Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ –Mütaliəyə ayrılan zaman
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
15.
MÜTALİƏYƏ AYRILAN ZAMAN
Biz uşaq, yeniyetmə və gənclərə kitab oxumağın faydalarını izah etdik və onları mütaliəyə təşviq etdik. İndi sual olunur. Onlar mütaliəyə nə qədər vaxt ayırmalıdırlar? Bir şəxs gününün neçə saatını mütaliəyə sərf etməlidir?
Bəri başdan qeyd edək ki, mütəxəssilər “kitabın üzərinə döşənməyin” əleyhinə çıxırlar. Çünki kitabı birbaşa, aramsız oxuduqda mütaliə özünün bütün qiymətli cəhətlərini itirir. Belədə, oxucu əsərdəki hisslərlə yaşamağa, həyəcan keçirməyə, əsərin ideya məzmunu, bədii sənətkarlığı haqqında dərindən düşünməyə, ondan zövq almağa macal tapmır. Fasilə və aramla edilən mütaliə daha çox fayda verir, onun təsiri bir o qədər qüvvətli olur.
Bu barədə hazırda yaşadığımız 3-cü minilliyin öz tələbləri var, şimal qonşumuz Rusiyanın nüfuzlu yazıçısı, tanınmış “Qazeta.ru” saytının kreativ redaktoru Yeqor İvanovun nəzəriyyəsini bir çox mənbələr daim iqtibas kimi gətirirlər. Bu nəzəriyyəyə görə, özündə mütaliə vərdişi formalaşdırmaq üçün ilk dəfədə mütaliəyə hər gün 15 dəqiqə vaxt ayırmaq daha effektlidir. Dövrdəki vaxt qıtlığı, klikabel təfəkkürün təhrifi insanları bir şeyə, tutalım məhz mütaliəyə fokuslanmağa qoymur. Ona görə də, özündə kitaboxuma vərdişi formalaşdırmağına birdən-birə çox vaxt ayırmaq əsla fayda verməyəcək. Hər gün mütəmadi olaraq 15 dəqiqə oxusanız, beyin tədricən bu prosesə alışacaq. Tədricən mütaliə vaxtını 30 dəqiqəyə qədər artırıb bunu özünüzün gündəlik minimumunuz edə bilərsiniz.
Mütaliə üçün ən uyğun vaxt səhərdir, çünki bu vaxtlarda insan özündə güc axını hiss edir. Zəngli saatı həmişəki vaxtdan yarım saat əvvələ qurub həmin yarım saatı mütaliəyə həsr etmək lazımi effekt verir. Əksinə, gecə yarıyadək gözündən yuxu tökülə-tökülə oxumaq isə sizi tədricən kitabdan itələyə bilər.
Növbəti: 16.Mütaliə səmərəliliyi
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
Xuraman xanım Muradova yaradıcılığının gur işığı
Ağalar İdrisoğlu,
Əməkdar incəsənət xadimi, yazıçı-rejissor. “Ədəbiyyat və incəsənət” üçün
Xuraman xanım Muradova çağdaş Azərbaycan ədəbiyyatında xüsusi dəsti-xətti, özünəməxsus yazı manerası olan istedadlı vətənpərvər şairə, bir-birindən maraqlı şeirlərin, poemaların müəllifi olan böyük yaradıcı dünyası olan ruh adamıdır. Baxmayaraq ki, bədii yaradıcılığa hələ orta məktəb illərindən başlayan Xuraman xanım cəmi beş ildir ki, mətbuatda çap olunur, amma bu beş ildə başqa yaradıcı insanların on illərlə gördüyü işlərdən daha çox işlər görüb və uğurlar əldə edib.
Bu beş ildə təkcə Azərbaycanda yox, Türk dünyası ölkələrinin yaradıcı insanları arasında da böyük uğur qazanıb. Yuxarıda yazdığım kimi orta məktəbdə oxuduğu illərdən o, bədii yaradıcılıqla məşğul olub, amma 2021-ci ilə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb. Bəlkə yenə də mətbuatda çap olunmasına razılıq verməyəcəkdi, əgər Xalq şairi, sağlığında klassik adını qazanmış Nəriman Həsənzadə və mən 2021-ci ilin sentyabr ayında onunla görüşməsəydik və israrla onu şeirlərini çap etdirməyə məcbur etməsəydik. Xuraman xanım Xalq şairi Nəriman Həsənzadənin kəşfidir desəm daha düzgün olar. Çünki həmin ilin sentyabr ayının sonlarında Nəriman müəllim Xuraman xanım Muradovanın yaratdığı və rəhbərlik etdiyi “Milan” Hospitalında müalicə olunurdu. Xuraman xanımla görüşəndə bu xanımın böyük ədəbiyyat həvəskar olduğunu və çoxlu şairlərin şeirlərini əzbər bildiyini görüb. Və eşidəndə ki, Xuraman xanım da orta məktəb illərindən şeirlər yazır və ondan xahiş edib ki, yazdığı şeirlərdən söyləsin. Əvvəlcə Xuman xanım təvazökarlıq edərək, söyləmək istəməyib. Amma sonra bir neçə şeirini söyləyib. Ədəbiyyata qarşı həddindən artıq prinsipial insan olan və hər şeiri bəyənməyən Nəriman müəllim, Xuraman xanımın şeirlərini bəyənib və elə oradan mobil telefonla mənə zəng vurub belə dedi: “Ağalar müəllim, mən çox istedadlı bir şair xanımı kəşf eləmişəm. Çox maraqlı şeirləri var. Çox istərdim ki, onun şeirlərini mətbuatda çap edəsiniz”. Beləliklə, səhəri günü Nəriman müəllimlə birlikdə mən “Milan” Hospitalına gəlmişəm və Xuraman xanımla tanış olmuşam. Onun bu Hospitalrda Avropa və dünya səhiyyəsi səviyyəsində gördüyü işlərlə tanış olmuşam və heyran qalmışam. Və sonra israrla şeirlərini mənə verməsini xahiş etmişəm. O, isə bu şeirləri çap etdirmək istəmirdi və bu şeirləri yalnız özü üçün yazdığını deyirdi. Mən elə orada onun beş-altı şeirinin oxumuşam və hamısı xoşuma gəlib. Beləliklə, Nəriman müəllimin və mənim xahişimlə Xuraman xanım Muradova şeirlərinin mətbuatda çap olunmasına razılıq verdi.
Yadıma gəlir Xuraman xanım Muradovanın şeirləri 2021-ci ilin oktyabr ayında respublika mətbuatında çap olunanda, böyük oxucu marağına səbəb olmuşdu. Çünki bu şeirlərdəki orijinallıq, onun hər şeirində maraqlı, obrazlı ifadələr tapması, sözaltı mənaların dərinliyi, şeirlərin lakonikliyi, az sözlə böyük fikirlər ifadə etməsi Xuraman xanımı az bir vaxtda oxuculara çox sevdirdi. Tez bir vaxtda başqa şeirlərini də çap etdik. Elə həmin il onun “Sənə məktub yazacam” şeirinə çox istedadı bəstəkar Ruslan Səfərov mahnı bəstələndi və bu mahnını cavan, istadadlı müğənni Mirələm Mirələmov yüksək peşəkar səviyyədə oxudu. Mahnının sözləri, musiqisi və ifası yüksək peşəkar səviyyədə olduğuna görə az bir vaxtda böyük populyarlıq qazandı. Bütün bunlardan ruhlanan Xuraman xanım Muradova da 2023-cü ildə ilk kitabını “Sənə məktub yazacam”ı çap etdirdi. Azərbaycan Yazıçılar Birliyində, Xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi ilə bu kitabın böyük təqdimatı oldu. Bu kitaba görə Xuraman xanıma ədəbiyyat və incəsənət xahəsində böyük mükafat sayılan “ Humay” mükafatı verildi. Sonra bu kitab Türk, Özbək və Qırğız dillərinə çap olundu və həmin ölklərdə də çox maraqla qarşılandı. Azərbaycandan, Türkiyədən olan çoxlu bədii qiraətçilər onun şeirlərini yüksək peşəkar səviyyədə söyləməyə başladılar. Bir neçə maraqlı bəstəkarlar onun şeirlərinə yenə də mahnılar yazdılar. Mən bütün bunlara çox sevindim. Çünki daxilimdə böyük bir inam vardı ki, Xuraman xanım Muradaova az bir vaxtda bədii yaradıcılıqda çoxlu uğurlar əldə edəcək. Axı o, təkcə istedadlı şairə yox, həm də böyük zəhmətkeş, əldə etdiyi uğurlara adi bir iş kimi baxan xanımdır. Belə ki, onun sahibkarlıq sahəsində əldə etdiyi böyük uğurlar bunu sübut edirdi ki, Xuraman xanımın ədəbiyyat sahəsində də əldə etdiyi uğurlardan heç vaxt razı qalmayıb və həmişə daha böyük işlər görməyə can atacaq. Əldə etdiyi uğurlara görə heç vaxt özündən razı olmayan belə təvazökar insanlar da çox mübariz olurlar.
Elə 1987-ci ildən, yəni ali məktəbi bitirəndən sonra əldə etdiyi uğurlara nəzər salanda bunu çox ayadın görmək olur. Belə ki, o, 1987-ci ildə İnşaat Mühəndisləri Akademiyasını memar-mühəndis kimi yüksək qiymətlərlə bitirib. 1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə “Laçın” Kiçik müəssisəsinin nəzdində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isə daha böyük iş görərək, “Milan” Hospitalını ərsəyə gətirib. Xuraman xanım Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür. Oksford Akademiyasının fəxri professoru olan ilk azərbaycanlı xanımdır.
Onun yaratdığı “Milan” Hospitalı uzun illərdir ki, insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyetlərin sayı günü-gündən artır. Burada birinci və ikinci Qarabağ müharibəsi qaziləri, onların ailələri pulsuz müalicə olunurlar.
Xuraman xanım tibb sahəsində çalışdığı bu müddətdə, bir sahibkar kimi də xalqımıza bu müqəddəs yolda xidmət edir. Yüksək təşkilatçı, dərin erudiyalı, uzaqgörən siyasətçi Xuraman xanım Muradova sahibkarlıqla məşğul olmağa başladığı dönəmdə çoxlu mükafatlarlara layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram. Şuşa fatehi Xususi Təyinatlı Qüvvələr komandanı general polkovnik-leytenatnı Hikmət Mirzəyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. "N" saylı Hərbi Hissə komandirləri tərəfindən mükafatlandırılıb. Vətən muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına laiq görülüb. 2017-ci ildə “Lider” TV-də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi töhvələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Son zamanlarda isə Xuraman xanım Muradova Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən Xurşid Banu Natəvan adına mükafata və Türkiyə Cümhuriyyətinin ödülünə layiq görülub.
