Super User

Super User

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram..

Qolumdakı zəncirləri qıram, gərək, qıram, qıram...

 

Həyata gəlməkdə, bizə verilən bu ömrü yaşamaqda vəzifəmiz, öhtəliyimiz bir-birimizdən fərqlidir. Həyat amalımızın, düşüncələrimizin, hislərimizin də fərqli olduğu kimi. 

 

Sizin həyat amalınız nədir? 

Mənimki azadlıq. 

Necə bir azadlıq deyə soruşsanız bənzətmə edib tərif edə bilmərəm. Çünki mənim təsəvvürümdə azadlıq hansısa sərhədlərlə təsvir edilə bilməz. 

Kiçik yaşlardan etibarən dinindən, dilindən asılı olmayaraq hər bir insan müəyyən qanunlarla böyüdülür. Bunların bəziləri mənəvi, bəziləri əxlaqi, bəziləri isə keyfi dəyərlər əsasında müəyyənləşdirilir. Bəs yaxşı, sizcə həqiqətən əxlaqın, mənəviyyatın bir norması var? 

Düşünürəm ki, bu sualın cavabları sualı verilən məkana, milliyyyətə, cinsiyyətə görə dəyişəcək. Nəinki milliyyət, eyni evdə böyüyən bacı ilə qardaşın belə cavabı fərqlənə bilər.

Yenilikcə bir serial çıxmışdı, "Vətəndaş A". Cəfər Cabbarlının Almaz əsəri əsasında çəkilən bu serialın son cümləsi də məhz "Azad olun!" İdi. Çünki azadlıqdan məhrum qalan xalqlar arasında elə bizim də xalqımız ilk sıralardadır. Məsələ milli azadlıqdan getmir. Mənəvi azadlıqdan gedir. Azadlıq sizə görə nədir? Mənə görə azadlıq "filankəs nə deyər?" demədən, ürəyindəki arzunun doğrusunu-səhvini düşünərək sadəcə özünə uyğun qərar verə bilməkdir. Bəs yaxşı, onda bizim neçəmiz tam azadıq? Çətin sual oldu biraz...

Düzdür, müasir dövrdə azadlıqla bağlı çox fərqli fikirlər var. Bir cümlə oxumuşdum, deyirdi ki, "azadlıq istədiyin hər şeyi etmək deyil, istəmədiyin heç nəyi etməməkdir". Əvvəlcə çox məntiqli gəlsə də, sonra düşündükcə əslində bunun da tam mənada azadlıq olmadığını gördüm. 

Yaxşı, belə izah edim. Ailəniz sizə deyir ki, filankəslə ailə qur, siz isə öz hüquqlarınızdan istifadə edərək, deyirsiniz ki, bu qərar mənimdir və mən bunu istəmirəm. Bu azadlıqdır? Yoxsa sizin haqqınız? Bildiyim qədəri ilə, kimisə nəyəsə məcbur etmək (söhbət təbii ki, xırda-xuruş məsələlərdən getmir) cinayət işinə qədər gedib çıxa bilir. Yəni bu tam olaraq sizin azadlığınız deyil, daha çox olmalı olandır. 

Bir də var ki, məsələn, universitet kodlaşdırması edəcəksiniz

və siz aktyor olmaq istəyirsiniz. Kənardan reaaksiyalar mənfidir, amma siz nə istədiyinizi bilirsiniz. Və seçim sizindir. Bəli, azas olmaq budur. Təhsil hüquqlarıyla yanaşı, öz qərarınızı özünüzün verməsidir azadlıq. İstər təhsil olshn, istər ailə olsjn, istər geyim olsun. Bir insanın daxili dünyasıdır onu azad edən. Və siz özünüzü "nə deyərlər?" Düşüncələrindən azad etmədikcə azad deyilsiniz. Sizin düşüncəniz bilirsiz nə olmalıdır? "Bu məni həqiqətən xoşbəxt edəcək?" , ya da "Bunun yararı və zərəri nələrdir?" Və beləcə siz özünüzlə barışacaq, özünüzə uyğun həyat qurmağa addım addım daha da yaxınlaşacaqsınız.

Mənim azadlığım nədir deyə soruşsanız, deyərəm ki, seçimlərimdir. Çünki mən seçə bildiyim qədər azadam. Və sizə bir sirr verim? Həyatımın demək olar 90% qərarını özüm seçmişəm. Hə, aralarında peşman olduqlarım da olub, xoşbəxt olduqlarım da. Amma mən geriyə dönüb baxdıqda deyə bilirəm ki, hə, mənim də şəxsi fikirlərim var. 

Yaşadığımız mentalitet buna uyğun olmaya bilər, sizi nəyəsə məcbur da edə bilərlər. Siz azad olmaq üçün bilirsiz nə etməlisiz? Öz haqlarınızı bilməlisiz. Məsələ təhsil deyil. Təhsili olan, olmayan hər kəs bir şəxsiyyət kimi öz hüquqlarını bilməli, gərəkdiyi yerdə, əgər hüquqları pozulursa lazımi qurumlara şikayət etməkdən çəkinməməli, cəmiyyət fikirlərini deyil, öz gələcəyini ön planda tutmağı bacarmalıdır. 

Sizin üçün arzum - unutmayın ki, siz bir şəxsiyyətsiniz və bu cəmiyyətdə hər kəs qədər sizin də söz və qərar hüququnuz var. Öz hüquqlarınızı bildiyiniz və onları qoruduğunuz qədər azadsınız.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Çərşənbə, 11 Dekabr 2024 13:36

Poeziyamızın Nəbi Xəzri zirvəsi

                                                                                        “Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göyüşün 100 illiyini qeyd etdiyimiz Xalq şairi Nəbi Xəzri yaradıcılığına həsr edilmiş “Poeziyamızın Nəbi Xəzri zirvəsi” məqaləsini təqdim edir. 

 

                                                                                                Ədəbiyyatımızı zirvələrı ilə sıralanan Sıra Dağlara bənzətsək, bu sırada bir -birindən möhtəşəm dağ zirvələri tək sıralanan ədəbi dühaları görəcəksən. Həmin zirvələrdən biri də, heç şübhəsiz, adını Azərbaycanın poeziya tarixinə əbədi həkk etmiş, ədəbi xəzinəmizə misilsiz töhfələr vermiş, öz parlaq poeziya nümunələri, epik, dram və nəsr əsərləri, tərcümələri, publisistikası, ssenariləri ilə zənginləşdirmiş Nəbi Xəzri zirvəsidir. Həmin zirvəni Nəbi Xəzri özü belə tərənnüm edirdi:

                                             

Nəbiyəm bir dağam başı qarlıyam,

Demə zirvəndəki o duman nədir?

Bütün varlılardan daha varlıyam, 

Dövlətim məhəbbət, varım sevgidir...

