ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İstanbulda yenicə nəşr olunmuş “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dili versiyası Azərbaycan Milli Kulinariya Assosiasiyanın (AMKA) ölkəmizin tarixi, mədəniyyəti və mətbəxini beynəlxalq arenada tanıtmaq istiqamətində atdığı növbəti addımdır. Kitabın ingilis dilindəki nəşrinə xeyriyyəçi Rəşid Hüseynov dəstək olmuşdur.

“İrəvan xanlığının mətbəxi” kitabının müəllifləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, Əməkdar mədəniyyət işçisi Oruc Əliyev və AMKM-in baş texnoloqu, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır.

 

Çoxillik tədqiqatların məhsulu olan bu kitab istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi Ermənistan adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinə həsr edilib.

Bu fikirlər Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, kitabının layihə rəhbəri Qivami Rəhimlinin AZƏRTAC-a təqdim etdiyi “İrəvan xanlığının mətbəxi” – qədim Azərbaycan yurduna dair dəyərli ensiklopedik mənbədir” məqaləsində yer alıb. Yazını təqdim edirik.

Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək, içki adları və onların hazırlanması qaydaları verilir. AMKA bu məqsədlə əslən İrəvan bölgəsindən zaman-zaman didərgin düşmüş soydaşlarımızı müxtəlif tədbirlərə cəlb edərək onlardan müsahibə alıb, bir çox tarixi, etnoqrafik, digər elmi mənbələri araşdırıb.

2020-ci ilin noyabrında Fransanın Paris şəhərində keçirilən “Gourmand World Cookbook Awards” beynəlxalq müsabiqəsində İrəvan mətbəxinə aid bu kitab kulinariya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilərək “Əyalət mətbəxi” nominasiyasında “Dünyanın ən yaxşı kulinariya kitabı” mükafatına layiq görülüb.

Bu kitab, həmçinin İsveçin Karlskoqa şəhərindəki Alfred Nobel muzeyində (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden) sərgilənir.

“İrəvan xanlığının mətbəxi” kitabının əsas məqsədi milyonlarla azərbaycanlının – xüsusilə də 1828-ci ildən bəri İrəvan xanlığından zorla çıxarılaraq dünyanın müxtəlif bölgələrinə səpələnmiş yüz minlərlə insanın kulinariya irsini qorumaq və yaşatmaqdır. Bu ensiklopedik əsər bir zamanlar İrəvan xanlığı ərazisində yaşamış azərbaycanlıların zəngin kulinariya irsini sənədləşdirir.

Mətbəx, hər bir xalqın tarixini, ənənələrini və dünyagörüşünü əks etdirən ən davamlı mədəniyyət sahələrindən biri hesab olunur. Bu baxımdan kitab İrəvan xanlığı ərazisində formalaşmış və azərbaycanlılara məxsus olan ənənəvi mətbəx və irsin assimilyasiya və tarixi silinmə təhlükəsindən qorunmasına xidmət edir.

İrəvan xanı nəslindən olan Əmir Əli Sərdari İrəvani bu kitabın əhəmiyyətini belə vurğulayır: “…İrəvanın yerli sakinlərinin – ata-baba torpağından zorla qovulmuş insanların xalq ənənələrini toplamaq ideyası böyük uğurdur. Bu kitab – əsl şah əsərdir, bizim kulinariya tariximizin mədəniyyət xəzinəsi olan yeməklərin toplusudur və bu, gələcək nəsillər üçün qorunub saxlanılacaq”.

Tarix boyu İrəvan xanlığında yaşamış azərbaycanlı əhali məcburi köçkünlük və mədəni irsin silinməsi təhlükəsi ilə üzləşmişdir. Ermənistanın bu bölgənin yerli əhalisinin mədəni və kulinariya irsini mənimsəmə cəhdləri bu gün də ciddi narahatlıq doğurur. Buna biz bir daha 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi Qarabağda Azərbaycan milli və mədəni irsinin dağıdılmasının, tarixi abidələrinin mənimsənilməsinin şahidi olduq.

 

 

Azərbaycan Milli Kulinariya Assosiasiyası ölkənin kulinariya irsinin beynəlxalq səviyyədə sənədləşdirilməsi və tanıdılması istiqamətində aparıcı rol oynayır. Tarixi araşdırmalar, beynəlxalq kulinariya forumlarında iştirak və bu kimi elmi nəşrlər vasitəsilə AMKA müxtəlif mədəniyyətlərin hekayələrini beynəlxalq ictimaiyyətlə çatdırır və Ermənistanın saxtakarlıqlarını ifşa edir.

Tarixi və etnoqrafik mənbələrin geniş spektrini bir araya gətirən “İrəvan xanlığının mətbəxi” kitabı İrəvan xanlığının yerli azərbaycanlı əhalisinin kulinariya mədəniyyəti və maddi irsi haqqında dolğun və canlı bir təəssürat yaradır. Kitab azərbaycanlıların gündəlik həyatına kulinariya nöqteyi-nəzərindən yanaşaraq əkinçilik alətləri, mətbəx ləvazimatları, yüzlərlə ənənəvi yemək və içkilərin adları və hazırlanma üsulları barədə ətraflı məlumat verir.

Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tədqiqat işlərindən aydın olur ki, 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası Göyçə və Zəngəzur mahallarında azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdən toplanmış yemək adları və hazırlanma üsullarını saxtalaşdıraraq “erməni mətbəxini bərpa etmək” adı altında “Армянская кулинария” adlı kitab nəşr etdirib. “İrəvan xanlığının mətbəxi” kitabının vərəqlədikcə ermənilərin İrəvan xanlığında yaşamış azərbaycanlıların mətbəxini mənimsəyərək onları “erməni yeməkləri” kimi təqdim etmək cəhdləri ifşa olunur - boranı, əriştə, xəşil, küftə, dolma, qovurma, bozartma, kətə, lavaş, pendir, göyüplov, odplov, müəmmərplov və imam bayıldı kimi bir çox yeməklərin adlarının və kulinariya köklərinin açıq-aşkar Azərbaycan mənşəyinin şahidi olursan. Tarixi təhriflərə baxmayaraq, dil və mədəniyyət sübutları bu yeməklərin Azərbaycan xalqına məxsus olduğunu təsdiqləyir.

Beynəlxalq ictimaiyyətin mədəni irsin düzgün mənimsəməsi vacib bir məsələdir. Ermənistanın iddialarına baxmayaraq, 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi “lavaş”ı türk xalqlarının ortaq ənənəsi olan çörək kimi, 2017-ci ildə isə “dolma”nı Azərbaycana məxsus mətbəx növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etmişdir.

Kitabın özəlliklərindən biri də İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin – Sərdar sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş, sonralar məhv edilmiş digər memarlıq abidələri haqqında fotosənədlərin nəşrdə yer almasıdır.

Bunların arasında Gürcüstan Milli Muzeyinin arxiv materiallarına və rus şərqşünası və fotoqrafı Dmitri Yermakovun (1845–1916) çəkdiyi fotoşəkillərə, eləcə də II Nikolay tərəfindən Sərdar sarayının bərpası ilə bağlı sənədlərə istinadlar var. Bütün bu mənbələr İrəvan xanlığının ta qədimdən azərbaycanlıların yaşadığı bir ərazi olduğunu təsdiqləyən tutarlı sübutlardır.

Tarixi sənədlərə və etnoqrafik tədqiqatlara əsaslanan “İrəvan xanlığının mətbəxi” kitabı yalnız kulinariya barədə deyil, həm də azərbaycanlıların tarixən yaşadığı bir bölgənin maddi və mənəvi irsi haqqında dəyərli ensiklopedik bir mənbədir.

 

Kitab, həmçinin Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqları geri qaytararaq ərazi bütövlüyümüzün tam bərpasından sonra barışın təşviqinə yönəlmiş milli səyləri əks etdirir. Bu kontekstdə “İrəvan xanlığının mətbəxi” kitabı Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə ünvanladığı əsas çağırışlara, xüsusilə də “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” bəyanatında ifadə olunan fikirlərə söykənir. Prezidentin bu bəyanatı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını, davamlı sabitliyin təmin olunması məqsədini və ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini vurğulayır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların bölgədəki mövcudluğunu “problem” kimi təqdim edən və azərbaycanlılara qarşı etnik təmizləməni, Azərbaycan torpaqlarının işğalını “600 illik problemin həlli” kimi xarakterizə edən ayrı-seçkilik ritorikasının yolverilməz olduğu qeyd olunur. Ermənistanın nəhayət bu ədalətsizlikləri aradan qaldıraraq, beynəlxalq hüquq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını bərpa edib onların tarixi torpaqlarına qayıdışı üçün şərait yaradacağına ümid bəslənilir.

Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı bəyanatını BMT katibliyi Təhlükəsizlik Şurası və Baş Assambleyanın rəsmi sənədləri kimi yayımlayıb. Bu isə məsələnin beynəlxalq əhəmiyyətini və ədalətin dinc və hüquqi yollarla təmin edilməsinin vacibliyini bir daha önə çıxarır.

 

 

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

İyunun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən MDB ölkələrinin şirniyyat masası təqdim edilib.

 

AzərTAC xəbər verir ki, “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı üzrə Tədbirlər Planına müvafiq olaraq təqdim olunan şirniyyat masasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistanın usta qənnadçılarının təklif etdiyi menyu çeşidləri sərgilənib. Usta qənnadçıların təqdimatında MDB ölkələrinin klassik qənnadı məmulatları ilə yanaşı, həmin məhsulların hazırlandığı biomüxtəliflik nümunələri də nümayiş olunub, ziyarətçilərə bu məhsulların hazırlanma üsulları ilə bağlı məlumat verilib. Tədbirdə Azərbaycan milli şirniyyatları UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilən Azərbaycanın çay mədəniyyəti mərasimi ilə birgə təqdim olunub.

 

Mədəniyyət naziri Adil Kərimli tədbir çərçivəsində hər bir ölkənin milli pavilyonunu ziyarət edib, təqdim olunan kulinariya nümunələri, tarixən formalaşmış dad palitrası və mətbəx ənənələri ilə tanış olub.

