ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1996-cı il.

Azərbaycan zəifdir.

Torpaqlar işğal altındadır.

Təzyiqlər isə güclüdür.

Və məhz bu vaxt Heydər Əliyev Şuşa və Laçın sakinləri qarşısında danışır.

Açıq danışır.

Riskləri gizlətmir.

Tarixi qərarın məsuliyyətini üzərinə götürür.

 

Sosial mediada yayılan bu video parça bir daha göstərir ki, əgər Heydər Əliyev o dövrdə Laçın və Şuşa məsələsində, eləcə də "Dağlıq Qarabağ" adlı qondarma qurumun statusu məsələsində azacıq belə güzəştə getsəydi, bu gün Azərbaycanın Qarabağ zəfəri bəlkə də mümkün olmayacaqdı. Video, illər öncə aparılan böyük siyasi oyunun mahiyyətini və həmin oyunda Azərbaycanın hansı təhlükələrlə üz-üzə qaldığını aydın şəkildə ortaya qoyur.

Heydər Əliyev həmin çıxışında beynəlxalq dairələrin və vasitəçilərin Azərbaycana təqdim etdiyi planı açıq şəkildə izah edir və niyə bu plana razılaşmadığını xalqın qarşısında əsaslandırır. O deyirdi:

“Onlar deyirlər ki, Laçın, Şuşa məsələsi Dağlıq Qarabağın statusu müzakirə olunan vaxt müzakirə olunsun. Siz niyə razılıq vermirsiniz, niyə inadkarlıq edirsiniz, deyirlər mənə? Bəziləri deyirlər ki, bəlkə mən düz eləmirəm, çünki inadkarlıq edirəm. Axı bu məsələni mərhələ-mərhələ əldə etmək olar.”

Heydər Əliyev bu “mərhələli həll” planının mahiyyətini də açıqlayır. Plan ondan ibarət idi ki, əvvəlcə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları azad edilsin, həmin rayonlara sakinlər qayıtsın, bununla da müəyyən “müsbət atmosfer” yaransın. Ermənistan tərəfi və beynəlxalq vasitəçilər iddia edirdilər ki, bu, qarşılıqlı etimadı artıracaq, gərginliyi azaldacaq və bundan sonra Dağlıq Qarabağın statusu müəyyənləşdiriləcək.

Heydər Əliyev həmin çıxışında bu yanaşmanı da sitat gətirərək belə izah edirdi:

“Onlar da deyirlər ki, bu, müəyyən atmosfer yaradacaq. Ermənistan tərəfi də deyir ki, bu, qarşılıqlı inam yaradacaq, etimadsızlıq aradan qalxacaq. İkinci mərhələdə Dağlıq Qarabağa hansı status verilərsə, onda Laçınla Şuşa məsələsi müzakirə olunacaq. Mən isə buna razı olmuram...”

Məhz bu nöqtədə Heydər Əliyev məsələnin mahiyyətini açıq şəkildə ortaya qoyurdu. O, Şuşa və Laçının taleyinin gələcəyə saxlanılmasının nə demək olduğunu çox dəqiq anlayırdı. Buna görə də çıxışını belə yekunlaşdırırdı:

“İndi görün Şuşa və Laçın nə qədər əhəmiyyətlidir və nə qədər əzizdir.”

Həmin dövrdə Azərbaycan ən zəif vəziyyətdə idi. Ermənistan güclü xarici himayədarlara arxalanaraq ölkəmizin torpaqlarının təxminən 20 faizini işğal etmişdi. Beynəlxalq aləmdə isə Azərbaycandan israrla tələb olunurdu ki, “sülh naminə” güzəştlərə getsin və status məsələsində geri çəkilsin. Əslində isə bu tələblər Dağlıq Qarabağ adlı ərazidə yaradılmış qondarma separatçı qurumun status alaraq faktiki dövlətə çevrilməsinə xidmət edirdi.

Heydər Əliyev bu təhlükəni vaxtında gördü və prosesi tormozladı. O, Şuşa və Laçını Qarabağ məsələsində açar ərazi, əsas nöqtə, həlledici amil kimi qiymətləndirdi və bu mövqedən bir addım da geri çəkilmədi. Məhz buna görə də o dövrdə beynəlxalq missiyalar, hətta daxildəki bir sıra müxalif qüvvələr tərəfindən ittiham olundu, “inadkarlıqda” günahlandırıldı. Bir çoxları isə bu siyasətin gələcəkdə nəticə verəcəyinə inanmırdı.

Lakin zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O, Azərbaycanın zəif dövründə xarici təzyiqləri neytrallaşdırdı, vaxt qazandı, dövlətin güclənməsini təmin etdi, ordunun formalaşmasının əsasını qoydu. Özünün fiziki-bioloji ömrü bu missiyanın tamamlanmasına çatmayanda isə bu yolu yarımçıq qoymadı, siyasi xəttin davamını İlham Əliyevə tapşırdı. O isə bu yolu zəfərə qədər apara bildi və bu gün artıq Azərbaycan bütövdür, Qarabağ tamamilə azaddır. İkinci erməni dövlətini qurmaq istəyənlər isə indi Qarabağdan qaçan erməniləri geri qaytarmaq üçün gülməli demoqojilərdən o tərəfə keçə bilmirlər...

Bu gün Qarabağ zəfəri artıq tarixi reallıqdır. Şuşa və Laçın azaddır. İndi geriyə baxanda 1996-cı ildə deyilən sözlərin, göstərilən inadın və aparılan diplomatik gedişlərin əsl qiyməti daha aydın görünür.

