Super User
Böyük yalanın izi ilə: bizi necə tora salırlar...
Eltən Törəçi, “Ədəbiyyat və incəsənət” üçün
Qorxulu deyil, amma təhlükəlidir - yalançı izlənmə və oxunma saylarının gizli sirri
İllərdir internetdə gördüyümüz izlənmə sayları bizdən hansı gerçəkləri gizlədir? Dəyərli oxucularım, aylardır araşdırdığım bir mövzunun incəliklərini sizinlə paylaşmaq istəyirəm. Mən 2002-ci ildən televiziyada çalışan adamam. Canlı efirin nə olduğunu, reytinqin necə ölçüldüyünü, tamaşaçının diqqətinin necə qazanıldığını, bir mövzunun cəmiyyətdə necə qarşılıq tapdığını illərlə studiyanın içindən görmüşəm. Elə buna görə də son illər internetdə rast gəldiyim bəzi “möcüzə rəqəmlər” məndə sadəcə maraq yox, ciddi suallar doğurur.
İndi tez-tez eyni cümləni eşidirik: “Mən artıq televiziyaya baxmıram”. Ardınca da adətən bu gəlir: “İnternetdə reklam daha effektlidir”.
Mən bu cümlələri deyən insanlara dərhal etiraz etmirəm. Çünki doğrudan da baxmayanlar var. Amma illərlə kütlə psixologiyası ilə işləyən biri kimi soruşuram: biz bu fikrə həqiqətən özümüz gəlmişik, yoxsa bu fikir bizə tədricən öyrədilib? Bu sual məni bir anlayışın üzərinə gətirdi - bot fabriki.
Bot fabriki nədir? Qorxulu deyil, amma təhlükəlidir. Bot fabriki sadəcə “saxta profil” demək deyil. Bot fabriki – internetdə minlərlə, bəzən yüzminlərlə saxta və ya yarısaxta hesabın bir mərkəzdən idarə olunduğu sistemdir. Bu hesablar real insan kimi davranır: paylaşımları bəyənir, şərh yazır, videoya baxır, paylaşır, mübahisəyə girir, hətta reklama klikləyir. Kənardan baxanda hər şey canlı görünür. Amma bu canlılığın arxasında maraq yox, tapşırıq dayanır. Məhz ona görə buna “fabrik” deyilir. Çünki burada təsadüf yoxdur. Burada plan var, strategiya var, istehsal var. Bu mexanizm haradan meydana çıxdı?
İnternetin ilk illərində botlar əsasən spam üçün istifadə olunurdu. Sonra sosial şəbəkələr böyüdü, diqqət-dəyər qazandı və bir gəlir qaynağı kimi ortaya çıxdı: günümüzdə diqqət pulla ölçülür. O andan etibarən botlar təkcə texniki alət olmadı, reklamın, medianın və ictimai rəyin yönləndirici alətinə çevrildi.
2016-cı ildən sonra aparılan beynəlxalq istintaqlar göstərdi ki, bot və troll şəbəkələri artıq təsadüfi fəaliyyət deyil, sistemli mexanizm kimi işləyir. ABŞ Ədliyyə Nazirliyinin, “Meta” şirkətinin, “Freedom House”un və digər beynəlxalq qurumların hesabatlarında bu, açıq şəkildə təsdiqlənib. Bu sənədlər bot fabriklərinin ictimai rəyə və reklam bazarına real təsir göstərdiyini sübut edir.
Bot fabriki necə qurulur? Gəlin bizi aldadan bu sistemin iç üzünü açaq. Bot fabriklərinin iş prinsipi sadə görünür, amma çox planlıdır. Əvvəl minlərlə profil yaradılır. Bəzən saxta adlarla, bəzən oğurlanmış şəkillərlə, bəzən real telefon nömrələri ilə. Daha sonra bu hesablar VPN və proksi vasitəsilə müxtəlif ölkələrdən girirmiş kimi göstərilir, fərqli vaxtlarda aktiv olur, eyni cümləni eyni anda yazmamaq üçün proqramlaşdırılır. Yəni bot özünü adam kimi aparır. Bundan sonra mərkəzdən tapşırıqlar gəlir: hansı videonun izlənmə sayı qaldırılacaq, hansı paylaşım trend ediləcək, hansı fenomenin paylaşımları məşhur göstəriləcək, hansı reklama klik ediləcək.
Qırğızıstanla bağlı “Open Democracy” araşdırmalarında keçmiş bot fabriki işçiləri açıq deyirlər ki, hər işçinin yüzlərlə hesabı olub və gündəlik planla işləyiblər. Türkiyə üzrə aparılan elmi araşdırmalar sosial şəbəkə trendlərinin əhəmiyyətli hissəsinin bot şəbəkələri tərəfindən süni şəkildə yaradıldığını göstərib. Bu, təsadüf deyil – bu, planlı işdir.
Rəqəmlər niyə yalan danışır? İndi əsas sual budur: internetdə gördüyümüz baxış, izləyici və bəyənmə rəqəmləri nə dərəcədə realdır? Cavab birmənalıdır: həmişə yox. Reklam sənayesində bunun rəsmi adı var – “Invalid Traffic”, yəni real insan fəaliyyəti olmayan trafik. “Media Rating Council” və “DoubleVerify” kimi beynəlxalq qurumlar bu anlayışı illərdir ölçür və sənədləşdirir. Bunun nəticəsi nədir? Reklam sahəsində adi sahibkarlar öz məhsul və xidmətlərinin reklamına pul qoyur, klik gəlir, baxış gəlir, amma real müştəri gəlmir. Çünki reklama baxan insan deyil, botdur. Məsələn, ABŞ-da aparılan “3ve” adlı istintaq işi zamanı milyardlarla saxta reklam baxışının yaradıldığı və bizneslərə on milyonlarla dollar zərər dəydiyi rəsmi sənədlərlə təsdiqlənib.
