
Super User
Sizifmi, Prometeymi, Orfeymi, Meduzamı? BƏLKƏ ELƏ SƏN ÖZÜN?
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bəziləri deyir, miflər uydurmadır. Əfsanədir. Nağıldır. Uşaqlıqda gecələr qorxub işığı söndürməyənlərin beyinlərinin məhsuludur. Amma onlar yanılır. Çünki miflər sadəcə qədim insanların Tanrılardan qorxaraq danışdığı hekayələr deyildi. Onlar insanın özünə yazdığı etiraflardır. Elə etiraflar ki, yalanı bu qədər inandırıcı, ağrını bu qədər poetik, üsyanı bu qədər estetik göstərən başqa heç nə olmayıb tarixdə.
Bu yazıda sənə tarix dərsi keçilməyəcək, dostum. Nə də tanrılar aləminin bioqrafiyası oxutdurulmayacaq. Burada danışılacaq olan, sənsən. Sənin içindəki Sizif, qırılmış qanadlı İkar, aynanın içinə düşüb boğulan Narkis, ciyərsiz qalan Prometey, gözlərilə daş kəsən Meduza və heç vaxt dinlənməyən Orfey. Sənə deməyəcəm ki, nələr olub, sənə sadəcə hiss etdirəcəm ki, nələr hələ də baş verir. Çünki miflər keçmişdə deyil, bu gün səhər yuxudan qalxdığın anda yenidən doğulur.
Bəzən bir mif oxuyursan, amma əslində öz həyatını görərsən. Yazılan hər mifin ortasında sən varsan. Elə sən, bu gün səhər gecikdiyi üçün avtobusa qaçan, sevgilisi üçün hər gün “keçəcək” yalanını özünə pıçıldayan, sabah nə olacağını bilmədən yaşamağa məcbur buraxılmış insan.
Sən elə bilirsən, bu miflər keçmişə aiddir? Qədim Yunanıstanın qırıq sütunlarına, tanrı heykəllərinə, ney səsi eşidilən boş məbədlərə aiddir? Yox. Bu miflər öz yerini çoxdan dəyişib. Onlar indi metroda çantasına sarılıb ağlayan qızın gözündədir. Sən ofisdə monitora baxıb “hər şey qaydasındadır” deyəndə, içində Sizifin daşı yerindən tərpənmir. Bu miflər indi smartfondakı mesajlara "görüldü" atıb cavab verməyənlərlə yaşanır. Prometey indi az maaşa, gecə-gündüz işləyib ailəsini saxlayan atadır. İkar, ilk fürsətdə ölkədən getmək istəyən gəncdir, amma pasportunun vərəqləri boşdur. Orfey? Keçmiş sevgilisinin profillərinə baxan, amma yazmağa cəsarət etməyən hər kəs Orfeydir indi.
Biz mifləri yaşayıb, sonra onlardan qaçan insanlarıq. Qəhrəmanlar ölmədi. Sadəcə iş tapdılar. Kredit götürdülər. Tənhalaşdılar. Biz indi tanrısız miflərik. Və bəlkə də bu daha dəhşətlidir. İnsan qədimdən bəri tanrıların süfrəsində oturmaq istəyirdi. Amma indi... indi biz o süfrəyə yemək daşıyırıq. Biz tanrılardan çox əzab çəkirik, amma hələ də adımız "ölümlü"dür. Axı bu qədər yükü daşıyan bəndə necə hələ də bəndə ola bilər?
Yox, bizə yazılmış nağıl deyil bu. Biz özümüzü yazmışıq. Hər dəfə üsyan edəndə, hər dəfə inadla yaşamağa davam edəndə bir mif daha doğulur. Biz mifləri təkrar yaşamırıq. Biz onları yenidən yaradırıq. Daha qaranlıq, daha gerçək, daha çox ağrılı şəkildə. Çünki insan, artıq tanrıların oyuncaq kuklası deyil. O, öz mifinin yazarıdır. Və bu dəfə qələmi heç kim əlindən ala bilməyəcək.
Əgər daş yuxarı çıxırsa, demək ki, hələ təslim olmamışıq... Sizif, o məşhur, məlum adam. Guya tanrılar cəzalandırıb onu. Guya günahı vardı. Guya daşı dağa daşımaq əbədi işgəncədir. Amma bir dəqiqə… Kim dedi ki, bu cəza idi? Bəlkə bu, bir imtiyaz idi. Bəlkə bu, insana verilən yeganə tanrısal şərəf idi. Hər gün yıxılıb yenidən başlamaq.
Sizifin cəhənnəmi onun inadında gizlidir. O hər səhər yuxudan oyanır və həmin daşla qarşılaşır. Tanrılar onun ruhunu əzmək istəyiblər, amma bir şeyi unudublar: İnsan əzildikcə daha inadkar olur. Daş ağırdı? Əlbəttə. Amma onun mənası daha ağırdır. Bu, “yenə də qalxacağam” deməyin fiziki ifadəsidir.
İndi bir az geri çəkilib bax. Səncə Sizif qədim bir mifik obrazdır? Yox. Sizif bu gün bizim içimizdə yaşayır. O, təkrar-təkrar özünü bəyənmədiyi həyatına oyadan adamdır. O, artıq 100 dəfə rədd cavabı almış, amma 101-ci dəfə müraciət etməyə cəsarəti qalan gəncdir. O, hər dəfə başa düşür ki, daş yenə düşəcək. Amma buna baxmayaraq, daşı yenidən qaldıran adamdır. Cəmiyyət onu axmaq adlandırır. “Əgər bu iş alınmırsa, niyə davam edirsən?” deyə soruşurlar. Sanki uğur, yalnız nəticədən ibarətdir. Sanki müqavimət göstərmək, nəticə çıxmasa belə, mənasızdır. Amma Sizif bu saxta sualları çoxdan yandırıb. O bilir ki, məsələ daşı dağın başına çıxarmaqda deyil. Məsələ, daşı buraxmamaqdadır. Axı gör nə qədər absurddur, eyni işin içində mənanı tapmağa çalışmağımız. Amma elə bu absurda qarşı üsyan, insanın əsl varlıq savaşıdır. Ölü yazarlardan birinin dediyi kimi: “Biz Sizifi xoşbəxt təsəvvür etməliyik.” Çünki o, məğlub olduğu halda belə, öz işini seçib. Əbədi məhkumdur, amma heç vaxt boyun əyməyib. Və bu, insan olmaq deməkdir.
