“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Vasif Zöhraboğlunun şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Vasif ZÖHRABOĞLU
NƏ GÖZƏL YARAŞDI AYRILIQ SƏNƏ...
Nə var şair üçün qələmdən əziz,
Şeir dəftərimə közərən şamsan.
Mən səni unutsam, acizdən aciz,
Sən məni unutsan, böyük adamsan.
Zəriflik, gözəllik, möcüzə dolu,
Günəş qaynar gələr, ay ilıq sənə.
Gedəndə bəzədi gedişin yolu,
Nə gözəl yaraşdı ayrılıq sənə.
Nə umsa izindən yol eyləmişəm,
Vəsfinə dünyaca söz işlətmişəm.
Getdiyin yollarda qul eyləmişəm,
Getdiyin yollarda göz işlətmişəm.
Şeirim dillərdə oxunub deyə,
Yanında özümü öyməmişəm heç.
Gülüm, yerişinə toxunub deyə,
Yolun da xətrinə dəyməmişəm heç.
Könül ilhamımı yenidən oyat,
Hamıdan əzizim, öz məhəbbətim.
Mənə ayrılığı doyunca yaşat,
Şair məhəbbətim, söz məhəbbətim...
BALIQ ADAM
Başı üstə mamırlı qayalıqlar
Pullarını yosunlarla əzizlər.
Şəhər-şəhər üzüb gedər balıqlar,
Öz içindən yetim qalar dənizlər.
Dalğaların səkisinə qısılıb,
Göz işləməz sonsuzluğa ha baxsaq.
Boş balıqçı tilovundan asılıb
Kasıb süfrə kənarında darıxsaq.
Ah, bu dəniz neçə baxış-göz yorub
Üşüyəndə bu kainat qəfəsdə.
Arzuların yoxuşunda diz yorub,
Balıq adam, göz yaşında nəfəs dər.
Ölüyükmü? Ölməmişik, ölsəydik,
Güzgülənər kölgəsində işıqlar.
Biz üzməyi bilmədik ki, bilsəydik,
Ayaq açıb yeriyərdi balıqlar.
Dərd adamım, dərd adında nə var, çək,
Udum-udum qurtumlayıb duzunu.
Qollarımla sonsuzluğa avar çək,
Çırpıb gedək göy suların tozunu…
Başı üstə mamırlı qayalıqlar
Pullarını yosunlarla əzizlər.
Şəhər-şəhər üzüb gedər balıqlar,
Öz içindən yetim qalar dənizlər.
GÜL İNDİ
Özün öz yoluna baxıb gül indi,
Hansı yol bitmədi, haçalanmadı.
Mənim daş inamım iki bölündü,
Sənin daş inadın parçalanmadı.
Küsmədim könlümün qəm yeməsindən,
Dərd deyil gözümün yuxusuzluğu.
Bu qərib sükutun vahiməsində
Qorxuyla yenmişəm qorxusuzluğu,
Bu da quş ömrüdür, payızda qovur,
Üşüdür bir qərib yuvada bizi.
Bizi bu dünyaya bir qadın doğur,
Yüz qadın öldürür dünyada bizi.
Neynəsəm mənimki ola bilməyən
Tuş gəlib bu yetim məhəbbətimə.
Bir qadın könlünü ala bilməyən,
Gülmüşəm şairlik məharətimə...
Özün öz yoluna baxıb gül indi,
Hansı yol bitmədi, haçalanmadı.
Mənim daş inamım iki bölündü,
Sənin daş inadın parçalanmadı.
AKVARİUM DİVARLARDA DARƏXMAQ
Darıxmazdım bu qədər,
Darıxmazdım göz işləməz yollar uzunu...
Darıxmazdım bu qədər,
Darıxmazdım... götürsəydin kirpiyinlə həsrətimin tozunu…
Darıxmazdım bu qədər,
Darıxmazdım...
Əgər bilsəydin ki, sevmək Tanrıyla eyni fikirdə olmaqdı.
Nə var ki sevməkdən gözəl bu fani xarabalıqda?!
Nə var ki…
Ürəyim doludur, buludda yatan,
Ağrıdır sükutda yatan…
Darıxmazdım bu qədər,
Darıxmazdım...
Okean arzularımla sıxılmış akvarium divarlarda,
Darıxmazdım şüşə ömrümü sındırıb getməsəydin.
Darıxmazdım bu qədər,
Darıxmazdım...
Bir bilsəydin ki,
Həyat bəzən həbsxana pəncərələrinə bənzəyir –
Azadlığı göstərir, ancaq yaşatmır.
İkimizə bir qandal bilərzik də bəs idi,
Getməsəydin…
Darıxmazdım bu qədər,
Darıxmazdım…
DUR, TƏLƏS BU GÖRÜŞƏ...
Közərən bir zərif işıq bəsdir, barmaqlarımızın ucuyla tapaq bir-birimizi.
Bu şəhərin ən gözəl günü bu otaqda axşamlasın.
Pərdənin sonuncu sancağından boylanan ayı da qovaq getsin.
Dur, tələs bu görüşə!
Tavandan asılan qoşa yarasalar kimi səslə yürüyək,
Yürüyək İsa çarmıxdan düşənəcən,
Yürüyək İbrahim odda bişənəcən,
Sındıraq içimizdəki bütün məbədləri.
Dodaqların pıçıldasın nəfəsimin yanında,
Görüm ki, azadlıq keçir qəfəsimin yanından...
Yatağıma dağılan saçlarını yığım,
Dəstəsi bir öpüşə,
Dur, tələs bu görüşə!
Saçını oxşayanda küləklərin gözəli,
Darıxanda səninçün ürəklərin gözəli,
Tanrıların qəşəngi, mələklərin gözəli,
Dur, tələs bu görüşə!
Göyə dəyib qayıdar duam keçsə dişinə,
Bəlkə, dönüb açasan qolumdakı qandalı?
Gəl bir tanrı yaradaq, duraq sitayişinə
Məndən kabab çəkəndə
Nəmrudun daş manqalı!
Dur, tələs bu görüşə!
GÜN İŞIĞI SAÇLARINA TƏSBEH ÇƏKƏR
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Gün işığı saçlarına təsbeh çəkər.
Hər telini zikr eləsəm,
Tərifi Tanrını aşar,
Açsam sancağından,
Sinəmin üstündən daşar...
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Pay çəkər küçənin tozundan sənə,
Pay çəkər dənizin duzundan sənə.
Öpsə, dodağının boyası gedər,
Mənim ürəyimdə bir işıq sönər,
Bütün leyləklərin yuvası gedər.
Məni qısqandıra,
Oxşar saçlarını bu kür təbiət,
İlahi, mənə də qismət...
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Qoymaram yolunu yanından alar,
Uzat əllərini, tut ətəyindən,
Gəlib qisasımı donundan alar.
Unutma,
Bir şair də sevər səni,
Bir şair də şeir qoşar.
Gülüşlərin səhnə alsa,
Üstünə alqış daraşar...
Bəxtəvər küləklər,
Çılğın küləklər,
Dağ kimi durmuşam önündə sənin,
Qalxıb göy üzündə buludları qov,
Görməyim yerlərə enəndə səni.
Görməyim bu qızı pıçıldayanda,
Görməyim bu qızı dinəndə səni!
Bəxtəvər küləklər,
Çılğın küləklər!
“Ədəbiyyat və incəsənət”
(09.12.2025)