Bugünkü mənzərə onu göstərir ki, Azərbaycan bu zəfəri məhz Ümummilli lider Heydər Əliyevin o vaxtkı prinsipial mövqeyinə və strateji uzaqgörənliyinə borcludur.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, bizim televizorda son iki aydır Azərbaycan kanalları göstərilmir. Bu səbəbdən, yeni seriallardan, verlişlərdən xəbərsiz idim. Ancaq təsadüfən internetdə "8" serialı haqqında maraqlı və bir qədər də qalmaqallı xəbərlərə rast gəldim. Qeyd edim ki, serial şənbə günləri saat 23:00-da ARB kanalında və eyni zamanda kinoteatrlarda tamaşaçılara təqdim olunur.

 

Bu xəbərlər məndə də maraq yaratdı. Uzun illərdir Azərbaycan seriallarına baxmayan biri olaraq (adı indi yadımda olmayan 1-2 serial istisna olmaqla) düşündüm ki, bu dəfə bir şans verim. Üstəlik, layihənin altında Hikmət Rəhimov imzasının olması və serialın psixoloji janrda çəkilməsi marağımı daha da artırdı. Elə bu səbəbdəndir ki, serial 18+ kateqoriyası ilə məhz gec saatlarda yayımlanır.

İlk seriya yayımlandıqdan sonra serialın həm efirdə, həm də kinoteatrlarda qadağa olunması ilə bağlı xəbərləri eşitdim. YouTube-də axtarsam da, tapa bilmədim. Səhəri gün sevdiyim aktrisa Zülfiyyə Qurbanovanın Instagram paylaşımında ilk iki seriyanın yenidən yerləşdirildiyini oxudum, təbrikimi yazdım və ertəsi gün baxmağa başladım. Açığı, 18+ qeyd olunmasına baxmayaraq, düşünürəm ki, psixoloji cəhətdən həssas insanlar üçün bu serial ağır ola bilər. Özümü psixoloji baxımdan güclü saysam da, etiraf edim ki, mənə də təsirsiz ötüşmədi.

Serialın ən çox diqqətimi çəkən tərəfi onun psixoloji dərinliyidir. Baş obrazın qızı ölür və o, qızının ölümündə günahkar olan hər kəsi bir-bir öldürür-yalnız "1" nəfər istisna olmaqla… Yəqin ki, ona hələ növbə çatmamışdı. İlk bölümdə baş obrazın cinayət üstündə tutulduğunu görürük.

Əlbəttə, cinayət heç bir halda haqq qazandırıla bilən bir şey deyil. Amma hadisələrə bir də baş obrazın gözü ilə baxmağa çalışaq. Qızı ölməmişdən əvvəl ona inanmayan bir məktəb rəhbərliyi, laqeyd psixoloq, hətta doğma ana və şiddət göstərən ögey ata. Qız sistemli şəkildə bezdirilir, tək buraxılır və sonda intihara sürüklənir. "İntihardır" deyildiyi üçün isə bütün mənəvi qatillər azadlıqda qalır. Onları məsuliyyətə cəlb etmək mümkün olmur- nə dəqiq sübut var, nə də doğru psixoloq rəyi. Bu nöqtədə baş obraz cəzanı özünün verməli olduğuna inanır.

 

Bu hal təkcə serialın süjeti deyil, real həyatda da tez-tez rast gəldiyimiz mənzərədir. İntiharlardan sonra mənəvi məsuliyyət daşıyanların azad qalması, cəmiyyətin isə susması ya da susdurulması…

Baş obraz qızının qisasını almaqla həm də ruhunu azad etmək istəyir. Amma bu yol onu daha dərin bir bataqlığa sürükləyir. Serial boyu qatildə ciddi psixoloji problemlərin olduğunu görürük: uşaqlıq travmaları, ailədaxili gərginlik, övlad itkisi, cəmiyyətin susqunluğu və cahilliyi. Bütün bunlar normal bir insanı belə sonda sındıra bilər. El arasında deyildiyi kimi, mərdi qova-qova namərd edərlər.

Bu yanaşmanı cəmiyyətə də tətbiq etmək olar. Bəzən insan yaxşılıq edir, qoruyur, sahib çıxır, amma qarşılığında gördüyü namərdliklər onu mənəvi cəhətdən öldürür və o, zamanla öz prinsiplərindən uzaqlaşaraq qarşı tərəfin dili ilə danışmağa başlayır.

Serialda diqqət çəkən əsas məqamlardan biri də məktəblərdəki boşluqlar və psixoloqların üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməməsidir. Uşaq psixoloqa ögey atasının şiddətindən, sinif yoldaşlarının bullinqindən danışır, amma psixoloq buna inanmır, bunu uşağın öz doğma atasının yanında qalmaq üçün uydurduğu bəhanə kimi qiymətləndirir. Bu ya işini düzgün görməyən, məsuliyyətdən qaçan bir mütəxəssisdir, ya da sadəcə peşəkarlıqdan uzaqdır. Məktəb rəhbərliyi isə ümumiyyətlə laqeyd mövqe tutur. Doğma ata danışır, izah edir, amma sözləri ciddiyə alınmır, hətta qovulur.

Digər müzakirə mövzusu isə serialın yayım forması ilə bağlıdır. İlk iki seriya YouTube-də yayımlansa da, sonrakı bölümlərin ödənişli platformada təqdim olunacağı bildirilib. Şərhlərdə yazılanları oxuyanda açığı təəccübləndim. Biz incəsənətə bu qədər laqeyd yanaşdıqca onun inkişafını da gözləyə bilmərik. Gündə siqaretə, içkiyə, başqa nələrəsə 5-10 manat xərcləyən cəmiyyət aylıq bir platformaya cüzi məbləğ ödəməyi çox görür. Halbuki bu insanlar layihəni öz büdcələri ilə ərsəyə gətiriblər, kinoteatrlarda nümayiş etdirirlər ki, gələcək işlər üçün imkan yaransın. YouTube-də pulsuz yayımlansa, kim kinoteatra gedib baxacaq? Bu isə birbaşa zərər deməkdir. Üstəlik, serial onsuz da televiziyada yayımlanır. İstəməyən, imkanı olmayan həmin saatda baxa bilər. Biz ya dəstək olmalıyıq, ya da ən azından bu cür işlərə qəribə,aşağılayıcı şərhlərlə köstək olmamalıyıq.