 

Çoxşaxəli, rəngarəng, maraqlı və  bir-birindən fərql mövzularla zəngin əsərləri ilə səciyyələnən  Nəbi Xəzri yaradıcılığı hələ gənc yaşlarından istər oxucuların, istərsə də ədəbi ictimaiyyətin diqqətini  özünə cəlb etmişdi. Yaradıcılığa başladıqları ilk illərdən, o dövrdə poeziyaya yenicə qədəm qoyan gənc istedadlar- Əlağa Kürçaylı, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və onlarca digər gənc istedad kimi Nəbi Xəzrinin şeirləri  də gənc istedadların ən böyük himayəçisi Səməd Vurğunun diqqətindən yayınmamışdır. Nəbi Xəzri də Böyük şairin qayğısı ilə əhatə olunmuş, onun təkidi ilə həmin dövr üçün az təsadüf edilən, 20 yaşlı gənc ölkədə böyük nüfuza malik Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdi.

83 il ömür sürmüş, 65 ildən şox yradıcılıqü yolu keçmiş, öz istedadı, zəhməti, bacarığı və yüksək intellekti sayəsində  Azərbaycan Dövlət Televiziya Verilişləri Komitəsinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, Yazıçılar İttifaqının katibi, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinə sədri, "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti kimi yüksək dövləti və ictimai vəzifələr tutsa da, Respublika Lenin Komsomolu mükafatı,  SSRİ Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı, "Qırmızı əmək bayrağı" ordeni, “Lenin" ordeni, "Şöhrət" ordeni,"İstiqlal" ordeni kimi yüksək mükafatlar, "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycanın Xalq şairi" kimi fəxri adlar alsa da, bu şöhrət onun gözünü qamaşdırmamış, yaradıcılıq onun stixiyyası olmuş, yazıb yaratmaqdan usanmamış, Azərbaycan ədəbiyyatı 65 il ərzində onun ədəbi yaradıcılığı ilə müşayət olunmuş, ömrünün sonunadək böyük həvəs və çoşqu ilə yazıb yaratmışdır. 

Ömrünün erkən çağlarında 3 qardaşını və atasın  itirməsinə, çətin həyat şəraitinə, ailə-məişət problemlərinə baxmayaraq, Nəbi Xəzri yaradıcılığında bədbin notla köklənmiş nümunələr demək olar ki, yox dərəcəsindədir. Məhz Nəbi Xəzri yardıcılığını səciyyələndirən xüsusiyyətlərindən biri də onun əsərlərinin  pozitiv nota, şən əhval-ruhiyyəyə köklənməsidir.

Onun yaradıcılığı insanı məhəbbətə , sevgiyə, yaşamağa, yaratmağa səsləyir.

                                   

İstəsən yanına gələrəm sənin,

gələrəm dəniz kimi.

Üzünə incilər çilərəm sənin,

çilərəm dəniz kimi.

Yoluna şəfəqlər səpərəm sənin,

səpərəm dəniz kim.

İstəsən üzündən öpərəm sənin, 

öpərəm dəniz kim.

Adını qəlbimin sahillərinə,

yazaram dəniz kimi,

Sevmirəm söyləsən bir axşam mənə,

susaram dəniz kimi.

 

Vətən Sevgisi, Vətənə məhəbbət Nəbi Xəzri poeziyasının baş mövzusudur. O,Vətənimizin təbiətinə, gözəlliklərinə dağına- dərəsinə, dənizinə-çayına, baharına yayına, gülünə-çiçəyinə  çoxsaylı şeirlər həsr etmişdir. Bununla yanaşı Nəbi Xəzri də sənət ustadı Səməd Vurğun kimi ən gözəl şeirlərini anamız Azərbaycana həsr edib. Azərbaycan mövzusu Səməd Vurğundan sonra poeziyaya gəlmiş bütün şairlərin baş mövzusu olmuşdir və bu mənada  (Əslində hər kəsə məlumdur ki, “Azərbaycan” mözusunu ədəbiyyatımıza səməd Vurğun gətirmişdir və hələlik onun şeirindən güclü şeir yaranmamışdır.) Nəbi Xəzrinin “Azərbaycan”ı da bu mövzuya həsr edilmiş ən gözəl poeziya nümunələrindən biridir. Şeir musiqisiz nəğmə kimi səslənir və elə buna görə də həmin şeirə yazılan  və məşhur müğənnimiz, Xalq artisti Şövkət Ələkbərovanın ifasında belə gözəl səslənir.

 

Əgər ki, yıxılsam çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə Göy-Gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə həmişə sənsən gümanım

Canım, gözüm mənim Azərbaycanım.

 

Sən günəş, mən isə bir zərrə kimi,

Diriykən oğlunam, ölsəm torpağın.

Sən ki, döyündürdün mənim qəlbimi,

Sən uca çinarsan mənsə yarpağın.

Mənəm sənin özün, ey eşqim, canım,

Sənsən özüm mənim Azərbaycanım! 

 

Bu yazının girişində nümunə gərirdiyim bircə bənd şeir əslində Nəbi Xəzri yaradıcılığını bütünlüklə ifadə edir desəm düşünürəm ki, səhv etmiş olmaram.  Nəbi Xəzri çoxşaxəli yaradıcılığında nə yaratmışsa sevgi ilə, məhəbbətlə yaratmışdır. Elə buna görə də onun bütün yaradıcılığı lirika ilə müşayət olunur. Onun, həm poeziyasında,  həm nəsrində, həm də digər janrlarında bir lirizm vardır. 

 

Başımız üstündə zərli qanadlar,

Kəhraba çinarlar, qızıl palıdlar,

Belə yer dünyada deyin varmıdır,

Meşə pıçıldayır, bulaq danışır?

 

Günəşdən süzülən ulduzlarmıdır,

Ya kəhraba yanır, qızıl sayrışır,

Sirli bir qələmlə, söz yaza-yaza, 

Ağaclar zər səpir yollarımıza...

 

Elə ona görə də onun şeirləri həm də bəstəkarlarımızın diqqətini cəlb etmiş, şeirlərinə onlarca mahnı yazılmış və bu mahnıları ən məşhur müğənnilərimiz Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova , “Qaya” qrupu, Gülağa Məmmədov, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, Briliant Dadaşova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilmiş və həmin mahnılar musiqi xəzinəmizin qızıl fondunda saxlanılır. Və onlardan bircə nümunə;

 

İstəsən sükuta bürünsün cahan

heç nə yox,

Al məndən ömrümlə

əbədi qalan

o ani,

o ani

Görüşlərini...

 

 Mən həmişə bu qənaətdə olmuşam və yazılarımda bir neçə dəfə qeyd etmişəm ki, sözün qüdrəti o zaman ali məqama çatır ki, özü ilə qoşa işlənir, yerində oturur, söz sərraflarının  qüdrəti sayəsində öz məqamına yüksəlir. Elə ona görə də Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Bir hikmətli söz, bir mənalı ifadə, bir bənd şeir insanı yaşada bilər, xəstəni sağalda bilər, insanın həyatını dəyişə biər. Əksinə bir tikanlı söz, bir bənd kəsərli şeir insanı öldürə bilər. Nizamidən, Füzulidən üzü bəri çağdaş poeziyamıza qədər az-az şair tapılar ki, bu hikməti  öz yaradıcılıqlarında əks etdirməmiş olar. Bu mənada Nəbi Xəzri də istisna deyil və onun “söz”ün qüdrətinə həsr etdiyi şeirdən aşağıdakı nümunəni gətirmək istədim: 

 

       Əzəl başdan açarıdır sirrlərin,

        Öz gücünü ürəklərdən alar söz.

