Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.       

 

 

Devid Şvartsın Axmaq frazaları başdan çıxarmaq təlimi

 

 Bir müddət əvvəl belə bir eksperiment elədim. Oxuduğum bütün informasiyalardan, kitablardan beynimdə qalanları qısa konspekt formasında kompüterin yaddaşına köçürdüm.

Eyni zamanda öz düşüncələrimi, bu və ya digər hadisənin beynimdəki inikasını, oxuduğum və eşitdiyim hər hansı informasiyaya, məqaləyə reaksiyamı da ardıcıl həmin fayla yükləməyə başladım. Çox maraqlı düşüncə və mülahizələr, faydalı məsləhətlər, qənaətlər silsiləsi əmələ gəldi.

Uğur qazanmaq yolunda bunlara riayət etməklə insanın çox böyük fayda əldə edəcəyini duydum.

Əslində, tək elə bu konspektim olduqca qalın bir kitab ola bilər. Burada nələr yoxdur. Amma bu nəhəng materialın bizim kitabın cəmi bir bölümü olacağı reallığı məni məcbur etdi ki, böyük ixtisarlar edim. Amma hansı hissələri? Başımı hey sındırdım. Hamısı bir-birindən maraqlı. Axırda əlacım ona qaldı ki, elə əvvəldən ardıcıl yazılanları kitabın bu hissəsi üçün lazım olan işarə sayı qədər götürüb dərc edim.

Beləliklə, buyurun, tanış olun. Uğur qazanmağın daha bir şərti: axmaq frazaların başınızdan çıxarılmasıdır.

 

                                                   ***             

 

Əyləclər avtomobilin sürətini azaltmaq və tam dayandırmaq üçündür. Heç fərqinə varmısınız ki, insanın beyninin də əyləcləri var? Bəzi frazalar var ki, insan beynini əsilcə tormozlayır. Bunları mən gündəlik həyatda həmişə hiss eləyirdim. Müvəffəqiyyətə, uğura köklənmiş fəaliyyətimizi bədbin hisslərin, düşüncələrin necə tormozladığının həmişə şahidi olmuşdum.

Bədbinlik və qətiyyətsizlik adlı nəsnələrin gətirdikləri fəsad çox böyükdür.

Devid Şvartsın «Masştablı düşünmək sənəti» kitabını oxudum və müəllifin «Beynin işini bloklayan 4 təhlükəli fraza» ümumiləşməsi ilə tanış oldum.

Beyni bloklayan bir neçə fraza var. Onlar, necə deyərlər, insanın əlini-qolunu yanına salır, beyni fəaliyyətsizliyə kodlaşdırırlar, deyirlər, daha düşünməyinə, həllər axtarmağına ehtiyac yoxdur. Qəribədir ki, insan tez-tez belə frazalardan istifadə edir, amma heç düşünmür də ki, bu necə təhlükəlidir.

Bəli, neyropsixoloqlar həyəcan təbili çalaraq insanları bu adətdən kənarlaşmağa çağırırlar. Devid Şvartsın diqqət yönəltdiyi belə məhvedici frazalardan biri budur: «Mənim heç vaxt bəxtim gətirmir». İş ondadır ki, bəxti gətirmək, əslində təsadüfi bir şey deyil. Hər hansı bəxtigətirməyə diqqətlə baxsaq, görərik ki, onun içində hazırlıq, planlaşdırma, düşüncənin müəyyən obrazı vardır ki, insanı uğura məhz bunlar gətirir. Ona görə də, özünüzdə qələbə üçün lazım olan xüsusiyyətlər formalaşdırın, özünüzü qalib kimi aparın, tezliklə mütləq sizin də bəxtiniz gətirəcək.

Başqa bir fraza budur: «Mənim sağlamlığım zəifdir». Yadda saxlayın ki, mütləq sağlam adam yoxdur. Devid Şvartsa görə, iş onda deyil ki, insanın nə qədər gücü var. İş ondadır ki, insan gücündən necə istifadə edir. Və müəllif maraqlı bir nümunə gətirir: Qolf oyununda böyük uğurlar qazanan tək əlli insandan bəhs edir, deyir, bir əl üstəgəl düzgün münasibət iki əl üstəgəl yanlış münasibətdən daha üstündür.

Əgər sizdə sağlamlığınızın olduqca zəif olması anlamı varsa, əvvəlcə öz emosiyalarınızı idarə etməyi öyrənin. Doktor Şindler özünün «İlin 365 gününü necə yaşayaq» adlı kitabında boş yerə yazmır ki: «Bu gün xəstəxana yataqlarının dördündən üçündəkilər emosiyalardan doğan xəstəliklərin qurbanlarıdır».

Devid Şvartsın təhlükəli sandığı növbəti fraza «Mənim başım yaxşı işləmir» frazasıdır.

Əgər siz özünüzü kifayət qədər ağıllı hesab etmirsinizsə, məlumunuz olsun ki düşüncə tərzi İQ göstəricisindən daha önəmlidir (İQ göstəricisi – testlərlə müəyyənləşdirilən intellekt əmsalıdır). Daha dəqiq desək, intellektin səviyyəsi yox, ondan bizim necə istifadə etməyimiz daha vacibdir. Ən müxtəlif, hətta ən dolaşıq məsələ üzərində qətiyyətlə, ciddiyyətlə, yorulmadan düşünmək böyük potensiallı, ancaq tənbəl beyinə malik olmaqdan xeyli qiymətlidir.

Hər hansı bir həll olunası məsələ qarşınıza çıxarsa, ilk öncə düşünün: Sizin hansı yüksək xüsusiyyətləriniz onu həll etməyə kömək edər. Vasitə tapmaq həmişə mümkündür. Və hər kəsdə də bu vasitə müxtəlif olacaq. Özünüzə etibar edin, dünyaya pozitiv baxmağa çalışın. Qızıl şərtə əməl edin: Müvəffəqiyyət 90% psixoloji əhvaldan asılıdır.

Və ən nəhayət, Devid Şvartsın göstərdiyi insan beynini tormozlayan dördüncü fraza budur: «Mən çox qocayam (yaxud, gəncəm)».

Hər yaşda insan öz uğursuzluğunu yaşının üstünə atmağa çalışır, bu, insan xislətindən əmələ gələn bir şeydir. Amma nəzərə almaq lazımdır ki, dünyada bir çox uğurlu əhvalatlar insanların ahıl dövrünə təsadüf edib. Məsələn, məşhur Amerika rəssamı Anna Meri Robertson Morez 70 yaşında rəsm çəkməyə başlayıb. Həyat yoldaşı dünyasını dəyişəndən sonra başını rəsm çəkməklə qatan bu xanımın 10 ildən sonra ilk fərdi sərgisi olub. 90 yaşının tamam olduğu ildə isə yalnız 70 yaşında rəssamlıq karyerasına başlayan xanım o qədər pul qazanıb ki, bu, bütün buna qədərki 89 il ərzində qazandığının cəmindən artıq olub.

