Fatimə Məmmədova, BDU-nun tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün
Son illər tez-tez eşitdiyimiz bir narazılıq var: Qarabağ Zəfərindən bu qədər vaxt keçsə də, hələ də mövzunu tam əhatə edən, insanı silkələyən, yaddaqalıcı bədii filmlər görə bilmirik. Halbuki bu Qələbə təkcə hərbi üstünlük deyildi – insanların yaşadığı ağrı, qəhrəmanlıq, dönüş nöqtələri, talelər və unudulmaz həyat hekayələri ilə dolu böyük bir milli yaddaşdır.
Bir neçə gün öncə müəllimim dərsdə dedi ki, niyə zəfərimizdən sonra zəfərimizi göstərən filmlər çəkilmir? Bu mövzu həm tariximiz, həm də gələcək nəsillərə ötürdüyümüz mesaj baxımından çox vacibdir.
Bəzən düşünürəm ki, Qarabağ kimi möhtəşəm bir mövzunun kino sahəsində bu qədər geridə qalması heç cür izah olunmur. Çünki xalq olaraq bu hekayələri təkcə eşitmək yox, həm də görmək istəyirik – böyük ekranda, güclü ssenari ilə, dolğun obrazlarla. Amma reallıqda görürük ki, ya bu sahədə pərakəndəlik var, ya da rejissorlarımızın diqqəti tamam başqa istiqamətlərə yönəlib.İnsan içindən keçir ki, bu qədər zəngin material, bu qədər insan taleyi, bu qədər qəhrəmanlıq varkən, niyə hələ də təsirli filmlərimiz yoxdur? Niyə hələ də gözləyirik? Axı kino həm də tarixdir, yaddaşdır, gələcəyə bir iz qoymaqdır.
Məhz bu suallara cavab tapmaq üçün yazıçı Elxan Elatlının fikirlərinə müraciət etdim. O da hazırkı durumu, səbəbləri və çıxış yollarını açıq şəkildə izah edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbədən 5 ilə yaxın vaxt keçsə də, bu mövzuda təsirli və keyfiyyətli bədii filmlərin çəkilməməsi cəmiyyət tərəfindən tez-tez müzakirə olunur. Mövzu həm tarix, həm də milli yaddaş baxımından mühüm əhəmiyyət daşısa da, bu istiqamətdə görülən işlər hələ də gözləntiləri tam qarşılamır.
Mövzu ilə bağlı yazıçı Elxan Elatlı bildirib ki, yaxşı film həm də tarix dərsidir:
“Ağrılı mövzuya toxunuruq. Yaxşı film həm də tarix dərsidir. SSRİ dağıldı, bu imperiyanın əsl üzünü göstərən filmlər çəkilmədi. Birinci Qarabağ müharibəsi mövzusunda onlarla təsirli film çəkmək olardı, lakin cəmi iki-üç üzağardan filmimiz var. Vətən müharibəsi ilə əlaqədar isə hələ nəsə gözləyirik”.
Yazıçı hesab edir ki, Azərbaycanın kino sahəsində pərakəndəlik hökm sürür:
“Kinomuzda bir pərakəndəlik var. İstedadlı rejissorlarımız ya gündəmi müvəqqəti zəbt edəcək seriallar çəkir, ya da dərhal dünyaya çıxmaq eşqilə kənar mövzulara müraciət edirlər”.
Elxan Elatlının fikrincə, qələbəmizi və qəhrəmanlarımızı əks etdirən uğurlu filmlər çəkmək üçün əlaqədar qurumlar və imkanlı şəxslər bu sahəyə dəstək göstərməlidirlər:
“Mənim fikrimcə, böyük qələbəmizi əks etdirən uğurlu filmlər çəkmək üçün əlaqədar təşkilatlar və ya imkanlı şəxslər bu işə can yandırmalı, bacarıqlı mütəxəssisləri bir araya gətirərək uğurlu filmlər ərsəyə gətirməlidirlər. Bunun üçün ssenari müsabiqələri də keçirmək olar”.
“Ədəbiyyat və incəsənət”
(09.12.2025)


