ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İstanbulda Azərbaycan mədəniyyətini tanıtmaq və Qarabağ Zəfərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Qarabağdan İstanbula” mövzusunda xalça sərgisi və panel iclas təşkil edilib.

 

AzərTAC xəbər verir ki, Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi (TÜRGEV) və “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin əməkdaşlığı ilə ərsəyə gələn proqram İstanbulun Gözəl İşlər Fabrikası (GİF) “Safveti Paşa” mərkəzində baş tutub.

 

Tədbirin açılışında çıxış edən TÜRGEV-in İdarə Heyətinin sədri Hatice Akıncı Yılmaz Qarabağın Türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış, böyük mübarizələrin və həsrətin rəmzinə çevrildiyini bildirib.

 

O, deyib: “Qarabağ yalnız bir torpaq deyil, eyni zamanda, bir millətin əzminin, səbrinin və birlik ruhunun ən böyük nişanəsidir. Xocalıda yaşanan zülm və illər boyu davam edən işğal hamımızı dərindən yaraladı. Lakin bu, eyni zamanda, Azərbaycanın haqlı davasını dəstəkləmək üçün Türk dünyasında daha güclü bir bağın qurulmasına vəsilə oldu. Qarabağda yaşanan zülmü və Azərbaycanın haqlı davasını bütün dünyaya çatdırmaq üçün Türkiyə böyük səylə çalışırdı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dövlət qurumlarımız və vətəndaş cəmiyyətlərimiz “Bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında oldu. Şükürlər olsun ki, haqq öz yerini tapdı və Qarabağ torpaqları 30 il davam edən işğaldan azad edildi. Bu gün burada Azərbaycanın tarixi və mədəni zənginliyini, Türk dünyasının dərin əlaqələrini sənət vasitəsilə bir daha xatırlamaq üçün toplanmışıq. Sənət millətlərin ruhunu qidalandıran, tarixini yaşadan və keçmişdən aldığı güclə gələcəyini işıqlandıran körpüdür. Bu körpü vasitəsilə millətlər öz kimliklərini və şəxsiyyətlərini formalaşdırır və dünyaya öz mədəniyyətlərini tanıdırlar”.

 

Tədbir çərçivəsində “Qarabağın tarixi, toxuma sənətindən bu günün sənət sahəsinə uzanan səyahət” mövzusunda təşkil olunan panel iclas keçirilib.

 

Paneldə Rəssamlar İttifaqının üzvü, Azərbaycanın xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova sərgidəki xalçaların xüsusiyyətləri və hekayələri barədə məlumat verib. Milli parça kolleksiyaçısı və araşdırmaçısı Fuad Cəbrayılov isə “Azərbaycanın ənənəvi Qarabağ qadın geyimləri və tarixi formaları” mövzusunda təqdimatla çıxış edib. “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin qurucu rəhbəri, aktrisa Kəmələ Kamal Cabbarova isə çıxışında Qarabağın xalçaları və mədəni irsi barədə məlumat verib, bölgənin mədəniyyəti, sənəti və tarixi haqqında danışıb.

 

Proqram zamanı iştirakçılara Azərbaycan və Türk mətbəxinin fərqli bölgələrinə aid nümunələr təqdim olunub.

 

Tədbirdə Elnarə Rəsulovanın ideya müəllifi olduğu əsərlər, o cümlədən dünyanın məşhur muzeylərində saxlanılan, Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsus Qarabağ Zəfərinə həsr edilmiş “Ata vəsiyyəti, oğul Zəfəri”, “Dəmir Yumruq”, “Laçın zirvəsi”, Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş “Bir millət, iki dövlət… tək yumruq”, “Soyumuz bir, dinimiz bir..” mövzusunda xalçaları sərgilənib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

“Azərbaycan xalçasının ehtişamı – Səfəvi dövrü xəzinəsi" adlı sərgi bu gün Azərbaycan Milli Xalça Muzeyində açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə nümayiş olunan möhtəşəm sənət əsərlərinin hamısı Azərbaycan tarixinin Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Bu əsərlər Əmir Oskoueinin şəxsi kolleksiyasının bir hissəsidir və Azərbaycan Milli Xalça Muzeyində sərgilənmək üçün xüsusi olaraq ABŞ-dan gətirilib.