Bot fabrikləri ən çox harada yayılıb? Bot fabrikləri bir ölkənin problemi deyil. “Oxford Internet Institute” və “Freedom House”un hesabatları göstərir ki, bu mexanizm onlarla ölkədə mövcuddur və artıq sənaye miqyasında işləyir. Xüsusilə geosiyasi gərginliklərin olduğu bölgələrdə, seçki dövrlərində və reklam bazarının sürətlə böyüdüyü ölkələrdə daha çox sənədləşdirilir. Ukraynada rəsmi qurumlar onlarla bot fabrikinin bağlandığını və milyonlarla saxta hesabın aşkarlandığını açıqlayıb. Türkiyədə və Gürcüstanda platformalar koordinasiyalı saxta davranış şəbəkələrini silib. Azərbaycanda isə “Meta”nın rəsmi hesabatlarında koordinasiyalı saxta fəaliyyət şəbəkələrinin aşkarlandığı və ləğv edildiyi açıq şəkildə qeyd olunub. Bu faktlar şayiə deyil, platformaların öz sənədlərində yer alan məlumatlardır.
Azərbaycanda bu saxtakarlıqlarla bağlı nə etməliyik? Bu nöqtədə vacib olan kimisə ittiham etmək deyil, qorunma mexanizminin düzgün qurulmasıqdır. Sosial mediada reklam və informasiya yayımı ilə məşğul olan, böyük izləyicisi olan səhifələrin fəaliyyətinin tez-tez dövlət qurumları tərəfindən rəsmi yoxlanması vacibdir.
İzləyici keyfiyyəti, davranış izi, coğrafi uyğunluq və reklam nəticələrinin reallığı sistemli şəkildə analiz edilməlidir. Eyni zamanda, davamlı yoxlanılan “güvənilir sayt və səhifə” nişanı yaradılmalıdır. Bu nişan bir dəfə verilib unudulan deyil, mütəmadi auditlə yenilənən mexanizm olmalıdır. Xüsusilə SMM təlimləri və sosial media marketinqi ilə məşğul olan səhifələrin fəaliyyəti də şəffaflıq prinsipləri əsasında izlənilməlidir. Məqsəd cəzalandırmaq yox, bazarı qorumaqdır.
Bu kontekstdə bir məqamı da açıq demək lazımdır: qlobal media platformaları Azərbaycan reklam bazarından böyük gəlirlər əldə edir, amma bizim ölkəyə nə vergi ödəyir, nə işçi saxlayır, nə də yerli media ilə bərabər rəqabət şərtləri yaradır. Bu, həm iqtisadi, həm də etik baxımdan ədalətsiz vəziyyətdir və yerli medianı daha da çətin duruma salır.
Son söz əvəzi
Televiziyada illərlə bir qayda vardı: tamaşaçı yoxdursa, proqram yaşamazdı. İndi isə internetdə tamaşaçı olmadan “məşhurluq” yaratmaq mümkündür. Bot fabriklərinin yaratdığı ən böyük təhlükə də budur – etibarın saxtalaşdırılması.
Bu yazını qorxu yaratmaq üçün yazmıram. Mən televiziyaçı kimi bir şeyi yaxşı bilirəm: tamaşaçını aldatmaq olar, amma uzun müddət yox. Bot fabrikləri müvəqqəti illüziya yaradır. Amma o illüziya dağılanda, ardında böyük güvənsizlik və boşluq qalacaq.
Ona görə də, dəyərli oxucularım, internetdə gördüyünüz rəqəmlərə kor-koranə inanmayın. Çox baxış həmişə maraq demək deyil. Çox bəyənmə həmişə dəyər demək deyil. Bəzən bunların arxasında insan yox, bot fabrikləri dayanır. Və bu yalan mexanizmlərin necə işədiyini tanımaq – özümüzü, sevdiklərimizi və dəyərlərimizi qorumağın ilk addımıdır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
Gedək üzü küləyə - İtirilmiş sevginin və qovuşmayan qəlblərin essesi...
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Bəzən insan elə bir nöqtəyə gəlib çatır ki, nə geri dönə bilir, nə də irəli gedə. Dayanır zamanın ortasında, xatirələrin kölgəsində, susqunluğun içində. Mən də indi o nöqtədəyəm. Üzü küləyə durmuşam. Üzümə vuran təkcə hava deyil, keçmişin nəfəsidir, sənin yoxluğundur, yarımçıq qalan sözlərimizin səsidir.
Gedək üzü küləyə…
Bu cümlə bir çağırışdır. Qaçmaq deyil, unutmaq deyil. Bu, itirdiklərimizə baxa-baxa yolumuza davam etmək cəsarətidir. Bu, qovuşa bilməyən iki qəlbin öz taleyinə boyun əymədən yaşamaq istəyidir.
Səni sevdiyim gün həyatımın istiqaməti dəyişdi. Mən bunu dərhal anlamadım. Elə bildim, sadəcə ürəyim bir az daha sürətlə döyünür, bir az daha həssas olur. Amma sən zamanla mənim nəfəsimə çevrildin. Mən sənsiz boğulurdum, sənsiz daralırdım, sənsiz özüm olmurdum.
Səni düşünmədiyim bir günüm olmadı. Hər səhər adınla oyanırdım, hər gecə səninlə yuxuya gedirdim. Sən yanımda olmayanda belə, mənim içimdə yaşayırdın.
Bəzən özümə sual verirdim: — İnsan birini bu qədər sevməyə haqqı varmı?
Cavab tapmırdım. Çünki sevgi heç vaxt icazə almır.
Bizim sevgimiz sakit başlamadı. Sanki əvvəldən bilirdi ki, sonu çətin olacaq. Baxışlarımızda ehtiyat vardı, sözlərimizdə qorxu, sükutumuzda tərəddüd.
Bir-birimizə yaxınlaşdıqca, dünya bizdən uzaqlaşırdı. İnsanlar anlamırdı bizi. Şərtlər imkan vermirdi. Zaman bizim tərəfimizdə deyildi.
Amma biz yenə də sevdik. İnadla. Səssizcə. Dərindən.
Sevgi bəzən üsyandır. Bizim sevgimiz də üsyan idi — taleyə, qaydalara, sərhədlərə qarşı.
Ayrılıq bizə qəfil gəlmədi. O, yavaş-yavaş yaxınlaşdı. Əvvəl gecikən zənglər oldu. Sonra azalan mesajlar. Daha sonra uzun susqunluqlar.