 

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

Bakının qəlbində, dənizlə səmanın qovuşduğu yerdə nəhəng bir səhnə qurulmuşdu. Bu səhnədə təkcə texnologiyanın səsi, sərmayənin hesabı və siyasətin bəyannamələri eşidilmirdi, burada tarix danışırdı. Burada bir xalqın enerji ilə yazdığı yeni doğuluş dastanı səslənirdi. 2025-cü ilin 2 iyununda Bakı Ekspo Mərkəzi Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərin canlı təcəssümünə çevrildi.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev 30-cu yubiley “Xəzər Neft və Qaz” sərgisi (Caspian Oil & Gas), 13-cü “Caspian Power” sərgisi və “Baku Energy Forum”-un açılışında çıxış edərkən sadəcə bir dövlət başçısı kimi deyil, tarixlə gələcəyi birləşdirən uzaqgörən liderin mövqeyindən çıxış edən bir şəxsiyyət kimi də danışdı. Onun nitqi həm siyasi bəyannamə, həm də strateji vizion idi. 1990-cı illərin səssiz və ağır Bakı günlərini xatırlayaq. Küçələrdə işsizlik hökm sürür, mağaza rəfləri boş qalır, elektrik və istilik çatışmazlığı gündəlik həyatın reallığına çevrilmişdi. Müharibədən yenicə çıxmış, iqtisadiyyatı çökmüş ölkə bir yolayrıcında dayanmışdı: ya dünya ilə əməkdaşlıq, ya da təcrid və xaos. Məhz belə bir kritik məqamda 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər ƏliyevAzərbaycanı siyasi xaosdan, vətəndaş qarşıdurmasından və iqtisadi tənəzzüldən xilas etdi. Onun rəhbərliyi ilə dövlət idarəçiliyində sabitlik təmin edildi, xarici siyasətdə açıq əməkdaşlığa əsaslanan strategiya quruldu. Elə həmin sabitliyin və uzaqgörənliyin nəticəsi kimi 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı.

Ekspert bildirib ki, bu anlaşmayla Azərbaycanın iqtisadi azadlığının, siyasi sabitliyinin və beynəlxalq enerji sisteminə inteqrasiyasının əsasını qoydu:

"Müqavilə “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üçün SOCAR ilə dünyanın 11 nüfuzlu neft şirkəti arasında imzalanmışdı. Onun dəyəri 7,4 milyard ABŞ dolları həcmində qiymətləndirilirdi.Prezident Heydər Əliyev həmin tarixi hadisəni belə dəyərləndirmişdi:“Bu müqavilə Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə inteqrasiyasının əsasını qoydu.” 30 il sonra bu sözlər tam təsdiqini tapdı. 1994-cü ildən bu günə qədər Azərbaycan:AÇG yatağından 600 milyon tondan artıq neft hasil edib; 50 milyard dollardan çox gəlir əldə edib; Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr reallaşdırıb; 12 ölkəyə qaz ixrac edir; Dövlət Neft Fondu vasitəsilə bu sərvəti xalqın rifahına yönəldib. Bu uğurların üzərində yüksələn “Bakı Enerji Həftəsi” artıq yalnız regional deyil, qlobal enerji düşüncəsinin mərkəzinə çevrilib. Azərbaycan təkcə neft və qazla deyil, bərpaolunabilən enerji ilə də tanınmağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2030-cu ilə qədər 6,5 QVt yaşıl enerji gücü hədəflənir. Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, Kəlbəcər və Laçında külək stansiyalarının tikintisi isə davam etməkdədir. “Bakı Enerji Həftəsi”ndə 39 ölkədən 267 şirkət iştirak etdi. Dünya nəhəngləri BP, TotalEnergies, ACWA Power, Masdar, Sinopec, Tatneft və başqaları öz texnologiyaları ilə gələcəyin enerjisinə Azərbaycanla birgə imza atdı. Xüsusilə TotalEnergies tərəfindən təqdim olunan “Metan Daimi Monitorinq Layihəsi” ekoloji şəffaflığın yeni mərhələsinin rəmzidir. Bu tədbir göstərdi ki, enerji sadəcə iqtisadi resurs deyil, enerji düşüncədir, strategiyadır, məsuliyyətdir. Dünya enerji nəhənglərinin fikirləri təkcə əməkdaşlıq çağırışı deyil, həm də gələcəyə ümid və inamın parlaq işıqlarıdır. BP-nin Baş İcraçı Direktoru Bernard Looney nitqində vurğuladı ki: “Azərbaycan regionun enerji təhlükəsizliyində aparıcı rolunu oynayır. Burada qurulan əməkdaşlıq və siyasi sabitlik enerji sektorunun inkişafı üçün möhkəm təməl yaradır. Azərbaycanın müdrik idarəçiliyi və strateji mövqeyi regional enerji xəritəsini yenidən formalaşdırır.” Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və İləri Texnologiyalar naziri Sultan bin Əhməd əl-Cəbəri isə Azərbaycanın enerji siyasətinin regionda necə parlaq bir işıq olduğunu belə ifadə etdi: “Azərbaycan dayanıqlı və yaşıl enerji məsələlərinin həllərinə doğru gedən yolda liderliyini nümayiş etdirir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və gələcəkdə daha sıx əlaqələr qurmaq niyyətindəyik. Bu, iki ölkənin enerji gələcəyini birgə qurması üçün əhəmiyyətli bir addımdır.” Bu fikirlər “Bakı Enerji Həftəsi”nin yalnız bir sərgi və forum olmadığını, həm də qlobal əməkdaşlıq, qarşılıqlı hörmət və yeni texnoloji dönüşlərin simvolu olduğunu göstərdi. Azərbaycanın enerji strategiyası bu gün dünyaya həm iqtisadi gücünü, həm də ekoloji məsuliyyətini nümayiş etdirir".

