Super User
Şəhidlər barədə şeirlər - Elxan Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Elxan Məmmədov
Elxan Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005-2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldıqdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sən elin xanısan,
Qəhrəmanısan.
Çünki şəhidisən,
Vətən canısan.
Səninlə fəxr edir,
İndi bu millət.
Sizin sayənizdə qayıtdı torpaq.
Bitdi Kəlbəcərə,
Şuşaya həsrət.
Bu şeir mənimdir?
Yox, sizlərindir.
Bu vətən
Hamıdan çox sizlərindir.
Sizlər ölməmisiz,
Şəhidlər ölmür,
Şəhidlər yaşayır tarix boyunca.
Sən ey savaşların allahı şəhid
Əgər burdasansa,
Başım üstündə
Gətir əllərini öpüm doyunca.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
SƏNƏTKARLARIMIZI TANIYAQ – daha çoxunu edə bilərdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzi kino sənətkarları var ki, onlardan daim daha çoxunu gözləyirsən, amma gözlədiklərin gəlmir. Sanki onlara nəsə mane olur, şedevrlər yaratmağı daim təxirə salır, daim nəyisə gözləyirlər.
Operatorlar rejissorlar kimi öndə olmazlar, kadr atrxasında qalarlar, amma kino tarixində məhz operator filmləri az olmayıbdır. Biz Rafiq Əliyevdən məhz belə bir film gözləməkdəyik.
Azərbaycan kinooperatoru, prodüser Rafiq Əliyev 10 sentyabr 1953-cü ildə Bakıda anadan olub. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib.
1980–1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb.
Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır.
Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur
Filmoqrafiya
1. Bizi bağışlayın
2. Yolda adamlar
3. Araqarışdıran
4. Monoloq
5. Müsəlmanlar sülh uğrunda mübarizədə
6. "Neftçi"-87
7. Yol hərəkətinin təhlükəsizliyi
8. Sahilsiz gecə
9. Dəvətnamə
10. İmam Mustafayev. Ömürdən səhifələr
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Orta əsr türk ordusunda qadın döyüşçülər (Amazon motivləri ilə müqayisə)
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə maraqlı bir mövzuda yazı təqdim edilir - orta əsr türk ordusunda qadın döyüşçülər.
Türk xalqlarının tarixi yalnız kişi qəhrəmanlarla deyil, həm də qadın döyüşçülərlə zəngindir. Orta əsrlərdə türk cəmiyyətində qadın yalnız ailə daxilində deyil, həm də ictimai-siyasi və hərbi sahələrdə mühüm mövqeyə malik olmuşdur. Qədim mənbələr, dastanlar və arxeoloji tapıntılar türk qadınlarının döyüş meydanında iştirakını təsdiqləyir. Bu fenomen dünya mifologiyasındakı Amazon döyüşçüləri motivi ilə paralel aparıldıqda, maraqlı oxşarlıqlar və fərqlər ortaya çıxır.
Türk ordusunda qadınların iştirakı təsadüfi hadisə deyil, sosial-mədəni ənənələrin nəticəsi idi. Hun, Göytürk, Uyğur və daha sonrakı dövlətlərdə qadınlar həm ailəni, həm də torpağı qorumaq üçün silaha sarılırdılar. Qədim Çin salnamələrində türklərin “atlı qadınları”ndan bəhs edilir. Onların cəsarəti, ox atma bacarığı və süvari kimi döyüş təcrübəsi xüsusi qeyd olunur. Dastanlarda isə qadın qəhrəmanlar — Banuçiçək, Burla xatun, Gürcü qızı Nigar və s. igidlikləri ilə kişilərdən geri qalmırdılar.
Qədim yunan mifologiyasında Amazon qadınları müstəqil döyüşçü qəbiləsi kimi təsvir edilir. Onlar kişilərdən ayrı yaşayır, özlərinə məxsus silah və idarəetmə sistemi qururdular. Türk qadın döyüşçüləri isə fərqli idi: onlar kişilərdən ayrılmır, ailə və dövlət strukturlarının tərkib hissəsi kimi fəaliyyət göstərirdilər. Əgər Amazanlarda qadın-kişi qarşıdurması motivi ön plandadırsa, türk ənənəsində qadın döyüşçülər kişilərlə bərabər, yan-yana vuruşurdu. Bu, türk cəmiyyətində qadın-kişi münasibətlərinin daha balanslı olduğunu göstərir.
