Super User
Allah adamı sevdikləri ilə sınayır…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu həyatda bir neçə dəfə Sumqayıtda, şəhərin ünlü kişilərindən biri- Bəylər Əzizovun “Bakı” şadlıq sarayında görmüşəm. Deyəsən, o vaxt orada keçirilən bütün toy məclislərinin müğənnisi o olurdu. Xanəndə, əməkdar artist Zakir Əlisahib oğlu Əliyevi deyirəm. Uşaqlıqda dəhşətli dərəcədə qısqanc olub. Anası hər dəfə rayona- bazara gedəndə ona qoşulub bazara gedirdi. Təsəvvür edin, anasının kələğayısı başından sürüşüb düşəndə, az qalırdı ki, dünyanı dağıtsın. Qeyrətdən bağrı çatlayırdı. Anası onu anlayırdı, belə olduğuna görə hörmət edirdi və onun xatirinə çalışırdı ki, örpəyi başından düşməsin...
Deyir ki:- “Ailədə 8 uşaq olmuşuq. Evin ən balacası idim, elə ən çox qısqancı da mən idim. Demək olar ki, anamın dibində böyümüşəm. Rəhmətlik atam dünyasını dəyişəndən sonra qayğımızı o çəkib. Hər şeyi verən Allahdır. Bu gün heç kim gərək öyünməyə ki, ailə saxlayıram, ev dolandırıram. Anam tək başına 8 uşaq böyütdü, oxutdu, yerbəyer etdi. Vallah bunu edən Allahdır. Bizlik bir şey yoxdur. Mənim qısqanclığıma gəlincə, bu yəqin gendən gələn bir şey idi. İndi oğlum da öz anasına qarşı elədir. Baxıram gülürəm. Öz keçmişimi xatırlayıram.”
Ədəbaz adamlardan deyil, hər şeyə görə Allaha şükr etməyi bacarır. Kasıb vaxtları da olub, varlı vaxtları da...
“Başqa bir Zakir də var içimdə. Onunla çox söhbətlərim olur. Bəzən uşaq kimi oluram. Yaşlanmaqla deyil ki. İçimdəki uşaq hələ də qalır, yaxşıdakı qalır. Hərdən oğlum mənə- Əliyev, neçə yaşın var?- deyir. Deyirəm, filan yaşdayam. Nə olsun ki, dəyişən ancaq bədəndir, qocalırıq. Gərək ruh qocalmasın. Amma həmişə belə də olmuram. Sərt tərəflərim də var. Məncə kişi evdə hər şeyi xanımına deməməlidir. Mən də demirəm. Həm onu çox yükləməmək, stressə salmamaq üçün, həm də bu belə lazımdı. Kişi hər sözünü xanımına deməz. Onun ömrünü qısaltmamaq, üzməmək üçün çox şeyi gizlətmişəm. Kişi var, pulunu da arvad idarə edir. Tutaq ki, bir dostun səndən borc istədi. Yanında zəng vurub arvaddan pul istəyəcəksən? Adam başqalarının gözündə bir qəpiklik olar. Bu əsla ailəyə hörmətsizlik anlamına gəlməməlidir. Kişinin kişi yeri var. Kişi ailənin yük çəkənidir.”- söyləyir...
O, 22 may 1968-ci ildə, Neftçala rayonunun Xolqarabucaq kəndində dünyaya gəlib. Səkkiinci sinfi doğma kənddə başa vuraraq, təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirib. Həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. 1986-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin, mədəni maarif fakültəsinin, özfəaliyyət teatr kollektivi rejjisoru ixtisasına qəbul olunub və 1993-cü ildə oranı bitirərək ali təhsilə yiyələnib. Onun ilk böyük uğurlarından biri isə 1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı"-nın diplomantı olmağıdır. Sonra, 1985-ci ildə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbirdə "Leyli və Məcnun" əsərini ifa edib. Həmin dövr üçün onun böyük uğurlardan biri də "Leyli və Məcnun" əsərini Moskvada “Bolşoy Teatr”da da ifa etməsi olub. Bu uğurların siyahisi uzundur, sadalayıb vaxtınızı almaq istəmirəm...
Deyirki:- “Nə edirəmsə Allahaxatiredirəm. Düşünürəmki, balıqbilməsə də, xaliqbilər. Etdiyimhər əməlinyaxşı, yapisfərqetməzcavabını Allahınverəcəyinə inanıram. Yaşatdığını yaşamadan ölməzinsan. Gərəkgözünün önünə bunuqoyasan. Bəzənmənimbudüşüncəmisaflıqkimidüşünüb, zərbə vurmaqistəyən, sui-istifadə edənlərdə olur. Ümumiyyətlə, həyat çətindir, onutəmizyaşamaqdaha çətindir. BəziadamlarapuluAllahbilərəkverir. Elə bilirsinizonlarıngünü gündür? Zülüm çəkirlər, pullarınagörə. Bəzən şöhrətdə, pulda Allahınsınağıdır. Həradamdaşıyabilməzoyükü. Birdənarzuedirlərki, Allahsənə uzun ömürversin. Uzun ömürlü olmaqelə bilirlərki, çoxgözəldir? 120 ilyaşayıb, bütün əzizlərinin övladlarının, dostlarının ölümünü görməkqarğışdı əslində. Allah sağlam can versin. Ölənə qədər də ağlımızı başımızdan almasın. Bu bəs edər.”
Təkəbbürlü, lovğa, insanlara yuxarıdan aşağı baxıb aşağılayan adamlardan xoşu gəlmir. Övladlarının gözəl insan olmasını istəyir. Oğlu beynəlxalq münasibətlər, qızı isə tibb təhsili alıb. Allahın xoşuna gəlməz deyə, onları çox əzizləmək istəmir. Axı, Allah adamı çox sevdikləri ilə sınayır. Hətta bu barədə danışmağa belə qorxur. Və bir də bekar qalmaqdan zəhləsi gedir. Deyir ki: “Kimsə kiməsə qarğışı etmək istəsə qoy desin: “Səni bekar qalasan”...
Bəli, bu gün - mayın 22-si əməkdar artist Zakir Əliyevin növbəti ad günüdür. Bu dəfə 58 yaşını qeyd edəcək. Ona möhkəm can sağlığı, uzun ömür arzulayıb söhbətimi burada yekunlaşdırıram.
Yaşasın!
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
Bu gün tanınmış aktyor Yasin Qarayevin 80 illik yubileyidir
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Deyirəm, görəsən, bu dünyada insanları məşhurlaşdıran televiziyadan güclü nəsə varmı? Məhz, bu “sehirli qutu”nun sayəsində aktyorlar, müğənnilər, siyasi icmalçılar və digər peşə sahibləri xalq arasında ən məşhur adamlar olurlar. Bu dəfə sizə belə adamlardan biri- canlandırdığı obrazlarla məhurlaşan Xalq artisti Yasin Qarayev haqqında söhbət açmaq istəyirəm. O Yasin Qarayevdən ki, bizim uşaqlıq illərimizin qəhrəmanı olub. Hazırda teatrımızın bahadırlarından biri sayılır. Bir vaxtlar "sehirli qutu"da tez-tez görünərdi. Rol aldığı tamaşaları xüsusi maraqla izləyərdik. Amma son vaxtlar nədənsə televiziyada görünmür, tamaşaçılarını intizarda saxlayır…
Yaşı elə də çox deyil, bir də ki, aktyor üçün nə yaş? O qədər filmlərimizdə onun yaşına uyğun rollar var ki, nədənsə rejissorlar belə teatr bahadırlarının yerinə həvəskar aktyorları çəkirlər. Bəlkə də elə buna görədir ki, filmlərimiz Yalamadan o tərəfə gedib çıxa bilmir. Sanki filmlərimizin də ölkədən çıxışına “qırmızı işıq” yandırılıb…
O, 1946-cı ilin may ayının 22-də Şəmkir rayonunda dünyaya gəlib. Həmin gün həftənin üçüncü gününə təsadüf edir. Deməli, Yasin Qarayev zəngin mənəvi dünyaya, geniş dünyagörüşünə və ünsiyyətcil xarakterə malikdir. Analitik düşüncəsi ilə fərqlənir, məntiq tələb olunan işlərdə çox uğurludur. Təhlil etməkdən, araşdırma aparmaqdan zövq alır. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
1991-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bir neçə dəfə prezident mükafatçısı olub. 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır…
Deyir ki:- “Müslüm Maqomayev qədər sevdiyim, pərəstişkarı olduğum ikinçi bir estrada müğənnisi tanımıram. Uşaqlığ çağlarımdan həmişə onun ecazkar və bənzərsiz səsinin pərəstişkarı olmuşam. Mənim fikrimcə Tanrı bütün gözəllikləri ona vermişdi. Güclü, məlahətli səs, boy-buxun, səhnə yaraşığı, jest, plastika və çox şey. Müslümü bircə dəfə dinləyən tamaşaçı onun sehirli səsinin tilsiminə düşməyə bilməzdi. Tanrı ona dünya estrada musiqisinin imperatoru kimi yüksək bir zirvə bəxş etmişdi. Və o da sonuncu imperator olduğu üçün həmin titulu özü ilə Tanırının yanına apardı…”
Yasin Qarayev layiqli adamlar haqqında xoş söz deməyə tələsən insandır. Onun siyasi proseslərdə gözə görünməməsindən gileylənən adamların görünür ki, yetərincə dünyagörüşü yoxdur. O, bir şəxsiyyət kimi, abırına sığınıb dünyanın gərdişini səbirlə seyr edənlərdəndir. Çünki elə bir dövrana gəlib çatmışıq ki, kütləni xalq hesab edən adamların sayı çoxalıb. Alisa adlı bir aktrisadan nümunə gətirib deyir ki: “Qocalığin tez gəlməsi dəhşət deyil, dəhşət cavanliğin tez getməsidir!..”