 

Nümayiş olunan xalçaların əksəriyyəti Azərbaycan xalçalarının dünyada məşhur olan növləri, o cümlədən Qarabağ və Quba xalçaçılıq məktəbi ustaları tərəfindən Azərbaycanın Səfəvi şahlarının saraylarını bəzəmək üçün hazırlanmış “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalılarıdır.

 

Sərginin açılışında çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın bu nadir incəsənət xəzinələrini onların doğma vətənində ictimaiyyətə təqdim etməkdən böyük şərəf duyuruq. İnanırıq ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan incəsənətinin XVII-XVIII əsrlərdəki zənginliyini göstərməklə yanaşı, həm də Azərbaycan hökmdarlarının və əsilzadələrin nəfis yaşam tərzini, yüksək sənət zövqünü və nəcib mədəniyyətini əks etdirir. Bu əsərlər Azərbaycan tarixinin bir hissəsidir və ümid edirik ki, sərgi həm sənətsevərlərdə, həm də tarixçilərdə böyük maraq doğuracaq.”

 

Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

 

Layihənin ümumi dəyəri təxminən 41 min 400 AZN-dir ($24,350). Bu xərclərin əsas hissəsini əsərlərin ABŞ-dan Azərbaycana və geri daşınması, sərginin təşkili, kataloqun hazırlanması və nəşri təşkil edir.

 

Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və “Amir Textiles&Rugs” MMC-nin birgə təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunan sərgi 2025-ci il mayın 10-dək ictimaiyyət üçün açıq olacaq.

 

XVII-XVIII əsrlərə aid nadir Azərbaycan xalçalarından ibarət xüsusi sərgiyə bp sponsorluq edir.

 

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 32 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli, etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

 

Azərbaycanda bp şirkətində təxminən 2401 ölkə vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı vokal janrında söz və musiqinin vəhdətindən söhbət açıb. Bildirib ki, Qərb, rus və Azərbaycan vokal musiqi ənənələrini davam etdirən ifaçılar sənətə öz töhfələrini verirlər. O, yeni vokal ifaçıların tanınmasında festivalın vacib rol oynayacağına ümid edib. Gecədə dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru musiqi nömrələri ilə çıxış edib.

 

Əməkdar artist Ramil Qasımov və xor kollektivi Siyavuş Kəriminin “Nəsimi operasından Nəsiminin ariyasını və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel”i səsləndiriblər. IV Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Ötən gün müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şair, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın anadan olmasının 85 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə Məmməd Aslanın pedaqoji, tərcüməçilik fəaliyyəti, "Yenilik", "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzetlərinin,  "Ulduz", "Azərbaycan təbiəti" jurnallarının redaksiyalarında işləməsi, "Yazıçı" nəşriyyatında böyük redaktor, Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olması haqda məlumat verilir.

Kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/memmed-aslan-85  yerləşdirilən virtual kitab sərgisində şairin “Seçilmiş əsərləri”, “Varlıqla yoxluq arasında”, “Ağla, qərənfil ağla”, “Sözün özü”, “Səhəri kim açır” kimi kitabların qısa annotasiyası təqdim edilir,  dövrü mətbuat nümunələri, Məmməd Aslanın müxtəlif illərdə tədbirlərdə, görüşlərdə çəkilən foto şəkilləri sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Çərşənbə, 25 Dekabr 2024 10:00

Qaziantep, Çauşesku və Çaplin

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.

 

