Təmir olunmuş evin tək təmirsiz divarı... Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Mən bu filmi izləmişəm bir dəfə,

Bilirəm də sonu necə qurtarır.

"Siz"dən "sən"ə dönən xitablı söhbət

Axşamlar başlayır, gecə qurtarır.

 

İlahi, necə də xoşbəxt olursan,

Həmin gecələrin hüzurunda sən.

Daha öncə sevib, əzizlədiyin

Hər kəsi bir ona qurban edirsən.

 

Qollarını vətən sanıb, hər görüş

Vətəninə qovuşmağa gedirsən.

Bircə dəfə saçlarını oxşasa

O tellərə lap sitayiş edirsən.

 

Sonra da yox yerə, səbəbsiz yerə

Araya soyuqluq adlı sədd düşür.

Həmin o mesajlar, həmin görüşlər,

Damcı-damcı axıb,

Gözündən düşür.

 

Ay, gözümün nuru, başqa film tap,

Nə qədər ki, tezdir, axşam olmayıb.

Mən bu filmi izləmişəm bir dəfə,

Bir də izləməyə gücüm qalmayıb…

 

Əziz Yaqubzadənin şeirinin mənası o qədər güclüdür ki, hər oxuyan öz həyatından bir alıntı tapır. Öz həyatındakı əlaqəni anlayır. “Siz”dən “sən”ə dönən söhbətlər… zamanla yenidən “siz”ə çevrilir. Aradakı məsafə səni yenidən "siz"ə çevirir.  Belə ki, hər şey bomerangdır. Əslində bu ifadə tam olaraq bu mənanı ifadə etmir, amma həyat elədir: hər şey qayıdır əvvəlki yerinə. Gülən üzlər qayıdır əvvəlki halına, yaranan üzüntü də öz yerinə dönür. Və bunun həyatda heç bir izahı yoxdur. Bəzən sadəcə hiss edirsən ki, hər şey öz yolunu tapır.  Tanıdığım bir hüquqşunasın dediyi kimi "ədəbsizliyin mənası hamıya aydındır deyə lüğətlərdə onun izahı yoxdur".  Beləcə bəzi ifadələrin də izahı açıq-aydın ortada olur. Bildiyin söz necə izaha ehtiyac duysun ki?!

Zamanla qaçaraq gedilən yolları yıxıla-yıxıla qayıdırsan. Körpə ikən evin hər küncündə qaçırdın, anan sənin dalınca qaçar, öz-özünə dillənərdi: “Qaçma, yıxılarsan”. Sən də yıxılırdın. Çünki hələ gəzməyi öyrənməmisən. Hələ yeni “ana” demisən, yeni addım atırsan. Hələ həyatın nədən ibarət olduğunu belə bilmirsən. Sanırsan ki, ömrü boyu körpə qalacaqsan, hər zaman qaçıb-qaçıb yıxılacaqsan. Və sadəcə "ana", "ata" deyəcəksən. Beləliklə, bir yaş, iki yaş, hətta beş yaş – böyüyürsən, həyətdə oynayarkən yıxılırsan, palçıq içində sanki çimirsən… Beləcə yıxıla-yıxıla böyüyürsən.

Daha sonra yıxılmayacağına əmin olduğun bir divar görürsən. Bu divarın varlığına inanırsan. Düzdür, sən heç kimdən asılı deyilsən. Amma bəzən divarlar bizə kömək edir. Onlara alışırsan, evinin dörd divarından biri sanki…Bir ay, iki ay, beş ay, altı ay… Və bir gün ayılırsan. O divara sədd çəkirsən, çünki artıq o divar sənin üzərinə gəlməyə başlayır. Lakin divar səni görür – sən özünü qorumağa çalışırsan, haqqını müdafiə edirsən – və deyir: “Mən də buradayam və səni məhv edəcəm”. O səni əzir, sınayır, sındırır, eyni zamanda sənə dərs verir. Başqa evlərə də  də divar  olur. Yıxır, əzir.

Sən də...Yenə yıxılırsan, yenə əzilirsən, amma böyüyürsən.

Təsəvvür edirsiniz ki, evinizin bir divarı yoxdur? Əsla… Bunu heç vaxt təsəvvür etməyin. Evinizin divarları hər zaman var olacaq. Dediyim divar isə xəyali divardır, hər kəsin səddidir. Çox insana divar olan divar, sənin öz evin necə ola bilər ki?

Sonra bir gün gözünü açırsan, yenə oradadır, uşaqkən xəyal etdiyim "qatar formasında evimiz kimi". Divar da gedib gəlir sanki. Amma artıq tam əvvəlki kimi deyil – elə bil təmir olunmuş evin tək təmir olunmamış divarıdır. Təmir olunur yavaş-yavaş. Sən artıq istəmirsən, amma divar səninlə danışır:

 “Nankor…”

Heç nə demirsən. Çünki Divar kimi sərt bir nankorun qarşısındakına "nankor" deməsi özü böyük cahillikdir.

Bomerang – əslində, kiməsə etdiyin yaxşı və pis hərəkətlərin sənə geri qayıtmasının ən gözəl adıdır. Hər şey geri dönür. Amma bir boomeranqın tərəfləri çoxdur, dərinliyi ölçülməzdir, təsiri isə hər kəs üçün fərqlidir. Həyat da elədir: bir dəfə yaşayırsan, amma hisslərin və xatirələrin daim qayıdır.

Və mən öz həyatımda bunu hər gün görürəm. Hər münasibət, hər seçim, hər duyğu bir gün geri dönür. Mən də yıxılıram, üzülürəm, amma hər dəfə o divar mənə bir dərs verir, məni daha da gücləndirir. Hiss edirəm ki, nə qədər qaçsam da, həyatın mənə göstərdiyi yollar məni yenidən eyni nöqtəyə gətirir. Və artıq öyrənmişəm ki, bu qayıdışlar qorxulu deyil – onlar böyüməyin, öyrənməyin, hər şeyi daha dərin hiss etməyin bir yoludur. Bəzən sükut, bəzən ayrılıq, bəzən soyuqluq – hamısı mənə özümü tapmağı, öz gücümü tanımağı öyrədir. Hər boomerang bir xatırlatmadır ki, həyatda etdiyimiz hər şeyin bir əksi, bir əks-sədası var; amma bu sədalar bizi sınayır, formalaşdırır və nəticədə daha yaxşı insan oluram. Mən buna inanıram və buna görə də hər yıxıldığım anda bir az daha güclü qalxıram.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.