özünü göstərən həqiqətlər ifadə edilir. Şeir əsl dostluğun yalnız çətin günlərdə, dar məqamlarda bəlli olduğunu vurğulayır. İnsanın xarakterini və dostluğa layiq olub-olmadığını tanımağın çətin olduğu bildirilir. Gözəl sözlər və xoş məclislər dostluğun əlaməti deyil; əsl dost boranlı, çətin günlərdə sənin yanında olandır. Şeir həm də insanlara qarşı ehtiyatlı və diqqətli olmağı tövsiyə edir.
Məslək dostu, gərək dostu özü gələr var günü..
Necə zənbur şirə çəkır şana, xoş bahar günü.
Mey içib, baş isinəndə canha-cana nə var ki?!
Çətin vaxtda az tapılar ürək dostu dar günü.
Oxunmamış bir kitabdı, bilmək olmaz mənanı...
Çətin işdi, asan deyil tez tanımaq insanı..
Dost desəndə sınamamış tez çevirmə arxanı...
Öz nəfsinə satar səni namus günü, ar günü.
Çox deyilib hər nəsihət, Zal özgə söz tapmadı..
Saç ağartdı, baş sındırdı ilqara- düz tapmadı..
Dost demişdi o kəsə ki, evinə köz tapmadı..
İsitməyə əl ayağın boran günü, qar günü...
Zal Cabbarlının “Olaydım” şeiri sevginin ən ülvi və səmimi ifadələrindən biridir. Şair sevgilisinə duyduğu dərin eşqi və ona hər an yaxın olma istəyini təbiətin müxtəlif elementləri vasitəsilə poetik şəkildə çatdırır.
Şeirin ilk bəndində sevgilinin bağçada gəzdiyi anda sinəsinə taxdığı bir gül olma arzusu ifadə olunur. Şair öz sevgisini bülbül və gülün ənənəvi məcazı ilə təsvir edir, təbiətin harmoniyası ilə sevginin gücünü birləşdirir.
İkinci bənddə isə şair çəmənlikdə sevgili tərəfindən dərilən bir çiçək olma istəyini dilə gətirir. Bu istək şairin sevgilisinə həm fiziki, həm də mənəvi yaxın olmaq arzusunu açıq şəkildə əks etdirir. O, sevgilisinin sinəsinə sərinlik gətirən bir meh olmaq istəyərək ona faydalı və təskinlik verən varlıq olmaq istəyini vurğulayır.
Sonuncu bənddə isə şair, il fəsillərini keçib yay gəldiyində bir gölə və ya çaya çevrilməyi arzulayır. Xüsusilə də sevgilisinin çiməcəyi bir göl olmaq istəyi sevginin ən saf, dərin və səmimi bir təzahürüdür. Burada şair sevginin məkan və zaman sərhədlərini aşaraq əbədiləşdiyini göstərir.
Şeir ümumilikdə sadə, lakin təsirli bir dillə yazılmışdır. Təbiət obrazları ilə zəngin olan bu şeir sevginin özəl və möhtəşəm gücünü oxucuya hiss etdirir, onları duyğuların ən ülvi səviyyəsinə çatdırır.
OLAYDIM
Səhər-səhər sən bağçada gəzəndə,
Sinənə taxdığın bir gül olaydım.
Ya sən bir gül olub açanda bağda,
Mən sənin eşqinlə bülbül olaydım.
Sən çıxıb çəmənə dərəndə çiçək,
Mən bir çiçək olub açaydım ləçək.
İstidən sinəndə darıxsa ürək,
Səni sərinlədən bir yel olaydım.
İl dolanıb fəsil keçəndə yaya,
Dönyədim bir gölə, ya da ki çaya.
Axırı Zal düşüb bu təmənnaya:
Deyirəm çimdiyin bir göl olaydım.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
“Üzüklərin hökmdarı”, Butan və Mila Yovoviç
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
17 dekabr. Ekzotik Butan Krallığında Kralın taxta çıxmasının ildönümü bayramı
Butan sözü Odlu Əjdahanın torpağı kimi tərcümə olunur. Ölkə bu adı ona görə alıb ki, Himalaydan tez-tez şiddətli çovğunlar gəlib yerlə-göyü bir edir. Bütpərəstliyin ən möhkəm dayaqları olan bir ölkədir Butan. Bu bayram 1907-ci ildən qeyd edilir, onda ki, Vançkuq Butan kralı kimi ilk dəfə taxta əyləşib. Vançkuq müstəqil dövlət qurub, butanlıları birləşdirib, beləcə də tarixə düşüb.