25 dekabr

Katoliklərin Milad bayramı

Christmas Day. Milad bayramı xristian dünyasının ən əsas bayramı hesab edilir, xristianlıq peyğəmbəri İsanın doğulmasını özündə ehtiva edir. Dünyanın 100-dən artıq ölkəsində Milad dövlət bayramı sayılır. Tarixdə xristianların Miladı bayram etməsinə aid ilk yazılı mənbə 4-cü əsrə aiddir. İsa Məsihin dəqiq doğulma tarixi həmişə mübahisələrə yer açıb, amma katoliklər bu tarixi 25 dekabr kimi qəbul ediblər. Olsun ki, məhz bu tarixi seçməkdə erkən dövr xristianlarının 25 dekabrda Xristin təməli və Pasxa bayramlarını qeyd etmələri, eyni zamanda Günəşin bərqərar olması gününü də bu təqvim günündə qeyd edilməsi rol oynayıb. Bu bayram 4 gün öncədən başlayıb 6 gün sonrayadək davam edir, bayramaxşamı – ayın 24-də soşelnik deyilən məcburi rituala bütün katoliklər əməl edirlər – buğda və bal qarışığı yeyilir, səmada ilk ulduz görününcəyə qədər bu post davam edir. Gecə, ayın 25-nə keçəndə, işıqlaşanda və  25-i günorta hər kəs Allaha xidmət edir, dualar oxuyur, şam yandırır. Kilsələrə böyük axın olur, uşaq və gənclər nəğmə oxuyaraq, şənlənərək evlərə gedir, hər bir ailəyə xoşbəxtlik diləyir. Əvəzində ailələr onlara qovrulmuş şabalıd, boyanmış yumurta, kolbasa qaxacları, meyvə və şirniyyat verir. Pay verməyən xəsis ev sahiblərini lağa qoyur, onları bədbəxtçiliklərlə qorxudurlar. Səs-küylü şənlənmələrdə hamı maska taxır, əsl karnaval əhval-ruhiyyəsi duyulur.

Məbədlərdə xüsusi Milad çörəkləri bişirilib insanlara paylanılır. Və ən vacibi – dekabrın 24-də, Miladdan bir gün öncə evlərdə rəngbərəng şarlarla bəzədilmiş küknar ağacları qurulur, bu, üstü meyvəli cənnət ağacının simvolu sayılır, bollu-bəhərli bir yeni il arzulanır hər kəsə.

 

Çauşeskunun və Yelenanın güllələnməsi

Lüteryanların da Milad bayramıdır bu gün. Pakistanda Kvay-e-Azam günüdür, o, Pakistanın milli dövlətinin atası-qurucusu hesab edilən şəxsdir. Pakistanın rəqibi olan Hindistanda Tulasi Pudjan Divas günüdür, bu günün bir adı da “müqəddəs reyhan günüdür”, indust dinində reyhan müqəddəs bitki hesab edilir. Peruda Takanakuy adlanan rəqs festivalı başlayır. Çin və Tayvan Konstitusiya, Kamerun uşaqların müdafiə günü, Mozambiksə ailə gününü qeyd edir. Zat aliləri amerikalılar isə bu gün iki mətbəx bayramı qeyd edirlər. Birincisi Milli balqabaq piroqu günüdür. Dadmışam, çox dadlıdır. İkincisi, Milli aşbazları öpmə günüdür. Bax bunu dadmamışam, nə yalan deyim.

1989-cu ilin bu günündə rumınlar ölkənin keçmiş rəhbəri Nikolae Çauşeskunu və həyat yoldaşı Yelenanı güllələyiblər. “Xalqın sərvətini ailə olaraq talayan, rumınları zillət içində yaşadan, azadlığa həsrət qoyan” diktator və həyat yoldaşı küçədə, minlərlə insanın gözü qarşısında öldürülüb.

1977-ci ildə dünyaşöhrətli komik aktyor Çarli Çaplin 88 yaşında vəfat edib. 1969-cu ilin bu günündə amerikalı Artur Blessit dünya tarixindəki ən uzun piyada səyahətinə başlayıb, o, 29 il ərzində  55011 kilometr məsafə qət edib. 1958-ci ildə SSRİ qanunvericiliyində milyonlarla insanın qəniminə çevrilmiş “xalq düşməni” ittihamı ləğv olunub. 1741-ci ildə isveç astronomu Anders Selsiy temperaturu ölçmək üçün şkalanı kəşf edib. Ən nəhayət, 1000-ci ildə macar qardaşlarımızın başda 1-ci Stefan olan Macar krallığı yaradılıb.