 

ƏTRAFLI

C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyev SOCAR-ın ExxonMobil və BP kimi qlobal enerji nəhəngləri ilə yeni strateji müqavilələrin imzalandığını xüsusi vurğuladı:

"Bu əməkdaşlıqlar Azərbaycanın enerji sektorunun inkişafını sürətləndirəcək, beynəlxalq mövqeyini daha da gücləndirəcəkdir:

"Bağlanan müqavilələrdə, çıxışlarda səsləndirilən ifadələrdə gələcəyə inam, dərin strateji düşüncə və qlobal əməkdaşlığa açıq olan Azərbaycan obrazı canlandı. Təbii qaz ixracının 8 milyard kubmetrə çatdırılması hədəfi Azərbaycanın enerji resurslarını yeni mərhələyə daşıyacaq və dünya bazarında daha da güclü iştirakını təmin edəcəkdir. Bu strateji mesajlar təkcə iqtisadi rəqəmlərdən ibarət deyildi; onlar Azərbaycanın gələcəyə baxışını, enerji siyasətindəki müdrikliyi və davamlı inkişafa olan sadiqliyi ifadə edirdi. Prezident İlham Əliyevin nitqi Azərbaycanın enerji tarixində yeni bir fəsil açdı, onu qlobal enerji arenasında aparıcı oyunçu kimi təsdiqlədi. Enerji ilə yazılan bu böyük hekayə həm də Azərbaycanın sabitliyi, rifahı və gələcək nəsillərin firavanlığı üçün qarantiyadır. Bu hekayənin qəhrəmanları isə uzaqgörən lider və bütün Azərbaycan xalqıdır. Azərbaycanın son onilliklərdə qazandığı bütün uğurların arxasında bir amal dayanır: dövlətçiliyə, torpağa və xalqa sadiqlik.Bu amal təkcə enerji siyasətində deyil, 44 günlük Vətən Müharibəsində də öz təcəssümünü tapdı.“Bakı Enerji Həftəsi” həm də qəhrəmanlıq ruhunun daşıyıcısıdır. Prezident İlham Əliyev həm döyüş meydanında, həm də enerji sahəsində ölkəsini uğurlara aparan Lider kimi tarixə adını yazdırıb. Veteranlar bu uğurları Lider – Xalq birliyinin ümumi zəfəri kimi qiymətləndirirlər. Onlar yaşıl enerjiyə keçidin, enerji təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığın fəal iştirakçılarıdır. Azərbaycanın dünyaya verdiyi mesaj aydındır: Enerji sadəcə resurs deyil, dəyərdir. Bu dəyəri gələcək nəsillərə daşımaq isə yalnız uzaqgörən, müdrik dövlət başçılarının işidir.“Əsrin müqaviləsi” ilə başlanan yol bu gün yaşıl enerjiyə uzanan körpü ilə davam edir. Bu körpünün üstündən keçənlərə Azərbaycanın səsləndirdiyi çağırış birmənalıdır".

“Biz sadəcə iştirakçı deyilik, biz aparıcı üzvlərdənik.”

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

3 iyun 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev arasında görüş keçirilib.

 

Görüş zamanı əməkdaşlığın perspektiv istiqamətləri barədə fikir mübadiləsi aparılıb, birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.

Tərəflər mədəni diplomatiyanın ölkələrin xarici siyasətinin mühüm tərkib hissəsi kimi təşviq olunmasının əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər arasında davamlı əməkdaşlıq və mütəmadi əlaqələrin qurulması barədə razılıq əldə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Ramin Yaşardır.

 

 

Ramin Yaşar

Təbriz

 

 

GÜNEY

 

Hər səhər üz tutub üzünə sarı,

Günəş gözlərinə baxaram güney.

Dərdini Təbrizin ərkindən duyub,

Soyuq əllərini sıxaram güney.

 

Ahına qovrulub, oduna yanıb,

Sevginə can atıb, sözünü anıb,

Qutsal torpağını səcdəgah sanıb,

Gülgün ürəyinə axaram güney.

 

Sən yaşam yağışım, yaşayış payım,

Varlıq sırasında ulduzum, ayım,

Ağrından süd əmsə çörəyim, çayım,

Özüm öz evimi yıxaram güney.

 

Elə yad saçların daransın dara,

Şanlı arzuların otursun bara,

Xan Araz bağrımda olmasın yara,

Quzeyi köksümə taxaram güney.

Hər səhər üz tutub üzünə sarı,

Günəş gözlərinə baxaram güney...

 

 “Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində türk dünyasının qürur və iftixar rəmzi sayılan “Divanü lüğət-it Türk” barədə danışacağıq.

 

Mahmud Kaşğarinin XI əsrdə ərsəyə gətirdiyi “Divanü lüğət- it Türk” əsəri türk dilinin ilk sistemli lüğəti olmaqla yanaşı, eyni zamanda türk xalqlarının mədəni, sosial və etnoqrafik həyatını əks etdirən qiymətli mənbədir. Bu əsər sadəcə leksik vahidlərin izahı ilə kifayətlənməyib, onların hansı türk boylarına məxsus olduğunu, hansı bölgələrdə istifadə edildiyini, müəyyən sözlərin fonunda həyat tərzi, inanc sistemi, adət-ənənələr, qida mədəniyyəti və sosial münasibətləri də geniş şəkildə təqdim edir.

Araşdırmamızda əsas məqsəd “Divanü lüğət- it Türk” əsəri əsasında türk xalqlarının dil və etnoqrafik xüsusiyyətlərini ortaya çıxarmaq, dövrün ictimai-mədəni mənzərəsini bu əsərin dili vasitəsilə şərh etməkdir.