Mən hiss edirdim: biz əlimizdən sürüşürük. Amma qorxudan dillənmirdim.
Sən də susurdun. Bəlkə qoruyurdun məni. Bəlkə özünü.
Bir gün anladıq ki, artıq eyni yolda addımlamırıq. Yan-yana gedirik, amma bir-birimizdən uzaq.
Ayrılıq bəzən qapını çırpmır. Sadəcə səssizcə çıxıb gedir.
Səni itirdiyim gündən sonra şəhər dəyişdi. Küçələr başqa cür səslənməyə başladı. İnsanların gülüşü mənə yad gəldi. Musiqilər məni ağlatdı. Filmlər yarımçıq qaldı. Kitablar susdu.
Hər yerdə səni axtarırdım. Avtobus dayanacaqlarında. Kafelərdə. Köhnə mesajlarımızda. Yarımçıq xatirələrdə.
Ən çox da gecələr tapırdım səni. Yuxularımda.
Sən orada həmişə mənim idin. Reallıqda olmadığı kimi.
Həsrət insanı içindən yeyir. Səssiz, görünməz, amansız. Heç kim bilməz, amma sən hər gün bir az daha azalasan.
Mən sənin yoxluğunla yaşamağı öyrəndim. Amma alışa bilmədim.
Alışmaq unutmaq deyil. Mən unutmadım.
Sənin adını eşidəndə hələ də ürəyim sıxılır. Sənin sevdiyin mahnı çalanda gözlərim dolur. Sənin güldüyün yerlərdən keçəndə addımlarım yavaşlayır.
Çünki sevgi getmir. Sadəcə susur.
Bəzən düşünürəm: bəlkə başqa zamanda tanış olsaydıq, hər şey fərqli olardı? Bəlkə başqa şəhərdə, başqa şəraitdə, başqa həyatlarda biz bir-birimizi itirməzdik?
Amma həyat “bəlkə”lərlə yaşamır. Həyat olanı yazır. Biz də o yazının içində bir cümlə olduq. Yarımçıq cümlə.
Sən indi kiminsə yanında ola bilərsən. Kiminsə səni sevdiyini deyə bilər. Kiminsə sənə toxunmağa haqqı var.
Mən bunu düşünəndə ürəyim ağrıyır. Amma susuram.
Çünki sevgi sahiblik deyil. Sevgi azad buraxmaqdır.
Mən səni azad buraxdım. Özüm parçalanaraq.
Gedək üzü küləyə…
Bu, bizim son yolumuzdur. Birlikdə getmədiyimiz, amma eyni istiqamətə baxdığımız yol.
Mən küləyə baxanda səni görürəm. Sən də bəlkə haradasa eyni küləyi hiss edirsən.
Külək bizim aramızdakı məktubdur. Sözsüz. Səssiz. Amma səmimi.
Mən səndən sonra dəyişdim. Daha az gülürəm. Daha çox düşünürəm. Daha dərin sevirəm, amma daha az inanıram.
Sən mənə sevginin ən gözəl üzünü göstərdin. Sonra ən ağrılı tərəfini.
Buna baxmayaraq, sənə qəzəbim yoxdur. Çünki biz bacardığımız qədər sevdik.
Bəzən bu kifayət etmir.
Əgər bir gün yolun məni xatırlasa, bil ki, mən səni heç vaxt unutmadım. Sadəcə adını ürəyimin ən sakit yerinə qoydum.
Orada sən hələ də gülümsəyirsən. Hələ də mənimlə danışırsan. Hələ də “qal” deyirsən.
Amma mən artıq getməyi öyrənmişəm.
Biz qovuşmadıq. Bu, bizim hekayəmizin ən ağrılı cümləsidir.
Amma biz sevdik. Dürüst. Dərindən. Həqiqi.
Bu isə ən qiymətli həqiqətdir.
Hər sevgi toyla bitmir. Bəziləri xatirə olur. Bəziləri dua. Bəziləri ömürlük yara.
Sən mənim yaramsan. Amma həm də ən gözəl xatirəmsən.
Gəl, gedək üzü küləyə… Ayrı-ayrı. Səssiz. Amma eyni sevgi ilə.
Çünki bəzi insanlar bir-birinə qismət olmur. Amma bir-birindən heç vaxt getmir.
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
Ədəbi qısqanclıq anatomiyası: yazıçı uğura necə baxır?
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyatda qısqanclıq nadir hallarda açıq etiraf olunur. Yazıçılar bir-birini tərifləməyi bacarır, amma paxıllığı adətən susqunluqla gizlədirlər. Halbuki ədəbi mühitdə qısqanclıq kənar hal deyil demək olar ki, yaradıcılığın kölgə tərəfidir.
Ədəbi qısqanclıq gündəlik həyatda bildiyimiz qısqanclıqdan fərqlidir. Burada söhbət bir insanı itirmək qorxusundan yox, öz yerini itirmək təşvişindən gedir. Başqa birinin uğuru yazıçıya təkcə “o tanındı” demir, həm də “bəs mən hardayam?” sualını pıçıldayır. Bu sual isə ən ağrılı suallardandır.
Ən maraqlısı odur ki, yazıçılar çox vaxt uğurun özünə yox, uğurun səbəbinə qısqanırlar. “Niyə o oxunur?”, “Niyə onun yazısı danışılır?”, “Mənim etdiyim daha çətin idi” kimi fikirlər buradan doğur. Qısqanclıq burada ədalət hissi ilə maskalanır. İnsan öz paxıllığını “zövqsüz oxucu”, “dövrün tələbi”, “şişirdilmiş ad” kimi anlayışlarla örtməyə çalışır.
Bəzi hallarda qısqanclıq yazıçını daha da işləməyə məcbur edir. Rəqabət onu diri saxlayır, daha yaxşı yazmağa təhrik edir. Amma çox vaxt bunun əksi baş verir: yazıçı başqasının uğurunu düşünməkdən öz səsini eşidə bilmir. Bu isə yaradıcılıq üçün ən təhlükəli haldır başqasının yoluna baxa-baxa öz yolunu itirmək.Ədəbi qısqanclığın bir başqa üzü də səssizliyə bürünür. Tərif etməmək, ad çəkməmək, görməzdən gəlmək… Açıq hücumdan daha təsirlidir. Çünki ədəbiyyatda görünməmək bəzən tənqiddən daha ağırdır. Bu səssiz rəqabət mühiti formalaşdırır, münasibətləri soyudur, amma nadir hallarda etiraf olunur.
