“Biri ikisində” – Azər Turan I Türkoloji Qurultay barədə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə  Azər Turanın “ I Türkoloji Qurultay-film kimi bir hadisə” məqaləsi təqdim edilir.

 

 

 

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay böyük elmi hadisə olmaqla yanaşı, həm də film kimi bir hadisədir. Onun kinematoqrafik həllini tapan rejissor dünyanın ən təsirli filmlərindən birinə imza atmış olardı...

 

***

 

Burda həm respublika rəhbərləri, həm də nazirlər var. İnoqamov Özbəkistanın, Perenqliyev  Türkmənistanın, Mustafa Quliyev Azərbaycanın Xalq Maarif naziridir. Moskvalı nümayəndə Naqovitsın RSFSR-in Sosial Təminat naziridir. Baraxov Yakutiya Xalq Komissarları Şurasının sədridir, Qorxmazov Dağıstan Nazirlər Sovetinin sədridir, əslən Qubadan olan azərbaycanlı Məmmədbəyov Dağıstanın Maliyyə naziridir. Mirzə Davud Hüseynov Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Xalq Maliyyə naziridir...

1937-ci ildə İnoqamov da, Perenqliyev  də, Quliyev də, Naqovitsın da, Baraxov da, Qorxmazov da, Məmmədbəyov da, Mirzə Davud Hüseynov da xalq düşməni kimi güllələnəcəklər.

Burda türk dünyası birləşib. Özbək  Xalid Səid Azərbaycan türkoloqudur. Kazan tatarı Alparov türkmən türkoloqudur. Xalid Səid Xocayevin qurultay təəssüratlarını bölüşdüyü "Yеni əlifba yollarında əski хatirə və duyğularım" kitabına kazan tatarlarından Əziz Qubaydullin ön söz yazır...

SSRİ Elmlər Akademiyası Azərbaycan filialının özbək əsilli elmi işçisi Xalid Səid Xocayev də, Bakı Darülfununu Şərq fakültəsinin kazan əslli  professoru Əziz Qubaydullin də 1937-ci ildə güllələnəcək. 

Burda Azərbaycan türkoloqlarının biri  Çobanzadənin timsalında krımlıdır, biri Xalid Səidin timsalında özbəkdir, biri Zifeldin timsalında estondur, biri Qubaydullinin timsalında kazan tatarıdır.

Almatıda Baytursunovu ittiham edirdilər ki, Bakıda Bəkir Çobanzadə ilə əlaqələri var. Yaxud əksinə, Baytursunovla əlaqələri olduğuna görə Bakıda Çobanzadəni suçlayırdılar...

Baytursunov da, Bəkir Çobanzadə də 1937-ci ildə güllələnəcəklər.

Burda bir ailə var. Yeganə qadın nümayəndə Ayna Sultanova da burdadır. əri Həmid Sultanov da burdadır. Qardaşı Qəzənfər Musabəyov da burdadır.

1937-ci ildə üçü də bir yerdə güllələnəcək...

Burda hamı bir-birinə qarışıb. Millətçi uklonistlər də burdadır, sol eserlər, anarxistlər, bolşeviklər də və s. Pepinovun timsalında səkkiz ay öncə müstəqil Azərbaycanın üçrəngli bayrağını qaldıranlar da burdadır, Həbib Cəbiyevin timsalında altı ay öncə onu endirib Sovet Azərbaycanının oraq-çəkicli bayrağını ucaldanlar da.

1937-ci ildə Pepinov da, Həbib Cəbiyev də güllələnəcəklər. 

Burda bir Petrov var, həm xristian rahibidir, həm çuvaş millətçisidir, həm də türkoloqdur. 1937-ci ildə Petrov da güllələnəcək.

Güllələnənlər çoxdur. Saymaqla qurtarmır. Amma burda həm də talelər var. Tutaq ki, Alparovla Gəldiyev ikisi də başqırddır. Ufa mədrəsəsində bir yerdə  təhsil alıblar. Sonra Türkmənistanda bir yerdə çalışıblar. Bir yerdə türkmən dilinin qrammatikasını yazıblar. Sonra da Gəldiyev 1931-ci ildə 41 yaşında,  Alparov isə 1936-cı ildə 47 yaşında dünyalarını qəfil dəyişiblər.

Leninin dostu milliyyətcə eston olan Artur Zifeld Azərbaycanda Ədəbiyyat İnstitutunun ilk direktorudur. Mahmud Kaşgqarlı "Divan"ının tərcüməsinə imkan verdiyi üçün 8 il müddətinə sürgünə göndəriləcək.