        Ümid verər, sevinc verər, qəm verər,

        Müşkül olan dərdə çarə qılar söz...

 

         Söz ucaldar bu cahanda insanı,

          Əzizləyər bu cahanda insanı.

          Vaxt olar ki, bircə anda insanı,

           Əlli ilin hörmətindən salar söz...

 

Anamız Azərbaycanın qeyri-adi bir bölgəsi olan Abşeron yarımadasının təbii landşaftı son dərəcə əsrarəngiz olduğu kimi, onun yaradıcılıq landşaftı da çox zəngindir. Nəbi Xəzrinin yaradıcılığı ilə tanış olduqca əmin olursan ki, Abşeronun əsrarəngiz təbii landşaftı sanki onun yaradıcılığına köçüb. Nəbi Xəzri həm şairdir, həm dramaturqdur, həm nasirdir, həm tərcüməçidir, həm publisistdir, həm ssenaristdir, həm də Abşeron üçün çox xarakterik yaradıcılıq sahəsi olan rəssam. Sadəcə  o, rəsmlərini sözlə çəkir.

 

                Su mavi,

                Göy mavi,

 

                Hava da səssiz.

                Gəmi maviliyə ağ inci düzür.

                Üfüqlə o qədər qovuşub dəniz,

                Gəmi sanırsan ki, göylərdə üzür.

 

Nəbi Xəzriyə görə Azərbaycan təkcə insanları ilə deyil, həm də Tanrının bu məmləkətə verdiyi əvəzsiz töhfələri ilə -göyləri, yerləri, havası, suyu, dənizi, küləyi, dağları, dərələri, meşələri, çinarları, qovaqları ilə gözəldir və o, əsərlərində bu gözəllikləri insanla vəhdətdə təqdim edir. O, öz sevgi və məhəbbətini də təbiətin varlıqları ilə üzvi surətdə birləşdirir. Bu baxımdan onun “Dəniz, göy, məhəbbət” şeiri son dərəcə maraqlı və cəlbedicidir. Dörd hissədən ibarət olan bu poeziya nümunəsində o qədər güclü bir harmoniya var ki, şairin poetik ustalığı qarşısında heyran qalmaya bilmirsən:

 

-Dənizi hədiyyə  verirəm sənə...

Mən dedim, sən baxdın, sən gülümsədin,

Göylərin şəfəqi düşdü üzünə,

-Mən isə göyləri verirəm – dedin.

 

 Dənizi verdim ki, sənə hədiyyə,

Gəldiyin sahilə gələsən bir də.

Məni görməyəndə o mənəm-deyə,

Mənimlə danışıb,  güləsən bir də.

 

Düşündüm,  ayrılıq gələndən bəri,

Sən mənim eşqimə çıraq olasan.

Onunçün verdinmi mənə göyləri,

Məndən göylər qədər uzaq olasan?:

 

Nəbi Xəzri poeziyasından söhbət açarkən onun çox sevdiyim “Söylə bəs hardaydın” şeirindən söz açmaya bilməzdim. Həmin şeirdən nümunələr gətirməmişdən öncə vurğulamaq istəyirəm ki, klassiklərimizdən üzü bəri, indiki dövrümüzə qədər əksər şairlər ən gözəl şeirlərini həm də geçikmiş məhəbbətlərinə həsr etmişlər. Dediklərimə misal olaraq bir neçə görkəmli şairimizin Hüseyn Arifin (“Ləzgi qızı”), Bəxtiyar Vahabzadənin (“Sən hardan biləsən”), Cabir Novruzun (“ Sən elə bir vaxtda rast gəldin mənə”), Tofiq Bayramın (“Ay gecikən məhəbbətim”), Nəriman Həsənzadənin (Nərdivan), Nüsrət Kəsəmənlinin (Sən demə təzədən sevmək olarmış”)  adlarını çəkməyi məqsədə uyğün saydım.  Bu şeirlərin hər bir fərdi olmaqla, həm də, ümumidir, məhəbbətin əbədiliyinin ifadəsidir. Hər birinin müəllifi görkəmli poeziya bahadırları olmaqla , yaratdıqları əsərlər də şedevrdir. Nəbi Xəzrinin yuxarıda adını çəkdiyim şeir kimi:

 

        Sən gəldin,

        Zülmətdən gün çıxdı birdən,

        Nə qədər ecazkar göründü cahan?

        Səni gözləmişdim ömrüm boyu mən,

        Söylə, bəs hardaydın sən bu vaxtacan?

        Keçib göy dərəni,

        yaşıl çəməni,

        Elə yaxın gəldin, elə uzaqdan!

         Bəlkə min il əvvəl görmüşdüm səni,

        Sərin su içəndə sən buz bulaqdan!

        Elə bil üzləşdim

        ilahi sirlə,

        Bu nə möcüzədir, bu nə heyrətdir?!

        Məhəbbət ölçülmür illə, əsrlə,

        Məhəbbət ölçüsü əbədiyyətdir...

 

Nəbi Xəzrinin yaradıcılığı haqqında böyük ədəbiyyat adamları-şairlər, tənqidçilər, tədqiqatçılar, müasirləri çeşidli məqalələr, yazılar, kitablar yazmışlar. Və təbii ki, bir kiçik yazı ilə Nəbi Xəzri yaradıcılığını, onun miqysını əhatə etmək mümkün deyildir. Bununla belə mənim təsəvvürümdə yaratdığı assosiasiya barədə fikirlərimi oxucularla bölüşmək iistədim. Heç şübhəsiz, öz yaradıcılığı,  ictimai fəaliyyəti və fərdi xüsusiyyətləri ilə xalqını tanıdan, ona şərəf və şöhrət gətirən yaradıcı ziyalılarımızdan və ictimai xadimlərimizdən biri də Nəbi Xəzridir. Mənim qənaətimcə Nəbi Xəzrinin çoxşaxəli yardıcılığı və geniş miqyaslı dövləti və ictimai fəaliyyəti nə qədər çox cəhətli olmasına baxmayaraq O, Azərbaycan Xalqının yaddaşında daha şox şair kimi qalacaqdır. Mən də bu yazıda onu bir şair kimi səciyyələndirməyə çalışdım. 

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.

 

 

Xan Sənəm

Əhər

 

I

Bu sevgi halımı çox dolandırır,

Bir öncül insana döndərir məni.

Vəhşicə maşının alır üstümə,

Yeni dünyalara göndərir məni.

 

Bu sevgi bitməyən bir həyəcandır,

Rəvamı içimdə sıxıb boğam mən?

Məryəm öz əsrində doğan İsaya,

Vaxtıdır indi bir bacı doğam mən.