Bəlkə də bu dövrdə Sizif olmaq bir üsyan formasıdır. Tək qalmaq, amma davam etmək. Yorulmaq, amma dayanmaq əvəzinə, yenidən başlamaq. Çünki bəzən yaşamaq, sadəcə nəfəs almaq deyil, ayaqda qalmağın özü başqaldırıdır.
Amma bəziləri üçün işıq, hədiyyədir. Bəziləri üçün isə, cəza. İndiysə Promoteydən danışacam. Prometey od oğurladı. Yox, sadəcə bir alov parçası yox... O, idarə etmək istəyən tanrılardan azadlıq oğurladı. İnsanlara bilməməli olduqları bir şeyi, öz talelərini dəyişmək hüququnu verdi. Və qarşılığında hər gün qara ciyərini didən bir qartala döndü həyat. Bədəni yenidən bərpa olunur, amma əzab qalır. Tanrılar çox şeydən qorxur. Amma ən çox bilən və inadkar insandan qorxur.
Biz Prometeyi sevirik, çünki o, bizi özümüzə qaytardı. Amma onun lənətini də daşıyırıq. O gündən bəri hər kəs öz Prometeyliyini yaşayır. Hər kim azadlıq istəyirsə, hər kim bir az həqiqət deməyə cəhd edirsə, qarşılığında qan ödəyir. Bu gün Prometey universitetdə dərs deyib, gecələr taksi sürən müəllimdir. O, sistemin içində sistemə qarşı susmamağı seçən yazardır. O, həyatını başqaları üçün yandıran analardır. Elə insanlardır ki, boyun əymək əvəzinə, qamətini düz saxlayıb, öz içindəki tanrını danışdırırlar. Amma bu, ucuz başa gəlmir. Əvəzində həm sistem səni əzir, həm xalq susur. Prometeyin ən əzablı taleyi, od verdiyi insanların onun yanmasına göz yummasıdır.
Çünki əslində hamı işıq istəyir, amma çox az adam onun kimin yandığını soruşur. Hər kəs bir “qəhrəman” gözləyir. Amma qəhrəman olmaq, gözlənilməz faciədir. Prometey həqiqəti gətirdi, amma qarşılığında unuduldu. O, Tanrıların düşməni oldu, insanların isə... günahsız qurbanı.
Sən bəlkə də bir gün bu cəmiyyətə nəsə vermək istədin. Dürüstlük. Ədalət. Hətta sevgi. Amma sonra hiss etdin ki, bu dünya Prometeyləri sevmir. Onlar işıqdan qorxurlar. Onlar istəyir ki, hər kəs qaranlıqda eyni görünsün. İşıq yandıqda fərqlər bəlli olur. Və insan, ən çox fərqli olandan qorxur.
Prometey hələ də yaşayır dostum. O, hər səhər yorğun halda işə gedib, yenə də başqalarına ümid verən insandır. O, sevgilisinin şübhələrinə baxmayaraq, hələ də sevginin varlığına inanan biridir. O, əzab çəkə-çəkə, başqalarının içində işıq yandırmaqdan çəkinməyən əsl insandır. Və bu cəhənnəm, ona çox yaraşır. Çünki Prometey, odla cəzalandırılan, amma odun özü olan adamdır.
Və bir də Orfey var.. Orfey sevdi. O qədər sevdi ki, ölüm belə onun sevgisinə qapı aça bilmədi. O, təkcə mahnı oxumadı, canınla ruhu çaşdıracaq qədər əzablı bir mahnıya həyat verdi. Yeraltı dünyanı ağlatdı. Hades susdu. Persefona gözlərini yumdu. Bu sevgi bir dəfə yox, min dəfə ölməyə dəyərdi. Amma bir şərtlə.. Gərək geriyə baxmasın..
Və o da baxdı..
Çünki insan, sadəcə irəliləyən bir varlıq deyil. İnsan, keçmişinə baxan bir varlıqdır. Orfeyə o bircə anlıq zəiflik baha başa gəldi. Yuxusuz gecələrin, göz yaşlarının, boğazda qalan sözlərin timsalı olan Evridikanı bircə baxışla itirdi. Əslində isə öz içindəki ümidi itirdi. Çünki sevgi, sadəcə bir hiss deyil. Sevgi, bir ehtimalın özüdür. Və Orfey, o ehtimalı gözləri ilə öldürdü.
Bu mif bəlkə də o qədər də qədim deyil. Bu gün də bir çox insan Orfeydir. Kiminsə ardınca yeraltına enən, içindəki Evridikanı xilas etməyə çalışan. Amma həyatın oyunları sərtdir. Bəzən nə qədər çalışsan da, bircə anlıq tərəddüd hər şeyi alt-üst edir. Və sən artıq bilirsən ki, sevgilər bir anlıq baxış qədər qırılğandır.
Orfeyin günahı nə idi? Sevgi? Cəsarət? Yoxsa, ümid? Bəlkə o sadəcə insan idi. Geri baxmaq, bəlkə də ən insani refleksdir. Biz bəzən irəliləmək üçün yox, keçmişin “bəlkə”sində ilişib qalmaq üçün yaşayırıq. Və hər “bəlkə”, yeni bir cəhənnəm açar.