Milliyyətcə çex olan Nikolay Roqdayev Leninin məsləhəti ilə Tiflisdə Qafqaz İcraiyyə Komitəsində elmi katib işləyir. Hansı səbəbdənsə o da Daşkəndə sürgün ediləcək.

Artur Zifeld Kolımada sürgündə və 50 yaşında "qocalığı" və ürək çatışmazlığı səbəbilə həlak olacaq.

Roqdayev isə 1934-cü ildə sürgündə 54 yaşında beyninə qansızma nəticəsində dünyasını dəyişəcək.

İsmayıl bəy Qaspıralının Türkoloji Qurultayda iştirak edən varislərinin – krımlı nümayəndələrin aqibətinə baxın: Bəkir Çobanzadə güllələnib. Osman Akçoraklı güllələnib. Həsən Səbri Ayvazov güllələnib. Nedim Mahmut güllələnib. Ukrayna Elmlər Akademiyasının  qurucularından və ilk akademiklərindən biri Aqafanqel Krımski də, Odabaş da, Yakub Kamal  da  həbsxanalarda həlak olublar və s...  Kazan tatarları da elə...

Türkoloji Qurultayın, şübhəsiz, pantürkist tərəfləri də var idi. Tutaq ki, əslən türk olsalar da, inanc məsələsində türklərdən ayrılan xristian yakutlar üçün əlifba islahatı problemi yoxdu. İndiyə qədər ərəb əlifbasını işlətməmişdilər ki, indi ərəb əlifbasından imtina edib yerinə latın əlifbasını tələb edəydilər. Onlara ümumtürklərin hamısının işlədəcəyi vahid əlifba lazım idi. Yakut Baraxovun çıxışında fikirlər birbaşa, açıq mətnlə ifadə olunub. 1926-cı ildəki Yakut ziyalısının təsəvvürünə görə, xristianlıq rus dinidir. "Yakut xalqı XVII yüzildə zorla rus dininə vəftiz edilmişdir... Adlarımızın İvan, Sergey, Vasili olması səbəbilə  başqa türklərlə qarşlaşanda onlar bizi rus zənn edir. Bir-birimizi çətin anlasaq da, dillərimiz ortaq bir kökə malikdir. Ona görə də biz Türkoloji Qurultaya maraqla yanaşırıq. Orfoqrafiya, terminologiya və ən əsası əlifba məsələləri digər türk dilləri ilə eyni qanunlara tabe olan Yakut dili də daxil olmaqla, bütün türk dilləri ailəsi üçün eyni mənaya malikdir" Bu mənada türklər əlifba sferasında birləşəcək və bir-birlərinin yazılı dilini anlayacaqdılar. Yaxud Şimali Qafqazda qaraçaylarla, kabardinlərlə, bakarlarla, noğaylarla yanaşı, çeçenlər də, inquşlar da, çərkəzlər də, adıgeylər də türk-tatar əsaslı latın qrafikasına keçirdilər və Rusiyanın dağlı xalqları ruslaşdırmaq siyasətinin vasitəsi olan Kirill əlifbasına doğru vaxtilə rus missioner İlminskinin başladığı hərəkatın önü kəsilirdi. Yaxud Orta Asiya respublikalarında da eyni proses gedirdi. Rusların ərəb əlifbasını Kirill əlifbasıyla əvəzləmək istəyi baş tutmamış, latın əlifbası problemi ortaya çıxıb assimlə siyasətinə əngəl olmuşdu. XX yüzilin ilk illərində Rusiya müsəlmanlarının liderləri Kirill əlifbasının timsalında rus təcavüzündən ərəb əlifbasını qoruduqları kimi, 1920-ci illərdə də türk mütəəkkirlər bolşevik rusların daha dərin və daha qurnaz siyasəti ilə üzləşmişdilər. Məqsəd din birliyini təməlindən qoparmaq idi. Türk düşüncəsi bunun qarşılığında ekvivalent olaraq milli kimlik məsələsini ortaya çıxardı.

 

***

 

Əli bəy Hüseynzadənin qeydlərinə istinadən bilirik ki, 1926-cı ildə çap olunmuş stenoqramdakı siyahı dəqiq deyil. Siyahıda adının olmamasına rəğmən, Türkoloji qurultayın aparıcı simaları sırasında yer alan bir neçə nəfər var ki, onlarsız bu kitabı təsəvvür edə bilmədik.

