
Super User
“Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiyanın premyerası olacaq
17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiyanın premyerası baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə rəhbəri və ideya müəllifi Turan döyüş sənəti olan Dünya Alpaqut Federasiyasının ideoloji məsələlər üzrə vitse-prezidenti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin fəxri üzvü, bəstəkar, yazar Fərahim Sadiq olan kompozisiyanın quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir.
Ədəbi-bədii musiqili kompozisiyanın aktyor heyətinin sırasında respublikanın əməkdar artisti və peşəkar aktyorlar: Əməkdar artist Qasım Nağı, Xalidə Əliməmmədova, Pərviz Qurbanlı, Şövqi Əmiraslanov, Aysu Türkel, Təhminə Qarayeva, Allahverdi Qurbanov, Elcan Məmmədov, Tofiq Əhmədli, Pərviz Rzayev, İlkin Rafiqoğlu, Əlibala Qasımov yer alıblar.
Kompozisiya hərbi-vətənpərvərlik mövzusunda qurulub.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
“Qaçhaqaç" romanından parça - Seyran SƏXAVƏT
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Seyran Səxavətin yeni yazdığı romanından parça
təqdim edilir.
- Çuvak, hardasan, səhərdən səni axtarıram... - Ziya dedi.
- Gözünün qabağındayam, bu bir, ikinci, Ziya, bir də sən mənə çuvak desən, sənin o dilini dartıb xirtdəyindən çıxardacam, bildin?! - Onun üstünə qışqırdım.
- Bildim, bildim, - Ziya çaşdı, - dekan səni çağırır.
- Görürsən siqaret çəkirəm, - əlimdəki siqareti göstərib mülayimcəsinə dedim, -gedirəm... - Ziya bu dəfə də tərsinə çaşdı.
- Tay özün bil, mənnən demək... uşaqlar da gördü ki, mən dedim. - Ziya hər təsadüfə qarşı özünə şahidlər də "bron" elədi və attana-attana getdi, yerişi eləydi.
Dekanın otağına girən kimi o, əlindəki təqvim vərəqini mənə göstərib dedi:
- Bu nömrəyə zəng elə, özü də təcili.
- Həsən müəllim, sizdə iki qəpiklik var?
- İki qəpikliyi neynirsən, burdan zəng elə... işlərin necədi?
- Çox sağ ol, Həsən müəllim, yaxşıyam, - onun üzünə baxdım, - bu kimin nömrəsidi?
- Nəbi Xəzrinin... televiziyanın sədr müavini.
Nömrəni yığdım, bir qadın götürdü.
- Bağışlayın, - dedim, - Nəbi müəllimi olar?
- Nəbi müəllim yoxdu.
- Necə yəni yoxdu? - dedim.
- "Yoxdu" sözünü başa düşürsünüz? - Qadının hikkəli səsi az qaldı qulağımda partlasın.
- "Yoxdu" sözünü başa düşürəm ee... ancaq bir şeyi başa düşmürəm.
- Nəyi başa düşmürsünüz? - Eyni tonla soruşdu.
- Nəbi müəllim özü deyib ki, ona zəng eliyim.
- Həəə? - Qadının səsi Şəki ipəyi kimi yumşaldı, - belə deyin də, bağışlayın, kimdi ki, danışan?
- Deyin ki, Seyran Səxavətdi.
- Bircə dəqiqə gözləyin... - Qadın bu dəfə, yalan olmasın, xahiş elədi ki, bir dəqiqə gözləyim, mənə elə gəldi.
- Gözləyirəm, - dedim.
Heç yarım dəqiqə keçməmiş qadının səsi gəldi:
- Seyran müəllim, bağışlayın ee, o qədər adam zəng eləyir ki, işləməyə qoymurlar. Nəbi müəllimi, indi calaşdırıram, danışın.
Nəbi müəllimin səsi gəldi.
- Alo.
- Nəbi müəllim, Seyran Səxavətdi narahat eliyən.
- Xoşdu, xoşdu... Necəsən, ay gözəl oğlan!
- Çox sağ olun, Nəbi müəllim, yaxşıyam.
- Seyran, "Azərbaycan" jurnalında şeirlərini oxudum, çox xoşuma gəldi. Əhsən! Sən belə elə də... Özünün xoşuna gələn on-on beş dənə şeirini də götür, sabah saat üçdə ol yanımda, vaxtın varmı?
- Mütləq gələrəm, Nəbi müəllim, çox sağ olun.
- Yaxşı, gözləyəcəm... görüşərik, dud... dud...dud...dud...
Soyuq adamı kəsib doğruyurdu. Axşamdan yağan qar səngimişdi. Şaxta adamın iliyinə işləyirdi. Torpağın, ağacların donu açılmamışdı. Bir yandan da Bakı küləyinin dəliliyi tutmuşdu, adama elə gəlirdi ki, bu külək bir də heç vaxt "ağıllanmayacaqdı".
Üçə beş dəqiqə qalmış birtəhər gəlib Nəbi Xəzrinin qəbul otağına çıxdım.
- Sizə kim lazımdı? - Qadın mənim şaxtadan qızarıb pörtmüş sifətimə baxıb üşüyən kimi oldu.
- Nəbi müəllim çağırıb, - dedim, saat üçə, - qol saatıma baxdım, - hələ beş dəqiqə var.
- Siz Seyran...
- Bəli, - mən onun sözünü kəsdim.
- Buyurun, buyurun, əyləşin.
- Sağ olun. - Mən paltomu soyunub əyləşdim, - yaman soyqudu, çöldə iti quyruğundan bağlasan, durmaz.
Qadın qaqqıldayıb güldü, mən ona baxan kimi dedi:
- Ömrümdə belə söz eşitməmişdim.