Şvarts məsləhət görür ki, əgər siz öz yaşınızı hansısa bir işi görmək üçün uyğun olmayan hesab edirsinizsə, yaxşısı budur qarşıda nə qədər məhsuldar ilinizin qaldığını hesablayasınız. 50 yaşlı adamın özünü bitmiş hesab etməsi yanlışlıqdır, axı onu hələ 40% məhsuldar həyat gözləyir.

Unutmayın – sevimli işlə məşğul olmaq heç zaman gec deyil.

Mən gündəlik elanlara diqqət edəndə nəyi müşahidə edirəm? Fərq eləməz, bu qəzet, yaxud küçə elanları olsun, işverənin tələbləri işaxtaranlardan adətən belə olur: «40 yaşadək», «50 yaşdan yuxarı olmayan» və s.

Mən həmişə belə elanlarla rastlaşanda içimdə bir razılaşmamaq fırtınasının qopmasını hiss etmişəm. Əziz iş verən, niyə 40 yaşadək olmalıdır işə götürdüyün adam? Zəmanət hardadır ki, 39 yaşlı insan 41 yaşlı insandan daha çox fayda gətirə bilər?

Ona görə də Devid Şvartsın insan beynini bloklayan frazalarından söhbət açdıqdan sonra mütləq bu iradımı da çatdırdım. Bu cür işə yanaşma müəssisə rəhbərinin  həm uğur qazana biləcək bir insanın qarşısında sədd çəkib onu uğurundan məhrum etməsidir, həm də özünün fəaliyyətini hər hansı istedadlı, işgüzar, fayda gətirəcək bir şəxsdən istifadədən məhrum etməsidir.

Beləliklə, bu hissəni oxuduqdan sonra, əziz oxucum, siz əmin oldunuz ki, müsbət düşünmək, bədbin fikirləri başınızdan qovmaq, pozitiv olmaq son dərəcə vacibdir. Bu şərtlər əsasında uğura yolunuz da yaxınlaşacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

 

 

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

QƏZƏLLƏR

 

Könlün yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

Axşam qızaran göylərə endikdə qaranlıq
Könlüm evini yandıran odlarə tapılmaz.

Bir incə gülün, bir çiçəyin aşiqiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

Çıxdım gecələr seyrinə ahəstə o mahın,
Gördüm ürəyimtək alışan narə tapılmaz.

Aşiqlərə sordum, dedilər: Ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

Min tən eyləyib eşqinə, öldürdü Nigarı,
Bilməm necə oldu o gözü qarə tapılmaz.

 

***

 

Unudulmuş da, atılmış güli sevda kimiyəm,

Gözlərindən çəkilən bir dəmi-röya kimiyəm.

 

Hicr əlindən ürəyim qanə dönər şamü-səhər,

Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

 

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın,

Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

 

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,

Hər buluddan su uman bir quru səhra kimiyəm.

 

Sənə bel bağladım, atdın məni, ey munisi can,

İndi sənsiz yaşaram, tariki-dünya kimiyəm.

 

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,

Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Ooxucularımızın yaradıcılığı rubrikasında bu gün sizlərə jurnalist İlahə Allahverdiyeva özünün “Dolabdakı xatirələr” adlı hekayəsini təqdim edir.

 

Həyətdə, divarın dibində kölgədə qalmış bir dolab dayanmışdı. Onun mövcudluğu adi görünürdü, amma səssiz duruşu ilə sanki keçmişdən qopan bir səslə danışmaq istəyirdi — illərin içindən gələn bir pıçıltı kimi. Qapısı birtərəfə sallanmış, taxtası çatlamış, boyası solmuşdu. Zaman onu yeyib-bitirmiş, amma silə bilməmişdi. O dolab sadəcə taxtadan ibarət deyildi — içində illər vardı, baxışlar vardı, toxunuşlar vardı. Onun hər rəfində bir yaddaş, hər izində bir nəfəs gizlənmişdi. Dolabın qarşısında dayananda, elə bil nəfəsini eşidirdim. Sanki o nəfəs mənə nələrisə xatırlatmaq istəyirdi — bir vaxtlar uşaqların oynadığı, ananın gülərək açdığı, atanın səssizcə yanından keçdiyi anları.

-Cehizimdəndir, — dedi evin xanımı, yumşaq, amma dərin bir səslə, — Atmağa qıymıram.

Bu sözlərdə keçmişin hüznü vardı. Elə bil, bir yaylıq kimi illərlə qorunmuş xatirələrdi bunlar — səliqə ilə qatlanıb dolabın içində saxlanılan. İndi dolab boş idi. Amma yox, tamamilə boş deyildi. İnsanın gözü ilə görə bilmədiyi, amma ruhu ilə hiss edə bildiyi şeylər vardı içində. Bəlkə də bir vaxt bu dolabın içində məktəbli qızların formaları asılmışdı. Bəlkə bir bölməsində cehizlik tül pərdələr, gül-çiçək naxışlı yaylıqlar, nadir hallarda istifadə olunan bəzəkli fincanlar sıralanmışdı. Hər biri bir arzunun, bir gözləntinin nişanəsi idi.

Bir qız köçməzdən əvvəl həmin dolabın önündə dayanıb, tələsik şəkildə dolabın alt gözündən balaca bir güzgünü götürüb çantasına qoymuşdu. Anası arxadan baxıb kövrəlmişdi. O an dolab sanki susmuşdu. Amma o səhnə, taxtanın içində iz salmışdı. Dolabda zamanın özü gizlənmişdi. Onun içində yaşanmış və yaşanmaqdan vaz keçilmiş günlər vardı. Qızlar bir-bir bu evdən köçəndə, hərəsi bir dəfə bu dolabın qarşısında durmuş, son dəfə bir əşyasını yığmış, baxıb içini çəkmişdi. Ana göz yaşlarını silib, yenidən qapısını örtmüşdü. Oğul isə hələ evin içində dolaşırdı — dolabın səssizliyini hiss etmədən.

Dolabın içində körpə əllərin toxunuşu da vardı, bəlkə də səsli-səsli gülüşlər, gizlənqaç oyunlarının səsi. Taxtaların arasına hopmuş uşaq qoxusu... Zaman keçmiş, dolab sükuta qərq olmuşdu. Amma heç nə itib-batmamışdı — sadəcə görünməz olmuşdu.