Paradoks ondadır ki, qısqanclıq çox vaxt istedadın yox, özünə inamsızlığın əlamətidir. Öz yoluna inanan yazıçı başqasının uğurunu müşahidə edə bilir. Amma içində boşluq olan adam üçün hər yad uğur şəxsi məğlubiyyət kimi görünür. Ədəbiyyat tarixində böyük adların bir-birinə qarşı qısqanclığı az olmayıb. Amma yadda qalanlar qısqanclıq edənlər yox, öz işini davam etdirənlər olub. Çünki zaman rəqabəti yox, mətnləri saxlayır.
Bəlkə də ədəbi qısqanclıqdan tam xilas olmaq mümkün deyil. Amma onu tanımaq mümkündür. Yazıçı öz içində bu hissi görəndə, onu inkar etməsə, amma ona da təslim olmasa bəlkə də qısqanclıq dağıdan yox, oyadan qüvvəyə çevrilə bilər. Əks halda isə ədəbiyyat yazılmır, yalnız başqalarının uğuru sayılır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
Hər kəsin öz alqoritmi var, öz kiçik, şəxsi cəhənnəmi var…
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Yenidən şəhərimin yeganə dəyişməyən şeyi olan, dənizinin sahilində dayanıram. Amma bu, deyəsən suyun kənarı deyil. Bu, vaxtın sahilidir. Arxamda, içində böyüdüyüm şəhərin, məhəllənin, küçənin dalğaları sığal çəkib geri çəkilir. Qabağımda isə mənzərəsiz, rəngsiz, səssiz bir səhra uzanır. Mən buna indiki zaman deyirəm. Və mən bu iki ölkə arasında qalmış, pasportu ləğv edilmiş bir sürgünəm.
Məhəlləmizdə Dostu nənə var idi. Onun pəncərəsi, bizim oyun meydanımızın qəddar hakimi idi. O, heç bir top səsini, uşaqların qışqırığını bağışlamazdı. Nə vaxt ki, "köpəyuşağlari!" deyə pəncərəsini şıqqıldadırdı, bütün küçə donub qalardı. O, bir gün mənim yeni, iki günlük koladan hədiyyə qazandığım topumu aldı, qoltuq altına qoydu, evinə apardı və bir paslı qayçı ilə onu kəsdiyini xəyallarımda gördüm. Onun üz ifadəsi dəyişmədi. Bu, bir qəddarlıq deyildi. Bu, qanun idi. Nənənin qanunu. Onun nəzarəti bir yük deyil, bir hüdud idi. Onun qayçısı bizə dayaq verirdi. Dünyanın burada bitdiyini, başqasının pəncərəsinə top vurmaq haqqımız olmadığını öyrədirdi. Biz nənədən qorxurduq, amma həyata onun pəncərəsindən baxırdıq.
İndiki uşaqların Dostu nənəsi yoxdur. Onların "nənəsi" alqoritmdir. O da onların oyununu kəsir, "vaxtınız doldu, növbəti səviyyəyə keçmək üçün ödəniş edin". Amma bu, pəncərədən baxan insani bir göz deyil. Bu, soyuq, riyazi, məqsədyönlü bir hesablaşmadır. Nənənin qayçısı hədd qoyurdu. Alqoritmin "kəsilməsi" isə yalnız ödəniş üçün bir fürsətdir. Biz məhəllənin qanununu öyrənirdik. Onlar "istifadəçi razılaşması"nı qəbul edirlər.
Məktəbin dalındakı boş sahə bizim Kolizeyimiz idi. Orada qanun yox idi. Yalnız güc və məkr var idi. Dərsdən qaçıb ora yığışan biz, nə qədər kiçik olsaq da, öz qəhrəmanlıq dastanlarımızı yaşayırdıq. Tozlu yerdə güləşir, dirsəklərimiz qanayıb, dizlərimiz cırıla-cırıla bir-birimizi məğlub etməyə çalışırdıq. Bu, zorakılıq deyildi. Bu, məşq idi. Cidd cəhdli hünərlə, nəfəs nəfəsə, tər içində insan olmağın ilk ibtidai dərsi. Üzərimizdə formamızla rəqibimizin gözünün içinə baxırdıq. Orada ya qorxu, ya hiddət, ya da hörmət görürdük. Həqiqət orada idi.
İndiki döyüş meydanları "online arena"lardır. Orada dirsək vurmaq yoxdur, "skill" atmaq var. Qanayan diz yoxdur, "health bar" azalmaq var. Rəqibin gözünə baxmaq yoxdur, onun anonim "avatar"ına nifrət etmək var. Onlar bir-birini məhv edir, amma heç bir tər görmür, heç bir yara almır. Bu, təhlükəsiz zorakılıqdır. Bu, təsirsiz bir təcrübədir. Biz toz-torpaq yeyirdik. Bəzən isə qonşu qızların palçıq küftlərini. Onlar isə siqnal yeyirlər.
Hələ Atamın “Jiguli”si. Bir canavar idi. O, qapının qabağında aslan kimi yatardı. Mənim ən böyük macəram, onun açarını oğurlamaq, tərcümeyi-halımda yazılmayan o bir-iki kilometri, ürəyim ağzımda, yolda heç kimə dəymədən, idarə etmək idi. Bu, heç bir diplomla ölçülməyən bir sınaq idi. Mühərrikin səsini, sükanın ağırlığını, qorxunun və azadlığın qarışığı olan o adrenalin şırnağını yadda saxlayıram. Bu, qanunsuzluq deyildi. Bu, sərhədi keçmək idi.
İndiki uşaqların "sükan"ı gamepad-dir. Onlar "idarə etmir", simulyasiya edirlər. Onların cəzası "game over"dır, atanın qışqırığı deyil. Onların riski mənfi yoxlama deyil, həqiqi bir maşını divara sürtməkdir. Biz azadlığın ləzzətini və ağırlığını öyrənirdik. Onlar isə, heç bir risk olmadan, "qalib gəlmək" hissini satın alırlar.
