
Super User
MƏŞHURLARLA ÜZBƏÜZ – Fərqanə Qasımova uşaqlarıyla vaxt keçirtməyə zaman tapırmı?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.
Dörd övlad anasısınız. Uşaqlarınızla vaxt keçirtməyə zamanınız olurmu? Böyük qızınız bilirik ki, tələbədir.
Bəli Allah cümlə balaları valideynlərinə çox görməsin. Bu bəşəriyyət üçün, bu cahan üçün hər bir övladı xeyirli övlad etsin ki, zamanəmiz, dövrümüz pisliyə deyil yaxşılığa getsin in şa Allah. Bu bizim dünyaya gətirdiyimiz övladlardan çox asılı olan bir şeydi. Nə qədər zamanım olubsa mənə ayırılan həyat ömründən mən zamanımı övladlarıma ayırmışam. Mən özüm üçün yaşamamışam bu həyatda. Nə qədər vaxtım olub övladlarım üçün, sənətim üçün yaşamışam. Xüsusi bir zaman ayırmamışam özümə. Yalan nə deyim. Bəlkə bundan sonra ola bilər övladlarım böyüyər bəlkə ola bilər ki, bundan sonra zamanım olar. Amma çox şükür ki, Allah təala mənə zaman verib ki, sənətim üçün, xalqıma yararlı insan olmaq üçün, sənətimi yaşatmaq üçün yaşamışam. İnsanlara paklğı mesaj etməklə yaşamışam. Kimin üçün, kimlər üçünsə yaşamaq mənim üçün böyük hissdir. Bəli qızım tələbədir. Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Heykəltaraşlıq üzrə təhsil alır.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“Yazıçı olmurlar, yazıçılığı yaşayırlar” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Yarımçıq əlyazma”da məqbul sayılmayan dil nümunələrinin tənqidi ancaq “Dədə Qorqud” hissəsiylə bağlı oldu. Şah İsmayıl hissəsindəki 16-cı əsr Azərbaycan dili ilə bağlı etiraz səsini qaldıran, gərək ki, olmadı. Bu məsələ mətnlə bağlı idi. “Dədə Qorqud” mətni var idi, amma Şah İsmayıl mətni yox idi. “Sehrbazlar dərəsi”nin və “Unutmağa kimsə yox...”un da arxasında mətnlər dayanmamışdı. Arxasında mətn dayanan roman və arxasında mətn dayanmayan roman! Bütün bu məqamları dillə bağlı iradlarını qəribə bir təkidlə irəli sürənlər nəzərə almalı idilər. Almadılar.
2.
“ Bu dəniz bu dağa yaman oxşayır
Həmən buluduyla, həmən göyüylə.”
3.
Və bütün bunları düşünüb-daşınandan sonra bir daha inanırsan ki, bizim dünyamızı yaradanlar onu yaratdıqdan sonra bu kainata salıb itiriblər.
4.
“Yarımçıq əlyazma”dakı casus fantom dur. Hamı casusdur və eyni zamanda heç kəs casus deyil. “Ol vaxtlar”ın casusu ilə bu günün casusu başqa-başqa şəraitdə “işləyirdilər”.
5.
İsa Hüseynov xəstə olarkən qızı deyir ki, “Yarımçıq əlyazma”nı ona oxutdurub qulaq asırmış. Nə idi onu çəkən?! Bəlkə bu yazıçını mənim sakrallığa baxışım özünə çəkmişdi - bilmirəm. İki müxtəlif istiqamətdən baxış var ortada. O dahi üçün sakrallıq həqiqət idi, mən binəva üçün həqiqət sakrallıqdı.
6.
Dostlarımın yanında darıxmıram. Ancaq yazmaq üçün darıxıram. Xüsusən də, başladığım işi sona çatdırmağa həmişə darıxmışam, təntimişəm. Çayld Harold kimi, Oblomov kimi isə - yox! O cür darıxanların vaxtı keçib getdi. İndi “darıxıram” deyənlər, əslində, özlərinə bioqrafiya yazırlar.
7.
Yazıçı olmurlar, yazıçılığı yaşayırlar
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
PA - Uğur üçün 15 keyfiyyət - Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Bir televiziya verilişinin kəraməti - SATİRİK HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq Ağalar İdrisoğlunun satirik hekayəsini təqdim edir.
İki ay idi ki, Sadıq kişinin evində böyük söz-söhbət səngimirdi. Belə ki, kçik oğlu Ceyhunun toyuna hazırlıq gedirdi. Soxaya qalsın bu pandemiyanı. Bu murdar xəstəlik davam etdikcə adamlar doğrudan da başlarını itirirlər...
