Super User

Super User

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Cavid Hüseynov

Cavid Hümbət oğlu Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2000-2011-ci illərdə N.Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Cavid Hüseynov məharətli snayperçi idi. O, snayper təlimatçısı olub, dəfələrlə “Ən yaxşı snayper” fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus Hərbi İdman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib.

Cavid Hüseynov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Salam sənə, ey tanrının

Cənnətinə talib şəhid.

Salam sənə, ey nişançı,

Snayperçi qalib şəhid.

 

Qalib ruhla qalib olan,

Bədən necə görünürdü?

Snayperin gözlüyündən,

Vətən necə görünürdü?

 

Necə gördün, otuz ildir,

Həsrət çəkən torpaqları?

Sən gedəndə sevindimi,

Qubadlı, Laçın dağları?

 

Sevindimi Qaçaq Nəbi,

Həcərin qəhrəman ruhu.

Qubadlının dağlarında,

Gözü yolda qalan ruhu?

 

Laçında güllər açdımı,

Bulaqları qaynadımı?

Səni görcək Sarı Aşıq,

Saz götürüb oynadımı?

 

Oynadı da, sevindi də,

Hamı kimi bütün vətən.

Rahat uyu, qalib şəhid,

Qalib ruhsan, qalib bədən.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Teleməkanımızda öz maraqlı proqramları ilə fərqlənən “Qafqaz” televiziyası “Qürbətdəki Yurddaşlarımız” adlı sənədli-publisistik verilişin çəkilişlərinə başlayıbdır. Bu xəbər çoxlarının marağına səbəb olubdur, belə ki, layihənin ideya müəllifi olan televiziyanın icraçı direktoru Eltən Qədimbəyli yeniliklər etməyi bacaran və özünəməxsusluğu ilə seçilən bir dəyər yaradıcıdır.

 

Biz Eltən Qədimbəyli ilə əlaqə saxlayıb layihə barədə bilgilənərkən o, layihə üçün  əsli Qərbi Azərbaycandan olub, 1801–1937-ci illər arasında Osmanlıya, Anadoluya,  bu günkü Türkiyənin  müxtəlif bölgələrinə köç etmiş ailələrin hekayələrini axtardıqlarını bildirdi.

Qeyd etdi ki, xüsusilə maraqlandıqları mövzular köç zamanı bir-birini itirmiş, amma illər sonra – xüsusilə SSRİ dağılandan sonra – yenidən bir-birini tapan ailələr, Qərbi Azərbaycandakı ata-baba yurdunun - İrəvan Xanlığı,  Zəngibasar, Vedibasar, Göyçə, Zəngəzur və digər yurd yerlərimizin xatirələri, Türkiyədə yeni məskunlaşma yerləri: Iğdır, Qars, Ərdahan, Van, İzmir, İstanbul, Ankara və digər bölgələr, habelə qorunub saxlanmış ailə arxivləri: fotoşəkillər, məktublar, sənədlər, şəxsi əşyalardır.

Eltən bəy qeyd etdi ki, layihənin  məqsədi – Azərbaycan türklərinin köç hekayələrini, soyköklərini və itirilmiş bağlarını gələcək nəsillərə çatdırmaqdır. Çəkilişlər Azərbaycanda və Türkiyənin müxtəlif şəhərlərində aparılır, veriliş isə ARB TV, ARB 24, Qafqaz TV, EL TV,  Qərbi Azərbaycan TV    digər kanallarda yayımlanacaq.

Sonda Eltən bəy oxucularımıza səslənərək söylədi: “Əgər sizin və ya tanıdığınız bir ailənin belə bir hekayəsi varsa, bizlə əlaqə saxlayın. Ailə böyüklərinin xatirələri, köhnə sənədlər və fotoşəkillər bu layihə üçün çox dəyərlidir.”

Qeyd edək ki. Layihə icraçıları ilə əlaqə saxlamaq üçün bu nömrəyə zəng vurmaq yetərlidir: +994703079779.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, qonaqları səmimi salamlayan Fuad Muradov Azərbaycan və Türkiyə prezidentlərinin dostluq münasibətlərinin xalqlar və millətlər arasındakı mövcud bağları daha da möhkəmləndirdiyini, bütün sahələrdə birgə fəaliyyətə stimul verdiyini qeyd edib.

Komitənin həyata keçirdiyi layihələrin, xüsusilə Şərqi Anadoluda reallaşan layihə və görüşlərin müsbət nəticələri barədə məlumat verilib, ali məktəblərlə səmərəli əməkdaşlığın, elm adamlarının yetişdirilməsinin və üzə çıxarılmasının vacibliyindən danışılıb.

Dövlət başçısının Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayındakı tarixi nitqində səsləndirdiyi “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar” fikrini xatırladan komitə sədri əslən Qərbi Azərbaycandan olan, hazırda Şərqi Anadoluda yaşayan soydaşlarımızla bağlı həyata keçirilən layihələrə, onlarla görüşlərə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını, bu səfərin onlar üçün böyük əhəmiyyət daşıdığını dilə gətirib, səfərə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirib, eyni dil, din və mədəniyyət daşıyıcısı olmağımızın üstünlüklərindən danışıblar.

Müxtəlif ali məktəblərin rektorları Şərqi Anadolu bölgəsində yaşayan azərbaycanlıların Türkiyənin elm və mədəniyyətinə böyük töhfələr verdiyini, heç bir assimilyasiyaya məruz qalmadan cəmiyyətin ayrılmaz parçasına çevrildiyini deyiblər. Nümayəndə heyətinin üzvləri bu günə qədər həyata keçirilən layihə və görüşlərin əhəmiyyətinə diqqət çəkib, səmərəli tərəfdaşlığın davam etdirilməsinin vacibliyini söyləyiblər.