Arxeoloji qazıntılarda qadın skeletləri ilə birlikdə silahların tapılması (ox, qılınc, nizə) onların döyüşdə iştirakını təsdiqləyir. Orta əsr mənbələrində qadınların dövlət idarəçiliyində və diplomatik fəaliyyətlərdə də rol aldığı qeyd olunur. “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları döyüşkən, müstəqil və şərəfli surətlər kimi təqdim edilir. Bu obrazlar Amazonlarla müqayisədə daha realist və sosial həyatla bağlıdır.
Orta əsr türk ordusunda qadın döyüşçülərin varlığı türk cəmiyyətində qadının yüksək sosial statusunu nümayiş etdirir. Onlar yalnız ailə və məişətdə deyil, həm də döyüş meydanında xalqın, torpağın qoruyucusu olmuşlar. Amazon motivləri ilə müqayisədə, türk qadın döyüşçülərinin fərqli cəhəti onların müstəqil qəbilə kimi deyil, dövlət və ailə strukturlarının ayrılmaz parçası kimi fəaliyyət göstərməsidir. Bu fakt türk xalqlarının sosial-mədəni inkişafında qadın-kişi münasibətlərinin qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu sübut edir.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 14.Mütaliənin hərtərəfli olması qaydası
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
14.
MÜTALİƏNİN HƏRTƏRƏFLİ OLMASI QAYDASI
“Nə gəldi oxuma!” – şübhəsiz, bu tövsiyyələri hər biriniz eşitmisiniz. Həqiqətən də, mütaliə zamanı seçim imkanlarından istifadə etmədən kortəbii şəkildə nə gəldi oxumaq əsla yolverilməzdir.
Kitab anlayışına bu formatda çap edilən istənilən çap məhsulu aiddir. Gəlin unutmayaq, heç bir bədii şuradan, senzuradan, yoxlamadan keçməyən, müəllif hesabına çap olunan minlərlə kitablar var ki, onlar oxucu zövqünü korlayır, onlara fayda vermək əvəzinə aqressiya, küskünlük, ətrafdakılara nifrət hissi aşılayır, onları səhv yollara sürükləyir. Dövlətin nəşr prosesinə müdaxilə etməməsi bu cür əyriliklərə, neqativliyə yol açır. Buna görə də müəlliflərin öz məsuliyyətlərini bir kənara qoyub (hər kəs özünü dahi sanır), naşirlərdən maddi gəlir naminə bu sayaq kitablara meydan verməməyi tələb etməyin əsil zamanıdır.
Biz seçmələdik və ziyanlı kitabları yox, faydalılarını seçdik. Bu, işin birinci tərəfidir. Bəs bu faydalıları necə gəldi, hansı ardıcıllıqla oldu oxumağımız düzgündürmü? Bu isə işin ikinci tərəfidir.
Təsadüfi deyil ki, mütaliəni məktəbə bənzədirlər. Hər bir məktəbin dərəcəsi, öz sinifləri olduğu kimi, mütaliənin də dərəcəsi və sinifləri vardır. IX sinif proqramını mənimsəməmiş şagirdin X sinfə keçməsi mümkün olmadığı kimi, oxucunun bilik səviyyəsinə uyğun gəlməyən kitabı mütaliə etməsi də ona lazımi fayda verə bilməz.
Çox kitab oxumaq heç də əsas şərt deyil. Əsas şərt oxuduğunu başa düşmək, dərk etmək, ondan nəticə çıxarmaqdır.
Mütaliənin müəyyən sistem üzrə aparılması şərtdir. Pedaqoq və alimlərdən bir çoxu bədii ədəbiyyatı tarixi xronoloji qayda ilə mütaliə etməyi məsləhət görür. Əvvəl keçmişi, sonra müasiri.
Əks xronoloji qayda da var, əvvəl yaxın dövrləri, get-gedə uzaq dövrləri.
Belədə adi oxucu uzun müddət müasir ədəbiyyatdan uzaq düşür. Digərində isə klassiklərdən bixəbər olur. Bəs qızıl qayda hansıdır? Oxucu bədii əsərləri paralel olaraq iki istiqamətdə mütaliə etməlidir. Yeni və keçmiş. Çünki yenini mütaliə etməyən müasir həyatdan ayrı düşür, keçmişi mütaliə etməyən isə mədəni inkişafdan geri qalar.