İki il idi ki, oğlu nişanlı idi. Ona görə də toyu tez eləmək istəyirdilər ki, birdən oldu elə- olmadı belə. Yenə də toyları qadağan eləyə bilərlər. Təzədən icazə verilməsi də qala bilər “qum göyərənə”. Qum da ya göyərə, ya da göyərməyə.
Sadıq kişi gəlin üçün qızıl-gümüşləri, paltarların hamısını nisyə götürmüşdü. Hətta toyla bağlı mal-qaranı da, araq-çaxırları da, suları da, ümumiyyətlə toyla bağlı hər şeyi nisyə götürmək istəyirdi. Ümidi bircə ona qalmışdı ki, toydan lazım olan qədər pul yığıb, bütün borclarını ödəyər. Əlbəttə, buna çox da ümid eləməsə də belə düşünürdü Sadıq kişi. Buradan da çox pis qərar qəbul eləmişdilər. Toya yüz əlli nəfərdən çox adam çağırmaq olmazdı. Əgər toya gələn polis işçiləri yüz əlli adamdan bir nəfər belə artıq adam aşkar eləsəydilər, buna görə Sadıq kişini beş yüz manat cərimə eləyəcəkdilər. Sadıq kişi isə toya beş yüz adam çağırmaq istəyirdi. Çünki o, ölçüb-biçmişdi ki, əgər toya beş yüz adam gəlsə, bütün borcları verə bilər və hətta toydan ona qazanc kimi dörd-beş min manat da qalar. Sadıq kişi də həmin pula atasından ona qalan evini təmir elətdirə bilər. Çünki evin damı bir neçə yerdən sökülmüşdü. Divarlarına da əl gəzdirmək lazım idi ki, qışda uşaqlar donmasınlar. Həyət hasarı da bir neçə yerdən uçmuşdu. Hələ puldan qalsaydı evə bir kombi də çəkdirmək istəyirdi...
Bax, bütün söz-söhbət də buna görə idi Sadıq kişinin evində. Böyük oğlu Səbuhi nə qədər səbrli olsa da atası ilə dör-dör döyüşürdü və deyirdi:
-Ay dədə, sən beş yüz nəfərlik toy eləsən, bu toydan çox böyük ziyana gedə bilərsən. Onda məcbur olub bu köhnə, uçuq- sökük evi də satıb, küçədə qalacağıq. Atalar deyib ki, “artıq tamah baş yarar”.
Toyu olan oğlu Ceyhun, qızları Gülgəz və Züleyxa, həyat yoldaşı Qıztamam da Səbuhinin dedikləri ilə razı idilər və Sadıq kişini “küncə dirəmişdilər”. Axır ki, onlar qələbə çaldılar. Adamların sayını üç yüzə endirib, yarısını gündüzə, yarısını axşama dəvət elədilər...
Ceyhun səhər tezdən bəylik kostyumunu götürmək üçün rayon mərkəzinə getmişdi. Bəylik kostyumunu da nisyə tikdirmişdilər. Rayon mərkəzi ilə onların kəndi Bəbirlinin arası iyirmi beş kilometr idi.
Dərzi bəylik kostyumunu Ceyhuna geyindirdi. Dərzi Məmmədhəsən doğrudan da yaxşı kostyum tikmişdi. Əlini yekə qarnının üstünə qoyub, domba gözlərini bir qədər də geniş açıb, kostyumun pulunu artırmaq üçün dedi:
-Qardaş oğlu, düz qırx ildir ki, bəylik kostyumu tikirəm. Amma atam Atababanın goru haqqı heç vaxt belə yaraşıqlı kostyum tikməmişəm. Bu kostyumu bazara çıxarsam, heç nə deməmiş, ən azından dörd yüz manat verib, götürəcəklər. Ona görə də otuz manat da əmiyə şirinlik üçün pul verəcəksən. Elədi üç yüz otuz manat.
-Məmmədhəsən əmi, təki toydan lazım olan qədər pul yığaq, lap üç yüz əlli manat verəcəm. Həqiqətən yaxşı tikibsən, - deyə Ceyhun forsla güzgüdə özünə baxdı.
-Qardaş oğlu, kostyumu soyunma. Elə bu yaraşıqlı kostyumda bayıra çıx. Bax, bu bazar ətrafında olan adamlar da, əsasən də cavan qızlar sənə baxıb, hayıl-mayıl olacaqlar. Bu kostyumda sən Həzrəti Yusifi oynayan aktyora oxşayırsın. Onun adı nədir?
-Bilmirəm.
-Hə, lap ona oxşayırsan. Saqqal da saxlasaydın hamı elə biləcəkdi ki o, kostyum tikdirmək üçün bura, bizim Xançobanlıya, Məmmədhəsən kişinin yanına gəlib. Atamın goru haqqı belə bir möcüzə olsaydı, adamlar kostyum tikdirmək üçün burada növbəyə düzülərdilər...