1. Mahmud Kaşğari və əsərin məqsədi

 Mahmud Kaşğari “Divanü lüğət- it Türk” əsərini Bağdadda ərəb dilində qələmə almış və bu əsəri əsasən Abbasi sarayında türklərə qarşı formalaşmış yanlış təsəvvürləri aradan qaldırmaq məqsədilə hazırlamışdır. O, türk dilini ərəb dilinə bərabər səviyyədə təqdim etməyə çalışmış, türklərin zəngin dil və mədəni irsə malik olduqlarını sübuta yetirmişdir.

2. Türk dillərinin təsnifatı və dialekt fərqləri

 Əsərdə oğuz, qıpçaq, qarluq, çiğil, yağma, uyğur, peçenək kimi müxtəlif türk boylarına aid sözlər verilir. Mahmud Kaşğari bəzi sözlərin hansı tayfada necə tələffüz edildiyini, sinonim və dialektal fərqlərini qeyd edir. Bu fakt əsərin sadəcə bir lüğət deyil, ilk dialektoloji mənbə olduğunu göstərir. Məsələn:

  • “Sub” (su) – bəzi bölgələrdə “suv”
  • “Yaylaq” – bəzi bölgələrdə “yazlıq”

Bu fərqlər türklər arasında regional dil fərqlərinin artıq formalaşdığını göstərir.

3. Etnoqrafik məlumatlar

Mahmud Kaşğarinin təqdim etdiyi sözlər yalnız leksik mənada deyil, onların izahı zamanı verilən şərhlər, atalar sözləri və şeirlər etnoqrafik baxımdan da çox dəyərlidir. Aşağıda bu məlumatların əsas sahələr üzrə təsnifatını təqdim edirik:

a) Geyim və məişət

  • “Ton” – xəz kürk
  • “Yağlıq” – baş örtüyü
  • “Çatma” – kəmər
    Bu sözlər türklərin iqlim şəraitinə uyğun geyim tərzlərini və gündəlik məişət avadanlıqlarını göstərir.

b) Qida və içki

  • “Et” – ət
  • “Yağ” – yağ
  • “Qımız” – at südündən hazırlanan içki
    Bu sözlər köçəri həyat tərzində ət və süd məhsullarının əsas qida olduğunu göstərir.

c) Silah və hərbi terminlər

  • “Kılınç” – qılınc
  • “Yay” – ox atan silah
  • “Nezek” – mizraq
    Bu terminlər türklərin döyüşkən və hərbi təşkilatlanmış toplum olduqlarını göstərir.

d) Sosial quruluş

  • “Beg” – tayfa başçısı
  • “İl” – dövlət
  • “Qan” – ali rəhbər
    Bu anlayışlar türk tayfa sistemində mövcud olan sosial iyerarxiyanı və dövlət quruculuğunu əks etdirir.

e) Dini və inanc sistemi

  • “Tengri” – Tanrı
  • “Qut” – ilahi bəxşiş, müqəddəs güc
  • “Yalavaç” – peyğəmbər
    Bu sözlər göstərir ki, türklər hələ İslamdan öncə təbiətə bağlı inanclar sisteminə (tengrizm və şamanizm) malik olublar.

4. Folklor və mədəniyyət

Əsərdə yüzlərlə atalar sözü və şeirlər də təqdim olunur ki, bunlar da xalq hikmətini, həyat tərzini və dünyagörüşünü əks etdirir. Məsələn:

  • “Yigidi ata tərbiyə edər.” – Sosial tərbiyənin ailə və ata rolunu vurğulayan atalar sözüdür.

Bu nümunələr türk xalqlarının şifahi mədəniyyətinə dair dəyərli məlumatlar təqdim edir.

 Mahmud Kaşğarinin “Divanü lüğət- it Türk” əsəri yalnız türk dillərinin ilk sistemli lüğəti deyil, həm də geniş miqyaslı etnoqrafik qaynaqdır. Əsərdə verilmiş sözlər və onların izahları vasitəsilə XI əsr türk toplumlarının dil, mədəniyyət, adət-ənənə, dini inanclar və sosial həyatları barədə ətraflı məlumat əldə etmək mümkündür. Bu baxımdan əsər həm dilçilik, həm də antropologiya və etnologiya sahələri üçün əvəzolunmaz bir mənbədir.

 Araşdırmanın nəticəsi olaraq demək olar ki, “Divanü lüğət- it Türk” əsəri türk xalqlarının mədəni kimliyini, dil zənginliyini və ictimai-mədəni həyatını öyrənmək üçün əsaslı və çoxşaxəli bir qaynaq kimi dəyərləndirilməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

                                                                            

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı

 

Barbara Şerin tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

 

Birinci çalışma.

Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecədə Rəsul Rzanın çıxışı

Azərbaycan Elmlər Akademiyası,

           May, 1958

 

Mənim yadımdadır, Azərbaycan Ali Sovetinin II sessiyasında Səməd Vurğunun bir çıxışı oldu. Mən bu çıxış haqqında demək istəyirəm. Bilirsiniz ki, o sessiyada bizim əlifba məsələsi müzakirə olunurdu. O dedi: “Yeni əlifba hər şeydən əvvəl bizim ana dilimizin inkişafına kömək etməlidir. Bu yeni əlifbanı qəbul etdikdəbiz hansı şərtləri irəli sürməliyik? Birinci şərt budur ki, – Səmədin sözləridir, – yeni tərtib edilmiş əlifba Azərbaycan milli dilinin bütün xüsusiyyətlərinə cavab verməlidir. Bizim dilimizin bir nöqtəsi, bir vergülü də zərər görməməlidir. Çünki dil əlifba əsasında deyil, əlifba dil əsasında yaranır”.

