Ədəbi qısqanclıq anatomiyası: yazıçı uğura necə baxır? Featured

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatda qısqanclıq nadir hallarda açıq etiraf olunur. Yazıçılar bir-birini tərifləməyi bacarır, amma paxıllığı adətən susqunluqla gizlədirlər. Halbuki ədəbi mühitdə qısqanclıq kənar hal deyil demək olar ki, yaradıcılığın kölgə tərəfidir.

 

Ədəbi qısqanclıq gündəlik həyatda bildiyimiz qısqanclıqdan fərqlidir. Burada söhbət bir insanı itirmək qorxusundan yox, öz yerini itirmək təşvişindən gedir. Başqa birinin uğuru yazıçıya təkcə “o tanındı” demir, həm də “bəs mən hardayam?” sualını pıçıldayır. Bu sual isə ən ağrılı suallardandır.

Ən maraqlısı odur ki, yazıçılar çox vaxt uğurun özünə yox, uğurun səbəbinə qısqanırlar. “Niyə o oxunur?”, “Niyə onun yazısı danışılır?”, “Mənim etdiyim daha çətin idi” kimi fikirlər buradan doğur. Qısqanclıq burada ədalət hissi ilə maskalanır. İnsan öz paxıllığını “zövqsüz oxucu”, “dövrün tələbi”, “şişirdilmiş ad” kimi anlayışlarla örtməyə çalışır.

Bəzi hallarda qısqanclıq yazıçını daha da işləməyə məcbur edir. Rəqabət onu diri saxlayır, daha yaxşı yazmağa təhrik edir. Amma çox vaxt bunun əksi baş verir: yazıçı başqasının uğurunu düşünməkdən öz səsini eşidə bilmir. Bu isə yaradıcılıq üçün ən təhlükəli haldır başqasının yoluna baxa-baxa öz yolunu itirmək.Ədəbi qısqanclığın bir başqa üzü də səssizliyə bürünür. Tərif etməmək, ad çəkməmək, görməzdən gəlmək… Açıq hücumdan daha təsirlidir. Çünki ədəbiyyatda görünməmək bəzən tənqiddən daha ağırdır. Bu səssiz rəqabət mühiti formalaşdırır, münasibətləri soyudur, amma nadir hallarda etiraf olunur.

Paradoks ondadır ki, qısqanclıq çox vaxt istedadın yox, özünə inamsızlığın əlamətidir. Öz yoluna inanan yazıçı başqasının uğurunu müşahidə edə bilir. Amma içində boşluq olan adam üçün hər yad uğur şəxsi məğlubiyyət kimi görünür. Ədəbiyyat tarixində böyük adların bir-birinə qarşı qısqanclığı az olmayıb. Amma yadda qalanlar qısqanclıq edənlər yox, öz işini davam etdirənlər olub. Çünki zaman rəqabəti yox, mətnləri saxlayır.

Bəlkə də ədəbi qısqanclıqdan tam xilas olmaq mümkün deyil. Amma onu tanımaq mümkündür. Yazıçı öz içində bu hissi görəndə, onu inkar etməsə, amma ona da təslim olmasa bəlkə də qısqanclıq dağıdan yox, oyadan qüvvəyə çevrilə bilər. Əks halda isə ədəbiyyat yazılmır, yalnız başqalarının uğuru sayılır.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.