Tximpu Asiyada ikinci paytaxt şəhəridir ki (digəri Pxenyandır) orada işıqfor yoxdur. Və Butan dünyada yeganə ölkədir ki, örda tütün satışı rəsmən qadağan edilib. Butan həm də dünyada yeganə ölkədir ki, öz əhalisinin üzərinə Konstitusiya ilə öhtəlik qoyub ki, ətraf mühiti mühafizə etsinlər. Butanın bir özəlliyi də odur ki, öz adət-ənənəsini, buddizmi, mental dəyərlərini qorumaq üçün uzun illər televiziya və radionun, sonrakı dönəmlərdə də internetin istifadəsinə rəsmən qadağa qoyulmuşdu, yalnız 2001-ci ildən bu izolyasiya aradan qaldırıldı. Burada ilk seçki isə yalnız 2008-ci ildə baş tutub, butanlılar özlərinə deputatlar seçiblər. Özü də karuselsiz, filansız.
Butanda çoxlu Budda məbədləri var, Himalayın əbədi qarla örtülü landşaftının misilsiz gözəlliyi var, buna görə də ölkənin əsas gəlir mənbəyi turizmdir. Qəribədir ki, gəlir üzrə ikinci sırada poçt markaları durur, Butan markalarını dünyada həvəslə alırlar.
Butan əhalisi varlı deyil, amma xöşbəxtdir. Çünki iqliminin dağlıq olması, sərt şaxtalar, əkin torpaqlarının azlığı, təbii sərvətlərin minimum olması səbəbindən ölkə özü kasıb ölkədir, hamının güzəranı oxşardır. Biri də var, elə bir ölkədə yaşayasan ki, ölkə varlı ola, bir ovuc insan milyonlara sahib çıxa, xalq özü isə yoxsulluqdan inləyə.
17 dekabr. “İsgəndər” raketi və Kürd bayrağı
Bu gün Beynəlxalq seks xidmətçilərinin zorakılıqdan qorunması günüdür. Lətifəsi bizdən uzaq, sonrakına keçək. Ruslar Raket qoşunları gününü qeyd edirlər (“İsgəndər”lər də bu qeydetmənin tərkib hissəsidir), ukrainlər Dövlət icra qulluqçuları gününü. Beloruslarda bu gün kino günüdür. Azərbaycanda məskunlaşan, xoş güzəran, gözəl rifah içində yaşayan kürdlər də bu gün bayram edəcəklər, belə ki, bu gün tüm kürdlərin bayramıdır, Kürd bayrağı günüdür; Amerikalılar isə Milli ağcaqayın şirəsi gününü qeyd edirlər.
17 dekabr. Tarixi hadisələrlə zəngin gün
2003-cü ilin bu günündə dünya prokatına “Üzüklərin hökmdarı” filmi daxil olub, sonra da bolluca Oskarlar yığıb. 1992-ci ildə Çexoslovakiya parlamenti ölkənin ləğvi və yerində Çexiya və Slovakiya kimi iki dövlətin yaradılması barədə qanun imzalayıb. 1990-cı ildə Moskvada SSRİ deputatları dördüncü qurultayda Qorbaçovun istefasını tələb ediblər. 1989-cu ildə ABŞ-ın Fox telekanalında “Simpsonlar” multserialının premyerası baş tutub. 1986-cı ildə Kembric hospitalında tarixdə ilk dəfə eyni zamanda bir insana ürək, qaraciyər və ağciyər köçürülməsi edilib. 1962-ci ildə Granada TV-də əfsanəvi Beatles qrupunun ilk teleçıxışı baş tutub. Onlar Love Me Do mahnısını oxuyublar.
Bu gün həm də aviasiya işçiləri üçün önəmli gündür. 1903-cü ilin bu günündə Orvill Rayt özü düzəltdiyi təyyarə ilə tarixdə ilk təyyarə uçuşunu həyata keçirib, bu uçuş 12 saniyəlik olub. 1790-cı ildə Meksikada üzərinə asteklərin təqvimi çizilmiş daş tapılıb. 1777-ci ildə isə amerikalılar üçün çox əhəmiyyətli bir hadisə baş verib: Fransa Şimalı Amerikadakı Britan koloniyalarının müstəqilliyini tanıyıb. Britan koloniyaları da gələcək ABŞ dövlətinini təşkil edib.
