ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O həm danışığı, həm jestləri, həm mimikası ilə gülüş yaratmağı bacarırdı. Nəsibə Zeynalova və Hacıbaba Bağırovla birlikdə magik gülüş üçlüyü yaratmışdılar. Həqiqətən də indi onlar kimi təbii gülüş yaradan aktyor nə gəzir?

 

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri, Azərbaycan komediyasının ən unudulmaz imzalarından olan Xalq artisti Səyavuş Aslanın bu gün anım günüdür. Səhnə həyatı uğurlu, şəxsi həyatı uğursuz olmuş böyük aktyoru fəxarət hissiylə anırıq. Həm də üzümüzdə təbəssüm. Axı onun adı çəkiləndə dərhal çöhrəmizə gülüş qonur...

Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. İndi Saray kəndi Abşerona baxır, mən bilmirəm, orda Səyavuş Aslanla bağlı nəsə bir xatirə izi varmı. Yoxdursa da, bu çox pisdir.

Akytor 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

 

Filmoqrafiya

1. 100

2. Sabiqlərin yeni sərgüzəştləri

3. Sevdagül və Şarlotta

4. Sehrli çıraq

5. Ulduz

6. Ünvansız eşq

7. Üzr istəyirəm

8. Yaşıl eynəkli adam

9. Yaşıl eynəkli adam-2

10. Yaxşı qurtardıq

11. Yay gününün xəzan yarpaqları

12. Yeganə çıxış yolu

13. Yol əhvalatı

14. Yuxu

15. Həmyerlilər

16. Bizim qəribə taleyimiz

17. Metranpaj

18. Dəvətnamə

19. Evlənmək istəyirəm

20. Bəyin oğurlanması

21. Belə lazımdır

 

Mükafatları

- "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR Xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

- "Şərəf" ordeni

- "Şöhrət" ordeni.

 

2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə… 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda ilk klassik skripka ifaçısı Azad Əliyev olub. Bu alətdə milli musiqimizi televiziyada ilk dəfə Natiq Nuriyev ifa edib. Sonra bu musiqi alətinin mahir ifaçılarından biri kimi Kazbek Əliyev tanınıb. Üçüncü nəsil skripkaçılar arasında isə ən çox tanınanlardan biri də Ceyhun İsmayılovdur. Bu dəfə sizə onun haqqında danışmaq istəyirəm. Axı, bu gün - iyunun 27-si maestronun 50 yaşı tamam olur...

“Dostlarım deyirlər ki, bu sənət səninlə davam edəcək. Sonra söyləyirlər ki, sən skripka ifaçılarının şahısan. Səndən başqa skripkada gözəl ifa edən kimsə yoxdur. Niyə yoxdur ki? Var! Azərbaycan xalqı həmişə istedadlar yetişdirib və yetişdirəcək də. Sadəcə olaraq, KİV-in vasitəsilə həmin ifaçılara bildirmişəm ki, onlar tənbəldirlər. Öz üzərilərində işləmirlər. Onları müəyyən toylarda, el şənliklərində görürəm. Yaradıcılıqlarına bir az fikir versinlər. Toylarda müğənniləri müşayiət etməklə məşğuldurlar. Solo fəaliyyətlərinə, solo əsərlərinə və alətlərinə daha çox fikir versələr, yaxşı olar. Efirdən və müsahibə verməkdən qaçmasınlar. Yəni daha çox bu səpkidə işlər görsünlər. Hər bir insanın taleyi öz əlindədir. Onlar elə etsinlər ki, musiqiləri sevilsin və ifaları tanınsın. Skripkanın kamanı simə sürtüləndə səsdən bilinsin ki, bu filankəsin skripkasının səsidir. Toyda, bayramda iştirak edirlər. Hamı kimi işləyib, pul qazanırlar, elə mən də... Çox gözəl! Ümumiyyətlə, bəyəndiyim instrumentalistlər, müğənnilər və xanəndələr var. Və bunların da hamısını izləyirəm, müşahidə edirəm.”- söyləyir.