Beləliklə, Xurşud Banu Natəvan adına mükafatın laureatı, Azərbaycandakı bir neçə məşhur Hərbi Korpusların, qoşun birləşmələrinin diplomlarını, Fəxri Fərmanlarını almış, bir neçə xarici ölkələrin ödüllərinə layiq görülmüş, Türkiyə Cümhuriyyətinin ödülünü almış əsl vətənpərvər azərbaycanlı xanım - Xuraman İsmayıl qızı Muradovanı xalqımız əvvəllər sahibkar kimi yaxşı tanıyırdı. Amma indi çox maraqlı şair, yazıçı kimi tanıyır. Xuraman xanım Azərbaycanı təkcə mələkətimizdə keçirilən möhtəbər ədəbiyyat tədbirlərində yox, Türkiyədə, Şimali Kiprdə, Özbəkistanda, Qırğızıstanda və başqa respublikalarda tanınmış yazıçı, şair kimi qarşılayır, onunla ölkə, ədəbiyyat rəhbərləri səviyyəsində maraqlı görüşlər keçirilir. Xaql şairimiz Nəriman Həsənzadə də, mən də bundan böyük fəxarət duyuruq. Deməli, Xuraman xanım özünün Allah vergisi olan istedadı, ən əsası isə böyük zəhməti, çalışqanlığı ilə az bir vaxtda böyük uğurlara imza atıb. Artıq bu beş ildə onun yeddi kitabı çap olunub. İndi isə xalqımız üçün ən böyük sevindirici hal bu oldu ki, Xuraman xanım Muradova yenicə yardılan türkdilli yazar xanımların yaradıcı təşkilatının- Türk Dünyası Qadın Şairlər ( Yazıçılar) Birliyinin sədri seçildi. Bu, çox böyük və cavabdehli vəzifədir. Çünki Yer kürəsində 250 milyondan çox türkdilli xalq yaşayır. Və bütün türkdilli xalqlar da çox istedadlı, bacarıqlı, böyük təfəkkürlüdür. İndi bundan sonra bu xaqların yazar xanımlarına məhz azərbaycanlı xanım Xuraman Muradova rəhbərlik edəcək. Bu, həqiqətən də böyük qürurverici və cavabdehli işdir. Mən, bu münasibətlə əziz bacım Xuraman xanımı təbrik edirəm və ona yaradıcılıqda və bu cavabdehli işdə daha böyük uğurlar arzu edirəm.
Böyük yaradıcı insanlar deyib ki, “istedad və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaq elə də asan deyil. O gec-tez özünü lazım olan kimi göstərir. Bax, bundan sonra həmin insanların qarşısını almaq mümkün olmur”. Bəli. Xuraman xanımın da yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zəngin şeirləri, poemaları, hekayələri, bayatıları, şeirlərinə bəstələnən mahnılar bizə bu fikiri deməyə əsas verir.
Sizə bədii yaradıcılıqda bundan sonra da böyük uğurlar və Türk dünyası şair xanımların başqanı-sədri kimi çətin, cavabdehli, məşəqqətli yolda uğurlar arzu edirik, Xuraman xanım!
İndi isə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı yeni şeirlərini sizə təqdim edirik, əziz oxucular. İnanırıq ki, bu şeirlər də sizin xoşunuza gələcək.
Xuraman MURADOVA
(şeirləri)
Salam, 60 yaşım, xoş gördük səni
Salam, 60 yaşım, xoş gördük səni,
Gecikdin demirəm… vaxtında gəldin.
Nə isti yaymsan, nə də sərt qışım -
Ömrümün ikinci payında gəldin…
Öncə gözlərindən tanıdım səni,
Orda dərin izlər qoyubdu zaman.
Bir az yorğunluq var, bir az da qürur
Bir az da qəlbini oyubdu zaman…
Salam, 60 yaşım, otur, dincələk,
Gəl, söhbət eləyək, çay süzüm sənə.
Söylə kim incitdi, küsdürdü səni?
Kim qaldı qəlbində, gizlin de mənə.
Gözlərində izləri var illərin,
Hər xatirəm ömrümə yaraşıqdı.
Amma ruhum - uşaq kimi hələ də,
Sevinclə nur saçan xoş bir işıqdı…
Oğlumun, qızımın sevincləri var,
Xeyirxah, gərəkli hər bir işində.
Demək ki, bu ömür tək mənim deyil,
Onların payı var xoş gəlişində…
Salam, 60 yaşım, əziz qonaq tək,
Evimə, qəlbimə xoş gəlmisən sən.
Ömrümün ikinci baharı kimi,
Ömrümdən ömrümə xoş gəlmisən sən.
Salam, Uşaqlığım
Salam, uşaqlığım…
Xoş gördük səni.
Bu yaşımda - saçlarıma qar yağan çağımda,
Sənin həyəcanlı gözlərinə baxmağa gəlmişəm…
Tanıdınmı məni?
O vaxt oyuncağını heç kəsə verməzdin…
İndi isə xatirələrini heç kimə etibar etməyən
Mənəm, mən…
Qapını döydüm…
Açdın yenə gülümsəyərək,
Əlində bir tikə təndir çörəyi,
Üstündə bir az yağ, pendir -
Bilsən, o bir tikə çörək
İndi necə həsrət mənə…
Uzanmışam divanın bir küncünə,
Nənənin tikdiyi yastığın qoxusunu axtarıram…
Danış, uşaqlığım, danış bir az,
O illərdən nə qaldı sənə?
Məktəb çantası yerində durur,
Divardakı saat hələ də gecikmir,
Pəncərənin o tayında günəş oynayır,
Könlümün içində bir səs pıçıldayır:
“Sən burda idin, sən daim burda idin…”
İndi bu yaşımda –
Yaralarımla, sevincimlə,
Sənin o saf gülüşünə sığınmağa gəlmişəm.
Qoy bir az qalım…
Üzümə bax, qorxma,
Yenə də mənəm…
Sadəcə bir az yorğunam…
Bir az da küskünəm…
Amma... sənin sevən Xuramanınam…
Bir şeir yaz…
Bir şeir yaz,
Orda keçmişim sükutla danışsın,
Atamın səsi, anamın qoxusu...
Uşaqlıq qapımı döysün yenidən.
Həyətdə bacımın sakit ayaq izləri,
İllərlə yolunu gözlədiyim qardaşımın
kölgəsi gəlsin…
Bir şeir yaz,
O şeirdə doğmalarım mənimlə olsun -
Nəfəsimdə, dualarımda,
Dünyanın ən gözəl mahnısı kimi,
Yanımda addımlasınlar…
Bir şeir yaz,
Orda düşmənlər zəlil olsun,
Zalım sözə tab gətirməsin,
Haqqın oduna yansın hər fitnə, hər xəyanət.
Bir şeir yaz,
Xəbislərə, riyakarlara
Dünya işığı zindan olsun,
Onlar gecənin soyuğunda azsın,
Biz isə səhərin duası ilə
Haqqın günəşi altında isinək.
Bir şeir yaz,
Sözlər qılınc kəsilsin,
Əyrilərə düzlük dərsi olsun…
Əllərim ümidlə qalxsın göyə,
Adım unudulmasın -
Qəlblərdə yaşasın.
Bir şeir yaz -
Elə bir şeir ki,
Oxuyanlar səssizcə köks ötürsün,
“Bu, Xuramanın şeiridir…”
- deyib,
Gözlərinə nur, qəlblərinə fərəh gətirsin...
Türkün Xanımı
Türkün xanımı - millətin, xalqın qeyrəti,
Elin məğrur duruşu, hünər, əzəmət kimidir.
Qəlbindəki dualar yüz illik tarixdən gələr,
Səbrində, əməlində - Tanrıdan hikmət kimidir.
O - ləyaqət güzgüsü, həm anadır, həm bacıdır,
Haqqı heç ödənməyən - sonsuz hesabat kimidir.
O- Türkün xanımıdır, igidlər verər vətənə,
Şərəfiylə ucalar, əlçatmaz nemət kimidir.
Həm çiçəkdir, həm polad, həm zərifdir, həm də ki, sərt,
Qanı Türkün qanıdır - gücdür, dəyanət kimidir.
Göz yaşlarında dua, gülüşlərində bahardır,
Sözü - namus sözüdür, xalqa əmanət kimidir.
O - sevgidir, mərhəmətdir, nurdur, bərəkətdir,
Onu Allah göndərib - göylərdən enmiş mələkdir.
O - Türkün anasıdır, yerdəki cənnət kimidir,
O- Türkün xanımıdır, yerdəki cənnət kimidir.
Sübh Dualarım
Sübh namazında – hələ qaranlıqda,
İşıq doğmamış, üfüqlər yanmamış.
Dənizlərin üzərindən süzülən dualarım,
Buludları yara-yara yüksəlir göylərə.
O dualar - qəlbimin sükut çiçəkləridir,
Yaradana boylanan yalvarış səsləridir,
Səmalara toxunur, ulduzlara qarışır,
Mələklərdə dil açıb elə məndən danışır.
Sabahın sükutunda eşidilən bir nida,
Ümidimin çırağı, ruhumun yüksəlişi.
Göylərə qalxan o saf yalvarışlar...
Məni Rəbbimə ən yaxın edən anlar.
Şükürlə açılar dua əlləri,
Səmada pıçıldar iman dilləri.
Rəhmətin yağışı ruhuma qonar,
Ümidlə açılar könül gülləri.
O-Allaha bağlılıq o, ruhun pıçıltısı,
O, rəhmət yağışıdır, göydən yerə dönəcək.
Dua acizlik deyil, iman gücünün səsi,
O sevgidən yaranır, Yaradana dönəcək…
“Ağ saçlarım”
İllər pıçıldadı ki, saçlarının ağı çox.
Dedim, hesabsız olan bircə telim belə yox.
Sevda ilə ödənmiş, ağ saçların hesabı,
Eşqlə möhürlənibdir onların hər kitabı.
Güzgü söylədi mənə, saçlarına yağmış qar...
Dedim, onlar ömrümün çiçəkləri, gülüdür.
Səni dərdə salmasın bu ağların çoxluğu,
Hər telim bir xatirə, bir ömrün mənzilidir.
Saçlarımdakı ağlar həsrətimin izidir,
Qaranlıq gecələri nişıqlı gündüzüdür.
Sevgi ilə yazılmış susqun məktubdu onlar,
Ürəyimdə gizlənən bir sevdanın izidir.
Ağ tellərYaradanın verdiyi hikmət tacı,
Onlar ömrümün yolu, sevda fəlsəfəsidir.
Ağaran hər bir telim həyatın həqiqəti,
Ömrün ağ çiçəkləri, ürəyimin səsidir.