Şəxsən mən ödənişli platformalardan demək olar ki, istifadə etmirəm, çünki çox da serial və film izləyən biri deyiləm. Amma "8" serialı məni cəlb etdiyi üçün çalışıram tam 45dəqiqə olmasa belə, ən azı 25-30 dəqiqə ayırıb canlı olaraq izləyim. Bizim mədəniyyətimizin və incəsənətimizin müəyyən çərçivədə qalmasının əsas səbəbi də məhz budur: yaxşı olan az sayda işə də dəstək olmamağımız, birlik göstərə bilməməyimiz və bəzən bir-birimizə mane olmağa çalışmaq istəməyimiz.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

ƏLİŞİR  NƏVAİ – N.GƏNCƏVİNİN DAVAMÇISI, GÖRKƏMLİ DİLÇİ və  TÜRKÇÜ

  

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

  

Böyük özbək şairi, N.Gəncəvinin davamçılarından biriƏlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində doğulmuşdur. O, zamanının bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri  olmuşdur.

 

Nəvai yalnız elm və sənət sahəsində deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində Nəvainin elmi və dini baxışları, sənəti xüsusi yer tutur.       

Ancaq onun ən böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olmuşdur və bu baxımdan misilsizdir. Əlişir Nəvai ərəbcə və farscanı ana dili kimi bilir, öz dövründə bu dillərdə ən gözəl əsərləri yaza biləcək qədər incəliklərə vaqif idi. Əsrlərə örnək olacaq əsərləriylə bunu sübuta yetirmişdi. Ancaq o dövrün dəbinə uyaraq ərəb, xüsusilə fars dilində yazan türk şairlərinə qarşı çıxır, Türk dilinin əcnəbi dillərin kölgəsində qalmasına qarşı üsyan edirdi. Nəvai türk dilinin bir məcazlar, cinaslar, qafiyələr və fellər dili olduğunu, səs və məna incəlikləriylə çatdırılan qüdrətli ifadə imkanlarının fars dilindən üstün olduğunu bilir, bunu sübut etmək istəyirdi. "Mühakəmət-ül-Lüğəteyn" adlı əsərini bu məqsədlə meydana gətirmişdi.

Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır. O, türkcə yazdığı əsərlərini “Nəva", farsca yazdığı əsərlərini isə "Fani" təxəllüsü ilə möhürləmişdi.

 

Əsərləri:

Onun əsərlərinin hamısı məşhurdur, amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn", "Məcalisün-Nəfais" adlı əsərləri ilə beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır.

Ədib “Mühakəmət-ül Lüğəteyn" adlı əsərində türk və fars dillərini qarşılaşdırır. Türk dilinin və türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. O, həmin əsərdə yazır: …fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. İncə fərqlər, ən yüksək mənalar üçün elə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz".

"Məcalisün-Nəfais" isə şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və burada XV əsrdə Türküstan və İranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir.

"Xəmsə"sində "Fərhad və Şirin", "Leyli və Məcnun" kimi mənzum romanları, makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri", sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir.

Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şerlər Orta Asiya türk dilinin ən gözəl nümunələridir.  

“Xəmsətul-mütəhəyyirin" əsərində yaradıcılığının qızıl dövrünü yaşayan dahi sənətkarın dahi Əbdürrəhman Cami ilə ustad-şagird münasibətləri;   "Mizanul-əvzan" əsərində onun ədəbiyyat nəzəriyyəçisi - əruzşünas alim kimi xidmətləri ilə tanış oluruq.

"Səbat-abhur"da "Qurani-Kərim"in yazıldığı ərəb dili lüğətçiliyini anlamaqla yanaşı, onun ərəb dilini də gözəl bildiyi haqda məlumat əldə edirik.

"Nəsaimul-məhəbbət" təzkirəsində şairin zəngin mütaliə mədəniyyəti sayəsində əldə etdiyi Şərq dünyasının şeyxləri, vəliləri, şair və övliyaları barədə verdiyi məlumatlarla tanış oluruq.  

"Münşəat" əsərində türk dilində rəsmi dövlət yazışmalarının - məktublaşmaların örnəkləri, sənədləşmə tarixi haqqında aydın təsəvvür alırıq.  

"Vəqfiyyə" əsərində bu dahi və imanlı şəxsiyyətin nəhayətsiz miqyasda olan xeyriyyəçilik işləri ilə tanış oluruq; məsələn, şairin fikrincə, hər bir kəs Həcc ziyarətindən əvvəl o yola aid bütün məsrəfləri əvvəl xalqının məzlum insanlarına, ölkəsinin abadlığına xərcləməli, bundan könlü rahat olunca, Həcc ziyarətini tamamlamalıdı, "Vəqfiyyə"də şair bu humanist və insani düşüncəsini ortaya qoyur.

"Zubdətut-təvarix" başlığı ilə təqdim etdiyi iki tarixi əsərdə - "Tarixi-ənbiya və hükəma" və "Tarixi-müluki əcəm" əsərlərində onu tarixçi alim kimi tanıyırıq.

"Nəzmul-cəvahir", "Hədisi-ərbəin", "Məhbubul-qülub", "Siracul-müslimin",  "Risaleyi-tiyr andoxtan" və "Minacat" əsərləri ilə islam dininin xalq arasında türkcə anladılması sahəsindəki tarixi xidmətləri ilə tanış oluruq.  Ömrünün sonuna yaxın yazdığı "Lisanut-teyr" əsəri ilə dahi insanın kamillik dövrünə dolduğuna şahid oluruq.

Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş, çox məşhur türk şairləri onu örnək bilmiş, təriflər yazmışdır.