Sadə şəkildə şərh edilən kütləvi kitablardan başlayıb tədricən elmi kitablara keçmək məsləhət görülür. Oxucu birdən-birə çətin kitablara müraciət edərsə başa düşməz və onun mütaliəyə olan marağı sönər. Bacarıqla seçilmiş kitab mütaliənin müvəffəqiyyətli olmasını təmin edir.
Əsəri öyrənmək məqsədi ilə oxuyan oxucunun mütaliəsi onu poetik əsər kimi oxuyan oxucunun mütaliəsindən fərqlənir. Makedoniyalı İskəndər Homerin “İlliada”sını Axilles surətini bir ideal sayaraq dönə-dönə oxumuşdur.
Növbəti: 15.Mütaliəyə ayrılan zaman
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan beynəlxalq piano müsabiqəsi başa çatıb
Avstriyanın paytaxtı Vyanada Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Sounds of the Land of Fire” (“Odlar Yurdunun Sədaları”) adlı ikinci beynəlxalq piano müsabiqəsi başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.
Bu genişmiqyaslı layihənin direktoru Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadədir. Proqramın ərsəyə gəlməsində Abuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə (incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiya texnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə üzrə məsləhətçi) və Raul Məmmədzadənin (mədəni təşkilatlarla əməkdaşlıq üzrə köməkçi) böyük rolu olub.
Beynəlxalq piano müsabiqəsinin final mərhələsi Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında, laureatların qala-konserti isə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bu mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib. O, müsabiqənin ikinci dəfə keçirilməsini və dahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmasını yüksək qiymətləndirib.
Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadə isə iştirakçıların həm istedad, həm də cəsarət nümayiş etdirdiklərini vurğulayıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara, dəstəkçilərə və münsiflər heyətinə minnətdarlığını ifadə edib.
Münsiflər heyətinin sədri, Xalq artisti, professor Fərhad Bədəlbəyli gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb.
Müsabiqə zamanı müxtəlif ölkələrdən olan gənc pianoçular Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər tanınmış Azərbaycan bəstəkarlarının zəngin irsinə müraciət ediblər.
Münsiflərin qərarına əsasən, Eunseon Ahn (Cənubi Koreya, 27 yaş) I dərəcəli laureat, Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki (Yaponiya, 24 yaş) II dərəcəli laureat, Hidayət Sadıqbəyli (Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş) III dərəcəli laureat adına layiq görülüblər.
Azərbaycan bəstəkarları Əşrəf Abbasovun "Folk Song" (6 miniatura) və "Humoreska", eləcə də Cövdət Hacıyevin "Joke" və "Fairy Tale" əsərlərini yüksək peşəkarlıqla ifa etdiyinə görə 23 yaşlı çexiyalı musiqiçi Daniel Boura xüsusi mükafatla təltif edilib.
Müsabiqə ilə bağlı daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Gənclər niyə teatra getmir?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gənclər Teatrı həqiqətən də gənclərimiz üçün çalışır. Tamaşalarda həm didaktika, həm informasiya, həm motivasiya var. Amma nədənsə tamaşalar zamanı zalda gənclərə istisna halda rast gəlmək olur. Gənclər, niyə belə passivsiniz, bilmək olmur.
Bu gün həmin teatrın bir aktrisası barədə danışaçağam.
Bu gün doğum günü olan Azərbaycan Respublikasının əməkdar artisti Qəmər Məmmədovadır.
10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Əsas rolları:
1. Sara xatun - («Sara xatun», N.Cəfərli)
2. Nazlı - («Qarışqa yuvası», Ə.Qiyas)
3. Güllü - («Vicdanın hökmü»,H.Mirələmov)
4. Sevgili - («Generalın son əmri», V.Səmədoğlu)
5. I qadın - («Labirint», E.Hüseynbəyli)
6. Anaxanım - («Axırı sakitlikdir», E.Hüseynbəyli)
7. Hosuil Emmi - («IV Kin», Q.Qorin)
8. İolanka - («Gecə soyğunçuları», M.Mitroviç)
9. Gövhər xanım - («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)
10. Marianna – («Tədbirə qarşı tədbir», V.Şekspir
Filmoqrafiya
- O dünyadan salam
- Həm ziyarət, həm ticarət...
- Yalan
- Cavad xan
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
GAP Antologiyasında Vida Heşmətinin “Sülh” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Vida Heşmətidir.
Vida Heşməti
Təbriz
SÜLH
Keşkə səsini dağlara,
Nəfəsini bağlara
Gözəlliyini göy qurşağına paylaşaydım.
İsti əllərini sevgililərin ilk görüşünə
Ürəyini
Oğlu savaşda yubanmış ananın
Sap-sarı astanasına.