 

Vaxtıdır dilimə silah bağlayam,

Qalxana çevirəm şeri, bitiyi.

Bütün tabloları düzüb yan-yana,

Gözümü qırpmadan çəkəm tətiyi.

 

Sarı saçlarımı sapand eyləyib,

Doğunun göbəyin atam batıya.

Köhnə düşüncəni qoşub tarixə,

Bütün muzeyləri qoyam xataya.

 

Bu sevgi halımı çox dolandırır,

Çəkir qanadsızca məni göylərə.

Səadət qoxuyur, azadlıq doğur,

Bu sevgi sığmayır, sığmayır yerə.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

 

“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə  Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.

 

Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.

Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.

1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu  işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. 

Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.

2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb. 

Səsi – sopranodur.

 

 Pedaqoji fəaliyyətinizdən bizə bəhs edərsinizmi?

 

G.Ə: Mən 17 ildən artıqdır ki Milli Konservatoriyanın müəllimiyəm. Artıq 4 ildən çoxdur ki, orda dosentəm. Bilirsiniz insanlar peşə seçəndə yerində olmalıdı. Yerində olanı var olmayanları var. Təsadüfi olanları var və düz üstünə düşənləri var ki, görürsən ki, bu əsl bu peşənin adamıdı. Tələbələrimiz bax bu formada olur. Ola bilər ki,  onun çox böyük səsi yoxdu ola bilər ki o məşhur bir müğənni olmayacaq amma o qədər gözəl bir insandır o qədər gözəl bir gənclərdir. Onları biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq. Biz ali təhsil müəsisələrində cəmiyyət üçün dəyərli insanlar yetişdiririk. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə sərilir ki düşünürsən ki vacib deyil o məşhur müğənni olsun. Qoy gözəl bir müəllim olsun, gözəl bir ailə başçısı, ailədə gözəl bir tərbiyyəçi, ana, yaxud gözəl bir mədəniyyət işçisi olsun. Bilirsiniz bütün bunlar cəmiyyətin xeyridi, cəmiyyətə lazım olan insanlardı. Bax bu cür yanaşmaq lazımdı tələbələrə. Onlarla dost olmaq lazımdı. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim də var. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə mən onlarla həyat dərsi keçirəm, söhbətlər edirəm. Qəzəllərlə, musiqi ilə, tam başqa bir sahə haqqında ayrca danışıram. Bütün bunlar gənclərin formalaşmasında çox müsbət təsirlərə malikdi, çox böyük dəyərli işlərdi. Həmişə bunu etməyə çalışıram.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, məşğələlərin başlanğıcında uğur barədə aforizmlər seçməsi verməyi məqsədyönlü hesab edirəm.

Beləliklə, növbəti 10 aforizm:

 

Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir.

U.Feder

 

Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram.

Q.Flober

 

İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar.

H.Ford

 

Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək.

K.Gebbel

 

İynəni tikməyi bacaran adama verirlər.

A.Hoffman

 

Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!

   C.Rumi

 

Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.

Xaqani

 

Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.

A.Kamyu

 

Qələbənin ilkin şərti cəsarətdir.

A.Kembell

 

Yalnız həyatın sirlərini bilən insanlar uğur  qazana bilər.

C.Kollenz

 

Düşünürəm ki, yadınızda yaxşı qalsın deyə bu gün üçün 10 aforizm bəsinizdir. Davamı da sabah olacaq.

 

Şəkildə: A. Kamyu


“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

 

Çərşənbə, 11 Dekabr 2024 16:06

“Qu quşu haqqında əfsanə” –PRİTÇA

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Ağalar İdrisoğlunun nəsr nümunələrinin dərcini davam etdirir. Növbədə “Qu quşu haqqında əfsanə” pritçasıdır.

 

Bir kəndə getmişdim. Çox qəribə adı vardı - Sonaabad. Kəndin adının mənası ilə maraqlandım. Qonaq qaldığım evin ağsaqqalı məni kəndin kənarındakı qəbiristanlığa gətirib, bir qəbri göstərdi. Qəbir daşının üstündə Qu quşunun şəkli yonulmuşdu. Və bu sözlər yazılmışdı: “Burada Su sonası Qu quşu dəfn olunub. Qoy bütün insanlar paklığı, təmizliyi, vüqarı, sadiqliyi ondan öyrənsinlər”...

 Mən sual dolu nəzərlə ağsaqqala baxdım...

 - Su sonasının, bax bu Qu quşunun şərəfinə qədim ağsaqqallarımız, ulu babalarımız kəndimizi Sonaabad adlandırıb, - deyə həmin ağsaqqal əvvəlcə mənə, sonra isə harasa uzaqlara baxıb nəyisə yadına saldı. Və mənə qəribə bir əhvalat, maraqlı rəvayət danışdı...

- Hə, ağrın alım, çox qədim zamanlarda, artıq tüfəngin “at oynatdığı” vaxtlarda ovçu gülləsinə tuş gələn, qanadından yaralanmış bir Qu quşu öz köçündən ayrılıb göydə müvazinətini saxlaya bilməyib, yerə dəyib tikə-parça olmamaq üçün çox çətinliklə bizim obanın Pənah adlı ağsaqqalının həyətinə qonub. Köçündən perik düşən həmin Qu quşu dəstənin ardınca yazıq-yazıq baxaraq əcaib-qəraib səslərlə qışqırıb, haray qoparıb. Yenidən qanad çalıb uçmaq, öz dəstəsinə çatmaq istəyib. Bacarmayıb. Tamam taqətdən düşən Qu quşu, halsız vəziyyətdə yerə uzanıb. Öz dilində səslər çıxararaq, şivən qoparıb, - deyə ağsaqqal söhbətinə ara verib, əlindəki qəlyanı kibrit çöpü ilə eşələyib, yenidən yandırdı və mənim ona maraqla qulaq asdığımı görüb söhbətinə davam elədi.

Bu əcaib-qəraib səsə evdən çıxan Pənah kişi, onun arvadı Gülsənəm qarı, uşaqları, gəlinləri, nəvələri həyətdə çapalayan, qənirsiz gözəlliyi olan, ağ, üstündə qızılı xalları parıldayan bu Su sonasına heyranlıqla tamaşa eləməyə başlayıblar. Pənah kişi Qu quşunun qanadından axan qanı görüb tez həyətə düşüb. Onun ardınca Gülsənəm qarı, sonra uşaqları, gəlinləri, nəvələri də həyətə düşüb, Qu quşuna yaxınlaşıblar. Qu quşu ona yaxınlaşan adamları gördükdə bir az da ucadan “vay-şivən” qoparıb, onları yaxına buraxmayıb. Pənah kişi Qu quşunun adamlardan qorxduğunu başa düşüb arvadının, uşaqlarının üstünə çımxırıb. Hamı təzədən eyvana çıxıb. Pənah kişi özü yavaşca Qu quşuna yaxınlaşıb. Can verən Qu quşunu kobud, qabarlı əllərilə sığallayıb. Qu quşu elə bil ki, xilaskarını gördüyündən sakitləşib...