Əlişir Nəvai 3 yanvar 1501-ci ildə  Heratda vəfat etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

                                                             

 

 

Bazar ertəsi, 09 Fevral 2026 17:11

Aktyorları zadəgan adlandıran əməkdar artist...

 

 

 Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Ağıllı və uzaqgörən adamdır. Həyatı heç vaxt zarafat kimi qəbul etmir, ona həmişə praktiki baxmağı bacarır. Hadisələri lazımınca dəyərləndirməyi xoşlayır. Öyrənmə qabiliyyəti çox yüksəkdir. Ehtiyatlı, təmkinli və sabit olması uğurlarının ən böyük amilidir. Davranışında mükəmməldir, ədəb qaydalarına böyük əhəmiyyət verir. İnsanlara danışacağı çox şey var, geniş məlumata malikdir...  

 

“Yeniyetmə yaşlarımda Şəkidə, mərhum sənətkarımız Fərman Abdullayev ilə birlikdə dram dərnəyinə gedirdim. Sonra məni Vaqif Abbasov Şəki Dövlət Dram Teatrına dəvət etdi. Xoşbəxtəm ki, ondan çox şey öyrəndim. Heyf ki, o, erkən yaşında vəfat etdi. Və Azərbaycan teatrı Vaqif müəllimin simasında böyük bir rejissoru itirdi...”- söyləyir.

 

Gəncliyində Moskvada olarkən, onu bir dondurmasatan qıza göstərib aktyor olduğunu deyiblər. Qız da heyranlıqla ona baxaraq, ömründə ilk dəfədir ki, aktyoru canlı, yaxından gördüyünü söyləyib. Gürcüstanda isə bir jurnalist ona deyib:- “Azərbaycan xalqı istedadlı xalqdır, di gəl ki, dünya onu bu göstəricisi ilə tanımır. Sanki o torpaqlar istedadlar qəbiristanlığıdır. Görün nə qədər Azərbaycanın istedadlı insanlarından dünyanın xəbəri olmayıb...” 

 

Deyir ki:- “Əslində mən başqa sahəyə getmək istəyirdim. Azad, qayğısız, problemsiz şəkildə yaşamağı arzu edirdim. Ancaq gördüm ki, alınmır. İncəsənət elə bir şeydir ki, insan ona qarışdımı ayrılmaq istəmir. Mən aktyorların hamısına zadəgan kimi baxıram. Bu zadəgan sənətidir. Səhnə hər zaman zaldan yuxarıdadır. Misal üçün, xalq artisti Fuad Poladovun davranışı, təmkini, səbri bir zadəgan xarakteri deyildimi?..”

 

Yəqin ki, aranızda onu tanıyanlar oldu. Söhbət aktyor Xanlar Allahverdi oğlu Həşimzadədən gedir. O, 1955-ci ildə Şəki şəhərində anadan olub. 1975-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. İndiyədək 200-ə yaxın tamaşada müxtəlif səpgili obrazlar yaradıb. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki respublikamızda, hətta Kuba, Praqa, Moskva, Kazan, Tiflis, Yoşkar-Ola, Daşkənd və Səmərqənddə də yüksək qiymətləndirilib. İki dəfə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Bütün bunlardan əlavə on beşə yaxın filmdə rol alıb. Azərbaycanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsüdür...

 

“Sərbəstlik istedadın bacısıdır. Aktyor sərbəst olarsa televiziyada da obrazları gözəl alınacaq. Aktyor adi bir zarafat edərkən belə sıxıla-sıxıla danışırsa bu əlbəttə ki, onda alınmır. Kamera qarşısında da elədir. Mən kameranı dinozavr kimi görürəm. Kamera məndən ötrü çox zəruri bir nöqtədir. Məndə bir kompleks var və bu mənə çox mane olur. Olur ki, filmi gəlib Şəkidə çəkirlər. O zaman yerli aktyorlardan istifadə edirlər. Mənim film sahəsində ən böyük işim Mirbala Səlimli ilə olub. Yəqin ki, teatrımızın baş rejissoru Mirbala Səlimlinin "Qırmızı bağ” filminə baxmısınız. Sənət dünyasında əslində əyalət söhbəti olmalı deyil. Necə ki, futbolda bir komanda bir şəhərdə, başqa birisi başqa şəhərdədir. Hamısı göz qabağındadır. Teatrlar da belə olsa yaxşıdır. İstəyirəm ki, insanlar nəinki paytaxt, eyni zamanda bölgə teatrları ilə də yaxından maraqlansınlar.”- söyləyir...

 

Fərqli və unikal düşüncələri ilə seçilir. Yeniliyi və dəyişikliyi çox sevir, adətən cəsarətli ideyalarla çıxış edir. Daxili dünyası geniş və maraqlıdır, lakin bu dünyaya daxil olmaq hər kəs üçün asan deyil. Qəlbində yer tapa bildinsə, o, həmişə yanında olacaq, dostcanlıdır...

 

Bu gün - fevralın 9-u onun 71 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

Çox yaşasın!

 

 “Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

 

Bazar ertəsi, 09 Fevral 2026 12:28

“Ən Yeni” zamanın çağırışı kimi

 

 Seyid Aynur, “Ədəbiyyat və incəsənət” üçün

  

I.İnsan həyatının faciələrindən doğan şeir.

     Ədəbiyyat yaratmaq arzusu yaradanla söhbətləşmək, keçmişə səyahət, gələcəyə baş vura bilməkdir. Arxada qoyub getdiyin hər nə, hər kim varsa hamısı ilə üzləşməkdir.  Canlı, cansız, həqiqi və ya uydurma olan hər şey, hislər, qoxu, hadisə müəllifi ilhamlandırır, daha çox yazmağa sövq edir. Bəlkə də kənardan oxucu üçün sadə, asan görünən vur-tut üç və ya dörd misradan ibarət qısa şeir və ya hayku əslində böyük ağrıdan, insan həyatının faciələrindən doğur. Yazı prosesi keçmişin hislərini müəllifə hər dəfə sanki təzə dərdmiş kimi təkrar xatırladır. Üstü qapanmaq istəyən yaranı qaşıyıb yenidən təzələyir. Şeir, proza fərq etməz bədii mətn hesab oluna bilən hər nə varsa, hamısı insan ruhunu kəsən, deşən sualların,müəllifin iç dünyasında apardığı savaşların məhsuludur.

