Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Bu roman bir təşəkkür deyil, bir hiss borcudur…”
Sumqayıtda gənc yazar Rəşad Atillanın yeni romanının təqdimat mərasimi keçirilib. Tədbir ədəbiyyat, elm və təhsil ictimaiyyətinin nümayəndələrini, eləcə də gənc yazıçının dostlarını və ailə üzvlərini bir araya gətirib.
Cəmi 16 yaşı olmasına baxmayaraq, Rəşad Qasımzadə (ədəbi təxəllüsü Rəşad Atilla) artıq iki romanın müəllifidir. Onun yeni əsəri – “Qurban oyunu” insan ruhunun sükut və qurbanlıq arasındakı mübarizəsini, sevgi, inam və kimlik axtarışlarını bədii dillə əks etdirir.
Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri iştirak ediblər
Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, yazıçı və filologiya elmləri doktoru, professor Zahid Xəlil, Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu, yazıçı, şərqşünas Əli Rzazadə, AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev çıxış ediblər.
Hər biri gənc yazıçının yaradıcılıq potensialını, bədii duyumunu və ədəbiyyata olan səmimi münasibətini yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə həmçinin Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin professor-müəllim heyəti, 3 saylı orta məktəbin kollektivi, Rəşadın ilk müəllimi Leyla Nəsirova, LEVEL ACADEMY və RT ACADEMY rəhbərləri də iştirak edərək gənc istedada öz dəstək və arzularını bildiriblər.
“Bu roman bir təşəkkür deyil, bir hiss borcudur…”
Rəşad Atilla təqdimat zamanı çıxış edərək “Qurban oyunu”nun yaranma tarixindən danışıb:
“Bəzən bir baxış, bir fikir, bir səssiz təşviq illərlə susan bir hekayəni oyada bilər. Bu əsər – bir təşəkkür deyil, bir hiss borcudur. Qəlbimdə açılan qapının arxasında gizlənən bütün səslərə və sükutlara həsr olunub.”
Gənc yazar qeyd edib ki, bu roman bir hekayədən çox bir sualdır – “İnsan gerçək kimliyini öyrəndikdə, əvvəlki sevgisi və inandığı həqiqətlər nə qədər dəyişir?”
Mərasim ədəbi-emosional notlarla yekunlaşıb. Qonaqlar Rəşad Atillanın yeni romanının gənclər arasında ədəbiyyata marağı artıracağına inandıqlarını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


		  	
														