Mayın 22-si – bu gün Yasin müəllimin 80 yaşı tamam olur. Ürəklərdə yuva qurmağı bacaran hər bir şəxsin həyatda yaşamağa haqqı var. Allah onun da ömrünü uzun etsin!
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
Şair Qantəmir və doktor Qantəmir
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qəribə xisləti vardı Sovet ölkəsinin. Üzdə firavanlıq və xoşbəxtlikdən dəm vururdular, ancaq bütün nəsilləri ucdantutma bədbəxt edirdilər.
Xüsusən müsəlman respublikalarına çətin idi.
37-ci il repressiyasında əhali sayının repressiya olunanların sayına nisbətində Azərbaycan ön sıralarda yer almışdı...
Qantəmir Qafur (Qafur Sədrəddin oğlu Əfəndiyev) Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini, Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdir.
Şair, yazıçı - jurnalist, maarifçi - pedaqoq Hüseyn Cavid və yaxın dostu, yazıçı, şair, həkim Qantəmir Qafur. Onları həmişə qoşa görmək olardı...
Dövrünün tanınmış şairlərindən biri olan Qantəmir 1888 - ci ildə mayın 22-də Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından, söz sahiblərindən sayılıb. Hətta o, Sədi Salis təxəllüsü ilə şeirlər də yazarmış.
Qantəmir də elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905 - ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub.
Qantəmir 1908 - ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamış, 1915 - ci ildən etibarən fəaliyyətini şəhərdə yeni açılan "İqbal" məktəbində davam etdirmişdir. 1916 - cı ildə "Nəşri-maarif" cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunmuşdur. Müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə olan görüşləri bu istedadlı gəncin bir qələm sahibi kimi inkişafında öz sözünü deyib.
Qafur Əfəndiyev (Qantəmir) 1911 - ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedərək İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Türkiyə mühiti gəncin həyatında xüsusi bir mərhələ təşkil edib. O, burada da yaradıcılıqla məşğul olub, kiçik hekayələr yazıb. Yəqin ki, elə Qantəmir imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına, mühitinə İstanbul ruzigarı gətirənlərdən biri də məhz unudulmaz və sevimli yazıçımız Qantəmir olub. Gəncliyində yazdığı bir-iki şeiri nəzərə almasaq, bu yazıçı ədəbiyyatımızda əsasən satirik hekayələr müəllifi kimi öz adını əbədi həkk etdirib.
Sonralar sorağı Qubadan gələn Qantəmir bir müddət bu bölgədə yeni tipli məktəblərin təşkilində və fəaliyyətində fədakarlıqla çalışıb. Gah müəllim, gah da məktəb direktoru kimi ömrünü gənc nəslin təlim - tərbiyəsinə həsr edən şair xalqın elm əhli olması, o cümlədən savadlanması üçün böyük zəhmət çəkib. Bioqrafiyasından məlum olur ki, ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən "Şaiq" məktəbinə rəhbərlik edib.
Qantəmir Qafurun həyatında diqqət çəkən bir digər fakt isə budur ki, o, 1924 - cü ildən müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra Qantəmir diş həkimi kimi də həmvətənlərinə xidmət göstərib. Bütün fəaliyyəti müddətində əsl vətəndaş yanğısı ilə xalqın maariflənməsinə çalışan yazıçı - şair həm də millətin mənəvi və fiziki sağlamlığı yolunda da öz töhfəsini əsirgəməyib.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da xalq maarifi sahəsində işləmiş, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali Pedaqoji institutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışmış, 1937 - ci ildə Ağsu rayonuna köçüb diş həkimi işləmiş, 1939 - cu ildə həbs olunaraq, Orta Asiyaya sürgün edilmişdir.
Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944 - cü ildə, dostu Hüseyn Caviddən 3 il sonra 56 yaşında dünyasını dəyişmişdir.
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!”
“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
5-Cİ DƏRC
Sosial damğalar qadını tərk edən kişi üçün deyil, özünü xilas edən qadın üçün işə düşür
Beşinci hissə
Qapını döyən növbəti pasiyentim Cəsur idi. Lalə otaqdan çıxmaq üçün qapını açdı. Onlar qapının ağzında qarşılaşdılar. Bir anlıq gözüm, Cəsurun Laləyə olan baxışlarına sataşdı. Elə bil illərdir tanıdığı birini görürmüş kimi baxırdı. Cəsur içəri keçdi, amma qapını örtərkən belə başını geriyə çevirib Laləni süzdü.
Əlimlə buyur işarəsi edərək, əyləşməsini istədim. Daha sonra sual dolu baxışlarımı ona yönəldib, səbirsizliklə danışmasını gözlədim.
Cəsur on yeddi yaşında, qara qaşlı, qara gözlü, saf və təmiz qəlbli bir gənc idi. Amma dilindən çıxan sözlər onun bu xüsusiyyətlərinə heç yaraşmadı:
- Humay xanım, az öncə gedən xanım Lalə idi?
- Bəli, odur. Tanışsınız?
- Hə, bizim məhəllədən bir küçə yuxarıda yaşayır. Yoldaşı türməyə düşən kimi ondan boşandı. İndi də deyəsən nişanlanacaq. – dedi. Amma bunları deyərkən səsində bir kin, bir qərəz hiss olunurdu.
Sözünü kəsdim. Bu cür yanaşma, xüsusilə də heç bir dəqiq məlumat olmadan insanın haqqına girmə asanlığı, məni narahat etdi.
- Sən bütün bunları haradan bilirsən? – deyə ciddi ifadə ilə soruşdum. O isə narazı halda:
- Bunu bizim məhəllədə bilməyən yoxdur. Qadınlar öz aralarında danışıb, belə-belə yayılıb.
Cəsurun bu cavabı məni daha da məyus etdi.
- Cəsur, mən səni belə biri bilmirdim. Bu cür qərəzli və dedi-qodu üzərindən danışmaq sənə yaraşmır. Laləni yaxından tanımırsan. Onun yaşadıqlarının şahidi olmamısan, amma başqalarının sözlərinə inanaraq, bir qadının haqqına girirsən. Lalə, çətinliklərə rəğmən ayaqda qalmağı seçib və buna nail olub. Belə bir qadını alqışlamaq əvəzinə, daşlamağı seçmək nə qədər doğrudur?
Sözlərimi qəti bir tonda dedim və bir daha bu mövzunun açılmayacağını bildirərək söhbəti bağladım. O, öz problemlərindən danışdı, mən isə diqqətlə dinlədim. Beləcə, hiss etmədən vaxt keçdi və bu gün ona ayrılmış vaxtımız sona çatdı.
***
Evə getmək vaxtı idi. Bu gün işdə keçirdiyim saatlar əvvəlki günlərə nisbətən daha gərgin olmuşdu. Evə piyada getməyi qərara aldım. Bir az hava almaq, həm də yaşananlar barədə düşünmək istəyirdim. Lalə ilə bağlı məsələlər, Cəsurun fikirləri, insanların birini tanımadan mənfi düşüncələrə qapılması məni çox narahat edirdi. Bununla belə, içimdə bir təsəlli vardı. Bəlkə də onların hər ikisinin həyatına yaxşı mənada, kiçik də olsa, toxunuş edə biləcəkdim.
Amma… Rüstəm… Fikirlərim yenə Rüstəmə yönəlmişdi. Qəribəsi o idi ki, ayaqlarım məni yenə həmin dəniz kənarına aparmışdı. Elə bil bu yer, Rüstəmlə bağlı yarım qalan bütün cavabsız sualların, düşüncələrin məskəni idi. Onu yenidən görəcəyimə olan ümidimi isə heç vaxt itirməmişdim. Hətta, bu barədə, evdə həyat yoldaşımla da danışmışdım. O isə məni dinləyib gülümsəyərək demişdi:
- Əgər belə hiss edirsənsə, demək ki, mütləq qarşılaşacaqsınız.
Universitetdə, bakalavr və magistr dərəcələrini müvəffəqiyyətlə bitirmişdim. Hər ikisində də ixtisasım psixoloq idi. İnsanların həyat hekayələrini dinləmək, düşüncələrində onlara yol göstərmək, özlərinə məxsus uyğun bir yer tapmalarına kömək etmək, mənə sevinc verirdi.
Məktəb illərimdə dostlarımdan tez-tez bu sözləri eşidirdim: “Humay, sən çox yaxşı dinləyicisən.”, və ya “Sənlə danışanda elə yüngülləşirəm ki, sanki problemlərimin ağırlığı azalır və həll yolu tapıram.”
Bu kimi ifadələr məni çox sevindirirdi. İnsanların həyatına müsbət təsir etmək arzusu məni psixoloq olmaq qərarına gətirib çıxarmışdı. İşə başlayanda özümə söz vermişdim: yanıma gələn hər bir insana, mənə inanıb öz hekayələrini paylaşan hər kəsə əlimdən gələnin artığını edəcəkdim. İndiyədək bu sözə sadiq qalmışam. Yanıma qəmgin gələn insanları xoşbəxt və gülərüz yola salmaq mənim ən böyük uğurum olub. Amma… Rüstəm… Ona kömək edə bilməməyim məni hələ də incidir.
Dəniz kənarında düşüncələrimlə dolaşarkən havanın qaraldığını gördüm. Bu, mənə evə qayıtmağın vaxtı gəldiyini xatırlatdı. Düşüncələrimi bir kənara qoyub, evə tərəf yollandım.