Məsələn, qurultaydakı məruzəsində Qubaydullin bildirirdi: "Azərbaycan türkləri təkcə öz ədəbiyyatlarının tarixi ilə maraqlanmır, həm də digər türk xalqlarının ədəbi əsərlərinin öyrənilməsinə böyük diqqət yetirirlər. Bunun sübutlarını Azərbaycan Dövlət Universitetinin əməkdaşı İsmayıl Hikmətin Anadolu türk ədəbiyyatı tarixinə dair əsas əsərində tapmaq olar. İndiyə qədər dörd cild nəşr olunub ki, bunlardan ilk üçü XIX əsrə, dördüncü XX əsr Anadolu türk ədəbiyyatına həsr olunub. Hikmətin bu əsəri bu sahədə ilk sistemli və əhatəli əsərdir". Buna rəğmən, İsmayıl Hikmətin adı, dediyim kimi, siyahıda yoxdur. Amma Türkoloji Qurultay günlərində çəkilmiş fotoşəkillərin bir neçəsində İsmayıl Hikmət də var və s.

Yaxud Türkoloji Qurultayın stenoqramdakı siyahıda Şuşa doğumlu iki nəfər nümayəndənin adı qeyd olunub: Fərhad Ağazadə və Cəlil Məmmədzadə. Amma şuşalı Əli Yusif yoxdur. Baxmayaraq ki, Türkoloji Qurultayın katibi olub. Türkoloji qurultayın ilk qurbanlarından biri, bəlkə də, birincisi də odur. Qurultay başa çatandan 3 gün sonra, yәni martın 8-dә  ÇK tәrәfindәn evindә axtarış aparılaraq hәbs edilib. Hәbsinin sәbәbi kimi qurultayda iştirak edәn Türkiyә nümayәndә heyәti ilә әlaqәsi göstәrilir. İstintaq dindirmәsindәn sonra güllәlәnmә cәzasına mәhkum olunsa da, hökm 10 illik hәbs cәzası ilә әvәzlәnib. 1926-cı ildən 1937-ci ilə qədər Şimal Buzlu Okeanı səmtlərində Solovkidəki əsir düşərgəsində məşəqqətlər çəkib. Azad olunsa da, Azərbaycana buraxılmayıb, yenidən həbs edilib, həbs düşərgəsindən Daşkənd həbsxanasına göndərilib. 1937-ci il avqustun 18-dә Daşkәnddә hәbsxanada güllәlәnib.

Yaxud Salman Mümtazın adı qurultay nümayəndələrinin siyahısında yoxdur. Amma Qorxmazovun sədrlik etdiyi iclaslardan birində onun çıxış etdiyi bildirilir. Qubaydullinin məruzəsində isə onun türkolojidə gördüyü işlər təqdir olunur: ""Kommunist" qəzetinin redaksiyası Azərbaycan şairlərinin əvvəllər nəşr olunmuş və nəşr olunmamış əsərlərindən ibarət  bir sıra broşürlər nəşr etdirib və hər yazıdan əvvəl Salman Mümtazın bu şairlər haqqında dəyərli bioqrafik məlumatları yer alıb". Salman Mümtazın  qurultay günlərində Fuad Köprülü və Əli bəy Hüseynzadə ilə birgə çəkilmiş fotosu Azərbaycanda məşhur şəkillərdən biridir. Əfsus ki, Salam Mümtaz da 1937-ci ildə güllələnəcək. Arxivindəki qədim əlyazmalar ya yandırılacaq, ya da  qarət edilib harasa aparılacaq. 

Yaxud stenoqramda Sultan Məcid Əfəndiyevin Türkoloji Qurultayda çıxış etdiyi bildirilsə də və çıxışının mətni təqdim edilsə də, yenə həmin stenoramda çap olunan qurultay nümayəndələrinin siyahısında onun da adı yoxdur. O da 1937-ci ildə güllələnəcək. 

Yaxud qurultayda, srenoqramdan da göründüyü kimi, çıxış edən leninqradlı Qriqori Çursinin adı qurultay nümayəndələrinin siyahısında yoxdur. Amma dediyim kimi, məruzə edir, məruzəsinə münasibətlər var, komissiyalarda təmsil olunur və s...

Türkoloji Qurultay nümayəndələri barədə hazırlanan kitaba İsmayıl Hikmət, Salman Mümtaz, Sultan Məcid Əfəndiyev, Əli Yusif və Çursin barədə də məlumatlar daxil etdik.  Bunlar ya qurultayın işçi heyətində, ya Yeni Türk Əlifbası komitəsinin icraiyə bürosunda olublar, ya da qonaq kimi dəvət olunublar. Bu artıq gələcək araşdırmaların mövzusudur.