O, 1975-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Əslən Qubadlı rayonundandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alaraq, skripka alətinin sirlərinə bələd olub. 2015-ci ildən Respublikanın Əməkdar artistidir...

Deyir ki:- “Dünya musiqisinin müxtəlif janrları ilə maraqlanıram. Evimdə divarın böyük bir hissəsini dünya skripkaçılarının diskləri bəzəyir. Dostlarım xarici ölkələrdə olanda, həmin ölkənin skripka və folklor janrlarının əks etdirən diskləri gətirirlər. Mən də bu ölkələrinin musiqilərindən qidalanıram. Onu da qeyd edim ki, skripka ifaçısı üçün dünya musiqisini dinləmək zəruridir. Çünki bu musiqi aləti dünyəvi alətdir. Məsələn, tarı, kamançanı bizim alət olduğunu dünyaya bəyan edirik. Skripka aləti isə bizim alət deyil, əcnəbi musiqi alətidir. Sadəcə olaraq, bizim musiqilər skripkada gözəl səslənir. Odur ki, biz həmin aləti özümüzünküləşdiririk. O cümlədən, biz mütləq italyanın, şotlandın, almanın, fransızın dilini və musiqisini bilməliyik. Və sabah da onlara başa salaq ki, sizin musiqinizi də və öz musiqimizi də çox gözəl bilirik. Onlar isə bizim musiqiləri öz musiqi alətlərində eşidəndə daha çox bəyənirlər.”

Babası görkəmli yazıçımız Süleyman Rəhimovla bacanaq olublar. Məktəb illərində yay tətillərinin bir hissəsini böyük ədibin anadan olduğu, füsünkar mənzərəsi olan Əyin kəndində keçirib. “Həmin kənddə Səngər dağı var, o dağın üstündən baxanda Qarabağın bütün rayonları, kəndləri ovucun içi kimi görünürdü. Uşaqlığım o dağın başında keçib.”- dilə gətirir...

“Hər il iyul ayında gedib, avqustun sonu şəhərə qayıdırdıq. Mən xatırlayıram avqustun artıq ortalarından Qubadlıya o qədər yağıntı düşürdü ki, heç bir maşın o yolları keçə bilmirdi. Ya traktorla, ya da atla gedib-gəlmək mümkün olurdu. Qubadlı işğal olunanda mənim 18 yaşım var idi. Az müddət deyil. 27 il biz o torpaqlara getməyin xəyalı, ümidi ilə yaşamışıq. Qubadlı ilə bağlı xatirələrim həddindən artıq çoxdur. Qubadlıya gedəndə, əgər salamat qalıbsa ilk gedəcəyim yer babamın, nənəmin məzarları olacaq. Dağıtmayıblarsa evimizə getmək istəyirəm. Mən hər il ad günümdə evimizin divarlarına, həyətimizdəki tikililərin üstünə işarələr qoyurdum. C. 13, C. 14... Hər yerdə o işarələr var. İnşallah Qubadlının infrastrukturu yenidən qurulandan sonra böyük məmnuniyyətlə gedəcəm, hətta köçüb orda yaşayacam. O torpaqlarda yaşamaq sağlamlıqdır, uzunömürlülükdür.”- söyləyir.

Şou-biznesə pis baxmır. Yeri gələndə bu sahədə görünməkdən də çəkinmir...

Deyir ki:- “Şou-biznes deyəndə, insanların ağlına hay-küy, qalmaqal, başına stəkən atmaq və başqa hadislər gəlir. O şou-biznes deyil. O paparatsinin qiyamətdən düşmüş fonlarıdır. Elə mənim bütüm həyatım şou-biznesdir. Şou-biznesin üzvü olmaq hər bir insana nəsib olmur. İnsan var ki, 50 ildir çalır-oxuyur, amma şou-biznesə qatıla bilmir. Bunun üçün müəyyən meyarlar olmalıdır. Amma bəzi insanlar düşünürlər ki, uzun boya, xarici görkəmə və başqa meyarlara sahib olsam, şou-biznesə daxil ola bilərəm. Bu belə deyil. Əsas sənətdir. Sənətin olsa, hər şey öz yolunu tapacaq. Şou-biznes odur ki, şou göstərməklə, millətə xidmət etdiyin musiqi ilə pul qazanırsan.”