***
Günlər bir-birini əvəz edir, eynilik bəzən məni yorurdu. Bir neçə gün işimə fasilə verib, ailəmlə birlikdə şəhərkənarı istirahət mərkəzlərindən birinə getdik. Bu məkan dəyişikliyi mənə işimdə keçirdiyim gərginliyi unutdurdu. İstirahətdən xoş əhval-ruhiyyə ilə qayıtdım.
Səhər hər zamankı kimi işimin başında idim. Günə ardıcıl iki pasiyentimlə başlamışdım. Onların seansları bitdikdən sonra nəhayət, Lalənin qəbul vaxtı gəlib çatdı. Ancaq o, hələ də gəlməmişdi.
Gözlərim bir an belə qapıdan ayrılmırdı. Lalə indiyə qədər bir dəfə də olsun gecikməmişdi. Əgər işləri çıxsa, mütləq zəng edərək ya saatı dəyişdirər, ya da başqa günə təxirə salmağımı xahiş edərdi. Amma bu dəfə nə zəng, nə də xəbər vardı. Bir az nigaranlıq hiss etdim. “Görəsən, hər şey qaydasındadır?” – deyə düşünərək ona özüm zəng etməyə qərar verdim. Telefonunu yığdım, amma sönülü idi. Zəng çatmadığını gördükdə narahatlığım daha da artdı. Axı nə baş verə bilərdi? Lalənin vəziyyəti yaxşıdırmı?
Özümü sakitləşdirməyə çalışdım. Bu cür halların baş verə biləcəyini, hamının həyatında gözlənilməz vəziyyətlər yaşandığını öz-özümə deyirdim. Bəlkə də, keçərli bir səbəb var idi. Yenə də, nigaranlıq içimdə yer etmişdi.
Günün sonuncu pasiyentini qəbul etməyə hazırlaşırdım. Lalədən hələ də xəbər yox idi. Telefonuna zəng çatmırdı, mesajlarıma cavab vermirdi. Hər cür fikirlər beynimdə dolaşırdı, amma onları bir kənara qoyub işimi davam etdirməkdən başqa çarəm yox idi.
Gün boyunca ondan bir xəbər çıxmadı. Narahatlıq içində günü yekunlaşdırıb evə qayıtdım.
***
Yeni həftənin ilk iş günü idi. Bu gün Lalənin qəbul günü deyildi. Ötən həftə sonunda ondan yenə xəbər ala bilməmişdim, lakin içimdə bir ümid vardı: bəlkə bu gün gələr, ya da heç olmasa zəng edər. Amma günorta keçdi, yenə də ondan xəbər çıxmadı.
Bir neçə pasiyentimlə söhbət etdikdən sonra, Cəsur içəri daxil oldu. Onu görəndə bir anlıq düşündüm ki, bəlkə Lalədən xəbərdardır. Amma soruşmağa tərəddüd etdim. Onsuz da məhəllədə Lalə haqqında yayılan yalanları təsdiqləmişdi. Belə bir halda soruşsam, bəlkə də gedib yenidən xoşagəlməz sözlər danışardı. Buna görə də susmağı seçdim.
Cəsur qarşımda oturdu. Keçən seansımızın davamını gətirmək istəyirdi. Lakin onun gözlərindəki həyəcan, üzündəki qəribə ifadə diqqətimi çəkdi. Danışarkən bəzən sözləri qarışdırır, bəzən kəkələyir, bəzən də nə deyəcəyini unudurdu. Sanki öz fikirlərində boğulurdu. Mən isə çaşqınlıqla onu izləyirdim.
Birdən söhbətini yarımçıq kəsib:
- Humay xanım, bilirsiniz nə olub?
Bir anda duruxdu, baxışlarını yerə dikdi. Dolmuş gözlərini məndən gizlətməyə çalışırdı.
Həyəcanlandım:
- Cəsur, nə olub? Danış, çəkinmə!
O, yenidən başını qaldırıb soruşdu:
- Lalə ilə danışmısınız? Bu gün yanınıza gələcəkmi?
Bu sual məni daha da narahat etdi:
- Sən Lalədən xəbərdarsan? Mən də ondan bir xəbər ala bilmirəm. Telefonuna da zəng çatmır.
Cəsur, başını buladı:
- Vallah, mənimlə bağlı bir şey yoxdur. Əksinə, mən ona kömək etməyə çalışdım. O gün, sizin mənə olan reaksiyanızdan sonra, çox utanmışdım. Bir daha kimsə haqqında bilib-bilmədən danışmayıb, qınamayacağıma özümə söz vermişdim.
Onun bu sözləri özünü müdafiə etməyə çalışdığının göstəricisi idi. Artıq nə isə vacib bir şey gizlətdiyi mənə bəlli olurdu. Səbirsiz idim:
- Cəsur, nə olub axı? Lalənin başına nə iş gəlib?
- Sizin yanınızdan çıxandan sonra məhəllədə bir neçə oğlanla dayandım. Birdən yanımızdan bir maşın keçdi. İçində Lalə xanımı və nişanlısını gördük. Oğlanlar dərhal əsassız sözlər danışmağa başladılar. Birisi dedi ki, ‘Sabah onu qaçıraq, nə istəsək, edək. Yanındakı oğlandan bizim nəyimiz əskikdir? Həm də, o bizim məhəlləmizə yaraşmır, bacılarımıza, ailələrimizə pis nümunə olur.”
Bunu eşidəndə qəzəbdən donub qalmışdım. Cəsur danışırdı.
- Onlara qarşı çıxdım. Dedim ki, bu, doğru deyil. Nə bilirsiniz ki, o, nə yaşayıb? Amma onlar məni söyüşlə təhqir edib, özümü də alçaltdılar.
Səhəri gün binan qarşısında dayanıb, Laləni gözlədilər. Sonra onu zorla maşına mindirib, köhnə bir xarabalığa apardılar. Orada ona toxunmağa çalışırdılar. Mən isə onların ardınca düşüb, yanlarına getdim. Şübhələnməsinlər deyə, özümü elə apardım ki, guya mənim də Lalədən xoşum gəlmir. Həm də dünən onu müdafiə etmişdim deyə indi burda olmağım, onları şübhələndirə bilərdi. Mən hər şeyi gecədən planlaşdırmışdım. Laləni xilas etməli idim.
Səsi titrəyirdi:
- Oğlanlara dedim ki, icazə verin, ilk mən… – deyərək zaman qazanmağa çalışdım. Yolda isə, artıq polisə məlumat vermişdim. Polislər gələnə qədər zaman qazanmalı, onların başını qatmalı idim.
Bütün bunları eşidərkən əsəbdən əllərim əsdi.
- Nəhayət, polis gəldi və hər kəsi saxladı. Laləni də bölməyə apardılar. Yalnız onu bilirəm ki, o, məndən şikayətçi olmadı. Digərlərini isə ağır cəzalar gözləyir.
Cəsur səsini alçaldıb əlavə etdi:
- Telefonunu oğlanlar əlindən almışdılar. Sonradan mən götürüb polislərə təhvil verdim. Ola bilər ki, bu səbəbdən ona zəng çatmır.
Onun danışdıqlarından sonra nitqim qurudu. Cəsurun Laləni xilas etməyə çalışması, bir tərəfdən qəhrəmanlıq idi, digər tərəfdən isə yazıq qızın yaşadığı faciəni düşünmək məni dəhşətə salırdı.
- Bəs indi Lalə haradadır?
Cəsur çiyinlərini çəkdi:
- Bilmirəm. Amma düşünürəm ki, bu hadisədən sonra o özünə qapanacaq. Yazıq qız, çox qorxmuşdu.
Söhbətimiz təzəcə bitmişdi ki, telefonuma gələn mesaj səsi diqqətimi çəkdi. Tez əlimi uzadıb ekrana baxdım. Mesajın Lalədən olduğunu görəndə ürəyim sevincdən titrədi. Bu xəbəri Cəsura çatdıranda, onun da üzündə sevincin izlərini gördüm. Həmin an mesajı yüksək səslə oxumağa başladım:
“Axşamınız xeyir, Humay xanım. Bilirəm ki, qəbula gələ bilmədiyim üçün narahatsınız. Zəng və mesajlarınızı yeni gördüm. İlk növbədə, sizi xəbərsiz qoyduğum və narahat etdiyim üçün üzr istəyirəm. Bunu izah etmək üçün, əsaslı səbəblərim var, lakin bu səbəbləri mesajda deyil, növbəti qəbul vaxtında üz-üzə danışmağı daha uyğun hesab edirəm. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız.”
Mesajı oxuduqdan sonra, həm Cəsur, həm də mən dərindən nəfəs alıb, Allaha şükür etdik.
Bu yaxşı xəbərdən sonra, Cəsurla rahat öz problemləri haqqında söhbətimizə davam etdik. Belə günün son pasiyenti olan Cəsurla da qəbul saatının bitdiyini bilib söhbətimizi də bu günlük bitirdik.
Cəsur getmişdi, amma hələ evə qayıtmaq istəmirdim. Beynimdə Lalənin qorxu dolu baxışları və çırpınışları canlanırdı. Başa düşə bilmirəm, niyə bizim cəmiyyətdə boşanmış qadına qarşı bu qədər kin, nifrət var? Niyə?
Üstəlik, bu nifrət çox vaxt onun öz ailəsindən başlayır. O ailədən ki, o qadını böyüdüb boya-başa çatdırıb. Valideynlər bəzən qızlarının ər evindən yalnız ağ kəfənlə çıxmasına razı olurlar, amma boşanmasına əsla!
Ən acınacaqlısı isə budur ki, qadının ən böyük düşməni elə qadındır. Boşanmış bir qadının yad kişi ilə yolda təsadüfi salamlaşmasına belə, məhəllədəki “xalalar” dərhal qulp qoyur. O dedi-qodular bir dildən, o biri dilə keçdikcə daha da şişir, bir az da əlavə rəng qatılır. Nəticədə bəzi qadınlar həmin yalanları öz yoldaşlarına danışır və beləcə bir qadının namusuna ləkə gətirilir. Ona əxlaqsız damğası vurulur.
