Super User
“Ağalı” filminin çəkilişləri başlayıb
Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Ağalı” tammetrajlı bədii filminin çəkilişləri başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Ülviyyə Heydərova öz sosial media hesabında məlumat vermişdir.
Filmin quruluşçu rejissorları Xəyyam Abdullazadə, Elməddin Alıyev, , quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, qrim üzrə rəssamı Adilə Alıyevadır.
Filmdə baş rollarda Güşvər Ağayeva və Yaqut Paşazadə çəkilirlər.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Yaşasaydı, 78 yaşını qeyd edərdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sıralarımızı təzəlikcə tərk edən teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti Azər Paşa Nemətov təbii ki, yaddaşlardadır, teatr üçün çalışmaları aktualdır, quruluş verdiyi tamaşalar repertuardadır.
Onu elə belə də tanımışıq: daim işdə-gücdə, hər şeyə diqqət çəkən, fəaliyyətdən qrxmayan, hey qurub-yaradan.
Bu gün onun doğum günüdür. Yaşasaydı, 78 yaşını qeyd edərdi.
Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində, Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən, yüzdən artıq tamaşaya quruluş verən, ad-san qazanan rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Yəni, teatr sevgisi onlarda irsəndir.
Azərpaşa 31 saylı orta məktəbdə təhsil alıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib.
1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A. Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor işləyib.
1990-cı il aprel ayının 20-dən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru olub. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.
Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatı olub. Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.
18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilib. 31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə, 6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilib.
"Quruluş verdiyi tamaşalar"
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:
1. "İki qayın ağacı" (Yevgeni Şvarts)
2. "Pin və Qvin" (Kim Meşkov)
3. "Bumbaraş" (Yevgeni Mitko və Yura Mixaylov)
4. "Buraxılışın son gecəsi" (Vladimir Tendryakov)
5. "Necəsən, cavan oğlan?" (Şandor Samodi Toot)
- Leninqrad Gənc Tamaşaçılar Teatrında:
1. "Bütün yaxşılıqlar üçün ölüm" (Maqsud İbrahimbəyov)
2. "Üçüncü imperiyanın iflası" (Bertold Brext)
- Arxangelsk Dövlət Dram Teatrında:
1. "Qum üzərində ev" (Rüstəm İbrahimbəyov)
- Tallin Gənc Tamaşaçılar Teatrında:
1. "Şəhərin yay günləri" (Anar)
2. "Yuxulama" (Kamal Aslanov)
- Lənkəran Dövlət Dram Teatrında:
1. "Üçüncü nəsil" (Nikolay Miroşniçenko)
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
1. "Biganələr hoteli" (Rüstəm İbrahimbəyov)
2. "Tufandan əvvəl" (Arif Süleymanov)
3. "Ah, Paris… Paris", "Mənim sevimli dəlim", "Diaqnoz "D"","Cəhənnəm sakinləri" (Elçin)
4. "Hamlet", "On ikinci gecə" (Uilyam Şekspir)
5. "Boy çiçəyi", ""Xurşidbanu Natəvan""(İlyas Əfəndiyev)
"Səhnə tərtibatı verdiyi tamaşalar"
- "Təmas", "Kabinet əhvalatı" (Rüstəm İbrahimbəyov)
- "Şəhərin yay günləri" (Anar)
- "Şapkinin sərsəm günü" (Mixail Zoşşenko)
- "Bobok" (Elçin Məmmədovla birgə) (Fyodor Dostoyevski)
- "Bekarçılıq kontoru" (Seyfəddin Dağlı)
"Musiqi tərtibatı verdiyi tamaşalar"
1. "Necəsən, cavan oğlan?" (Şandor Şamodi Toot)
2. "Keçən ilin son gecəsi" (Anar)
3. "Öz adamlarımızdır, düzəlişərik" (Aleksandr Ostrovski)
4. "Allah olmaq mümkün deyil" (Kamal Aslanov)
5. "Fudziyama dağında qonaqlıq" (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)
"Elmi məqalələri"
- "Səhnəmizin sevimli aktyoru" ("Mədəni-Maarif" jurnalı)
- "Hamlet" ("Elmi axtarışlar" jurnalı)
Metodik vəsaitləri
- "Pyesin rejissor təhlili"
- "Cəlil Məmmədquluzadə dramaturgiyasına rejissor baxışı"
- "Şekspir dramaturgiyasına rejissor baxışı"