Görüşdə türkdilli dövlətlərin vahid diasporunun yaradılması, Azərbaycan və Türkiyənin “yumşaq güc”ünün daha da möhkəmlənməsi, DİDK-nın Türkiyədə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivliyi, universitetlərlə ortaq layihələrin həyata keçirilməsi, Şərqi Anadoluda yaşayan azərbaycanlıların ali təhsilə maraqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Komitə sədrinin Qars və İğdır bölgələrinə səfəri zamanı oradakı Azərbaycan icması ilə, eləcə də hər iki bölgənin rəsmi şəxsləri ilə görüşdüyü, həmçinin Qars Qafqaz Universitetini ziyarət etdiyi, ali məktəbin müəllim və tələbə heyəti ilə yaxından tanış olduğu nəzərə çatdırılıb. Bununla yanaşı, komitənin mütəmadi olaraq Türkiyədəki diaspor təşkilatları ilə birgə 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ölkəmizin digər önəmli günləri ilə bağlı kütləvi tədbirlər keçirdiyi, müxtəlif şəhərlərdə bayram günləri münasibətilə böyük konsert proqramları təşkil etdiyi xatırladılıb. Həmin tədbirlərdə minlərlə azərbaycanlının, eləcə də türklərin və ölkəmizi sevən digər xalqların nümayəndələrinin iştirak etdiyi vurğulanıb. Yaxın vaxtlarda Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərinin forumunun keçirilməsinin də planlaşdırıldığı bildirilib.

Qonaqlara İğdır Azərbaycan Evinin uğurlu fəaliyyəti haqqında danışılıb və ümumilikdə 20 ölkədəki 31 Azərbaycan Evinin xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmlənməsi, onların ana dilini, milli adət-ənənələri qoruyub saxlamaları üçün yeni imkanlar yaradan əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, nümayəndə heyətinə İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, İğdır Universitetinin rektoru Ekrem Gürel, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Artvin Çoruh Universitetinin rektoru İbrahim Aydın, Ağrı İbrahim Çeçen Universitetinin rektoru İlhami Gülçin, Bolu İzzet Abant Baysal Universitetinin rektoru Mustafa Alişarlı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Van Yüzüncü Yıl Universitetinin rektoru Hamdullah Şevli, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu daxildir.

Bir neçə gün ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə heyətinin Qarabağın müxtəlif bölgələrinə səfərləri, regionun nüfuzlu ali məktəblərindən olan Qarabağ Universitetinin kollektivi ilə görüşləri də nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən günlər bir birinə bənzəyir. Dəyişən sadəcə saatın əqrəbləri olur.

Sən də bu günlərin içində özünü itirmiş kimisən. Nə bir söz deməyə, nə hərəkət etməyə, nə də içindəki sükutu pozmağa gücün var.

 

Sənin üçün önəmli olan mükəmməl olmaq deyil, fərqli olmaqdır. Eynilik səni bir boşluğa yuvarlayır. Axıb gedən zamanda baş verən dəyişikliklər sənə sadəcə təsir edir, dəyişdirmir. Çünki onlar eynidir. Hər zaman var. Sən isə fərqli mühitdə, fərqli hiss etdiyində dəyişirsən.

 Dəyişməyi bacaran insan seçməyi, dəyişdirməyi, dəyişmək istəyənlərə toxunmağı bacarır. Eynilik insanı zamanla aşağıya doğru çəkir. Bəzən fərqində olaraq, bəzən də fərqində olmadan açılan boşluq səni daha dərinlərə vurur. Çıxmaq üçün nə bir ip, nə də tutunacaq bir yer qalır.

Yaşam boyu edəcəyin bir tək şey qalır - boşluğa təslim olmaq. Və bu boşluq səni udarkən içində qəribə bir yüngüllük doğulur. Bəzən isə boşluq insanı özünə qaytaran aynadır.