Və televizor... O, evin mərkəzində oturan bir müdrik idi, ya da belə olduğunu düşünürdük. Biz onun qarşısında cəm olur, onun bizə nə göstərəcəyini gözləyirdik. O bizə komediya, macəra, dram göstərirdi. Amma o, həmişə pərdənin arxasında dayanırdı. O, həddini bilirdi. O, heç vaxt otağa girib, geyimini çıxarmazdı. O, heç vaxt bizim qulağımıza fısıldayıb, "Bax, necə də çılpaqdır" deməzdi.
İndiki ekran isə obszendir. O, pərdəni yırtıb atıb, bir fahişə kimi otağın ortasına gəlir. Onun bütün məqsədi, diqqəti cəlb etməkdir. Necəmi? Ən qədim, ən alçaq, ən ibtidai yol ilə: çılpaqlıq və qışqırtı ilə. O, artıq hekayə danışmır. O, insanın ən aşağı səviyyəsini normallaşdırır. O, bizə deyir: "Bax, bu da normaldır. Bu da məqbuldur. Hamı belədir." O, tədricən, sinifdən-sinifə, evdən-evə daxil olur və ən dəyərli şeyi oğurlayır: həssaslığımızı. Biz indi heyrətlə deyil, cansıxıntısı ilə baxırıq. Biz indi təəccüblə deyil, laqeydliklə qarşılayırıq. Ekran bizim Dostu nənəmizi öldürüb, onun yerində, daima çılpaq, daima qışqıran, heç bir hədd tanımayan bir canavarı qoyub.
Bəs dostlar, biz nəyi itirdik?
Biz məkanı itirdik. Məkan fiziki, toxuna bilinən, iylənilən bir şey idi. İndi məkan virtualdır, portativdir.
Biz məqsədsizliyi itirdik. Ən dəyərli anlarımız məqsədsiz olanlar idi. Boş-boş gəzmək, güləşmək, dayanmaq, mis satmaq, butulka yığıb onu təhvil verib dondurma almaq... İndi hər anın "məqsədi" var. Foto çəkmək, paylaşmaq, bəyənmək yığmaq.
Biz ütülməmiş kənarları itirdik. Dostu nənənin qayçısı, atamın qışqırığı, güləşdəki yaralar... Bunların hamısı bizi ütüləyirei, kənarlarımızı hamarlayırdı. İndi həyat hamısı təhlükəsiz, hamarlanmış, plastik bir qab kimidir. Kənar yoxdur. Heç bir şey sancmır. Və heç bir şey də formalaşdırmır.
Ən betəri, biz bir-birimizlə eyni gündə yaşamağı itirdik. Hamımız eyni bir neçə kanalı izləyirdik, eyni küçədə oynayırdıq, eyni nağılları eşidirdik. Bu, kollektiv şüur yaradırdı. İndi hər kəsin öz alqoritmi, öz kiçik, şəxsi cəhənnəmi var. Biz eyni otaqda oturub, fərqli planetlərdə yaşayırıq.
Biz həqiqiliyin özünü virtual olanla əvəz etdik. Həqiqilik, yaralayandır, narahat edəndir, kənarları olan, qayçısı olan, qışqıran atası olan, tozlu və qanlı olandır. Virtual olan isə rahatdır, təhlükəsizdir, hamardır. Amma o, bizə təcrübə deyil, yalnız simulyasiya verir. Biz canlı ətlə, sümüklə, qanla olan təcrübənin ləzzətini unutduq. İndi ləzzətimiz, beynimizdəki dopamin düyməsini sıxmaqdan ibarətdir.
Biz öz uşaqlığımızın mülkiyyətçiləri kimi, indiki uşaqlığın kirayəçiləri olduq. Biz bir şey sahibi idik, o top, o küçə, o an. Onlar isə hər şeyə icazəli giriş əldə edirlər. Oyunlara, seriallara, məlumatlara. Sahib olmaq məsuliyyət, məhəbbət, yara deməkdir. İcazəli giriş isə müvəqqəti, səthi, heç bir iz qoymayan bir əlaqədir.
Ona görə də mən bu sahilə tez-tez gəlib dayanıram. Dalğaların sığalı ruhumu yuyur. Bəlkə də Dostu nənə haqlı idi. Bəlkə də o, topumuzu kəsərək, bizə həqiqətin ən böyük dərsini verirdi. Burada hədd var. Burada dayan. Burada yaşa. Çünki o tərəfdə, o ekranların, siqnalların, simulyasiyaların dənizində... orada yaşayış yoxdur. Yalnız bir görüntü var.
Və biz, həmin köhnə, kəsik topların sahibləri, bu görüntüdə heç vaxt öz əksimizi tapa bilməyəcəyik.
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
Aşıq İsfəndiyarın “Baş Sarıtel”i
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gədəbəy aşıqları – Azərbaycan aşıq sənətində əzəmətli Qazax-Tovuz-Gədəbəy üçbucağının bir bucağı.
İsfəndiyar Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayıb. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə "Qızıl medal"la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib. Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb.
Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən Əməkdar mədəniyyət işçisi fəxri adı ilə qiymətləndirilib. Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş "Baş sarıtel" kitabında öz əksini tapıb. Prezident təqaüdçüsüdür və bu gün də respublikada saz sənəti ilə bağlı bütün tədbirlərdə fəal iştirak edib.
25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. 10 may 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb. 2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların müsaqibəsində dəfələrlə münsiflər heyətinin sədri olub. 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Aşıq 9 fevral 2018-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
6 yaşında eşitmə qabiliyyətini itirmişdi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İnsan taleləri qəribə şəkildə bənzərdirlər. Onlarda daim xoşbəxtliklə bədbəxtlik bir-birini izləyir. Gah bu, gah digəri önə keçir...
Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində müasir Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsədulla Mirqasımov və Ceyran xanımın ailəsində dünyaya gəlib. O ailənin ikinci övladı idi. 6 yaşında olarkən onurğa beyni iltihabı xəstəliyi nəticəsində eşitmə qabiliyyətini itirib. Sonralar müalicə olunsa da eşitmə duyğusunu bərpa etmək mümkün olmayıb. Nitq qabiliyyətini itirmək risqi olduğu üçün anası onunla xüsusi olaraq məşğul olub və özü tərtib etdiyi əlifba ilə onun xüsusi karlar məktəbinə getməsinə ehtiyac qalmayıb
Tezliklə Mirələsgər Mirqasımov oxumağı öyrənib, daha sonra loqoped Natalya Raunun köməkliyi ilə dodaq və mimika oxuma texnikasına yiyələnərək təhsilini davam etdirib. Anası oğluna həsr etdiyi "Bir ananın qeydləri" kitabında onun haqqında yazırdı:
"Onun hissləri və qavrayışı öz incəliyi ilə seçilirdi. O özünəməxsus duyğulara malik idi və hər şeyi çox tez başa düşürdü. İstənilən mühitdə çox cəsarətlə hərəkət edirdi. Heç vaxt rahatlığını itirmir, gündəlik çətinlikləri qəbul edirdi. Bu onun hüzurunu pozsa belə, hər zaman düşündüyü kimi hərəkət edərdi."
Mirələsgər Mirqasımov kiçik yaşlarında pilot, aqronom və ya bioloq olmaq arzusunda olub. O rəsm çəkməyi, hekəltəraşlığı çox sevib və gününün böyük bir hissəsini bu məşğuliyyətinə həsr edib. Buna görə anası qonşuluqda yaşayan məşhur heykəltəraş Pinhos (Pyotr) Sabsaydan uşağın yaradıcılıq qabiliyyətini sınamağı xahiş edib. Sabsayın rəhbərliyi altında o, oxuyub təsirləndiyi Valter Skottun romanının qəhrəmanı Kventin Dorvardın gildən düzəldilən heykəlini hazırlayıb. Heykəli görən Sabsay onun istedadını yüksək qiymətləndirib
Tezliklə Mirqasımov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilinə başlayıb. 1944-cü ildə məktəbi fərqlənmə ilə bitirən Mirələsgər Mirqasımov təhsilini İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda davam etdirib. O evə göndərdiyi məktublarında yazırdı:
"Ana, proqramımız çox gərgindir. Tezilklə tökmə gipsdən fiqur hazırlayacağıq. Bura çox soyuqdur. Bəzi emalatxanalarda temperatur 0-dan aşağıdır."
Bir digər məktubunda isə heykəltəraşlıq fakültəsində ən yüksək qiymətləri özünün aldığını, özü də daxil olmaqla, yalnız iki nəfərin heykəltəraşlıq imtahanını "əla" qiyməti ilə başa vurduğunu yazıb. Mirqasımovun dissertasiya mövzusu "Qəhrəman neftçilər" adlanırdı. O, 1950-ci ildə dissertasiyasını müdafiə edib təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı olub.
1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olub. Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.
Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.
XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınan tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır:
“M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.
Hal-hazırda Mirələsgər Mirqasımovun 12 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Onun müəllifi olduğu dəzgah heykəltəraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Göyərçinli qız” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc) və başqalarını göstərmək olar
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Rəssam 9 noyabr 2003-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
O, Nəsir İmanquliyevi təəccübləndirə bilmişdi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Sprinter yarışındakı kimi onunla birlikdə uzun yaradıcılıq marafonunda “rəqabət aparanların” çoxu tablamayaraq yarı yolda qaldı. Fazil isə gərgin matçı qalibiyyətlə başa vuran güclü idmançı timsalındadır” - “Kirpi” jurnalının keçmiş baş redaktoru, tanınmış yazıçı, mərhum Seyfəddin Dağlının sözləridir.
Fazil Rəhmanzadə 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olub.1959-cu ildə Orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor kimi, bir müddətlik fasilədən sonra isə müxbir kimi olub. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.
1961-ci ildə tanınan jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edib. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verib və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edib. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilib. Həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edib.
İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi kimi çalışıb, daha sonra şöbə müdirinin müavini olub və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışıb. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli, marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb edib.
Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırıb. Ancaq ona daha böyük müvəffəqiyət qazandıran onun saysız hesabsız kitablarıdır. Bu kitablar iki öz mövzusuna görə iki qisimdədir. Birinci qismə onun Azərbaycanın yaradıcı sənət adamlarına həsr etdiyi silsilə publisistik kitablarıdır.
"Nəsibə Zeynalova","Lütfiyar İmanov","Sənətkar qüdrəti"(Rejissor-Şəmsi Bədəlbəyli barəsində),"Nəğmə dolu könül" (Zeynəb Xanlarova haqqında-iki dəfə nəşr olunub), "Bədəlbəylilər", "Böyük yaşantının naxışları" (Tahir Salahov haqqında), "Sən olmasaydın" (Müslüm Moqamayev barəsində), "Dahiliyin sehri" (məşhur aktyor Ələsgər Ələkbərov haqqında) və s. kitablar yada düşür.
İkinci qism kitabları isə tarixi publisistik əsərlərdir. Həmin kitabdalarda Azərbcaycan tarixinin ən önəmli səhifələri işıqlandırılıb, eyni zamanda Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımız işğal etməsi xüsusən əzəli torpağımız olan Dağlıq Qarabağda törətdikləri dəhşətli faciələr oxuculara çatdırırlıb. Fazil Rəhmanzadə həmin kitablarında "Erməni məkri" rublikası altında Erməni faşistlərinin Azərbaycan xalqının başına açıdığı böyük müsibətlər vərəq-vərəq oxuculara çatdırılıb.
Bu mövzuda Fazil Rəhmanzadənin rus dilində çap olunan "Dar sudbı"(Taleh töhfəsi) kitabı da rus oxucularında da böyük maraq doğurub.1994-cü ildə publistin Vaşinqtonda "Caan Books" şirkətinin nəşr evində ingilis dilində buraxılan "Sən mənimsən, Azərbaycan’’(My Homeland, Azerbaijan) Amerikada böyük marağa səbəb olub. Amerikalı oxucular, ümumiyyətlə ingilis dilli oxucular həmin kitab vasistəsi ilə Qarabağ hadisələri ilə bağlı daha doğru real həqiqətlərlə üzləşiblər.