Mən ona fikir vermədim, ürəyimdə dedim:
- Cəhənnəmə-gora eşit... elə yerdə oturmusan ki, burda heylə sözləri hardan eşidə bilərsən ki?!
Mən içəri girən kimi Nəbi Xəzri ayağa durub qabağıma yeridi, əl verdi:
- Xoş gəlmisən, ay gözəl oğlan... buyur, əyləş.
Nəbi Xəzri mənimlə üzbəüz oturdu, onun boş qalmış kreslosunun sağ tərəfində beş-altı telefon var idi. "Bu telefonların hamısı birdən zəng çalsa, tək adam ona nə təhər cavab verər görəsən?"
O, əllərini üst-üstə qoyub diqqətlə mənə doğma bir nəzər salandan sonra dedi:
- Səni necə təsəvvür eləmişdimsə eləsən.
- Sağ olun, Nəbi müəllim.
- Şeirləri gətirmisən?
- Bəli.
- Sənin yazılarını həmişə izləyirəm. "Ədəbiyyat və incəsənət"dəki şeirlərin də çox xoşuma gəldi. Qəzeti saxlayıram.
Nəbi Xəzri stolunun üstündən qəzeti götürdü, gözünü ora zilləyib oxudu:
Gözümdə qaranlıq, gözümdə sabah,
Yol var cığır yükü daşıya bilmir.
Deyirəm, dünyanın işlərinə bax,
Yollar tapdanmasa yaşaya bilmir,
- çox əladı, burda söhbət yoldan yox, insan taleyindən gedir, adamın gözünün qabağına əzabkeş insan gəlir. İndi hamısını oxumaq istəmirəm, hamısı gözəldi, tutarlıdı, hər misranın öz yükü, öz çəkisi var. Sən yaşda olanda biz belə şeirlər yaza bilmirdik... hə... Yaxud da, "Adalar" şeiri. Deyirsən ki:
İndi alim olub hər xalq, hər ölkə
Onlar adaları yaxşı duyarlar.
İyirminci əsrdi, nə bilim, bəlkə
Adasız dənizi oğurlayarlar.
İnsanın bir şeydə gözləri qalsa,
Əksi gözlərinin yaşına düşər.
Dənizə ildırım düşməli olsa,
Yenə adaların başına düşər.
Və yaxud:
Qərib adaları kimsə gəzməyib,
boynunu həsrətlə burubdu torpaq.
Suların altında sanki dözməyib,
Qalxıb ayaq üstə durubdu torpaq.
Hamısı gözəldi. Jurnaldakı "İlk məhəbbət - son məhəbbət" şeirin sevgi haqqında yazılmış nadir şeirlərdəndi. Sonra, "Mənim subay planetim..." Yer kürəsinin, bəşəriyyətin taleyi ilə bağlı nə boyda narahatlıq var orda.
Başımı aşağı salıb Nəbi Xəzrinin dediklərini bütün dəqiqliyi ilə tuta bilməsəm də, onu bilirdim ki, məni bərk tərifləyir. Tər dabanımdan gedirdi, çölün soyuğu bu təriflərdən sonra damla-damla canımdan çıxırdı.
- Heç mənim qəzetdəki şeirlərdən xəbərim yox idi. Əliağa Kürçaylı zəng eləyib təriflədi, mən də tapıb oxudum, gördüm ki... aləmdi.
Qadın iki stəkan çay gətirib stolun üstünə qoyan kimi Nəbi Xəzri dedi:
- İsti-isti iç, qızış, - sonra pəncərədən bayıra baxdı, - bu gün bərk soyuqdu, heç Moskvada belə soyuq olmur. Moskvada belə külək olmur, ha...
- Çox sağ olun, Nəbi müəllim, məni nə təhər təriflədinizsə qızışdım... - dedim.
- Olanı dedim, fikirləşdiklərimi... Halal haqqındı sənin.
- Çox sağ olun.
- Sən sağ ol ki, belə şeirlər yazırsan... çay iç...
Biz çay içə-içə xeyli söhbət elədik, çox şey barədə, ədəbiyyat, adamlar, təbiət, münasibətlər, Cənubi Azərbaycan...
- Bəxtiyar da səni tərifləyirdi o günü, hətta bir şeirindən sitat da gətirdi, mənim də yadımda qalıb... bir dəyqə, bir dəyqə... hə... Lirik qəhrəman sevdiyinə deyir ki:
Evinizin başına
Mənim kimi dolanan
Barını da sevirəm.
Bəxtiyar dedi ki, burda Allahlıq eliyib... Nə isə bunlar öz yerində. Bilirsən də, bizdə, televiziyada "On dəqiqə poeziya" rubrikası var. - Üzümə baxdı.
- Bəli, - dedim.
- Hə... Bilirsən ki, orda ancaq yaşlı adlı-sanlı şairlər çıxış eliyirlər... heç baxmısan?
- Bəli, demək olar ki, hamısına.
- Lap yaxşı. Ənvər müəllimnən, Ənvər Əlibəyliynən danışmışam ki, sən də "On dəqiqə poeziya" verilişində şeirlərini oxuyasan.
Nəbi Xəzri elə bil məni öz kabinetindən götürüb dağın başına qaldırdı ki, otur burda, sənin yerin buradı. İnanın ki, qulaqlarıma, qulaqlarım cəhənnəm, gözlərimə inanmadım; çünki mən həmişə qulaqlarımdan çox, gözlərimə inanmışam. Axı, "On dəqiqə poeziya" verilişinin ənənəsinə və tələblərinə görə mən, ən yaxşı halda, iyirmi ildən sonra orda çıxış eləyə bilərdim. Nə mənim, nə də yaşıdlarımın yuxusuna da girməzdi belə şey... cəmisi iyirmi iki yaşım vardı.