          Bu yol özündən əvvəlkiləri inkar edə-edə bir az da ona bənzəmək, hər kəsi təkzib edərək ilahi başlanğıc olan o kosmik qüvvəyə tərəf yürüməkdir. Yaxşı şeir, möhtəşəm bir proza qəfil yaranır, ildırım sürəti ilə yerə enir, masadakı kağızı, əldəki qələmi alışdırıb yandırır. Məqsəd duyğuların təzahürüdür. Müəllif ibadətgah qarşısına gətirilmiş bir növ qurbandır.

 Bəzi əsərlər ədəbiyyatda mövcud olan bütün "izim"lərin fövqündə dayanır. Göyün qübbəsindən üzü aşağı baxan ədəbi nəsnə bəni adəmlərin içərisində axtarıb müəllifini özü tapır.

 

I. Ədəbi Cərəyan Nədir? Tarixi Zərurət və Estetik Meyar

Ədəbiyyat sadəcə sözlərin düzümü deyil, ruhun zamana və məkana verdiyi reaksiyadır. Bu reaksiyalar müəyyən tarixi mərhələlərdə oxşar dünyagörüşünə sahib yazarları bir araya gətirərək ədəbi cərəyanları formalaşdırır. Ədəbi cərəyan — müəyyən bir dövrdə yazıb-yaradan sənətkarların əsərlərinə xas olan ideya, məzmun, üslub və bədii-estetik prinsiplərin məcmusudur. Cərəyanlar ədəbiyyatı xaotik yazı prosesindən çıxarıb ona bir konsepsiya, bir hədəf və ölçü qazandırır.

Tarix boyu hər bir cərəyan özündən əvvəlkinin inkarı və ya təkmilləşmiş forması kimi doğulub:

-Romantizm: Dünyanın quru reallığından qaçıb xəyallara, daxili azadlığa və təbiətə sığınan insanın harayı idi.

-Realizm: Həyatı olduğu kimi, bütün çılpaqlığı və sosial problemləri ilə masaya yatırdı.

-Modernizm: Ənənəvi formaları qıraraq insanın daxili aləminin parçalanmış mənzərəsini, "şüur axını"nı ədəbiyyata gətirdi.

-Postmodernizm: XX əsrin sonlarından etibarən hakim olan bu cərəyan isə hər şeyi ironiyaya çevirdi, mütləq həqiqəti inkar etdi və mətni bir oyun meydançasına çevirdi.

Lakin hər bir cərəyanın bir ömrü var. Postmodernizmin gətirdiyi "lağlağı münasibət" və mənəvi təməllərə qarşı inamsızlıq artıq çağdaş insanın ruhunu doyura bilmir. İnsanlıq indi mətni sökmək deyil, ruhunu yenidən qurmaq ehtiyacı hiss edir.

II. Azərbaycanın Ədəbi Axtarışları: Qruplardan Konsepsiyaya Doğru

Azərbaycan ədəbi mühiti 1990-2000-ci illərdə böyük bir axtarış dövrü keçdi. “Eqo Yaradıcılıq Ordeni”, “Baca”, “Nəfəs” kimi ədəbi qruplar avanqard poeziya axtarışları ilə yadda qaldı. Onlar poeziyanın sərhədlərini genişləndirməyə çalışsalar da, bir çox nümayəndələri sonradan postmodernizmin xaotik sularında itdilər.

"Azad Yazarlar Ocağı", "Gənc Ədiblər Məktəbi" kimi birliklər isə yeni imzaların tanınmasında mühüm xidmət göstərdilər. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu birliklər çox vaxt estetik meyarlar ətrafında deyil, ideya və ya sosial mənfəət uğrunda bir araya gəldilər. Onlar bir "konsepsiya" ortaya qoya bilmədilər. Dost məclislərində aparılan söhbətlər nə qədər səmimi olsa da, ədəbi estetik hərəkata çevrilmək üçün kifayət etmədi. Çünki əsl ədəbi cərəyan fərdi ağrını kosmik idrakla birləşdirən bir manifest tələb edir.

III. "Ən Yeni" Ədəbi Cərəyan: Estetik Meyar və Yeni İnsan Modeli

Budur, zamanın tələbi ilə postmodernizmin yorucu ironiyasını əvəzləyən "Ən Yeni" ədəbi cərəyanı səhnəyə çıxır. Bu cərəyan sadəcə bir yazı tərzi deyil, bir varlıq fəlsəfəsidir. Onun digər cərəyanlardan fərqi və estetik prinsipləri aşağıdakı sütunlar üzərində dayanır:

1. Formanın Qəliblərdən Azad Olması

"Ən Yeni" cərəyanın fəlsəfəsinə görə, yaxşı şeir mütləq konkret janrın (qoşma, qəzəl və ya sərbəst) içində boğulmamalıdır. Forma şeir üçün zindan yox, ruhun axdığı bir məcra olmalıdır. Üç-dörd misradan ibarət bir hayku, əgər müəllifin iç dünyasındakı böyük bir savaşı əks etdirə bilirsə, o, möhtəşəm bir proza qədər ağır və dəyərlidir.

