Super User

Super User

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Teatr və kinomuza onlarla istedad qazandıran bir şəxsin - Azərbaycan Respublikasının xalq artisti Məmməd Səfanın bu gün doğum günüdür. O, 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olub.  Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə Diploma ilə bitirib.

 

Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləyib. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İstitutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb.

Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirib. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.

Vaqif İbrahimoğlu 1988-ci ildə eksperimantal studiya yaradanda Məmməd Səfa da gənclərdən ibarət truppaya daxil olub. Bu kollektivin bazasında 1991-ci ildə "Yuğ" Dövlət teatrı yaradılıb. Həmin ildən indiyə qədər Yuğ Teatrının aktyorudur. Aktyorun yaradıcılıq bioqrafiyasında xeyli mürəkkəb və maraqlı rollar var.

Mədəniyyət və İncəsənət Universitetində bitirdiyi gündən indiyə kimi işləyir. 1988-ci ildə müəllim, 2002-ci ildə dosent, 2018-ci ildə professor adına layiq görülüb. Hal-hazırda aktyor sənətindən dərs deyir, "Səhnə Danışığı" kafedrasının müdiridir.

 

Teatr səhnəsindəki rolları

 

1. Qarapaltar — "Salam" (Məhəmmədhüseyn Şəhriyar)

2. Bamsı Beyrək — "Oğul" ("Kitabi-Dədə Qorqud"un "Bamsı Beyrək boyu" əsasında)

3. Şah İsmayıl — "Dəhnamə" (Şah İsmayıl Xətai)

4. İsa peyğəmbər — "Açar" (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması əsasında)

5. Nağılçı İbrahim — "Yuxu" (Hacı Zeynalabdin Marağayi)

6. Alkiviyan — "Afinalı Timon" (Uliyam Şekspir)

7. Kişi — "Ov" (Çoxelli Qoderzi)

8. Füzuli — "Dad" (Məhəmməd Füzuli)

9. Qara Rəng — "Rənglər" (Rəsul Rza)

10. Naqqal — "Acı həqiqət" (Baba Pünhan)

 

Filmoqrafiya

 

- Allaha Salam 

- Ümid

- Məhbus

- Gizlindəkinin göynərtisi

- Leyli və Məcnun

- Fatehlərin divanı

- Ovsunçu

- Cavid ömrü

- Dovşanın ölümü

- Günaydın, mələyim!

- Hökmdarın taleyi

- Sahə

- Tərsinə çevrilən dünya

- Mayak

- Sübhün səfiri

- Dolu

- Üçüncü günün adamı

- "Hilal" filmi

 

Mükafatları

 

2004-cü ildə Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirakına görə ona "Qızıl Dərviş" mükafatı verilib.

2009-cu ildə Azərbaycanın Əməkdar, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

12 dəfə prezident mükafatına layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub. 19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Suveren dövlət olaraq Azərbaycan Respublikasında uşaq hüquqları Konstitusiya, müvaqif qanunvericilik aktları və beynəlxalq normalarla qorunur. Ölkəmizdə 2025-ci il Konstitusiya və Suverenlik ili kimi qeyd olunur, bu da uşaq hüquqlarının təbliğinə xüsusi önəm verir. Bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği şöbəsi “Uşaqların sosial hüquqları və suverenlik” mövzusunda tövsiyə biblioqrafiyası hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, biblioqrafik vəsaitdə uşaq hüquqlarının mahiyyəti, respublikamızda bu hüquqların qorunması sahəsində mövcud vəziyyət, beynəlxalq və yerli rəsmi sənədlər, qanunvericilikdə əks olunmuş müddəalar və bu istiqamətdəki çağırışlar əhatə olunub. Həmçinin 8 adda kitab və 18 adda dövri mətbuat materialının biblioqrafik və tam mətnli təsvirləri sistemləşdirilmiş şəkildə təqdim edilib. Əsas məqsəd uşaqların sosial hüquqlarına dair maarifləndirmə aparmaq, onların hüquqi biliklərini artırmaq və bu sahədə mövcud resursları sistemli şəkildə təqdim etməkdir.

Biblioqrafik mənbə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/usaqlarin-sosial-huquqlari-v-suverenlik

 

“Ədəbiyyat və incəsənət”

 (24.07.2025)

 

 

 

Cümə axşamı, 24 İyul 2025 18:10

Nasıl başlar bu yeşil ve mavi yolculuk?