İndi seçim sənindir. Düşün, kimsən və kim olmaq istəyirsən. Çünki boşluq hər kəsi udur, amma yalnız seçim edənlər oradan qalxmağı bacarır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Bakı World Biznes Mərkəzində ədəbiyyatşünas-alim, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuadın 2024-cü ildə Azərbaycan çap olunmuş Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabının ingiliscə yayınlanmış “Southern Azerbaıjan ın the dıscourse of ethnocultural values” yeni nəşrinin təqdimatı keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir iştirakçıları öncə Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova tədbiri giriş sözü ilə açdı və iştirakçıları salamladı. Sonra kitab haqqında məlumat verdi. O bildirdi ki, kitabın müəllifi filologiya elmləri doktoru, yazıçı-publisist Esmira Fuad Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı, dərin erudisiyalı alimdir. O, dəfələrlə İranda, Güney Azərbaycanda, Təbrizdə və digər şəhərlərdə olub, bir çox sənədlərlə tanış olaraq onlardan əldə etdiyi fakt və materialları öz tədqiqat əsərlərində işıqlandırıb. Ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan yazıçı və şairlərimizin yaradıcılığı daim onun diqqət mərkəzində olub. L.Məmmədova qeyd etdi ki, ədəbiyyat, tarix, etnoqrafiya, kulturologiya elmlərinin kəsişməsi nəticəsində yaranmış kitab mövzunun orijinallığı və müəllifin problemə dərin yanaşması ilə seçilir. Müəllif xalqımızın son 200 illik tarixinə nəzər salaraq Azərbaycan dili, Azərbaycan toponimləri, milli adət-ənənələrimiz, dad və zənginliyi ilə milliliyin vəhdətini özündə yaşadan milli mətbəx məsələlərinə toxunub. Cənubi Azərbaycanda qadın problemi də müəllifin araşdırmalarının mərkəzində olub. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz və Cənubi Azərbaycan yazıçı və şairlərinin bu məsələyə çox həssas və diqqətli yanaşması, onların cəngavər oğullarımıza, igidlərimizə şeir, poema və nəsr əsərləri qələmə alması müəllif tərəfindən özəlliklə qeyd olunur. L.Məmmədova qeyd etdi ki, oxucular Esmira Fuadın əsərlərinə tez-tez müraciət edər, bu kitabları böyük sevgi ilə oxuyur, alimlərimiz öz araşdırmalarındahəmin əsərlərə istinad edirlər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi geniş və əhatəli Mübariz Ağalarlı vurğuladı ki, kitab ensiklopedik xarakterli sanballı bir əsərdir. Güney Azərbaycan məsələsinə yeni bir baxışdır. Əminəm ki, bu “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” (“Southern azerbaıjan ın the dıscourse of ethnocultural values”) Azərbaycan ədəbiy­yatşünaslığına dəyərli töhfələr verəcəkdir.

 Yazıçı, jurnalist Aysel Əlizadə Esmira Fuadın dərin yaradıcılığa malik olduğunu vurğulayaraq qeyd etdi ki, Cənubi Azərbaycan ədəbiyyatı mövzusu cəmiyyətdə maraqla qarşılanır. Söylədi ki, Esmira xanım kitabında Azərbaycanın taleyində üç nöqtə kimi qalan üç ayrılıq müqaviləsini şərh edir, tədbirdə Əntiqə xanımın dediyi kimi, güneyli­lərin dil qaçqınlığından yazır. “Güney Azərbaycan etnokulturoloji diskursunda” kitabı fundamental əsərdir.

Kitabı ingilis dilinə tərcümə edən ədəbiyyatşünas Şəfa Əliyeva Esmira Fuadın yazıları ilə əvvəlcədən tanış olduğunu söylədi. Bildirdi ki, kitab ensiklopedik dəyərə malikdir, tələbə və tədqiqatçılar üçün çox faydalıdır. “Kitabı tərcümə edərkən müəllifin fikirlərini, onun yanaşma tərzini qoruyub saxlanmasına diqqət yetirdim”, – sözləri ilə tərcüməçi çıxışını yekunlaşdırdı.

Şair, publisist, tərcüməçi Aqşin Ağkəmərli tədbirdə iştirak edən hər kəsin ürəyində cənub sevdası olduğunu vurğuladı və bir institutun görə biləcəyi işi təkbaşına həyata keçirən Esmira xanımın güneydə sanki daha çox sevildiyini vurğuladı. Qeyd etdi ki, Güney Azərbaycan şair və yazıçılarının əsərlərində bütöv Azərbaycan həsrəti var.

Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim, kitabsevər  Tərlan Musayeva Güney Azərbaycanın tarixindən, mədəniyyətindən, adət-ənənələrindən bəhs edən kitab yazdığı üçün Esmira Fuada təşəkkür etdi. T.Musayeva dedi: “Bu cür fundamental əsərlərin ərsəyə gəlməsi üçün alimlər çox əziyyət çəkir və Esmira xanım da onlardan biridir”.

Şair, hərbi jurnalist Nazim Əhmədli bu cür əsərlərin yazmağın nə qədər çətin bir iş olduğunu və Esmira xanımın bu çətinliyin öhdəsindən məharətlə gəldiyini bildirdi.

Folklorşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva (Hicran) kitabı yüksək dəyərləndirdi və Azərbaycan xanımlarına həsr etdiyi şeirini səsləndirdi.

Şair Kəmalə Abiyeva bu kitabı nə qədər təbliğ etsək belə, yenə də az olduğunu bildirdi. O qeyd etdi ki, Esmira xanım yaradıcılığında Güney Azərbaycan mövzusu başlıca yer tutur.

Şair Nizami Quliyev Cənubi Azərbaycan ədəbiyyatı mövzusunu vacib hesab edərək, müəllifin əsərinə yüksək dəyər verdi və M.Şəhriyarın “Heydər babaya salam” şeirindən bir parça səsləndirdi.

Ziyalı Ofeliya Nəzərova əslən Cənubi Azərbaycandan olduğunu və bu haqda danışılanda çox kövrəldiyini söylədi. Bildirdi ki, biz də bu kitabı övladlarımıza, nəvələrimizə çatdırmalıyıq ki, onlar Güney Azərbaycanı və güneyli soydaşlarımızı, aydınlarımızı tanımalıdırlar...

