Bir direktor və bir şagird layihəsində Kamalə Mirzoyeva və Nəzrin İbişova Featured

 

"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri Texniki Humanitar liseydir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR

Kamalə Rəfayıl qızı Mirzoyeva 13.12.1969-cu il tarixində Göyçay şəhərində anadan olub. 1976-1986-cı illərdə Bakı şəhəri 31 nömrəli məktəbdə təhsil alıb, məktəbi Xüsusi nümunəli attestatla bitirib.

1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil alıb. Universiteti Fərqlənmə Diplomu ilə başa vurub.

2018-ci ildə Montreux Bisiness School-da təhsil alıb və MBA üzrə magistr dərəcəsi alıb. Hal-hazırda Odlar Yurdu Universitetinin psixologiya fakültəsinin doktorantıdır.

1991-1995-ci illərdə 267 saylı məktəbdə, 1995-2011-ci illərdə 167 saylı məktəbdə, 2011-2016-cı illərdə Akademik Zərifə Əliyeva adına liseydə fizika müəllimi kimi  fəaliyyət göstərib.

2016-2021-ci illərdə 291 saylı Araz Ekologiya liseyinin direktoru vəzifəsini daşıyıb, 2021-ci ildən bu günə qədər Texniki Humanitar liseyin direktoru vəzifəsində çalışır.

“İlin müəllimi” müsabiqəsinin qalibi, “Qabaqcıl Təhsil İşçisi” fəxri adının daşıyıcısıdır.

 

 ŞAGİRD

Mən, Nəzrin İbişova. İdmanla tanışlığım çox erkən yaşlarımda olub.

3 yaşından gimnastika ilə məşğul olmağa başlamışam və 12 yaşına qədər bu sahədə əhəmiyyətli uğurlar qazanmışam.  4 dəfə Azərbaycan Respublikası çempionu, eyni zamanda bir neçə beynəlxalq turnirin gümüş mükafatçısı olmuşam. Gimnastika mənə həm bədən elastikliyi, həm nizam-intizam, həm də inadlı olmağı öyrədib.

2021- ci ildən özümü yeni bir idman növündə sınamağa qərar verdim və taekvondo ilə məşğul olmağa başladım. Qısa müddət ərzində — cəmi üç il ilə bu sahədə göstərdiyim irəliləyiş həm məşqçilərimin, həm də komanda yoldaşlarımın  diqqətini çəkdi.

Koreya Səfirliyinin Kubokunun bürünc mükafatçısı olaraq gənclər arasında isə 2021- ci ildə ölkə çempionatının gümüş, 2022- ci ildə isə bürünc medalını qazanmışam. Hal-hazırda taekvondo üzrə qara kəmər sahibiyəm

Mənim üçün idman sadəcə medallar və titul deyil. Bu, məni formalaşdıran bir yol, özümü daha yaxşı tanımağım üçün bir vasitədir. İdman mənə öyrədib ki, ən böyük rəqib – dünənki özündür. Hər gün bir az daha güclü, daha iradəli və daha inamlı olmaq isə mənim üçün ən böyük qələbədir!

 

ESSE

Mənim dünyam

“Mənim dünyam" sükutda danışır, rənglərlə, xətlərlə və toxunuşlarla qəlbimi göstərir. Sözlər çatmadıqda, hisslərim canlanır və hər fırça zərbəsi, hər misra, hər toxunuş mənim içimdəki dünyanın pəncərəsi olur.

Orada duyğular, fikirlər və təəssüratlar öz rəngləri, xətləri və formaları ilə danışır. Mən dünyanı fərqli görürəm: rəsmim, şeirlərim, əllə toxuduğum oyuncaqlar vasitəsilə. Mənim üçün yaradıcılıq — sözsüz danışmaq, özümü ifadə etməyin ən təbii yoludur.

Hər bir şeirim mənim hisslərim və düşüncələrimdir, onlarda sevincim, həyəcanım, xəyallarım və ruhumun kiçik sirləri yaşayır. Hər bir çəkdiyim rəsm daxili aləmimin bir parçasıdır, baxışımı və dünyanı necə hiss etdiyimi kağıza köçürür. Rəng və xətlərin oyunu mənim içimdəki dünyanın əksidir. Toxuduğum oyuncaqlar isə mənim kiçik dünyamdır: hər birinə diqqət, sevgi və ruhumu qoyuram.

Mənim yaradıcılığım dünyaya buraxdığım bir parçadır. Hər fırça zərbəsi, hər tikiş, hər misra enerjimi, baxışımı və fərdiliyimi daşıyır. Bu sadəcə məşğuliyyət deyil, bu mənim həyatımı yaşama və özümü tanıma tərzimdir.

Bütün bunlara baxanda başa düşürəm ki, mənim dünyam mənə məxsusdur, orada  azadam, səmimiyəm və tamamilə özüməm. Mən onu öz əllərim, ürəyim və baxışımla yaradıram. Mənim dünyamda yaradıcılığımın çox böyük yeri var. Orada sevdiklərimə də pay var.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.