17 dekabr. Kimlər gəldi, kimlər getdi...
2011-ci ilin bu günündə Şimali Koreyanın lideri, tarixin ən məşhur diktatorlarından biri Kim Çen İr vəfat edib. 1999-cu ilin 17 dekabrında müstəqil Azərbaycan mətbuatının qurucularından biri, “Azadlıq” qəzetinin yaradıcısı, unudulmaz jurnalist Nəcəf Nəcəfov cəmi 44 yaşında dünyadan köçüb. Allah rəhmət eləsin. 1993-cü ilin bu günündə tanınmış Azərbaycan yazıçısı, Azərbaycan SSR xalq yazıçısı Mirzə İbrahimov, 1987-ci ilin bu günündə isə milyonlarla sovet adamını gözləri yaşarıncaya qədər güldürən komediya aktyoru Arkadiy Raykin dünyadan köçüblər. Milyonlarla kişini əfsunlamış aktrisa Mila Yovoviçinsə bu gün doğum günüdür, 36 yaşı tamam olacaq. 1924-cü ilin bu günündə Nuxada Şirməmməd Hüseynov dünyaya gəlib, Azərbaycanın görkəmli və unudulmaz alimini gəlin yad eləyək, ruhu şad olsun deyək. 1930-cu ildə məşhur Penthouse jurnalının yaradıcısı Bob Quççione doğulub. 1908-ci ildə kimya üzrə Nobel mükafatçısı, Amerika alimi Uillard Libbi dünyaya gəlib. 1905-ci ildə Qazaxın İkinci Şıxlı kəndində Azərbaycan SSR-in xalq yazıçısı Osman Sarıvəlli anadan olub. 1881-ci ildə Amerika etnoqrafı, elmi antropologiyanın banisi Lyuis Henri Morqan dünyasını dəyişib. 1830-cu ildə isə Cənubi Amerikada ispan müstəmləkəçiliyi ilə mübarizə aparan dünyaca məşhur şəxs – Simon Bolivar vəfat edib, yeri gəlmişkən, Boliviya dövləti onun adı ilə adlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024_
“Sadədən sadə atam” - Mənsur şeir
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Boğazın yad tikə götürməzdi, bənzərin tapılmazdı dünyada. Sənə məhəbbətim ölçüyə gəlməzdi, sətirlərə sığmazdı.
İşıqlı, nüfuzlu, xoş baxışlarınla vəzifəli nadana tay olmamışdın.
Təkcə evimizə yaraşıq deyildin, mənim taleyimi bəzəyən atam, mənim sadədən sadə atam.
Nə könül sındıran, nə qəlbə dəyəndin, bu qoca dünyanın hər sirrinə bələddin. Ömrü boyu düz getmişdin yolu sən, əyri işə calanmamışdın. Sənin şüarın “insana hörmət, əməyə, zəhmətə, işə məhəbbət” idi.
İllərin yükünü çiynində çəkmişdin, ömrünü ötüşən illər yorsa da. Duz-çörəyə sədaqətli, qədir bilən, bir kimsəyə əyilməyən, evimizə çıraq olan, sadədən sadə atam.
Dostluqda dəyanətli, doğru sözlü, səxavətli, sadədən sadə idin, atam mənim, arxam mənim.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
İpək Yolunun üstündə iki qardaş ölkə
Aida Eyvazlı, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
“Özbəkistan” deyəndə ağlımıza ilk gələn Əmir Teymur olur. Vəfatından 619 il keçməsinə baxmayaraq hələ də dünyanı öz sirrləri ilə mat qoyan Böyük Fateh.
Əgər uzun əsrlər boyu Özbəkistan, Mərkəzi Asiya deyəndə böyük Fatehi xatırlayırdıqsa, 2022-ci ildən sonra bizim bir çoxumuz 11-12 noyabr günlərində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsini xatırlayırıq.
Bu görüşdə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını vurğuladılar, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqlədilər.
Bu ilin 3-6 dekabr günlərində Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda iştirak etmək üçün İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri kimi mən də dəvət almışdım.