Azərbaycan nəsrinin çağdaş dövrdə aparıcı üzvlərindən biri, yazıçı Mənzər Niyarlı Esmira xanımla bir yerdə işlədiklərini, onun dərin tədqiqatçı olduğunu, bu mövzu üzərində həvəslə və səylə, yorulmadan çalışdığını, eyni zamanda sədaqətli dost, xeyirxah bir insan olduğunu bildirdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Qiymət Məhərrəmli bu kitabı Esmira xanımın Vətən yanğısı ilə yazdığını bildirdi: “İş elə gətirib ki, bir ilə yaxındır Esmira Fuadla eyni şöbədə – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunın Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləməli olmu­şam. Və yenidən onun necə çalışqan, fədakar bir millət fədaisi olduğunu daha yaxından müşahidə etmiş, onun millətsevərliyinin canlı şahidi olmuşam...” Q.Məhərrəmli çıxışını Təbriz haqqında şeirlə yekunlaşdırdı.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin üzvü Əntiqə Qurbanova qeyd etdi ki, dünyada olan qaçqınların çoxu humanitar qaçqınlardır, amma Güney Azərbaycanda yaşayan soydaşlarımız dil, mədəniyyət, adət-ənənə qaçqınıdır.

Pedaqoq, yazıçı Zenfira Nusalova müəllifin motivasiya verən bir insan, ciddi tədqiqatçı və ədəbiyyatşünas-alim olduğunu vurğuladı və Aydın İsrafilovun “Məni sağlığımda yoxla, bəsimdir” şeirini söylədi.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair Güllü Eldar Tomarlı qeyd etdi: “Kitabın ingilis dilində işıq üzü görməsi sevindirici haldır. Kitab daha geniş tədqiqatçı və oxucu auditoriyasına çatdırılmalıdır...”

Şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, yazıçı, tərcüməçi Kamran Nəzirli, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, digər qonaqlar kitabın Azərbaycanın hüdudlarından kənarda təbliğ olunmasının sevindirici hal olacağını qeyd edərək, müəllifə və  tərcüməçiyə təşəkkürlərini bildirdilər.

Kitabın müəllifi filologiya elmləri doktoru, yazıçı-publisist,  Esmira Fuad tədbir iştirakçılarına təşəkkürünü bildirdi və kitabın ərsəyə gəlməsi barədə ətraflı məlumat verdi. Məmnunluq duyğusu ilə etiraf elədi ki, “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” mənim ürəyimdən tikan çıxaran, illərdən bəri araşdırdığım, son dərəcə maraqlı gələn və ruhumu ağrıdan taleyüklü məsələlərimizə, o taylı-bu taylı bütöv Azərbaycan dərdlərinə ayna tutan, problemlərini bu aynada əks etdirən  kitabım oldu... Esmira Fuad böyük minnətdarlıq duyğusu ilə kitabın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə nəşr olunduğunu bildirərək əməyi keçən hər bir soydaşımıza təşəkkür etdi.

Tədbirdə şair və yazıçılar, ziyalılar, şəhid ailələri, mədəniyyət işçiləri, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

 

 

 

 

 

Cümə, 26 Sentyabr 2025 10:03

Bu gün Bülbülün anım günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əlbəttə ki, o çox böyük sənətkardır. Musiqimizin zirvələrindən biridir. Hələ də mahnıları dinlənilir, hələ də sevilir. O da böyük sənətkar olan oğlu onun yolunu fəxarətlə davam etdirir.

Mən Bülbüldən və Polad Bülbüloğlundan danışıram.

Bu 26 sentyabr günü Bülbülün vəfatı günüdür.

 

SSRİ Xaıq artisti Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb. 1909-cu ildə ailələri Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayır...

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşğul olub. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb

 

1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirilib. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış edib.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. O, həm də parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.

 

Oynadığı əsas partiyalar

1. Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu",

2. Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan"

3. Qərib – R. M. Qlier, "Şahsənəm"

4. Əlyar – Müslüm Maqomayev, "Nərgiz"

5. Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami"

6. Fərhad – Niyazi, "Xosrov və Şirin"

7. Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən"

8. Mario – Cakomo Puççini, "Toska"

 

İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər

- "Sənsiz" – Üzeyir Hacıbəyov

- "Sevgili canan" – Üzeyir Hacıbəyov

- "Ölkəm" – Asəf Zeynallı

- "Süsən sünbül" – xalq mahnısı

- "Yaxan düymələ" – xalq mahnısı

- "Qara gözlər" – xalq mahnısı

- "Çal-oyna" – xalq mahnısı

- "Segah təsnifləri"

- "Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində

 

Filmoqrafiya

1. Doğma xalqıma

2. Asəf

3. Bülbül və Asəf

 

Təltif və mükafatları

1. "SSRİ xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Stalin" mükafatı (2-ci dərəcə)

4. 2 dəfə "Lenin" ordeni

5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

6. "Şərəf nişanı" ordeni

7. "Moskvanın 800 illik xatirəsinə" medalı

8. "Qafqazın müdafiəsinə görə" medalı

9. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

10. "Qaribaldi" medalı (İtaliya)

11. 2 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib

12. Sumqayıtın fəxri vətəndaşı olub

 

Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

 

Bu gün görkəmli elm xadimi, filologiya elmləri doktoru, professor Afad Qurbanvun anım günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı millət vəkili, yazıçı Əlibala Məhərrəmzadənin “Unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq” başlıqlı məqaləsini təqdim edir.

 

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun ümumən elmimiz, o cümlədən dilçilik elmimizin qarşısında xidmətləri çox böyükdür.

Afad Qurbanov dilçilik elminin demək olar ki, bütün sahələrinə nüfuz etmiş, həmin sahələrdə öz adını qoymuş alimdir və o, 500‑dən çox elmi məqalə və çoxlu fundamental əsərin müəllifidir.

Onun A-dan Z-yə elm yolunda qoyduğu əməyini saymaqla qurtarmaz.

