“Maraqlı söhbətlər”də ermənilərin öldürdüyü xeyriyyəçi Yusif ağa Dadaşov Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu günkü Maraqlı söhbətlərfə xalqın maariflənməsinə, qızların təhsil almasına vəsait ayıran, ermənilər tərəfindən öldürülən xeyriyyəçi Yusif ağa Dadaşov (1870-1918) barədə danışacağıq.

 

Gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və "Qızlar məktəbi"nə) sərf edilirdi. Bakı quberniyasının müsəlmanları arasında maarifin yayılmasına çalışan "Nəşri-Maarif" cəmiyyətinin ömürlük fəxri üzvü olub. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli vəsait sərf edib. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edib. Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918-ci il martında vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O, bu işə bütün ətrafını səfərbər edir. Rus qoşunları Bakını əhatə etdiyindən şəhərdə xüsusi vəziyyət yaranmışdı. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi.

1918-ci ilin 26 martında növbəti dəfə Zirə kəndinə silah ardıyca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedir, silahları qəbul edir, silahları arabalara yüklətdirib geri qayıdarkən S.Lalayanın quldur dəstəsi ilə qarşılaşır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edir. Dadaşov isə öz növbəsində deyir ki: Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz". Bu cavabdan sonra hiddətlənən daşnaklar onu işgəncə ilə doğrayaraq öldürürlər. Öldürülərkən hərbi geyimdə olur, üzərində olan üstü brilyant, almaz və yaqutla süslənmiş saysız-hesabsız orden-medallar da beləcə yoxa çıxır. Məzarının yeri bilinmir. Nəslin yaşlıları onun meyitinin mart qırğınlarında öldürülən insanlarla birgə toplu məzarlıqlarda dəfn olunduğunu ehtimal edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.