Ali təhsilimi Özbəkistanda aldığımdan, bu yurdu hər zaman özümə ikinci Ana Vətən hesab etmişəm. Ali təhsil almaq üçün Özbəkistana atamla birlikdə gəlişimin ilk günündə Səmərqənddə təyyarədən enib, Böyük Fateh Əmir Teymurun məqbərəsini ziyarət etmişdik. Həmin gündən etibarən türk tariximizin sirrləri məni sehirləyib, atam mənə Səmərqənddə rusun yazdığı kitabdakı Əmir Teymuru deyil, Səmərqəndin Registan Meydanında Qur Əmir Məqbərəsində uyuyan Əmir Teymuru tanımağı tapşırıb.
Elə bu dəfə nümayəndə heyəti ilə birlikdə Özbəkistanın Qeyri-Hökumət- Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının Daşkənd şəhəri regional bölməsinin rəhbəri Dilmurod İzzatovun müşaiyəti ilə nümayəndə heyəti Özbəkistanın Birinci Prezidenti İslam Kərimovun məqbərəsi, Həzrəti Xızır məscidi, Şaxi Zinda Kompleksi, Registan Meydanı, “Qur Əmir” məqbərəsi, Uluqbəy Rəsədxanası, Bibixanım Məscid Komleksi və digər tarixi yerlər ilə tanış oldular.
Müqqəddəs ziyarətgahlarda düşündüklərim
Özbəkistanın Birinci Prezidenti İslam Kərimovun məzarı Həzrəti Xızır Məscidinin yerləşdiyi məkandadır. Səmərqənddə dünyaya gələn dövlət xadimini xalq elə öz şəhərində dəfn edilməsini istəmişdi. Təkcə Səmərqənd şəhərində YUNESKO maddi İrs Siyahısına salınmış 130-dan çox abidə vardır. Həzrəti Xızır məscidi də tarixə VII əsrdən şahidlik edir. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən bu məkanı insanlar hər zaman müqəddəs hesab ediblər. Əgər Özbəkistanlılar buraya əvvəllər Həzrəti Xızır övliyanı ziyarət etməyə gəlirdilərsə, indi həm də burada əbədi uyuyan, böyük dövlət və fəlsəfi fikir adamı İslam Kərimovu ziyarət etmək üçün gəlirlər. Bələdçi deyir ki, İslam Kərimovun xatirəsini yad etmək üçün Özbəkistanın və dünyanın hər yerindən buraya ziyarətçilər hər gün axın edirlər. Özlüyümdə düşünürəm ki, bu gözəl bir ənənədir. Sovet caynağından və zəncirlərindən qopduqdan sonra, yaralı bir dövləti idarə edərək parçalanmağa qoymayan, yaralı Vətənin yaralarını sarmağa çalışan və Özbəkistanı türk taxt-tacında, qlobal dünyada ən parıltılı ulduza çevirməyi bacaran, bərbad olan diyarı abad gülüstana çevirib “Abadlıq könüldən başlayır” deyən İslam Kərimov xatırlanmağa layiq liderdir. Və belə bir ənənəni yaşadan, ölkənin çiçəklənməsində, müstəqilliyinin qorunmasında danılmaz xidmətləri olan lideri, ölkə prezidentini yad etmək isə özbəklərin türk törəsindən gələn böyüklərə hörmət kimi qədim adət-ənənələrə sadiqliyinin göstəricisidir.
Böyük Yolundan dönməyənlər hər zaman xeyirə uğrayar. İslam Kərimovun türk dünyasındakı və Azərbaycan xalqınin yaddaşındakı hörməti bir də ona görə əbədidir ki, hələ 2004-cü ildə siyasi arenada heç bir lider, dövlət başçısı Azərbaycanın Qarabağ həqiqətini dilinə gətirməyə cəsarət etmədiyi halda, Özbəkistan Respublikasının mərhum birinci Prezidenti İslam Kərimov 2004-cü ilin mart ayında Azərbaycanın yeni seçilmiş Prezidenti İlham Əliyevi rəsmi qarşılanma mərasimindən sonra, Daşkənddəki aviazavodda biz jurnalistlərin “Qarabağ probleminin çözümünü necə görürüsünüz?”- sualımızı cavablandırarkən belə demişdi: “Qarabağ Azərbaycanın tarixi torpağıdır. Lakin münaqişənin həlli yolunun açarı birinci və ikinci dərəcəli böyük dövlətlərin əlindədir”. Bundan başqa isə, İslam Kərimov Azərbaycana qarşı diplomatik sayğı göstərdiyindən, Qarabağ torpaqları işğalda olduğu müddətdə öz dövlətində bizə düşmən olan ölkə ilə rəsmi danışıqlara getmədi, diplomatik arenada onların ölkəyə girişinə razı olmadı. Bu ənənəyə İslam Kərimov yolunun layiqli davamçısı prezident Şövkət Mirzyayev də sadiqlik göstərir.