"Tanınmış tələbələri"
1. Rusiya Federasiyasının Xalq artisti Kirill Filinov
2. Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Koşalev
3. Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nuri
4. Azərbaycan Respublikasının Xalq artisti Zərnigar Ağakişiyeva
5. Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov
6. Azərbaycan Respublikasının Xalq artisti Cəfər Namiq Kamal
Azərpaşa Nemətov 9 aprel 2023-cü ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Soydaşımız Kaliforniyada keçirilən MMA döyüşündə qalib gəlib
ABŞ-də yaşayan azərbaycanlı MMA döyüşçüsü Mirmahmud Seyidzadə Kaliforniyanın Stokton şəhərində keçirilən “209 Beatdown” turnirində qələbə qazanıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvü olan Mirmahmud, soyuqqanlılığı, dəqiqliyi və texniki üstünlüyü ilə rəqibini məğlub edərək karyerasında önəmli bir nailiyyətə imza atıb. Döyüşdən sonra üçrəngli bayrağımızı qürurla nümayiş etdirən idmançı, bu zəfəri həm Vətəninə, həm də onu dəstəkləyən insanlara həsr etdiyini bildirib.
Qeyd edək ki, Mirmahmud Seyidzadə peşəkar idmançı olmaqla yanaşı, San Xose Dövlət Universitetində hüquq təhsili alan tələbədir. O, dünyaca məşhur “American Kickboxing Academy”nin yetirməsidir. Məhz bu akademiya Həbib Nurməhəmmədov, Daniel “DC” Cormier və Cain Velasquez kimi tanınmış idmançıları yetişdirib.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Əsl səyahət romanı gəlir
Könül, “Ədəbiyyat və incəsənət”
Yazıçı Natiq Məmmədlinin “Sev” adlı yeni romanı “yalnız sevənlər anlayar” interpretasiyası ilə tezliklə Teas-press yayınlarında işıq üzü görəcək.
Yazıçı özü sosial media hesabında yeni kitabına belə bir “xoşgəldin” diləyir:
“Sakura ətirli bu məhəbbət romanı günahı yalnız bir-birini sevmək olan, iki fərqli dinə sitayiş edən gənclərin məhəbbətləri yolunda mübarizəsindən bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşığı Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopur. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması təsadüfi görünmür. Əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır.
“Sev” əsl səyahət romanıdır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Roman dünyanı bir mətnə sığışdırmağa cəhd göstərərək universum yaradır. Burada posmodernist elementlər, realizmə ironiya, qloballaşmaya yeni münasibət, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var.
Bu baxımdan “Sev” öz fəlsəfi -estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar yurduna can atır.
Epiqrafda əsəri başa düşməyin asan yolu da göstərilir: “Yalnız sevənlər anlayar”.
Elə dünən biz portalımızda Ən yaxşı hekayələr silsiləsindən Natiq Məmmədlinin “Taclı mələklər” hekayəsini oxucularımıza təqdim etmişdik. Ümumiyyətlə, Natiqin prozası seviləndir, bu isə hər bir yazara qismət olmayan bir xoşbəxtlikdir.
Elə bu fikirdən də yola çıxaraq yeni kitabı səbirsizliklə gözləyirik, inanırıq ki, “Sev” həqiqətən də seviləcək.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Onun Leylisi bir ayrı Leyli idi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
13 avqust tarixində daha bir tnınmış mədəniyyət xadimi dünyaya gəlib - Azərbaycan Respublikasının xalq artisti Aygün Bayramova. Tanınmış opera ifaçısıdır, mükəmməl səs tembrinə malikdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına xüsusən onu dinləməyə gələn çoxsaylı tamaşaçılar mövcuddur.
Aygün Bayramova 13 avqust 1967-ci ildə Ağdam rayonunda anadan olub. Təbii ki, belə gözəl səsə malik lmaq üçün qarabağlı olmaq da bir şərtdir.
1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb.
1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.
2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa edib.
Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil edib, tamaşaçı məhəbbəti qazanıb. 4 dəfə Prezident Mükafatına layiq görülüb.