1990-cı ildən başlayaraq Dünya səyahətinə çıxıb, müxtəlif qitələrə səfər edib, saysız, hesabsız şəhərlərdə olub. O, olduğu hər yerdə soydaşlarımızı arayıb axtarıb, onların taleləri ilə maraqlanıb. Nəticədə Fazil Rəhmanzadənin "Yol" ikicidlik tarixi publistik kitabı çap olunaraq oxuculara təqdim edilib.
Fazil Rəhmanzadə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, vaxtı ilə SSRİ Yazıçılar İttifaqı, SSRİ Teatr Xadimləri İttifaqının üzvü, SSRİ Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü olub.
2017-ci ilin ilk çağlarında Publisist daha bir dəyərli kitabı ilə oxucularını sevindirib. Bu teatr və kino aktyoru Ələsgər Ələkbərovun həyat və yaradıcılığından söhbət açan "Dahiliyin sehri" kitabıdır. Həmin əsər də məşhur qələm ustasının zəhmətini bəhrəsidir. Fazil Rəhmanzadənin "Qızıl qələm","Dan ulduzu", "Humay" "H. B. Zərdabi" mükafatları laureatıdır. "Azərbaycan Dünyası" jurnalının beynəlxalq "Dədə Qorqud" fondu Fazil Rəhmanzadəni "Qızıl ürək" medalına layiq görüblər.
Kitabları
"Nəğmə dolu könül"(Zeynəb Xanlarova barəsində)
"Sən olmasaydın…"(Müslüm Moqamayev)
"Böyük yaşantının naxışları"(Tahir Salahov barəsində)
"Yol"(birinci və ikinci kitablar)
"My Homeland, Azerbaıjan"(1994-cü ildə Vaşinqtonda nəşr olunub.)
"Tale töhfəsi",
"Sən mənim, Azərbaycan",
"Doqquza qədər say"
"Bu isimdə bir can…"(II-cilddə)
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
Lenin yolu ilə kommunizmin qələbəsinə doğru
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəlkə də, mədəniyyət xadimləri quruluşa yox, sənətə xidmət etməlidirlər. Bəlkə də quruluş onları məcbur edir özünə işləməyə...
Bu gün Azərbaycan Respublikasının Xalq rəssamı Cabbar Qasımovun doğum günüdür. O, 9 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1963-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.
Cabbar Qasımov 1965-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib, İttifaqın Rəyasət Heyətinin üzvü və plakat bölməsinin sədri olub.
Professor Cabbar Qasımov yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərib, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləyib. Cabbar Qasımov yaradıcılığına plakatçı rəssam kimi fəaliyyətə başlayıb, Azərbaycanda bu sahədə aparıcı rəssam kimi tanınıb.
O həmçinin rəngkarlıq əsərləri də yaradıb, kitab qrafikası və monumental sənətlə də məşğul olub. Onun yaratdığı plakatlar məzmunu, mövzu aktuallığı və emosionallığı ilə seçilib. Rəssamın yaradıcılığında dövrün tələblərinə uyğunlaşmış "Lenin yolu ilə kommunizmin qələbəsinə doğru" (1970), "Planetin uşaqlarına sülh", "Torpağı qoru və onu sev" əsərləri dövründə əhəmiyyətli yerə malik olubdur.
Onun "Bizim amalımız qurmaqdır" plakatı 1965-ci ildə Zaqafqaziya plakatçı rəssamlarının yaradıcılıq konfransında nümunəvi hesab edilib və SSRİ Rəssamlar İttifaqının diplomu ilə təltif edilib. Cabbar Qasımovun əsərləri müxtəlif illərdə Azərbaycanda və digər ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib, dəfələrlə diplomlara, fəxri fərmanlara layiq görülüb
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
Xalq rəssamı Cabbar Qasımov 19 oktyabr 2002-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)
BİZİM KİNO - Məşhur filmimiz: “O olmasın, bu olsun”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Yadınızdadırsa, məcburi evlilik haqqında bir neçə mövzu əvvəl yazmışdım. Bu dəfəki mövzumuz da məcburi evlilik haqqındadır. 1956-cı ildə rejissor Hüseyn Seyidzadənin ekran əsəri olan “O olmasın, bu olsun” filmi çəkildi. Bu filmdə də məcburi evlilikdən söz açılır.
Film eyni zamanda məşhur bəstəkar Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında ekranlaşdırılmışdır. Hadisələr 1910-cu ildə Bakıda, faktiki olaraq Rüstəm bəyin evində cərəyan edir. Müflis olduqdan sonra olan-qalan pulunu da qumarxanalarda xərcləyən Rüstəm bəy son çıxış yolunu Bakının məşhur tacirlərindən olan Məşədi İbaddan borc istəməkdə görür. Rüstəm bəyin gözünün ağı qarası bircə qızı - Gülnaz var idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Gülnaza Sənəm baxmış və ona mənəvi analıq etmişdi. Məşədi İbadın da gözü Gülnazda idi. Rüstəm bəyin də borc istəməsi Məşədi İbad üçün göydəndüşmə oldu. Rüstəm bəyin istəyini qəbul edən Məşədi İbad qarşılığında ondan Gülnazı istədi. Rüstəm bəyin bir tərəfi peşman olsa belə lal-dinməz təklifi qəbul elədi. Lakin Gülnazın qəlbi ta əvvəldən Sərvərdə idi.