Orfey bu gün sevib də unuda bilməyən insandır. Sevgilisi dönər deyə pəncərə önündə siqaret çəkən biridir. Əlindən buraxdığı o bir nəfəri, həyat boyu içində daşıyan biridir. Bəlkə də artıq həyatındadır, amma həmin saf halıyla bir də geri gəlməyəcək. Bax bu, əsl cəzadır. Və həyatın ən böyük ironiyası da budur. Sən artıq bilirsən ki, o geriyə baxışdan sonra heç nə əvvəlki kimi olmayacaq... Amma baxmamaq da bacarılmaz. Çünki sevgi, bir göz çevirməlik hissdir. Əbədi görünən bircə zəiflikdə bitə bilən hiss. Orfeyin lənəti, əslində hamımızın taleyidir. Bir gözlə sevmək, o biri göz ilə əbədi axtarmaq
Məhəbbət tək şəxslərə olmur. Özümüzə də məhəbbətimiz bəzən bizi öldürür.. Narkis suya baxdı. Amma orda nə su vardı, nə də bir başqasının üzü. O, sadəcə özünün bəlkə heç tanımadığı bir halına heyran oldu. Həmin baxışda nə eqo vardı, nə təkəbbür. Orda bir az sevgi, bir az tənhalıq, bir az da özünü tapmaq ümidi vardı. Amma bu, bir fəlakətə çevrildi. Çünki insan özünə çox baxanda ya dəli olur, ya da yalnız. Narkis də baxdı, baxdı, baxdı... Və baxışın içinə düşdü. Onu nə kimsə tərk etmişdi, nə də kimsə ona xəyanət etmişdi. O, sadəcə özündə itib getmişdi.
Bugünün Narkisi, çox uzaqda deyil. Bu gün o, “məni heç kim başa düşmür” deyən biridir. O, başqalarının sevgisini qəbul edə bilməyən biridir. Hər şeyi analiz edib, heç nə hiss etməyən biridir. Çünki o bir vaxtlar çox hiss edib, qarşılığını ala bilməyib. Və indi hisslərini özü üçün gizlədib. Güzgü kimi. Narkis, əslində sevgi axtardı. Amma bu sevgi ona deyil, onun əksi olan bir varlığa aid idi. Sevgi görmək istədiyimiz obrazdır bəzən.. İnsan özünü görəndə, sevdiyi insanın içindəki özünü tanıyır. Narkis bu özünü sevməyə başladı, amma başqasına deyə bilmədi. Və susdu... çünki nə deyəcəyini özü də bilmirdi.
Narkisin ölümü fiziki deyildi. O, qıraqda qaldığı dünyanın içində boğulmadı. O, öz qaranlığında, öz “mən”ində boğuldu. Sakit, tərpənmədən. Elə hey ümidlə baxaraq. Bu, bizim də sonumuz ola bilər. Bəzən elə olur ki, kimsə bizi sevir. Biz isə öz içimizdəki əksi sevirik. Bizi sevənləri görmürük, çünki özümüzə baxmaqdan gözümüz doymur. Bəzən də özümüzə nifrət edirik, amma elə dərin baxırıq ki, nifrət də sevgiyə çevrilir. Və bu ikisinin arasındakı sərhəd, ölümcül dərəcədə nazikdir.
Narkis, sadəcə bir varlıq deyildi. O, insanlığın tək qalmaq qorxusu idi. Və bu qorxunu gizlətmək üçün özünə baxan, baxdıqca içindən keçən biri. O, bir güldür indi. Nə qədər gözəldirsə, o qədər kimsəsiz. Və hər bahar açanda, suya boylanar... amma su çoxdan quruyub
Onlar qaçırdılar, dostum. Ata və oğul. Labirintin içindən, həyatın qarmaqarışıq zindanlarından. Qaçdıqları sadəcə düşmən deyildi, taleləriydi. Daidalos planladı, İkarus uçdu. Və o uçuş, insanın öz arzularına, azadlığına olan inamının ən kəskin metaforasıydı. Onu heç nə dayandıra bilmədi. Nə atanın qorxulu baxışları, nə “çox yüksəlmə, çox da enmə” deyə deyinən səsi. İkarus dinləmədi. Çünki o, dinləmək üçün doğulmamışdı. O, səmaya baxmaqla başlayan uşaq idi. Və göyü görən insan, artıq yerə qayıda bilmir.
Bu mif sadəcə günəşə uçmaq deyil. Bu, öz limitlərini sınağa çəkməkdir. Bəzən insan ruhunun öz bədənini aşa bilmə cəhdidir. Amma hər yüksəliş, yanmaq riskini daşıyır. Və bu risk, İkarusa görə dəyərliydi. O, düşəcəyini bilə-bilə uçdu. Çünki uçmamaq, yaşamaq deyil.
İkarus bu gün hər şeyi buraxıb “gedim” deyən adamdır. Və getdikcə yanacağını bilən, amma yenə də ayaq saxlamayan biridir. Bəlkə də cəmiyyətin “olmaz” dediklərinə qarşı “niyə də yox?” deyən təkidkar bir nəfərdir. Məğlub olacağını bilə-bilə, sınayır. Çünki məğlub olmaq, heç yoxdan üstündür.
Günəş onu yandırmadı. Onu öldürən, onun inancı idi. Çox inanmaq, çox istəmək, çox yüksəlmək. İnsan öz inamına da bəzən qurban gedə bilər. Və bu, ən gözəl ölümdür, çünki bu ölüm insanı içindəki əjdahaya çevirir. Yəni bu mifin qəhrəmanı ölmədi, əfsanəyə çevrildi.
İkarus, həmişə yuxarı baxanlardır. Ayaqları yerdə, ruhu göydə olanlardır. Yuxuları reallığa sığmayan, reallığı da bir qəfəs sayanlardır. Onlar bilirlər ki, yerdə qalmaq, təhlükəsizdir. Amma təhlükəsizlik, ruhsuzluqdur. Və ruhu yanan bir varlıq, bədənini yandırmaqdan qorxmaz. Onun yerə çırpılması, əslində bizim hər gün həyatla toqquşduğumuz anlardır. Hər dəfə bir xəyal sınanda, bir az daha yerə yaxınlaşırıq. Amma içimizdə hələ də bir az İkarus qalır, uça biləcəyimizə inanan, və uçuşun dəyərini düşünən o azğın hiss.
Bəziləri səmaya baxıb susar. Bəziləri isə səmaya baxıb qanad düzəldər. İkarus ikinci qrupdaydı. Və o yandı. Amma heç vaxt yerə məhkum olmadı.
Və bu miflərin ən gözəli var. Meduza..