Saçımdakı ağ tellər bir xatirə, bir dua,
Qocalıq yükü deyil, səbrin nişanəsidir.
Səni dərdə salmasın qoy ağaran saçlarım,
Onlar Allahdan gələn ömrün hədiyyəsidir.
Onlar mənlə yürüyən eşqin pərvanəsidir.
Azərbaycan-Türkiyə
Əzəldən bir doğulub
Birgə boy atmısınız,
Adı, ruhu, qanı, bir,
Kökü, soyu, canı bir,
Siz doğma qardaşsınız
İşıqlı gələcəyə
Azərbaycan-Türkiyə!
Tarix boyu bir olub
Yolunuz, məqsədiniz.
Dünyaya car çəkibdi
Türk adlı haqq səsiniz,
Sizin bu varlığınız
Bölünməzdir ikiyə
Azərbaycan-Türkiyə!
Baş əyməz türk övladı
Düşməninə, yadına.
Sadiq olub hər zaman
Özünün türk adına.
Layiqdir ərənliyə,
Layiqdir hər sevgiyə,
Azərbaycan-Türkiyə!
Daşınızda doğmalıq,
Sözünüzdə qürur var.
Yenilməz vüqarınız
Düşmənin bağrın yarar.
Siz ey doğma şahinlər,
Turana gedən yolun
Göyərən ümidləri
Sülhün göyərçinləri!
Nə mutlu Türküm deyə,
Azərbaycan-Türkiyə!
Kəndimiz yada düşür...
Düşüb xəyallarımın
Yenə şirin vaxtına...
Əyləşirəm ömrümün
Şirin-şəkər taxtına...
Keçirəm uşaqlığın,
Gəncliyin xoş çağından
Keçirəm kəndimizin
Sakit axan çayından...
Boylanıb gül qoxulu
Çiçəkli çəmənindən
Dərirəm laləsindən,
Küskün bənövşəsindən.
Bağ-bağçamız gülüşür,
Kəndimiz yada düşür...
Göz gəzdirib sürməli
Al-əlvan meşəsinə.
Üzümü söykəyirəm
Dağların sinəsinə..
Çobanın tütək səsi,
Yazın ilıq nəfəsi
Qonum-qonşu harayı,
Sevindirir hər kəsi,
Bulud-bulud yağışlar.
Qəlbimin sərinliyi,
Torpaq qoxusu duyur,
Ruhumun dərinliyi.
Könlüm elə üşüyür
Kəndimiz yada düşür...
Qol budaqlı çinarlar,
Yollara işıq saçır.
Neçə qəlblərə fərəh,
Ümudlərə yol açır...
Neçə ömür sirdaşı,
Neçə sevən ürəyə
Olubdu yol yoldaşı.
Hər düşən yarpağında,
Bir sevdanın izi var,
Hər yarpağın köksündə,
Bir yarımçıq arzu var.
İllər necə ötüşür...
Kəndimuz yada düşür...
Atalı, həm analı
Ömümün ən xoş günü.
Necə də sevinərdik
Kəndimizin toy günü.
İsti ocağımızın
Başına yığışardıq,
Nağıllı gecələrdə
Nağılla yarışardıq.
Doğmaların ətrini
İndi kənddən alıram,
Ömrü günü beləcə
Sakit yola salıram
Yolların ayrıcında
Xəyallarım görüşür
Kəndimiz yada düşür...
Səcdənə gəlmişəm, Şuşam!
Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.
Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.
Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.
Qarlı dağlarına çökən duman-çən,
Mənim ürəyimə çökmüşdü nədən,
Ruhumu özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm, Şuşam.
Olub keçənləri unudaq daha,
Bağışla, deyəsən batdım günaha,
Bilsəydin açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.
Xoşdur azadlığın, xoşdur bu sədan,
Səni gözlərimdə yaşatdım hər an,
Səcdənə durubdur qızın Xuraman,
Səni candan artıq sevmişəm, Şuşam.
Turan elləri
Gözün aydın olsun, ey ulu yurdum,
Yayıldı dünyaya Türkün gür səsi!
Nuruna qərq oldu könüllərimiz,
Cahana od saldı Turan nəfəsi…
İgid oğullarım, çıxıb tufandan,
Qaldırdı göylərə “kurt başlı” tuğu!
Zəfər tarixini yazan əllərim,
Göstərdi âləmə “Dəmir Yumruğu!”
Yenilmez Türk ruhu, Türkün geyrəti,
Tarixin bağrından qopup gəldik biz!
Bu torpaq uğruna, vətən uğruna,
Qan axıdıb can verərək öldük biz!
Yüksəldərək yurdun hür bayrağını,
Duyduq azadlığın şirin dadını.
Çıxdıq savaşlardan alnımız açıq,
Yaydıq bu dünyaya Türkün adını.
Birlikdə yürürlər Kızıləlma’ya,
Qardaş Türkiyə’ylə, can Azərbaycan.
Kazak, Türkmən, Özbək, Kırgız da gəlir,
Qurulacaq mütləq, o büyük Turan!
Sönməyən çırağam , yanan ocağam,
Əslım Oğuz Türk’ü, hədəfim Turan.
Günəş kimi doğub yurdum üstünə,
Saçarım nurumu, rəhbərim Qur’an.
Əsirlərlə ayrı düşsək də bizlər.
Tariximiz eynı, dilimiz birdir.
Bir ağacın qollarıyıq biz Türkler,
Qönçəmiz də birdir, gülümüz birdir.
Gəlin, səmasında qanad gərək biz,
Sarsın qollarımız Turan elini.
Birləşək biz eyni bayraq altında,
Bayrağımız olsun, TURAN gəlini!
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
Sumqayıt səninlə fəxr edir, CƏBRAYIL DÖVLƏTZADƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzi şəhidlər var ki, həqiqətən də adları dillər əzbəridir. Belə şəhidlər sırasında dayanan Cəbrayıl Dövlətzadə sumqayıtlıdır, sumqayıtlıların qürur yeridir.
Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilinə Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub..
Təltifləri
1. "Vətən uğrunda" medalı (ölümündən sonra)
2. "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
3. "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
Cəbrayıl Dövlətzadə vəfatından sonra Azərbaycan cəmiyyətində Polad Həşimovun intiqamını alan əsgər olaraq anılır. Yazıçı Azad Qaradərəli 2021-ci ildə Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən “Cəbrayıl əfsanəsi” adlı roman yazıb. Əsər proloq, epiloq və 19 fəsildən ibarətdir. "Palmali" şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov 2022-ci ildə Cəbrayıl Dövlətzadə adına gəmi istifadəyə verib. Gəminin medalyonlarını Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadəyə təqdim edib.
Allah qəhrəmanımıza rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək.
Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalına Təşkilatdan verilən məlumata görə, şəhidin ailə üzvləri ilə görüşən Təşkilat sədri 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır.
Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib.
Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Hər tamaşada mütləq bir yenilik olmalıdır
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın novator teatr rejissoru Hilal Həsənov! Quruluş verdiyi hər tamaşaya yenilik gətirən, digər repertiarlardan fərli bir performans göstərən bir rejissor. Yaşasaydı, bu gün 82 yaşı olardı…
Hilal Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub. 1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımçı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb. O, rəssam Adil Quliyev və dirijor Kamal Abbasovla birlikdə tamaşanı 1970-ci il iyulun 4-də uğurla təhvil verə bilib.
Daha sonra o, 1971–1975-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor olaraq çalışıb.1975–1977-ci illərdə Moskvada Vaxtanqov adına Akademik Dram Teatrında təcrübə keçib. Təcrübə müddəti başa çatdıqdan sonra Gəncə Dövlət Dram Teatrına gəlib. O, burada səhnə fəaliyyətinə aktyor olaraq başlayıb. Belə ki, H. Cavidin "Səyavuş"da Birinci məmur, C. Cabbarlının "Nəsrəddin şah"da İkinci silahlı, Ə. Məmmədxanlının "Şərqin səhəri"də Fəhlə, A. Məmmədovun "Həmyerlilər"də Gənc, Ə. Yusiflinin "Ürək sevərsə"də Poçtalyon, İ. Coşqunun "Komsomol poeması"da Şahsuvar, Y. Əzimzadənin "Anacan"da Qulu və başqa obrazlarını böyük ustalıqla yarada bilib.1986-cı ilə kimi burada aktyor və rejissor kimi fəaliyyət göstərib.
Gəncə Dövlət Dram Teatrının səhnəsində V. Şukşinin "Diribaş adamlar", İ. Coşqunun "Komsomol poeması", S. Rəhmanın "Xoşbəxtlər", S. Qədirzadənin "Gözəllik ondur…", Q. Rəsulov və Ə. Şərifovun "Molla Nəsrəddin zarafatları", Y. Əzimzadənin "Anacan", M. Qorkinin "Qoca", R. Əlizadənin "Doğmalar", O. Zaqradnikin "Zəngli saat", K. Vəliyevin "Üçtelli durna", L. Rəşidzadənin "Toya üç gün qalmış", C. Cabbarlının "1905-ci ildə", U. Şekspirin "III Riçard", E. Radzinskinin "Sokratla söhbətlər", İ. Şıxlının "Odlu çarpazlar", F. Əlyarbəylinin "Qonşular", N. Həsənzadənin "Atabəylər", N. Gəncəlinin "Səadət yağış deyil" və digər quruluşları maraqla baxılan səhnə traktofkalarındandır.
1979-cu ilin payızında Gəncə Dövlət Dram Teatrının bazasında yaradılan "Zərrabi" Nizami Poeziya Teatrının 1979–1990-cı illər ərzində repertuar zənginliyinin təmin olunmasında məhz rejissor olaraq Hilal Həsənovun xidmətləri əvəzsiz olub. Bu teatrın səhnəsində Nizami Gəncəvinin əsərləri əsasında özünün səhnələşdirdiyi "Xarəzm gözəli haqqında əfsanə", "Ədalət sorağında", "Qılıncla gələn, qılıncla ölər" pyeslərinə uğurlu səhnə həyatı bəxş etməklə müasir və maraqlı rejissor traktofkası ilə diqqəti cəlb edə bilib.1986-cı ilin sonlarında isə Gəncədə rejissor Hilal Həsənovun rəhbərliyi ilə yaradılan "Simurq" Kukla Teatrı fəaliyyətə başlayıb və bu teatrın bazasında Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən, Gəncə Dövlət Kukla Teatrı yaradılıb.