 

 

 

Manşet

Qızıl alma

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türkiyə şairi Adnan Yücel.

Zamanlar dəyişir, nəsillər dəyişir, onunsa şeirləri yenə də oxunur, yenə də dəbdən düşmür.

Bu gün qardaş Türkiyədə ədəbiyyat ocaqları onun anım mərasimlərini keçirir, biz də qərara gəldik ki, haqqında sizləri bilgiləndirək.

 

Adnan Yücel 27 mart 1953-cü il tarixində Elazığda dünyaya göz açıb. Diyarbəkir Təhsil İnstitutunun Türk Dili və Ədəbiyyatı fakültəsi və Ankara Universitetinin İncəsənət fakültəsini bitirib. Bir müddət müxtəlif orta təhsil müəssisələrində müəllim olaraq işlədikdən sonra Çukurova Universitetində müəllim olaraq işləyib.

 

Şeirləri "Ədəbiyyat 81", "Universal Mədəniyyət", "Pətək", İncəsənət Əməyi, "Somut", "Söyləm", "Yapıt" və "Yeni Hadisə" kimi jurnallarda nəşr olunub. Döyüşlərə deyilən sevgi, masamdakı kaval səs, bir həsrət, bir şeir, ağrılara səbəb olmur, yer sevginin üzü olanadək, küləklə bir, od və günəşin uşaqları, Çukurova diversifikasiyası, sular şahiddir eşqimizə, ağrının rəngidir, acıya kurşun işlemez, ayın işığında şeir kitablarının müəllifidir.

 

24 iyul 2002ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

Bu isə onun ən məşhur şeirlərindəndir:


İnsanlar kaybedilirken ey çocuk
İnsanlık adına
Nasıl başlar bu yeşil ve mavi yolculuk
Hangi gemi kalkar bu ülke limanlarından
Hangi mavilikler karşılar seni
Kıyılar zincir olmuş bileklerde
Dalgalar yargısız infaz
Al kalemi eline ey çocuk
Yeşilin ve mavinin şiirini yeniden yaz.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

Cümə axşamı, 24 İyul 2025 17:37

Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına fnddan verilən məlumata görə, 20 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yay məktəbinin iştirakçıları yola düşüblər. 14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. 20 iyul-3 avqust tarixini əhatə edən yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər. Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

Cümə axşamı, 24 İyul 2025 17:07

Təyyarəsi sularda qərq olan pilot

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin Şəhid pilotu Rəşad Atakişiyev! Bu gün qürurla və fəxrlə onun adını anırıq. Çünki bu gün onun şəhadətinin növbəti ildönümüdür.

 

Rəşid Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub.

 

O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.

 

O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.

 Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

2019-cu il, Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

 

 Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılıb.

 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib. 07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

Cümə axşamı, 24 İyul 2025 16:35

Böyük mətbuat ənənələri olan şəhər

 İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıtda Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirilib

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, milli mətbuatımız son 150 ildə çətin, eyni zamanda şərəfli bir yol keçib və bu gün dövlətin və xalqın maraqlarına xidmət edən mühüm ictimai institutlardan birinə çevrilib. O, jurnalistlərin cəmiyyətin maarifləndirilməsində və ictimai rəyə təsir göstərməkdə böyük rol oynadığını qeyd edib.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə öz çıxışında şəhərdə fəaliyyət göstərən media qurumlarının ictimai-siyasi və sosial-mədəni həyatın inkişafında fəal iştirak etdiklərini vurğulayıb. O əlavə edib ki, media ilə yerli özünüidarə orqanları arasında əməkdaşlığın gücləndirilməsi ictimai maraqların qorunmasına xidmət edir.

Digər çıxışçılar – tanınmış media nümayəndələri, ictimai xadimlər və veteran təşkilatlarının təmsilçiləri çıxış edərək bildiriblər ki, milli mətbuat cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin təbliğində və informasiya təhlükəsizliyinin təminində mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan jurnalistləri bu gün informasiya müharibəsində ön cəbhədə yer alır, vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verirlər. Çıxışlarda, həmçinin, mətbuatın inkişafında dövlətin göstərdiyi diqqət və qayğı, jurnalistlərin fəxri adlarla təltif olunması və sosial müdafiəsinin gücləndirilməsi yüksək qiymətləndirilib.