Meduza əvvəllər gözəl idi. Onun gözəlliyi tanrıların belə paxıllığını çəkəcək qədər ucalıqda idi. Amma bu gözəllik, onun lənəti oldu. Poseydon gəldi və o müqəddəs məbədin içində, Atenanın qoruyucu divarları altında, Meduzanın bütün qadınlığı tapdalandı. Bəli, bu bir zorakılıq idi. Amma mif onu belə açıq demir. Çünki həmişə olduğu kimi, zülmü edən yox, onu yaşayan cəzalandırıldı. Atena onu qorumaq əvəzinə, onu canavara çevirdi. Saçlarına ilanlar dolandı, gözlərinə isə daş edən nifrət. Çünki qadın ağladıqda cəmiyyət qulaq asmaz. Amma o qadın qışqıranda, dişlərini göstərib qəzəbləndikdə, onu “dəli”, “şeytan”, “məxluq” adlandırar.
Meduza qurban deyildi artıq. O, qurbanlıqdan qurtulub öz lənətinə çevrilmiş bir qəhrəmandır. Cəmiyyət onu gözəlliyi ilə yox, qorxusu ilə tanıdı. O, insanların çevrilmək istəmədiyi şeyə çevrildi. Amma məsələ burasındadır ki, heç kim onun gözlərinə baxmaq istəmədi. Çünki orada əks olunan, onların özüdür. Öz çirkinlikləri, ikiüzlülükləri, qorxaqlıqları. Meduza, susdurulmuş qadının qəzəbidir. O, boyun əyməyənlərin simvoludur. Onun hər baxışı, özünü güclü sayan kişilərin sarsaq inamını daşlaşdırırdı. Çünki bu dünyada qadın ya itaətkar olmalıdır, ya da daş etməli baxışlarıyla yox edilməlidir. Onun saçlarındakı ilanlar, əslində qorunma instinktidir. Diqqətlə baxsan, onların zəhəri qadını qoruyan qürurdur.
Meduza öldürüldü, dostum. Persiyus gəldi, aynadan istifadə etdi. Gözlərinə birbaşa baxmağa belə cəsarət etmədi. Çünki hər zaman haqsızlıq edənlər, haqqla üz-üzə durmaqdan qorxar. Qorxularını qəhrəmanlıq adı ilə gizlədər, qətli mübarizə kimi təqdim edərlər. Bu gün biz yenə də Meduzaları yandırırıq. Əxlaq maskası taxıb onları damğalayırıq. Amma hər Meduza, bir Poseydon zorakılığından sonra doğulur. Hər daş heykəl, bir qadının səssiz fəryadına çevrilir. Və bu mif bizə göstərir ki, bəzən canavara çevrilmək, özünü qorumağın yeganə yoludur.
Meduza, məhv olmayan qadınlıqdır dostum. Qəzəblə müqəddəsləşmiş, zülmlə sərtləşmiş, öz qaranlığını öz gücünə çevirmiş bir yandır. Baxmağa cəsarətin yoxdursa deməli, sən də bir Poseydonsan.
İnsan isə.. İnsan dostum, Sizifin öz qayasına aşiq olmuş versiyasıdır. Hər səhər təzədən o daşla birlikdə oyanar, özünü motivasiya kitablarından alıntılarla aldadar, “bu dəfə alınacaq” deyə diyirlənər. Daşı təpəyə çıxarmaz, amma buna görə bir də özünü təbrik edər. Sən demə, mübarizə özüdür xoşbəxtlik. Eləmi? Görəsən, bu cümləni Sizif eşitsəydi, qayasını yerə qoyub başını divara çırpardımı?
İnsan, Prometeydir. Hər dəfə bir az “işıq” tapar, bir az “həqiqət” daşıyar, sonra cəmiyyət tərəfindən linç olunar. Hər dövrdə bir qartal peyda olar, sosial mediada, ailədə, küçədə. Gələrlər və səni didərlər. Çünki sən düşündün. Sən fərqli dedin. Sən yandın, onlar isə isinmədilər. Sonra da “biz demişdik” deyib üstünə torpaq atdılar. Amma onlar anlamadılar. Prometeyin ciyəri yeyildikcə ruhunun böyüdüyünü anlamadılar.
İnsan, Orfeydir dostum.. Ən çox sevdiyini xilas etməyə gedib, bir dəfə arxaya baxmaqla onu itirən. Çünki insan, sevdiklərini çox sevir. Dözə bilmir. O bircə “baxış” üçün, o bircə “əmin olum” istəyi üçün bütün ümidi riskə atar. Amma bu cəmiyyət səni sınağa çəkər, sevginin gözü açıq olsun istəyər. Göz açsan, itirərsən. Göz yumsan, əzilərsən.
İnsan, Narkisdir. Özünə baxar, özünü sevməz. Amma başqalarının gözündəki əksini sevməyə məcburdur. Bir “like” üçün yaşayar, bir “bəyənildin” mesajı üçün nəfəs alar. Öz suyunun dərinliyində boğular, amma görüntüsü parlayar. Özünü tanımaz, amma öz versiyasını satmaqda ustadır. Bəli, insan, təkamül etmiş yalançıdır.
İnsan, İkarusdur. Uçmağı arzulayar, amma qanadlarını atasının diktəsinə görə tikər. Yüksəlmək istər, amma sistemin verdiyi mumla. Günəşi görər, bədənini qızdırar, ruhunu yandırar, mumunu isə əridər. Və sonra hər yerə səpələnmiş qırıq lələk kimi unudular. İnsan öz arzularının cəlladıdır. Qanadlı intihardır insan..
İnsan, Meduzadır. Başına ilanlar dolanıb, çünki artıq heç kimə arxasını çevirə bilməz. Baxışlarıyla öldürər, çünki dillə danışsa, yenə başa düşülməyəcək. Həmişə ya cazibədar olmalıdır, ya da təhlükəli. Əgər heç birinə uyğun deyilsə, görünməz. Onun hekayəsi yazılmaz, şəkli çəkilməz. İnsan, ən çox da qadın olduğunda əvvəlcə sevilər, sonra qorxuların hədəfi olar.