Skripkada xeyli musiqi bəstələyib. Bəyənmədiyi musiqiçilər haqqında nə danışmağı, nə də ki onlara baxmağı sevmir. Düşünür ki, musiqi alətlərində ifa edənlərdən mənfi və ya müsbət obraz yaratmaq onun işi deyil. Onsuz da sənəti olan ifaçılara zaman öz qiymətini verəcək...

“Artıq yay fəsili gəlib. Yayda qismən də olsa, yaradıcılıqla məşğul oluram. Amma fəsil boyu çalışacağam ki, fiziki işlərlə, yəni bağımda abadlıq işləri ilə də məşğul olum. Bütün bunlarla yanaşı dənizdə olmağı və istirahətə üstünlük vermək istəyirəm.”- söyləyir.

Emosionallığı və həssaslığı ilə fərqlənir. Qürurludur, bu da onu cəlbedici edir. Duyğuları dərindir. Ünsiyyətdə mehriban və qayğıkeşdir. Dostları, sevdiyi tərəfdaşları üçün əlindən gələni etməyə hazırdır. İnsan hisslərini çox yaxşı bilir və hər zaman öz hisslərinə güvənir. Səmimi, yumşaq, mülayim və başqalarına kömək edən insanlardan xoşu gəlir...

...Yaxşı yadımdadır, təxminən 22-23 il bundan əvvəl Sumqayıtın Kimyaçılar adına mədəniyyət evində hansısa bədii tədbir keçirilirdi. Həmin tədbirdə şəhərin o vaxtki icra başçısı Təvəkkül Məmmədov da iştirak edirdi. Skripkada elə məharətlə ifa etdi ki, bütün tədbir iştirakçıları vəcdə gəlmişdi. Və ifanın sonunda icra başçısı xüsusi ehtiramla səhnəyə qalxıb maestro Ceyhunu bağrına basdı..

Bəli, maestro Ceyhunun 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan SSR xalq artisti Kövkəb Səfərəliyevanın anım günüdür. Çarizm, xalq cumhuriyyəti və sovet işğalı – bu dövrlərdən keçənlər yalnız bilər, əsl çətinlik, keçilməz sədlər necə olur.

 

Kövkəb Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olub. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alıb. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirib.

1926-cı ildə Musiqi texnikumunu bitirib və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət ediblər. Burada o ilk pedaqoji fəaliyyətinə və məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayıb.

Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konseravatoriyasının fortopiano şöbəsinə daxil olub. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alıb. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq, sonra isə xüsusi fortopiano sinfinin pedaqoqu kimi.

Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Amma istedadlı bəstəkar 1932-ci ildə 23 yaşında ikən vaxtsız vəfat etdikdən sonra Kövkəb xanım heç kimlə ailə həyatı qurmayıb.

 

Mükafatları

 

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan SSR Əməkdar incəsənət xadimi

- "Şərəf nişanı" ordeni

 

Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin mərkəzi hissəsində adına küçə vardır.

Kövkəb xanım 27 iyun 1985-ci ildə vəfat edib. Ruhu şad lsun deyək.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

Cümə axşamı, 26 İyun 2025 18:29

Hələ bitməyibsə gücün, təpərin...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun haqqında söhbətimə hazırda BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, bir zamanlar onun qrup rəhbəri olan, professor Cahangir Məmmədlinin sözləri ilə başlamaq istəyirəm.