Bu gün görkəmli alimin anım günüdür. Əminliklə deyirəm ki, unudulmaz alimi qədirbilən xalqımız heç vaxt unutmayacaq.

Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olub. Ağır dönəmlər idi. Bolşevizm ayaq açıb yeridikcə bütün varlı adamlar qolçomaq, bütün millətini sevənlər pantürkist, bütün xalqını oyadan ziyalılarsa xalq düşməni adı altında güdaza verilirdi. Belə bir zamanda anadan olmaq, kommunist qaraguruhunun çığırtıları altında böyüyüb təhsil almaq və düzgün istiqamətlənmək çox çətin idi. Halbuki, Afad Qurbanov bunu gözəl bacardı.

Alimin sovet dönəmində keçdiyi həyat yoluna, elmi fəaliyyətinə uzun-uzadı toxunmayacağam. Təkcə müstəqillik dönəmimizdəki fəaliyyətinə diqqət ayıracağam.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanan və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri var. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub.

Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır.  Məncə, elə tək bunu demək kifayətdir ki, böyük alimin xidmətləri barədə azacıq təsəvvür oyansın.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın fikirləridir: “Afad Qurbanov Azərbaycan dilçiliyində onomalogiya, türkologiya və ümumi dilçilik sahələrində özünəməxsus konseptual yanaşma yaradıbdır. Onun “Ümumi dilçilik” dərsliyi milli zəmin üçün vacib əsər sayılır və kitab SSRİ məkanında da rezonans doğurubdur. Afad Qurbanov geniş erudisiyaya, dərin biliyə malik alim, xalqa və mədəniyyətə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim idi”.

Bu isə Milli Kitabxananın direktoru Kərim Tahirovun fikirləridir: “Afad Qurbanovun türkoloji, elmi‑dilçilik və Azərbaycan dilçiliyi sahələrində yaratdığı əsər və tədqiqatların dəyəri çox yüksəkdir. Onun elmi fəaliyyəti çoxşaxəlidir, fundamental əsərlər yaradıbdır, ölkə və beynəlxalq səviyyədə tanınıbdır”.

Akademik Nizami Cəfərov isə yazır ki, akademik Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadə kimi alimlərin davamçıları nəslində ikinci nəsli təmsil edən Afad Qurbanov Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsidir. O, münbit müəllim‑pedaqoq təbiətini, alim-müəllim rolunu həyatının sonuna qədər qoruyubdur.

Afad müəllimin ən məşhur əsərlərindən bəzilərinin adlarını sadalayıram:

Müasir Azərbaycan ədəbi dili;

Azərbaycan onomastikası;

Azərbaycan dilinin onomalogiyası;

Dilçiliyin systemi;

Dilçiliyin tarixi;

Bədii mətnin linqvistik təhlili;

Ümumi dilçilik, I–II cildlər;

Dünyanın dil ailələri.

 

Görkəmli ziyalımız 26 sentyabr 2009-cu ildə - 80 yaşında vəfat edibdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balázs Hankónun Bakıya səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşü keçirilib.

 

24 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qəragahında təşkilatın  prezidenti Aktotı Raimkulova ilə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri cənab Balázs Hankó arasında görüş baş tutub. Görüşdə Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tamás Torma və macar nümayəndə heyəti də iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” prtalına Fonddan verilən məlumata görə, fondun prezidenti xanım Aktotı Raimkulova qonaqları salamlayaraq dost ölkənin mədəni əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirib, Macarıstanın Azərbaycandakı Səfirliyinin və şəxsən səfir Tamás Tormanın Türk dünyası ilə mədəni diplomatiyanın inkişafına göstərdiyi dəstəyi xüsusi qeyd edib.

Fondun qonağı olan Nazir təşkilatın fəaliyyəti ilə yaxından tanış olub.  Cənab Balázs Hankó Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüslərini yüksək qiymətləndirərək gələcək mümkün birgə layihələrin müzakirəsinin önəminə toxunub.

Eyni zamanda Fondun “Türk xalqlarının mədəni irsinin çoxcildli və çoxdilli kataloqu”nun hazırlanmasında macar mütəxəssislərinin iştirakı və digər təşəbbüslər diqqət mərkəzində olub.

Qonaqlar üçün Fondun mərkəzi qərargahında yerləşən muzeydə ekskursiya təşkil olunub, Türk dünyasının zəngin mirasını, çoxəsrlik tarixini və adət-ənənələrini əks etdirən eksponatlar nümayiş olunub.

Görüş səmimi və konstruktiv müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

Cümə, 26 Sentyabr 2025 08:27

Vətənin sipərləri – ŞƏHİD YAZISI

Mehparə Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün 

 

Vətən - sadəcə coğrafi sərhədləri olan bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən, süslənən, sinəsində övladların daim rahatlıq tapdığı, xoşbəxt yaşadığı ulu, gözəl bir məkandır! Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.

 

Vətən bizim üçün ona görə müqəddəsdir ki, əsrlərdən bəri bu yurd uğrunda minlərlə igid oğul şəhid olub, bu torpağa onların qanı tökülüb, torpağın canına hopub. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün müqəddəsdir, hər zaman qeyrət, şərəf ünvanımızdır. Əsl vətənpərvər o kəslərə demək olar ki, onlar vətəni bütün qəlbi, canı və qanı ilə sevir. Onun azadlığı və istiqlaliyyəti uğrunda hər an döyüşə atılmağa, lazım gəldikdə  canını belə qurban verməyə hazırdır. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişimizlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, ulularımızın ruhundan gəlir. Vətən sevgisi insana ana südü, ata nəfəsi ilə verilir. Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz qəlbində, milli mənliyində daim yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Döyüşçü üçün isə Vətən sevgisinin ən ali məqamı şəhidlikdir. Şəhidliyin məqamı və zamanı isə əvvəlcədən bəlli olmur. Şəhidlik uca Allahın bir insana verdiyi ömür payını könüllü olaraq, qəlbən inanaraq, müqəddəs amal uğrunda gözlənilmədən fəda etməsidir, məqamı gələndə qəhrəman oğulların öz ömürlərini Vətənə bağışlamalarıdır.