Bu tarixi hadisədən sonra Hilal Həsənov 1986-cı il noyabr ayının 12-də yaradıcısı olduğu Gəncə Dövlət Kukla Teatrının baş rejissoru, direktoru təyin olunub və 1993-cü ilədək burada fəaliyyət göstərib.1993-cü ildən isə Türkiyə Cümhuriyyətinin İstanbul Böyük şəhər Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzi Kültür A. Ş. və Fateh Universitetində eləcə də İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrında pedaqoq və rejissor olaraq fəaliyyətini davam etdirib. Türkiyə Cümhuriyyətində rejissor olaraq fəaliyyəti hər zaman böyük əks səda yarada bilib. Belə ki, 750 metr torpaq, qum sahəsi olan bir səhnədə 840 aktyor heyətilə 3000 min tamaşaçının iştirakı ilə Kərbəla faciəsindən bəhs edən möhtəşəm bir tamaşanı hazırlamağa müvəffəq olub. Hilal Həsənov yaradıcılığında islam dininin cəhalət dönəmində Məhəmməd Peyğəmbərin vaxtına qədər olan zamanlarda dünyaya gələn qız uşaqlarının diri-diri torpağa basdırılması faktı böyük tənqid hədəfinə çevrilib
İstedadlı rejissor Hilal Həsənov 30 oktyabr 2019-cu il tarixində 76 yaşında İstanbulda vəfat edərək orada dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
REDAKSİYANIN POÇTUNDAN – Cavidan Hacıyevin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında sizlərə Cavidan Hacıyevin “Bəlkə” adlı şeiri təqdim edilir.
Həyat — qədəh hər insanın əlində,
Saqisi var bir gün qəflətdən gələr.
Heç bilmədən içər nə var badədə,
Kimə zəhər, kimə şərbətdən gələr.
Kimə zəhər ilac olar dərdinə,
Kimə şərbət şəkər olub, dərd edər.
Bəzən isə alma düşər bəxtinə:
Kimə lənət, kimə rəhmətdən gələr.
Alma görüb, axtarar son nağılda,
Amma fikri ağacdakı ilanda.
Bir kağızı sol əlindən alanda,
Anlayar ki, qədər — niyyətdən gələr.
Və bir də mən, bu ömrün bir çağını
Zənn etdim ki, bildim həyat ağını.
Bu şeir də adicə söz yığını --
Həyat özü ulu hikmətdən gələr.
Dünya — Ümman, bizlər kiçik qayıqdıq.
Uzaqlarda Vətən qoyub, ayrıldıq.
… «Bəlkə bu yerlərə bir də qayıtdıq»:
Mən uzaqdan, babam — Cənnətdən gələr.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Kərimli Kurqanları - HÖKMDAR MƏZARLIĞI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi.
Zəngin təbiəti ilə hər bir azərbaycanlının və eləcə də turistlərin diqqətini çəkən Oğuz rayonu həm də tarixi abidələr diyarı kimi tanınır.
Oğuz elinin əski mədəniyyət mərkəzlərindən biri kimi tanınan bu rayonda eradan əvvələ aid olan tarixi abidələr buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir.
Belə qədim yaşayış məskənlərindən biri də turistlərin xüsusi diqqətini cəlb edən Yaqublu kəndi yaxınlığındakı Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, ,,kurqanlar çölü” və “hökmdar məzarlığı” adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılmışdır.
Xüsusi olaraq qeyd edək ki, tarixi terminologiyada kurqan torpaq təpə deməkdir, yəni sosial bərabərsizliyin mövcud olduğu dövrdə tayfa başçılarının hakimiyyətinin qüdrətini ifadə edən sərdabə tipli qəbirdir. Kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. O da maraqlıdır ki, tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub.
Bu günə kimi ərazidə yerləşən 9 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb. Arxeoloji qazıntılar Kərimli kurqanlarının eramızdan əvvəl (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu göstərir. Burada tədqiqat işləri aparmış, Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı mərhum, Nəsib Muxtarov (Qaznıtı aparılan kurqanın bir addımlığındakı Yaqublu kəndində yaşadığıma görə tez-tez ora gedər, tapılan eksponatlara maraqla baxar, Nəsib müəllimin izahlarını acgözlüklə dinləyərdim. Onu da deyim ki, rəhmətlik burada yeraltı muzey yaratmaq istəyirdi) qeyd edirdi ki, bu kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da, səciyyəvi cəhətlərə malikdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir.
Kurqandan eramızdan 1500 il bundan əvvələ aid çoxlu qədim əşyalar tapılıb. Belə bir kurqanın tapılması II minilliyin ortalarında Azərbaycanda çox güclü bir dövlətin olmasından xəbər verir. O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün hətta kurqan da düzəldiblər.
Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara imkan verir, yaşanmış tərəqqini izah edir. Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.
Nəsib müəllim deyirdi ki, kurqan iki qatlıdır. Belə ki, burada ilk dədə bir hökmdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər bir kurqan tikərək, digər hökmdarı dəfn ediblər.
Kurqan bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, kurqanı bir neçə əsr sonra talayan adamlar, buranı qazarkən aləti unudub gediblər.
Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. Dəfn kamerasında (11 m. x 4 m. x3 m.) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Dəfn adəti səciyyəvi cəhətlərə malikdir, xüsusi diqqət çəkir. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu və onların uyuduqları yerdə sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri , onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin üzərindəki işləmələr isə təkcə naxış deyil, onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir. Bunların hər biri İslamaqədərki abidələrdir.
Beş metr dərinlikdəki kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları öz orijinallığı ilə fərqlənir. Nəsib müəllimin köməkçisi İ.Bədəlova söyləyirdi ki, ola bilsin belə ilan və quş fiqurları totemlər olub, həmin dövrün insanlarınıninançlarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərin simgələrini göstərir. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi. Bir də ki, bu ilan fiqurları qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.
Həmin ərazidən, gildən eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, anqob naxışlı qablar, metal məmulatı da aşkarlanıb.
Diqqəti cəlb edən ən maraqlı eksponatlardam biriisə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı fiquru oldu. Düzdür, dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir. Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub. Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər. İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə çıraq kimi istifadə edilib.
Burdan həmçinin lap alt qatdakı olan kurqanda 59 qramlıq, 99 əyyarlı qızıldan hazırlanmış öküz başı eksponatı tapılmışdır. Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsi, qızıl üzük və sırğalar da tapılıb. Bu tapıntıların hər biri öz dövrləri haqqında xalqımıza yazılan məktublardır. Öküz başı fiqurları vaxtı ilə Şumerdən, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Lakin Kərimli kurqanından tapılan öküz başı fiquruŞumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu öküz başı özlüyündə çox orijinaldır. Bu tapıntı tədqiqatçılara böyük və qədim bir tarixin açarını vermişdir.
Kurqandan yüzdən çox muncuq aşkar edilmişdir. Bu cür zinət əşyalarına, metal və qeyri-metal muncuqlara, sinə bəzəklərinə Azərbaycandan kənarda - Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran ərzilərindəki abidələrdə də rast gəlinib. Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır.
Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın bu ərazisi Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də ötürmüşük. Kərimli kurqanlar və buradan tapılanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin yaranıb- yaşamasına səbəb olub.
Təəssüf ki, digər kurqanların tədqiqi məlum olmayan səbəblərlə dayandırılmışdır. Halbuki burda qazıntıların davam etdirilməsi tək Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün əlavə maraqlı, nadir arxeoloji materiallar üzə çıxarar, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqda hərtərəfli araşdırmalara təkan verər,yaxın kurqanların tunellərlə birləşdirilməsi ilə yaradılan yeraltı muzey isə unikal bir məkan olmaqla turizmin inkişafına güçlü təsir edərdi.
Deyəsən, Kərimli kurqanları barədə söhbəti çox uzatdıq. Ta Sizləri yormayaq. Ən yaxşısı gəlib öz gözlərinizlə görün!
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vida Heşmətinin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Vida Heşmətidir.
Vida Heşməti
Təbriz
TANRI BOYALI SAÇLARIM
Saçlarım...
Doğu yellərin qançıllığı
Buludların manifesti
Batı qızlarının yağış lirikası
Gözüyaşlıdı tellərim.
Saçlarımda yellər ulayır kəndımi
Və hörükləyir çaylaqları
Su tökür qadınlar əlimə.
Bu mənəm “Vida”
Bu mənəm...
Bu mənəm türkün şeir qızı!
Saçlarım...
Günəş kölgəli saçlarım.
Mürgü döyür
Röyasında məni Təbriz
İndi şənbədi birçəklərim
Və bir sərçə yuva qurur
Mənim
Tanrı boyalı saçlarımda...
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)
Ata və oğulun qısa, maraqlı tarixçəsi -PORTERET CİZGİLƏRİ
Ağalar İdrisoğlu,
jurnalist, yazıçı, rejissor, Əməkdarincəsənətxadimi. “Ədəbiyyatvə incəsənət” üçün
Yaxşı yadımdadırki, düz 60 ilbundanqabaqMasallı şəhərNərimanNərimanovadına 2 nömrəliortaməktəbindoqquzuncusinifinə getdim. Buməktəbbirneçə il idiki, inşaolunmuşduvə Masallınınuniversitetiadlanırdı. Rayonunmərkəzində də yeganə ortaməktəbidi. Onagörə də rayonundeməkolarki, əksərkəndlərində səkkizincisinifibitirənlərortatəhsilalmaq üçünbuməktəbə gəlirdilər. Uzaqkəndlərdəngələnlər üçünayrıcayataqxana( internat) daayırmışdılarvə onlaroradaqalırdılar. Masallınınənsavadlı müəllimləridə məhzbuməktəbdə dərsdeyirdilər.
Həmin il rayonun kəndlərindən 9-cu sinifdə oxumağa 175 nəfər orta təhsil almaq, gələcək arzularını reallaşdırmaq üçün yeniyetmələr, gənclər gəlmişdi. Ona görə də beş doqquzuncu sinif yaratmışdılar. Bax, həmin ilin sentyabr ayın 1-də biz onunla tanış olduq. Məmmədəli Abasqulu oğlu Əlinağıyevlə. Məmmədəli ilə mən bir sinifdə- 9-c-də oxumağa başladıq. Bu məktəbdə oxumaq doğrudan da çox maraqlı idi. Yuxarıda dediyim kimi həmin vaxtı Masallıda təkcə müəllim yox, alim səviyyəsində biliyi olan müəllimlər- İsa müəllim, Arif müəllim, Rza müəllim, Mirnuf müəllim, Əlihüseyn müəllim, Nurulla müəllim, Seyidağa müəllim, Natiq müəllim, Adəm müəllim və onlarca başqa pedaqoqlar məhz bu təhsil ocağında dərs deyirdilər. Məktəbin direktoru isə Şəfiqə xanım Abdullayeva idi. İxtisası riyaziyyat olsa da, başqa fənləri də çox yaxşı, mükəmməl bilirdi. Şəfiqə müəlliməni mən hələ Digah kənd səkkiz illik məktəbində oxuyan vaxtdan tanıyırdım. Ali məktəbi bitirəndən sonra təyinatla bu məktəbə göndərilmişdi. Bizim həm sinif rəhbərimiz və həm də riyaziyyat müəllimimiz idi. Məhz onun sayəsində mən riyaziyyatı çox yaxşı oxuyurdum. Artıq biz altıncı sinifdə oxuyanda onu Masallı Nəriman Nərimanov adına orta məktəbə riyaziyyat müəllimi, direktor müavini aparmışdılar və bir il sonra isə bu məktəbin direktoru olmuşdu.