 

Qaziantepin azadlığı günü

Türkiyənin böyük şəhərlərindən olan Qaziantepin özünəməxsus xüsusiyyətləri var ki, bu da onu fərqli bir məkan kimi tanıdır. Əvvəla, şəhərin tarixi qədim dövrlərə dayanır. İkincisi, əvvəlki adı Antep olan bu qədim türk şəhəri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş savaşından sonra “Qazi” (qəhrəman şəhər) statusu qazanaraq Qaziantep adlandırılıb. Qaziantep həm də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi şəkildə əhali qeydiyyatına düşdüyü şəhərdir. Şəhər cənub-şərqi Anadolu bölgəsində sənayesinin inkişafı baxımından ön yerdə dayanmaqla yanaşı, həm də fərqli və zəngin mətbəxi ilə məşhurdur. Qaziantep böyüklüyünə görə Avropada 2-ci, Türkiyədə isə 1-ci olan zooparkı ilə də tanınır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı dünyadan nakam köçmüş istedadlı gənc Əbil Əbilovun gündəliyindən seçmələri mərhumun atası Etibar Əbilovun təqdimatında nəzərinə çatdırır. 

Allah rəhmət eləsin! 

 

Əbilin gündəliyindən. 30 oktyabr 2006.

 

Böyük Dəmirçi haqqında (Birinci yazı).

...Yenə də Türkçülük barəsində...

İlk ocağı türklər qalayır və Ergenokon dağını əridib dastana çevirirlər. 

Oçaq sözü dünya dillərinə ordan keçib yayılır. Dünya mədəniyyəti ocaqdan başlayır. İlk ocaq mağarada qızınmaq üçün qalanmayıb. İlk ocaq mədəniyyətə xidmət edib. İlk ocaq dağı əridib yol açıb. Türkçülüyün dünyada yayılmasına işıq tutub, məşəl olub.

Hz.Mevlana "Məsnəvi"də dönə-dönə şamın yanması üzərində durur. Şam yanır, ətrafı nura qərq edir, hər kəsə fayda verir. Onun bir amalı var və amalı uğrunda qətrə-qətrə yanır, əriyib, kiçilir. Hər kəsə xeyir verir, amma bir tək özünə xeyri toxunmir, məhv olur. Qətrə-qətrə sonsuzluğa doğru getsə də, bunu bir amal üçün edir. 

Şam mövzusuna Mevlanadan daha çox Məhəmməd Füzuli toxunur: "Məni əşk oduna pərvanə tək, ey şəm yandırma" və s. beytlər.

    Nazim Hikmətin belə şeiri var:

                 Mən yanmasam,

                 Sən yanmasan,

                 Biz yanmasaq.

                 Necə çıxar qaranlıqlar aydınlığa...

Həqiqətən ən gözəl tale şamın payına düşmüş bu dünyada. Nə gözəl, başqalarının səadəti üçün yanacaqsan. Kaş mən də millətimin aydınlıq sabahlarına çıxması üçün yana bilsəydim. Zatən sevgi, amal uğrunda yandıqdan sonra, sənin yanman Hz.İbrahimin  bir zamanlar Nemrud tərəfindən oda atılıb da, güllər, cənnət içərisində hüzura qovuşması kimi bir şey olacaq.

Dönək mətləbə. Artıq türkcülüyün bir qurtarıcısı var: Böyük Dımirçi. Ergenokondan  çıxdıqdan sonra hədəf də var artıq: "Qızıl alma". Yol göstərəni var: "Simurğ" və yaxid  "Əbədi Səməndər quşu".

 M.Ə.Rəsulzadə 1920- ci ildə Azərbaycan gəncliyinə xitabında "Böyük Dəmirçi"nin tərəfinə keçməyi bizə tapşırlr. Rəsulzadə də inanırdı; Böyük Dəmirçinin bizi Qızıl Almaya tərəf aparacağına. Çünki Dəmirçi bir dəfə ən çətin anda bunu bacarmışdı. Dağı dəlib türklüyün yolunu dünyaya açmışdı. M.Ə.Rəsulzadə yanılmadl: Böyük Dəmirçi bizi Qızıl almaya tərıf apardı...

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Lənkəranı tək sitrus diyarı yox, həm də son vaxtlar teatr diyarı da adlandırırlar. 

23 dekabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər. 

 

İclasda  Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və regionda yerləşən teatr kollektivləri iştirak ediblər. 

Regional İdarənin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünki  vəziyyətindən, uğurlarından,  problemlərindən danışıblar.

 

Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb.

O,  Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən,  2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın "QONAQ TEATR" layihəsindən danışıb. 