Yaralı quş, başını onun yanında dizi üstə oturan və Sonanı mehribanlıqla sığallayan, onunla danışan Pənah kişinin şəfalı əllərinə söykəyib. Su Sonasının ondan imdad dilədiyini başa düşən Pənah kişi ağır Qu quşunu qucağına götürüb, evə gətirib.

Uzun illər Türkəçarə ilə kənd adamlarına loğmanlıq eləyən Pənah kişi Qu quşunu ölməyə qoymayıb, onu da otlardan düzəltdiyi dərmanlarla sağaldıb. Onu ölümün pəncəsindən qurtardığını duyan, hiss eləyən Qu quşu da öz mehrini xilaskarı Pənah kişiyə, onun ailəsinə, uşaqlarına salıb... Onları sevib.

 ... Pənah kişinin həyətinə Qu quşunun düşməsi xəbəri obamızda ildırım sürəti ilə yayılıb. Obanın adamları, uşaqlar tez Qu quşunu görməyə, bu gözəlliyə tamaşa eləməyə gəliblər. Həmin gündən Pənah kişinin evi ziyarətgaha çevrilib bu obanın və qonşu kəndlərin adamları üçün. Hər gələn də Pənah kişinin evinə pay-pürüşlə gəlib. Artıq qısa vaxtda bu ev, bu həyət müqəddəs ziyarətgah olub. Axı, Qu quşu məhz heç kimin yox, obanın ağsaqqalı Pənah kişinin həyətinə qonmuşdu. Deməli, Ulu Tanrı tərəfindən burda nə isə dərin bir hikmət, müqəddəslik vardı...

Yaralı Qu quşunun qanadı bitişib. Sağalıb. Amma Qu quşu heç yerə uçub getməyib. Pənah kişinin evinə, həyətinə, obanın adamlarına öyrəşib. Mehrini bu kəndin camaatına salıb. Kəndin uşaqları ilə dostlaşıb Qu quşu. Hamı ona öz yemək payından gətirib. O, bütün günü obanın tozlu yolunda gəzib, uşaqlarla oynayıb, sonra da qaş qaralanda özü Pənah kişinin həyətinə gəlib, eyvana çıxıb, orda onun üçün məxsusi düzəldilmiş komasına girib, sakitcə öz dilində nə isə danışıb, ayrı-ayrı səslər çıxarıb, mahnı oxuyub...

 Pənah kişi Qu quşunun belə qənirsiz gözəlliyinə görə ona Sona adı qoyub. Kənd adamları, qonşu el-obanın adamları da bu Qu quşunu “Sona” çağırıblar. O da bu ada öyrəşib. “Sona” deyən kimi qanadlarını açıb, şən səslərlə, öz dilində danışaraq, onu çağıran adama yaxınlaşıb.

...Düz bir il kənd əhlinin, qonşu el-oba camaatının da ziyarətgah yeri olub Pənah kişinin evi.

Bir gün Qu quşu Pənah kişinin həyətində çox narahat gəzirmiş. Ora-bura vurnuxurmuş. Öz dilində səslər çıxarır, nə isə deyirmiş. Qu quşunun bu narahatlığını hamı duymuşdu. Hamı da nigaran idi ki, görəsən nə olub Sonaya? Niyə səhərdən heç nə yemir. Həyətdə narahat ora-bura vurnuxur. Tez-tez başını çiyninə əyib, göyə baxır. Özü də çox narahat, qəmli baxışlara...

Bu vaxt birdən Qu quşlarının səsi eşidilib. Göydə qatar kimi bir dəstə Qu quşu kəndin üstündən uçub gedirmiş. Sıra ilə uçan bu durna qatarı öz dillərində səslər çıxarıb, nə isə deyirmişlər. Bu səsləri eşidən Sona tez başını çiyninə əyib bir gözü ilə göyə baxıb. Sonra o da göydə uçan quşların səsinə səs verib. Bu səsi eşidən Qu quşları bir az da səslərini ucaldıblar. Sona da səsini artırıb. Öz dilində “vay-şivən” qoparıb...

 Deməli, göydə uçan durna qatarının onun öz dəstəsi olduğunu duyubmuş, tanıyıbmış Sona. Deməli, bu durna qatarı elə payızda burdan uçub gedən dəstə imiş. Öz dəstəsindən ayrı düşmüş Qu quşu - Su Sonası qanadlarını geniş açıb bu dəfə daha sevinclə səslər çıxarmağa başlayıb. Elə bil o bu səslərlə kənardan onu izləyən Pənah kişiyə, kəndin adamlarına deyirmiş: “Onlar mənim burada olduğumu, sağ qaldığımı bilib sevinirlər. Bu onların sevinc səsləridi. Bax görürsüz? Eşidirsiz onların səsini? Deməli, onlar məni səbirsizliklə gözləyirlər. Bircə uça bilsəydim...”

 Uçmaq üçün özündə güc toplamağa, həyətdə o tərəf, bu tərəfə qaçmağa başlayıb Sona. O, bir neçə dəfə həyətdə o tərəf, bu tərəfə var-gəl eləyib və sonra bütün gücünü toplayaraq, uçub. Artıq uçmağı yadırğamış Sona az qalıb ki, kəndin uca çinar ağaclarına dəysin. Lakin dostlarına, dəstəsinə çatmaq inamı yəqin ki, ona böyük güc, qüvvət verib. Birdən-birə qarşısındakı daha uca çinar ağacına çatmamış dik göyə şığıyıb.

Kəndin adamları bu mənzərəni seyr eləyib, Sonanın öz dəstəsinə çatmasını səbirsizliklə gözləyirmişlər. O, dəstəyə çatıb. Sırada öz yerini axtarıb. Gah sol dəstəyə, gah sağ dəstəyə qarışmaq istəyib. Amma durna qatarı onu öz aralarına buraxmayıb. Çünki Sonanın yarısı olan Qu quşu başqası ilə cütləşmişdi. Amma onu da sizə deyim ki, təxminən yüz il yaşayan Qu quşlarının erkəyi də, dişisi də cəmi biri ilə yaşayırlar. Əgər onların yarı, yəni erkəyi ya, dişisi ölürsə, o biri ömrünün axırına qədər tək yaşayır. Və heç bir Qu quşu ilə cütləşmir. Bax budur qu quşlarının bir-birinə sadiqliyi... Amma indi möcüzə baş vermişdi... Həmin Qu quşu artıq bu bir ildə öz yarısını, öz cütünü tapmışdı... Sona bunu görüb, Sona bunu bilib, duyub, hiss eləyib. Sona başa düşüb ki, o, artıq bu dəstəyə yaddır. Onu bu dəstə unudub... Onun bayaq fikirləşdiyi düz deyilmiş. Bu bir ildə Sona onları səbirsizliklə gözləsə də, onlar Sonanı gözləməyiblər. Sonanı yada salmayıblar. Öz yarısı, yarı isə deyəsən dəstədən də qabaq unudub Sonanı. Yaddan çıxarıb...