Qəhrəmanlıq təsadüfi olmur. Qəhrəmanlıq - insanın qanına ana südü , ana laylası ilə, atanın mərdlik, kişilik ruhu ilə ötürülür. Məqamı gələndə isə bir işıq kimi parlayaraq, sabahın yollarını aydınladır. 44 günlük Vətən müharibəsində məhz bu cür igidlər vətənpərvərlik nümunəsi göstərdilər. 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimiz, ölümün bir addımlığında təsadüfən sağ qalmış qazilərimiz bu zəfər salnaməsinə öz igidlikləri, hünərləri ilə şanlı səhifələr yazdılar. Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən bütün igid əsgərlərimiz əsl vətənpərvər olduqlarını sübut etdilər. Ölümün gözünə dimdik baxaraq, ölümsüzlük qazandılar. Belə mərd igid, cəsarətli, qeyrətli, şəhidlik zirvəsinə ucalmaqla əbədiyyətə qovuşan oğullarımızdan biri də Oğuz rayon Dəymədərə kəndindən olan şəhid Abid Məmmədovdur. Doğulduğu gündən Vətənin müqəddəsliyini hər andaha dərindən dərk etməyi doğma evində öyrəndi. Abid hələ dünyaya gəlməmişdən erməni qəsbkarları Qarabağ torpaqlarına göz dikib, min fitnə-feillə doğma yurd yerlərimizi zəbt etmək xülyasına düşmüşdülər. Erməni vəhşilərinin murdar əlləri doğma Qarabağ torpaqlarına doğru uzananda minlərlə vətənpərvər gənc Vətənin müdafiəsinə qalxmış, silaha sarılaraq, cəbhə bölgəsinə üz tutmuşdu. Həmin illərdə könüllülərin içərisində Abidin atası Asif və əsgərlik xidmətində olan əmisi Araz da vardı. Birinci Qarabağ müharibəsində Asif 1992-ci ildə Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərmişdi. Lakin döyüşlər zamanı səhhətində yaranan problemlərə görə üç aydan sonra müalicə almaq üçün Füzulinin Qaraxanbəyli kəndindəki qospitala göndərilmiş, sonra isə aldığı ağır yaralara görə ordudan tərxis olunmuşdu. Abidin əmisi Araz isə cəbhə bölgəsində- Ağdərədə əsgərlik xidmətini davam etdirmiş, sonra isə Füzulinin yuxarı Abdurahmanlı kəndində düşmənlə üzbəüz mövqelərdəki döyüşlər zamanı igidlik, şücaət göstərmişdi. Həmin ağır döyüşlərdə şəhidlərimiz, yaralılarımız az olmamışdı. 1994-cü ili yanvar ayının 26-da Aşağı Abdurahmanlı kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanan Araz da digər yaralılarla birgə sanitar postuna aparılıb ilkin yardım göstərildikdən sonra Beyləqana, daha sonra Saatlı qospitalına müalicəyə göndərilmişdi.