2. Dilin Arınması və Milli Kimlik

Bu cərəyan doğma ana dilimizin saflığını qorumağı birinci vəzifə hesab edir. Qonşu dillərdən gələn, süni şəkildə mətnə daxil edilən alınma söz və ifadələr ədəbi mətnin bədii gücünü azaldır. "Ən Yeni" ədəbiyyat xalqın başa düşəcəyi, lakin bədii dərinliyini itirməyən sadə, duru və zəngin bir Azərbaycan dilini təbliğ edir.

3. Gender Bərabərliyi və İnsan Hüquqları

Ədəbi mətnlərdə qadın-kişi bərabərliyinin qorunması "Ən Yeni" cərəyanın sosial-estetik hədəfidir. Qadın artıq sadəcə "ilham pərisi" və ya "məzlum obraz" deyil, cəmiyyətin və ədəbiyyatın bərabərhüquqlu, güclü fərdi kimi tərənnüm olunur.

4. Realizmin Fövqündəki Real İnsan

Bu cərəyan fantastikaya meyil etmir. Məkan və qəhrəmanlar tamamilə realdır. Lakin burada bir dönüş nöqtəsi var: qismət, bəxt və ya qədərdən şikayət edən "küsən insan" tipi artıq yox olur. Onun yerinə yazdığı hər misranı bir duaya, bir ayinə çevirən, öz reallığını özü yaradan "Fövqəl İnsan" gəlir. Bu insan mikroskopik canlılardan tutmuş kosmik sistemin ritminə qədər hər yerdə həyat eşqi tapan, iradəsi ilə taleyinə qalib gələn insandır.

IV. Nəticə: Postmodernizmdən Kosmik Ritmi Tutmağa Doğru

Yazı prosesi müəllif üçün üstü qapanmaq istəyən yaranı yenidən təzələməkdir. Bu, həm də keçmişlə üzləşmək, gələcəyə baş vurmaqdır. Müəllif ibadətgah qarşısına gətirilmiş bir qurbandır və "Ən Yeni" cərəyan sənətkarı bu qurbanlıqdan çıxarıb yaradıcı gücün mərkəzinə qoyur.

Postmodernizmin hər şeyi ironiyaya çevirən, mənəvi boşluq yaradan dövrü bitmişdir. Mətnin sökülüb yenidən yığılması kimi yorucu oyunlar yerini qlobal və kosmik sistemin ritminə tabe olan daha dərrakəli bir ədəbiyyata verir. "Ən Yeni" ədəbi cərəyan ədəbiyyatın gücü ilə hər bir fərdin öz reallığını yaratmasına imkan verir. Bu, estetik meyarların mənfəət üzərində qələbəsidir. Bu, ədəbiyyatın ilahi başlanğıca — kosmik qüvvəyə doğru yürüşüdür.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Sırdaş

Təbriz

 

Bir qərib duyğudur qonağım bu gün,

Siz allah qoymayın, ürəyim gedir!

Çox zaman sürməyib bizim sevgimiz,

Şirin arzularım, diləyim gedir.

 

Birazdan başlanar soyuq bir savaş,

Küləklər dondurar yollarımızı.

Qasırğalar bizə şillə atsa da,

Gəlsənə açmayaq qollarımızı!

 

Sözünü tutmadın, oyun pozuldu,

İçimdə fitnəni doğub gedirsən.

"Gələcək bizimdir" nə tez unutdun?

Süd əmər sevgimi boğub gedirsən.

 

Tanrının utancı düşür gözümdən,

Sənsə kirpiyimdən yerə axırsan.

Duzlu əllərini göyə qaldırıb,

Yalvarıb-yaxarıb kimə baxırsan?!

 

Mələklər göz vurub səni səsləyər,

Sənsə qanadlanıb göyə uçursan.

Qaranlıq sarayda buraxıb məni

Hansı xarabaya işıq saçırsan?!

Hansı xarabaya?.. 

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktub yazıçı-publisist Mövsümağa Ədalətoğludandır. O, essesini təqdim edibdir.

 

Səs — varlığın görünməz nəfəsidir. O, zamanın axarında bir anlıq titrəyir, sonra əbədi sükutun qoynunda itib gedir. Biz eşitdiyimiz hər səsi, gördüyümüz hər üzün xəyalını, yaşadığımız hər anın nəfəsini yaddaşımızın dərin qatlarında qorumağa çalışırıq. Çünki həyatın özü bir axındır: nə geri dönür, nə də təkrar olunur.

Zaman — insanın ən böyük sərvəti, lakin heç kimin mülkü deyil. Biz yalnız onun qonaqlarıyıq. Hər səs, hər üz, hər an — zamanın bizə verdiyi bir borc, bir əmanətdir. Bu əmanəti dərk etmədən yaşamaq, varlığın öz mahiyyətini görmədən keçmək deməkdir.

İnsanın varlıq paradoksu bundadır: biz anı yaşadığımız anda onun əbədi olduğunu düşünürük, lakin o, barmaqlarımızın arasından süzülən qum kimi sakitcə uzaqlaşır. Bir daha eşidilməyəcək səs, bir daha görünməyəcək üz, bir daha yaşanmayacaq an — bunlar həyatın bizə verdiyi ən qiymətli hədiyyələrdir.

Hər səs bir xatirədir, hər üz bir hekayə, hər an isə bir ömürlük dərs. Onları qeyd etmək, onları dərk etmək, onların qadrini bilmək — insanın öz varlığına, öz yaddaşına, öz ruhuna hörmətidir. Çünki yaddaşın işığı sönəndə, insanın özü də unudulmuş bir kölgəyə çevrilir.

Odur ki, yaşayın — səsləri dinləyərək, üzləri seyr edərək, anları qucaqlayaraq. Çünki həyatın ən böyük hikməti budur: biz yalnız indi varıq, yalnız bu an mövcuduq. Varlığın əsl dəyəri isə onun təkrar olunmazlığındadır.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Azərbaycan kinosunda elə filmlər var ki, nə səs-küy salır, nə də iddialı şüarlarla yadda qalır. Amma zaman keçdikcə daha ağır, daha təsirli görünür. “Bayquş gələndə” məhz belə filmlərdəndir. Bu ekran əsəri açıq dramatik qarşıdurmalardan çox, insanın daxilində baş verən sarsıntıları, qorxunu və gözləmə hissini mərkəzə çəkir.