Sonda Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin fəxri fərmanları və hədiyyələri tədbir iştirakçılarına təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bəli, bir vaxtlar Toylar Kralımız var idi – Səməd Səmədov. İfasına, səsinə peşəkar musiqiçilər, musiqi tənqidçıləri əksərən ağız büzsələr də, o, ən çox toy aparır, ən çx pul qazanana müğənni statusunu qoruyub saxlayırdı...

 

Azərbaycan xalq artisti Səməd Səmədov!

Hətta na xalq artisti adı veriləndə belə bir hal da baş vermişdi. Müğənni fəxri ad alması barədə fərmanı oxuyan kimi sevincini Xalq artisti, kamança ustası, baməzəliyi ilə tanınan Habil Əliyevlə bölüşmək istəmişdi. Aralarında belə bir dialoq olmuşdu:

-Habil müəllim, indicə mənə Xalq artisti adını verdilər.

-Onlar verirdi verirdi. Sən niyə götürürdün?

 

 Estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbində oxuyub, məktıbin kripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.

1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edib. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.

Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu Ulduzlar Bağında Səməd Səmədovun ad ulduzu qoyulub.

Müğənni 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

 

Məşhur mahnıları

 

1. Qızlar

2. Bu dünyanın üzünə bax!

3. Bakılı balasıyam

4. Sensiz qalan dünya

5. Sevgimiz

6. Taleyimə qurban olum

7. Yenə görüşərik

 

Filmoqrafiya

 

- Yanmış körpülər

- El içində

 

Səməd Səmədov 24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

Şuşada Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin təşkilatçılığı ilə təşkil edilmiş  Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Azərbaycan Ədəbiyyat Fondu Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimat mərasimini keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatında, Fondun layihəsi olaraq nəşr edilmiş “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabı Azərbaycan ədəbiyyatına 7 xalq şairi və yazıçısı bəxş etmiş iki ailənin – Səməd Vurğun və Rəsul Rza ailəsinin üzvləri, onların amansız Stalin repressiyası, növbəti kommunist diktaturası buxovları şəraitində fəaliyyətlərinə işıq tutur, ədəbiyyat tariximiz barədə çox unikal bir nəşr olaraq diqqət çəkir.

Nəfis tərtibatlı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub. Bu nəşr onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun, ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatıldığı tədbiri Ədəbiyyat Fondunun baş direktoru Varis açaraq Vaqif Poeziya Günlərinin ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğuladı. Bildirdi ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.

Kitaba Anarla müsahibəsi daxil edilmiş yazıçı, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək bildiriblər ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş nəhəng şəxsiyyətlərdir.

Natiqlər vurğulayıblar ki, Anar bu əsəri ilə həm tarixi faktları sənətkarlıqla təqdim edib, həm də ədəbi nəsillər arasında görünməz, lakin möhkəm bir bağ yaradıb.

Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müxtəlif illərdə və müxtəlif ədəbi üsullarda yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.

Diqqətə çatdırılıb ki, kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.

Daha sonra Xalq yazıçısı Anar çıxış edərək kitabın yazılma səbəblərini aşkarlayıb, illər boyu Səməd Vurğun və Rəsul Rza ailələri barədə yaranmış əsassız miflərin, tənqidlərin real faktlarla, sənəd və dəlillərlə vurulmasının ədəbiyyat tariximiz üçün necə vacib olduğunu vurğulayıb, kitabın məhz Şuşada, Məhz Vaqif poeziya günləri çərçivəsində təqdim edilməsini isə sevindirici bir hadisə olmasını qeyd edib. Axı Rəsul Rza ailəsi Şuşa ilə tarixən bağlı olublar, Səməd Vurğun isə Molla Pənah Vaqiflə eyni kənddə - Qazax mahalının Yuxarı Salahlı kəndində doğulublar.

Qeyd edək ki, 608 səhifəlik bu kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.

Kitaba “Ön söz”ü akademik Nizami Cəfərov yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir.

Qeyd edəki, kitabın çapına “Qazax Xeyriyyə” İctimai Birliyi maliyyə dəstəyi göstərmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

 

 

22 İyul, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ədəbiyyat və incəsənət nümayəndələri, həmçinin ictimaiyyətin görkəmli simaları iştirak ediblər.

Şuşanın ruhunu yaşadan “Vaqif Poeziya Günləri”nin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, bu müqəddəs torpaqlarda sözün, sənətin və mənəviyyatın bayramına çevrilən tədbirin əhəmiyyətini vurğulayıb. O, Fondun türk dünyasının dahi şəxsiyyətlərinin, memarlığının, maddi və qeyri-maddi irsinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən, nəşr edilən kitablardan bəhs edərək bildirib ki, Şuşanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi naminə həyata keçirilən təşəbbüslər ortaq türk kimliyinin yaşadır və beynəlxalq arenada təbliğinə töhfə verir.