Yeri gəlmişkən, qurultayda nümayəndə olan iki tələbədən biri – Tağızadə hətta o dövrdə kifayət qədər tanınmış dilçi olan Abdulla Tağızadədir. Bəs digər tələbə Həsən Musayev kimdir? Çıxışının mətni barədə Türkoloji Qurultayın stenoqramında heç bir məlumat yoxdur. Nə barədə danışdığını isə yalnız Əli bəy Hüseynzadənin Türkoloji Qurultaydan yazdığı qeydlərdən bilirik: "Həsən Musayev uyğur kültüründən bəhs etdi. Türkcəsi iyi anlaşılırdı. İstanbulda Qalatasaray lisəsində oxumuşdur. Turfan, Pamir, Tyan-Şan ölkələrində yaşayan türklərdən bəhs etdi: "Sarı uyğurlar həp kaşqarlıyıq deyirlərmiş. Əskidən uyğuruq deməkdən utanırkən indi uyğurluqla iftixar edirlər. Dilləri sadə qalmışdır". Ümumdünya türkoloqlarının belə bir ciddi kürsüsündə çıxışına imkan yaradılan və belə ciddi problem barədə danışan tələbə sıradan biri ola bilməzdi. Lakin srenoqramda, mandat komissiyasının hesabatından da göründüyü kimi, qurultay iştirakçılarından biri Qərbi Çindən gəlmiş uyqur türküdür. Həmin uyqur türkü Həsən Musayevdirmi? Ehtimal etmək olar ki, bəli, odur. Bəs niyə soyadı Musayev şəklində yazılıb, bilinmir...

Yakutiya Xalq Komissarları Şurasından qurultaya nümayəndə seçilsə də, oktyabrın 5-də paraxodla yola çıxıb dekabrın 27-də Moskvaya çatsa da, xəstəliyi səbəbilə Moskvadan Bakıya gələ bilməyən və elə orada dünyasını dəyişən, yakut ədəbiyyatının banisi Kulakovski kimi nümayəndələr də olub. Belə nümayəndələrin adları stenoqrama əlavə edilmiş siyahıda yoxdur.

 

***

 

Türkoloji Qurultay günlərində Bakıda çox şəkillər çəkilib. Amma ilk dəfə 8 mart 1926-cı il tarixli "Kommunist" qəzetində "xaricdən gələn professorlar" təqdimatıyla dərc olunmuş bir şəkil müstəsnadır. Mesaroş, Köprülü, Mentzel, Hüseynzadə və Vittek bir yerdədir. Fotomüxbirin bu adamları bir yerdə fotoya alması təsadüfdürmü, bilmirəm. Türkoloji Qurultayın beyin mərkəzi bu adamlardır. Bu adamlar işin əslini bilir. Onlar 1926-cı ildə İstanbuldan Bakıya – Birinci Türkoloji Qurultaya bir yerdə gəlmişdilər:  Dediyim kimi, qurultayın beyin mərkəzi, aparıcı simaları da onlar idi. Qurultayda hamısı çıxış edib. Əli bəy Hüseynzadə və Menzel isə həm də gündəlik qeydlər yazıblar. Yeri gəlmişkən, qurultaya gələrkən Bartold da onlarla bir yerdəydi. Qurultayda da ilk məruzəni Bartold etmişdi.  Bartoldun məruzəsi Əli bəy Hüseynzadənin hələ 1905-ci ildə Bakıda "Həyat" qəzetində dərc olunmuş  məqaləsini xatırladır. Hüseynzadə  həmin məqalədə "Türklər kimdir və kimlərdən ibarətdir" sualını qaldırır, ona tarix, linqvistika, etnoqrafiya, din və antropoloji aspektlərdə cavab verir. 1926-cı ildə yenə də Bakıda Türkoloji Qurultayın xitabət kürsüsündə Bartold eyni sual ətrafında məruzə edirdi. Şübhəsiz ki, Hüseynzadənin həmin məqaləsi epik və intellektual məzmununa, elmi mündəricəsinə görə Bartoldun 1926-cı ildə təqdim etdiyi məruzəsini kölgədə qoyur.

 

***

 

Qurultayın keçirildiyi günlərin hava şəraiti ilə bağlı müxtəlif versiyalar var. Kimisi sərt hava şəraitində keçirildiyini bildirir. Kimisi də başqa hipotez irəli sürür. İstər hava şəraiti, istərsə də Bakının o günlərdəki dekoru barədə bu sətirləri Xalid Səid Xocayev "Yеni əlifba yollarında əski хatirə və duyğularım" kitabının "Birinci Ümum Türkoloji Qurultayı" başlıqlı hissəsində yazıb:  "Qurultay zamanı gəlmişdi. Bakı şəhərinin ən mühüm küçələrindən olan "Kommunist" küçəsi üzərinə yeni böyük hərflərlə şüarlar yazılmış, al bayraqlar ilə bəzənmişdi. Şəhərdə təzə, canlı bir həyat və hərəkət başlamışdı. Küçələr çoх uzaqdan gələn sevgili qonaqlarını səmimi qucaqları arasında sıхışdırırdı. Yüksək, vüqarlı binalar sıra-sıra durmuş müsafirlərini salamlayırlardı. Mövsüm qış, ancaq hava saf və bərraq idi. Göy üzündə buluddan, qubardan heç bir əsər yoх, ətraf günəşin tar-mar, gümüş tellərinə bürünmüş; dəniz sakit-sakit xarələnirdi..." Deməli, qış mövsümü olmasına rəğmən, hava mülayim, hətta günəşliymiş.