Burda bir həqiqəti deməyi lazım bilirəm. Xahiş eləyirəm, məni düz başa düşün, söhbət nə mənim istedad sahibi olmağımdan, nə mənə göstərilən diqqətdən, nə də özünütəbliğdən gedir, söhbət ondan gedir ki, bunlar hamısı olub və mən də başıma gələnləri yazıram axı... Diqqətinizə və məni düz başa düşdüyünüzə görə minnətdaram və bu da o demək deyil ki, sizin boynunuza nəsə qoyuram. Ancaq yenə özünüz bilən məsləhətdi...
"Söz vaxtına çəkər", deyiblər, mən də deyirəm. 1983-cü ildə, Nəbi Xəzri ilə görüşümüzdən təxminən, on beş il sonra, Moskvada, Vladimir İliç Leninin beş-on addımlığındakı "Moskva" mehmanxanasında idim. "Sovetski pisatel" nəşriyyatında çap olunacaq povestlər və hekayələr kitabımla əlaqədar gəlmişdim. Noyabr ayı idi, burda da iti quyruğundan bağlasan, çöldə durmazdı. Burda da şaxta adamı kəsib doğrayırdı. Ancaq burda Bakı küləyi əsmirdi - Allah moskvalıların üzünə baxmışdı.
Rusiyalı gənc şair Lyubov Varapayeva ilə görüşüm vardı, "SDL" kimi tanınan, "sentralnıy dom literaturov" kimi şifrə olunan Mərkəzi Ədiblər evində. Məşhur rus şairi Rimma Kazakova bu yaxınlarda Lyubov Varapayevanı Sovet oxucularına təqdim eləmişdi, qız da bu təqdimatdan sonra yerə-göyə sığmırdı, çünki o vaxt belə bir təqdimat, özü də Rimma Kazakova tərəfindən, böyük uğur sayılırdı və hər istedad sahibinə də qismət olmurdu. Bu gün Lyubov Varapayeva Rusiyanın ən məşhur nəğməkar şairlərindən biridi, sevilir və mükafatlar alır.
Ancaq görüşümüzə hələ iki saatdan da bir az artıq vaxt qalırdı. "Moskva" mehmanxanasından Mərkəzi Ədiblər evinə isə taksi ilə on dəqiqəlik yol idi. Yeri gəlmişkən, onu da deyim ki, Mərkəzi Ədiblər Evinin və SSRİ Yazıçılar İttifaqının birgə yerləşdiyi bu yer İkinci Aleksandrın malikanəsi olmuşdu. İkinci Aleksandrın binanın həyətindəki at tövləsində isə "Drujba narodov" jurnalının redaksiyası yerləşirdi. Mərkəzi Ədiblər Evində kimə desən, rast gələ bilərdin; Rəsul Həmzətova, Mirzə Tursunzadəyə, Yevgeni Yevtuşenkoya, Andrey Voznoseneskiyə, Valentin Katayevə, Kaysun Kuliyevə, Nəbi Xəzriyə, Mirzə İbrahimova, Andrey Bitova, Bela Axmadulinaya və kimlərə, kimlərə... Çünki burda yeyib-içmək hamıya ləzzət eləyirdi. SSRİ-nin illərlə bir-birini görməyən yazıçıları, şairləri burda bir-birinə rast gəlir, stol arxasında dərdləşir, bir-birinə təzə kitablarını bağışlayırdılar.
Fikirləşdim ki, bu qədər vaxtı mehmanxanada oturub neyləyəcəm ki, yaxşısı budu, gedim Mərkəzi Ədiblər evinə, kofedən-zaddan içim, bəlkə dost-aşnaya da rast gəldim. Vaxtımı öldürərəm, ona qədər Lyuba da gəlib çıxar.
Geyinib aşağı düşdüm. Liftdən çıxanda Nəbi Xəzri ilə üz-üzə gəldim. O liftə minmək istəyirdi, ancaq minmədi. Məni görüb sevindi.
- Nə yaxşı sən də burdasan, ay gözəl oğlan, nə var, nə yox?
- Sağ olun, Nəbi müəllim, siz necəsiniz?
- Mən yaxşıyam. Nə vaxt gəlmisən?
- İki gündü, - dedim.
- Heç qarşılaşmamışıq... burda olduğunu bilmirdim.
- Mən də sizin burda olduğunuzu bilmirdim, yoxsa, tapardım sizi.
- Tapdın də, - Nəbi Xəzri dedi.
- Bəli, - dedim.
- Hara belə gedirsən?
- İki saatdan sonra "SDL"də görüşüm var, - dedim.
- Hələ çox var, - dedi, - qalxaq mənim otağıma.
- Qalxaq, - dedim.
Nəbi Xəzri lüks otaqda qalırdı, burda lap futbol oynamaq olardı. Pəncərənin qabağındakı ağ royal otağa xüsusi yaraşıq verirdi. Royalın sol tərəfində böyük bir vazada gül qoyulmuşdu. Sizə zarafat gəlməsin, kişi SSRİ Dövlət mükafatı laureatı idi.
- Çoxdan gəlmisiniz? - Nəbi Xəzridən soruşdum.
- Bir həftədi. Sabah gedirəm, - dedi.
- Nə tez?
- Yaponiyaya uçuram.
- Yaponiyaya? - Mənim üçün gözlənilməz oldu.
- Hə.
- Orda olmusunuz, yoxsa...
- Birinci dəfədi, - dedi, - çoxdankı arzum idi.
Hal-əhval tutandan sonra Nəbi Xəzri ayağa durub soyuducuya tərəf getdi. Əlində "Napoleon" konyakı və iki rumka ilə qayıtdı:
- Əlli-əlli içək, - dedi, - hava da soyuqdu... aclığın var?
Yoox, təzə yemişəm.
- Elə mən də... - dedi, - süz görək.
