İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimdə həmişə adını oxuduqdan sonra haqqında bilgi almaq istədiyimiz şəxslər olur. Bu günə doğum günü təsadüf edənlərdən Azərbaycan SSR əməkdar artisti Tələt Bakıxanov sözlərini oxuyanda dərhal bu məşhur soyad məni özünə çəkdi. Əcaba, bu Bakıxanov o Bakıxanovlardandırmı?
Dərhal deyim ki, bəli!
Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində dünyaya gəlib. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olub. Teatr texnikumunu bitirib. O, Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs alıb. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olub.
Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərinə gedib, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət edib. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınıb.
Respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi, 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olub. Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil edib. Tələt Bakıxanov 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb.
Amma 30 may 2000-ci ildə bütün bu fəaliyyətlərin sonu gəlib. Gözəl musiqiçi Bakı şəhərində beyin insult xəstəliyindən vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.06.2025)