 İndi o dolab bir ömrün lal şahidiydi. Taxta səthində günəşin yuxarıdan vurduğu işıq zolaqları asta-asta yerini kölgəyə verirdi. Hər bölməsi, hər qapısı bir yaddaş pəncərəsi idi. İnsan içini açmasa da, dolab danışırdı. Boşluğun içində qəribə bir doluluq vardı. Elə bir zənginlik ki, ancaq illərlə yaşanaraq yaranır. Bəzən bir dolabın içi boş olanda, o daha çox danışır. Çünki onda yalnız əşyalar deyil, xatirələr də gizlənir. O dolab illərin yükünü səssizcə daşıyırdı. Hər izində bir zaman öz əlamətini buraxmışdı. Hər yarığında bir kəsin baxışı ilə dərinləşmişdi. Bəzən bir evin tarixini yazmaq üçün kitab yox, bir köhnə dolab yetərlidir.

Günəş batırdı. Dolab kölgənin içinə çəkilirdi. Amma mən bilirdim — onun içində hələ də nəfəs var. Onu görmək üçün sadəcə bir az dinləmək, bir az duymaq kifayətdir. Çünki bəzən ən böyük hekayələr, ən səssiz əşyalarda gizlənir. Və həmin hekayələr, səssizcə gözləyir — biri gəlib qapısını açsın deyə.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində “Divanü lüğat-it Türk” əsərində oyun və əyləncə ilə bağlı leksikdan danışacağıq.

 

Türk dillərinin ən mühüm və erkən leksik-mədəni qaynaqlarından biri olan Divanü Lüğat-it-Türk, XI əsr türk cəmiyyətinin mədəni, sosial və dil xüsusiyyətlərini əks etdirən unikal bir əsərdir. Mahmud Kaşğarinin yazdığı bu monumental əsər, yalnız lüğət funksiyasını deyil, eyni zamanda türk dünyasının etnoqrafiyası, mifologiyası, hərbi və gündəlik həyat tərzi haqqında da zəngin məlumatlar verir. Bu araşdırmada “Divanü lüğat-it Türk” əsərində oyun və əyləncə ilə bağlı işlənən leksik vahidlər, onların mənşəyi, funksiyası və mədəni əhəmiyyəti araşdırılır.

1. Oyun və əyləncə leksikasının mədəni konteksti

XI əsr türk toplumunun oyun və əyləncə anlayışı yalnız əyləncəyə yönəlik deyil, həm də fiziki hazırlıq, sosiallaşma və rituallarla sıx bağlı idi. Oyunlar həm uşaqlar, həm də böyüklər arasında yayılmış və müəyyən hallarda dini-törəvi funksiyalar da daşımışdır. Bu oyunlar arasında at yarışları, ox atma, güc sınama və intellektual oyunlar geniş yer tuturdu.

2. Fiziki güc və çeviklik tələb edən oyunlar

Əsərdə rast gəlinən "urmaq" (vurmaq), "taş atmak", "yaylamak", "köbək" kimi sözlər atışma və döyüşə hazırlıq oyunlarını əks etdirir. Məsələn, “köbək” oyunu uşaqlar arasında oynanan bir güc oyunu olub, eyni zamanda cəldlik və strategiya tələb edirdi. Bu oyunlar gələcək döyüşçülərin hazırlanması baxımından önəm daşıyırdı.

3. Heyvanlarla bağlı oyunlar

At yarışı və ovçuluqla bağlı oyunlar da əsərdə geniş yer tutur. “Çövken” oyunu, at üstündə oynanılan və sonralar polonun prototipi sayılan oyunlardan biridir. Mahmud Kaşğari bu oyunu xüsusi vurğulayaraq türk tayfalarının bu sahədə ustalığını qeyd edir. Ovçuluq da bir əyləncə forması olaraq təqdim edilir: “Avlanmak” sözü yalnız ov deyil, həm də asudə vaxt keçirmək anlamı daşıyır.

4. Musiqi, şeir və əyləncə

Əsərdə “toy”, “şölən”, “yır” (mahnı), “kopuz” (musiqi aləti) və “ozan” (aşıq) sözləri musiqi və şifahi poeziyanın əyləncə mədəniyyətindəki rolunu göstərir. Toylar və bayramlar zamanı ozanların çıxışı əyləncə ilə bərabər, ictimai maarifləndirmə funksiyası da daşıyırdı. Kaşğari toyun sosial tənzimləmə vasitəsi olduğunu da vurğulayır.

5. Uşaq oyunları və sosial öyrənmə

Uşaq oyunları da əsərdə az da olsa yer alır. “Küçikler yalaşur” (uşaqlar qaçışır) kimi ifadələr, bu yaş qrupunun sosial oyunlarla böyüdüyünü göstərir. Oyun vasitəsilə uşaqlar həm fiziki, həm də sosial bacarıqları öyrənirdi. "Sıçramaq", "dönmək", "tutmaq" kimi fellər oyun dilində sıx istifadə olunurdu.

6. Əyləncə və söz yaradıcılığı

Əyləncə ilə bağlı leksik materiallar yalnız konkret adlardan ibarət deyil, həm də semantik genişlənməyə meyllidir. Məsələn, “oynamak” felinin müxtəlif mənaları (“rəqs etmək”, “əylənmək”, “oyun oynamaq”) əsərdə kontekstdən asılı olaraq fərqli şəkillərdə işlənmişdir. Bu, dilin çoxqatlı funksionallığını və sosial həyatla inteqrasiyasını göstərir.

7. Semantik təhlil və leksik sahələrin quruluşu

Oyun və əyləncə leksikası “Divanü lüğat-it Türk” əsərində semantik baxımdan üç əsas qrupa bölünə bilər:

·       Hərəkət və fiziki oyunlar: urmaq, atmak, koşmak

·       Musiqi və performans: yır, kopuz, oynamaq

·       Sosial əyləncələr və mərasimlər: toy, şölən, içgü

Bu sahələr bir-biri ilə kəsişən şəkildə işlənir və bir çox söz həm fiziki, həm də mənəvi fəaliyyətləri ifadə edə bilir.

 Divanü lüğat-it Türk” əsərində oyun və əyləncə ilə bağlı leksik vahidlər türk xalqının gündəlik həyatının, əxlaqi dəyərlərinin, fiziki inkişafının və sosial münasibətlərinin əksi kimi çıxış edir. Bu leksika vasitəsilə qədim türklərin oyunlara verdiyi əhəmiyyət, onların sadəcə zaman keçirmə vasitəsi deyil, həm də ictimai institut kimi rolu aydın olur. Mahmud Kaşğarinin bu sahəyə verdiyi önəm, oyunların təkcə uşaqların deyil, cəmiyyətin bütövlükdə formalaşmasında necə əhəmiyyətli rol oynadığını göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

 

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri də milli mətbuatımızın formalaşması olub. 1875-ci il iyunun 22-də naşiri, redaktoru, həm də korrektoru Həsən bəy Zərdabi olan “Əkinçi” qəzetinin nəşrə başlaması bütün Qafqazda böyük əks-səda doğurmuş və Azərbaycanın milli demokratik zəmində inkişafı üçün böyük rol oynamışdır. Milli Mətbuatımız 150 ildir ki, şərəfli və məsuliyyətli bir yol gəlir. Bu illər ərzində çoxlu sayda yeni-yeni qəzet və jurnallar çap olunmuş və olunmaqdadır.