 

Film 1978-ci ildə çəkilib. Rejissoru Şamil Mahmudbəyovdur — Azərbaycan kinosunda psixoloji dərinliyə, səssiz müşahidəyə və insan taleyinə həssas yanaşması ilə seçilən sənətkarlardan biri. Film Maqsud İbrahimbəyovun eyniadlı əsəri əsasında ekranlaşdırılıb və ədəbiyyatla kino arasında uğurlu dialoq nümunəsidir.

 

Bayquş obrazı: quş yox, xəbərdarlıq

Xalq yaddaşında bayquş sadəcə quş deyil. O, qaranlığın, bədbəxtliyin, bəzən də qaçılmaz sonun xəbərçisi kimi qəbul olunur. Film bu inanclardan ustalıqla istifadə edir. Bayquş ekranda hər görünəndə hadisə baş vermir, amma daxildə bir şey qopur. Tamaşaçı hiss edir ki, nəsə dəyişəcək, amma nə və necə — məlum deyil.

Bu da filmin əsas güc nöqtəsidir: qorxu göstərilmir, hiss etdirilir.

 

Sadə həyat, mürəkkəb talelər

Hadisələr sakit Abşeron məkanında cərəyan edir. Günəş, dəniz, balıqçılıq, yay istirahəti… Zahirdə hər şey adidir. Amma bu adi həyatın içində narahatlıq dolaşır. Film göstərir ki, insan bəzən ən sakit məkanlarda belə daxili fırtınalar yaşayır.

Baş qəhrəman Tahir hələ gəncdir, amma o artıq dünyanın təkcə ağ-qara olmadığını hiss etməyə başlayır. O, böyüklərin susqunluğunu, gizli qorxularını, demədiklərini müşahidə edir. Bu film, əslində, bir uşağın böyümə anı haqqındadır — amma yaşla yox, dərk etməklə böyümə.

 

Səssizliklə danışan film dili

“Bayquş gələndə” dialoqlarla yüklü film deyil. Burada əsas sözləri pauzalar, baxışlar, səssiz kadrlar deyir. Kamera qəhrəmanları müşahidə edir, mühakimə etmir. Rejissor tamaşaçını hadisələrin içinə çəkmir, onu müşahidəçi mövqeyində saxlayır. Bu isə filmi daha təsirli edir.

Musiqi minimumdur, emosiyalar şişirdilmir. Hər şey real, tanış və bir qədər də ağrılıdır. Elə buna görə film illər keçsə də köhnəlmir.

 

Diqqət çəkən və maraqlı məqamlar

– Film hadisədən çox əhval-ruhiyyə üzərində qurulub

– Bayquş simvolu konkret təhlükədən çox psixoloji gərginliyi ifadə edir

– Uşaq baxışı ilə böyüklərin dünyasının toqquşması incə şəkildə verilir

– Məkan və təbiət insanın daxili vəziyyətinin güzgüsünə çevrilir

– Film açıq suallar qoyur, cavabları tamaşaçıdan gözləyir

 

Niyə bu film bu gün də aktuallığını saxlayır?

Çünki “Bayquş gələndə” qorxunun formasını yox, mahiyyətini göstərir. Bu qorxu müharibə də ola bilər, itki də, vicdan əzabı da, gözlənilən, amma adı qoyulmayan faciə də. Film hər dövr üçün yenidən oxuna bilir.

 

Son söz

“Bayquş gələndə” bizə bir həqiqəti xatırladır:

Bəzən bədbəxtlik qapını döymür, səs salmır. Sadəcə gəlir… və insan onu hiss edir.

Bu film də elə o hiss haqqındadır — səssiz, ağır və unudulmayan.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

Bazar ertəsi, 09 Fevral 2026 10:28

Təmir olunmuş evin tək təmirsiz divarı...

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Mən bu filmi izləmişəm bir dəfə,

Bilirəm də sonu necə qurtarır.

"Siz"dən "sən"ə dönən xitablı söhbət

Axşamlar başlayır, gecə qurtarır.

 

İlahi, necə də xoşbəxt olursan,

Həmin gecələrin hüzurunda sən.

Daha öncə sevib, əzizlədiyin

Hər kəsi bir ona qurban edirsən.

 

Qollarını vətən sanıb, hər görüş

Vətəninə qovuşmağa gedirsən.

Bircə dəfə saçlarını oxşasa

O tellərə lap sitayiş edirsən.

 

Sonra da yox yerə, səbəbsiz yerə

Araya soyuqluq adlı sədd düşür.

Həmin o mesajlar, həmin görüşlər,

Damcı-damcı axıb,

Gözündən düşür.

 

Ay, gözümün nuru, başqa film tap,

Nə qədər ki, tezdir, axşam olmayıb.

Mən bu filmi izləmişəm bir dəfə,

Bir də izləməyə gücüm qalmayıb…

 

Əziz Yaqubzadənin şeirinin mənası o qədər güclüdür ki, hər oxuyan öz həyatından bir alıntı tapır. Öz həyatındakı əlaqəni anlayır. “Siz”dən “sən”ə dönən söhbətlər… zamanla yenidən “siz”ə çevrilir. Aradakı məsafə səni yenidən "siz"ə çevirir.  Belə ki, hər şey bomerangdır. Əslində bu ifadə tam olaraq bu mənanı ifadə etmir, amma həyat elədir: hər şey qayıdır əvvəlki yerinə. Gülən üzlər qayıdır əvvəlki halına, yaranan üzüntü də öz yerinə dönür. Və bunun həyatda heç bir izahı yoxdur. Bəzən sadəcə hiss edirsən ki, hər şey öz yolunu tapır.  Tanıdığım bir hüquqşunasın dediyi kimi "ədəbsizliyin mənası hamıya aydındır deyə lüğətlərdə onun izahı yoxdur".  Beləcə bəzi ifadələrin də izahı açıq-aydın ortada olur. Bildiyin söz necə izaha ehtiyac duysun ki?!