Yoldaşlar, mən təəssüflə deməliyəm ki, bu nitq Səmədin çap olunmuş əsərlərində yoxdur. Gərək onu şairin külliyyatına salaq. Bu nitqində Səməd Azərbaycan dili haqqında bilavasitə danışaraq deyirdi ki, bizim dilimiz hər hansı bir dil kimi sosializm dövründə də öz xəzinəsi əsasında zənginləşmişdir.

Biz xalq varını qoruyuruq. Onun müqəddəs var-dövləti isə xalqımızın dilidir. Dil xalqın namusu, tarixi, demək, onun vicdanıdır. Biz hər yerdə dilimizi göz bəbəyi kimi qorumalıyıq. Və mənə elə gəlir ki, bu gün biz əziz şairimizin xatirəsini əbədiləşdirmək üçün hər cür tədbir görürüksə, bunlar hamısı yaxşı, yerindədir. Ən böyük abidəmiz isə Səməd Vurğunun canından artıq sevdiyi Azərbaycan xalqının səadəti uğrunda mübarizədir. Onun üçün ən böyük abidə uzun illər uğrunda mübarizə elədiyi, sevdiyi və öz böyük qüdrəti ilə yaranmasında, inkişaf etməsində, zənginləşməsində böyük rol oynadığı gözəl, saf, təmiz Azərbaycan dilidir ki, onun keşiyində durmalı, onu Səməd Vurğun kimi sevməli, Səməd Vurğun kimi qorumalı, zənginləşdirməli və bununla da böyük şairimizin əbədi xatirəsini öz qəlbimizdə yaşatmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

 

Çərşənbə, 04 İyun 2025 15:33

BİZİM KİNO -"40-cı qapının sirri"

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Rejissor Elçin Musaoğlu, “40-cı qapı” filmi.

Növbəti dəfə bu film barədə danışacağıq.

Hadisələr ötən əsrin sonunda yeniyetmə bir gəncin həyatından bəhs edir. 

14 yaşlı Rüstəmin (Həsən Səfərov) Moskvaya alver üçün getmiş atasının ölüm 

xəbəri gəlir. Həyata hazır olmayan yeniyetmə gənc və çıxılmaz vəziyyətdə qalan 

evdar anası adi məişət problemlərinn əlində aciz qalırlar.

 

Belə vəziyyətdə Rüstəm ailəyə qazanc gətirmək məqsədilə məktəbi atmağa məcburolur. Dolanışıq naminə hər cür əziyyətə qatlaşan bu yeniyetmənin maraqlı bir 

dünyası var. O, ruhunun ritminə uyğun olan musiqilərin avazı ilə xəyal qurur, mahir nağara 

ifaçısı olmağı arzulayır, bu musiqi alətini almaq üçün pul toplamağa çalışır. Lakin maşın yumaqla gündəlik yaşayışlarını güclə təmin edən yeniyetmə xəyallarının

gerçəkləşə bilməyəcəyini də başa düşür.

 

Ailənin ağırlığının azyaşlı oğlunun çiyinlərinə düşməsinə razı olmayan Rüstəmin 

anası ona kömək etmək istəsə də, həyatın sərtləşmiş qanunları və ətrafındakı 

bədniyyətli insanların olması ona bu imkanı vermir. O, susmağa, oğlunun qəmgin həyat tamaşasındakı “çaşqın qurban” obrazını seyr 

etməyə məcburdur.

Hadisələrin cərəyan etdiyi Bakıətrafı kiçik qəsəbədə (“40-cı qapı”da) belə 

yeniyetmələrin çoxluq təşkil etdiyini görürük. Məktəbi atıb, küçələrdə maşın 

yumaqla bir tikə çörək qazanmağa məcbur olan Rüstəm isə onların 

ümumiləşdirilmiş obrazıdır.

Rüstəm İbrahimbəyovun gözəl bir sözü var: “İncəsənətin əsas məqsədi insanda

insanlığı qorumaqdır”. 

“40-cı qapı” filmində də bu meyar əsas götürülüb. Həyatın sıxıntıları ilə dolu 

kadrların fonunda insanlara ünvanlanmış mərhəmət, səmimiyyət prinsipləri 

dayanır. 

Həyatın yazılmamış amansız qanunları dünya kinosunun həmişə aktual mövzusu 

olub.

Sürrealizm, neorealizm cərəyanlarına aid olaraq dünyanı heyrətə salan filmlər 

müxtəlif xalqların sakinlərinin daxili aləmlərinin, mənəvi dünyalarının mahiyyətinibədii dəyələrlə, vizual effektlərlə dəqiq şərh etdiyinə görə cəmiyyəti heyrətə 

gətirirdi.

Bizim kinoda isə hadisələrin mahiyyəti bəzən sovet rejiminin qadağalarına məruz 

qaldığına görə o qədər də qabarıq və emosional işlənmədiyindən bəzi dövrlərin 

kino təqdimatında həyat süni və yad təsir bağışlayıb. Bu gün isə vizual vasitələrin

 (televizor, kompyuter, telefon və s.) bolluğunda olan tükənməz tamaşaçı tələbatına cavab vermək çətindir. Filmlərin baxılmamağının səbəbini bu kimi amillərlə 

əsaslandırsaq da, kinosevərlərin arasında səmimi, sadə hadisələrin poetik və yaxud real təsvirlərinin seyrinə üstünlük verən düşüncəli tamaşaçılar da çoxdur.