Qurultay fevralın 26-da səhər saat 9-da Mədəniyyət Sarayında (İsmailiyyədə) başlayıb. Martın 4-nə qədər davam edib. 

Sabir bağı tərəfinə qoyulan səsgücləndiricinin altı qalabalıqmış, adamlarla  dolu imiş. Deməli, qurultayın gedişini bütün xalq dinləyirmiş... "Şəhərdə qurultaydan başqa söz yoх idi". Bunu da Xalid Səid yazır...

Qurultay günlərində iştirakçılar Xalq Maarif Komissarlığının dəvətilə Böyük Dövlət Teatrında "Leyli və Məcnun" operasına tamaşa ediblər. Bir qismi  Bakını gəzib, digər bir qrup Gəncəni ziyarət edib. Neft buruqlarına, Şirvanşahlar sarayına tamaşa ediblər. Martın 6-da nümayəndələr "Qzıl Şərq" kinoteatrında "Bismillah" filminə və elə həmin günlərdə lentə alınmış "Birinci Türkoloji Qurultay" sənədli filminə baxıblar.  Qara şəhərdə olublar.  Nümayəndələrin bir qismi "Yeni Avropa" otelində, bir qismi "Şərq" mehmanxanasında, bir qismi isə Sovetlər Evinin mehmanxanasında yerləşdirilib.

Əziz Şərif Qurultаyın bаşlаdığı günü хаtırlаyıb yаzır: "...Qurultаy аçıldı. Hüseyn Cavidlə yаnаşı оturmuşdum. Mirzə Cəlil, Sultаnməcid Qənizаdə və bаşqаlаrı ilə görüşdüm". Dоğrudur, baxmayaraq, 1921-ci il dekabrın 30-da Darülmüəllimin salonunda şura ziyalılarının yeni  türk əlifbası ilə əlaqədar keçirilən ümumi iclasına sədrlik etməyi Nəriman Nərimanov Hüseyn Cavidə tapşırmışdı, baxmayaraq ki, Azərbaycan hökumətinin Əlifba komissiyasının Krıma və Türküstana göndərdiyi nümayəndə heyətində Cəlil Məmmədquluzadə də var idi, bütün bunlara rəğmən, Hüseyn Cavidin də, Cəlil Məmmədquluzadənin də adları qurultаydаn sоnrа dərc оlunmuş stenоqrаmdаkı  siyаhıdа yохdur. Amma həm də qurultayda iştirak edirdilər. Yenə Xalid Səidin yazdıqlarına müraciət edirəm: "Qırmızı bayraqlar, müxtəlif şüarlar ilə bəzənən zal, lojalarından qapılarına qədər dolmuş, tək bir nəfər üçün də artıq yer qalmamışdı, çünkü zalda vəkillərdən başqa müxtəlif ittifaqlardan qonaqlar da vardı. Qurultay zalına girə bilmək üçün bilet əldə edə bilənlər özlərini bəxtiyar sayırlardı".

2003-cü ildə Hüseyn Cavid hаqqındа "Səma şairi" sənədli filminin ssenаrisi üzərində çаlışаrkən filmə Türkoloji Qurultrayla bağlı epizodun daxil edilməsinə ehtiyac duydum. Kinохrоnikаya kinostudiyada filmin məsləhətçisi Turаn Cavidlə bir yerdə gedib bахdıq. Həmin iclаsdа ikinci sırаdа əyləşmiş аdаmın Hüseyn Cavid оlduğunu Turаn хаnım birmənаlı şəkildə və qətiyyətlə təsdiq etdi.