 

Professor söyləyir:- “O vaxt rəhbəri olduğum 3796-cı qrupun tələbələrini nəinki unutmamışam, hətta həmin tələbələrlə bu gün də sədaqətli dostluq əlaqələrim var. Sən demə, onların qəribə taleləri varmış. Elə bil qrupdakı tələbələrin hamısını Allah öz sevgisilə yaratmışdı: Alı Mustafayev, İradə Tuncay, İlqar Həsənov, Mirzə Əsgərov, İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev, Xudayət Həsənli, Cümşüd İsgəndər, Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyova, Araz Qurbanov, Rafiq Nəbiyev və İradə İmranqızı- ömrünü jurnalistikaya bağlamış əsl qələm sahibləridir. Tale elə gətirib ki, barəsində məlumat topladığınız adamın ömür yolu, karyera inkişafı həmişə gözümün qabağında olub. İndi də hər gün eyni iş yerində - Jurnalistika fakültəsində görüşürük. O, bu nöqtəyə qədər çox böyük bir ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən biri, hələ tələbəykən onun SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilməsidir, o biri isə Jurnalistika fakültəsində oxuduğu beş il ərzində əlli üç imtahan verməsi və əlli bir “əla”, iki “yaxşı” qiymət almasıdır. O, universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin məsuliyyətli sahəsində fəaliyyətə başlayıb. Əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra Naxçıvanda nüfuzlu “Şərq Qapısı” qəzetində, daha sonra “Xalq qəzeti”ndə məsul vəzifələrdə işləyib, “Azad Azərbaycan” qəzetinin Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub. Bir müddət də Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətinə rəhbərlik edib.”

 

Elədir, düz tapdınız, söhbət BDU-nun professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədlidən gedir. O, 1956-cı ildə, ilin ən uzun gündüzü olan gündən beş gün sonra Babək rayonunun Nehrəm kəndində, rəhmətlik Məhərrəm kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi ata-baba yurdunda başa vurandan sonra Bakıya üz tutub. BDU-nun Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində qəzet, radio və televiziyada bir sıra vəzifələrdə çalışıb. 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. 2015-ci ildə isə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda BDU-nun Jurnalistika fakültəsində çalışır. 2017-ci ilin may ayından fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. Bir dərs vəsaitinin və bir neçə kitabın müəllifidir. 2016-cı ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb...

 

Deyir ki:- “Televiziya və radio sahəsində çalışan jurnalistlərin əksəriyyəti dil normalarını pozaraq çox ciddi nöqsanlara yol verirlər. Bunun əsas səbəbi, sözsüz ki, həmin sahədə çalışan jurnalistlərin təhsil bazalarının sırf jurnalist ixtisası olmamasıdır. Həmçinin onların böyük əksəriyyəti ədəbiyyat və jurnalist ixtisası ilə sıx əlaqəsi olmayan insanlardır. Jurnalistika sahəsində çalışanların bir çoxu həkimdir, bir qismi iqtisadçıdır və başqa ixtisas sahibləri də var. Hər bir dilin öz qayda-qanunu mövcuddur. Gərək dillə məşğul olan mütəxəssis bu qayda-qanuna əməl eləsin. Bizim jurnalistlər çox zaman buna əməl etmirlər. Onlara efir verildikdə özlərini çox sərbəst aparırlar. Əlbəttə, səhnədə özlərini sərbəst aparmalıdırlar və bu sərbəstlik təbiidir. Çox vaxt həmin sərbəstlikdən irəli gələn səbəblərə görə, dilin normaları kobudcasına pozulur. Həmin jurnalistlər çox zaman jarqon ifadələr işlədirlər. Əslində, belə ifadələr tamaşaçıya heç nə vermir. Əksinə, tamaşaçının dilə olan münasibətini, zövqünü və marağını korlayır. Nəticədə tamaşaçıda olan dil haqqındakı bilik və təsəvvürlər yoxa çıxır. Dil xalqın varlığıdır. Dil televiziya və radio məkanında elə qorunmalıdır ki, o, estetik baxımdan gözəl olsun. Həm də bu dil vasitəsilə kütləni öz arxanca aparmalısan. Bununla yanaşı, kütlənin zövqünü, səviyyəsini yüksəldərsən. Kütlə o vaxt sənə inanıb etibar edir ki, sən dildən gözəl istifadə edirsən və ifadələri yerində işlədirsən. Əlbəttə, istifadə etməyəndə müəyyən nöqsanlar yaranır. Bizim televiziyada kifayət qədər belə faktlar var.”