Biz artıq Masallı məktəbində oxuyanda həmin vaxtı hər bir sinif divar qəzeti buraxırdı. Bütün siniflər bir-biri ilə yarışa girmişdilər ki, “görək kim yaxşı divar qəzeti buraxır”. Həm də yaxşı divar qəzetləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılırdı. Bizim sinif “Bahar” adlı divar qəzeti buraxırdı. Daha doğrusu bu qəzeti Məmmədəli ilə mən buraxırdıq. Məmmədəli yaxşı şəkillər çəkirdi və mən də yazılar, dörd sətirlik şeirlər yazırdım. Eləcə də başqa tanınmış şairlərin məktəblə, tərbiyə ilə, müəllimlə, Vətənlə bağlı şeirləini, maraqlı fikirlərini seçib divar qəzetində yazırdıq. Bizim qəzet daha çox satirik olduğuna görə, bu divar qəzetinə məktəbdə maraq başqa divar qəzetlərinə nisbətən çox idi. Tərif üçün demirəm. O vaxtı məktəbdə ən yaxşı və maraqlı qəzet sayılırdı Məmmədəli ilə mənim buraxdığım “Bahar” qəzeti. Hətta orada yazılan satirik yazılara, karikaturalara görə orta məktəb yoldaşlarımız bizdən inciyirdilər. Bəzən isə dalaşırdılar. Həmin vaxtı Məmmədəli və mən hər ikimiz idmanla məşğul olduğumuza görə özümüzü qorumağı bacarırdıq...
Dediyim kimi bizim divar qəzeti çox maraqlı olduğuna görə məktəbin direktoru Şəfiqə müəllimənin göstərişilə biz həm də məktəbin ümumi divar qəzetini də buraxmağa başladıq. O vaqxt başqa siniflərdə oxuyan və sonralar jurnalist təhsli alanlar, Əməkdar jurnalist, rəhmətlik Vasif Səmədov, rəhmətlik Asəf Ağayev, bu gün də çox maraqlı və peşəkar həkim olan Loğman Əliyev və sonralar pedaqoji təhsil alan, çoxlu şeirlər kitabının müəllifi Gülbuta xanım Abıyeva da bizimlə birlikdə həmin qəzeti buraxmağa başladılar. Bu divar qəzeti də çox oxunaqlı oldu. Həmin vaxtı mənim məktəbdə yaratdığım dram dərnəyi də çox məşhur idi. Orada da çoxlu satirik səhnəciklər hazırlayırdıq. Bu dərnəyin isə ən fəal üzvlərindən biri elə Məmmədəli idi. Çünki onun çox gur səsi vardı və yüksək aktyorsayağı şeirlər deyirdi və bu şeirlər həmişə də maraqla qarşılanırdı.
... Beləliklə, həyatımızın daşlı-kəsəkli, acılı, ağrılı, sevincli altmış ilini arxada qoyduq. Artıq hər ikimiz 75 yaşına gəlib çatdıq... İndi isə əziz oxucular sizi Məmmədəli Abbasqulu oğlu Əlinağıyevlə və onun həyatında çox böyük rol oynayan, birinci müəllimi olan atası Abbasqulu kişinin həyatı ilə daha yaxından tanış etmək istəyirəm. İnanıram ki, bu gün Masallının ən böyük ziyalılarından, yüksək təşkilatçı rəhbərlərindən biri olan Məmmədəli müəllimin həyat tarixçəsi sizin üçün maraqlı olacaq. Belə bir maraqlı deyim var: “Dünyaya gəlmək asandı, amma şəxsiyyət kimi formalaşmaq çox çətindir. Buna görə insanda ilk öncə savad və zəhmətsevərlik lazımdır. Bu da, həyatda çox az insana nəsib olur”. Bax, Məmmədəli Əlinağıyev də ömürürn bu 75 ilində çox maraqlı şəxsiyyət kimi formalaşdı. Əlbəttə, insanın həyatda formalaşmasında ailənin də böyük köməyi olur. Yəni o valideynlər ki, övladlarının yaxşı gələcəyi üçün onlara daha çox diqqət yetirirsə, onların yaxşı savad almasına var-qüvvələrilə çalışırlarsa, həmin uşaqlar doğurdan da təkcə valideynləri üçün yox, həm də xalq üçün böyük şəxsiyyətlər kimi yetişir və ölkəsinə, dövlətinə layiqincə xidmət edirlər.
Əfsus ki, biz müstəqillik qazandığımız vaxtlardan bu meyar unuduldu və valideynlər, müəllimlər uşaqları “Allahın ümidinə” qoydular. Məktəblərdə dərslər yaxşı keçirilmədi. Bununla da savasızlıq baş alıb getdi. İndi baxmayaraq ki, övladlarımızın çoxu ali təhsil alıblar, amma heç əsl orta məktəb səviyyəsində biliyə malik deyillər. Bir millətidə məhv etmək üçün onun təhsilini və səhiyyəsini əlindən almaq kifayətdir.
Mən belə fikirləşirəm ki, Məmmədəli Əlinağıyevin savadlı, yaxşı mütəxəssis və böyük təşkilatçı insan kimi yetişməsində onun atası Abbasqulu kişinin çox böyük köməyi olduğuna görə də ona ilk sualı atası haqqında verdim.
-Məmmədəli müəllim ilk öncə Masallının inkişafı üçün böyük işlər görən atanız Abbasqulu kişi haqqında ətraflı məlumat verin. Qoy təkcə Masallı camaatı yox, məmləkətimizdə bu yazını oxuyan insanlar görsünlər ki, həyatlarını Azərbaycanın quruculuğu yolunda şam kimi əridən belə maraqlı kişilər olub.
-Açığı mən bu haqda danışmağı çox da xoşlamıram. Həmişə deyirəm ki, hər bir insan həyatda özü-özünə yol açmalı, öz taleyini özü həll etməlidir. Məşhur Hind ictimai xadimi, baş naziri Cəvahirləl Nehru deyib ki, “ Adamların məharəti onların təfəkkürünün doğru əks etdirilməsindədir. Ona görə də hər bir insan əgər fənəri arxasınca gəzdirərsə öz yoluna kölgə salar”. Bəli. O insan həyatda uğur qazanır ki, ilk öncə əlində tutduğu fanarla öz yoluna işıq salır. Əlbəttə, bu yolda sözsüz ki, valideynlərin, müəllimlərin də əməyi çox böyükdür. Çünki bu fanarı onların əllərinə verən, bu fanardan necə istifadə etməyi öyrədənlər də valideynlər və müəllimlər olur. Bu gün siz mənim 75 illik həyatımı vərəqlədiyiniz bir vaxtda əlbəttə, atam haqda deməsəm yəqin ki, yaxşı olmaz. Həm də bunu demək lazımdır ki, yazılı ədəbiyyatda qalsın.
Atam, Abbasqulu Əlinağı oğlu Mirzəyev 1899-cu ildə Masallı rayonunun Zuvandlı (indiki Köhnə Zuvand) kəndində anadan olmuşdur. Kənddə məktəb olmadığı üçün o vaxtın tanınmış din xadimi Molla Hüseyndən dini təhsil alaraq ərəb əlifbasını, latın və kiril əlifbalarını öyrənib. Bundan başqa atam çox avazla yaxşı quran oxuyurdu.
O, 1937-ci ildə Zuvandlı kəndində kolxoz sədri seçilib. Kolxozun ilk illərində orada çalışanlar heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Torpaqlar öküzlərlə xış vasitəsi ilə şumlanırdı. Ona gödə də bir neçə cüt öküzlər yetişdirilirdi. Əkinçilikdə əsasən buğda, arpa, kartof və soğan əkirdilər. Çünki bizim yaşadığımız Zuvandlı sahəsi kiçik dağlıq olduğuna görə torpaqlar münbit olduğu üçün orada bu bitkilər daha məhsuldar olurdu. O vaxtı anbarlar tikilir. İstehsal olunan məhsullar işçilərə işlədikləri əmək gününə uyğun olaraq verilirdi. Məhsullardan növbəti il üçün toxumlüq ayrılaraq ambarlara yığılır və müəyyən qədər ehtiyat fondu ayrılırdı. Həmin vaxtdan başlayaraq, 1950-ci ilə qədər kolxozda fermalar tikilərək heyvandarlıq briqadaları yaradıldı. Yəni burada mal-qara saxlamağa da yaxşı şərait vardı. Yaşıl otlar, meşələr maldarlıq üçün də çox əlverişli idi. Ana mallara, cavan mallara, işçi öküzllərə və qoyun sürülərinə briqadirlər və işçilər təyin edilirdi. Onlar da böyük cavabdehliklə öz işlərini görürdülər. İndi torpaqlar paybəlli kimi adamlara verilib və həmin torpaqda bu gün də buğda, arpa, kartof, soğan, çiyələk və tərəvəz bitkiləri əkirlər. Əldə olunan məhsulları ailə ehtiyacı üçün və artıq qalan məhsulu bazarda satırlar. Yəni sevindirici haldır ki, indiki kəndçilər də ata-babalarının yolunu davam etdirirlər.
Həmin vaxtı kəndin qarşısından axan çayın kənarında un üyüdülmək üçün dəyirman tikilmişdi. Əhali öz ehtiyacına uyğn dəyirmanda un üyüdürdülər. Təsəvvür edirsinizmi? Müharibədən sonrakı aclıq illərində kənndə heç kim əziyyət çəkmirdi. Hətta qonşu kəndlərin camaatına da köməklik edirdilər ki, onlar acından ölməsinlər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu müqəddəs işdə atamın çox böyük köməyi olurdu. Bir ağsaqqal kimi hamı da onu eşidirdi və evində qalan artıq məhsulları həmin kəndlərin camaatına pulsuz verirdilər. Kənd camaatının güzəranı yaxşı olduğuna görə adamlar yeni evlər tikdilər və köhnə evlərinin üstündəki qamışları, ot-ələfi kənara atdılar. Çünki həmin vaxtı əhalinin ehtiyacını yaxşılaşdırmaq üçün kənddə kirəmid sexi də tikildi. Beləliklə, evlərin üstü dəyişilərək, kirəmidlə örtüldü. Bundan sonra evlər daha abad və yaraşıqlı görünürdü.