Nəbi Xəzri dedi ki, qəfil görüşümüzə çox şaddı, özü də Moskvada. Mənim şərəfimə, sizə ətraflı demək istəmədiyim təmtəraqlı, səmimi bir sağlıq dedi, içdik.
- Təmiz fransuzskidi... çox yumşaqdı. - Nəbi Xəzri konyakı təriflədi.
Sonra biz çox şeylər barəsində söhbət elədik: dünya ədəbiyyatındakı yeniliklərdən, öz ədəbiyyatımızın uğurlarından və naqis cəhətlərindən, insani münasibətlərdən, sənətə dəxli olan ayrı-ayrı şəxslərdən, respublikamızın problemlərindən... Söhbət genişləndikcə vaxtım daralırdı. Mən bir dəfə qol saatıma baxan kimi o dedi:
- Başımız qarışdı, söhbət uzandı, mətləbdən yayındıq. Sən "On dəqiqə poeziya"da çıxış elədiyin vaxtdan gör neçə il keçib...
- Hardasa on beş il. - Mən tez cavab verdim.
- Ondan sonra, - Nəbi Xəzri davam elədi, - biz müxtəlif tədbirlərdə səninlə dəfələrlə görüşmüşük, bir dəfə də soruşmadın ki, ay Nəbi müəllim, o vaxt nə məsələydi, niyə bir heylə tay-tuşlarımın içində məni çıxartdın, "On dəqiqə poeziya"ya... - Nəbi Xəzri üzümə baxdı.
- Nəbi müəllim, o vaxt sizin dediklərinizdən belə başa düşmüşdüm ki, şeirlərim xoşunuza gəlib, ona görə.
- Düzdü, - dedi, - bu da əsasdı... ancaq bunun başqa bir səbəbi də var, - üzümə baxdı.
Maraq məni götürdü ki, başqa nə səbəb ola bilər, nə qədər fikirləşsəm də, ağlıma heç nə gəlmədi. Dedim:
- Bilmirəm, vallah...
- Mən də sənə onu demək istəyirəm də... aradan illər keçib, sən də böyümüsən, indi sənə demək olar.
- Eşidirəm, Nəbi müəllim, - doğrudan, maraq məni götürmüşdü.
- Bilirsən, Seyran, oğul, insanıq də. Mənim çox hörmət elədiyim bir qadın vardı, səninlə açıq danışıram, bir dəfə necə oldusa, bakılıyam də... Bakılılığıma salıb onu bərk incitdim, özü də haqsız yerə. Yaman əzab çəkirdim, özümə yer tapa bilmirdim. Üzr istəməyə də imkan vermirdi, zəng eliyirdim, səsimi eşidən kimi adboy verirdi. Özümdən başqa heç kəs mənə kömək eliyə bilməzdi, əslinə qalanda bu yerdə başqasının mənə kömək etməsinin özünü təsəvvür eləmirdim, - üzümə baxdı, istəyirsən, bir əlli vuraq?
İçdik.
- Həə... - Nəbi Xəzri davam elədi, - sifariş göndərməli də deyil, çünki özün bilirsən də... Nə qədər fərdi cəhdlər eləsəm də, hamısı boşa çıxdı elə bil ki, özümdə-sözümdə deyildim. Vicdanımın ağrısı baş ağrısına çevrilmişdi. Hə... Əlli də vuraq?
İçdik.
- Hə... əlacsız qalıb taleyimlə barışdım, "Nə olar, olar", dedim. Bir gün işdə mənə "Azərbaycan" jurnalı verdilər, vərəqlədim, sənin şeirlərinə rast gəldim, "İlk məhəbbət - son məhəbbət" şeirini elə bil ki, mənə yazmışdın, özümün bütün sarsıntılarımı gördüm o şeirdə. Heç özüm də bilmədim necə oldu, ümidsiz-filansız o şeiri kəsdim jurnaldan, bir konvertə qoyub öz əlimlə poçt qutusuna salıb onun ünvanına göndərdim. Günləri sayırdım, günləri saymağnan qurtaran deyil axı. Düz on beş gündən sonra, kabinetdə mənim ailə üçün ayrıca şəhər telefonum vardı, o telefon zəng çaldı, elə bildim ki, evdəndi. Dəstəyi qaldırdım, o idi, telefonda hönkür-hönkür ağlayırdı, telefonda ağlayanı sakitləşdirmək, üzbəüz ağlayanı sakitləşdirməkdən min dəfə çətindi axı. Ömrünün ən uzun üç-dörd dəqiqəsi oldu. Özü-özünü sakitləşdirəndən sonra pıçıltı ilə dedi:
- Nəbi, o şeiri mən də jurnalda oxumuşdum, mənim də ürəyimdən keçirdi ki, onu kəsib sənə göndərim, ancaq özümə sığışdırmırdım. Sənnən ötrü yaman darıxmışam, sabah zəng vuracam... - Nəbi Xəzri susdu.
Azərbaycan və SSRİ ədəbi mühitinin son dərəcə ciddi adam kimi tanıdığı, əslində də beləydi. Nəbi Xəzri necə kövrəlmişdi, uşağa dönmüşdü.
- Seyran, oğlum, bu mənim sirrimdi, övladım kimi onu sənə etibar eliyirəm. Ancaq məndən sonra, nə vaxtsa yerinə düşsə, xatirələrinin birində mütləq yazarsan. Yazarsan ki, necə oldu birdən-birə sən "On dəqiqə poeziya"da çıxış elədin. Sən Nəbi Xəzriyə yox, ona borclusan...
- Oldu, Nəbi müəllim, söz verirəm...