 

Allahverdi müəllim doğru deyir, bu gün bizim televiziyalarda aparıcılar akademik dildə deyil, xalqa daha yaxın tərzdə danışmağa üstünlük verirlər. Sanki küçədə söhbət edirlərmiş kimi dilin qayda-qanunlarına riayət etmirlər. Bəlkə də təbii haldır. Öz aramızdır, bu kimi problemlər bütün dünya televiziyalarında da var, rəsmi dil tədricən arxa plana keçir və mürəkkəblikdən sadəliyə doğru dəyişir. Mən buna ABŞ televiziyalarında da şahidi olmuşam. Axı dünya dəyişir və dəyişdikcə bütün qaydaları da dəyişdirir…

 

“Bilirsiz ki, jurnalistika daim yenilənir. Jurnalistikada durğunluq yoxdur. Əgər durğunluq varsa, deməli, jurnalistikanın özü də yoxdur. Jurnalistika hər gün, hər saat yenilənir. Biz daima nəsə öyrənirik. Kafedranın müəllimlər qarşısında öz tələbləri var. Hər bir müəllim tədris etdiyi fənn üzrə dərs vəsaitləri hazırlamalıdır. Mütləq proqramlar hazırlanmalı və hər il yenilənməlidir. Dərs deyən müəllimlərin çoxu kitab müəllifidir. Həmçinin müxtəlif təşkilatlarla da əlaqələrimiz var və birlikdə kitablar nəşr edirik. Biz müəllimlərin bilik səviyyəsinin artırılması üçün onları xarici seminar və konfranslara göndəririk. Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərinin Jurnalistika fakültələri ilə sıx əlaqə qurmağa çalışırıq. Burada tələbə və müəllimlərin mübadiləsini nəzərdə tuturuq. Bizim fakültədə jurnalistlərin etik davranışı və normaları ilə bağlı xüsusi bir fənn tədris olunur. Jurnalistlər təkcə efirdə yox, ictimai həyatda da nümunə olmalıdırlar. Bu normalardan danışarkən öncə nəzərə almalıyıq ki, biz vətəndaş yetişdiririk. Hətta sizə deyim ki, tələbəni qiymətləndirərkən onların biliyi ilə yanaşı, mədəniyyəti, tərbiyəsi, dünyagörüşü kimi amilləri də nəzərə alıram. Təkcə bilik nəzərə alınsa, birtərəfli olur. Xüsusilə teleməkanda jurnalist, geyimindən üzünün ifadəsinə qədər tamaşaçıya nəsə çatdırır. Bunlara əməl olunmasa, tamaşaçıda narazılıq yaranır. Etik mədəniyyət vacib olan amildir. Hər kəs televiziyadan öyrənir. Televiziya tərbiyə və maarifləndirmə vasitəsidir. Tamaşaçı çalışır ki, teleməkanda gördüklərini öz həyatında tətbiq etsin.”- söyləyir.

 

Nə isə, çox dərinə gedib vaxtınızı almaq istəmirəm. Söhbətimin sonunda yenə də professor Cahangir Məmmədliyə istinad etmək istəyirəm. O, deyir:- “Allahverdi Məmmədli, həqiqətən də, harada olur-olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən gəlib, universitetin Jurnalistika fakültəsində zühur edib, onun iş yerində tam formalaşıbdır. Mən Allahverdinin orta məktəb müəllimi olmuş Məsumə xanım Əliyevanın onun haqqında haçansa yazdığı bir təbrik məktubunu həyacansız oxuya bilmədim. Məsumə xanım yazır: “Sən yeddinci sinifdə oxuyanda mən sizə “Fermada” adlı inşa yazdırdım. Sənin yazın bütün uşaqların yazılarından seçilirdi. Mən o vaxt: sənin yazından jurnalist qoxusu gəlir- dedim. Sənin gələcəkdə yerin universitetin jurnalistika fakültəsidir. Mənimlə razılaşdın. Axırda da jurnalist, hələ üstəlik alim də oldun...”