Xızır peyğəmbər, Əmir Teymur, İslıam Kərimov...
2007-ci ildə Səmərqənd 2750 illik yubileyini qeyd etsə də, son tarixi hesablamalar və arxeoloji qazıntılar onu deməyə əsas verir ki, Səmərqəndin yaşı 2800 ildən daha qədimdir. Bu qədim şəhər üç dəfə yadellilərin işğalına məruz qalıb. Hələ bizim eradan əvvəl 329-cu ildə şəhəri Makedoniyalı İsgəndər fəth etmişdi. Yunan tarixçiləri qeyd edirdilər ki, Səmərqənd hələ o zamanlar da çox inkişaf etmiş bir şəhər idi. O dövrdə bu şəhər Makaranda adlanırdı.
Eramızdan əvvəl VIII əsrdə Soqdiana dövlətinin paytaxtı olan Makaranda adı ilə tanınan paytaxt şəhəri, sonralar Əfrasiab adlanırdı. Bu yurdu bu qədər cəlbedici edən isə onun İpək Yolu üzərində yerləşməsi idi. Dünyanın ticarət və mədəniyyət yollarının kəsişdiyi Əfrasiab şəhərinə əvvəlcə cəlcuqların hücumu oldu. Şəhər yerlə yeksan edildi. Bu müqəddəs yerlər dərdi öz qəlbində gizlətməyi bacarırdı. Daha sonra İslamı yayanlar şəhəri yerlə-yeksan etdilər... Həzrət Xızır məscidi də Mərkəzi Asiyada həmin dövrdə zərdüştlərin, yəni oda inananların ilk məscidi hesab olunurdu. XIII əsrdə bu Tanrının gözəl yaratdığı bu yurda monqol yürüşləri başladı. Şəhərdən heç bir əsər-əlamət qalmadı. Monqol yürüşləri səngiyəndən bir neçə əsr sonra taxta çıxan Teymur ibn Taragay Barlas oğlu bu şəhəri gülüstana döndərdi. Şəhərin və ölkənin renessans dövrü başladı.
Həzrəti Xızır məscidini də Əmir Teymur bərpa etdirmişdi. Əfrasiab xərabətlərində ucaldılan və bu günə kimi insanların ziyarət etdiyi bu od-istilik ocağının adının nədən “Həzrəti Xızır və ya Xıdır” adlandırıldığını kimsə bilmir, və o da məlumdur ki, burada kimsə dəfn edilməyib. Sadəcə səcdəgah kimi insanlar yəqin ki, zaman-zaman oda sitayiş etməyə gəliblər. Türk-müsəlman əfsanələrinə görə Xızır peyğəmbər həm də dirilik suyunun yerini biləndir. Belə rəvayətlər də var ki, Xızır peyğəmbər ürəyində Tanrı, haqq sevgisi olan insanları dara düşəndə xilas etmək üçün insan cildinə girərək köməyə yetişir. Belə də deyirlər ki, o, Makedoniyalı İsgəndərin bütün yürüşlərində yol yoldaşı olub. Dirilik suyunu tapıb İsgəndərə gətirdiyində, su dolu dolça yolda sınır... Dirilik suyunun içmək İsgəndərə nəsib olmur. Belə rəvayət də edirlər ki, məhz Xızır peyğəmbərin məscidi Səmərqənddə olduğundan, bu şəhər belə bərəkətli, ruzili və qonaqlıdır.
Mərhum Birinci Prezident İslam Kərimovun və Xızır peyğəmbərin məqbərələri ilə üzbəüz yerləşən 1000 metr məsafədə isə Bibi xanım məscid kompleksi vardır. Mavi kəhrəba və kaşılarla incə-incə, böyük ustalıq və sənətkarlılqla bəzədilmiş bu məscidin ərazisi elə Bibixanım Ananın adına layiq böyük bir ərazidir. Buraya həm də “Ölülər şəhri” deyirlər. Çünki burada 40-dan artıq qəbir olan xanəgahlar vardır. Xanəgahlarda həm də Əmir Teymurun nəvələri, qohumları, sərkərdələrinin ailələri dəfn olunub. Bildiyimiz kimi, İslamın bayrağını Mərkəzi Asiyada yüksəklərə qaldıran Əmir Teymur olmuşdu. Onun İslamında türkçülük ənənələri qorunub saxlanırdı. “Bibi Xanım məscidini” də həmin dövrdə Əmir Teymur sarayının baş xanımı Saray mülk -Bibixanım bəyimə hədiyyə kimi inşa etdirmişdi. Bibixanım həm də ölkəsinin insanlarının təhsili üçün xeyriyyəçilik edirdi. O zaman Səmərqənddə bir neçə məktəb-mədrəsə də tikdirməyə nail olmuşdu. Məhz həmin dövrdə şeybanilər, nəqşibəndilər kimi elmi mərkəzlərində təhsil alanlar dünyanın hər yerinə gedərək sufiliyi təbliğ edirdilər.