         2008-ci ildə Xalid Səid barədə yazdığım kitaba isə Əliqulu Qəmküsarın qızı, ilk qadın rejissorumuz Qəmər Salamzadənin "Kiçik pəncərədən görünən dünya" memuarından Türkoloji Qurultay günləriylə bağı yazdığı bu epizodu daxil etmişdim: "Xalid Əfəndi Türkiyədən gələn qonaqları evinə dəvət etmişdi... Xalid əfəndi əmim Rzaqulu Nəcəfzadə ilə bacanaq idi. Bakının ovaxtkı Spasski (Zərgərpalan) küçəsində yaşayırdılar... Bu qonaqlıqda Cahan və mən ev sahibəsi Sitarə bacıya köməklik edirdik. Cahan Talışinskaya Xalid əfəndinin arvadı Sitarə xanımın kiçik bacısı idi. Qonaqların arasında Əli bəy Hüseynzadə, Fuad Köprülü-zadə, Rzaqulu Nəcəfzadə, Hüseyn Cavid, Xalid əfəndinin qonşusu, Türkiyədə təhsil almış bakılı doktor Orxanbəyli var idi... Qurban Pirimov tar çalırdı. Əmim Rzaqulu isə oxuyurdu. Hərdən də Orxanbəylinin çəkdiyi qəhqəhə məclisi daha da şənləndirirdi. Mən hələ ömrümdə belə sirayətedici qəhqəhə eşitməmişdim. Orxanbəyli çox ucadan, pərdə-pərdə artan qəhqəhəyə başlar, başını dala ataraq uğunub gedərdi. Məclisin axırında əmim Rzaqulu isə Füzulinin "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" qəzəlini çox ürəkdən və çox da yanğılı səslə oxuyurdu. Bu qəzəlin axırında Füzuli deyir:

 

... Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

 

Əli bəy dirsəklərini stolun üstunə dayadı və başını əlləri arasına aldı. Üzü görünmürdü. Çiyinlərinin tərpənişindən ağladığı aşkar bilinirdi. Mirzə Cəlil vəziyyəti hamıdan tez başa düşdü, odur ki, üzünü Xalid əfəndiyə tutaraq zarafatca:

– Xocam, mənə bir stəkan su!  – dedi.

Əmim Qurban dayıya işarə elədi. Qurban dayı tarda bir diringi çalmağa başladı. Orxanbəyli isə fürsətdən istifadə edib bülbül cəh-cəhinə bənzər qəhqəhəsilə otaqda bir canlanma yaratdı. Əli bəy başını qaldırdı... gözlərindən axan yaş vətən məhəbbəti, vətən həsrəti yolunda idi. Mətləbin üstünü heç açmadı. Məclisin havası dəyişmişdi..."

Mətləbdən uzaqlaşsam da, bir məqamı bu yazıya əlavə etmək istəyirəm. Qəmər xanımın həmin xatirəsini oxuyandan sonra 2004-cü ilin 9 yаnvаrında Turan Caviddən Orxanbəylini soruşmuşdum. "Qəhqəhələri ilə məclisdəkiləri əfsunlayan Orxanəylinin obrazını tamamlamaq üçün, məncə, Turan xanımın dediklərinə ehtiyac var. "Çох məşhur həkim idi. Türkiyədə təhsil аlmışdı. Yerli bаkılılаrdаndı. Özü də Türkiyədə türk qızı Fərihə хаnımlа evlənmişdi. Оğlu musiqişünаs Оrхаn Оrхаnbəyli, qızı Turхаn хаnımdı. Sоnrа Оrхаnbəylini də güllələdilər, qаdınını, qızını sürgünə göndərdilər. Оrхаnbəyli bаbаnın həbsindən sоnrа dа bizə bаş çəkirdi. Оrхаnbəyli Türkiyədə təhsil аlаnlаr içərisində yegаnə аdаmdı ki, təmiz оsmаnlı ləhcəsində dаnışırdı. О dövrdə sоn dərəcə fərqlənən Аvrоpа dəbiylə geyinirdi. Cavid əfəndinin yахın dоstuydu. 1938-ci ildə  Ərtоğrоl хəstələnmişdi. Оrхаnbəylini çаğırdıq. Gəldi. Bаşqаlаrı isə heç sаlаm vermək istəmirdi".

Nəinki qurultay iştirakçısı olan ev sahibi Xalid Səid, nəinki onun bacanağı və qurultayın digər nümayəndəsi olan Rzaqulu Nəcəfzadə, hətta İstanbulda təhsil almış yaxın dostlar – çəkdiyi qəhqəhələrlə məclisi şənləndirən Orxanbəyli də, Hüseyn Cavid də 1937-ci ilin zavalına gələcəkdilər.

2005-ci ilin 17 noyabr tarxli "Ədəbiyyat qəzeti"ndə yazdığım "Birinci Türkoloji Qurultay"  məqaləmdən bir frazanı bu yazıda yenidən xatırladıram: "Türkoloji Qurultayın iclasında kifayət qədər aktual məsələlər müzakirə olunmuşdu, hədsiz dərəcədə maraqlı məruzələr oxunmuşdu və həmin məruzələrdə diqqəti cəlb edən çoxlu ciddi məqamlar vardı. Adamlar fikirlərini ifadədə sərbəstdilər, hələlik heç kəsdə qorxu hissi yoxdu".