 

Bu gün Allahverdi müəllimin növbəti ad günüdür, 69-u arxada qoyub keçir 70-ə. 70 yaş isə qocalığın cavanlıq dövrünün başlanğıcıdır...

 

...Hələ bitməyibsə gücün, təpərin,

Hələ düşməmisən ruhdan, taqətdən.

Hələ görünmürsə səddi, çəpəri,

Söyləmə- qocaldım! Danışma bəddən...

 

Hörmətli Professoru təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq... 

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O qədər bayağı musiqi təbliğ olunur ki, elitar musiqi ilə rastlaşanda könlümüz sevinir. Belə musiqininn bir təbliğatçısı barədə danışmaq istəyirəm, bu gün onun doğum günüdür.

 

Azərbaycan Respublikasının əməkdar artisti Emil Əfrasiyab 27 iyun 1982-ci il tarixində Bakı şəhərində anadan olub. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa edib, caz musiqisinə 13 yaşından maraq göstərib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib.  Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alıb.

Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil edib. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülüb.

2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış edib. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif edib.

30 may 2020-ci il tarixində Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü qeyd etmək üçün virtual olaraq toplaşıb. Fond tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə “Emillə nahar” adlı caz konsert proqramı hazırlayıb. “Emillə nahar” əsəri Emil Əfrasiyabın orijinal əsərlərini, xalq mahnılarının aranjimanlarını, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə və başqalarının əsərlərini əhatə edib.

Emil Əfrasiyab Monterey Jazz Festivalında (ABŞ) Azərbaycanı təmsil edib. Monterey Caz Festivalı Kaliforniyanın Monterey şəhərində keçirilən illik nüfuzlu musiqi festivalıdır, 3 oktyabr 1958-ci ildə təsis edilib.

Mükafatları

- Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 20 dekabr 2011-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

- 2 dəfə Prezident Mükafatına layiq görülüb

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

 

Bəşəriyyətin ən dəhşətli, fəsadları acınacaqlı, çox zaman ölümlə nəticələnən problemlərindən olan, cəmiyyətin, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir.  İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

 

Gənc nəslin sağlam ruhda tərbiyəsi məsələsinə, pis vərdişlərdən uzaq olaraq düzgun həyat tərzi yaşamalarına xüsusi həssaslıqla yanaşan Respublika Gənclər Kitabxanasında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar olaraq virtual kitab sərgisi və “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata bgörə, məlumat bülletenində bir sıra rəsmi sənədlərin, akademik İradə Hüseynovanın “Müasir cəmiyyətdə narkomaniya problemləri”, “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” və “Narkomanlığa qarşı mübarizə cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılmalıdır” adlı məqalələrin tam mətni ilə yanaşı “Narkotik maddə-ailəvi qırğın "silahı", “Sağlam gənclik sağlam gələcəkdir”, “Gəncliyi gözləyən təhlükələr”, “Narkomaniya, narkobiznes və ona qarşı mübarizədə kitabxanaların rolu”, “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar arasında narkomaniyanın profilaktikasının təşkilati və metodiki aspektləri” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. Vəsait kitabxananın rəsmi saytında yerləşdirilib. 