Səmərqəndin, Əmir Teymurun yaratdığlı tarix o qədər zəngindir ki, onun haqqında yazdıqca qələm yorulmaz. Lakin indi mənim əsas məqsədim səfərimizin məqsədi və uğuru haqqında danışmaqdır.
Dostluq körpülərini möhkəmləndiririk...
Müqəddəs məkanları ziyarət etdikdən sonra Səmərqənddə fəaliyyət göstərən “Dostluq evi”nə getdik. Burada rəngarəng milli geyim geyinmiş özbək və azərbaycanlı balaları bizi əllərində çörək, şərbət və bayraqlarımızla qarşıladılar. Gənclərin hər birinin üzündə Azərbaycandan gələn qonaqları qarşıladıqlarına görə sevinc və məmnunluq var idi. Səmərqənddə fəaliyyət göstərən QHT-lərlə görüş keçirildi, təcrübə mübadilələri aparıldı. Onların bizdən, bizim də onlardan öyrənəcəyimiz bir çox detalların olduğuna əmin olduq. QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi razılığına gəldik. Qeyd olundu ki, bu minvalla da tarixən dədə-babalardan qalan dostluq körpülərini möhkəmləndirməliyik.
Səmərəqənddəki ikigünlük xoş səfər və şəhər təəsüratından sonra, Daşkəndə yola düşdük.
Xoş mərama atılan imzalar
2024-cü il dekabrın 5-də Özbəkistanın "Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının və dövlət orqanlarının insan hüquqları və maraqlarının təmin olunmasında qarşılıqlı əlaqəsi" adlı Milli Forum keçirildi. Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayaraq, bildirdi ki, hazırkı forum bu prosesin davamıdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev öz çıxışında Azərbaycan və Özbəkistanın qardaş ölkə, müttəfiq olduqlarını, siyasi münasibətlərin də ən yüksək səviyyədə davam etdiyini bildirdi.
Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlığın gücləndiyini, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacağını söylədi.
Elə həmin Forumda Azərbaycan və Özbəkistanın 5 QHT-si arasında Memorandum imzalandı. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Özbəkistan “Yüksəliş” Hərəkatının sədri Babur Bekmuradov, Azərbaycan Respublikası “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova ilə Özbəkistanın "Əlillər Cəmiyyəti"nin sədri Kamil Abdullayev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimovla Özbəkistanın “İstiqlal" Elmi-Tədqiqat Mərkəzinin sədri Usmonjon Butaev, Özbəkistanın "Qadınlar və Qızlar" İctimai Birliyinin sədri Nasiba Miradilova ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzinin sədri Kobuljon Sobirovla “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalandı.
Forum öz işini həm də panel sessiyalarla davam etdirdi. Panel sessiyada "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov , Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, "İcmaların İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, "Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov QHT sektorunda həyata keçirdikləri layihələrdən, əldə olunan nəticələrdən danışdılar.
Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi" çərçivəsində keçirilən Forumda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanı ilə təltif olundu.
***
Daşkənd şəhərində azərbaycanlıların sıx yaşadığı rayonda Ümummilli Lider Heydər Əliyev Meydanı insanların tez-tez ziyarət etdikləri məkandır. Azərbaycanın Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin əməkdaşları, Azərbaycan və Özbəkistan QHT nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin böyük oğlunun burada ucaldılan heykəlinin önünə gül dəstələri qoyaraq, xatirəsini hörmətlə yad etdilər. Elə həmin gün ziyarət etdiyimiz digər bir ocaq da Azərbaycan səfirliyi oldu. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev foruma gələn nümayəndə heyətinin məram və məqsədinin iki ölkə prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələrlə eynilik təşkil etdiyini, bu tərəfdaş münasibətlərdən həm də xalqın yararlanacağını söylədi.