1948- ci ildə Zuvandlı kəndində kənar kəndlərdən bacarıqlı ustalar cəlb edərək məktəb binası tikildi. Məktəbə kənardan müəllimlər də cəlb edildi. İlkin olaraq 7 illik təhsil məktəbi oldu. Hətta məktəbdə internat yaradılaraq qonşu Yolağac kəndindən və Yardımlının Ləzir kəndində uşaqlar cəlb edilərək internarda qalıb təhsil alırdılar. Dağ kəndi olmasına baxmayaraq bu məktəbdə dərs deyən müəllimlər rayon səviyyəsində yaxşı məktəblərdən hesab olunurdular. Sonradan bu məktəbin yetişdirmələri ali məktəblərdə təhsil aldılar. Onların içindən çoxlu alimlər və tanınmış insanlar yetişdi. 1950- ci ildən sonra məktəbin yetişdirməsi əmim Fərman Əlinağı oğlu Mirzəyev üzun müddət bu məktəbin direktoru oldu və “Əməkdar müəllim” adı aldı. Fərman müəllimin iki oğlu Cəbrayıl, Arif və bir nəvəsi Babək elmər doktoru səviyyəsinə yüksəliblər. Bu kənddə çoxlu ali təhsilli və müxtəlif peşə sahibləri olan insanlar yetişib.
O vaxtlar dövlət tərəfindən verilən göstərişə əsasən kiçik kolxozların birləşməsinə göstəriş verildi. Ona görə də 1950-ci ildə Güllütəpə, Tatyanoba, Yolağac və Zuvandlı kəndləri birləşdirildi. Kolxoz sədrliyinə hər kənddən bir neçə nəfər namizəd irəli sürüldü. Rayondan gələn rəhbərlər namizədlərə bir qəzet veriblər ki, bunu kim üzündən oxuya bilər? Qəzeti yalnız atam Abasqulu kişi çox səlif formada oxuyub. Sonra da oxuduqlarını səlis formada da danışıb. Məhz buna görə də onu seçicilərin səsvrməsinə buraxıblar. O, səs çoxluğu ilə birləşmiş kolxolardan yaranmış Andreyev adına kolxozun sədri seçilib. Güllütəpə kəndi də ortada olduğuna görə mərkəz olub. Yeni yaradılmış kolxoza kəndlilərdən könüllü olaraq inəklər, camışlar, qoyunlar, kəllər və atlar yığılıb. Yeni fermaların tikintisinə başlanılıb. Hər kənndə fermalar tikilməyə başlayıblar. Hər kəndə ferma müdirləri təyin ediblər. 1954 cü ildə Güllütəpə kəndində yerli materialdan qırmızı kərpic kürələri tikilmişdi. Ona görə də bu materialdan 40 metr üzunluğunda idarə binası tikilərək və qısa müddətdə təmir edilərək istifadəyə vrilib. Burada rəhbər otağı, mühasiblərin otaqları, digər mütəxəssislər otağı, kitabxana, klub vardı. Həmin kluba tez-tez rayon mərkəzindən və başqa yerlərdən musqiçilər, müğənnilər və aktyorlar gəlirdi. Hətta Bakıdan Milli Akademik Dram Teatrı kollektivi 1958- ci ildə kəndimizə gəlib, həmin klubda Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını göstərmişdirlər. O vaxtı belə kollektivlər gələndə bu kəndlərdə əsl bayram olurdu. O vaxtlar torpaqlar şumlanırdı və əsasən tütün, buğda , arpa, noxud, mərci, çəltik bitkiləri əkilirdi. I956-ildən Zuvandlı kəndindən Güllütəpəyə qədər, Güllütəpədən rayon mərkəzinə getmək üçün Köhnə Alvadı kəndinə qədər yol çəkildi. Onu da qeyd edim ki, Zuvandlıdan Yolağacı kəndinə qədər yolu əl ilə çəkmişdilər. Bu da çox çətin iş idi. O vaxtı fermalar genişləndirildi, kənddə qonaq evi, uşaq baxcası və hamam tikildi. Bütün kənlər üzrə kənd arası yollar əsaslı təmir edilməyə başlanıldı. Texnika olmadığından bütün işlər əl ilə və kəl arabaları ilə icra olunurdu.
Əkinçilikdən yüsək məhsul əldə edildiyindən və maldarlıqda işlər yaxşı olduğundan əhalinin vəziyyəti çox yaxşı idi. İşçilərə əmək haqqı kimi verilən məhsulardan tələbatdan artıq qalanını onlar Masallı bazarında satıb pul əldə edirdilər. Ona görə də Masallı bazarına qonşu rayonlardan da çoxlu adamlar gəlib alver edirdilər. Çünki o vaxtı bu bazarda hər şey çox ucuz idi. Desəm ki, həmin vaxtı insanlar kommunizimdə yaşayırdılar, buna inanın...
1961-ci ildə göstərişə əsasən Güllütəpə kolxozu qonşu Yeyənkənd kolxozuna birləşdirildi. Atamın ali təhsili olmadığı üçün birləşmiş kolxoza rayon maarif şöbəsinin müdiri işləmiş Ağababa Adgözəlov kolxoz sədri təyin oldu. Atam isə müavin oldu. Bu birləşmə effet vermədiyi üçün 1964-cü il oktyabar ayında kolxozlar ləğv edilərək, Güllütəpədə Səməd Vurğun adına sovxoz yaradıldı. O vaxtı atamın 65 yaşı vardı. Ona görə də pesiyaya çıxdı. Baxmayaraq ki, o, vəzifədən çıxmışdı, amma yadımdadır ki, həmin bölgənin ağsaqqalı sayılırdı və bütün xeyirdə, şərdə başda olurdu. Atam Abbasqulu kişi baxmaraq ki, 1985-ci ildə haqq dünyasına qovuşdu, amma bu gün də o bölgədə onun adı həmişə yüksək səviyyədə çəkilir. Hamı ona rəhmət deyir. Sizə bir fikiri səmimi etiraf eləyim. Son vaxtlar atamı tez-tez yadıma salıram. Və həmişə də beynimdən bu sözlər keçir: “Belə deyirlər ki, göydəki ulduzlar haqq dünyalarına qovuşan insanlardır. Sən mənim göydəki ən parlaq ulduzumsan ata. Ömrüm boyu sənin qoyduğun yolu getmişəm və həmişə də sənin kimi böyük ürəkli olmağa, hamıya kömək etməyə çalışmışam. Bilmirəm bacarmışam ya yox, amma ən əsası odur ki, səni həmişə çox sevmişəm. Sevirəm...”. ( Məmmədəli kövrəldi. Bir qədər susdu və sonra bu sözləri dedi.) Bax, mən belə bir insandan tərbiyə aldığıma görə həyatım boyu həmişə çalışmışam ki, onun adını uca edəm. Ata, övladların söykəndiyi ən uca dağdır.
-Üzünüzə demək olmasın. Bu gün də Masalılıda sizin atanız haqqında hamı xoş sözlər danışır. Elə Masallıdan Zuvandlıya qədər olan iyirmi kilometrdən çox yolun məhz sizin atanız Abbasqulu kişi tərəfindən çəkilməsini Masallıda kim unuda bilər? Məmmədəli müəllim istəyirəm ki, öz həytınızın da qısa tarixçəsini elə özünüzdən eşidək.
-13 sentyabr 1950-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşam. Güllütəpə kənd 8-illik məktəbini bitirib, Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirmişəm. Burada oxumaq çox maraqlı idi. Yadınızdadırsa həmin il rayonun kəndlərindən 9-cu sinfdə oxumağa 175 nəfər uşaq gəlmişdi. Beş 9-cü sinif vardı. Məktəb üzrə hər sinifin divar qəzeti olurdu. Bizim sinfin “Bahar” adlı divar qəzetini bu gün respublikanın tanınmış jurnalisti, yazıçısı, rejissoru, Əməkdar incəsənət xadimi siz Ağalar İdrisoğlu ilə mən ikimiz buraxırdıq. Məktəbdə təhsilə çox ciddi nəzarət vardı. Ona görə də hamı yaxşı oxumağa çalışırdı. Məktəbin direktoru Şəfiqə müəllimə Abdullayeva çox tələbkar idi. Yaxşı müəllimlərimiz də çox idi. Unudulmaz müəllimlərimiz İsa, Arif, Rza, Mirnuf, Əlihüseyn, Nurulla və Adəm müəllimləri heç vaxt unutmuram. Bizim yolumuz uzaq olduğu üçün məktəbin internatında ( yataqxanada) qalırdıq. Burada ərzaqla əlaqədar çox çətinliklərimiz olurdu. Buna baxmayaraq yaxşı oxuyurduq.
1967 - ci ildə həmin məktəbin 10 - cu sinifini bitirdim. Sənədlərimi Xalq Təsərrüfatı İnstitutuna verdim və “Uçot iqtisadiyyat” - fakultəsinə qəbul oldum. Onu da qeyd edim ki, həmin vaxtı Masallı Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbi bitirən şagirdlərin 90 faizi ali və orta ixtisas məktəblərinə qəbul oldular. Tələbəçilik illərində İnstitutun içtimai işlərində aktiv iştirak etmişəm. Fakültənin “İqtisadçı” divar qəzetinin redaktoru olmuşam. Eyni zamanda institut üzrə yeganə “CANCAQ” satirik divar qəzetini mənim iştirakımla çıxarırdıq. İki il İnstitutun 2 nömrəli tələbə yataqxanasının tələbə şurasının sədri olmuşam. O vaxtı Bakıda tələbə yataqxanaları arasında keçirilən yoxlamaların nəticələrinə görə mənə qızıl saat mükafatı verildi. Aktiv tələbə olduğum üçün məni hər yay tətilində İnstitutun Quba rayonu Nügədi kəndindəki İdman düşərgəsinə bir aylıq istirahətə göndərirdilər. Orada olduğum illər də əbədilik yaddaşımdadır…
Mənim bu gün ali məktəbdə təhsil alan cavanlara ağsaqqal kimi belə bir məsləhətim var. Bu məsləhəti həmişə uşaqlarıma da ali təhsil alanda dönə-dönə demişəm: “ Həyatda çalışın ki, başqalarının ssenarilərilə, məsləhətləri ilə yaşamayın. Həyatınızın ssenarisini özünüz yazın. Onda həyat və yaşamaq, məqsədlərə çatmaq daha gözəl, daha asan olur”.
-İlk əmək fəaliyyətiniz hansı təsərrüfatda başlayıb? Orada gördüyünüz maraqlı işlər haqqında oxuculara məlumat verə bilərsinizmi?