..."Moskva" mehmanxanasında Nəbi Xəzri ilə aramızda olan bu söhbətdən nə az, nə çox - düz iyirmi yeddi il keçir. Onun mənə etibar elədiyi sirri otuz ilə yaxın göz bəbəyim kimi qorudum. Bir neçə ildi ki, Nəbi Xəzrini itirmişik. Ancaq o mənim üçün diridi və ona diri kimi sifariş göndərirəm:
- Əziz Nəbi Xəzri! Sizə verdiyim sözə əməl elədim, vədimə naxələf çıxmadım...
Ünvanına çatacağına inanmasaydım, heç vaxt bu dünyadan o dünyaya sifariş göndərməzdim...
Hörmətlə, Seyran Səxavət.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
“Qor-qor, köz-köz olan könlüm” - Namiq Abdullayevə rekviyem
“Ədəbiyyat və incəsənət” portalı sevilən şair Zahid Sarıtorpağın mərhum yazıçı Namiq Abdullayev barəsindəki xatirə yazısını və şeirini təqdim edir.
BİR NAMİQ ABDULLAYEV VARDI…
Yəqin yaşlı nəsil fantastik əsərlər müəllifi Namiq Abdullayevi yaxşı xatırlayır... Ruhən də, cismən də tərki-dünya bir insan idi. Baxanda deyirdin dünyaya sərxoş doğulub. Elə o cür də köçdü dünyadan... Söhbətimiz gözəl tuturdu onunla. Hərdən Şamaxıya da gəlirdi, görüşürdük. Bu şeiri çoxdan ona həsr eləmişəm... Öz dilindən yazmışam...
NƏYƏ İNANIRLAR ORALARDA BƏS...
(Mərhum yazıçı Namiq Abdullayevin
ağı üstündə gecikmiş gileyi)
qor-qor köz-köz olan könlüm
açılmış yaram kimidi deyirəm — inanmırlar
şövqü yüz yerə bərq vurur
təzə sınmış cam kimidi deyirəm — inanmırlar
dolanda nurla silələnib dolur
haqdan bulur məqamını göz qırpımında
göyə çıxır qərib olur ey qərib olur
yerə düşür xam kimidi deyirəm — inanmırlar
bircə yol fələk də dinmir dindirə
dindirə dərdin söndürə bircə yol
içib kuzəni sındıran bu zalım
bir ömər xəyyam kimidi deyirəm — inanmırlar
açılır bu baxtsız baca açılır üzünə
küfr ilən çıxır hərraca uçunur eləcə
gəlin gəlin baxın budur
yarıyacan
yanıb sönmüş şam kimidi deyirəm — inanmırlar
tut yasını qara günlüm tut yasını
haqq yolunda zülüm-zülüm dərdi ünlüm
səndən üzü dönən könlüm dönən könlüm
cismimə haram kimidi deyirəm — inanmırlar
nəyə inanırlar oralarda bəs?
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
BİRİ İKİSİNDƏ – Füzuliyə ithaf edilmiş şeirlər
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib. Bu dəfə sizlərə Füzuliyə ithaf edilmiş şeirləri təqdim edirik.
Əlağa VAHİD
FÜZULİDƏN TƏXMİS
Diyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,
Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,
Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,
“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.
Xəyal eylər görən, bir bülbüləm gülzari-eşq içrə,
Yaxar gülzari naləm ahi-atəşzari-eşq içrə,
Məni sevdayi-həsrətdür yıxan azari-eşq içrə,
“Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,
Dolub hər dəm gözüm, min daşə hər saat dəyər başım”.
Görüb rüsvalığım eşqində yarın, tən edər hər kim,
Bəlalər çəkməyə guya məni çərx eyləmiş təhkim,
Fələkdən başıma daşlar yağır, qılmaq dilər tərkim.
“Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,
Fləmişə laləvü ləl ilə rəngindir içim, taşım”.
Həyatı aşiqin eşq olmasa, əfsanə bir röya,
Məhəbbətdir fəqət pəjmürdələr qəlbin edən əhya,
Məni aşiq doğub, qoynunda yalnız bəsləmiş dünya,
“Mənə manənd bir divanəsurət bağlamaz guya,
Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım”.
Sevinci könlümün yar etdiyi qəhri-qəzəbdəndir,
Vəfadə sabit olmaq aşiqə əslü-nəsəbdəndir,
Cəfayə dözməmək, Vahid, demə, rəsmi-ədəbdəndir.
“Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,
Cühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşim”.
Rəsul RZA
FÜZULİ
İlk sətirlər
Şeirinlə, fikrinlə doluyam, ustad!
Elə bil ürəyim baharla dolub.
Gecə-gündüz yazıb-pozduğum sözlər
Sanki gül-çiçəkdir, bir uşaq yolub.
Dəstə bağlamağı bacarmır ancaq,
gah bunu, gah onu götürür, baxır.
Müşkülə düşmüşəm, qınama, ustad,
adına bağlanır bu dəstə axı!
Səni axtarıram sözlər içində.
Yox, adına layiq söz axtarıram.
Dərdini, naləni duyan bir ürək,
möhnətini görən göz axtarıram.
Bilirəm, el dərdi, vətən həsrəti
quru sazaq kimi səni kəsibdir.
Hər vətən deyəndə yaşarıb gözün,
dodağın titrəyib, dilin əsibdir.
Vətən bəzən dərdli, bəzən nəşəli,
düşünən, yaradan insan deməkdir.
Yüz çayı, yüz çölü, yüz dağı olsun,
insansız bir torpaq nəyə gərəkdir?!
Torpaqsız insan da yuvasız quşdur,
ömrün boranından necə qorunsun?
Qanadlı bir quş da, nə qədər uçsa,
axırda gərəkdir bir yerə qonsun.
Dağlar da görmüşəm, qayalar da mən,
başı buludlarda şəlalələr də.
Budaqları pıtraq bəhərli bağlar,
çölə yanğın salan tər lalələr də.
Bəs neçin yurdumun daşı, torpağı
hər çöldən, çəməndən mənə əzizdir?
