Dünya ədəbiyyatı – Xose Luis Rubio Featured

 

Təranə Turan Rəhimli, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünya ədəbiyyatı rubrikasında ispan şair Xose Luis Rubionun tərcümeyi halını və 2 şeirini tərcümə edərək oxuculara təqdim edirəm. Əminəm ki, bu məşhur ispan şairi ilə tanışlıq hamının ürəyincə olacaq.

 

"Həyat hekayəmi danışmaq asandır. 74 il əvvəl Kadisdə (İspaniya) anadan olmuşam. Uşaqlığım orada dənizi qoxlamaqla keçdi, oxudum, öz biliyimi başqalarına öyrətmək üçün müəllim oldum. Bir müddət əvvəl isə yazı "həbsxanası"na girdim, hələ də orada dustağam.

Bu söz həbsxanasının rəflərini bəzəyən müxtəlif kitablarda toplanmış minlərlə misralar yazmışam. Otuz ildən çoxdur ki, Konildə yaşayıram, həm də yenə dəniz qoxusu ilə. Rəflərimdə hələ də kiminsə oxuyacağını bilmədiyim çoxlu kitablar saxlayıram. Şeirlərdən başqa boşluqlarımı başqa gözəlliklər də doldurdu: qeyri-adi flamenko musiqisi və özümü jurnalist kimi hiss etdiyim radio, bu peşə ilə  daim məşğul olmaq istərdim.

Bir neçə mükafat almışam, amma ən böyük zövqüm “Azahar” poeziya jurnalı ilə bütün dünyaya poeziya səslərini yaymaqdır. Bu, misralar və flamenko ilə hazırlanmış həyat hekayəmdir.

 

 

DƏYİŞƏK

 

Sülh içində yaşamaq istəyirsizsə

silahları çaya atın.

 

Uşağınıza oynamağı öyrətməyin

qılınc və ya tüfənglə.

Ona gül əkmək öyrədin

Bir də insanlarla danışmağı.

 

Müharibə mərhəmətsiz

öldürücü bir oyundur,

qoy içində biz olmayaq.

 

Tankları kitablarla dəyişək,

bıçaqları qələmlərlə,

bombaları şeirlərlə.

 

Güllələri əvəz edək

zərif fırçalarla,

 ya da rəngli karandaşlarla.

Və çiçəkli çöllər çəkək,

ya da rəngarəng balıqlarla dolu

sakit dənizlər.

 

Gəlin səmanı dolduraq

ağappaq göyərçinlərlə

və əbədi sülh içində yaşayaq.

 

Bəlkə bu bir illüziya, ya yuxudur,

amma xəyal etmək istəyirəm

o sülh göyərçinlərinin

dünyanın hər ölkəsinə sığınacağını.

 

RƏNGLƏRİN RİTMİ

 

Rənğlərin səsləri varmı?

Əgər varsa, necədir?

Hamısının səsi eynimi?

Qırmızı mavi ilə eyni səsə sahibmi?

O səsi eşidə bilirsinizsə

bunun səbəbi hər rəngin öz içində daşıdığı sehri duya bilməmizdir.

 

Rəsimlərin arasında özünü tapmısansa,

qarşısında bir neçə dəqiqə dayanırsanız,

Rənglər sizə səs mesajları ötürür.

 

Dur!

Səsi eşidirsənmi?

Qırmızı səni çağırır

Mavi nəsə pıçıldayır.

Yaşıl yavaşca nəsə danışır.

Sarı sığal çəkir,

Narıncı kpks ötürür,

Qara qorxudur.

 

Və hamısı birlikdə

sənə kətan üzərində

Yaratdığı hekayəni anladır.

 

İndi rənglərin səsini eşidirsənmi?

Musiqini sevirsənmi?

Onların səsindən bir həyəcan duyursanmı?

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.