 

“Əkinçi”nin nəşrə başlamasından düz 59 il sonra Azərbaycanın Vartaşen (indiki Oğuz) rayonunda da qəzet çıxmağa başlamışdı. Onun llk nömrəsi 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə çıxmışdır. Qəzet 1965-ci ildən 1990-cı ilədək "Lenin bayrağı", 1990-cı ildən isə "Oğuz yurdu" adı ilə çap edilmişdir. Qəzetin birinci və ikinci adları yuxarıdan – MK-dan verilmişdir. “Oğuz yurdu” adı isə Oğuz ziyalılarının və rayon içtimaiyyətinin tələbi ilə reallaşmışdır.

Şübhəsiz ki, qəzet şəraitdən asılı olaraq ayrı-ayrı dövrlərdə müxtəlif ideologiya və fərqli formatda işıq üzü görmüşdür. Lakin hansı ad altında çıxmasından asılı olmayaraq rayon qəzeti öz ənənəsinə sadiq qalmış, rayonda yeganə informasiya mənbəyi kimi 90 ilə yaxın bir müddət ərzində oğuzluların maarifləndirilməsində, məlumatlandırılmasında, rayonun siyasi, iqtisadi, sosial-mədəni həyatının işıqlandırılmasında əvəzsiz rol oynamışdır.

Bu istiqamətdə öz funksiyanı uğurla yerinə yetirmiş, rayon həyatının güzgüsü və görən gözü olmuşdur. Ötən illər ərzində qəzet nöqsan və problemlərə də öz münasibətini bildirmiş, onların aradan qaldırılmasında mühüm rol oynamışdır. Qəzetin arxivdəki sayları rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid materialları, faktları və şəkilləri yaşadır. Ümumiyyətlə, qəzet rayon həyatının bütün sahələrini özündə əks etdirərək Oğuzun 90 illik tarixinin salnaməsini yaratmışdır.

"Əkinçi”nin əyalət davamçılarından olan “Oğuz yurdu” qəzeti milli-mənəvi dəyərlərimizin qorunmasına, xalqımızın müstəqillik ideyalarının, hərbi vətənpərvərlik hisslərinin güclənməsinə, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə də yaxından kömək etmişdir. Rayon sakinlərinin mədəni səviyyəsinin yüksəldilməsində, onların informasiya təminatında mühüm rol oynamışdır.

Qəzet nəşrə başladığı gündən rayonun içtimai fəallarının, ziyalılarının və yazarlarının (şair və yazıçılarının) tribunasına çevrilmişdi. Sonralar rayonda, regionda və ölkə miqyasında tanınmış bir sıra oğuzlu şair və yazıçıların, eləcə də elm adamlarının ilk qələm təcrübələri də bu qəzetdə çap olunmuşdur.

Qəzetin ilk redaktoru 1929-cu ildə rayonun Xalxal kəndində muəllim kimi fəaliyyətə baslayan Sultan Əfəndiyev (1943-1954) olmuşdur. Sonralar qəzetə Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər.

1980-ci illərin axırlarından başlayaraq, 5 mindən çox tirajla həftədə 3 dəfə buraxılan rayon qəzeti əvvəlcə həftədə bir dəfə, sonra ayda iki dəfə çap olunmağa başlayıb. Onu da qeyd edək ki, bir çox iri rayonların qəzetləri öz fəaliyyətini dayandırdığı dövrlərdə Oğuz rayon qəzeti çətinliklərə sinə gələrək özünü qorumuş, oxucularla görüşlərini dayandırmamışdır. Uzun illər qəzetin redaktoru kimi fəaliyyət göstərən N.Hüseynli ən çətin dövrlərdə belə qəzetin nəşr olunması işini ləngiməyə qoymamış, onun fəaliyyətini davam etdirmişdir

“Oğuz yurdu”nun 90 illik fəaliyyəti yalnız rəqəm deyil, həm də bir rayonun, orada yaşayanların həyatının, mübarizə ruhunun tarixidir. Bu gün biz təkcə "Oğuz yurdu"nu yada salmırıq, eyni zamanda onun redaksiyasında çalışmış insanları da xatırlayırıq. Ötən illərdə rayon qəzetinin redaksiyasında onlarla qələm sahibi çalışmışdır. Belələrinə M.Əsədovanı, M.Həsrətovanı, Z.İbrahimovanı, Ə.Məmmədovu, S.Salamovanı, İ.İskəndərovu, A.Yaqubovanı, Q.Qurbanovu, Ə.Hüseynini, Y.Rzanı, A.Babayevanı və digərlərini nümunə göstərmək olar. Onlar sözün həqiqi mənasında peşəkarlar olublar.

 

22 il həmin qəzetin əməkdaşı olmuş A. Babayeva öz xatirələrində deyir: ” ...Qəzet mənə sözü necə və harada deməyi öyrətdi. Həyatda isə bu çox köməyimə çatıb. Rayon qəzeti mənə o qədər əziz olub ki, heç vaxt burdan getməyi (hətta 7-8 ay maaş almadığımız vaxtlarda belə), başqa sahədə işləməyi ağlıma belə gətirməmişəm. Dəyərlərin, jurnalistikaya, jurnalistlərə münasibətin dəyişməsi də məni bu fikrə gətirmədi. İndi çevrilib geri baxanda saralmış qəzet səhifələrində təmənna və qərəzdən uzaq məqalələri, müsahibələri, şərhləri, tənqidi yazıları görürəm. Ən başlıcası hər yazının arxasından insanlarla ünsiyyət boylanır. Maddi demək olar ki, heç nə qalmayıb. Qazandığım böyük, mənəvi bir dünyadır. Belə bir dünya üçün isə yaşamağa, işləməyə dəyər”.

 

“Respublika” qəzetinin bölgə müxbiri, “Oğuz yurdu”nun sabiq əməkdaşı və redaktoru, mərhum R.Amanov isə yazırdı: “Rayon qəzetində işləmək həm çətin, həm də çox şərəflidir. Ötən dövrdə nə qazanmışamsa, jurnalistik peşəmdə hansı uğura nail olmuşamsa orada çalışdığım iyirmi bir illik fəaliyyətimə minnətdaram. Bu gün rəsmi dövlət qəzetinin, “Respublika” qəzetinin bölgə müxbiri işləyirəm. Böyük cəsarətlə deyə bilərəm ki, müxtəlif rayonlardan, müxtəlif sahələrdən materiallar hazırlayanda “Oğuz yurdu”nda qazandığım təcrübə, topladığım güc mənə dəstək olur. Bax, ona görə də o dövrləri jurnalistik fəaliyyətimin canlı tarixi adlandırıram”.