Nitqinin davamında bu torpaqlarda həmişə musiqinin səslənməsini, sözün yaşamasını və mədəniyyətin çiçəklənməsini diləyən Fondun prezidenti, çıxışının sonunda bütün mətbuat işçilərini Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycandakı Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Ramil Əhməd çıxışlar edərək tədbirin önəminə toxunublar.

Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Aktotı Raimkulova, ikinci yerin qalibinə diplom təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İyirmi altı ildir ki, mətbuatda çalışır. Gözəl dəsti xətti var, istedadlı qələm adamıdır. Onu bir şəxsiyyət kimi xarakterizə edəndə, təvazökar, daha çox ətrafdakıları düşünən, necə deyərlər, hamının işinə yarıyan insan kimi göz önündə canlanır...

 

Haqqında söhbət açamq istədiyim Xanoglan Əhmədov 24 iyul 1961-ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində dünyaya gəlib. Orta təhsilini doğma kənddə başa vurduqdan sonra indiki BDU-da ali təhsilə yiyələnib. 1982-1997-ci illərdə Yardımlı rayon MKS-da direktor müavini, Yardımlı rayon Komsomol Komitəsinin katibi, Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri, Yardımlı rayon Mədəniyyət şöbəsində inspektor vəzifələrində çalışıb. 1999-cu ildən 2016-cı ilə kimi “Ekspress” qəzetində müxbir, “Geopolitika XXI əsr” qəzetində baş redaktor işləyib. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədridir. 2017-ci ildən "ilkxeber.org" saytının təsisçisi və baş redaktorudur. "ilkxeber.org" saytı Azərbaycan Mətbuat Şurasının, “Media və Mülki Cəmiyyət” İctimai Birliyi isə Azərbaycan Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür...

 

Çox qürurludur, amma insanlıq naminə özünü fəda etməyə daim hazırdır. Bu üzdən çox fədakarlıqlar göstərib, neçə-neçə çətinliklərə dözərək ətrafındakı insanlara yardım əlini uzada bilib. 

Bütün fəaliyyəti göz önündə olub. Artıq onun imzası keşməkeşli inkişaf yolu keçən mətbuatımızın müstəqilliyimizin bərpasından ötən dövrə aid tarixinin rəmzlərindən birinə çevrilib. Media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət və rəğbət onun öz işinə peşəkar və vicdanlı münasibətinin məntiqi nəticəsidir...

 

Dostluqda sədaqətlidir. Parlaq düşüncəyə, iti zəkaya malikdir. Zəhməti, çalışmağı çox sevir. Daim öz üzərində işləməyi bacarır. Hadisələri dolğun təhlil etmək, düzgün qərar vermək qabiliyyəti var. Siyasi savadlıdır. Ruhu gözəl olduğundan niyyəti də safdır. Ona söykənmək, ona etibar etmək olar...

 

Onun mətbuatdakı fəaliyyəti zamanı üstünlük verdiyi cəhətlərdən ən başlıcası, peşə etikasını hər zaman yüksək tutması, yetişən gənc jurnalistlərə də bunu hər zaman təlqin etməsidir. Onun öz qələminə və prinsiplərinə sədaqəti isə həqiqətən də, çoxlarına örnək olacaq səviyyədədir. Cəmiyyətdə ona olan səmimi münasibətlər Xanoğlan Əhmədovun qazandığı rəğbətin özünəməxsus göstəricisidir...

 

Onun fəaliyyəti sadəcə, yazmaqla, ictimaiyyəti narahat edən problemləri və onlardan çıxış yollarını göstərməklə, məhdudlaşmır. Medianın nəzəri problemlərinin araşdırılmasına da ciddi yanaşan Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri və “ilkxeber.org” saytının baş redaktoru olaraq, mətbuatın cəmiyyət həyatının müxtəlif istiqamətlərində rolunun müəyyənləşdirilməsinə dair vacib tədqiqatların da müəllifidir...

 

Hər bir xalq öz dəyərli ovladları ilə güclü olur. Bəli, Xanoğlan Əhmədov xalqımızın dəyərli oğullarından biridir…

 

İyulun 24-ü Xanoğlanın doğum günüdür, növbəti ad gününü qeyd edəcək. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.