Filmoqrafiya
- Güllələnmiş heykəllər
- Yeni həyat
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Ən yaxşı millət vəkili-media kapitanı-şair
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmır, kiminsə qeybətini etmir. Nadanlardan uzaq durmağa, haqsızlığın baş qaldırdığı yeri sakitcə tərk etməyə çalışır. Yüksək ədəb, əxlaq sahibidir. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinir. Davranışında, hərəkətlərində bir kübarlıq var. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara layiq görüldüyü də yəqin ki, Tanrının qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, bu insan sözün əsl mənasında fitri istedada malikdir, ədəbli şəxsiyyətdir. Necə deyərlər, hər tərəfli mükəmməl…
Bir vaxtlar rəhbərlik etdiyi kollektivdə çalışan, bu gün “Xalq cəbhəsi” redaksiyasına rəhbərlik edən Əli Zülfüqaroğlu onu belə xarakterizə edir: "Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranırdı, sərbəst iş rejimi yaratmışdı. Bundan sui istifadə halları da olmurdu. Hər kəs bunu özünə ayıb bilirdi"...
Bu gün onun parlamentdə bir deputat kimi siyasi fəaliyyəti ictimaiyyət tərəfindən nə qədər rəğbətlə qarşılanır, nə qədər sevilir, deyə bilmərəm, amma ürəklə deyə bilərəm ki, Elçin Mirzəbəyli çağdaş poeziyamızın parlaq istedadlı nümayəndələrindən biridir, təpədən dırnağa şairdir. Sanki onun yaratdığı poeziya nümunələri təbin məhsulu yox, Tanrının pıçıltılarıdır. Və ya bu şeirlər yazılmır, ruhla istedadın vəhdətindən doğulur. “Götür ürəyini gəl bizə sarı” şeirində yazır:
Üşüyür bu gecəm Ay işığında
Yürü, çək yükünü gündüzə sarı.
Baxışım açılmış yumaq kimidi
Di al, bir ucunu...
Ulduza sarı...
Alışdım yuvamda dərd böyütməyə,
Sonra dən-dən ovub...
dərd üyütməyə...
Bir ocaq çatmışam dərdi ütməyə,
Götür ürəyini gəl bizə sarı...
Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq insandan diqqət, yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi yaşadığı müasir mühitdən daha gözəldir. Bu aləmdə fitnə-fəsada, mənəvi eybəcərliklərə yer yoxdur. İnsanın vətən təşnəsinə sərinlik səpən bu misralardakı kimi:
Yoruldum qapımı döyən küləkdən,
Üşüdür bu soyuq ev məni, Tanrım!
Sən də mənim kimi tənhasan, təksən,
Sev məni, sev məni, sev məni, Tanrım!
Bəli, Elçin Mirzəbəylinin şeir kitablarını vərəqlədikcə, gözəl poeziya nümunələri oradan adamın üzünə gülür. Onları oxuduqca isə mənəvi zövq alırsan, ruhun dincəlir...
Avqustun 12-si Milli Məclisin deputatı, Əməkdar jurnalist, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəylinin növbəti ad günü idi, 58 yaşı tamam olurdu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Ad günün mübarək, ŞAİR!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Bu gün Xalq artisti Sədayə Mustafayevanın anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Adətən aktyor və aktrisaları Bakı səhnəsi məşhur edir. İstisnalar az-az olur. Bir istisna da Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisası Sədayə Mustafayevadır, ulduzu əyalətlərdə parlayan aktrisanın bu gün anım günüdür.
Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib.
Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb.
"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti Sədayə Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.
Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir.
Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilib. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar.
Mükafatları
- Azərbaycan SSR Əməkdar artisti
- Azərbaycan SSR Xalq artisti
- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü.
Aktrisa 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
SƏNƏTKARLARIMIZI UNUTMURUQ – Teatrda keçən ömür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ömrünü teatrımızın inkişafına həsr edən bir aktyor yaşayıb - Azərbaycan Respublikasının xalq artisti Vaqif Əliyev. Bu gün onun anım günüdür və onu xatırlatmaq bizim boynumua düşür.
Vaqif Əliyev 31 iyul 1940-cı ildə Bakıda anadan olub. 199 saylı orta məktəbdə təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1962-ci ildə M. Ə. Əliyev adına Teatr institutuna daxil olub.