Deyirlər ki, 21-ci əsrdəyik, hər şey müasirləşib. Bəziləri qadınların “azğınlaşdığını”, azadlıq tələb etdiklərini iddia edirlər. Öz ayaqları üstündə durmağa başlayan qadınları, ailə dəyərlərinə qarşı çıxmaqda ittiham edirlər. Amma düşünmürlər ki, hər qadın, əslində, öz yoldaşının bir əsəridir. O, hansı şəraitdə formalaşıbsa, o cür davranır. Nə qədər ki, cəmiyyətimizdə cahil qadınlar olacaq, bu qadınlar eyni cəhalətlə oğul böyüdəcəklər, saysız-hesabsız qızlarımız bu cür yalan və şayiələrin qurbanı olmağa davam edəcək.
Çox zaman şahidi olmuşam və pasiyentlərimdən də dəfələrlə eşitmişəm ki, bəzi qadınlar iş həyatına atıldıqdan sonra, həyat yoldaşlarının qısqanclıq və narazı davranışları ilə üzləşiblər. Bu hallarda kişilər, xanımlarının uğur qazandığını və maaşlarının bəzən öz gəlirlərindən artıq olduğunu gördükdə, müxtəlif bəhanələrlə onların işdən çıxması üçün ailə daxilində mübahisələr yaradıblar. Hətta xanımları hansısa mövzuda fikir bildirəndə, “Hə, sən evə pul gətirirsən deyə belə danışırsan, özünü evin ağası hesab edirsən!” kimi ifadələrlə onları incitməkdən çəkinməyiblər.
Belə vəziyyətlər göstərir ki, hər kişi ağıllı qadınla münasibətini davam etdirməyə qadir deyil. Çünki, ağıllı qadının qarşısında yalan vədlər, manipulyasiya və ya qışqırıqla öz mövqeyini təsdiqləmək mümkün deyil. Amma düşünürəm ki, həqiqətən ağıllı və özünə güvənən kişilər, məhz ağıllı xanımlarla ailə qurmağa üstünlük verirlər. Belə kişilər başa düşürlər ki, yalnız ağıllı xanımlarla qurulan ailə, daha sağlam və sabit ola bilər. Eyni zamanda, gələcəkdə övladların savadlı, güclü və uğurlu insanlar kimi yetişməsi üçün, ən yaxşı zəmini yaradar.
Təəssüf ki, bizim cəmiyyətimizdə bu cür düşünən kişilərin sayı hələ ki azdır. Amma zamanla bu düşüncə tərzinin dəyişəcəyinə, bu sayın artacağına ürəkdən inanmaq istəyirəm. Belə bir cəmiyyət qurmaq, hər birimizin ortaq arzusu olmalıdır.
Elə bu düşüncələrə dalıb getmişdim ki, birdən telefonumun zəng səsi məni özümə gətirdi. Zəng edən yoldaşım idi. Hələ də işdə olduğumu bildikdə, məni evə özü aparacağını söylədi. Bu xəbər məni sevindirdi. Onunla uzun yol getməyi, söhbətlər edib fikir mübadiləsi aparmağı çox sevirdim.
Təxminən on beş dəqiqə sonra iş yerimin yaxınlığındakı binanın qarşısına gəlib çatmışdı. Dərhal aşağı düşdüm. Maşına minib salamlaşdıq. Hal-əhval tutduqdan sonra bir anlıq susqunlaşdım. Yoldaşım mənim bu sakitliyimə öyrəşməmişdi. Həm də gözlərimdəki sual dolu baxışları hiss edərək soruşdu:
- Əzizim, sənə nə olub? Nə üçün danışmırsan? Halbuki sözlü adama oxşayırsan.
Ona tərəf baxıb dedim:
- Ağlımı qarışdıran cavabsız bir sual var.
- Nə sualdır elə? Ver görək.
Bu sözlərdən ürəklənib soruşdum:
- Əzizim, bəzi kişilər niyə güclü və ağıllı qadınlarla ailə qurmaqdan çəkinirlər?
Yoldaşım təbəssüm etdi və sakitcə dedi:
- Səni narahat edən elə budur? Bax, bu sualın müxtəlif cavabları ola bilər. Necə ki hər qadın bir-birinə bənzəmir, hər kişi də eyni deyil.
Məsələn, bəzi kişilər uşaqlıqdan özünəinam əskikliyi ilə böyüyüblər. Belələri güclü qadın qarşısında özlərini yetərsiz hiss edirlər, çünki gücsüz qadınlar üzərində üstünlük qurmaq daha asandır. Amma ağıllı qadınla bu mümkün deyil.
Digərləri isə ailə mühitindən qaynaqlanan stereotiplərin təsiri altında qalır. Atalarını evdə hökmran, analarını isə itaətkar görərək, bu davranışı təkrarlamaq istəyirlər. Buna adi hal kimi baxırlar. Amma bir şeyi unutmaq olmaz: əsl kişilik qadının üstünə qışqırmaqla, masaya yumruq vurmaqla, yaxud evdə bütün qərarları öz başına verməklə ölçülmür. Qadını yalnız qab yuyan, paltar yuyan, uşaqlara baxan, ya da sadəcə həyatını asanlaşdıran biri kimi görmək düzgün deyil.
Həyat yoldaşı ifadəsinin mənası elə buradan qaynaqlanır: həyatın hər anında, hər qərarında bir-birinə yoldaş olmaq. Hər iki tərəfin istək və arzuları var. Sağlam ailə, qarşılıqlı hörmət və anlayış üzərində qurulur. Fədakarlıq qarşılıqlı olmalıdır. Məncə, sağlam düşüncəli kişilər də belə düşünürlər. Əslində ağıllı kişilər güclü qadınlarla xoşbəxt olurlar. Çünki belə qadınlar həm özlərini, həm də həyat yoldaşlarını irəli aparırlar. Onlar güclü və ağıllı qadının həyatlarına qatdığı dəyəri anlayır, bunu qiymətləndirirlər. Bu cür münasibət əsl tərəfdaşlıqdır.
Onun bu sözləri məni həm düşündürdü, həm də sakitləşdirdi. Yoldaşımın anlayışı və dərin düşüncəsi, mənim üçün həm bir güvən mənbəyi oldu, həm də sualıma cavab tapdım. Yol boyu daha çox söhbət etdik, amma artıq içimdəki narahatlıqdan əsər-əlamət qalmamışdı.
(Bazar ertəsi sizlərə 6-ci hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
İnsan öz taleyini özü yazırmı?
Rəqsanə Babayeva,
"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan və İmişli təmsilçisi
İnsan həyatı qəribə bir yola bənzəyir. Bəzən geniş və işıqlı küçələrdən keçir, bəzən isə dar, qaranlıq döngələrdə itib qalır. Elə anlar olur ki, insan öz həyatının sükanı arxasında olduğunu hiss edir. Elə anlar da gəlir ki, sanki görünməz bir əl onu istəmədiyi istiqamətə aparır. Məhz buna görə əsrlər boyu insanlar eyni sualı verir: insan öz taleyini özü yazırmı?
Bu sualın cavabı heç vaxt sadə olmayıb. Çünki taleyin özü insan qədər mürəkkəbdir. Bəzən insan bütün gücü ilə bir məqsədə doğru gedir, lakin həyat onu tamam başqa yerə aparır. Bəzən isə bir təsadüf insanın bütün gələcəyini dəyişir. Elə buna görə də insan düşünür: görəsən yaşadıqlarımız öz seçimlərimizin nəticəsidir, yoxsa əvvəldən yazılmış bir ssenarinin içində yaşayırıq?
Uşaqlıqdan insanın qulağına müxtəlif fikirlər səslənir. Bəziləri deyir ki, insan nə yaşayırsa, hamısı alın yazısıdır. Bəziləri isə inanır ki, insan öz taleyini özü qurur, özü dəyişir, özü formalaşdırır. Məncə, həqiqət bu iki düşüncənin arasında dayanır. İnsan həyatının bütün yollarını seçə bilməsə də, o yollardan necə keçəcəyini özü müəyyən edir.
Həyat bəzən insanın qarşısına seçimlər çıxarır. Həmin seçimlər isə gələcəyin istiqamətini dəyişir. Bir insanın verdiyi bir qərar onun bütün həyatını dəyişə bilər. Bəzən bir “hə”, bəzən bir “yox”, bəzən isə sadəcə gecikmiş bir addım insanın taleyində böyük dönüş yaradır. İnsan sonradan geriyə baxanda anlayır ki, taleyini dəyişən əslində həmin kiçik qərarlar olub.
İnsan həyatında təsadüflərin rolu böyükdür. Lakin təsadüf yalnız qapını açır. O qapıdan içəri girib-girməmək isə insanın öz seçimidir. Məsələn, insan təsadüfən bir insanla tanış ola bilər. Amma həmin insanı həyatında saxlamaq, ona güvənmək və ya ondan uzaqlaşmaq artıq öz iradəsidir. Deməli, taleyin içində təsadüf olsa belə, insanın qərarları yenə əsas rol oynayır.
Bəzən insanlar uğursuzluqlarını taleyin üstünə atırlar. Öz səhvlərini qəbul etmək əvəzinə “qismət belə imiş” deyirlər. Halbuki insanın taleyi çox vaxt onun öz davranışlarının nəticəsi olur. Tənbəllik edən, mübarizə aparmayan, qorxularına təslim olan insan zamanla həyatını özü çətinləşdirir. Sonra isə bunu taleyin adı ilə izah etməyə çalışır.