Bu mənada kinoda tamaşaçıların gözlərini qamaşdıran köməkçi təsvir vasitələrinin (kompyuter qrafikası, ən son texniki təchizat və s.) rolu o qədər də həlledici deyil. Çünki, bədii mahiyyəti güclü olan ekran əsərlərinin dramaturji materialına bu kimi amillərin yoxluğu elə də xələl gətirmir.

Deməli, kinonun durmadan inkişaf edən imkanlarının labüdlüyü hər bir film üçün vacib deyil. Yetər ki, yaradıcı kollektivin fərdi keyfiyyətlərindəki peşəkarlıq aydın və qabarıq şəkildə özünü büruzə versin.

“40-cı qapı” filmindəki reallığa maksimum səviyyədə yaxın olan hadisələrin 

şablonsuz təsvirlərinin kamera dinamiksizliyi ilk baxışda sanki məziyyətlərin qəbul olunmasını ləngidir. Lakin hadisələrin məntiqi mənasını dəqiq diktə edən 

mizanlardakı personajların mövqeyi, aktyorların qabarıq ifaları bizi ekrandakı 

dramatik hadisələrə biganə qalmamağa məcbur edir. Reallıqların əksi olan bədii 

materialın ekran variantı daim tamaşaçılar üçün maraqlı olub. Köməkçi, 

gözqamaşdıran texniki vasitələr kinonun vizual effektlərini gücləndirsə də, maddi 

çətinliklər dövrundə bunlarsız da güclü kompozisiyaya malik ekran əsərləri uğur 

qazanır. Belə kinonu yoxsul, lakin zəngin mənəviyyatı olan bir canlıya bənzətmək olar.

 

“40-cı qapı”dakı hadisələrin mahiyyəti dərindir. Uşaq dünyasını, qadın zərifliyini 

həyat mübarizəsi zəminində qəddarlıq qanunlarına əsasən tapdalayan həyat 

amilləri, küçə qanunları əslində qlobal bəlaların başlanğıcıdır. Hamımız bilirik ki, kinonun tərbiyəvi cəhətlərindən biri də insanda mədəni, mənəvi keyfiyyətlərin 

yüksək olmasının labüdlüyünü vurğulamaqdır. Buna əngəl olan amillər isə ya 

müharibələr, ya da ki, insanın insan tərəfindən istismarına rəvac verən diktatorluq

iddiasıdır. Sən demə, küçədə bir tikə çörək qazanmaq üçün maşın yuyanların da 

qazandıqları qəpik-quruşdan haqq verəcəkləri “reketlər” var. Onların mövqeyi isə 

kütləvi şəkildə odlu və soyuq silahla silahlanmış cinayətkarlardan da təhlükəlidir. Ona görə ki, dünyanın sivil dövründə psixoloji istismara üstünlük verən bu 

cinayətkar dəstələrin əsas qurbanları məhz həyatın məngənəsində sıxılmaqla 

problemlərinə boyun əyən azyaşlı, çarəsiz uşaqlardır.

İnsanların fərdi xüsusiyyətləri kimi formalaşdırdığı küçə anlayışları 

kinematoqrafiyanın daim müraciət etdiyi bir mövzudur. Ta qədimdən insanların

kimliyini, mövqeyini müəyyənləşdirən məskənləri fərqlənib. Bu fərqliliyin 

fonunda isə yaşayan insanların həyat mövqeyini, düşüncələrini kino daha dəqiqi

səciyyələndirir.

“40-cı qapı”da yoxsullara dayaq durmağa çalışan çarəsiz oğru da var, əlacsız kasıb 

da, əxlaqsız varlı tacir də. Qəribədir ki, “40-cı qapı” balansı böyük olan həyat 

tərəzisinin ölçüsünə görə ən kiçik, orada məskunlaşan və imkansızlıqları daxilində əriyən sakinlərinin dərdlərinin çəkisinə görə isə ən ağır daşıdır.

“40-cı qapı” sirlərlə, təzadlarla dolu olan dünyanın bizi təəccübləndirən qaranlıq 

bir otağıdır. Bu otaq filmdən də göründüyü kimi, alınlarına yoxsulluğun əzab və

 iztirabları yazılmış nakam insanlara məxsusdur. Yoxsulluqdan, qazanc dalınca 

evindən didərgin düşən insanların (Rüstəmin atası, dayısı) da qaranlıq həyatlarının natamam sonluqlarını “40-cı qapı” özünə çəkir. 

Bir sözlə,“40-cı qapı” sözün əsl mənasında həyat məngənəsidir. Lakin burada 

yaşayan insanlar ümidlərini itirmirlər. Onların mənəvi zənginlikləri maddi 

yoxsulluqlarını üstələyir.

Deməli, dünyanı dəyərləndirən “kəşməkəşli rəngarəngliyi” yox, insanlığa dəyər 

verən, onları mədəniyyətə doğru səsləyən, güc verən zəngin mənəviyyatdır. Bu

mənəviyyatın keşiyində duranlar isə dədə-baba xalçasını, mirasını hər vəchlə 

qorumağa çalışan, dinamik həyat ritmlərini qəlblərində səsləndirməyə məcbur olanRüstəm kimi məğlubedilməzlərdir. O, hələ üzünə gülməyən həyat qapısının başlanğıcındadır. Sonu görünməyən 

yüzlərlə qaranlıq mənzillərin qapısını isə onun əqidəsi, cəsarəti açacaq. O əqidə ki, başqalarının da yoluna nur saça biləcək.