Oradan əsgərliyə xidmətə çağırılıb, sonra təhsilini davam etdirib. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100 — dən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 1990-cı ildə ona "Əməkdar artist" fəxri adı verilib.
2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Əməkdar artist Vaqif Əliyev N. Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C. Cabbarlının "Dönüş"ündə- Şövqi- Sapand, C. Məmmədquluzadənin "Ölülər"ində Məşədi Oruc, Ə. Nesinin "Tənha qadınlar"ında- Qazabaxan, A. Babayevin "Oğul"unda- Qəzənfər, A. Məmmədovun "Dəli Domrul"unda-Ata, N. Hikmətin "Damokl qılıncı"nda- Kar, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ndə- Seyidağa, S. Rəşidinin "Mənim Ərdəbilim"ndə- Əmir, Ə. Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ndə Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"nda- Rus Zabiti, A. Qurbaninin "Türk sancağı"nda- Ağsaqqal, H. Cavidin "İblis"ində- Xaxam rollarını məharətlə yaradıb və tamaşaçıların hüsni-rəğbətini qazanıb.
Sənətkarın gərgin əməyi 2002-ci ildə dövlət tərəfindən yüksək qiymətləndirilib və ona "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilib.
Filmoqrafiya
1. Ağ atlı oğlan
2. Yük
3. Biz qayıdacağıq
4. Sovqat
Aktyor 13 avqust 2021-ci ildə 81 yaşında ürək xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
ARKA-da ölkənin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) ölkəmizin aparıcı film festivallarının direktorları ilə görüş keçirilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ARKA -dan AZƏRTAC-a bildirilib. Sözügedən görüşdə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Bakı Beynəlxalq Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və Salam Beynəlxalq Gənclər Film Festivalının rəhbərləri iştirak ediblər.
İştirakçılar festival fəaliyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yerli və xarici auditoriyaya daha effektiv çıxış yolları kimi mövzuları müzakirə ediblər.
ARKA nümayəndələri festivalların ölkəmizin kino sənətinin tanıdılması və inkişafındakı rolunu yüksək qiymətləndirərək, onların təşkilinə və həyata keçirilməsinə dəstək göstərəcəklərini vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)
Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş silsilə materiallar – videomaterial, ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilıən məlumata görə, videomaterialda Elçinin həyat və bədii yaradıcılığına, elmi fəaliyyətinə, geniş yer verilir, dolğun məlumatlar təqdim olunur. Materialda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, professor Mir Cəlal Paşayevin, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun görkəmli ədib haqqında söylədikləri dəyərli fikirlər yer alır. Videoçarxda Elçinin “Tənqid və nəsr”, “Üzeyir Hacıbəylinin publisistikası”, “Ədəbiyyatda tarix və müasirlik problemi” kimi elmi monoqrafiyaları haqqında məlumatlar əks olunur. Görkəmli ədibin səhnə əsərlərinin həm ölkə, həm də xarici teatrların repertuarında sərgilənməsi və Azərbaycan mədəniyyətinin, dramaturgiyasının yüksək səviyyədə təmsil olunması haqqında məlumat verilir. Materialda Elçin Əfəndiyevin yerli və xarici görüşlərdə, səfərlərdə çəkilən foto və video görüntüləri də sərgilənir. Material kitabxananın rəsmi saytında.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, ədib haqqında qələmə alınan “Xalq yazıçısı Elçin”, “Elçinlə ədəbiyyat söhbəti”, “Xalq yazıçısı Elçinin dramaturgiyası”, “Elçin haqqında düşüncələrim”, həmçinin özünün müəllifi olduğu “Daha dərin qatlara”, “Baş”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi Azərbaycan, türk və rus dillərində çap edilən kitabların biblioqrafik təsviri yer alır. Virtual sərgidə Elçin Əfəndiyevin yalnız yazıçı kimi deyil, həmçinin ictimai-siyasi xadim olaraq Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələr haqqında məlumat verilir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları ilə bağlı məlumatlar da təqdim edilir.
Qeyd edək ki, kitabxanada açılan “Elçin Əfəndiyev” adlı ənənəvi sərgidə görkəmli dramaturqun həyat və fəaliyyətini, zəngin bədii yaradıcılığını əks etdirən, Azərbaycan və rus dillərində nəşr edilən 50-dən çox kitab nümayiş olunur.
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)


