“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib

 

21 may 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 257 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə “Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib.

 

Tədbirdə pedaqoq Elnurə İsmayılova və təlimçi Təranə Nuriyeva uşaqlarda nitq mədəniyyətinin formalaşmasında mütaliənin mühüm rolundan bəhs ediblər. Şagirdlərə kitab oxumağın söz ehtiyatını zənginləşdirdiyi, düzgün, səlis və axıcı danışıq qabiliyyətinin inkişafına müsbət təsir göstərdiyi interaktiv üsullarla izah olunub.

   Tədbir çərçivəsində şagirdlər kitabxana fondundan seçdikləri müxtəlif nağıl kitablarını və ensiklopediyaları mütaliə edib, əldə etdikləri biliklər ətrafında maraqlı müzakirələr aparıblar. Həmçinin uşaqlara süni intellekt və müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunaraq hazırlanmış kitab videoçarxları təqdim edilib. Layihənin əsas məqsədi uşaqlarda mütaliə vərdişini inkişaf etdirmək, onların dil bacarıqlarını və nitq mədəniyyətini formalaşdırmaq, eyni zamanda müasir texnologiyalardan səmərəli istifadə etməklə kitab və oxu mədəniyyətinə marağı artırmaqdır. Layihə şagirdlərin gələcəkdə savadlı, dünyagörüşlü və uğurlu natiq kimi yetişməsinə dəstək göstərməyi hədəfləyir.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.