14 yaşlı Rüstəm obrazının ifaçısı Həsən Səfərov obrazın psixoloji cəhətlərini, 

mövcud xüsusiyyətlərini real canlandırıb. O, qaranlıq dünyanın “40-cı qapı”sının kiçik sakininin həyata baxış formalarını şablonsuz oynayıb. 

Hadisələrin bədii mahiyyətinin tamaşaçıya operativ çatdırılmasında Rüstəm 

obrazının xüsusi rolu var. 

Lakin tərəf müqabillərinin kamera qarşısındakı naşılığı onun da yaradıcılığına 

kölgə salır.

Məsələn, maşın yuyan uşağın donuq jestləri, Rüstəmin döydüyü “reket” oğlanın 

arxayın qaçışı, kor uşağın həyatı ilə razılaşmış mövqeyi və s.

Qaranlıq dünyalarına işıq ucu düşməyən qadınların ümumiləşdirilmiş obrazlarının dramaturji psixologiyasını açmaq isə Rüstəmin anası rolunu ifa edən Gülər 

Nəbiyevanın üzərinə düşüb. Bu obraz ərini dinc dövrdə deyil, müharibədə, 

cəbhədə itirən çarəsiz bir qadın təsiri bağışlayır. Yalnızlığın dəhşətini, 

imkansızlığın insanı səfilliyə, çarəsizliyə sürükləyən vəhşətinin dözülməzliyini

 Gülər bütün yaradıcılıq imkanları daxilində ifa etməklə, rejissor ideyalarını 

tamaşaçıya daha da yaxınlaşdırmış oldu. 

Bu film bizi 1990-cı illərdə ölkəmizdə yaşanmış gərginliklərlə dolu hadisələrə

 nəzər salmağa vadar edir.

Həyatımızın müəyyən mərhələlərini tərənnüm edən bu kimi filmlər insanlara yeni, gözəl həyat quruculuğu uğrunda apardıqları mübarizələrdə stimul verir, onları 

əyilməzlik naminə inkişafa, tərəqqiyə, maarifpərvərliyə çağırır.

Rejissor Elçin Musaoğlu həyata olan fərqli baxışlarını yaradıcılığı fonunda bizə 

pıçıldamaqla sənətdə olan prinsipiallığını göstərmiş oldu.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı “Evdə həkim” rubrikasında bu dəfə actual suala cavab verəcək. Fəsil dəyişikliyi zamanı hansı allergik əlamətlər müşahidə olunur? Axı yazdan yaya keçməyə hazırlaşırıq?

 

Rubrikanı Kənan Məmmədli aparır.

 

Baharın ilıq havasını hiss etdikcə park və açıq havada gəzmək istəyi baş qaldırır. Ancaq allergiyası olanlar həmin mövsümdə narahatlıqla üzləşirlər. Çiçək açmağa başlayan ağaclarda gedən tozlanma prosesi ağız, burun və ciyərlərə qıcıqlandırıcı təsir göstərir. Lakin allergiya təkcə tozlanma ilə əlaqədar olmur.

Həkim-allerqoloq Ramin Nəriman həssas insanların diqqət yetirməli olduğu məqamlara toxunub: "Yaz mövsümündə məişət tozu gənələri çoxalır və onlar istənilən yaşayış sahəsində var. Allergiyası olanların yatdığı otaqda yun əşyalar yığışdırılmalı, yorğan-döşək və yastıq dəyişdirilməldir. Yaxşı olar ki, onlar küləkli havada bayıra çıxmasınlar. Bayıra çıxarkən baş örtükləri, gün eynəkləri və qoruyucu maskalardan istifadə etmək lazımdır. Evə qayıdandan dərhal sonra duş qəbul olunmalı, üst geyimlərini yataq otağına aparmamalıdırlar".

Qidaların qəbulu zamanı kəskinləşən allergik reaksiyaların fəsil dəyişikliyi ilə bağlılığı yoxdur. Belə hal bəzi mövsümi qidaların - çiyələk, alça, böyürtkən və digər giləmeyvələrin həddindən artıq qəbulu zamanı baş verir. Fəsil dəyişikliyi olan ərəfədə allergik əlamətlər burun və boğazda da üzə çıxır.

Qulaq-burun-boğaz cərrahı Nuray Şükürova deyir ki, burundan selikli ifrazatın olması qaşınma və tələffüzün çətinləşməsi zamanı ilk olaraq cərraha yox, allerqoloqa müraciət edilməlidir: "Kimin allergiyasının nəyə olduğunu bilmək üçün xüsusi testlər var və onun aparılması allerqoloqlar tərəfindən idarə olunur. Xəstələri pandemiyadan əvvəlki və sonrakı dövrlərə bölsək, daha çox aşkarlanan udlaqda və sərt damaqda qaşınma hissi indi daha çoxdur. Şikayətlər daha da kəskinləşərsə, əsasən xəstəni burun tənəffüsünün pozulması narahat edirsə, onda xəstəyə cərrahiyyə əməliyyatı edilməsi məsləhət görülür".

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

 

35 -dən səhifə 2264

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.