Sonra regionda fəaliyyət göstərən teatrlara göstərdiyi diqqət və qayğıya görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasinin Əməkdar artisti, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət ișçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın Fəxri fərmanı ilə təltif olunublar. 

Çıxış edənlər -  Bəxtiyar Qılıncov, İlham Namiq Kamal, Azad Şükürov, Laləzar Mustafayeva, Anar Babalı, Xalq artisti Qabil Quliyev, gənc aktyor Əlirza Şahbazi, regionda yerləşən Xalq teatrlarının nümayəndələri çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər. 

Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Çərşənbə, 25 Dekabr 2024 11:29

Ayağını özü kəsən qazi - MƏTANƏT SİMVOLU

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 O, 1992-ci ildə Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Tofiq Rzayevin (Tofiq Oğuzun) oğludur. Atası kimi qorxmaz, mərd və vətənpərvər biridir qəhrəmanımız. 

 

Müsahibələrinin birində deyir: “…Məyus olduğum yeganə şey tez yaralanmağım və ayaqlarımı itirməyim oldu. Arzum o idi ki, tez çatım Şuşaya. Çünki mənim atam orda həlak olub. Atamın ruhunu şad etmək və ora qələbə bayrağını ilk sancanlardan olmaq istəyirdim. Bunun üçün üstümdə xüsusi bayraq da gəzdirirdim…”.

 

Söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş, göstərdiyi qəhrəmanlığa görə   Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Şücaətə görə”, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, mayor Polad Rzayevdən gedir. Polad Həşimovun davamçısı Polad Rzayevdən. Polad kimi Poladdan.

Polad Rzayev 1989-cu ilin mart ayının 13-də Oğuz rayonunun Yaqublu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Tofiq Rzayevin ailəsində anadan olmuşdur.  

1996-cı ildə Yaqublu kəndindəki T.Babayev adına tam orta məktəbinin I sinfinə qəbul olmuş, VI sinfə kimi həmin məktəbdə təhsil almışdır. 2001-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşdür. Oradakı 189 saylı lisey məktəbdə oxumuşdur. 

Daha sonra təhsilini C.Naxçıvanski adına Hərbi liseydə davam etdirmişdir. 2006-2010-cu illər arasında H.Əliyev adına Ali Hərbi Məktəbdə kəşfiyyat ixtisası üzrə təhsil almış, 2010-2011-ci illərdə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində xüsusi kəşfiyyat ixtisası üzrə təhsilini başa vurmuşdur. Bu illərdə müxtəlif ölkələrdə təcrübə keçmişdir. On ildə yaxın Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət etmiş, çoxsaylı əməliyyatların iştirakçısı olmuşdur. Aprel döyüşlərində bölük komandiri kimi iştirak etmişdir.

Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edən qazimizin döyüş yolu Kəlbəcərdən - Murov dağından başlayıb. Onların taboru “Canavar qulağı” adlanan strateji əhəmiyyətli mövqenin alınması tapşırığını uğurla yerinə yetirib. Həmin əməliyyatdan sonra Cəbrayılın kəndlərinin azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. Cəbrayıla qələbə bayrağını ilk sancanlardan biri də o olmuşdur.

Son döyüşü 2020-ci il oktyabrın 19-da Qubadlının erməni işğalçılarından təmizlənməsi olub. Həkəri çayının yaxınlığında–Dağtumas kəndi ətrafında döyüş tapşırığını yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. İki ayağını da topuqdan itirib.

 

Söhbət zamanı ehtiyatda olan mayor P.Rzayev xəyalən 2020-ci ilin payızına qayıdır və söyləyir ki, “…döyüş vaxtı sağ ayağım minaya düşdü, yıxılmamaq üçün sol ayağımı yerə basanda o da minaya düşdü. Zərbə məni yaxınlıqdakı dərəyə atdı. Ayaqlarımın ikisinin də topuqdan qopduğunu və vətərdən sallandığını gördüm. Özümü itirmədim, ilk tibbi yardımdan istifadə etdim. Sallanan ayaqlarımdan birini özüm kəsib üzdüm. Rabitə əlaqəsinə girib özümdən 300-500 metr aralı olan döyüşçülərimə vəziyyəti və yerimi nişan verdim. Onlar tezliklə köməyə gəldilər, ayaqlarıma turna qoyub və məni döyüş zonasından çıxardılar…”.