- Əlbəttə, Mən 1972 ci ildə İnstitutu bitirib “İqtisadçı” ixtisasına yiyələndim. Məni təyinatla Astara rayonu Meşə Təsərrüfatı İdarəsinə baş mühasib vəzifəsinə göndərdilər. Qısa müddətdə yeni işimə öyrəşdim. Hətta az bir vaxtda idarənin III-rübünün hesabatını hazılayıb Meşə Təsərrüfat Nazirliyinə təqdim etdim. 1972 - ci ilin noyabr ayında mənə Astara rayon Hərbi Komissarlığından “povestka” gəldi. Noyabrın 7 də hərbi xidmətə getdim. Qazaxıstanın Taldı Kurqan vilayətində olduq. Hərbi xidmətim çox maraqlı keçdi. Yazı-pozu işlərini, şəkil çəkməyi yaxşı bildiyim üçün məndən yalnız belə işlərdə istifadə edirdilər. Günüm “Lenkomnata” adlanan otaqda keçirdi. 1973- cü ilin 7 noyabrda məni hərbi xidmətdən tərxis etdilər. 1974-cü ilin aprel ayında məni Masallı rayonu Yeyənkənd kəndindəki “Odessa” sovxozuna baş iqtisadçı vəzifəsinə işə götürdülər. Odessa sovxozu rayonda ən kiçik sovxolardan biri idi. Ona görə də çətiliyim olmurdu. Sovxozda 4 tərəvəzçilik, 1 yemçilik və 1 heyvandarlıq briqadası vardı. Həmişə düşünürdüm necə etmək olar ki, işçilər daha yüksək əmək haqqı alsınlar. Briqada mühasiblərindən biri mənə dedi ki, briqadalarda 18- 20 adam işləyir 30 adama əmək haqqı yazırlar. İşləməyənlərə əmək haqqı yazmağı dayandıraq. 3-4 həftə briqadalarda işə davamiyyəti yoxlayıb artıq adamları müəyyən edib 80 faizini işdən azad etdirdik. Qalan 20 faiz briqadalarda əlavə xərcləri ödəmək üçün saxlanıldı. 1976-cı ilin əvvəlində rayonda ilin yekunlarına görə kənd təsərrüfat müşavirəsi keçirilirdi. İllik hesabatı məruzə edən raykomun birinci katibi Ələddin Həsənov idi. O hesabatda belə bir ifadə işlətdi: “ Hesabat ilində “Odessa” sovxozunda bir fəhləyə düşən əmək haqqı digər sovxozdakılardan çox yüksəkdir. Bu necə olur. Sovxozun iqtisadçısını qəbuluma dəvət edin”. İki gündən sonra birinci katib məni qəbul etdi. Mən hər şeyi ona izah etdim. O, məndən razılıq edərək belə sual verdi: “Digər sovxozlarda fəhlələrin əmək haqılarını necə qaldırmaq olar?” Həmin vaxtı sovxoz fəhlələrinə əmək haqqı işəmuzd qaydada normativ əsasında hesablanıb verilirdi. Mən dedim ki, “rayon ərazisində tətbiq olunan normativləri yerli şəraitə uyğun yenidən hazırlayıb tətbiq etmək olar. Bunun üçün Kənd Təsərrüfat Nazirliyinin əmək haqqı şöbəsinin mütəxəssislərinin cəlb edilməsi lazımdır”. Həmin vaxtı Ələddin Həsənov Nazirlyə zəng edərək lazım olan mütəxəssisləri rayona gətizdirdi. Rayonun sovxozlarında xronometraj yolu ilə bir neçə normativlərdə dəyişiklik edildi. Bu da nəticə etibarı ilə fəhlələrin əmək haqqılarının orta hesabla 25 faiz artımına səbəb oldu.
Bundan sonra rayon rəhbəri məni partiyaya keçirtdi. Sonra isə məni Rayon Kənd Təsərrüfatı idarəsinə işə götürdülər. 1996-cı ilə qədər bu idarədə şöbə müdiri, şöbə rəsi, rəisin müavini və idarə rəisi vəzifələrində işlədim. Bu illərdə də rayonun kolxoz və sovxozlarında çalışan işçilərin maddi rifah halının, əmək haqqının artırılması üçün mütərəqqi metodların tətbiqinə çalışmışam.
1992-ci ildə məni Respublika Kənd Təsərrufat Nazirliyində yaradlmış iqtisadi komissiyaya üzv qəbul etdilər. Respublika üzrə 12 nəfər komissiya üzvü idik. İşimiz müstəqil Azərbaycan Dövlətinin kənd təsərrüfatına aid olan qanunların hazırlanaraq, təsdiq olunmaq üçün Milli Məclisin iqtisadi komissiyasına təqdim etmək idi. Biz komissiya üzvləri məhz bu qanunların hazırlanmasında iştirak etmişik: “Aqrar islahat haqqında AR Qanunu”, “Sovxoz və Kolxozların islahatı Haqqında AR Qanunu”, “Torpaq icarəsi haqqında AR Qanunu” və “Sovxoz və kolxoz əmlakının əmlak payçıları arasında bölüşdürülməsi” qaydaları.
Mən 1996-cı ilin oktyabr ayında Masallı Rayon İcra Hakimiyyətində Aqrar şöbədə işə qəbul olundum. Həmin dövrdə sovxozlar, kolxozlar ləğv edilərək “Yerli Aqrar İslahat Komissiyaları” yaradılmışd. Torpaqlar fermer təsərrüfatları yaratmaq yolu ilə əhali qruplarına verilirdi. Mən burada bir səmimi fikir deyim. Həmin vaxtı torpaqlar verilərkən səhvlərə yol verilirdi. Verilən torpaqların keyfiyyət qrupu və torpaq norması nəzərə alınmırdı. Torpaq norması müəyyənləşdirilməmişdi. O vaxtı buraxılan səhvlər bəzi yerlərdə indi də problem və narazılıqlar yaradır.
Kənd Təsərrüfat Nazirliyinin İqtisadi komissiyasında öyrəndiklərim bu vaxt çox karıma gəldi. Sovxoz və Kolxozlarda əmlakların qiymətləndirilərək payçılara verilməsi üçün lazım olan bütün işləri Masallı rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsi ilə (şöbə müdiri İsa Nuriyev idi) birlikdə hazırladıq. Bütün təsərrüfatlar üzrə ayrıca hesablamalar apararaq. hər min manat əmək haqqına düşən əmlak payını müəyyənləşdirdik. Təsərrüfatlarda işləmiş bütün işçilərin əmək haqqıları toplanaraq kitablara işlənildi. Texnikalar, tikili və binalar təsərrüfatda mövcud olan bütün əmlaklar yenidən qiymətləndirilib köhnəlmə məbləğ çıxıldıqdan sonra payçılara natura və dəyər ifadəsində verilməyə hazırlandı.
Rayon İcra Hakimiyyətinin İslahat Komissiyasının qərarı ilə bütün təsərrüfatlar üzrə möcüd əmlaklar əmlak payçılarına qazandıqları əmək haqqına uyğun olaraq paylanmağa başlanıldı. Bu işlərdə də aktiv iştirak etmişəm.
-Həmin vaxtı torpaqlar camaata verildi, amma adamlar bu torpaqdan necə istifadə etməyi bilmirdilər. O vaxtı onlarla bağlı hansı işlər görüldü?
-Bəli düz deyirsən. O vaxtı rayonlarda Kənd Təsərrüfat idarələri ləğv edilmişdi. Regional idarələr fəaliyyət göstərirdi. Ona görə də yerlərdə torpaq mülkiyyətçilərinə məsləhət və müvafiq informasiyalarin verilməsi çətinləşmişdi.
Həmin vaxtı Masallı rayonunda Dünya bankının maliyyələşdirdiyi “Masallı Regional Məsləhət Mərkəzi” fəaliyyətə başladı. Bu təşkilata qəbul müsabiqə yolu ilə aparılırdı. Mən Masallı rayon İcra Hakimyyətindən öz xahişimlə işdən azad olub bu təşkilata sənədlərimi təqdim etdim. Bu təşkilat Masallı rayonu mərkəz olmaqla Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonlarını özündə birləşdirirdi. Müsabiqədə iştirak etmək üçün region üzrə 120 nəfər sənəd vermişdi. Qəbul norması isə 30 nəfər idi. Bir ay bizə dərs keçdilər. Sonra isə imtahan verdik və 30 nəfər işə qəbul oldu. Mən yükək bal toplayaraq təşkilatda “Aqrar məsləhətçi” işinə qəbul oldum. Masallı rayonuna 7 işçi ayrılmışdı. Xidməti vəzifəmiz hər məsləhətçiyə təhkim edilmiş kəndlərdəki torpaq mülkiyyətçilərinə yüksək və keyfiyyətli məhsul istehsal etmək üçün inkişaf etmiş dövlətlərin təcürbəsini praktiki yolla mənimsətmək idi. Səkkiz il bu sahədə torpaq mülkiyyətçilərinə heyvandarlıq və bitkiçilik sahəsində məşğul olanlara məsləhət və lazımi informasiyalar verdik. Nəticə göz qabağında idi. Heyvandarlıq və bitkiçilik üzrə yüksək məhsuldarlıq əldə edilirdi. Xüsusilə kartofçuluqda və cavan mal-qara kökəlməsi üzrə rekord nəticələr əldə edildi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu işdə mənim xidmətlərim çox olub.
-Sonra siz bu işi dayandırıb, 1999-cu ildə yaraılan Bələdiyyəyə üzv seçilmək üçün namizədliyinizi verdiniz. Özü də 2009-cu ildə. Yəni bələdiyyələr birləşən vaxtı. Və seçki yolu ilə bələdiyyəyə seçildiniz. Axı əvvəlki iş yerində işləriniz yaxşı gedirdi. Bəs niyə bələdiyyə sisteminə gəldiniz?
-Bu yeni yaranan qurum məni çox cəlb elədi və fikirləşdim ki, bu sahədə Masallıya daha çox xeyir verə bilərəm. Beləliklə, 2009-cu ildə Masallı rayonu üzrə 106 bələdiyyə birləşərək 36 bələdiyyə yarandı. Mən də fikirləşdim ki, cəmi 36 bələdiyyə olacaq və burada daha çox işlər görmək mümkündür. Ona görə də bələdiyyə seçkilərinə namizədliyimi verdim və üzv seçildim. Məni 2010-cu ildə Güllütəpə bələdiyyəsinə sədr seçdilər. Fikirləşdim ki, bir vaxtlar atamın başladığı işi daha yaxşı və uğurla davam etdirə bilərəm. Həmin vaxtı pessimist olsa da belə sözlər yazmışdım: “Ata. Sənsiz darıxıram və sonsuz bir istəklə gözləyirəm ki, bəlkə bir gün gələcəksən və sənin başladığın işləri mən necə davam etdirdiyimi görəcəksən. Mənə məsləhətlər verəcəksən ki, necə uğurlu işlər görüm.” Beləliklə, atamın işlərini davam etdirmək üçün yaşadığım ərazidə abadlıq- quruculuq işləri görmək üçün əlimə yaxşı fürsət düşmüşdü. İlk işim ərazidə təmizlik yaratmaq, məişət tullantılarını küçələrdən yığışdırmaq və kəndləri təmiz saxlamaq üçün müvafiq tədbirlər görmək oldu. Məktəb yaşlı uşaqlardan tutmuş bütün əhali qrupları ilə görüşlərim olurdu. Ərazidəki təmizlik işlərinə xeyli nail olduq.