Və bütün bu obrazların ortasında İnsan, özünü Tanrı sayar. Öz qərarlarını mütləq sayar, öz səhvlərini isə başqasının günahı kimi yozar. Onun zəiflikləri “insani”, başqasınınkı isə “qüsur” adlanar. Çünki insan, əxlaqi ikili standartların baş memarıdır. Elə bir varlıqdır ki, həm zərrəcik olub dünyaya təsir etdiyini düşünər, həm də kainatın ona borclu olduğunu iddia edər. İnsan, bir mifin içində yaşayıb, onu qəbul etməz dostum. O, hər şeyi izah etmək istəyər, amma özünü anlamaz. O, tarixin bir səhifəsində tanrılarla qürurlanıb, növbəti səhifəsində ilan çuxuruna çevrilər. Və ən böyük yalanı odur ki, özünə heç vaxt “canavar” deməz.
İnsan, həm Sizifin daşını daşıyar, həm də başqasının daşını onun üstünə atan olar. Həm Prometey kimi yanan, həm də Prometeyi qınayan. Həm Orfey kimi sevən, həm də Orfeyə “axmaq” deyən. Həm Narkis kimi aynaya baxan, həm də aynanı sındıran. Həm Meduza kimi susan, həm də Meduzanı öldürən.
İnsan, bütün miflərin birləşdiyi mərkəzdir. Həm hekayədir, həm hekayəni yandırandır. Həm lənətdir, həm də dua...
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
Şəhidlər barədə şeirlər – ORXAN RƏHİMLİ
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Orxan Rəhimliyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
ORXAN RƏŞİD OĞLU RƏHİMLİ
(28.04.1994.-16.10.2020.)
Oğuz rayonunun Xaçmaz kəndindən olan, Mirzə Fətəli Axundov adına Xaçmaz kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
Şəhid olduğu yer: Şuşa rayonu.
Dəfn yeri: Oğuz rayonunun Xaçmaz kəndinin Şəhidlər Xiyabanı.
ÜRƏKLƏRDƏ SEVGİ GÜLÜTƏK BİTDİ
“Qarabağsız bu həyat hamımıza məhbəsdi,
Qarabağ arzulardı, yaşamağa həvəsdi,
Səbrin də bir həddi var, səbr etdik, daha bəsdi,
-Qarabağı özümüz azad eyləməliyik.
ADNSU-nu bitirib mühəndis olsam da mən,
Heç sevinə bilmirəm, axı dardadır Vətən,
Vətən nədir?-anlamaz, hər nadan, yoldan ötən,
-Qarabağı özümüz azad eyləməliyik.
Bu yurdun oğlu deyil, qandan, ölümdən qorxan,
İstər dağ-dərə olsun, istərsə dərin yarğan,
Dostlarla söhbətində belə deyirdi Orxan,
-Qarabağı özümüz azad eyləməliyik.”
Orxan böyük inamla sarılaraq silaha,
“Ya Qarabağ, ya ölüm, başqa yol yoxdur daha”,
Döyüşdü qəhramantək, inam ilə Allaha,
-Qarabağı özümüz azad eyləməliyik.
Yağılara nifrəti sel kimi aşıb daşdı,
Mərdliklə Füzulidə, Cəbrayılda savaşdı,
Şuşada uca ada-şəhidliyə qovuşdu,
Ürəklərdə solmayan sevgi gülütək bitdi,
Qarabağı bir yolluq Orxangil azad etdi.
Doğulmuşdu Oğuzun gözəl Xaçmaz kəndində,
Ayaq izləri qalıb bərəsində, bəndində,
Daim xatırlanacaq Vətənin hər yerində,
Ürəklərdə təzə-tər sevgi gülütək bitdi,
Qarabağı bir yolluq Orxangil azad etdi.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
“Sənətkar ilk növbədə öz ölkəsində tanınmalı, qiymətləndirilməlidir” – MÜSAHİBƏ
Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə Türk mədəniyyəti ünlülərini Azərbaycanda tanıdaq layihəsində bu dəfəki həmsöhbətimiz Özbəkistanın xalq artisti, Özbəkistan Respublikasının rəssamı, professor Ortiqali Qazokovdur.
Söhbətimiz təsviri sənətin əsrarəngiz və sehrli dünyasından, rəssamla təbiətin münasibətindən, rənglərdəki həyatdan, onların yaradıcılığı və uşaqlıq illərindən gedirdi.
— Şair və yazıçılar dünyanı sözlərin parlaqlığı ilə ifadə edirlərsə, fırça ustaları onu rənglərlə təsvir edirlər. Həyatı hansı rənglərdə təsəvvür edirsiniz?
—Təbii ki, rənglər fırça ustalarının alətləridir. Bu baxımdan dünyadakı rəngləri hiss etmək, onların təkrarolunmaz mahiyyətini dərk etmək əsl möcüzədir.
Çünki rəngləri sözlə və ya başqa bir şeylə təsvir etmək olmaz. Rəngin bənzərsiz keyfiyyətləri ürək və ruh vasitəsilə həyata keçirilir.
Sənətkarın həyatında rənglər müəyyən müddətə öz həyatını yaşayır desəm, yanılmaram.
Yaradıcılıq aləminə ilk dəfə qədəm qoyanda: yaşıl və mavi rənglərdən əsərlər yaratdım, sonralar onların yerini qırmızı, bənövşəyi, sarı rənglər aldı. Bu gün həyatı parlaq rənglərdə görməyə çalışıram.
Bir çox ölkələrdə olduğum üçün şahidi ola bilərəm ki, hər ölkənin öz rəngləri var.
Əsas rənglərim ağ və sari - qızılıdır, həyatımı və real təsəvvürümü təmsil edir.
—Sizcə, əsl sənətkar necə olmalıdır?
Öz üzərində işləyən, axtaran, varlığı daim müşahidə edən, dərin fəlsəfə, yaradıcılıq hissi, oyanıq gözlə, oyaq qəlbli insan yeni bir şey yaratmaq həvəsi və həzzi ilə məşğul olmalıdır!
—Sizcə, rəssam üçün ən vacib amillər hansılardır?