Qəzetin keçmiş əməkdaşı, AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rza(yev) isə söyləyir ki, “Fəxr edirəm ki, mən bu qəzetin əməkdaşı olmuşam, onun yetirməsiyəm. Mənim rayon ictimaiyyəti arasında tanınmağımda və sevilməyimdə, yaradıcılığımın inkişafında, respublika mətbuatına və Azərbaycan ədəbi-ictimai mühitinə yol tapmağımda "Oğuz yurdu”nun əvəzedilməz rolu olmuşdur”.

 

Redaksiya rayon üçün kadr hazırlanmasında da mühüm rol oynayıb. Bir çox qəzet işçisi redaksiyada yetişdikdən sonra digər sahələrdə irəli çəkiliblər. Onlardan biri də qəzetin sabiq əməkdaşı, sonralar Oğuz RİH-nin başçısı olmuş, mərhum M.Salamov idi. O, qəzetin yubileyi münasibəti ilə təbrikində yazmışdı: “Uzun illər (əlli ilə yaxın) müxtəlif vəzifələrdə müxtəlif kollektivlərdə işləmişəm. Qətiyyətlə deyə bilərəm ki, qəzet qədər insanı öyrədən, səfərbər edən və saflaşdıran ikinci bir iş yeri tanımıram”.

Redaksiyada müxtəlif vəzifələrdə çalışaraq maraqlı yazıları ilə oxucuların diqqətini cəlb edən əməkdaşlar indi də hörmət və ehtiramla yad olunurlar. İnanırıq ki, onlar on ildən, yüz ildən sonra da minnətdarlıqla xatırlanacaqdır.

Onu da deyək ki, 2009, 2014 və 2019-cu illərdə qəzetin 75, 80 və 85 illiyi yüksək səviyyədə qeyd olunmuşdur.

Təəssüf ki, son bir neşə ildir maddi səbəblərdən qəzet öz fəaliyyətini dayandırmışdır.

Halbuki rayonda ənənəvi və ya elektron mətbuata ehtiyac hiss olunmaqdadır.

 

Arxiv fotosunda: illər öncələrin “Oğuz yurdu”çuları.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

                                                                  

 

 

 

Cümə, 13 İyun 2025 11:46

Dünyadan Şuşa həsrəti ilə köçdü

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Rauf Əliyevin anım günüdür. Əlbəttə ki, Rauf Əliyev onu sevənlərin qəlbində bir iz qoyub gedib.

 

O, 1 may 1947-ci ildə Şuşada doğulub. Və Şuşa həsrəti ilə, Şuşa nisgili ilə dünyadan köçən tanınmışlardan biri olub. Yağı tapdağında qalmış dogma Şuşasının azadlığından onu cəmi 3 il ayırıb.

Rauf Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisasını bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində də,  “Azərbaycanfilm” kinostudiyasında da musiqi redaktoru kimi çalışıb.

"İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" kinofilmlərinə musiqi bəstələyib.

 

Filmoqrafiya 

 

1. Bakı Sovet Azərbaycanının paytaxtıdır – bəstəkar

2. Bu torpağın nemətləri – bəstəkar

3. Yarımçıq qalmış mahnı – musiqi redaktoru

4. Azərbaycanın xoşbəxt torpağı – musiqi tərtibatçısı

5. Onun bəlalı sevgisi – musiqi redaktoru

6. Sehrli ağac – bəstəkar

7. Taya – bəstəkar

 

Bəstəkar 13 iyun 2017-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə ll kurs tələbəsi, "Gənc yazarlar və ədəbiyyatşünaslar klubunun üzvü" Sədaqət Babayeva sizlər üçün məşhur Braziliya yazıçısı Paulo Coelyonun “Kimyagər” romanının təhlil edəcək.

 

Paulo Coelyo tərəfindən qələmə alınmış “Kimyagər” 1988-ci ildə dərc olunmuş fəlsəfi romandır. Əsərin əsas qəhrəmanı Santyaqodur. O, yuxusunda xəzinə tapacağını görür və İspaniyadan Misir piramidalarına qədər uzanan bir səyahətə çıxır. Bir neçə dəfə təkrarlanan eyni yuxu həqiqətən də bir mesaj idi, yoxsa insan beyninin ona oynadığı bir oyun? Bəlkə də insan ona verilən balaca bir işarənin arxasınca getməli və bu yolda iradəli olmalıdır.

Santyaqo yol boyu bir çox insanla qarşılaşır: köhnə bir kralla, tacir, Fatimə adlı bir qızla, kimyagər adlı sirli bir şəxslə... Bu səyahət Santyaqonun özünü dərk etməsində, həyatı anlamasında mühüm rol oynayır.

Əsərdə Santyaqonun başına gələnlərlə insanlara bir çox mesaj verilir.

Santyaqo səyahət boyu bir çox çətinliklə qarşılaşır, başına bir çox iş gəlir və bunadəyərdimi deyə düşünür. Ağlamağa başlayaraq öz yurdunda qoyunlarının yanında xoşbəxt olduğunu, indi isə o xoşbəxtliyi tapa bilmədiyini deyir. İnsan bəzən ən balaca şeylərlə xoşbəxt olur, bir dağ yamacında qoyun otararkən, küləyin səsini dinləyərkən, günəşin şəfəqini üzündə hiss edərkən və o zaman insan anlayır ki, xoşbəxtlik əslində sadəlikdədir.

Santyaqo səyahəti zamanı əlində olan pulunu oğurladır. Həmçinin piramidalara getmək böyük məbləğ tələb edir. Bir büllur dükkanında işləyərək pul qazanmağa başlayır. Bu bədbəxt hadisəni unudur. Bəlkə piramidalara getmək onun üçün uzaq bir şeydir artıq, amma səyahəti boyu bir çox şey qazanmış, bir çox insan tanımış, dil öyrənmiş, çox şeyi dərk etmişdi. Əlində olan pul ilə əvvəl sahib olduğu sürüdən daha böyüyünə sahib ola bilərdi. Bunun üçün dükanda sadəcə bir müddət artıq işləmək lazım gəlirdi. Əsas nəticədə odur ki, qəhrəman başına gələnə baxmayaraq hadisələrə müsbət tərəfdən yanaşır.

“Bəlkə də bu qəribə ölkəyə gəlib bir oğru ilə rastlaşmaq və bir qəpik belə xərcləmədən sürüsünü ikiyə qatlamaqdı onun əsl xəzinəsi.”