Əslində insanın taleyi bir gündə yazılmır. O, illərlə formalaşır. Hər gün verilən qərarlar, edilən səhvlər, çəkilən əziyyətlər və göstərilən səbir insanın gələcəyini yavaş-yavaş qurur. İnsan bəzən bunu hiss etmir. Amma həyat geriyə baxanda parçaları birləşdirilən uzun bir hekayəyə bənzəyir.
İnsan iradəsi çox güclü anlayışdır. Tarix boyu ən çətin şəraitdə belə öz həyatını dəyişən insanlar olub. Yoxsulluq içində böyüyüb böyük uğurlar qazananlar, xəstəliklə mübarizə aparıb ayaqda qalanlar, hər şeyini itirib yenidən başlayanlar insan iradəsinin gücünü sübut edir. Əgər taleyin qarşısında insan tamamilə aciz olsaydı, bu qədər mübarizə və dəyişiklik mümkün olmazdı.
Lakin bir həqiqəti də qəbul etmək lazımdır: bütün insanlar həyata eyni şərtlərlə başlamır. Kimisi rahat və imkanlı ailədə doğulur, kimisi çətinlik içində böyüyür. Kimisinin qarşısında yollar açıq olur, kimisinin isə hər addımı maneələrlə dolu olur. Bu fərqlər insanın taleyinə təsir edir. Amma yenə də həmin şərtlər insanın son nöqtəsini tam müəyyənləşdirmir. Çünki insanın daxilində onu ayaqda saxlayan başqa bir güc var: ümid.
Ümid bəzən taledən daha güclü olur. İnsan hər şeyini itirsə belə, içində kiçik bir ümid qalırsa, yenidən başlaya bilir. Elə buna görə də insan taleyin qarşısında tamamilə məğlub deyil. O, bəzən yıxılır, amma yenidən qalxır. Həyatın ən böyük möcüzəsi də budur.
Məncə, insanın taleyini yazan ən əsas şey onun xarakteridir. Çünki insanın seçimlərini də, münasibətlərini də, davranışlarını da xarakteri müəyyən edir. Qorxaq insan fürsət qarşısında geri çəkilir. Cəsur insan isə risk edir. Səbirli insan çətinliklərə dözür, səbirsiz insan isə yarı yolda dayanır. Nəticədə hər biri fərqli həyat yaşayır.
İnsan bəzən taleyini dəyişmək istədiyini deyir, amma özünü dəyişmək istəmir. Halbuki dəyişiklik insanın daxilindən başlayır. Düşüncə dəyişmədən həyat dəyişmir. İnsan öz qorxularını aşmadan yeni yollara çıxa bilmir. Buna görə də taleyi dəyişmək bir qədər də insanın öz daxilindəki savaşdan keçir.
Bəzən insan uzun müddət həyatını anlaya bilmir. Niyə müəyyən hadisələrin baş verdiyini düşünür. Amma illər keçəndən sonra anlayır ki, o vaxt yaşadığı ağrılar onu başqa bir həyata hazırlayırmış. İnsan bəzi həqiqətləri yalnız zaman keçəndən sonra anlayır. Həyatın qəribəliyi də bundadır.
Taleyin içində ağrı da var, sevinc də. İnsan yalnız xoşbəxtlikdən ibarət həyat yaşasaydı, bəlkə də böyüməzdi. Çətinliklər insanı dəyişdirir, onu daha güclü edir. Bəzən bir uğursuzluq insanı özünü tapmağa aparır. Bəzən bir ayrılıq onu həyata başqa gözlə baxmağa məcbur edir. İnsan yaşadıqları ilə formalaşır.
Ən maraqlısı isə budur ki, insan taleyini yaşaya-yaşaya yazır. Yəni əvvəlcə yol yaranmır, insan addımladıqca o yol formalaşır. Hər yeni qərar gələcəyin istiqamətini bir az dəyişir. İnsan bəzən bunu hiss etmir, amma həyat daim hərəkətdədir.
Sevgi də insan taleyini dəyişən ən böyük qüvvələrdən biridir. İnsan bəzən bir insanı tanıyandan sonra tamamilə başqa birinə çevrilir. Daha mərhəmətli olur, daha səbirli olur, daha güclü olur. Elə insanlar da var ki, bir ayrılıqdan sonra tamam başqa həyata başlayırlar. Deməli, insanın qarşılaşdığı insanlar da onun taleyində mühüm rol oynayır.
Bəzən insan öz taleyindən qaçmağa çalışır. Amma həyat onu yenə eyni həqiqətlə üz-üzə gətirir. Çünki bəzi şeylərdən qaçmaq olmur. İnsan yalnız seçim edə bilir: ya qorxaraq yaşamaq, ya da həyatın qarşısına dik baxmaq.
Məncə, insanın taleyi göydən hazır şəkildə düşmür. O, insanın düşüncələri, qərarları və davranışları ilə birlikdə yaranır. Həyat insanın qarşısına yollar çıxarır, amma hansı yolu seçmək onun özündən asılı olur. İnsan bəzən taleyini dəyişə bilmir, amma ona münasibətini dəyişə bilir. Bu isə çox şeyi dəyişir.
Əslində taleyin ən böyük sirri də burada gizlənir. İnsan hər şeyi idarə edə bilməz. Heç kim sabah nə olacağını tam bilmir. Amma insan öz daxilindəki işığı qorumağı bacararsa, ən qaranlıq yollardan belə keçə bilər.
Həyatda bəzi insanlar külək qarşısında sınır, bəzi insanlar isə həmin küləyi öz qanadına çevirir. Fərq məhz buradadır. Taleyi dəyişən bəzən şərait deyil, insanın öz baxışıdır.
İnsan öz taleyini tamamilə özü yazmasa da, o taleyin ən vacib cümlələrini özü qurur. Hər seçim bir cümlədir. Hər qərar yeni bir səhifədir. İnsan yaşadıqca öz həyat kitabını yazır. Bəzən mürəkkəbi göz yaşından olur, bəzən sevincdən. Amma o kitabın müəllifi yenə də insanın özüdür.
Belə nəticəyə gəlmək olar ki, insan taleyin qarşısında tam gücsüz deyil. Həyatda insanın seçə bilmədiyi şeylər çoxdur: doğulduğu ailə, zaman, bəzi hadisələr… Amma insanın seçə bildiyi ən vacib şey öz duruşudur. Həyata necə baxdığı, çətinlik qarşısında necə davrandığı və nə qədər mübarizə apardığı onun taleyini formalaşdırır.
Bəlkə də insan taleyini tam yazmır. Amma o taleyin ruhunu özü yaradır. Və bəzən bir insanın daxilindəki iradə bütün alın yazısından daha güclü olur.
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
Toni Bleyerlə bağlı uzun lətifə
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
SSRİ-nin dövlət başçısı İngiltərəyə rəsmi səfərə gəlir. Səfər zamanı o, Böyük Britaniya kraliçası Yelizaveta tərəfindən yüksək səviyyədə qəbul olunur. Söhbət zamanı o,kraliçadan onun filosofluq və liderlik keyfiyyətinə necə nail olması haqqında öz şəxsi fikrini bilmək istəyir. Cavab olaraq kraliça bildirir:
- Məmnuniyyətlə sizin sualınıza cavab verirəm. Məsələ ondadır ki, mən ətrafımın hamısı ağıllı adamlarla əhatə etmişəm.
Qonaq:
- İcazə verin soruşum, bəs siz bu keyfiyyətləri insanda necə müəyyən edirsiniz?
Kraliça izah edir:
-Sual verirəm, onun intellektual səviyyəsini yoxlayaram, cavab alanda müəyyən nəticə çıxarıram. Sizə göstərə bilərəm.
Bu sözləri deyib kraliça elə onun yanında Baş Nazir Toni Bleyerə zəng vuraraq soruşur:
-Cənab Baş Nazir, bir sualı cavablandırmağınızı xaiş edirəm: Tutaq ki, sizin ananizin bir uşagı, atanızın da bir uşağı var. Bu uşaq sizin nə bacınızdır,nə də qardaşınız.Bəs bu uşaq kimdir?
Toni Bleyer:
-Bu uşaq mənəm, əlahəzrət!-deyə dərhal cavab verir.
Baş Nazirə təşəkkür edən Kraliça üzünü qonağa tutub deyir:
-Razı qaldınız ser?
- Bəli,əlbəttə, əlahəzrət! Gözəl metoddur. Vətənimə qayıdanda mütləq istifadə edəcəyəm.Təşəkkür edirəm.
Ölkəsinə qayıdan kimi dövlət başçısı bütün nazirləri toplayır. Əvvəlcə səfər haqqında qısa məlumat verir, sonra keçir əsas məsələyə:
-Verəcəyim sual hamınıza aiddir. Tutaq ki,ananızın bir uşağı var, atanızın da bir uşağı. Bu uşaq sizin nə bacınızdır,nə qardaşınız.Bəs onda bu uşaq kimdir?
Nazirlər mat-məəttəl, çaşıb qalırlar. Heç kim cavab verə bilmir. Axırda dövlət başçısından xahiş edirlər ki, onlara düşünmək üçün vaxt versin.
Vaxt itirmədən nazirlər təcili görüş keçirərək, sualı müzakirə edirlər. Amma cavabı tapa bilmirlər. Birdən onlardan biri xatırlayır ki, qonşuluqda Musa adlı bir oğlan uşağı var, ağıllı və savadlı uşaqdır. Özü də əlaçıdır. Cavabını bəlkə o bilə.
Həmən uşağı çağırmağı qərara alırlar.
-Musa, oğlum, bir suala cavab ver: Tutaq ki, sənin ananın bir uşağı, atanın da bir uşağı var. Bu uşaq sənin nə bacındır, nə də qardaşın. Bəs bu uşaq kimdir?