Gənclər kitabxanasında sözügedən mövzuda geniş virtual kitab sərgisi də hazırlanıb. Burada qanunvericilik aktları ilə yanaşı, özündə narkomaniya terminin açılışı, narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları, müalicə üsulları, həyat üçün zərərli vərdişlər və onlarla mübarizə üsulları və digər mövzuları əhatə edən Azərbaycan və rus dillərində nəşr edilmiş 20 - ə yaxın kitabın və məqalənin tam mətni təqdim edilir.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib:

   

 https://www.ryl.az/multimedia/26-iyun-narkomaniya-ve-narkobiznese-qarsi-beynelxalq-mubarize-gunu

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində “Yaradıcılığını kəşf et” adlı növbəti master-klass təşkil olunub. “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında keçirilən  rəsm və boyama işləri uşaqların təxəyyülünü inkişaf etdirməyə və yaradıcılıq bacarıqlarını stimullaşdırmağa yönəlib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, master-klassda iştirak edən oxucular mütaliə etdikləri kitabların qəhrəmanlarını  canlandıraraq kağız üzərinə köçürüblər. Balaca rəssamlar sevdikləri obrazları müxtəlif boyalardan istifadə etməklə, öz baxış bucaqlarından təqdim ediblər.

Rəsmlərini tamamladıqdan sonra uşaqlar öz əllərinə boyanmış rəngli boyayla rəsmlərinin üzərinə imzalarını qoyublar. Bu simvolik jest uşaqların “Bu əsər mənimdir!” mesajını verməsinin yaradıcı ifadəsi olub.

Sonda uşaqlar bir-birlərinin əl işləri ilə tanış olub, seçdikləri qəhrəmanlar haqqında fikir mübadiləsi aparıblar. Kitabxana əməkdaşları uşaqların rəsmlərini qiymətləndirərək onlara “Göy Qurşağı” uşaq jurnalını hədiyyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan xalqının Ümummilli Lideri, Müasir Azərbaycan Ordusunun qurucusu Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi. Artıq beşinci ildir ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü fərqli əhvalda - Qələbə ovqatında qeyd edilir.

 

“Ədəbiyyat və incəsənət” portalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxanada 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar  virtual və ənənəvi sərgi, videoçarx və “Qalib və müzəffər Azərbaycan ordusu” adlı daycest hazırlanmışdır.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterialda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilir. Materialda AXC dövründə Milli ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra  Azərbaycan ordusunun inşafındakı rolunu əks etdirən maraqlı məlumatlarla yanaşı, müasir Azərbaycan ordusunun görüntüləri də yer alır.

Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/qalib-azerbaycan-ordusu  yerləşdirilib.

26 iyun Silahlı Qüvvələr Günü haqqında qələmə alınan dövrü mətbuat məqalələrinin biblioqrafik təsvirini, annotasiyasını və keçid linkinı özündə cəmləyən daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini qalib və müzəffər Azərbaycan ordusu haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest  yerləşdirilmiş vəsaitdə bir sıra rəsmi sənədlərin və “Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi ilə qurulan ordu” adlı məqalənin tam mətni təqdim edilir. Əsasən 2021-2025-ci illəri əhatə edən məqalələr toplusu vəsaitdə illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

 “26 iyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi kitab sərgisində isə Silahlı Qüvvələr Gününün tarixini, əhəmiyyətini əks etdirən nəşrlər və kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsait sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında Azərbaycan digərlərindən seçilir. Əvvəla, heç bir şübhə yoxdur ki, Azərbaycan TDT-nin yaratmağa çalışdığı və formalaşmaqda olan ticarət dəhlizində həlledici mövqe tutmaqla yanaşı, Qazaxıstanla birlikdə Avropadan Asiyanın bir neçə mühüm regionuna əsas tranzit marşrutuna nəzarət edir və bu, onun rolunu əvəzsiz edir. Bu nəhəng bölgədə Azərbaycanın əməkdaşlığı olmadan hər hansı ticarət təşəbbüsü uğursuzluğa məhkumdur.                            

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “Budapeşt bəyannaməsi və Türk Dövlətləri Təşkilatı” başlıqlı məqaləsində yazıb.