Filmin janrı komediya olsa belə dərinlərə enəndə əslində pulun insanı necə eybəcərləşdirə biləcəyi aşkar görülür. Pulun, var-dövlətin, acgözlülüyün qalib gələ bilməyəcəyi yeganə şey sevgidir. Sərvər və Gülnaz da bir-birilərinə sarılaraq bu haqsızlıq üzərində parlaq qələbə çaldılar. Filmdə sadəcə aktyorlar yox, Azərbaycanımızın milli-mənəvi dəyərləri olan sənətkarlarımıza və musiqimizə də xüsusi yer verilmişdir. Xan Şuşinski, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi sənətkar və şairlərimiz də bu filmdə canlandırılmışdır. Filmdə maraqlı və gülməli dialoqlar da az deyil. Məsələn, Məşədi İbadın acgözlülükdən “şeytan deyir bunların ikisini də birdən al” cümləsi üzlərdə gülüş yaratsa belə, əslində insan oğlunun necə acgöz, nəfsinə yenik düşə biləcək bir varlıq olduğunu göstərir. Eyni zamanda Sərvərin sevgisi üçün Məşədi İbadın başına açdığı oyun da burda yada düşür. Sərvər və Məşədi İbad arasında keçən dialoq da maraqlıdır. Sərvərin yerinə özümüzü qoyanda da bəlli olur ki, mövzu sevdiklərimiz, yaxınlarımız olanda edə bilmiyəcəyimiz şey yoxdur. Ən önəmlisi isə bu həyatda insan hərşeyi qazana bilər. Ancaq övlad ailənin ən dəyərli xəzinəsidir. Gəlin o dəyərli xəzinəmizi nəfsimizə, öz şəxsi mənafelərimizə qurban verməyək. Bir-birimizə olan bağlılığımız da eynən Sərvər və Gülnaz kimi olsun.
“Ədəbiyyat və İncəsənət”
(07.02.2026)
Canım atam və anam, darıxmayın, İnşallah, cənnətdə görüşəcəyik…
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Həyatda borcu heç vaxt ödənməyən ilk varlıq anadır. Onun sevgisi, qayğısı və səbrini heç bir söz, heç bir hərəkət tam əvəz edə bilməz. Amma həyatımızı azad, nəfəsimizi rahat almağımızı təmin edən başqa borclularımız da var – şəhidlərimiz.
Biz aldığımız hər nəfəsi, nəfəsimizin rahatlığını onlara borcluyuq. Şəhidlərimiz canlarını fəda edərək bizə bu havanı, bu azadlığı veriblər. Hər qarış torpağımızda, hər nəfəs aldığımız andan onların qəhrəmanlığı hiss olunur. Biz bu havanı rahatlıqla alırıqsa, deməli, bir qəhrəman artıq orada dayanıb, öz canını verərək bizə yol açıb. Onlar ölməyiblər, onların ruhu hər an bizimlədir və bizə azad, təhlükəsiz bir həyat bəxş edir.
Bu gün şəhidimiz Mübariz İbrahimovun anadan olduğu gündür. Belə ki, o, 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib. Orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində başa vurub. Uşaq yaşlarından boks idman növü ilə məşğul olmuş və döyüş ruhunu həm fiziki, həm də mənəvi olaraq formalaşdırmışdır. 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılan Mübariz, Daxili Qoşunların xüsusi təyinatlı bölüyündə atıcı əsgər kimi xidmətə başlayıb və çavuş rütbəsini qazanmışdır.
Xidmətini bitirdikdən sonra bir müddət mülki işlərdə çalışan Mübariz İbrahimov, Vətən sevgisinin gücü ilə yenidən könüllü olaraq orduda xidmətə qayıtmışdır. O, təlim-tədris mərkəzində gizir hazırlıq kursunu başa vurduqdan sonra ehtiyat hərbi hissədə xidmət edərkən yalnız ön cəbhədə olmağı arzulayırdı. Mübariz bir neçə dəfə ərizə verərək, onu ön xəttə yerləşdirmələrini xahiş etmiş və nəhayət istədiyi yerə göndərilmişdir.
2010-cu il iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında baş verən döyüşdə 22 yaşlı gizir Mübariz İbrahimov misilsiz qəhrəmanlıq göstərmişdir. O, təkbaşına bir kilometrlik minalanmış sahəni keçərək düşmən qüvvələrinə ağır zərbələr endirmiş, düşmənin silahlarından istifadə edərək beş saat davam edən təkbətək döyüşdə əzmkarlığını nümayiş etdirmişdir. Müxtəlif mənbələrə görə, o, döyüşdə 4-dən 45-ə qədər düşmən əsgərini məhv etmişdir. Prezident İlham Əliyev də vida mərasimində onun döyüşdə 5 nəfəri öldürdüyünü, 3 nəfərini isə yaraladığını bildirmişdir.
Mübariz İbrahimov son məktubunda yazırdı:
“Mən yolumu seçmişəm. Düşməndən qisas almasam, Allahım və valideynlərim məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”
Eyni zamanda evə yazdığı məktubunda deyirdi:
“Canım atam və anam, darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Məndən bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Şəhid olsam – ağlamayın, sevinin ki, o mərtəbəyə ucaldım. Vətən sağ olsun. Oğlunuz, Mübariz”.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il sərəncamı ilə Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, "Qızıl Ulduz" medalı və "Vətən övladı" qızıl ordeni ilə təltif edilmişdir. Prezident vida mərasimində qeyd etmişdir ki, Mübarizin vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı və bu, bütün gənclər üçün örnəkdir.
Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilmişdir: Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilmiş, yaşadığı kənddə evi tikilmiş, ətraf ərazi yaşıllaşdırılmış və müasir infrastrukturla təmin edilmişdir.
Qeyd edək ki. Mübariz subay idi və xarakteri ilə tanınırdı: daxilən utancaq, lakin Vətən sevgisi və haqq uğrunda mübarizəsi ilə hər kəsə örnək olan bir gənc idi. Döyüşdən sonra nəşi düşmən ərazilərində qalmasına baxmayaraq, diplomatik danışıqlar nəticəsində 6 noyabr 2010-cu ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. Mübariz İbrahimov İkinci Fəxri Xiyabanda dəfn edilmiş və şəhid olduğu ərazi 2020-ci ildə işğaldan azad edilərək Azərbaycan bayrağı asılmışdır.
Bu gün biz azadlıqda nəfəs alırıqsa, bunu Mübariz İbrahimov kimi qəhrəmanların fədakarlığı sayəsində edə bilirik. Onların ruhu hər zaman bizimlədir, bizə ilham verir və göstərir ki, Vətən sevgisi ən böyük qəhrəmanlıqdır.
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