Bədbəxtlik içərisində xoşbəxtlik axtarmaq, yağan yağış sonrası çıxan göy qurşağını görməyə bənzər. Hərşey doğru baxış bucağından asılıdır.

İnsan əlindəki ilə kifayətlənməyi bacarmalıdır. Daha çoxunu istəmək xoşbəxtlik yox, bədbəxtlik də gətirə bilər.

Əsər ümumilikdə sətiraltı mənalarla zəngin və insan ruhunu tərbiyə edən bir tərzdə yazılıb. Əsəri oxuyarkən sadəcə bir əsər oxumayacaqsınız, həm də arzuların arxasınca getməyin gücünü kəşf edəcək və bu yolda gözlənilməz sürprizlərlə qarşılaşaraq istəyinizə nail olacaqsınız.

Əsl xəzinə qızılda yox, insanın ruhunda, iradəsində, əməlinə sadiqliyindədir.

Əsl xəzinə hər bir insanın qəlbində gizlidir.

Santyaqonun timsalındaverilən mesaj da odur ki, əsas məsələ xəzinəyə gedib çatmaq deyil, xəzinəyə gedən yolda öyrəndiyin şeylərdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Cümə, 13 İyun 2025 13:06

Kəsikquyruq tülkünün pritçası

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir məşhur pritça var, müəllifi məlum deyil. Bu pritça çox tərbiyəvidir, min illər əvvəllər yaradılsa belə günümüzdə çox aktualdır. Xüsusən gənc nəslin onu oxuması və nəticə çıxarması, düşünürəm ki vacibdir.

Beləliklə, “Kəsikquyruq tülkü” pritçası.

 

Bir gün bir tülkünün quyruğu qaya arasında sıxışır və o, çarəsiz qalaraq quyruğunu kəsməli olur.

Bir müddət sonra başqa bir tülkü onu bu vəziyyətdə görəndə soruşur:

— Niyə quyruğunu kəsmisən?

Quyruğu qopmuş tülkü cavab verir:

— Belə daha xoşbəxt hiss edirəm özümü. O qədər xoşbəxtəm ki, sevincimdən havalara uçuram!

Bu sözlərdən təsirlənən digər tülkü də quyruğunu kəsir. Lakin xoşbəxtlik əvəzinə şiddətli bir ağrı hiss edir. Dərhal əvvəlki tülkünün yanına gəlib deyir:

— Niyə mənə yalan danışdın? Mən xoşbəxt olmaq əvəzinə dəhşətli ağrı çəkirəm!

Quyruğu qopmuş tülkü isə belə cavab verir:

— Əgər sənə ağrı çəkdiyimi desəydim, quyruğunu kəsməzdin və mənimlə lağ edərdin. İndi isə sən də eyni vəziyyətdəsən. Amma əgər sən də bu ağrını digər tülkülərə desən, onlar heç vaxt quyruqlarını kəsməz, bizə lağ edərlər, bizə gülərlər.

Bundan sonra bu iki tülkü digər tülkülərə guya yaşadıqları "xoşbəxtlik"dən uzun-uzadı danışırlar. Elə gözəl danışırlar ki, bir çox tülkü bunlara aldanıb quyruğunu kəsir.

Zamanla quyruqsuz tülkülərin sayı artır və onlar çoxluğa çevrilirlər. Bu dəfə də quyruğu olanlarla lağ etməyə başlayırlar.

 

***

Bax belə bir pritça.

İnsanlar bəzən öz anormallıqlarını normal göstərməyə çalışar, fərqli olanları da özlərinə bənzətməyə, hətta daha pis vəziyyətə salmağa səy göstərərlər. Cəmiyyətdə əxlaqsızlığın, pisliyin və normal olmayan halların "normallaşmasının" əsas səbəbi də məhz budur.

Öz əxlaqsızlıqlarını və səhvlərini "doğru" kimi göstərərək ətrafını da eyni hala salmaq istəyən quyruğu qopmuş tülkülər, sizin doğrularınızla lağ edər, sizi də özləri kimi etmək üçün çalışarlar.

Buna görə də ayıq-sayıq lmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi. 

 

Sindh Courier — bu, Pakistanın Sind əyalətinə əsaslansa da, qlobal diqqəti cəlb edən onlayn xəbər jurnalıdır (veb əsaslı xəbər dərgisi). Saytda təkcə Sind əyaləti deyil, həm də bütün dünyada baş verən hadisələrə dair təhlili məqalələr, ictimai-hüquqi, təhsil, səhiyyə, mədəniyyət və texnologiya bölmələri mövcuddur.

Sindh Courier saytı sosial müdafiə, səhiyyə, təhsil, incəsənət, mədəniyyət, ədəbiyyat və siyasət kimi geniş mövzuları işıqlandırır. Saytda jurnalistik, bədii və analitik yazılara xüsusi diqqət yetirilir.

Azərbaycanlı şair-publisist, araşdırmaçı-yazar, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru Əkbər Qoşalı ilə müsahibəm Sindh Courier-də dərc edilibdir və mən məmnuniyyətlə həmin müsahibəni azərbaycanlı oxucuların da oxumasını istəyirəm.

 

1. Keçmişlə bu gün arasında dayanaraq, bu yola necə bir ruhi tərif verərdiniz? Bu yol sizi necə bir insana çevirdi?

 

- Müsahibə üçün, müsahibəyə belə bir sualla başladığın üçün sözümə təşəkkürlə başlamaq istərdim. Çox sağ ol! Zamanında Anadolunun ozan ruhu olmuş Aşıq Veysəl deyərmiş:

“Uzun, incə bir yoldayım, 

Yürüyorum gündüz-gecə”...

Bir yandan da, mənim rəsmi soyadım Yolçuyev, ən çox sevdiyim şüar isə “ortaq keçmişdən- ortaq gələcəyə!” kəlamıdır. 