Zamanla qaçaraq gedilən yolları yıxıla-yıxıla qayıdırsan. Körpə ikən evin hər küncündə qaçırdın, anan sənin dalınca qaçar, öz-özünə dillənərdi: “Qaçma, yıxılarsan”. Sən də yıxılırdın. Çünki hələ gəzməyi öyrənməmisən. Hələ yeni “ana” demisən, yeni addım atırsan. Hələ həyatın nədən ibarət olduğunu belə bilmirsən. Sanırsan ki, ömrü boyu körpə qalacaqsan, hər zaman qaçıb-qaçıb yıxılacaqsan. Və sadəcə "ana", "ata" deyəcəksən. Beləliklə, bir yaş, iki yaş, hətta beş yaş – böyüyürsən, həyətdə oynayarkən yıxılırsan, palçıq içində sanki çimirsən… Beləcə yıxıla-yıxıla böyüyürsən.

Daha sonra yıxılmayacağına əmin olduğun bir divar görürsən. Bu divarın varlığına inanırsan. Düzdür, sən heç kimdən asılı deyilsən. Amma bəzən divarlar bizə kömək edir. Onlara alışırsan, evinin dörd divarından biri sanki…Bir ay, iki ay, beş ay, altı ay… Və bir gün ayılırsan. O divara sədd çəkirsən, çünki artıq o divar sənin üzərinə gəlməyə başlayır. Lakin divar səni görür – sən özünü qorumağa çalışırsan, haqqını müdafiə edirsən – və deyir: “Mən də buradayam və səni məhv edəcəm”. O səni əzir, sınayır, sındırır, eyni zamanda sənə dərs verir. Başqa evlərə də  də divar  olur. Yıxır, əzir.

Sən də...Yenə yıxılırsan, yenə əzilirsən, amma böyüyürsən.

Təsəvvür edirsiniz ki, evinizin bir divarı yoxdur? Əsla… Bunu heç vaxt təsəvvür etməyin. Evinizin divarları hər zaman var olacaq. Dediyim divar isə xəyali divardır, hər kəsin səddidir. Çox insana divar olan divar, sənin öz evin necə ola bilər ki?

Sonra bir gün gözünü açırsan, yenə oradadır, uşaqkən xəyal etdiyim "qatar formasında evimiz kimi". Divar da gedib gəlir sanki. Amma artıq tam əvvəlki kimi deyil – elə bil təmir olunmuş evin tək təmir olunmamış divarıdır. Təmir olunur yavaş-yavaş. Sən artıq istəmirsən, amma divar səninlə danışır:

 “Nankor…”

Heç nə demirsən. Çünki Divar kimi sərt bir nankorun qarşısındakına "nankor" deməsi özü böyük cahillikdir.

Bomerang – əslində, kiməsə etdiyin yaxşı və pis hərəkətlərin sənə geri qayıtmasının ən gözəl adıdır. Hər şey geri dönür. Amma bir boomeranqın tərəfləri çoxdur, dərinliyi ölçülməzdir, təsiri isə hər kəs üçün fərqlidir. Həyat da elədir: bir dəfə yaşayırsan, amma hisslərin və xatirələrin daim qayıdır.

Və mən öz həyatımda bunu hər gün görürəm. Hər münasibət, hər seçim, hər duyğu bir gün geri dönür. Mən də yıxılıram, üzülürəm, amma hər dəfə o divar mənə bir dərs verir, məni daha da gücləndirir. Hiss edirəm ki, nə qədər qaçsam da, həyatın mənə göstərdiyi yollar məni yenidən eyni nöqtəyə gətirir. Və artıq öyrənmişəm ki, bu qayıdışlar qorxulu deyil – onlar böyüməyin, öyrənməyin, hər şeyi daha dərin hiss etməyin bir yoludur. Bəzən sükut, bəzən ayrılıq, bəzən soyuqluq – hamısı mənə özümü tapmağı, öz gücümü tanımağı öyrədir. Hər boomerang bir xatırlatmadır ki, həyatda etdiyimiz hər şeyin bir əksi, bir əks-sədası var; amma bu sədalar bizi sınayır, formalaşdırır və nəticədə daha yaxşı insan oluram. Mən buna inanıram və buna görə də hər yıxıldığım anda bir az daha güclü qalxıram.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

 

 

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbində lI Yarımilin iş planına uyğun olaraq, şagirdlərdə milli və klassik musiqiyə marağın artırılması, yaradıcılığının təbliği, musiqi irsimizin qorunması və gənc istedadların səhnə təcrübəsinin zənginləşdirilməsi məqsədilə, görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Qara Qarayev: İrsimiz gələcəyimiz” adlı musiqili tədbir keçirilib.

 

Tədbirdə məktəbin müəllim-şagird kollektivi, valideyinlər və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

Tədbirdə bəstəkarın həyatı və yaradıcılıq yolu, Azərbaycan professional musiqisinin formalaşmasında və inkişafında göstərdiyi müstəsna xidmətlər barədə məlumat verilib, onun zəngin irsinin gənc nəslin musiqi tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.

Tədbirin bədii hissəsində Qara Qarayevin fortepiano üçün bəstələdiyi əsərlərin şagirdlər tərəfindən yüksək məharətlə ifası dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, həmçinin məktəbin müəllimlərdən ibarət xor kollektivinin ifasında Qara Qarayevin məşhur “Gənclik” mahnısının səslənməsi tədbirə xüsusi rəng qatıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.