Nədəndir Arazın bulanıq suyu
duru göz yaşından mənə təmizdir?
Deyirlər, İraqdan ayrılmamısan,
ömrün Kərbəlada, Bağdadda keçib.
Əgər doğma idi sənə o yerlər,
niyə bütün ömrün fəryadda keçib?
Bir daş ürəkliyə könül vermisən,
yandırıb qəlbini külə döndərib,
Bəs necə hikmətdir yanan ürəkdən
çıxan hər sözünü gülə döndərib!
Yanıq nəğmələrin yayıldı elə,
ümidin gözündə bir çənə döndü.
Bircə muradınla dönmədi dövran,
muradına qarşı döndü, nə döndü!
Ürəyim şerinlə doludur, ustad!
yazıb-pozduqlarım varaq-varaqdır.
Bu çətin yollarda mənzil başına
məni məhəbbətin aparacaqdır.
Bəxtiyar VAHABZADƏ
ONUN PƏRİŞANLIĞI
(Füzuli heykəlinin açılışı münasibətilə)
Heykəlin müəlliflərinə
Sağ olun,
Çox sağ olun,
Gözəldir heykəliniz.
Qoy var olsun əliniz!
Füzulini deyil, siz
Bu günü duymuşsunuz.
Sənətin bizim əsrə
Sözünü duymuşsunuz.
Öz əsrində Füzuli
Axı nəyə ağlamış?
Kim deyir ki, Məcnuna,
Ya Leyliyə ağlamış?
Mən anlaya bilmirəm,
Şah İsmayıl əsrini
Yamanlaya bilmirəm.
O, öz zərrə dərdinə
Ümman dedi, dağ dedi.
O, öz “yalan”larıyla
Əsri də silkələdi.
Bizsə ağ yalanları
Daddıq həqiqət kimi –
Bədbəxtliyi səadət,
Zəhəri şərbət kimi.
Heykəliniz gözəldir!
Onun o əyri beli
Sanki mənim əsrimin
Dərdilə yüklənibdir.
Şeirinin hər nidası,
Nəğməsinin hər xalı
Əsrinə köklənməyib,
Əsrimə köklənibdir.
Onun pərişanlığı
Köksündə od qalanmış,
Ana yurdu talanmış
Elin pərişanlığı...
Yüz yerə parçalanmış
Dilin pərişanlığı.
O, sakit görkəmiylə
Qaya kimi dayanıb,
Dərya kimi çağlayır.
Öz doğma millətinin
Dünəninə güvənir,
Bu gününə ağlayır.
iyul 1962
Əli KƏRİM
FÜZULİ
Dünya səni qocaltdı, yaşıdın olsun deyə
Gömüldü dərdin yerə, ucaldı ahın göyə.
Dərdə şərik – dərd özü, sükut – suala cavab.
Qranit dağlar belə gətirməzdi buna tab.
Füzuli, o nə dövran!..
Görsələr yanır insan,
Yanana od verdilər.
Füzuli, o nə kədər!
Görsələr donur insan,
Donana buz verdilər...
Füzuli, o nə qədər? –
Görsələr batır insan,
Batana dəryaları
birdən bəxş elədilər.
Dünya səni qocaltdı,
Qocaldın dünya kimi,
Könlün kədərlə dolu –
çalxanan dərya kimi.
Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.
Ey böyük ustad, heyhat.
Ürəyində o ada, şöhrətə yer vardımı?
Min bir kədər əlindən
orda yer qalardımı?
Gəldi cavan bir qızın
vədəsiz məhəbbəti,
Könlündə dərd əlindən
bu eşqə yer vardımı?
Bəzən də xanəndənin
cilvələndi sənəti,
Qəzəllərindən ayrı
qəzəl oxunardımı?
Doğma sözlərinə də
qəlbində yer vardımı?
Dünya səni qocaltdı –
cavan görünsün deyə.
Yanğınlar tüstüsütək
ahın ucaldı göyə.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqin
hər yerindən gördülər –
gördü bu doğma yerin.
Bütün bu gen dünyanın
gözləri göydə qaldı.
Göy də şəfəqlər saçan
ahına baxdı, daldı.
Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanan
fələklər özü oldu.
Baxıram ucalardan
gəlir Füzuli səsi.
Görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O günəşdə Füzuli odunun nişanəsi.
1958
Zəlimxan YAQUB
GÖRÜŞ–AYRILIQ
Səndən xatircəməm, Füzuli babam,
Qəbrinin daşından öpüb gedirəm.
Gözümün yaşını çiçəklər kimi
Məzarın üstünə səpib gedirəm.
Kim deyir məzarın dağılıb sənin,
Kim deyir torpağın külə çevrilib.
Ən yaxın həmdəmsən İmam Hüseynə,
Nəfəsin çiçəyə, gülə çevrilib.
Milyonlar doğulur, milyonlar gedir,
Hamı belə yerdə uyumur, babam!
Düz beş yüz ildir ki, xalqın, millətin
Sənə məhəbbəti soyumur, babam!
Kərbəla taleli, Kərkük haraylı,
Nəcəf xatirəli ustadım mənim.
Min dağı qoparıb bir dırnağilə
Söz dağı ucaldan Fərhadım mənim.
Süzülə-süzülə sözə çevrilib,
Əriyə-əriyə qəlbin şəm oldu.
Səhrada Məcnuna qurduğun saray
Bütün saraylardan möhtəşəm oldu!
Dünyaya gələndən dünya şeirinin
Ağrı damarısan, ah damarısan.
Bir qəlbin içində yerləşir bəşər,
O qəlbin, ürəyin şah damarısan!
Ömür bağışladın, ölməz elədin,
Leyli də, Məcnun da yaşar sinəndə.