 

Polad “Yaşat” fondunun və dostlarının da dəstəyi ilə Almaniyada müalicəyə göndərildi. O, altı aya yaxın Berlində Almaniya ordusunun xəstəxanasında  müalicə aldı, üç əməliyyat keçirdi, daha sonra reabilitasiya və terapiya müddətini bitirdi, orada yüksək texnologiya əsasında hazırlanmış protezlərlə təmin olundu.  

Almaniyada müalicə alarkən  Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən və Türkiyənin xarici işlər nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət olundu. Tədbir çərçivəsində Mövlud Çavuşoğlu qazimizlə görüşərək fikir mübadiləsi edib, ölkələrimiz, xalqlarımız, millətlərimizin qardaşlığı və birliyi bir daha vurğulanıb, qəhrəmanımızın şücaətindən danışılıb.

Altı aya qədər Almaniyada müalicə alan Poladı Vətənə yola salmaq üçün orada yaşayan soydaşlarımız möhtəşəm yolasalma mərasimi təşkil etmişdilər. Belə bir qarşılama mərasim də Bakıda olmuşdu. Bakıya ayaq basan Polad ilk olaraq şəhid döyüşçü dostlarının məzarlarını ziyarət etmişdi. Bu əslində bütün Vətən müharibəsi qəhrəmanlarına, şəhidlərimizə və qazilərimizə hörmət və ehtiramın təcəssümü idi. 

İndi Polad Rzayev alman səhiyyəsinin möhtəşəmliyi və yüksək texnologiyalı protezlərsayəsində ayaq üstədi! Bu gün  tam sərbəst hərəkət edə bilir. Onun yenidən ayağa qalxması hamı, ən çox da Vətən müharibəsi qaziləri üçün böyük stimul olmuşdur.

 

Qəhrəmanımız deyir ki, “Şuşaya qədər irəliləmək arzum ürəyimdə qalsa da, döyüş yoldaşlarım həmin arzunu həyata keçirdilər. Haqq savaşında qalib gəldiyimizə, torpaqlarımızı erməni separatçı qüvvələrindən təmizlədiyimizə görə çox böyük qürur hissi keçirirəm”. 

 

Özü isə ancaq 2021-ci ildə - 29 il sonra atasının Şuşadakı “Tar sexi” adlanan ərazidə şəhadətə ucaldığı məkanı ilk dəfə ziyarət edə bildi.  

Bu gün mayor P.Rzayev öz dözümü və iradəsi ilə nümunədir. İradənin və qəhrəmanlığın simvoludur. Təsadüfi deyildir ki, Almaniyada onu müalicə edən alman həkimi Gernot Kreçmeri Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbirində P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını qeyd edirdi. İndi Polad protez ayaqlarla xizək sürür, sularda üzür, futbol oynayır, dağlara dırmaşır. 

O, həm də alpinistdir. Azərbaycan Alpinistlər Federasiyasının fəxri üzvüdür. İki ayağını itirmiş mayor qazimiz protezlə 2023-cü ildə “H.Əliyev zirvəsi”nə (3751 m.) qalxaraq bunu bütün şəhidlərə həsr etdiyini bildirmiş və özünün instaqram hesabında yazmışdı: ”…mən bura təkcə öz adımdan deyil, bütün qazilərimiz adından, onların hamısını ürəyimdə tutaraq gəlmişəm və burdan, dahi “H.Əliyev zirvəsi”ndən bütün qazilər adından üzümü həm azərbaycanlılara, həm də dünyaya tutub deyirəm ki, Ali Baş Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə oğullar nəinki vücudumuzun bir hissəsindən, canımızdan belə keçərək bütün zirvələri qət etməyə hazırıq”.  

Həmin ilin avqust ayında isə o, Avropanın ən hündür zirvəsi olan Elbrus zirvəsini (6542 m.) də fəth etmiş (İ.Aşurlu ilə) və orada Azərbaycan Respublikasının dövlət bayrağını dalğalandırmışdır. 