- Cənab nazir, burada çətin nə var ki? Əlbəttə ki, həmin uşaq mən özüməm!-deyə Musa adlı oğlan cavab verir.
Cavabdan sevinən nazirlər, dərhal dövlət başçısının yanına gedirlər.
-Uzun axtarış və müzakirədən sonra sizin sualınızın cavabını tapdıq. Sən demə bu qonşuluqda yaşayan Musa adlı bir uşaqdır. -deyə nazirlər sevinclə bildirirlər.
Cavabdsn çox məyus olan dövlət başçısı onlara tutqun nəzərlərlə baxıb deyir:
-Xeyr, düz tapmadınız. Cavabınız yanlışdır. Siz tupoysunuz. O, Londonda yaşayır. Bu uşağın adı Toni Bleyerdir!
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
21 May 2026-cı il tarixində Qazaxıstanın mədəniyyət və elm mərkəzlərindən biri olan Almatı şəhərində, Əl-Fərəbi adına Qazax Milli Universitetində "Birinci Bakı Türkoloji Qurultayının İrsi və XXI Əsrdə Türk Dünyası" mövzusunda Beynəlxalq Türkoloji Konfrans öz işinə başlayıb.
Konfrans 2025-ci il Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd edilməsi ilə bağlı göstərişə əsasən Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası, TÜRKSOY, Türk Dil Qurumu, Bakı Dövlət Universiteti və Əl-Fərəbi adına Qazax Milli Universitetinin birgə təşəbbüsü ilə keçirilir.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, bu genişmiqyaslı elmi-mədəni platformanın əsas strateji əhəmiyyəti, türkologiya elminin fundamental tarixi nailiyyətlərini müasir dövrün qlobal və rəqəmsal çağırışları müstəvisində yenidən qiymətləndirmək, eləcə də türk dövlətləri arasında elmi inteqrasiyanın institusional mexanizmlərini gücləndirməkdir.
Konfrans Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otarbayevin Dövlət Başçısı Kasım-Jomart Tokayev salamlama nitqini səsləndirməsi ilə başlayıb.
Tədbirin açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova 1926-cı ildə məhz Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayın ortaq dil, tarix, mədəniyyət və mənəvi irsin elmi müstəvidə yeni mərhələyə qaldırılmasında, eləcə də bugünkü türk inteqrasiyasının möhkəm təməlinin qoyulmasında taleyüklü rol oynadığını vurğulayıb. Fondun prezidenti bu gün Türk dövlətlərinin beynəlxalq təşkilatlarının ortaq mənəvi məqsədlər naminə güclərini birləşdirərək dərin məzmunlu elmi-mədəni layihələr icra etməsini türk dünyasının parçalanmaz bütövlüyünün və elmi intibahının təzahürü kimi qiymətləndirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dil Qurumunun sədri Osman Mert, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Əl-Fərəbi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayev çıxış edərək 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıblar.
Konfransın açılışında türk dünyasının beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də tanınmış alimləri, ziyalıları, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
“Biri ikisində” – Şahanə Müşfiqin Həyat Şəmi yaradıcılığı barədə essesi
“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Şahanə Müşfiqin Həyat Şəmi yaradıcılığı barədə essesi təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
ŞAHANƏ MÜŞFİQ
HƏYAT ŞƏMİNİN POEZİYA DÜNYASI
Müasir Azərbaycan poeziyası bu gün yalnız forma və texnika axtarışları ilə deyil, daha çox insanın daxili aləminə yönəlmiş poetik düşüncə ilə səciyyələnir. Zamanın sürətlənməsi, insan münasibətlərinin mexanikləşməsi, sözün gündəlik danışıqda dəyər itirməsi fonunda poeziya getdikcə daha səssiz, daha içə dönük bir mahiyyət qazanır. Sanki bunca xaosun, qaçaqaçın içərisində poeziya tənhalaşır, kimsəsizləşir.
Bu kontekstdə tanınmış şair Həyat Şəminin poeziyası xüsusi diqqət çəkir. O, sözün səsini qaldırmır, əksinə, onu sükuta yaxınlaşdırır. Duyğularını hayqırmaq ehtiyacı duymur, onu vərəqlərin qulağına pıçıldayır. Məhz bu sükutun içindəki səssiz pıçıltılarda insanın ən dərin, ən kövrək duyğuları üzə çıxır.
Həyat Şəmi poeziyada iddia ilə deyil, hisslərlə, duyğularla mövcuddur. Onun şeirləri özünü sübut etməyə çalışmır, oxucunu heyrətləndirməyi qarşısına məqsəd qoymur. Bu poeziya oxucuya bir şey anlatmaqdan daha çox, onunla eyni vəziyyətdə dayanmağı, ona özünü, öz iç dünyasını göstərməyi üstün tutur. Şair oxucunun qarşısında müəllim kimi yox, yol yoldaşı, könül sirdaşı kimi görünür. Bu isə müasir oxucu üçün olduqca önəmlidir.
Bu mənada Həyat Şəminin bu yaxınlarda işıq üzü görən “İstanbul saatı ilə” kitabı xüsusi önəm daşıyır. Bu kitab şairin poetik dünyasında yeni mərhələnin başlanğıcı kimi oxunur. Bu kitabda müəllif oxucunu yalnız coğrafi bir məkana deyil, zamanla ölçülən daxili bir yolçuluğa dəvət edir. “İstanbul saatı ilə” fərqli vaxt ölçülərinin, gecikmiş duyğuların, ötüb keçməyən xatirələrin poetik məkanına çevrilir. Burada zaman rəsmi saatlarla deyil, ürəyin ritmi ilə işləyir. Kitab Həyat Şəminin poeziyasında artıq formalaşmış sükut, yalnızlıq və daxili monoloq xəttini daha da dərinləşdirərək oxucunu sözlə zaman arasında qurulan incə, kövrək bir dialoqa daxil edir.
“İstanbul saatı ilə” kitabında toplanmış şeirlərin mərkəzində insan və onun varlıqla münasibəti dayanır. Həyat Şəmi insanı yalnız sosial mühitin bir parçası kimi deyil, Yaradana, dünyaya və öz daxilinə doğru yol alan bir varlıq kimi təqdim edir. Bu poeziyada insanın mövcudluğu sual altına alınır, həyatın mənası, taleyin ədaləti, zamanın insana münasibəti poetik düşüncənin əsas istiqamətlərindən birinə çevrilir. Şair insanın həm kainat qarşısında kiçikliyini, həm də mənəvi məsuliyyətini eyni anda hiss etdirə bilir.
Bağçamıza qızılgül qələmi əkmişdim
Gecəgözlüdə…
Böyüyüb “ayrılıq” yazdı ömrümə:
Yurdumdan…
Anamdan…
Səndən…
İndi də özümdən ayrılıram.
Ayrılıram ki, Allaha yaxınlaşım.
(“Mənim bir sualım var”)
Kitabdakı şeirlərdə mövcudluq anlayışı təkcə yaşamaq faktı kimi deyil, dərk prosesinin ağrılı və ziddiyyətli mərhələsi kimi təqdim olunur. Müharibə, ayrılıq, ədalətsizlik kimi mövzular burada konkret hadisələr fonunda deyil, insanın daxili sarsıntıları prizmasından ifadə edilir. Həyat Şəmi bu mövzulara publisistik sərtliklə deyil, fəlsəfi-poetik təmkinlə yanaşır.
Eşq və sevgi anlayışları kitabda romantik ideallaşdırma müstəvisindən çıxarılaraq daha çox daxili yolçuluğun tərkib hissəsi kimi təqdim edilir. Sevgi burada insanın özünü tanıma cəhdidir, bəzən kamilliyə aparan yol, bəzən də insanı öz sualları ilə tək buraxan bir haldır. Şair eşqi nəticə kimi yox, proses kimi göstərir və bu prosesdə insanın dəyişməsini, iç dünyasında baş verən təbəddülatları ön plana çəkir:
Ayrılıq məni dağlayar,
Gözlərim yosun bağlayar,
Anam yox, məni ağlaya,
Nə olar, gəl, ağla məni...
Qov, dağılsın qara bulud,
Ağlamağı unut, unut...
Yum gözünü, bir arzu tut,
Tut, bir də buraxma məni...
(“Qoxula məni”)
Kitab boyu müəllifin poetik düşüncəsində mədəni və mənəvi coğrafiya da xüsusi yer tutur. Füzuli–Bakı–İstanbul xətti, sadəcə, məkan ardıcıllığı deyil, düşüncə və ruh halının mərhələləridir. Füzuli klassik irsə, metafizik düşüncəyə işarə edirsə, Bakı müasir insanın gündəlik reallığını, İstanbul isə zaman, mədəniyyət və yaddaş qatlarının qovuşduğu poetik mərkəzi simvolizə edir. Bu üç məkan Həyat Şəminin poeziyasında bir-birini tamamlayan mənəvi koordinatlara çevrilir.
“İstanbul saatı ilə” toplusu oxucunu yalnız şeirlərlə deyil, hisslərlə qarşılayır. Burada empatiya və həssaslıq poetik mətnin əsas enerjisinə çevrilir. Oxucu bu şeirlərdə təkcə müəllifin duyğularını deyil, öz daxili səssizliyinin, susdurduğu sualların, ifadə edə bilmədiyi hisslərin poetik əksini görür. Bu mənada kitab oxucu ilə şair arasında gizli, amma güclü bir emosional körpü yaradır.
Yaxşılıq – insanın bu dünyada qoyub getdiyi əməli,
həm də özüylə apardığı yeganə xəzinədir...