Zamandan zamana axar, dayanmaz,
Dəclə də, Fərat da daşar sinəndə!
Gəzdiyin yerləri gəzdim, dolandım,
Yatdığın torpaqda yata bilmədim.
Şöhrətin o qədər yüksəklərdədir,
Bircə pilləsinə çata bilmədim!
Təzə pöhrəsiyəm Azərbaycanın,
Sözün sünbülündə dənəm, ay ustad!
Vidadi xəstədən Bağdad elinə
Nişanə yetirən mənəm, ay ustad!
...Mən indi bildim ki, Bakıyla Bağdad,
Onda bir-birinə həsrət deyilmiş.
İndi bizim üçün qürbətə dönüb,
O zaman bu yerlər qürbət deyilmiş!
Təbrizə, Hələbə, Bağdada, Şama,
Nə qədər köç gedib, axın olubdu.
İndi yaxınları uzaq salmışıq,
O zaman uzaqlar yaxın olubdu!
Sevgini ən dadlı bir şərbət kimi
Bütün nəsillərə içirən babam.
Ərəbin dərdini türkün dilində
Dünyanın qəlbinə köçürən babam!
Baş əyib ölümsüz misralarına,
Qəbrinin daşından öpüb gedirəm!
Gözümün yaşını çiçəklər kimi,
Məzarın üstünə səpib gedirəm!!!
Kərbəla, sentyabr 1994
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Hicran, ölüm və hissizliyin adı- Aljir - ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Güclü bir boz rəngin örtdüyü sübh təbiətin sönmək bilməyən qışqırıqıyla qarşılanırdı. Amma bu sübhün heç bir sevinci yox idi, çünki Aljirə günəş doğrudan istilik verə bilmirdi. Qazaxıstanın çölləri məlum bir hekayəni, məhbəs divarları arasında həsrət dolu bir ömrü izah edirdi. Burada hər bir qadının dəyərli hekayəsi, unudulmaz faciəsi var idi.
1938-ci ildə Stalin repressiyalarının qaranlıq qanadları Qazaxıstanın Akmola vilayətinə də uzandı. “Vətən xainlərinin ailə üzvləri” ünvanıyla məhkum olunan qadınlar burada, Aljir düşərgəsində toplanırdı. Amma onların yeganə günahı ailədən birinin siyasi rejimə şübhə edilən davranışı idi. Buradakı qadınlar, analar, bacılar, yoldaşlar çarəsizcə azadlıq xəyalları qururdu.
Düşərgənin bir guşəsində qaraşın gözləriylə uzaqlara baxan Sükriyyə Cavadın yeri həmişə diqqət çəkirdi. O, şair Əhməd Cavadın həyat yoldaşı idi. Qəlbindəki vətən sevgisi, düşərgənin amansız reallıqlarıyla qarşı-qarşıya idi. Hər axşam çöllərin sönük çılıqlıqları arasından bir gül görərdi. O gül onun üçün azadlığın, sevgisinin rəmziydi.
Buradakı qadınlar həyatın hər cür zərbəsinə dözməyi öyrənmişdilər. Düsərgənin sərt qışqırıq və tələbkar təbiəti hər birini daha dəmir iradəli olmağa vadar edirdi. Amma qəlbləri həmişə yumşaq qaldı. Onlar sevirdilər - azadlığı, ailələrini və bir-birlərini.
Bir gün düşərgədə qaraşın gözləriylə uzaqlara baxan Şükriyyə Cavadın yanında Tamara Xoyskaya oturdu. Onların arasındakı dialoq düşərgənin kədərli fonunda yeni bir ümidin rəmzinə çevrildi.
- Şükriyyə xanım, - Tamara sakit səslə başladı, - Burada keçən hər gün, azadlığımızı bir az daha uzaqlaşdırır, elə deyilmi?
Şükriyyə dərindən nəfəs aldı və uzaqlara baxmağa davam etdi.
-Azadlıq... -deyə pıçıltıyla cavab verdi, - O bizim içimizdədir, Tamara. Bizim xatirələrimizdə, sevgimizdə. Onu heç kim bizdən ala bilməz.
Tamara gözlərini qısıb çöllərin uzaq sərhədinə baxdı.
-Amma bura... bu yerlər... nə vaxtsa buradan çıxa biləcəyikmi? - dedi, səsindəki ümidsizliyi gizlədə bilmədən.
Şükriyyə onun əlini sıxdı.
- Tamara, mən bilirəm ki, bir gün bu divarlar yıxılacaq. Amma o günə qədər qəlbimizdəki azadlıq işığını söndürməməliyik. Mən Əhmədin şeirlərindəki o azadlıq hissini daşıyıram. Bu məni güclü edir.
Tamara göz yaşlarını gizlətməyə çalışaraq başını yellədi.
-Mənim atam da inanırdı ki, ədalət qalib gələcək. Amma bəzən qorxuram ki, bu yuxu heç vaxt gerçəkləşməsin.
Şükriyyə gülümsədi, bu təbəssüm kədərli idi.
-Ədalət bəzən yavaş gəlir, amma gəlir, Tamara. Bu günlər, bu çətinliklər bizi sınamaq üçündür. Biz isə sınmayacağıq.
Bu dialoq düşərgədəki qadınların qəlbində yeni bir işıq yandırdı. Hər bir qadın öz hekayəsində azadlığa və ümidə yer ayırmağa çalışırdı.
Aljir, sadəcə bir məhbəs deyil, insanlığın yoxlanmağının simvolu idi. Buradakı qadınların hekayəsi unudulmamalıdır, çünki onların çəkdiyi iztirablar təkrar olunmamalıdır. Hər bir ad, hər bir tale, hər bir qəlbin dərinliyində Aljirə bağlı bir səslənmə var. Hər bir hekayə, insanlığı yenidən qazanmağın bir yoludur.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Bu gün Şəhid jurnalist Salatın Əsgərovanın doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün onun anadan olmasının 63-cü ildönümüdür. Amma o, hələ də 30 yaşındadır. 630-cu ildönümündə də 30 yaşında qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Salatın Əziz qızı Əsgərova “Молодежь Азербайджана” (“Azərbaycan gəncləri”) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi.
Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.
1991-ci il yanvar ayının 9-da içərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi.
Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Qaxda “Nə? Nə zaman? Harada?”
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Dekabrın 13-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Nə? Nə zaman? Harada?” adlı İntellektual oyun keçirilib.
Oyunda hər komandada 6 nəfər olmaqla 6 komanda - Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz komadaları birincilik uğrunda mübarizə aparıb.
Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən oyunda Qax komandası l yer, Şəki ll, Qəbələ lll, Oğuz lV, Balakən V, Zaqatala Vl yeri tutub.
Sonda qalib komandalar Fəxri Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.
Xatırladaq ki, 27-29 noyabr 2024-cü il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət işçiləri arasında rayon daxili intellektual oyun keçirilib. Oyunda fəal iştirak edən komanda üzvləri final mərhələsində öz rayonunu təmsil edib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
Komitə sədri növbəti qəbul keçirib
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Məclisdə növbəti vətəndaş qəbulu keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Qubadlı ərazisindəki tarixi, dini, mədəni abidələr haqqında bilgilərin toplanması ilə məşğul olmuş tarix müəllimi Seyran Məmmədov, müxtəlif əməli fəaliyyət sahələrini təmsil edən aydınlar – Məzahir Qurbanov, Təvəkgül Məmmədov, qardaş Türkiyə Cümhuriyyətinin Bakıda çalışan vətəndaşları Yalçın Çoban, Hasan Arslan və başqaları ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb. - Komitə sədri qaldırılan vacib məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.
İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti barədə danışan Fazil Mustafa, görüş iştirakçılarına Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlar ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar haqqında məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
DGYTB "Manas" Qırğızıstan-Türkiyə Universitetində Qarabağla bağlı tədbir keçirib
Könül, “Ədəbiyyat və incəsənət”
Dünya Gənc Türk Yazarlar Birliyinin sorağını tez-tez qardaş türk ölkələrindən alırıq. İl uzunu ən müxtəlif səpkili tədbirlər keçirən qurum hazırda növbəti tədbirini Qırğızıstanda keçirir. Birliyin sədri İntiqam Yaşarla telefon əlaqəsi yaradaraq ondan keçirdikləri növbəti tədbir barədə aşağıdakı bilgiləri aldıq:
Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində keçirilib. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin tərəfdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasıdır. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektor vəkili Prof. Dr. Almaz İbrayevin açılış nitqi ilə başlayan tədbirdə diplomatik korpusun nümayəndələri, elm xadimləri, tələbələr iştirak ediblər.
"Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektoru Prof. Dr. Mustafa Ceylan, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Universitetin müəllimi Muhiddin Gümüş, Qırğızıstan Maarif Kamu Vəqfinin müdir yardımçısı Xəyalbek Akmatov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər.
Universitet kollektivinə 30 illik müddətdə Qarabağda ermənilərin törətdikləri ekoterror haqqında geniş məlumat verilib. Layihə çərçivəsində çap olunmuş kitablar paylanılıb.
Tədbirin sonunda məruzəçilər Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub. Xatirə fotosu ilə tədbirə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)
“Bizimlə ədəbiyyat arasında tənqidçilər durmağa cəhd edir” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Bizimlə təbiət arasında sinoptiklər duran kimi bizimlə ədəbiyyat arasında da tənqidçilər durmağa cəhd edir.
2.
Bu küləkli və çiskin, bu ümidsiz və ağır, heç cürə açılmaq istəməyən sabahın ora-burasını bir balaca qayçılayan olsaydı, bəlkə də onu geri qaytarmaq, ortaya ala-babat bir gecə çıxarmaq mümkün olardı.
3.
Bir, iki – Firəngiz.
Beş, altı – qırmızı don.
Doqquz, on – qapını ört.
Üç, dörd – bizimki.
Yeddi, səkkiz – daşaltı...
4.
Evində məni qonaq edərkən kitab dəhlizinin sağ tərəfindəki əlyazmalar otağının iki addımlığında Eko qəflətən ayaq saxlayır və sağdakı əlçatan rəfdən az qala baxmadan əlini atıb qara rəngli qalın bir kitab çıxarır, nəvazişlə sığallayır və mənə uzadır:- Bu, Coysdur, - deyir, - O sizdən də qəliz yazır.
5.
Afanasi Fet: O adam lirik deyil ki, havada pərvaz edəcəyinə ürəyində dəli bir ümid özünü 7-ci mərtəbədən aşağı atmasın.
6.
Platon “Fedon” adlı dialoqunda Sokratın həbsxanada ikən ölümdən əvvəlki saatlarını təsvir edir. Sokratın yanına son dəfə dostları və tələbələri yığışıb. Dialoqun iştirakçısı Fedon bu adamların adını bir-bir çəkir: Apollodor, Fedonun özü, Hermogen, Epigen, Esxin, Antisfen... Platona gəldikdə, dialoqun müəllifi olan Platon özü haqda belə yazır: Platon yox idi. Platon, deyəsən, xəstələnmişdi... Bu mətndəki “deyəsən” sözü qədər məzlum və eyni zamanda hiyləgər söz tanımıram.
7.
“ Aldanma ki, şair sözü, əlbəttə, yalandır” və “İ mısl izreçennaya yest loj”. Aralarında üç əsr olan Füzuli ilə Tütçevi nə birləşdirirdi?! Cavab şüurumuzla dilimiz arasındakı münasibətdən gəlir.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)