Cavid Səmədovun yönəltmənliyi ilə çəkilən, 26-dan çox ölkədə nümayiş olunan, 34-dən artıq festivalda mükafatlar alan “Half Steel –Yarı Çelik“ filmi P.Rzayevin həyat hekayəsini anladır. Mövzusu gerçək hadisələrdən götürülmüş bu filmdə Poladın həm fiziki, həm də psixoloji cəhətdən özünü yenidən bərpa etmək yolundakı uğurları ekrana daşınmışdır. Onun vücudunda daşıdığı çelik (ayaqlarındakı polad) həm adının anlamı, həm də yenilməz iradəsinin simvolu kimi mənalandırılır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Divar rəsmləri... Nə vaxtsa bir divar rəsminin önündə dayanıb heyran-heyran baxmısınızmı? Gözünüzü dikmisinizmi uzaqlara-o şəkildə görünənlərin anlatdığı görünməyənlərə? Etməmisiniz? 

 

Bu dəfə qarşınıza divar rəsmi çıxanda azacıq ayaq saxlayın və baxın.  Özünüz də görəcəksiniz ki, daxilinizdə bir çərpələng havalanacaq...  O çərpələngin arxasınca pərvazlanan xəyalların içində xatirələr də tapacaqsınız. 

Heyrətamiz divar rəsmlərindən biri də Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin Filialının Akt zalındadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Gəncə şəhər Uşaq İncəsənət Məktəbi sayılıb-seçilən məktəblərdəndir. Yadımdadır, tələbəliyimdə hər gün Mirzə Abbas Abbaszadə küçəsindəki binanın önündən keçirdim, hər dəfə də ayaq saxlayıb o aynabəndə, o taxta pilləkən məhəccərlərinə baxırdım.  Mənimçün o bina  Gəncənin dünənindən qalan beş-on xatirədən biri idi... Bir də, Əhməd İsayevin “Gəncə və gəncəlilər” kitabı idi, “Üsyan” romanındakı Bəndərin səsi idi... Dahası, rəxtərbeyş idi, firni qoxusu idi, Xan bağına baxa-baxa qaynayan, tələbələrin ayaq saxlayıb suyundan içdiyi kəhriz idi... İllər keçdi, Mirzə Abbas Abbaszadə haqqında sənədli film çəkildi. Anam o filmdə rol aldı. Anamın olduğu səhnələr məhz həmin binada çəkildi... Beləcə, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi mənimçün gözəl bir xatirəyə çevrildi... 

Məktəb yüksək keyfiyyətli təhsil proqramları və istedadlı müəllim heyəti ilə də məşhurdur. Burada şagirdlərin rəssamlıq, musiqi, vokal və rəqs üzrə bacarıqları inkişaf etdirilir, almaz istedadları peşəkar müəllimlərin əməyi ilə cilalanır. Uşaqların estetik zövqünün formalaşması, şəxsi və intellektual inkişaflarının dəstəklənməsi də məktəbin fəaliyyət istiqamətlərinə daxildir. 

Uşaq İncəsənət Məktəbinə müxtəlif illərdə Azərbaycan Respublikasının Əməkdar müəllimi Xalid Mustafayef (məktəbin yaradıcısı və ilk direktoru), Rəmayıl Atayev, Təvəkgül Hüseynli rəhbərlik ediblər. Onların hər biri məktəbin inkişafında, təhsil keyfiyyətinin yüksəlməsində və şagirdlərin yaradıcı potensiallarının üzə çıxmasında mühüm rol oynamışdır. Xalid Mustafayef məktəbin ilk illərində onun əsas prinsiplərini və fəaliyyət istiqamətlərini müəyyən edərək, uşaqların sənətə olan marağını artırmağa yönəlmiş bir çox layihə və tədbirlər həyata keçirmişdir. Rəmayıl Atayev və Təvəkgül Hüseynli isə məktəbin fəaliyyətini daha da genişləndirərək, yeni istiqamətlərdə inkişaf etməsinə şərait yaratmışlar. 

2024-cü ildən məktəbin direktoru Qahirə Məmmədovadır. O, məktəbin rəhbərliyinə gələndən sonra müasir təhsil metodlarını tətbiq edərək məktəbin tədris proqramını daha da təkmilləşdirmişdir. 