Beləliklə, dediyin keçmişlə bu gün arasındakı yolu mən, sonsuz bir sahildə yürüyüş kimi görürəm. Görürəm, Abay demiş, “Atəş də, buz da var yanaqlarında”…

Su torpaqla, qayalarla rəqs edər, bəlkə onlara nəğmə deyər, cilvə atar da, amma ən ilginci, su atəşlə rəqs edincə, daha cazibədar olur - elə deyilmi?.. Su öz suluğunda, atəş atəşliyində və də torpaq öz torpaqlığında qalsın… Ruhun izini torpaqda deyil, sözlərdə, insanlarda və hadisə kimi dəyərlərdə, dəyər kimi hadisələrdə axtarmaq daha doğru olar yəqin. Ədəbiyyat, jurnalistika, mədəniyyət və rəsmi xidmət mənim üçün bir-birindən ayrılmaz həyat damarlarıdır. Bu yol bir deyən, iki “dinləyən” adama çevirir bizi – ulusu dinləyən, zamanın nəfəsini eşidən, milli yaddaşa üz tutan adam kimi adama… Yeri gələndə, yazı masasında əyləşən, yeri gələndə uzaq yollara çıxan, yeri gəlincə də cəbhə bölgəsində əsgərlə çörək bölən, ümumən bölüşən, paylaşan birinə dönürük: dədələrimiz necə deyib? - “Sevinci bölüş - çoxalsın, kədəri bölüş - azalsın”… Beləliklə, ulu yol bizi bir növ fədakarlığın, bununla belə, şərəfli məsuliyyətin yolçusuna çevirmiş olur... Bu özlüyündə özəl yolçuluq və də gözəl aqibətdir!..

 

2. Sizcə, bir yazıçının ürəyində necə bir yanğın olmalıdır ki, o, xalqın qəlbində də od qalaya bilsin?

 

-İlginc sualdır. 

Belə bir yanğın, hər halda, təkcə qəzəb və ya ehtiras olmayıb, habelə məhəbbətin, haqsızlığa qarşı üsyanın, gözəlliyə və həqiqətə bağlılığın birləşdiyi ruhi təcalla hallarıdır. Bu od, necə deyərlər, özünü yandırmaq bahasına işıq verən bir od olmalıdır. Ustad İsa Muğannanın “Yanar Ürək” qavramı və əsəri yadıma düşür. 

Bir ulusun od-ocağını yalnız öz ürəyini külə döndərənlər qalaya və odqoruyan ola bilər. Yazıçının içindəki yanğın, tarixə, mədəniyyətə, ləyaqətə qarşı duyduğu sevgidən, həyəcandan və məsuliyyətdən doğmalıdır. Nazim Hikmət demiş:

-“Sən yanmasan,

Mən yanmasam,

biz yanmasaq,

Necə çıxar

qaranlıqlar aydınlığa”?..

 

3. Əkbər Qosali üçün “Sükut ölkəsi” necə bir yerdir?

 

-“Sükut ölkəsi”! – Çox ilginc tapıntıdır - poetik amma kədərli tapıntıdır… Səsin-sözün yox, ÖZün, dərinliyin eşidildiyi məkandır yəqin. Orası mənim içimdə bir qocaman çınar ağacının dərin köklər atdığı məkan olsa gərək… Nə mahnıların çalındığı, nə də göz yaşlarının axdığı yerdir “Sükut ölkəsi”.. – Amma hər ikisinin izləri orada yaşayır. Ora, yazılmamış misraların, deyilməmiş duaların və unudulmuş kəlmələrin ünvanıdır yəqin. Orada söz deyil, bəlkə niyyət danışar. O ölkədə sükut hayqırır bəlkə də - bəli, sükutun dərinliyi elə hayqırış deyilmi? - Ariflər qatında belə olmuş olmazmı?.. – Lakin elə incə, elə içdən ki, həmin hayqırtını yalnız ürək eşidə bilər, ürək!..

 

4. Elə misralarınız varmı ki, göz yaşınızı əvəz edib? Bizə onlardan danışa bilərsinizmi?

 

- Yox, bu barədə yazmaq, danışmaq istəməm. Hətta yazmaq istəməmişəmsə, danışmamaq daha yaraşıqlı olmalı… Yazını yalnız özüm oxumuş ola billəm, danışıq isə o deməkdir, ən azı bir muhatab vardır… Əgər beləsə, deməli, sənin verdiyin sualı doğuran səbəblər mövcud olub, bu danılmazdır; bununla belə, ədəbiyyatın, poeziyanın mandat-missiyasında ağlamaq yoxdur mənimçün; mən onu başqa kateqoriyalara həvalə edərdim. Türk şeirinin xarakterində inama çevriləcək ümid var, əzm-iradə var; hətta “ağı” deyincə də, başıdik, gözü yaşsız olmuşuq; bizim “ağı”mız mərsiyyəyə dönüşdüyü yerin özü bizim ən ağlamalı yerimizdir - oranı qurutmamız lazım.

 

5. Sizcə, bu gün türk poeziyasının ən böyük dərdi və ən böyük qazancı nədir?

 

-Ən böyük dərdi – parçalanmışlığın və bir-birindən uzaq düşmüşlüyün ruh halımızda yaratdığı təlatümlər və yaddaşımıza ən azı son 200 ildə hopan - üst-üstə qalaqlanan kədərdir. Biz bir ağacın budaqları kimiyik, amma çox zaman öz kökümüzü görmürük, elə bil. Dilimiz birdir, amma bəzən qəlbimiz sanki bir-birinə “tərcümə” olunur. Qazancı isə – bu qırıq ümidlər içində yenə də danışan, yazan, dirənən şairlərin şeir-sənət, ədəbiyyat bayrağıdır! Örnəyi, dəmir pərdələr, rəsmi sınırlar meydana çıxınca, bir köyümüz o sınırın digər tərəfində qalınca, iqtisadiyyat, siyasət, hətta, hərbi və b. strukturlar qəbullansa da, şeirimiz, sənətimiz o halı qəbul etməyib! - 

“Orda bir köy var - uzaqda, 

O köy bizim köyümüzdür,

Getməsək də, varmasaq da, 

o köy bizim köyümüzdür” - demişik…

Demişik ki,

“Qafqazlardan aşacağız,

Türklüyə şan qatacağız!

Türkün şanlı bayrağını 

Turan eldən asacağız”! Asmışıq da çox şükür!

 

6. Qəlbinizdə hansı sükunətlər, hansı qorxular, hansı arzular gizlidir?

 

-Qəlbimizdə nələr yoxdur?..

Hər dəfə ulusumuza, ulusumuzdan olmasa belə, hər hansı bir günahsız insana haqsızlıq ediləndə qəlbimizdə fırtınalar qopur. Qəlbimiz - bəlkə özümüzü aldada, ovuda bildiyimiz, amma başqalarını aldatmadığımız - aldatmış olsaq belə, öz vicdanımıza hesabat verdiyimiz divanımız, həmçinin mənəvi-ruhi sığınacağımızdır.

Bu arada, qorxularımız da var – öz ulusuna, qardaşına biganələşən gəncləri görürük, bəzən; bəzən sözün dəyərdən düşməsi, texnologiyanın ruhi gücü zədələdiyi hallarla rastlsşırıq… Bunlar, əlbəttə, düşündürücüdür.

Diləklərim: Türk xalqlarının birlikdə sabaha - eyni mənəviyyat Günəşinə oyanması, Turan balalarına hər bir yurd yerimizdə ortaq - Göy bayraq altında türkcə layla çalınması, şeirlərimizin Altaylardan Balkanlara qədər oxunması və bu kimi mübarək işlərdir.