—Təkcərəssam üçün deyil, hər bir insan üçün hər andan səmərəli istifadə etmək, onun qədrini bilmək, yaradıcılıq üçün ayrılmış məqamlarda yeni əsərlər yaratmaq, daim çalışmaq lazımdır.
Konkret məqsəd və prinsiplərə bağlılıq da onun əsas amillərindəndir...
— Ən çox vaxt aparan sənət əsəriniz hansıdır və bu nə qədər vaxt aparıb?
— Bədii əsərin yaradılması müxtəlif zamanlar tələb edir. Bəziləri illər alır, bəziləri isə anlarda olur. Bu baxımdan 1990-cı ildə anadan olan “Külfət Xıkırğı” əsərimi ərsəyə gətirmək üçün 4 il vaxt lazım olub...
Düşünürəm ki, bəzi sənət əsərləri uzunmüddətli perspektivdə işləyir. Həllini son dəqiqəyə çatanda tapır.
— İlk çəkdiyiniz şəkli xatırlayırsınız?
— İlk rəsmlərimi çox yaxşı xatırlayıram. Mən 6-7-ci siniflərdə oxuyanda güllər, təbiət mənzərələri, kəndimizin akvarellə çəkilmiş küçələri, anamın portretləri vardı. 1978-ci ildə “Gülxan” jurnalına şəkillərimi göndərəndə bir il xəbər almadan çox depressiyaya düşdüm, çəkə bilmədim. O vaxt jurnalda Özbəkistanın xalq artisti Çingiz Axmarovun “ağ yol”u ilə dərc olunan şəkillərim həyatımda böyük dönüş yaratdı. Uşaqlıq insanı əsl yaradıcılıq aləminə gətirən, həyatını gələcəklə bağlayan qızıl dövrdür.
—Hər bir uğurun arxasında zəhmət, təhsil və təbii ki, valideyn qayğısı dayanır. Bugünkü nəticələrin əldə edilməsində valideynlərinizin rolu nədir?
— Sənət aləminə qədəm qoyanda mənə hər tərəfdən dəstək olan, rəsm çəkməyə həvəsləndirən insan atam olub. Hər dəfə Pop rayonunun mərkəzi bazarındakı məktəb dərslikləri mağazasından mənə məşhur rəssamların əsərlərinin plakatlarını gətirəndə onlara baxır, şəkillərə heyran qalırdım. Gözəlliyinə görə bunun rəsm olmadığını düşündüm (gülür).
Rəssamlığa marağımı görən atam rəngli karandaşlar, akvarellər, boyalar, kağızlar gətirib hər cür şərait yaratdı. Qardaşımın və əmimin evlərindəki divarlara naxışlar, çiçəklər çəkdiyimi dünənki kimi xatırlayıram...
Yaradarkən, təbii ki, həvəsə və diqqətə ehtiyacınız var!
Əgər sizin yaradıcılığınızla heç kim maraqlanmasa, onlara məhəl qoyulmasa, artım olmayacaq. Diqqət, etiraflar yaradıcının özünə inamını və yaradıcılıq sevincini oyadır.
Sənətkar ilk növbədə öz ölkəsində tanınmalı, qiymətləndirilməlidir.
Beynəlxalq yarışlarda mükafatlarımız titullarımızla deyil, yaradıcılığımızla qiymətləndirilir.
— Sizin üçün təsviri incəsənət, rəssamlıq, nədir?
— Bu mənim üçün həyatdır! İnsan dünyanı rənglərlə görmürsə, müşahidə etmirsə, dünya sönük və rəngsizdir.
— Özbək sənətinin nailiyyətlərindən danışsanız...
— Bu gün Özbəkistan incəsənəti çoxlu uğurlar qazanır. Bütün dünyada rəssamlarımızın yaratdığı əsərlərə böyük maraq var. Rəssamlar üçün kifayət qədər şəraitin yaradılması sənətimizin yüksəlişindən xəbər verir.
— Hansı janrı yaratmaqdan zövq alırsınız?
— Əsasən avanqard istiqamətdə yaratsam da, yaz fəslində təbiətin qoynunda mənzərələr çəkirəm, realist dünya ilə özünəməxsus təxəyyül dünyamı genişləndirirəm. Özüm üçün maraqlı rənglər, formalar və tapıntılar düzəltməyə çalışıram.
— Hər kəsin həyatında simvolik olaraq sevimli rəngləri olur. Rəssam üçün həyat hər rəngdə yaşayır. Buna münasibətiniz necədir?
—Rənglər elə bir kainatdır ki, rəssam hər rəngdə yaşayır. Hər rəngin öz simvolizmi və simvolları var. Həzrət Nəvainin qocalığı ağ rənglə, gəncliyi mavi rənglərlə müqayisə etməsində böyük hikmət gizlənir.
Məşhur ingilis rəssamı Törner ömrünün sonunda demişdir: “İşıq möcüzədir”.
—Uşaqlığınızın ən parlaq günlərini bölüşsəniz...
—Uşaqlığımla bağlı çoxlu parlaq xatirələrim var... Mən həmişə şəkil çəkməklə məşğul olmuşam. Buna bir misaldır ki, şəkillərim ilk dəfə “Gülxan” jurnalında çıxanda sevindim və hamıya göstərdim.
Sinif yoldaşlarımın şəkillərini çəkib hədiyyə edərdim, çox sevinərdilər.
—Uğurlarınızın arxasında nə dayanır?
— Çətin iş, böyük yaradıcılıq yolu yatır. Ancaq eyni zamanda, şans və xoşbəxtlik harmoniyada olacaq.
—Mənalı söhbətinizə görə təşəkkür edirik!
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
Hədəf Şirkətlər Qrupu Qarabağ Universitetinin tələbələrinə təqaüd verəcək
Hədəf Şirkətlər Qrupu Qarabağ Universitetinin tələbələrinə təqaüd ayırıb.
İyunun 2-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.
Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Hədəf Şirkətlər Qrupundan verilən məlumata görə, forum çərçivəsində fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə Təhsilin İnkişafı Fondu arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandum imzalanıb. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.
Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu da bu çağırışa müsbət cavab verən qurumlar arasındadır. Belə ki, şirkət Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq.
