“Hər səhər oyanıram, güzgüdə görürəm…” Featured

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Bu dəfə sevimli oxucularımın qarşısında müsahibə ilə deyil, iki yeni şeirimlə dayanmışam. Ümidliyəm ki, onlar bəyəniləcəkdir.

 

 

ƏBƏDIYYƏT IBTIDASI

 

Mən öldüm —

amma heç kimin hiss etmədiyi yerdə.

Bədənim diri qaldı,

öz içimə isə dəfn edildim.

O vaxtdan bəri

hər səhər oyanıram,

güzgüdə görürəm ölü əksimi.

 

Ağactək kəsildim,

dağtək yıxıldım.

Sonsuzluğun sonsuz sərhədində

mən qum idim -

ədəbi səhraya sovruldum.

 

Mən su idim —

axıb gedərək

çayıma qoşula bilmədim,

dəniz olub coşa bilmədim.

Başqa dünya adamı idim,

dünyama qovuşa bilmədim.

 

Mən dəfələrlə öldüm:

hər bir xəyanətdə,

hər bir zülmdə,

hər bir sükutda.

Amma yenə dirildim -

İlahi ədalətdə,

uca sevgidə.

 

Göyü qaldırdım ürəyim,

çiyinlərimlə -

ona görə

bükülmüşəm.

Mən Allahı axtarmadım.

Mən Ondan qaçmadım da.

Mən yalnız

içimdəki boşluğu,

EŞQİ dinlədim.

 

Boşluq deyil,

— müqəddəs çağırış idi.

Onun adı — əbədi həyat!

Ona görə mən indi

cavab vermirəm.

Mən yanıram.

Yanmaq isə -

ən saf ibadət.

Və əgər bir gün

mən büsbütün kül olsam,

bilin:

bu son deyil.

Əbədi ibtidanın

başlanğıcıdır!

                  05.02.2026

 

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

 

 

SÜKUTA HOPMUŞ ÜRƏK

 

Qəlbimi sükut sarıb,

Mən artıq danışmıram.

Öz-özümə parçalanıram,

Gözlərimdən səbr axır,

Bu göz yaşı deyil,

 Ürəyimin  axan  qanıdır.

 

Heç qışqırmadım.

Qışqırmaq acizliyin dilidir.

Mən sükutu seçdim-

Məni yeyib bitirdi.

 

İçimdə kimsə qalmadı,

İçimdəki mənim dirildi.

Əyilsəm də sınmadım.

Ağrılarım çoxaldı,

Qəlbimdə tufanlar qopdu,

Ahım şumşək kimi

göyləri yardı.

 

Yalanlarla yaşamadım.

Vicdanım yol vermədi.

Dünya yalançı  olsa  da,

Doğru yaşamaq istədim.

 

Daha az hiss edib,

az düşünsəydim,

Çox az inansaydım,

bəlkə də asan yaşardım.

Amma mən asan yaşamaqçün doğulmamışam.

 

Azərbaycan dilinə uyğunlaşdıran: Cahangir Namazov

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.