Bunu görən Sona durna qatarından ayrılıb. Tək qalıb. Arxada tək uçmaq, yəqin ki, ona ağır gəlib... Göydə bir az qanad çalıb. Sonra Sona geri dönüb. Yavaş-yavaş kəndin üstünə doğru uçmağa başlayıb. Uçuşundan hiss olunurmuş ki, Sona yorulub. Axı o, bir il idi ki, uçmurdu. Su sonası, düz Pənah kişinin evinin üstünə qədər qanadlarını ağır-ağır hərəkət etdirməklə uçub…

Belə rəvayət eləyirlər ki, Sona birdən-birə qanadlarını yığıb, dəhşətli bir səs, “vay-şivən” qoparıb. Onun bu səsi təkcə bizim obada yox, qonşu kəndlərdə də böyük bir əks-səda yaradıb. Aman... Nələr yox imiş o səsdə... Nələr yox imiş o fəryadda... Sonra Sona göydə müvazinətini itirib. Bu vaxt o, böyük bir daş parçası kimi göydən Pənah kişinin həyətinə düşüb. Hamı - obanın yüzlərlə böyüklü, kiçikli adamları Sonaya tərəf qaçıb. O yerə düşəndə artıq ölübmüş. Kim bilir. Bəlkə elə göydə həmin vaxtı dəhşətli səslər çıxarıb, “vay-şivən”, haray qoparanda ürəyi partlayıbmış Sonanın. Öz yarısı, öz dəstəsi onu qəbul eləmədiyindən, unutduğundan bu dərdə dözməyibmiş Sona. O da özünə belə bir cəza növü tapıbmış. Öz yarısına, öz dəstəsinə etiraz əlaməti olaraq, özünə belə qəsd eləyibmiş Sona.

 Qu quşunun - Sonanın ölümü kənddə, qonşu obalarda da matəm kimi qarşılanıbmış. Ona görə də adamlar onu gətirib bax bu qəbiristanlıqda dəfn eləmişdilər. Özü də qəbiristanlığın düz girəcəyində. Qonşu kəndlərə gedən yolun üstündə. Qəbir daşının üstünə də bax bu sözləri yazıblar...

 

Bu əhvalat çoxdan olub. Lap çoxdan... Kim bilir, bəlkə də elə Sonanın qəbir daşı kəndimizdə olan ilk qəbir sayılır... Bilmirəm. Sonanın ölüm tarixini nə bu kənddə, nə də qonşu kəndlərdə heç kim bilmir. Amma bu rəvayəti bizim tərəflərdə uşaqdan böyüyə hamı bilir. Çünki bu rəvayət bizim yerlərin insanlarına uzun illərdi, neçə əsrdi ki, nəsil-nəsil ötürülüb…

Ağsaqqal sözlərini bitirib əlindəki qəlyanı yenidən yandırdı və tüstüsünü acgözlüklə sinəsinə çəkib mənim üzümə baxdı. Onun gözlərində bir cüt alacalanmış yaş gördüm.Həmin yaş ağ saqqalına düşüb, bir parıltıya çevrildi. Bu əhvalat mənə də çox təsir eləmişdi. Ağsaqqal Sona haqqında bu rəvayəti danışdıqca, mən də o səhnələri görürdüm... EIə bil mən də bu hadisələrin iştirakçısıydım.

 … Budur, tozlu yolla hər ikimiz yenə də kəndə qayıdırıq. Heç birimiz danışmırıq. Hərəmiz öz dünyamızdayıq... Öz içimizə çəkilmişik. Qocanın danışdığı bu rəvayət mənə elə təsir eləyib ki, bulud kimi dolmuşam. Öz-özümə fikirləşirəm ki, bu rəvayət yox, əsl həqiqət də ola bilər... Axı, hər bir rəvayətdə çoxlu həqiqətlər də gizlənir…

 Üç gün burada qonaq qaldığım müddətdə hamıdan diqqət, xoş rəftar gördüyümdən, indi başa düşürəm ki, niyə qədim kişilər bu kəndə Sonaabad adı veriblər. Artıq bu ad kəndə təmizlik, paklıq gətirib. Bu kənddə dünyaya gələn hər körpəni də bu ruhda tərbiyə eləyirlər. Bu kənddə tərbiyə beşikdən, addan başlayır... Sonaabadlılar öz əqidə bütövlükləri ilə, paklıqları, təmizlikləri və sifət cizgilərində olan gözəllikləri ilə məmləkətdə ad çıxarıblar... Bu kənddə heç kim, heç kimsənin çörəyinə göz dikmir. Bu kənddə heç kim, heç kimi aldatmır. Bu kənddə tayfabazlıq, yerlibazlıq, paxıllıq, məkrlik, çirkin əməllər, rüşvət adlı murdarlıqlar yoxdur...

Bu vaxt sükutu keşməkeşli bir həyat yaşamış, müdrik ağsaqqal pozdu və ağ saqqalını uzun nazik barmaqları ilə sığallayıb, artıq çuxura düşən, amma həyat eşqini itirməyən gözləri ilə, mehriban baxışları ilə gözlərimə baxıb dedi:

 - Görürsənmi oğlum, Qu quşlarının qanunlarını? Onlar dəstədən ayrılıb, bir özgə qapısında yaşayan Sonanı qəbul etməyiblər. Sona da öz günahsızlığını sübut eləmək üçün özünə qəsd eləyib... Biz - insanlar isə min cür murdar əməllər eləyirik, bir-birimizin ayağının altını qazırıq. Torpaq, Vətən, vicdan satırıq. Yenə də özümüzü təqsirli bilmirik. Eh... Biz adamlar Qu quşları qədər də deyilik. Əgər onlardakı qanunlar bizdə olsaydı, yer üzündə bu qədər qanlar tökülməz, bu qədər mənasız, ağılsız davalar, müharibələr, bu qədər qaçqınlar, köçkünlər, didərginlər, evsiz-eşiksizlər olmazdı. Bu qədər bədbəxt taleli biçarə insanların naləsi göyə, ərşə qalxmaz və Ulu Tanrıya qədər yüksəlməzdi…

 

                                                                             Masallı, Digah kəndi.

                                                                                   İyun, 2000-ci il.                           

                                                              

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)                         

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Bu ağır ziyafət bitincə, kimsə səhvən sənin həyatını köhnə paltosu kimi geyinib gedir.

2.

“ Bu nağıllarda olur: qışın qış yeri vardır, yazın yaz yeri vardır – Həyatda belə olmur.”

3.

Məşhur rus alimi Averintsev erkən orta əsrlər Bizans ədəbiyyatı ilə bağlı deyir ki, əgər hər hansı dövr ancaq özü özünə bərabər olsaydı, sonrakı dövr, sadəcə, gələ bilməzdi. Doğrudan da, hər sonrakı dövr əvvəlkinin içindən pardaxlanmağa başlayır. Dövrlər heç zaman özləri özlərinə bərabər olmurlar. Sinergetika!

4.