2011- ci ildə daha çox işlər gördük. Bir çox işlərin bünövrəsi qoyuldu. Güllütəpə kəndi ilə Əmirtürbə kənləri arasındakı çayın üstündəki körpü yararsız vəziyyətə düşmüşdü. Sel-su körpünü dağıtmışdı. Bu barədə rayonun rəhbəri hörmətli Qəzənfər Ağayevə müraciət etdik. Rəhbərlik Nəqliyyat Nazirliyinə məktub köndərdi. 2011-ci ilin aprel ayında Azəryolun körpütikənləri 10 gün ərzində müasir səviyyəli körpü tikib istifadəyə verdilər.
Hörmətli prezidentimiz cənab İlham Əliyevin ölkənin ən ucqar kəndlərinə olan qayğısı nəticəsində 2012-ci ildə rayonun rəhbəri Qəzənfər Ağayevin köməkliyi ilə Köhnə Alvadı-Güllütəpə kəndləri arasında asvalt yol çəkildi. Kəndarası yollarda Bələdiyyə tərəfindən cari təmir işləri aparıldı. Eyni zamanda Tatyanoba kəndindən Yolağac kəndinə gedən yolun 4 km hissəsini əsaslı təmir etdik.
2013-cü ildə “Azərbaycan Kənd İnvestisiya Layihəsi” Cənub bölgəsində fəaliyyətə başladı. Təşkilatın ilk işi Güllütəpə kəndində icma yaradaraq kəndin 5 kilometr məhəllədaxili yollarını onların köməkliyi ilə əsaslı təmir etdik. Sonra Tatyanoba, Əmirtürbə, Yeni Zuvand və Yolağac kəndlərinin daxili yolları əsaslı təmir edildi. Sonra da Kənd İnvestisiya layihəsinin gücü ilə Güllütəpə, Əmirtürbə və Yeni Zuvand kənd qəbrəstanlığlarının ətrafı müasir üsulla çəpər edildi.
“Azərbaycan Kənd İnvestisiya Layihəsi” tərəfindən ilk “Klaster” layihə icra edildi. Bu o deməkdir ki, Güllütəpə-Tatyanoba-Yolağac kəndləri arasındakı 8 kilometrlik yol əsaslı təmir edildi.
Güllütəpə kəndində demək olar ki, həkim məntəqəsi binası yox idi. Mən həmin vaxtı əslən İmişlidən olan ingilis dili müəllimi Füzuli Abıyevlə tanış oldum. Onun vasitəsi ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə uzun müddətli danışıqlardan sonra Yapon Dövləti Güllütəpə kəndində həkim məntəqəst tikilməsinə razılıq verdi. 192 kvm ölçüdə 5 otaqlı hər cür şəraiti olan həkim məntəqəsi tikilərək əhalinin istifadəsinə verildi.
2025-ci ildə bizim bələdiyyə ilə Köhnə Alvadı bələdiyyəsi birləşdirilib. Mən indu burada sədr müaviniyəm. Sədrimiz də çox təcrübəli insan İnqilab Mirzəyevdır. Çalışırıq ki, burada çox işlər görək və insanlarımız bizdən razı qalsın. Axı dünyanın ən aparıcı ölklərində ölkəni idarə edən bələdiyyədir. Bəs bizdə niyə belə olmasın? Biz də inanırıq ki, bələdiyyə sistemində dəyişikliklər olacaq və biz camaatımız üçün daha böyük işlər götəcəyik. Məşhur Franslz yazıçısı Andre Moruanın belə bir maraqlı kəlamı var: “Qocalıq özünün incə təcrübəsini unutmur və xeyirxah məsləhətlər verməyi sevir. Çünki qocalıq ömrün elə müdrik çağı, pik nöqtəsidir ki, artıq axmaq nümunələr göstərməyi bacarmır”. Beləliklə, mən də ömrümün bu mükrik, ahıl vaxtında həmin bölgə camaatı üçün əlimdən gələni etdim.
-Siz həm də Masallı rayon Ağsaqqallar Şurasının aparıcı üzvlərindən birisiniz. Belə ki, rayonun sayılıb-seçilən ağsaqqallarından sayılırsınız. Burada hansı işlər görürsünüz?
- Bəli. Mən 2010-cü ildən Masallı rayon Ağsaqqallar Şurasının üzvüyəm. Həm də bizim bölgədə Ağsaqqallar Şurasının səlahiyyətli nümayəndəsiyəm. Bu ad altında daha məsuliyyətli işlər görmək iqtidarındayam. Ərazidə az yaşlı gənclərin vaxtsız nigaha girməsi, lüzumsuz boşanmaların qarşısının alınması, yas mərasimlərində israfçılığa yol verilməsi, yaşadığımız ərazinin təmiz saxlanılması əsas məqsədimiz olib. Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf müllim Niftiyevin xüsusi göstərişlərinə əsasən RAŞ-nın Nizamnamə şərtləri əsasında hazırlanmış tədbirlər planına üyğun yerdəki işləri uğurla həyata keçiririk. Belə ki, boşanmaların sayı minimuma enib, az yaşlıların nigaha girməsi qeydə alınmayıb, yas mərasimləri də tədricən qaydaya düşməkdədir. Bundan başqa ağsaqqal kimi ən vacib işlərimizdən biri də ətraf mühitin və torpaq örtüyünün mühafizə olunmasnı və onun qorunmasının təşkil ediməsidir. Bu barədə əhali qrupları arasında daimi maariləndirmə işləri aparılır.
-Masallı əsasən kənd təsərrüfatı rayonudur. Burada kənd təsərrüfatını daha yaxşı inkişaf etdirmək və işsizlik problemini aradan qaldırmaq üçün əsasən hansı işlər görülməlidir?
-Son vaxtlar Masallıya cənab Araz Süleyman oğlu Əhmədov kimi bir ziyalı və yüksək təşkilatçı insan rəhbərlik edir. O, uzun illərdir ki, dövlətçilik, dövlət təhlükəsiziliyi sistemində çalışıb. Özü də yaxşı çalışıb. Qarabağ müharibəsi işçirakçısıdır. General mayor rütbəsinə kimi yüksəlib. Masallıya rəhbərlik elədiyi gündən bu rayon üçün əlindən gələni edir. Onu da qeyd edim ki, Araz müəllim Masallıya gələndən rayonun kənd təsərrüfatında güclü inkişaf gedir. Bu rayonda təkcə kənd təsərrüfatını yox, həm də turizmi, sənayeni dirçəltməyə çalışır. Masallı həm də gözəl təbiəti olan bir məkandır. Deməli, burada turizmi yaxşı inkişaf etdirməklə bu rayona böyük maliyyə gəliri gətirmək olar. Eləcə də bu rayon Cənub bölgəsinin düz ortasında yerləşir. Qonşu rayonlarla da böyük əlaqə qurub, Masallıda daha böyük işlər görmək olar. Ən əsası isə Masallı camaatı İcra Hakimyyəti başçısı cənab Araz Əhmədova çox inanır. Rəhbərə inam ən vacib məsələdir. Deyirlər ki, “səbr- bir ömürlük xəzinədir”. Araz müəllim də çox səbrli insandır. Deməli, o, tezliklə bu rayon üçün çox işlər görəcək.
- Hər bir insanın əsl arxa-dayağı yaxın qohumları, övladlarıdır. Xahiş edirəm ən yaxın qohumlarınız, övladlarınız haqqında oxuculara məlumat verin.
- Bəli. Qohumlar, övladlar özü elə kiçik bir dövlət deməkdir. Hər şeyin- mehribançlığın, hörmətin, sevginin də başlanğıcı elə bu kiçik dövlətdən başlayır. İnsanlar bu kiçik dövlətdə mehribançılıq gördükdə, bu dövlətin başçısına, ağsaqqalına çox böyük hörmətlə yanaşırlar. Onun verdiyi məsləhətlərə həvəslə, sevgi ilə qulaq asırlar. Bu qanun da bizim ailədə bir vaxtlar atam tərəfindən qoyulub və bu gün də davam eləyir.
İki qardaşım var. Qardaşım Əlihüseyn kənddəki sovxozda Baş iqtisadçı, Sovxoz direktoru və uzun müddət bələdiyyə sədri olub. O biri qardaşım Əlisəfa isə çox igüzar olub. İndi kənddə ticarətlə yanaşı xeyriyyəçiliklə də məşğuldur.
Bir səmimi fikiri də deyim ki, bu vaxta qədər gördüyüm işlərdən tam razı qalmamışam. Amma həyatda bir şeydən həmişə razı qalmışam. Bu da övlad tərbiyəsidir. Böyük oğlum Rüfət Bakı Dövlət Universitetininin riyaziyyat fakültəsini bitirib müəllimdir. O biri oğlum Ramiz Bakıda Texniki Universiteti bitirib. Hazırda Masallı rayon İcra Hakimiyyətinin Yeyənkənd İnzibati ərazisi üzrə nümayəndə işləyir. Oğlum Sərraf Rusiyanın Sankt Peterburq şəhərində İqtisadiyyat Universitetini bitirib və orada işləyir. Kiçik oğlum Əkbər kiçik biznes və fermer təsərrüfatı ilə məşğuldur.
Qızım evdar xanımdır və dörd övlad böyüdüb.
Ümumilikdə, mənim beş övladım, on iki nəvəm və altı nəticəm var. Dahi Nəsirəddin Tusinin belə bir kəlamı var: “Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur”. Buna şüurlu yanaşan övladlardan valideynlər həmişə razı qalırlar. Dahi Səməd Vurğun deyib ki: “ Dünya bir evdirsə, övlad işıqdır. Oğul arxadırsa, qız yaraşıqdır”. Təki hər bir valideynin övladları onlar üçün işıq, arxa və yaraşıq olsunlar. Ailə adlı kiçik dövlətdə mehribançılıq yaxşı olanda, həmin insanların dövlətə də məhəbbəti çox olur. Bu insanlar Vətəni iman əsəri bilirlər.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)


