ANAR, “Ən yaxşı şair Aqşinin nənəsidir” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

HƏMİŞƏ CİDDİ OLMAQ OLMAZ

Yaxud DOST ZARAFATLARI

 

 

Bir gün Vaqiflə İntiqam Qasımzadəylə bizim Vaqif küçəsi 30-da, ovaxtkı mənzilimizdə yarızirzəmi otaqda oturmuşduq. Hardansa bir siçan çıxdı. Bütün qadınlar kimi, siçandan qorxan Zemfira, “tutun, ya qovun o siçanı” deyə çığırdı. Üçümüz də “siçan ovu”na çıxdıq, bir şey alınmadı. Zemfira bizi məzəmmət elədi:

Üç kişi bir siçanı tuta bilmədiniz, – dedi.

 Mən: – Biz kişiyik, pişik deyilik, – dedim.

***

Vaqif “İqtidarla müxalifətin işinə qarışmaq Naxçıvanın daxili işlərinə qarışmaqdır”, – deyirdi.

Vaqifin, heyif ki, çəkilməmiş “Qədim yəhudi mahnısı” adlı çox maraqlı ssenarisində belə bir cümlə var: “Yaman içən adam idi. Davaya getdi, Stalinqradda həlak oldu. Bu da içməyin axırı”.

***

Gənc şair Aqşin “Vaqif Səmədoğlunun şeirlərini mənim nənəm də yazar”, – deyib.

Vaqifdən soruşanda ki, sizcə, indi Azərbaycanda ən yaxşı şair kimdir, dərhal cavab verib: Aqşinin nənəsi.

Göy üzü ləçək-ləçək,

Vaqulya, doldur içək.

Qıl körpüsün keçəndə

Gəl içək, sonra keçək.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.