Mənən qullar bütün qabiliyyətlərini yavaş-yavaş itirirlər - birindən başqa. Bu, dönük çıxma qabiliyyətidir. Onu itirən qəflətən itirir.

5.

Mənim dilimdəki “pintiliklərdən” danışanlara: Mən Azərbaycan dilində yazmıram, əzizi - mənlər, mən Azərbaycan dilinin potensialında yazıram. Oradakı “pintiliklər” isə saysız-hesabsız...

6.

Bütlərə qarşı mübarizə cümlə etalonlarına qarşı mübarizədən başlayır. Onlar da büt lərdir.

7.

Roman qədər “doyumlu” olan kiçik bir hekayə ferzə çıxmağına bir addım qalmış müzəffər piyadadır.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

 

 

 

Çərşənbə, 11 Dekabr 2024 15:04

“Adamın Biri” - Mustafa Türk

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Adamın Biri”

Mustafa Türk

 

Dalmış öylece uzaktan uzağa
Bakıp gökteki rengin kararına

‘Gecenin sonunda gündüz’ El Barî
Demiş, sonra susmuş adamın biri

Sezmiş kendini şöyle bir usuldan
Damarlar ki çizgiden bir lisan
‘Beden zarifler zarifi’ El Hâkim
Demiş, sonra susmuş adamın biri

Meşakkatin resmi nasırlı ellerle
Yalvarmış darlanmış bir gönülle
‘Beni bana getirenim’ El Fettah
Demiş, sonra susmuş adamın biri

Bir defasında açmış bohçasını
Soğan ekmeğin en has arkadaşı
‘Kafidir bana kafi’ El Hamîd
Demiş, sonra susmuş adamın biri

Sual etmiş, gönül kırdım mı ola
Bir vakit kötü zan ettim mi ola
‘Getirse beni affına’ Et Tevvap
Demiş, sonra susmuş adamın biri


Fotoğraf: Tuncay Çalışkan

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

 

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

11 dekabrda dünyaya gələn ünlülər sırasında Oşonun da adı var. 1931-ci ildə Hindistanda doğulan, adı dillər əzbəri olan din xadimi və filosof Oşonun təlimləri Azərbaycanda çox məşhurdur, onu gənclər sevə-sevə oxuyurlar. Oşonun qızıla bərabər kəlamları var, onlardan bəzilərini seçərək diqqətinizə çatdırıram:

Həyat qorxunun bitdiyi yerdə başlanır;

Əgər bir gülü sevirsinizsə onu qırmayın. Çünki siz onu qıranda o gül ölür, sizin sevdiyiniz də ölür. Deməli, əgər gülü sevirsinizsə, qoyun, o yaşasın. Sevgi nəyəsə sahib olmaq deyil, onu qiymətləndirməkdir;

Kədər dərinlik, xoşbəxtlik yüksəklikdir. Kədər kök atır, xoşbəxtlik qol-budaq atır. Xoşbəxtlik başı göylərə dəyən ağac kimidir, kədər isə yerin dərin qatlarına işləyən kök kimidir. Hər ikisi vacibdir. Ağac nə qədər yüksəkliyə qalxsa, onun kökü də dərin olur;

Körpə dünyaya gələndə ana da doğulur. Körpə doğulmazdan əvvəl o qadın idi, ana yox;

Mən bu dünyanı sevirəm, çünki bu dünya mükəmməl deyil. Mükəmməl deyil, ona görə də inkişaf edir. Əgər mükəmməl olsaydı, çoxdan ölərdi, inkişaf etməzdi;

Bu dünyaya çoxlu insan gəlib, sonra bu dünyanı tərk edib. Bu çox yaxşıdır. Onlar daha yaxşılar üçün yerləri boşaldırlar;

Xoşbəxt olmağın çox sadə yolu var. Nə edirsinizsə edin, qoymayın ki, keçmiş sizin beyninizə köçsün, qoymayın ki, gələcək sizi narahat etsin. Çünki keçmiş artıq yoxdur, gələcək isə hələlik yoxdur. Xatirlərdə yaşamaq, xəyallarda mövcud olmaq mövcud olmamaqdır.


“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

 

 

 

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda 2 nömrəli Texniki Humanitar Liseyidir.

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR :

 

Turanə Məcidli Aslan qızı 08.09.1990 tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsinin bakalavr, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə MİQ müsabiqəsində uğur qazanaraq Səbail rayonu 329 nömrəli tam orta məktəbdə kimya müəllimi fəaliyyətinə başlamışdır.

2020-ci ildə “Landau School ” beynəlxalq məktəbində bir illik ixtisasartırma təlimində iştirak etmiş, ingilis dilində kimya və təbiət fənlərini tədris etmişdir. 2021-2022-ci tədris ilində “Bakı Modern Beynəlxalq məktəbi”ndə Science (Təbiət) müəllimi kimi ingilis dilində tədris aparmışdır.

2022-ci ildə Elm və Təhsil Nazirliyi və ADPU-in birgə layihəsi olan “Məktəb Liderliyi” proqramında iştirak etmişdir. 2022-ci il 5 oktyabr tarixində Bakı şəhər üzrə Təhsil idarəsinin “direktor müavinlərinin işə qəbulu” müsabiqəsində uğur qazanaraq, 106 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü il 27 yanvar tarixində 2 nömrəli Texniki Humanitar liseyə direktor vəzifəsinə təyin olunmuşdur.

2023-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində "Bilgə Qarabağ" layihəsi ilə qalib olmuşdur. 2024-cü ildə Project Management Institute Southern Italy institutu ilə online birgə əməkdaşlıq çərçivəsində Project Management Skills for Life təlimində tutor müəllim kimi sertifikat qazanmışdır.

2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Təhsilin Təşkili və Planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. Müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə iştirak etmişdir.

 

ŞAGİRD :

 

Mən, Tağıyev Toğrul Firavan oğlu 2014-ci ildə Səbail rayonu 162 nömrəli tam orta məktəbin 1- ci sinfinə daxil olmuşam. 2018-ci ildən etibarən təhsilimi Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə davam etdirirəm. Hal-hazırda 11-ci sinif şagirdiyəm.

Oxuduğum müddət ərzində məktəbin tədbirlərində, fənn müsabiqələrində və olimpiadalarında iştirak etmiş, bir çox nailiyyətlər əldə etmişəm. Bunlara misal olaraq, 2019-cu ildə “100 Saat Astronomiya” gününə həsr olunmuş yaradıcılıq müsabiqəsində fəal iştirakıma görə sertifikat qazanmışam. 2020-ci ildə Con Fon Neyman adına Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici yerə layiq görülmüşəm. 2021-ci ildə keçirilmiş Məktəblilərarası Vl Fənn Müsabiqələrində biologiya fənni üzrə bürünc medal qazanmışam. 2023-cü ildə “İntermediate” ingilis dili səviyyəsini qazanmışam. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edərək Beynəlxalq Biologiya Olimpiadasına (IBO) hazırlaşmışam. Məqsədim Azərbaycan Tibb Universitetində təhsil alıb vətənimə layiqincə xidmət etməkdir. 