TDT-nin fəaliyyətinə həsr olunan məqalədə diqqətə çatdırılıb ki, təşkilatın dünya liderlərinə, xüsusən də Avropa liderlərinə ünvanlanmış “Budapeşt Bəyannaməsi”ndə qlobal sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində TDT-nin mühüm rolu vurğulanıb. Bəyannamə türk dövlətlərinin Avropanı Asiya ilə birləşdirən etibarlı nəqliyyat və kommunikasiya dəhlizi yaratmaq, bu yolda sülh və inkişafa töhfə vermək öhdəliyini bir daha təsdiqləyib. Sənəddə əsas mesaj beynəlxalq ixtilafların aradan qaldırılması və Avropadan Çinə qədər uzanan sabit və təhlükəsiz regionun qurulmasına çağırış olub.

Məqalə “Budapeşt bəyannaməsi”ndə türk xalqlarını təkcə ortaq keçmişlə deyil, həm də bu gün və gələcəyə ortaq baxışla birləşdirməyin dəyərini təsdiqləyən “Türk Dünyası Baxışı”nın əks olunduğuna diqqət çəkib. Sözügedən baxış irqçi ideologiyaların açıq şəkildə rəddi ilə yanaşı, multikulturalizmi ehtiva edən ortaq türk kimliyinə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə əsaslanan əməkdaşlığın təşviqidir. “Türk dövləti” anlayışının bəyannamədə geniş şəkildə şərh olunduğunu qeyd edən müəllif Macarıstanın təşkilatda müşahidəçi statusunu bunun birbaşa təsdiqi kimi qələmə verib.

Həmçinin bildirilib ki, son bir neçə ildə Azərbaycan tədricən Avrasiya regionunda əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Ölkəmizin bu statusunu tanıyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan neftinin ixracının artırılmasında göstərilən maddi-texniki dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə təşəkkürünü ifadə edib. Habelə bütün türk dövlətləri arasında ən böyük sərmayədar olan Azərbaycan həm iqtisadi cəhətdən təşkilatın ən sabit üzvü, həm də hərbi potensial baxımından ən güclü dövlətlərindəndir.

Yazıda Azərbaycanın Türkiyə ilə yanaşı son on ildə faktiki hərbi əməliyyatlarda iştirak edən yeganə TDT üzvü olduğu diqqətə çatdırılıb. Ermənistanla münaqişənin ölkəmizin hərbi büdcəsinin artmasına və yüksək hazırlıqlı ordu formalaşdırmasına vəsilə olduğu vurğulanıb. Habelə Azərbaycanın “qardaş ölkə” adlandırdığı Türkiyə və müxtəlif sektorlarda əməkdaşlıq etdiyi Qazaxıstanla müstəsna sıx əlaqələrə malik olduğuna diqqət çəkilib. Politoloq bu amillərin birlikdə Azərbaycanı iqtisadiyyat, təhlükəsizlik və diplomatiya baxımından ən perspektivli TDT üzvü kimi səciyyələndirdiyini qeyd edib. “Azərbaycan təşkilatda ən dominant və nüfuzlu oyunçulardan biridir”-deyə müəllif əlavə edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2025/06/18/budapest-declaration-and-ots/

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində bloger Jaroslav Maleçin Azərbaycan haqqında hazırladığı qısametrajlı filmin və videoçarxın təqdimatı olub. Tədbir “Land of Fire” Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İ. Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çexiya vətəndaşı olan Jaroslav Maleç Azərbaycanın müxtəlif bölgələrinə dəfələrlə səyahət edərək maraqlı videolar çəkib və həmin videoları öz “YouTube” kanalı vasitəsilə geniş auditoriyaya çatdırıb. O, Vətən müharibəsi zamanı da fərqli beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin yayılmasında fəallıq göstərib.

Bloger, həmçinin Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində Azərbaycan dili dərslərinə mütəmadi olaraq qatılır.

Cəmiyyətin üzvləri və Çexiyada yaşayan soydaşlarımız ölkəmizə göstərdiyi diqqət və verdiyi dəstəyə görə Maleçə təşəkkür ediblər.  

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.