Şəhidliyə gedən yol... Atasının və əmisinin hələ 1-ci Qarabağ müharibəsində göstərdikləri şücaətlər  barədə hələ uşaqlıqdan eşitdiyi söhbətlər Abidin vətənpərvərlik ruhunda böyüməsində ilk təkan olmuşdu. Yəni ki, onun vətənpərvərlik duyğuları, vətəni sevmək, qorumaq hissləri hələ uşaq yaşlarından, böyüdüyü evdən boy verməyə başlamışdı. O böyüdükcə düşmənə olan nifrəti də böyümüş, atasının və əmisinin düşmənlə apardığı mübarizənin yarımçıq qalması həmişə onu narahat etmişdi. Orta məktəbi bitirib hərbi xidmətə getdiyi zaman ürəyində pöhrələnən Qələbə arzusunu reallaşdırmaq üçün nümunəvi xidmət etmiş, komandanlığın “təşəkkürnamə”sini qazanmışdı. Ağdamın orta Qərvənd kəndi yaxınlığında əsgərlikdə olduğu zaman tibbi sanitar kimi xidmət edən Abid, komandirin dediyinə görə daim səngərlərə baş çəkir, yaralılara yerindəcə ilkin yardımlar göstərirdi. İlyarımlıq əsgəri xidmətini şərəflə yerinə yetirdikdən sonra ordudan tərxis olunaraq doğma kəndə qayıdır. Abid kəndin gəncləri arasında öz ağır təbiəti, ağayanalığı, dürüstlüyü, eyni zamanda mehribanlığı, səmimiyyəti və yaraşıqlılığı ilə seçilirdi. İstər ailədə, istərsə də evdən kənarda, işlədiyi kollektivdə böyük-kiçik yerini bilməsi, işgüzarlığı və bacarığı ilə hamının sevimlisi olmuşdu. O, hərbi xidmətdən sonra Oğuz şəhərində yerləşən Qarğıdalı emalı zavodunda operator köməkçisi işləməyə başlayır. İşə məsuliyyətlə yanaşması, işgüzarlığı və səmimiyyəti onu kollektivdə hamının sevimlisinə çevirir. Abid bütün gənclər kimi həyat eşqi ilə yaşayır, sevir və sevilir. Bu sevgi uğurlu izdivacla nəticələnir. O, ailə quraraq, ömür boyu ona vəfadarlıq edəcək xanımı ilə gözəl, məsud günlərini yaşayır. Aylar sonra onun valideynləri ilə bir ocaqda həyatının ən gözəl, xoşbəxt günlərinə daha bir sevinc əlavə olunur. O, 2020-ci ildə yeni ilin ilk saatlarında ata olmağın xoşbəxtliyini, bəxtəvərliyini yaşayır. Hər zaman məsuliyyətli olan Abidin ata kimi məsuliyyəti daha da artır. Onun ailəsi xoşbəxt, bəxtəvərlik dolu günlərini yaşayırdı. Balaca Əlinin hər bir hərəkəti evdə sevinclə, fərəhlə izlənilirdi. 2020-ci ildə bütün dünyada pandemiya elan edildikdən sonra hər kəs karantin qaydalarına uyğun olaraq yaşamağa çalışırdı. İl ağır gəlsə də, Abidin anası Rübabə ana yeni ilin ilk saatlarında ona balaca Əli kimi gözəl bir nəvəni bəxş edən həmin ildən, Allahdan çox razı idi. ...Həmin il iyul ayının 12-də baş verən Tovuz hadisələrihamı kimi Abidi və onun yaşıdlarını, ailəsini də sarsıdır. Minlərlə könüllü Ali Baş Komandanın əmrini gözləyir ki, silaha sarılaraq, illərlə ermənilərə qarşı ürəklərinə dolmuş qəzəb və nifrətlərini qalxan edərək, düşmənin başına endirsinlər. Digər yaşıdları kimi Abid də könüllülər sırasına yazılır. Və çox keçmir ki, vətənini sevən bütün qəhrəman oğullartəlim-məşqlər üçün hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılır.

Abid 2016-ci ildə Ermənistanla Azərbaycan arasında baş verən Tovuz hadisələri - dörd günlük müharibə zamanı da təlim-məşqlərə cəlb edilmiş, sonra isə evə buraxılmışdı. Sentyabrın 21-də yenidən təlim-məşqlərə qatılan Abidinailəsi yenə də onun təlimlər bitdikdən sonra evə qayıdacağını düşünürdülər. 2020-ci ilin sentyabrın 27-də düşmənin silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusu sonradan ”Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Həmin gün səhərdən ermənilər  ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı hücumlar etdi. Buna cavab olaraq ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Həmin gün Abidin də olduğu topçu taqımı Murov istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edir. Böyük ruh yüsəkliyi ilə başlayan, illər idi ki üəklərdə qövr edən yaralarımızın intiqamı üçün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər bütün cəbhə boyu olduğu kimi bu istiqamətdə də düşmən ordusunun məğlub olaraq torpaqlarımızdan qovulması ilə nəticələnir. Murovdağ istiqamətində bir neçə gün ərzində neçə yüksəkliklər düşməndən təmizlənir. Həmin döyüşlərdə Abid də cəbhə yoldaşları ilə birgə mərdliklə vuruşur. Toptuşlayıcı briqadada köməkçi kimi xidmət edən Abid hələ sentyabrın 21-dən başlanan təlim-məşqlər zamanı fürsət düşdükcə ailəsi ilə əlaqə saxlamağa imkan taparaq, tezliklə görüşəcəklərini söyləyir.

Müharibənin ilk günlərindən düşmənə qan udduran yenilməz ordumuz hər gün qələbə xəbərləri ilə xalqı sevindirir, daha əzmlə döyüşlərə atılırdı. Muharibənin dördüncü günü hər kəs yorğun halda olduğundan ana torpağın qoynunda azacıq da olsa dincəlmək istəyirlər. Lakin gecə ikən məkrli düşmən həmin taqımın yerini dəqiqləşdirir. Oktyabr ayının 1-də səhər saatlarında düşmən Abidgilin mövqeyini minaatanlardan və başqa atıcı qurğulardan atəşə tutur. Abid yuxulu olduğundan əvvəlcə nə baş verdiyini anlamır. Düşmən tərəfin atdığı minamyot qəlpələri dolu kimi onların üzərlərinə yağır, zərbənin gücü Abidi Murov dağının Şişqaya deyilən yerində qayaya çırpır. Yanındakı döyüş yoldaşına ancaq  “mənə nə oldu?” deyə bilir. Həmin vaxt xeyli şəhidlərimiz, yaralılarımız olur. Çox keçmədən komandanlıq yaralıları və şəhidləri “KamAZ”la döyüş bölgəsindən uzaqlaşdırır. Yaralılar Gəncədəki qospitala aparılır. Abid hələ yolda, maşında ikən, xəstəxanaya çatmadan dünyasını dəyişiir. Təəssüf ki, evdə ana-atanı, övladını, əzizlərini qoyub Vətən torpaqlarının azadlığı, bütövlüyü uğrunda döyüşlərə atılan qəhrəman oğullar düşmən hiyləsi nəticəsində həlak olurlar. Əlbəttə, onlar müharibənin nə olduğunu bilirdilər. Bilirdilər ki, döyüşə gedib, geri dönməmək də var. Və o Murov igidləri xalqımıza işıqlı sabah, övladları üçün azad, bütöv bir yurd miras qoymaq üçün uf belə demədən Vətən, torpaq uğrunda şirin canlarından keçdilər. Deyirlər, müharibədə atılan ilk güllə anaların ürəyinə dəyir. Vətən müharibəsində də minlərlə ananın ürəyi tikə-tikə, parça-parça oldu. Güllələr təkcə döyüşən oğulların ömrünü deyil, anaların, neçə-neçə ailənin də xoşbəxtliyini dəlib keçdi. Abidin anası necə gün övladından xəbər ala bilmir. Rübabə ana həyəcanla televizordan qələbə xəbərlərini izləyir, şəhid xəbərlərini də ürək acısı ilə qarşılayır.Abidin əmisioğlu onun yaralı ola biləcəyini bildirir. Abidin atası, əmisi və digər qohumlar bütün qospitalları və xəstəxanalarda onu aramaq üçün döyüş zonasına yollanırlar. Hərbi komissarlıqdan xəbər alırlar.