Maviliyini dənizlərə qoşaydım
Səni dalğalarla bağlaşaydım.
Ahaaaaay
Mahnılarımın Sarı gəlini
Buludlardan uzaldaydın yağış əlini.
Ulduzlardan göz vuraydın,
Gülümsəyən heykəlini
Calanaydın qaraqançıl kürəmizin
Qsır dodaqlarına.
Səs-səsə verib oxuyaydıq
Ozaylar uzunu.
Saçın ucun hörməzlər
Gülü qönçə dərməzlər…
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Cənubun ən məhsuldar tədqiqatçı alimi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əgər məndən soruşsalar ki, Bilal Alarlı kimdir, düşünmədən cavab verərəm:- Cənubun ən məhsuldar tədqiqatçı alimi, gözəl insan, necə deyərlər, kara gələn adam...
Həyatı rəngarəng olub; xoş günlər də yaşayıb, düz söz üstündə iztirablara sinə də gərib. Hətta sovet hökumətinə qarşı çıxdığına görə zindanda da yatıb. Amma heç zaman sarsılmayıb, həvəsdən düşməyib. Cənub bölgəsi ilə əlaqədar mükəmməl araşdırmaları var. Və bu araşdırmaların arxasında böyük zəhmət, dönməz iradə durur...
Sadə olduğu qədər də mürəkgəb adamdır. Sadədir ona görə ki, heç zaman təkəbbür göstərməz, təmtəraqdan uzaq qaçar, mürəkgəbdir ona görə ki, yalançılara, rüşvətxorlara, zalımlara qarşı amansızdır...
Səxavətli və qonaqpərvərdir. Evinə qonaq gəldisə onun nazını çəkər, xidmətində dayanmaqdan zövq alar, yaşadığı Cəlilabad rayonunun görməli yerlərini gəzdirməkdən yorulmaz. Gedərkən qonağına öz əli ilə həyətyanı sahəsində əkib becərdiyi nemətlərdən pay verər...
Cənubluların ona borcu çoxdur. Şəxsi vəsaiti ilə tez-tez cənub rayonlarını gəzərək, müfəssəl tədqiqatlar aparıb. Bəli, onun öz hesabına nəşr etdirdiyi kitablar gələcək nəsillərə istinad yeri, elmi mənbələrdir...
Bilal Alarlı Allahın möcüzəsidir, ikinci həyatını yaşayır. On beş yaşında klinik ölüm keçirib. Onu ölmüş bilib, qəbrini də qazıblar. Amma komadan ayılandan sonra düz 40 il boş qalmış qəbrinin üstündə hər İlaxır çərşənbədə şam yandırıb. Üç ali məktəb bitirib, aspiranturada oxuyub, dissertasiya müdafiə edib, 30-dan çox kitabın müəllifidir...
Sentyabrın 8-də Bilal Alarlının 67 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Onu da xərçəng aparıb
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Son vaxtlar dünyasını dəyişən əksər insanların diaqnozu eyni olur – xərçəng xəstəliyi.
Bu xəstəliyin apardığı istedadlı bir aktyor Azərbaycan Respublikasının əməkdar artisti Zili Namazov barədə danışmaq istəyirəm. Axı bu gün onun doğum günüdür.
Aktyor daha çox 2013-14-cü illərdə yazıçı Varisin “Bir ovuc torpaq” romanının ssenarisi əsasında çəkilmiş eyniadlı serialda parlamışdı...
Zili Namazov 9 sentyabr 1952-ci ildə dünyaya göz açıb. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışıb.
Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb. Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib.
Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə də fəaliyyət göstərib. Gənc aktyorların formalaşmasında yaxından iştirak edib. Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində ikinci rejissor kimi işləyib.
Kino fəaliyyəti ilə yanaşı, televiziya sahəsində də, çalışıb.
Filmoqrafiya
1. 777 №-li iş
2. 777 №-li müəssisədə
3. Alman klinikasına şəxsi səfər
4. Bəlkə...
5. Bəyaz həyat
6. Bəyin oğurlanması
7. Bir ovuc torpaq
8. Bircəciyim
9. Birisigün, gecəyarısı...
10. Bumeranq
11. Dad
12. Dağıdılmış körpülər
13. Dalan
14. Dəvətnamə
15. Doğma sahillər
Aktyor Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərindəvəfat edib.Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
VAQİF SƏMƏDOĞLU, sonuncu şeir
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)