Təqaüd proqramının məqsədi bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərmək və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmaqdır.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
Lirik sopranonun doğum günüdür - XURAMAN QASIMOVANIN
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bədbinlər həyəcan təbili çalırlar. Deyirlər, get-gedə opera, balet, simfonik musiqi, kamera musiqisi və digər elitar incəsənət qolları Azərbaycanda süquta uğrayacaq, diringi və bozbaş mahnılar meydan suladıqca və yeganə gəlir mənbəyi bu mahnılara susamış toy biznesi olunca elitar musiqiyə heç kəs yaxın gəlməyəcək.
Azərbaycan opera müğənnisi, lirik soprano Xuraman Qasımovanın bu gün doğum günüdür. O, 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər.
Xuraman Qasımova 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistliyinə başlamışdır.
Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s.
İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977) I mükafatçısı, vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) laureatı, Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981) "Qran pri" mükafatçısıdır, eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır.
Ünlü sənətçi kinofilmlərə də çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır").
1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor), 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur.
Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
Filmoqrafiya
Gələcəyin qurucuları
Həyat bizi sınayır
Kədərimiz... Vüqarımız...
Maestro Niyazi
Mən ki gözəl deyildim
Nəğməkar torpaq
Qaraca qız
Silinməyən izlər...
Ürəkdən ürəyə
Üzeyir ömrü
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- "İstiqlal" ordeni
- "Şərəf" ordeni
- "Şöhrət" ordeni
- "Heydər Əliyevin 100 illiyi" yubiley medalı
1995-ci ildə Xuraman Qasımovanın həyatının dramatik anlarını əks etdirən “Zəng adlı” qısametrajlı sənədli film çəkilmişdir
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
“Narkomaniyaya qarşı birgə olaq” - SUMQAYITDA TƏDBİR
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıtın Tarixi Muzeyində Səməd Vurğun adına Mərkəzi Kitabxananın və Sumqayıtın Tarixi Muzeyinin birgə təşkilatçılığı, 3, 5, 14, və 25 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya qarşı birgə olaq” adlı maarifləndirici saat keçirilib.
Tədbirdə Regional sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri, narkoekspert Emil Maqalov, Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektorları polis baş leytenantı Aytac Aslanova və polis kapitanı Asudə Əliyeva, yazıçı, dramaturq Hafiz Ataxanlı iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sumqayıtın Tarixi Muzeyinin rəhbəri Namiq Əliyev açaraq qonaqları və iştirakçıları salamlayıb, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığından dedikdən sonra tədbiri idarə etmək üçün sözü baş kitabxanaçı Yeganə Hüseynovaya verib. Yeganə Hüseynova bu bəlanın dünyanı öz cənginə almasından, insanların sağlamlığına, yaşam tərzinə vurduğu zərbələrin ağırlığından bəhs edib. Yazıçı-dramaturq Hafiz Ataxanlı çıxışında belə marifləndirici tədbirlərin keçirilməsinin uşaqlara müsbət təsirindən danışıb. Tanınmış narkoekspert Emil Maqalov uşaqlarla səmimi diskussiya yaradaraq, gənclərin asudə vaxtının səmərəli təşkili, narkomaniya ilə mübarizədə başlıca çətinliklər, reabilitasiya mərkəzlərinin olmaması, zərərli vərdişlərə, narkotik maddə istifadəçiliyinə cəlb olmanın əsas səbəbləri, psixotrop maddələrin fəsadları haqqında çıxış edib. Polis əməkdaşı Aytac Aslanova isə narkomaniya ilə mübarizənin yalnız hüquq-mühafizə orqanlarının işi deyil, həm də sosial, tibbi və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacib olduğunu vurğulayıb. Mərkəzi kitabxanaını direktor müavini Natəvan Məmmədli isə yeniyetmə və gəncləri daha düzgün və uğurlu yollara yönləndirmək valideyn və müəllim tandemindən də asılı olduğunu və cəmiyyətin hər bir üzvünün bu üstiqamətdə fəal rolunun vacibliyini bildirib. Tədbir boyu şagirdlərin verdiyi suallar qonaqlar tərəfindən ətraflı cavablandırılıb.
Sonda S.Vurğun adına Mərkəzi kitabxananın hazırladığı videoçarx izlənilib.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
Şəhidlər ölməz, vətən bölünməz – Milli Qəhrəman Vəzir Sədiyevin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Birinci Qarabağ müharibəsi şəhidi Vəzir Sədiyevin bu gün doğum günüdür. O, 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur.
Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı.
Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edir. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
O, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
Muskat şəhərində Azərbaycan-Oman Dostluq konserti keçirilib
Oman Sultanlığının Muskat şəhərində keçirilən Azərbaycan-Oman Dostluq konserti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman üzrə koordinatoru Səidə Xəlilovanın təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovun və səfirliyin əməkdaşlarının, həmin ölkədə yaşayan soydaşlarımızın, eləcə də digər xalqların nümayəndələrinin qatıldığı tədbirdə ümumilikdə 300 qonaq iştirak edib.
Səfir Rəşad İsmayılov Azərbaycan və Oman arasında münasibətlərin yüksələn xətlə inkişafından danışıb. Oman Sultanlığında Azərbaycanın yeni səfirliyinin açılmasının ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağını bildirib. Belə tədbirlərin keçirilməsinin xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin həm 28 May – Müstəqillik Günü, həm də konsert münasibətilə tədbir iştirakçılarına təbriki səsləndirilib.
Oman üzrə koordinator Səidə Xəlilova konsertin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycan mədəniyyətinin və incəsənətinin Omanda tanıdılmasının ölkəmizə olan marağı artırdığını diqqətə çatdırıb.
Konsertdə Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın (“Royal Conservatory of Music and Art”) azərbaycanlı və digər xalqların nümayəndələrindən ibarət müəllim və şagird kollektivi məşhur klassik bəstəkarların əsərlərini səsləndirib. Görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Arif Məlikovun və Tofiq Quliyevin əsərlərini əcnəbi tələbələrin ifa etməsi rəğbətlə qarşılanıb.