Məktəblə qısaca tanışlıqdan sonra keçək heyrətamiz divar rəsminə... Monumental rəngkarlıq nümunəsinin eni 5 metr, hündürluyu 3 metrdir. Panno məktəbdə Təsviri İncəsənət şöbəsinin müəllimi vəzifəsində çalışan Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Raul Sadıqov tərəfindən yaradılmışdır. Pannonun ideyasının məktəbin direktoru Qahirə xanım Məmmədovaya və məktəbin kollektivinə məxsus olduğunu deyən Raul Sadıqov  əlavə edir: 

 

“Pannonun mərkəzində Azərbaycanın milli simvolları əks olunub. Parlaq rənglərdən istifadə etmişəm. Azərbaycan Bayrağının üç rəngini - göy, qırmızı və yaşıl -ətrafındakı elementlərlə harmoniya içində birləşdirmişəm. Milli musiqi alətləri və naxışlar Azərbaycanın zəngin folklorunu, mədəniyyətini simvollaşdıran elementlər kimi pannoda yer alıb. Pannoda, həmçinin, Böyük Zəfərimizin simvollarından olan Xarı Bülbül kimi güclü və mənalı obrazlar da təsvir edilmişdir. Xarı Bülbül Azərbaycanın Qarabağ bölgəsindəki təbiətinin, ulu tariximizin unikal işarəsi, əzmkarlıq və milli mübarizənin simvoludur.

Musiqi alətləri Azərbaycan mədəniyyətində musiqinin rolunu vurğulamaqla yanaşı, həm də məktəbin incəsənətə olan dərin bağlılığını nümayiş etdirir. Pannonun hər bir elementindəki bu millilik simvolları məktəbin şagirdlərinə və ziyarətçilərinə Azərbaycan xalqının mədəni irsinin zənginliyini xatırladır, sənətin gücünü, xalqın ruhunu təmsil edir”. 

 

Raul Sadıqovun yaratdığı divar rəsmi yalnız vizual estetikadan ibarət deyil, gələcək nəsillərə ötürülən mədəni və tarixi mesajdır. Məktəb kollektivinin birgə düşüncəsinin nəticəsi olaraq yaradılan panno həm şagirdlərə, həm də məktəbin qonaqlarına Azərbaycanın mənəvi dünyasına, incəsənətinə səyahət etmək imkanı verir... 

Divar rəsmi, həm də, məktəbin təhsil fəlsəfəsinin təzahürüdür: milliyinə bağlılıq, incəsənətin dünyəviliyinin kökünün belə, millilikdən su içdiyinin fərqində olmaq... Rəssam Raul Sadıqova bizi heyrətləndirəcək əsərlərin bolluğunu arzulayır, oxucularımıza isə deyirik: “Yolunuz Gəncədən düşsə, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin Filialının Akt zalına baş çəkin, bu rəsmə baxın... Görünənlərin haqqında danışdığı görünməyənlərin dərkində duyğularınıza duyğu qatın...”   

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Min hava çalınıb könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən.

Fəsillər görüşür duyğularımda,

Elin həm qışıyam, həm yazıyam mən. 

 

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən. 

 

Dinlə "çahargahı", eşit "Qatarı",

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən. 

 

Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da,

Qədim Qobustanın qayalarında

Pozulmaz, silinməz bir yazıyam mən. 

 

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm.

Bir daha demərəm tamarzıyam mən. 

 

Bu gün şair, publisist, tənqidçi, elm xadimi, alim, pedaqoq, jurnalist, filologiya elmləri doktoru, professor Famil Mehdinin doğum günüdür.

Famil Mehdi 1934-cü il dekabr ayının 25-də  Ağdam  rayonunun  Sarıhacılı kəndində anadan olub.

Azərbaycanda publisistikanın elmi-nəzəri əsaslarını yazan ilk elm adamı Famil Mehdi olmuşdur.

Bundan başqa onun jurnalistika ilə bağlı bir çox elmi monoqrafiyaları, qələmə aldığı dərs vəsaitləri də var. Amma böyük kütlə tərəfindən Famil Mehdi daha çox şair kimi tanınıb.

O, fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuş Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” dərsliyinin müəlliflərindən biridir.

Şeirlərini tərcümeyi-halı kimi qələmə verən "şeirlərim mənim inamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir" söyləyən Famil Mehdi ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib.

Onun əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.