 

7. Sizcə, bu gün insanlar hansı ədəbiyyata ehtiyac duyur?

 

-Vicdanlı ədəbiyyata!.. Sadəcə intellektual deyil, mənəvi ədəbiyyata!.. Mənəvi yön ədəbiyyatçün intellektualdan daha yüksək istək və tələbdir. Ancaq nə ruhaniyyatdan, nə elmdən, fəlsəfədən, tarixdən, nə də bir başqa kateqoriyadan danışmayıb, daha qapsayıcı, daha ülvi, daha emosional və ruhi hünərlə söyləyib, yazdığımız öz yerimizin-göyümüzün, kainatımızın adı Ədəbiyyatdır. Orada hər şey öz yerində, öz göyündə və dərəcəsində olunca, insanlar estetik dəyərlərin bilicisinə yox, zövq alanına çevrilir. Oxucuya zövq verməli ədəbiyyat - ruh aşılamalı və öz ədəbiyyatlılığından çıxmamalı!.. 

İnsanların qəlbindəki səssiz çığlıqları eşidən və onları utanmadan dilləndirən ədəbiyyatdan danışırıq həm də. Bugünkü insan texnologiya ilə deyil, ruhun qucaqlaşacağı sözlə təskinlik tapır, məncə. Gələcək üçünsə bizi birləşdirən, köklərimizi xatırladan, ümid verən ədəbiyyat üstünlük qazanacaq yəqin...

 

8. İnsanpərvərlik – həyat və yaradıcılıq yolunuzda necə bir yer tutur?

 

-İnsanpərvərlik elə ulu sözün zirvə başlanğıcıdır. Yazarkən bəlkə tam da gözləməmiş ola bilərik, natural halı daha sərt olar - lakin ən azı oxuyunca, redaktə edincə özümüz müəyyənləşdirməliyik: “Bu söz insanı yaralayacaq, yoxsa, ruhlandıracaq”?

İnsanpərvərlik ilham verdiyi kimi əzab da verə bilər. Çünki insanı sevmək asan deyil – amma onu anlamaq istəyən bir ürəyə sahib olmaq həm bir bəxşiş, həm də bir sınamadır.

 

9. Bu gün Qarabağ məsələsi sizin qəlbinizdə necə səslənir?

 

-Qarabağ mənim üçün yalnız bəlli kvadraturada torpaq sahəsi deyil – Qarabağ ləyaqətdir, ulusumuzun sınaqdan keçmiş hekayəsidir. 

Qarabağ artıq yenidən doğuluşun, ruhi dirçəlişinin simvoludur.

Qarabağ - Azərbaycan Dənir Yumruğunun yaratdığı yeni gerçəkliklərdir. O gerçəkliklər ki bütün Türk dünyasının belini dikəldib.

 

10. Sözlərinizin insan qəlbini dəyişə bildiyini dərk etdiyiniz zaman özünüzə hansı məsuliyyətləri yükləyirsiniz?

 

- O anda artıq mənəviyyatın, millətin və qoca tarixin qarşısında yazıçı yox, daşıyıcı olursan. Söz ox kimidir, bəli – amma yönünü düzgün seçməzsənsə, o, dostu da yaralaya bilər. Bu məsuliyyət hər kəlməmin içində dürüstlük, mərhəmət və vicdan yükü tələb edir. Yazar yalnız danışan deyil – həm də duyan olmalıdır.

 

11. Ədəbiyyatın birliyin körpüsünə çevrilməsi üçün hansı amilləri vacib sayırsınız?

 

- İlk amil – qarşılıqlı tanıma və tərcümədir. Türksoylu xalqlar bir-birinin ədəbiyyatına susayıb – amma su çatmır... 

Digəri – mədəni platformaların təşkili və birgə layihələrin gücləndirilməsidir. Amma ən vacibi – ortaq ruhun, ortaq ağrının və ortaq arzunun dilə gəlməsidir. Ədəbiyyat bu birliyin dili ola bilər, əlbəttə, biz onu diplomatiyanın deyil, qəlbin dili kimi yaşada bilsək...

TÜRKSOY, Beynəkxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və digər ortaq rürk qurumları, o cümlədən sanballı vətəndaş cəmiyyəti institutları gələcək nəsillərə ümid verir, inam aşılayır, üfüq açır.

 

12. Gənc ədiblərə hansı məsləhətinizi “qızıl qayda”nız kimi tövsiyə edərdiniz?

 

-13 il öncə oxuduğum qərib bir tövsiyyə var: “Gənclərə tövsiyəm odur ki, heç kimin tövsiyəsinə qulaq asmasın”…

Biz özümüz də gənc olmuşuq və bu yaşımızda dəxi gənclərə belə bir tövsiyədən uhulət-suhulətlə uzaqda dayanaraq, hansısa tövsiyələri versək, qüsur olmasın gərək. Birincisi, ürəklərinin səsini dinləsinlər - ürək qulaq deyil, göz deyil, əl deyil, hətta ağıl da deyil - onun öz dərəcəsi, yolu-yordamı var və yiyəsini heç aldatmır. 

Gənclərimizin yazdıqları yalnız öz səsini deyil, ulusunun  ruhunu eşitdirmək gücündə olmalı. Özünü göstərmək üçün deyil, ruhu ifadə etmək üçün yazmaq - bax, bu, qutsal görəvdir. 

Gənclərimizin yolu açıq, qələmi iti, oxucusu çox olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Cümə, 13 İyun 2025 09:38

Ralf Ualdo Emersonun uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeir Ralf Ualdo Emersona aiddir. O, Amerika şairidir.

 

Ralf Ualdo Emerson

(1803-1882)

ABŞ

“Dağ və dələ”

 

Dağla dələ

Girib bəhsə

Söhbət açdı.

Dağ dələni

Görən kimi

Dedi: – Bu ki

Bapbalaca,

Xırdacadı.

Dələ dedi:

Sən nəhəngsən

Bu biçimdə!

Mən bilirəm,

Öz yeri var

Böyüyün də,

Kiçiyin də.

Havalar da

Cürbəcürdür –

İstisi var,

Sərini var.

Tamamlayır

Gələn ilin

Hər birini

Bu havalar.

Kim istəsə,

Peşkəş kimi

Mən verərəm

Öz yerimi.

Sənin təki

Nəhəng olmaq

Deyil asan.

Sən də dönüb

Mənim boyda

Olammazsan.

Gücüm çatmaz

Meşələri

Sənin təki

Saxlamağa.

Dələ dedi

Sonra dağa:

Bax, sənin də

Gücün çatmaz

Şam qozunu

Sındırmağa.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.