Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
“Dünyadan usanıb...”
***
Ürəyimi yaxan gizli dərdimi
Desəm öldürərlər, deməsəm ölləm.
Aşıq Qərib
Dünyadan usanıb doyandan sonra
Acsam öldürərlər, acmasam ölləm.
Sirrimi gizlində qoyandan sonra
Açsam öldürərlər, açmasam ölləm.
İçim öz-özümü alovlandırır,
Çölüm özgələri yaxıb-yandırır,
Hərə bir şey deyir, bir şey qandırır,
Qaçsam öldürərlər, qaçmasam ölləm.
Dost-düşmənim göz qoyurlar içəndə
Söz çıxarıb, car çəkirlər – içəndi!
(Dərd azalmır, qəm çilənir, iç indi!)
Bu toranda, bu dumanda, bu çəndə,
İçsəm öldürərlər, içməsəm ölləm.
Bir səs gəlir, haray gəlir içimdən,
Yüz ölçmüşəm, bir dəfə də biçim mən,
Qismət olsun, qıl körpüsün keçim mən,
Keçsəm öldürərlər, keçməsəm ölləm.
Cənnət deyib cəhənnəmi qurdular,
Bu yollarda yoruldular, yordular,
Uçanların qanadını qırdılar,
Uçsam öldürərlər, uçmasam ölləm.
Əcəl gəldi, növbə çatdı mənəmi?
Gözlə deyib, möhlət alım yenəmi?
Hələ qucmadığım gözəl Sənəmi,
Qucsam öldürərlər, qucmasam ölləm.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