Yalnız axtarışın ikinci günü Araz əmi Abidin cəsədinin Gəncədəki qospitalın yanındakı morqda olduğunu öyrənir. Asif ata bu xəbəri eşidəndə sanki onurğa sütunu qırılır. ...Abid oktyabrın 4-də doğma kəndində - Oğuz rayonunun Dəymədərə kənd qəbristanlığında dəfn olunur. Abid Məmmədov böyük izdihamla, kədər və qürur hisslərinin qarışığı ilə əbədi mənzilinə köçür. Abid kimi minlərlə gənc geriyə baxmadan, torpaqlarımızın müdafiəsi və bütövləşməsi üçün, həyatlarının gənc çağında, qönçə vaxtında Vətən üçün canlarını, ömürlərini fəda etdilər.

Onlar şəhid oldu ki, xalqımız vətən torpağında şərəflə, qürurla yaşasın. Abidin anası Rübabə ana ilə görüşümüz zamanı Abid haqqında bunları söylədi:“Abid çox təmiz ürəkli, tərbiyəli, ədalətli  oğlan olub. O, mənim ilk övladım idi. Mən analıq sevincini ilk dəfə Abidin sayəsində, o, dünyaya gələndə duymuşam. Ondan başqa yalnız bir qızım var. Vaxtilə çox mehriban ailəmiz olub - danışan, deyən, gülən... Heç vaxt nə ailə daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də elə oğlan idi ki, heç kəslə işi olmazdı. Hər adamla da ünsiyyət qurmazdı. Çox ağıllı, tərbiyəli, mərd, işgüzar oğul idi. Döyüş yoldaşları Abid barədə yalnız xoş xatirələr danışırlar. Çox az müddət birlikdə olsalar da, o, özünə böyük hörmət qazanmağı bacarmışdı. Abid gülüşü ilə seçilərdi. Tanışları ona “gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir... Maşın həvəskarı idi. Avqust ayında sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi, qismət olmadı, sentyabrda müharibəyə getdi. 2 ilə yaxın idi ki, ailə qurmuşdu. Bir övladı var. Abid oğluna həddən çox bağlı idi. Döyüş yoldaşlarından biri danışırdı ki, şəhid olduğu gün hamı yemək yesə də, nədənsə Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam. “İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var, ona həsr edəcəyik, - deyir Rübabə ana. - Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez, oğluma qovuşacam. Bəlkə də, təsəllim yalnız budur".

Rübabə ana! Abidlə təkcə siz yox, bütün Oğuz eli, Azərbaycan fəxr edir, qürur duyur. Əlbəttə, Qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni döyüşdə yeni qəhrəmanlar üzə çıxır. Sizin kimi anaların əllərindən öpürük, qəhrəman övladlar yetişdirdiyiniz üçün. Nə qədər ki sizin kimi mərd analar Abid kimi cəsur, qorxubilməz qəhrəman oğullar böyüdür, bizim doğma Vətənimiz heç vaxt düşmənə boyun əyməyəcək, güclü dövlətimiz sarsılmayacaq. Şəhidlərimizin isə əbədi yeri ürəklər olacaq.

Abidin arzusu Qarabağı düşmən tapdağından təmizləyib, qürurla evinə, elinə dönmək idi. Bu arzusuna çatmasa da Vətən torpaqlarının işğaldan azad olunmasında, Bayrağımızın qədim yurd yerlərində yenidən dalğalanmasında, böyük Zəfərimizin qazanılmasında Abidin də payı var. Allah böyük Qələbə sevincini bizə yaşadan bütün şəhidlərimizə rəhmət eləsin! Dövlətimiz Vətən müharibəsi qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə, rəşadətinə görə layiqincə qiymətləndirmiş, onları yüksək orden və medallarla təltif etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər  zamanı göstərdiyi igidliyə görə Abid Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.

Abidin ən ali mükafatı, yüksək adı isə, əlbəttə, şəhidlik adıdır. Şəhid - əbədiyyəti qazanan deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kamanın atası Habil Əliyevi bu ölkədə kiçikdən böyüyə hamı tanıyır. İkinci məşhur kaman ustası Şəfiqə Eyvazova olubdur. Amma biz gərək digərlərini də tanıyaq. Məsələn, virtuoz ifaçı kimi ad çıxaran Fəxrəddin Dadaşovu.

 

Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirib. O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.

1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb.

1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olub. 69 xarici ölkədə, o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər verib.

C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

 

Filmoqrafiya

1. Qəzəlxan

2. Buta

3. Sübhün səfiri

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.