(“Rəssam”)
Şairin yaradıcılığında diqqəti ilk cəlb edən cəhət səmimiyyətdir. Bu səmimiyyət emosional açılma deyil, daxili dürüstlükdür. Həyat Şəmi şeirdə rol oynamır, maska taxmır. O, olduğu kimi danışır və bu danışıq bəzən yorğun, bəzən kədərli, bəzən də sakit razılaşma halındadır. Onun poeziyasında süni nikbinlik yoxdur, amma ümidsizlik də hökm sürmür. Burada həyat olduğu kimidir.
Həyat Şəmi üçün poeziya hadisələrin təsviri deyil, ruh halının əksidir. Onun şeirlərində konkret süjetlərə nadir hallarda rast gəlinir. Əvəzində hisslərin axını, düşüncələrin parçalanması, daxili monoloqlar əsas yer tutur. Şair üçün bir anın içində baş verən psixoloji dəyişmə bütöv bir roman qədər əhəmiyyətlidir. Bu baxımdan onun poeziyası modern psixoloji lirikanın xüsusiyyətlərini daşıyır.
Zaman anlayışı Həyat Şəminin poeziyasında xətti deyil. Keçmiş, indi və gələcək tez-tez bir-birinə qarışır. Uşaqlıq xatirələri, itirilmiş sevgilər, gələcək qorxuları eyni misrada yanaşı dayana bilir. Zaman burada ölçü vahidi yox, hiss kateqoriyasıdır. Şair üçün keçmiş unudulmuş bir dövr deyil, hələ də davam edən daxili vəziyyətdir.
Bu poeziyada yalnızlıq xüsusi fəlsəfi məna daşıyır. Həyat Şəminin yalnızlığı romantik tənhalıqdan fərqlidir. Bu yalnızlıq insanın özünə qayıtmaq məcburiyyətidir. Şair yalnızlığı cəza kimi yox, dərk mərhələsi kimi təqdim edir. İnsan yalnız qalanda öz səsini eşidir və bəzən bu səs onu qorxudur, bəzən isə sakitləşdirir.
Həyat Şəminin şeirlərində yalnızlıq çox vaxt sükutla müşayiət olunur. Bu sükut boşluq deyil. Əksinə, mənayla doludur. Şair susur, amma bu susqunluq danışmaqdan daha çox şey deyir. Oxucu bu sükutu hiss edir və mətndə öz daxili səsini eşitməyə başlayır:
Hər şey Mənim əlimdə,
Ürəyim,
əfv fərmanım,
imzam,
qollarım...
Açın qollarımı!
Hər şey Sənin əlində,
Sorğu-sual,
Durğu və duyğu işarələri,
Son cümlə,
Nöqtən.
Ürəyimə ölümcül həmlən...
Son dəfə getmək istəyim,
Üzümə bağlı qapıların dəstəyi...
Açın qapıları!
Hər şey Onun əlində,
Qələm,
Yazı,
Olum və ölüm,
Açın gözlərinizi!
(“Mən, sən, o)
Qadın duyumu Həyat Şəmi poeziyasının ayrılmaz hissəsidir. Lakin bu duyum şüar xarakteri daşımır, feminist pafosla təqdim edilmir. Bu, gündəlik həyatın içində formalaşmış, yorulmuş, amma sınmamış qadın ruhunun poeziyasıdır. Şair qadın olmağı ideallaşdırmır, onu real vəziyyətdə göstərir.
Həyat Şəminin poeziyasının əsas xarakterik mövzularından biri, heç şübhəsiz, vətən mövzusudur. Burada vətənpərvərlik hayqırtı və şüar dili ilə deyil, daxildən gələn məsuliyyət və mənəvi bağlılıq hissi ilə ifadə olunur. Onun vətən mövzulu şeirlərində torpaq anlayışı yalnız coğrafi məkan deyil, yaddaş, ağrı və ümidin cəmləndiyi mənəvi varlıq kimi təqdim edilir. O, yurdunun azadlıq eşqini poetik dillə oxucusuna bir daha hiss etdirir:
Səni şəhidlər gətirdi,
anaların örpəyi –
yüz ildir ürəyimdə gəzdirdiyim,
dodaqlarımın and yeri
üçrəngli Bayrağım gətirdi.
Gətirdi
və mən yaxşı ki,
tanıdım səni, Azadlıq!
(“Azadlıq”)
Qarabağ mövzusu şairin poeziyasında tarixi faktların sadalanması ilə yox, insan talelərinin, itkilərin və sarsılmış xatirələrin poetik dili ilə yaşayır. Bu şeirlərdə vətən ağrısı təbliğat xarakteri daşımır, daha çox insanın içində susaraq böyüyən bir hiss kimi təqdim olunur:
Qarabağ-bağrımın qara ləkəsi,
Vətənin ən gözəl, dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
(“Salam, əsgər!”)
Şuşa və azadlıq mövzuları Həyat Şəminin şeirlərində xüsusi simvolik məna qazanır. Şuşa onun poeziyasında təkcə azad edilmiş şəhər deyil, milli ruhun, mədəni yaddaşın və mənəvi dirçəlişin rəmzidir. Azadlıq isə burada yalnız siyasi anlayış kimi yox, insanın daxili azadlığı, qorxulardan, susqunluqdan, unutqanlıqdan xilas olma halı kimi təqdim edilir. “Azadlıq”, “Əsgərə məktub”, “Qarabağ şəhidim”, “O fevral”, “Şuşa”, “Xarı bülbül”, “Şuşada vurulan vertolyot”, “Qurbanam”, “Şəhidim”, “Qarabağ” kimi şeirlərində şair bu mövzuları pafosdan uzaq, lakin yüksək emosional gərginliklə təqdim edərək vətənpərvərlik anlayışını insanın öz kökü, yaddaşı və mənəvi məsuliyyəti ilə üz-üzə qoyur.
Kəlmələrə tökəmmirəm
səni...
Sadəcə
gözümdən yaşlar tökülür
misra-misra,
yaşam-yaşam,
Şuşam!
(“Xarıbülbül”)
Şairin “Respublika Xatirə Kitabı”na həsr olunan, itkin və əsir düşmüş vətən övladlarındann bəhs etdiyi şeiri neçə-neçə gözü yolda qalan anaların, bacıların ağısı, qəlb yanğısıdır. O bu şeirdə təkcə şair deyil, millətinə qəlbi yanan bir el qızıdır, anadır, bacıdır, övladdır. Ölkəmizin, millətimizin tarixi keçmişini öz səhifələrində qürurla qoruyub saxlayan bir kitabın dəyərini Həyat Şəmi özünün poetik dili ilə şeirin batinində, ədəbiyyatın ruhunda hifz edir:
Qırmızı kitab unutmamışdı heç kimi-
qardaş, bacı, nənə, baba, əmi, dayı...
Hələ də yolunu gözləyirlər:
– Qayıt, bala, qayıt!
Hələ də yolunu gözləyirəm,
itkin düşmüş,
əsir, girov götürülmüş
Soydaşım,
yeni ünvanın mübarək!
“Ümid qapısı” kimi açdım kitabı,
açdım və saxladım...
Və...
“Vətən sağ olsun” deyib,
hər şeyi cızıq-cızıq
alın yazısına bağladım.
(“Xatirə kitabı”na)
Sevgi mövzusu Həyat Şəminin poeziyasında xüsusi, lakin klassik çərçivədən kənar şəkildə təqdim olunur. Bu sevgi çox vaxt itirilmişdir, gecikmişdir və ya yarımçıq qalmışdır. Şair üçün sevgi nəticə deyil, prosesdir. Bəzən sevgi xatirəyə çevrilir, bəzən də insanın içində qalan bir boşluq olur. Amma bu boşluq dağıdıcı yox, düşündürücüdür:
Həbs olunmuş bir sevgi var
dördkameralı qəlbimdə.
Hamısında o yatır...
Həyat Şəmi sevginin pafosundan qaçır. Sevgi burada daha çox səssiz razılaşma, taleylə barışma, içdən gələn qəbul halıdır. Bu isə müasir insanın emosional vəziyyətinə daha uyğundur:
Baxır hey arxanca gözüm,
Gözümdə mirvari düzüm,
Doğulmayan körpəmizin
adını sən qoy.
Bu qədərmiş… bitdi oyun,
Boğazımda sevgim düyün.
Ürəyinə öz sevdiyin
Qadını sən qoy.
Adını sən qoy…
(“Adını sən qoy”)
Şairin dili və üslubu onun poeziyasının əsas dayaqlarındandır. Həyat Şəmi sözlə ehtiyatla davranır. O, dili yormur, cümlələri şişirtmir. Metaforalar sadədir, lakin dəqiqdir. Bu sadəlik poeziyanı zəiflətmir, əksinə, gücləndirir. Çünki şair sözün emosional enerjisinə inanır.
Onun poetik dili gündəlik danışıqla ədəbi dil arasında incə tarazlıq yaradır. Bu, oxucunu mətndən uzaqlaşdırmır, əksinə, yaxınlaşdırır. Şeirlər oxucuya “çətin poeziya” hissi vermir, lakin düşüncə baxımından asan da deyil. Bu poeziya səbir tələb edir. Hətta şair gündəlik həyatımızda baş verən mühüm hadisələri, dilimizə yeni daxil olan və sürətlə ümumişlək sözə çevrilən kəlmələri belə öz poeziyasına asanlıqla daxil edə bilir. Bu mənada “İstanbul saatı ilə” kitabının “Pandemiya şeirləri” hissəsi xarakterikdir. Bu hissədə şair bir zamanlar bütün dünyanı, eləcə də Azərbaycanı və Türkiyəni öz ağuşuna almış pandemiya bəlasına incə göndərmələr edir, o günləri bir daha oxucuya xatırladır. “#EvdeQal”, “Karantində qal indi”, “Koronaviruslu Bakım” kimi şeirlərdə həmin dövrdə dilimizə daxil olan sözlər, şüarlar böyük ustalıqla şeir dilinə uyğunlaşdırılıb:
Yenə könlümə düşdün,
Varmı başqa yol indi?