***
Azərbaycanda baş verən siyasi və ya mədəni hadisələr qısa bir zaman kəsiyində hər zaman Özbəkistanda da əks-səda doğurub. Azərbaycanda türk əlifbası yaranandan, ilk qəzet çıxandan, teatr mədəniyyəti dalğası yayılandan sonra, Özbəkistanda da bu proseslər başlayıb. İlk teatrı da Özbəkistanda Sidqi Ruhulla, Hüseynqulu Sarabski açıbdır. Özbəkistanın Nəvai adına Dövlət Opera və Balet Teatrında quruluşçu baş rejissor da azərbaycanlımız Firudin Səttarov idi. O Azərbaycanın və Özbəkistanın xalq artisti idi. Bu ilin yayında 89 yaşında vəfat etdi. Özbəklər onu elə Daşkənddə dəfn etdilər. Azərbaycanın ən məşhur teatr tamaşaları hər zaman özbək teatrlarının afişalarını bəzəyib. Bizim gəlişimizlə əlaqədar Daşkənd şəhərində Mukimi adına Özbəkistan Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettası əsasında "Qayçı qudalar" tamaşası təqdim olundu. Çox uğurlu tamaşa Azərbaycandan olan nümayəndə heyətinin də böyük marağına səbəb olub. Özbək sənətkarlarının belə böyük peşəkarlıqla şövqlə oynadıqları əsər inanıram ki, Azərbaycan səhnəsində də nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əhəd Fərmanov dedi ki, 12 ildir ki, bu tamaşa özbək tamaşaçılarının maraq dairəsindədir.
Bəli, bizim ortaq mədəniyyətimiz, ortaq tariximiz mövcuddur, olub və olacaq da.
***
Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə qeyd etmişdi: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Səmərqənddəki IX Zirvə görüşündə Şavkat Mirziyoyev çıxışında qeyd etdi ki:
Türk yurdu min illərdir Şərqlə Qərbi birləşdirib, dünya sivilizasiyalarını yaxınlaşdırıb, mədəniyyətləri zənginləşdirib. Biz türk dünyasının qədim tarixinə parlaq səhifələr yazmış ortaq ulu əcdadlarımızla haqlı olaraq fəxr edirik. Onların əvəzsiz irsini qorumaq, dərindən öyrənmək və gələcək nəsillərə ötürmək hamımız üçün ən mühüm vəzifədir. Bugünkü zirvə toplantısının digər mühüm cəhəti də ondan ibarətdir ki, çoxminillik tarixə malik türk ailəmiz yenilənmiş təşkilat çərçivəsində bu tərkibdə toplaşıb.
Şübhəsiz ki, biz birlikdə “Türk sivilizasiyasının yeni dövrü: ortaq tərəqqi və rifaha doğru” devizi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Türk dünyasının heyran olunmağa layiq böyük tarixi, böyük əcdadları, misilsiz sərvəti var. Və mən əminəm ki, türk dünyasını böyük gələcək gözləyir. Biz bu gələcəyi mütləq zəhmətkeş, səxavətli, nəcib xalqlarımızla birlikdə quracağıq. Qədim Səmərqənd şəhərindəki Zirvə görüşümüz müasir tarixdə türk dünyası sivilizasiyasının inkişafında yeni mərhələnin başlanğıcını qoyacaq.
Özbəkistanda keçirilən hər iki ölkəninin Milli Forumunda “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzi ilə imzalanan Memorandum hər iki dövlət başçısının Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərində səslənən fikirlərini proqram kimi həyata keçirmək niyyətindədir. Türk Dövlətləri Təşkilatının İstanbuldakı Zirvə görüşündə qəbul etdiyi “Türk dünyasına Baxış -2040” sənədi də bizim birgə fəaliyyətimizin istinad nöqtəsi olmalıdır.
Qədim Türk Dövlətləri ənənələrinə sadiq qalaraq, İctimai Birliyimizin də adını İpək Yolu adlandırdıq ki, dünyaya həm Azərbaycandan, həm Özbəkistandan keçən İpək kimi yollarla çıxaq. Dünya bizim tariximizin yeni səhifələrinə bələd olanda həm də ədalətimizə inanancaq, gücümüzə bələd olacaq.
Əmir Teymur deyirdi ki, “Güc ədalətdədir!”.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)
.