Amma Türkoloji Qurultayın Azərbaycan türkoloqları ilə birgə 1926-cı ildən 1937-ci ilə qədər yol gələn vahiməli bir arxa planı da var. Qurultayın keçirildiyi 1926-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan, ÇK sədri, yəni Fövqəladə Komissar Mircəfər Bağırovdur. Bağırov Mirzoyana hesabat verir...

Burda paralel, həssas və simvolik bir məqama toxunmaq istəyirəm. Ruhulla Axundov da qurultay nümayəndəsidir. Qurultaya "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru və jurnalist olaraq nümayəndə seçilib.  1926-cı ildə, yəni Türkoloji Qurultay ərəfəsində  Mirzoyanın özünə rəqib görüb MK-nin ikinci katibliyindən uzaqlaşdırdığı Ruhulla Axundov Azərbaycana  Bağırovun rəhbərlik etdiyi 1937-ci ildə NKVD zindanlarında işgəncələrə məruz qalaraq, gözləri çıxarılaraq, qabırğası sındırılaraq öldürülüb... Xalq yazıçısı Anarın "Fərəh, ümid, faciə" məqaləsində yazdığı kimi: "Müzakirələr 1926-cı ildə Bakıda "İsmailiyyə" binasında başlamış, 1937-ci ildə NKVD zirzəmilərində tamamlanmışdı".

Yaxud başqa bir həssas və ciddi məqam. Hüseyn Cavidin 1926-cı ildə yazdığı "Azər" poemasında kifayət qədər məşhur olan bu misralar: "Nə əcaib sürü yahu bunlar / Öndə rəhbərlik edir maymunlar..." Şeir 1926-cı ilin mart-oktyabr aylarında yazılıb. Həmin dövrdə Azərbaycanda "öndə rəhbərlik edən meymun" Mirzoyan idi.

Türkoloji Qurultay mövzusunda bir məsələ də təshih olunmalıdır. İstər   1999-cu iıdə nəşr olunnmuş "Birinci Beynəlxalq Türkoloji Qurultay" kitabında, istərsə də "1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər)" kitabının ön sözündə təkrarlanan, yəni bir kitabdan digərinə ötürülən belə yanlış məlumatlar verilir ki, guya türkiyəli Ənvər Paşa Türkoloji Qurultayda iştirak edib, çıxışı beynəlmiləl əhvallı nümayəndələr tərəfindən yarımçıq kəsildiyindən inciyərək Bakını tərk edib. "Ənvər Paşanın qurultayda iştirakı"nı xatırladan müəlliflər unudub ki,  Ənvər Paşa 1926-cı ildə artıq dörd il idi ki, dünyada yox idi. Bildirilən hadisə isə Ənvər Paşanın iştirak etdiyi başqa bir qurultayda — III İnternasionalın qərarı ilə 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq Xalqlarının Qurultayında baş vermişdi. Ənvər Paşanın sözünü kəsənlər, danışmasına imkan verməyənlər isə qurultaya Türkiyədən gələn nümayəndələr olmuşdu. Yeri gəlmişkən, Ənvər Paşanın da əlifbayla bağlı fərdi qənaətləri vardı. Hətta Fuad Köprülü Türkoloji Qurultay günlərində "Yeni Avropa" otelində Xalid Səidin suallarına cavab verərkən  Ənvər Paşanı da xatırlatmışdı: "Əlifba məsələsi bizdə əskidir, bunun üçün müxtəlif zamanlarda müxtəlif komisionlar təşkil edildi, hətta cahan hərbi zamanında Ənvər paşa tərəfindən də əskəri işlərdə bir yеni əlifba təcrübəsi yapıldı, ancaq həyata keçiriləmədi". Ahmet Temir "Dış türklərdə dil və yazı" əsərində bildirir ki, Ənvər Paşa ərəb əlifbasını bəsitləşdirərək sait səsləri göstərən və hərflərin bitişmədən yazıldığı Ənvəriyyə adı verilən bir yazı şəkli yaratmışdı. Amma bu işin Birinci Cahan hərbinə – Türkiyə tarixinin ən ziddiyyətli və gərgin dövrünə təsadüf etməsi və Türkiyənin Cahan savaşından məğlub çıxması Ənvər Paşanın yazı islahatını səmərəsiz etdi. Sonralar Kazan tatarları bu işə təşəbbüs etdilər. Kazanlılar hərflərin hər birinə ayrıca şəkil verərək ərəb əlifbasını islah etdilər. Ənvər Paşa tərəfindən başlanmış, Kazan tatarları, bəlkə, hətta Baytursun tərəfindən  gəlişdirilmiş bu layihəni 1923-cü ildə özbək, qazax və qırğızlar da yazılarına tətbiq etdilər.