Asudə vaxtlarımda futbol və şahmat oynamağı xoşlayıram. Hazırda lll dərəcəli şahmat oyunçusuyam.

 

ESSE

                                     

“Zamanın idarəsi yoxdur, özünü idarə vardır” deyib yazıçı Rory Vaden. Bu ifadə ilə tanış olduqdan sonra “əslində zamanın idarə olunması anlayışı, həqiqətən, yanlışdır” deyə düşündüm, çünki biz saatın əqrəblərini tutub zamanı saxlamaq qüdrətinə malik olmadığımızdan zamanı deyil də, əslində özümüzü idarə etməliyik. Buna görə də “zamanımı necə idarə edə bilərəm?” düşüncəsini “özümü necə idarə edə bilərəm ki, günüm daha səmərəli və məhsuldar keçsin?” fikri ilə əvəz etdim.

İlk növbədə “Zaman su kimi axıb keçir”, “Saatlar elə tez keçir ki, heç fərqində olmuram” , “Heç nəyə vaxtım çatmır” kimi ifadələrlə əslində özümə bəraət qazandırdığımı dərk edib onlardan əl çəkdim. Çünki hər dəfə vaxtım yoxdur deyəndə  mövcud zamanı da əldən verdiyimi anladım. Vaxt, insan həyatının ən dəyərli sərvətlərindən biridir. O, nə geri qaytarıla bilər, nə də artırıla bilər. Hər kəs kimi eyni miqdarda vaxta-24 saata sahib olduğum halda, bu zamanı necə keçirməyim həyatımın keyfiyyətini və uğurlarımı müəyyən edir. Buna görə də vaxtı səmərəli idarə etmək həm şəxsi inkişafım, həm də gələcək hədəflərim üçün vacibdir.  

Vaxtın səmərəli idarə edilməsi üçün ilk addım planlaşdırmadır. Əgər bir insan gündəlik işlərini planlaşdırarsa, həm işlərinin öhdəsindən daha asan gələ bilər, həm də özünə daha çox boş vaxt ayıra bilər. Məsələn, dərslərini vaxtında hazırlayan bir şagird həm yaxşı nəticələr əldə edir, həm də istirahət üçün kifayət qədər vaxt tapır. Ona görə oyanan kimi ilk işim günümü planlamaq olur ki, günüm daha səmərəli keçsin.

Digər tərəfdən, vaxtın boşa xərclənməsi insanı həm fiziki, həm də mənəvi yorğunluğa gətirib çıxara bilər. Müasir dövrün ən böyük vaxt israfçılarından biri sosial mediadır. Saatlarla mənasız videolara baxmaq və ya lazımsız müzakirələrə qoşulmaq həm vaxt itkisi, həm də enerji bitkinliyi yaradır. Buna görə də sosial medialarda keçirdiyim vaxtı minimuma endirib əvəzində daha çox kitab oxumaq, yeni bacarıqlar öyrənmək və ya idmanla məşğul olmaq kimi məhsuldar fəaliyyətlərə vaxt ayırmağa çalışıram.   

Vaxtın düzgün idarə olunması həm də balanslı həyat üçün vacibdir. İnsan yalnız işləmək və ya oxumaqla deyil, ailəsinə, dostlarına və hobbilərinə də vaxt ayırmalıdır. Bu həm ruhən rahatlıq gətirir, həm də insanın daha motivasiyalı olmasına kömək edir. Vaxt bölgüsünə nəzarət etməyə başlayandan sonra həm ailəmə vaxt ayırır, həm də dostlarımla şahmat, futbol kimi sevimli oyunlarımı oynaya bilirəm. 

Araşdırılmalar əsasında müəyyən olunmuşdur ki, vaxt itkisinin ən böyük səbəbi dağınıqlıqdır. Buna görə də, hər zaman evimizi və ya öz otağımızı səliqəli saxlamalıyıq. Hər bir əşyamızın bir yeri olmalıdır ki, onu axtarmaq vaxt itkisinə səbəb olmasın. Bu mənim öz həyatımda yer ayırdığım ən önəmli nüansdır, çünki deyilənə görə otağımız öz beynimizin içini təmsil edir. Əgər otağımız dağınıqdırsa, bu beynimizdəki fikirlərin də qarışıq və işlərimizin plansız olması deməkdir.

Son zamanlara qədər universitet qəbul imtahanına hazırlaşmaq üçün özümdə inkişaf etdirmək istədiyim ən birinci bacarıq, zamanı idarə etmək qabiliyyəti idi. Çünki bir dəfə dərs zamanı müəllimimiz verdiyi tapşırığı yerinə yetirmək üçün bizə saniyəölçənlə vaxt təyin etdi, bir anlıq bütün bildiklərimi unudub, sadəcə zamanın axıb getdiyinə və bu zaman çərçivəsində heç nə edə bilməyəcəyimə dair həyəcana qapıldım. Nəticə mənim üçün heç də ürək açan olmadı, onda müəllimimin dediyi söz mənim üçün unudulmaz oldu: Zamanı idarə edə bilməyənlər həyatlarını idarə edə bilməzlər!

Bu zaman anladım ki, bütün məqsədlərimi və xəyallarımı gerçəkləşdirmək üçün ehtiyacım olan sadəcə çox çalışmaq deyil, həm də zamanı səmərəli istifadə edərək, onu idarə etməyi öyrənməkdir. Bunun izlədiyimiz bir filmdə çox daha yaxşı başa düşdüm.

"Vaxt" adlı bu film 2011-ci ildə çəkilmiş elmi-fantastik janrda olub, insan həyatının "vaxt"la ölçüldüyü distopik bir dünyanı təsvir edirdi. Bu filmdə hər kəsin qolunda bir sayğac var və bu sayğac onların həyatının sonuna nə qədər qaldığını göstərir. Pulun əvəzinə vaxt əsas valyutadır – işləyərək vaxt qazanmaq, yaxud vaxtı sərf etmək mümkündür. Bir növ insanlar vaxtlarını sərf edərək həyatda qalmağa çalışır, yemək və ya pul qazanırdılar. Əlbəttə, filmdə ən varlılar ən çox zamanı olanlar idi. Bu film mənə əslində zamanın nə qədər qiymətli olduğunu, zaman varkən görülə biləcək hər şeyi planlı və ardıcıl etməyim gərəkdiyini bir daha göstərmiş oldu. Çünki zaman bu dünyada geri dönüşü olmayan və əvəzedilə bilməyən yeganə sərvətdir.

Nəticə olaraq bunu demək istəyirəm ki, vaxtı səmərəli idarə etmək həyatımızın hər anını dəyərli etmək deməkdir. Biz vaxtımızı necə istifadə ediriksə, gələcəyimiz də elə formalaşır. Vaxtın qədrini bilən insanlar həm özləri ilə, həm də ətrafdakılarla daha harmonik bir həyat yaşayırlar. Hər birimiz vaxtımızı daha yaxşı dəyərləndirmək üçün addımlar atmalıyıq, çünki zaman həyatımızın ən qiymətli sərvətidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.