Qəlbimin köşəsində
Karantində qal indi!
(“Karantində qal indi”)
Təbiət obrazları Həyat Şəminin poeziyasında simvolik məna daşıyır. Payız – tükənmişlikdir, gecə – daxili dialoqdur, yağış – təmizlənmə ehtiyacıdır, külək – dəyişiklik qorxusudur. Təbiət burada insanın psixoloji vəziyyətinin davamıdır. Şair təbiəti seyr etmir, onunla birgə yaşayır.
Həyat Şəminin poeziyasında tez-tez rast gəlinən bir xüsusiyyət də yarımçıqlıq effektidir. Şair çox vaxt fikri tamamlamır, misranı açıq qoyur. Bu açıq qalan yerlər oxucu üçün boşluq deyil, iştirak məkanıdır. Oxucu mətni tamamlayır, onu öz həyatına uyğunlaşdırır. Bu isə poeziyanın interaktiv təbiətini gücləndirir.
Bu poeziya sürətli oxu üçün deyil. Həyat Şəminin şeirləri tələsməyi sevmir. Onlar sakit oxunuş, təkrar baxış, daxili dinləmə tələb edir. Bu poeziya oxucunu informasiyaya boğmur, hissə aparır. Xüsusən kitabın 3-cü – “Qısa şeirlər” adlı hissəsində yer almış poeziya nümunələrini misal göstərə bilərik:
Bir dəli şeytan deyir,
bəlkə, keçdiyin zamanı
geriyə doğru dərk edəsən...
Çıxasan qaldığın yerdən,
bütün yaşadıqlarını
ikiayaqlı tərk edəsən,
İstanbul!
Nəticə olaraq demək olar ki, Həyat Şəmi müasir Azərbaycan poeziyasında özünəməxsus, səssiz, lakin təsirli poetik məkan yaradan şairlərdəndir. Onun poeziyası zamanla köhnəlmir, çünki konkret dövrün hadisələrinə yox, insanın dəyişməyən daxili vəziyyətinə toxunur.
Həyat Şəminin şeirləri oxucunu dəyişdirməyi qarşısına məqsəd qoymur. O, oxucunu özünə qaytarır. Bu poeziya insana “sən tək deyilsən” hissini yaşadır.
Bəlkə də, poeziyanın ən böyük gücü elə insanın içindəki səssizliyi sözə çevirməyi bacarmaqdır. Həyat Şəmi bu səssizliyin şairidir.
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
Qardaşlığın rəngi – Rənglərin qardaşlığında…
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan–Türkiyə” sərgisi açılıb. Bu sərgi, iki dövlətin ortaq yaddaşının, Turan ruhunun, tarixi sədaqətin və mədəni təfəkkürün kətan üzərində dil açması idi… Qələmə and olsun! – belə bir deyim var; sərginin açılış günü bu andın yanında “Fırçaya and olsun!” yəmininin də doğduğunu deyə bilərik.
Əslində, sənətin də geopolitikası var.
Bəzən dövlətlərin imzalaya bilmədiyi mənəvi anlaşmaları rəssamlar çəkir.
Bəzən diplomatiyanın nələrisə ertələdiyi günlər rənglər danışır.
Və Azərbaycan Milli Xalça Muzeyindəki sərgidə danışan – təkcə qrafit, karandaş, rəng olmadı;
danışan tarixin özüydü… yaddaşıydı danışan… danışan “Bir millət, iki dövlət” fəlsəfəsinin sənət dilinə çevrilmiş halı idi…
Eldəniz Babayevin “Sənət körpüsü”, əslində, çağdaş türk mədəniyyət atlasının vizual manifesti, yeni rənglə çağırışı kimi gəldi mənə. Burada Atatürk, Heydər Əliyev həm tarixi şəxsiyyət, həm dövlət ağlı, iradə təcəssümü idi.
Ənvər, Nuru, Kazım Qarabəkir, Səməd bəy Mehmandarov kimi paşaların obrazı isə kətan, qalın kağız üzərindən incə-incə canlanıb, bir millətin yaddaş nöqtələri kimi yenidən dirçəlir...
Bu sərgidə ən çox diqqət çəkən məqamlardan biri də,
rəssamın sanki portret çəkməkdən daha çox xarakterin tarixini çəkməsidir.
Atatürkün baxışlarında bir imperiyanın küllərindən doğan iradə,
Heydər Əliyevin düşüncəli çöhrəsində dövlət quruculuğunun təmkinli fəlsəfəsi,
Əhməd Cavadın üzündə istiqlal nisgili,
Yunus Əmrədə isə türk ruhi gücünün mənəvi sonsuzluğu görünür…
“Sənət körpüsü” adı, əlbəttə, təsadüfi sayıla bilməz; burada körpü coğrafiyalar arasından daha üstün –
ruhlar arasındadır...
Bakı ilə Ankara arasında,
Qarabağla Sakarya arasında,
Yunus Əmrə ilə Hüseyn Cavid arasında,
Aşıq Veysəllə Xəlil Rza arasında görünməz bir estetik yol uzanır, uzanır, uzanır… “Uzun, incə bir yol”dayıq zatən; zatən bizimçün yollar yolu “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” gedən ulu Yoldur.
Bu sərgidə Türk dünyası “siyasi xəritə” olmaqdan çıxaraq, “mədəni taleyüklülük” kimi görünür. Bax, bu, çox önəmlidir.
Çünki XXI yüzildə millətləri sınırlardan daha irəli – ortaq yaddaş qoruyacaq.
Ortaq yaddaşı isə ən çox sənət yaşadır, sənət!.
Eldəniz Babayevin əsərlərində diqqət çəkən başqa bir özəllik də milli romantizmlə realist dəqiqliyin harmoniyasıdır.
Onun qrafik işlərində kölgə yalnız texniki element kimi görünmür – belə deyək, psixoloji qata çevrilir.
Bəs işıq? Hə, bax, işıq isə fiziki parametrləri ötən mənəvi işarədir. – Rəssamın adı Eldəniz, soyadı Baba, ürəyi Türk dünyalı olunca belə olacaqdı təbii.
Budur, “Atatürk İş Bankçıları salamlayır – 1927”! – Əsərdəki salamlaşma səhnəsi, bütövlükdə çağdaş türk tarixinin metaforuna çevrilmirmi? – Dəniz var, gəmi var,
hərəkət var, irəliləyiş var… ən əsası – gələcəyə inam var!
Sərginin 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı günündə açılması da xüsusi simvolik anlam daşıyırdı. Çünki bu sərgi gəncliyə belə bir ismarıc verir: millətlər yalnız iqtisadiyyatla böyümür, millətlər yaddaşla böyüyür. Yaddaşını itirən toplumun gələcəyi də kövrəkləşər.
Sərgiyə ev yiyəliyini məhz Azərbaycan Milli Xalça Muzeyinin etməsi də ayrıca kulturoloji anlam daşıyır. Xalça özü də bir yaddaşdır. Əməkdar rəssam, sənətşünas-alim Məmmədhüseyn Hüseynovun ünlü kitabının adı ilə desək, türkün sənət yaddaşında hər XƏTTİN ŞİFRƏSİ var!
İlmə-ilmə toxunan tarixdir xalça.
Və Eldəniz Babayevin tabloları ilə Azərbaycan xalça estetikası arasında görünməz bir ruh yaxınlığı hiss olunur.
İştirakçısı olduğum açılış bir daha göstərdi ki, Türk dünyasının inteqrasiyası yalnız siyasi platformalarda baş vermir.
Bu inteqrasiya bəzən bir rəssamın yaradıcılıq odasında (emalatxanasında) başlayır…
bir şairin misrasında davam edir…
bir saz havasında yaşayır…
və bir sərgidə xalqın ruhuna çevrilir…
“Sənət körpüsü” sərgisi… duyulan sərgidir.
Bu sərgidən çıxarkən ağlımda bir fikir qaldı – Türk dünyasının ən böyük sərvəti ortaq ruhdur!
TURANA QILINCDAN DAHA KƏSKİN, ULU QÜVVƏT,
YALNIZ MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT! (H.Cavid)
Ortaq türk bayrağımız və yaradıcılıq bayrağımız daim uca olsun!
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)
2200-dən artıq qəzəl və şeir, eləcə də 5 poema müəllifi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ölkənin bir nömrəli qəzəlxanı Əliağa Vahiddir. Böyük söz ustadı Əliağa Vahidin tələbələri də həmişə sayılıb seçiliblər.
O cümlədən, Əliağa Bakir də.
Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakının Maştağa qəsəbəsində fəhlə ailəsində anadan olub.
Uşaqlıqdan qəzələ meyl salıb.
Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlayıb.
O, 2200-dən artıq qəzəl və müxtəlif janrlarda yazılan şeirlərin, eləcə də, 5 poema müəllifidir. Onun əsərlərində yüksək insani keyfiyyətlər və mənəvi dəyərlər ana xətt olaraq görülməkdədir. Yaşadığı həyat qələmə aldığı nəzm əsərlərində öz əksini tapıb. Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunub, bəstəkarlar tərəfindən musiqi bəstələnib, muğam ustaları tərəfindən ifa edilib.
Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanıb. “Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılam “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəlləri çap edilib.
Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxıb.
Əliağa Bakir 22 may 1998-ci ildə Bakıda vəfat edib. Qəbri ata yurdu Maştağa kəndindədir.
Bugünkü anım günüdə onu fəxarətlə anırıq.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)