Ənvər Paşanın qınaqlara hədəf olan, guya türk əlifbasına müsəllət olub və latın əlifbası şəklində bir-birindən ayrı və rabitəsiz hərflərlə bir imla xəyal etməyə qalxması… fəlakətin tənzimat ilə bəslənən mikroblarına ilk təcəlli zəmini olaraq məşrutiyyət dövrəsini çərçivələr" deyən Nəcib Fazil Kısakürək bilsə də, etiraf etmir ki, Ənvər Paşanın sait hərflərin ayrı yazılmasını təklif edən və Ənvər Paşa yazısı kimi tarixə keçən "ənvəriyyə" əlifbası, yaxud  hürufi-munfasıla, xətti-cədid, Ordu əlifbası ordudakı savadsızlığı ortadan qaldırmaq üçün yaradılmışdı.

 

***

 

Əli bəy Hüseynzadənin gündəlik qeydlərindən bilirk ki, Türkoloji Qurultay nümayəndələri üçün verilmiş ziyafətdə Ağamalıoğlu Mustafa Kamal Paşanın səhhətinə badə qaldırıb. Sarabski musiqi ilə "Mustafa Kamal Paşa" şarkısını söyləyib. Həmin ziyafət o günlərdə çəkilmiş kinoxronikalarda da görünür.

Başqa bir kadrda isə Türkoloji Qurultayın keçirildiyi salonda Leninin iri bir portreti asılıb. Hər dəfə o kadrlara baxanda Zəki Vəlidi Toğanın "Hatıralar" kitabından bir epizodu xatırlayıram. Zəki Vəlidi  Leninlə söhbətində ona Ulyanov soyadlı bir tatar yazarının kitabından bəhs edib və Vladimir İliçə Ulyanovların türk-tatar nəsəbini xatırladıb: "Mən ona Ulyanov ismində birisinin keçən XIX yüzil ortalarında Kazan vilayəti rus olmayan qövmlərin və çuvaşların etnoqrafiyasına aid nəşr etdiyi bir əsəri göstərdim. Bu əsərdən bu müəllifin tatarca, çuvaşca bildiyi anlaşılırdı. Mən Lenindən, "Bu müəllif Ulyanov, yoxsa sizin əqrəbanızmı? Yoxsa sizin əslinizdə tatarlıq və ya çuvaşlıqmı var?" – deyə sordum. Lenin də özünün mənşəyi məsələsi ilə heç məşğul olmadığını və kitabın müəllifini araşdıracağını, çünki öz nəslindən bir zatın belə bir elmi əsər nəşr etmiş olduğunu heç eşitmədiyini söylədi".

Biri "Nə mutlu, türkəm deyənə" söyləmişdi. Digəri "özünün mənşəyi məsələsi ilə heç məşğul olmadığını" deyirdi...

17 noyabr2005-ci il tarixli "Ədəbiyyat qəzeti"ndə çap olunmuş "Birinci Türkoloji Qurultay" məqaləmdə yazmışdım: "Türkoloji Qurultayın bu gün çoxlarımıza bəlli olmayan siyasi gizlincləri də vardı. Türklərin latın qrafikasına keçməsi Moskvada hətta Lenini qayğılandırırdı. Ağamalıoğlu ilə söhbətində Mərkəzi İcraiyyə Komitəsi sədrinin ərəb yazı sistemindən latın qrafikasına keçidin zəruriliyi barədə fikirlərini dinləyən Lenin: "Bəs kəndlilər bu işə necə yanaşır?" – deyə soruşmuşdu. Ağamalıoğlu isə cavab vermişdi: "Kəndlilər bu işə yaxşı münasibət bəsləyir". (Türkoloji Qurultayın onuncu iclasında Şərəf Qalımcan "Kəndlilər bu işə yaxşı yanaşır" deyən Ağamalıoğlu özü bu məsələyə tərəddüdlə yanaşmırmı?" – deyə soruşurdu)." İndi 20 il əvvəl yazdığım həmin yazıdan gətirdiyim bu sitatda nələr yoxdur? Ağamalıoğlu ilə Lenin arasında dialoqun elə Ağamalıoğlunun sədrlik etdiyi iclasda Şərəf Qalimcan tərəfindən xatırlanması. Burda  nəinki sujet xətti, nəinki monoloqlar, hətta konfliktlər də, dialoqlar da cazibədardır...

 

***

 

Türkologiya prosesdir... Yüz ildən sonra da proses davam edir...

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.