Berlində “Bir arzum vardı” adlı konsert

Almaniyanın paytaxtı Berlində 28 May - Müstəqillik Gününə həsr olunan “Bir arzum vardı” (I Had A Dream) adlı konsert keçirilib.  Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Berlin Senatının Mədəniyyət və Sosial Həmrəylik Departamentinin dəstəyi ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə,konsertin proqramına görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Şur” simfonik muğamı, Renessans dövrü ingilis bəstəkarı Con Doulendin “Yeddi göz yaşı” kompozisiyası və dahi şairimiz Məhəmməd Füzulinin poeziyasından seçilmiş nümunələr daxil edilib.

Konsertin əsas ideyası Məhəmməd Füzuli və Con Daulend yaradıcılığında sevginin həm həyatın mənası, həm də iztirab kimi təqdim edilməsinə əsaslanıb. Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindəki fəlsəfi yanaşma ilə Con Daulendin şəxsi böhran və duyğularının inikası olan musiqisi arasında paralellik böyük peşəkarlıqla nümayiş etdirilib.

Almaniyada məskunlaşan azərbaycanlı musiqiçi, “Bir arzum vardı” layihəsinin təşkilatçısı Tural İsmayılovun rəhbərlik etdiyi “Anima Şirvani” və “Oltremontano Antverpen” ansambllarının Qərb ilə Şərq musiqi ənənələrinin sintezindən ibarət konsert izləyicilərə unudulmaz anlar yaşadıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.