Tədbir müddətində Azərbaycanın zəngin mədəni irsi, turizm potensialı, incəsənəti və tarixi abidələri haqqında göstərilən videoçarxlar qonaqların böyük marağına səbəb olub.
Sonda “Kral Musiqi və İncəsənət Konservatoriyası”nın şagird heyətinin 7 nəfərinə pul mükafatı, 5 nəfərinə sertifikat, digərlərinə isə hədiyyələr verilib.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
TRİBUNA Ağdamdan Zeynəb Mirzəyeva ilə
“Ədəbiyyat və incəsənət” portalının Tribuna rubrikasında bu gün söz Ağdam gənci Zeynəb Mirzəyevanındır.
Mən gəncəm! Hüquqları, məsuliyyətləri, dəyərləri, söz azadlığı olan bir gənc. Dünyadakı 2 milyarda yaxın gəncdən sadəcə biri. Dünya üzrə hər gün 1000-dən çox gənc zorakılıq, sosial ədalətsizlik, işsizlik, ya da psixoloji təzyiqlərlə mübarizə aparır...
Mən də hər bir gənc kimi həyatımın gözəl keçməsini istəyirəm. Ancaq yaşanan hadisələr tək sığortalanmağa yox, sığortalanmamış hadisələrin də üstünün örtülməsinə və susulmasına işarət edir.
Bu gün sizlər üçün gənclərin yaşadıqları problemlər, onların üzləşdikləri haqsızlıqlar, hətta müəmmalı ölümlərinin belə üstünün açılmaması haqqında olan fikirlərimi qələmə almaq istədim ...
Bu gün sizə gənclərin "həyatından" danışacağam...
"Biri var idi biri yox idi... Hüzur içində, gözəlliyi ilə hər kəsi valeh edən bir şəhər var idi. Şəhər başdan başa çiçəklərlə örtülmüşdü. Çiçəklər başı dik qürurlu, bir o qədərdə zərif idilər... Şəhərin sakinləri o çiçəkləri sevir, ətrini duyur və onları qoruyurdular.
Bu şəhərdə bir bağban da var idi. Ya da bağbana bənzəmək istəyən yad biriləri, nə bilmək olardı..?
Bu "bağban" hər gün şəhərdən bir çiçəyi dibindən çıxarıb aparırdı. Heç kim "niyə?" demirdi. Hətta bəziləri baxıb keçir, bəziləri isə sadəcə gülümsəyirdi. Beləliklə çiçəklər bir-bir yox olurdu...
Bir gün ən parlaq çiçək də yox oldu. O an şəhər susdu. Bir anlıq hiss edilən sükut çökdü. Amma yenə səslər başladı: "Bayram", "gülüş", "laqeydlik"...
Heç kim əli torpağa batmış adama baxmırdı. Hamı bilirdi, amma heç kim danışmırdı. O çiçəklər indi hamının gözündə sadəcə "solmuş çiçək" idi. Hər kəsin gözündə bu çiçəklərin sonu "vaxtı gəlmişdi, ömürlük yaşamayacaqdı" oldu... Bu qədər asan idi bütün çiçəklərin yox oluşu..?
Beləliklə bütün şəhər susdu... Qalan isə çiçəklərin kökündən atılmış və açıq qalmış nəmli torpağı, o əli torpağa batmış "bağban" idi...
Bir də... səssiz hayqırtılar. O hayqırtılar günəşdən gəlirdi. Çünki onun istisi ilə boy atmışdı o çiçəklər. O hayqırtılar buluddan gəlirdi. Çünki o, vermişdi çiçəklərə ilk suyunu.
Çiçəklər unudulacaqdı... Çətini əlləri torpağa bulaşmış "bağban" əllərini yuyana qədər idi... Hər şey unudulacaqdı. Çünki baxanlar da görməmişdi gerçəyi..."
Bu nağıl deyil. Bu bizim gündəlik həyatımızdır. Bu dövrdə, bu yaşda yaşayan gənclərin hekayəsidir.
Gənclərin - çiçəklərin həyatını hər kəsin baxdığı, amma görmədiyi, görmək istəmədiyi o bağban sifətinə bürünmüş cani cəlladların əllərinə verməyin... Çünki bu bağbanlar hər yerdə, hər an, hər birimizi tapa bilərlər. O gənclər əbədi olaraq gənc olaraq - çiçək olaraq qalacaqlar. Çünki onlar çiçək olaraq kökündən çıxarıldılar...
Nə vaxta qədər susacayıq? Nə vaxta qədər gənclərin solmasına göz yummalıyıq? Susmayaq, çünki bu ölkə bir dənə də Şəbnəm, Turan, Elgün kimi qurban vermək istəmir...
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar materiallar hazırlanıb
Dünən - iyunun 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü idi. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və “Yaşıl dünya-sağlam gələcək” adlı ənənəvi kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, biblioqrafik icmalda ətraf mühitin, ekologiyanın mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması kimi aktual mövzulara dair qəbul edilən rəsmi sənədlərin tam mətni, “Ümumdünya Ətraf Mühit və ya Coğrafiyaçılar Günü” başlığı altında bu günün təsis edilməsi, beynəlxalq aləmdə və ölkəmizdə ekoloji mövzuların aktuallıq dərəcəsi, bu sahədə görülən işlər və nəzərdə tutulan gələcək planlar haqqında məlumatlar təqdim edilir. Biblioqrafik icmalda yer alan “Heydər Əliyev və Azərbaycan təbiəti” adlı məqalədə Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş və ölkəmizdə təbiətin qorunmasına yönəlmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar haqqında məlumat verilir, onun hakimiyyəti illərində təməli qoyulan təbiətə qayğı, ekoloji problemlərə həssaslıq mövzularının bu gün də ölkə siyasətinin prioritet hədəflərindən biri olduğu vurğulanır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda “Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları və onların landşaft-diaqnostik xüsusiyyətləri”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları”, “Ətraf mühitin çirklənmə mənbələri” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir.
“Yaşıl dünya-sağlam gələcək” adlı ənənəvi kitab sərgisində mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış biblioqrafiq icmal sərgilənməkdədir.
5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)
.