Məmmədhəsən özünün bu sözlərindən sonra domba gözlərini bir az da geniş açıb, dediyi sözlərə özü də inanıb, gözlərinin qarşısında həmin aktyoru və növbədə dayanıb, kostyum tikdirmək istəyən adamları canlandırıb, dərindən bir nəfəs aldı.
-Məmmədhəsən kişi, deyirsən yəni həmin aktyora oxşayıram,- deyə Ceyhun bir az da forsla böyük güzgünün qarşısında bir neçə formada şax dayanıb, özünə vurğunluqla baxmağa başladı.
-Dədəm Atababanın goru haqqı, elə bil fırt eləyib onun burnundan düşübsən. Dədələrimiz necə də yaxşı deyib ey: “ Gözəllik ondur, doqquzu dondur”. Bu donu da mənim kimi rayonda yek olan usta Məmmədhəsən tikib.
Bir də Ceyhuna diqqətlə baxıb, sözünə davam elədi: - Sən deyən kimi üç yüz əlli manat verəcəksən.
Ceyhun güzgünün qarşısında artıq özünü Həzrəti Yusif kimi təsəvvür elədi. Bir an bu sözləri beynində keçirdi: “Yəqin Allah elə ona görə də 44 günlük Vətən müharibəsinin odundan-alovundan məni sağ-salamat çıxarıb. Gərək toydan sonra saqqal saxlayam”...
O, köhnə paltarlarını “sellefon torbaya”a qoyub, dərzi sexindən çıxıb, forsla o tərəfə -bu tərəfə baxdı ki, görsün qızlardan kimsə ona baxır, ya yox. Bazar ətrafında heç bir qız gözə dəymirdi.
O, bir taksiyə minib dedi:
-Kişi, məni Bəbirliyə apar.
-Deyəsən bəyoğlansan, - deyə sürücü soruşdu.
-Hə, elədi.
-Bəyoğlan olduğuna görə səndən iyirmi manat pul alacam.
-Bəbirliyə taksinin qiyməti on manatdır.
-Bilirəm. Amma sən bəyoğlan olduğuna görə, on manat da dayıya şirinlik verərsən.
Maşın təzə, yaraşıqlı olduğuna görə Ceyhun da istəyirdi ki, belə yaraşıqlı maşınla kəndlərinə getsin və hamı da desin ki, “gör, Ceyhun necə yaraşıqlı maşınla kəndə gəlib”. Ona görə də dedi:
-Yaxşı, razıyam.
Maşına mindi. Üç yüz metr getməmişdilər ki, işıqforun yanında sol tərəfdən xarici markalı, çox bahalı bir maşın az qaldı ki, onları vurub, şil-küt eləsin. Çünki həmin maşın qırmızı işıqda yolu keçmək istəyirdi. Taksinin sürücüsü əgər cəld tərpənib, əyləci basıb maşını saxlamasaydı, həmin maşın Ceyhun tərəfdən maşını möhkəm əzəcəkdi. Yəqin ki, Ceyhun da bərk yaralanacaqdı. Hətta bilmək olmaz, ona daha böyük xətər dəyə bilərdi.
Bahalı maşının sürücüsü maşını düz onların qarşısında saxlayıb, maşından düşüb, söyə-söyə sürücüyə yaxınlaşıb, onun qapısını açdı, yaşlı kişini dartaraq bayıra çıxarıb, ona bir-iki şillə vurdu və yenə də söyməsini davam etdirdi. Bu vaxt hirs vurdu Ceyhunun başına. O da cəld maşından düşdü. Bu yekəpər oğlan birdən-birə Ceyhunun gözlərində dönüb oldu erməni. O, həmin yekəpər oğlana necə bir yumruq vurdusa, yekəpər tir-tap yerə sərələndi. Sonra da təpiklə onun ağzına, burnuna vurmağa başladı. Bu vaxt Yol polisi işçiləri ora yetişdi. Yerdə uzananın kim oduğunu gördükdə, üç-dörd polis işçisi Ceyhunu döyməyə başladılar.
-Aya, eşşək oğlu eşşək. Sən bilirsən kimi vurursan? Sənin zatına lənət! Bizi bu rayondan köçürmək, sürgün elətdirmək istəyirsən?,- polislərin yekəpəri onu söyməyə başladı, -Sənin hərçi-betərinə lənət. Tez bunun qollarını qandallayın.
Ceyhunun qollarını qandallayıb, polis maşınına basdılar. Tez də maşını sürüb getdilər. Sonra həmin yekəpər polis, yerdə sərələnmiş yekəpər oğlanı bir təhər ayağa qaldırıb dedi:
-Ağrıların mənə gəlsin, qağa. Köpək oğlu deyəsən sənə böyük xətər yetirib?
-Hanı o köpək oğlu,- deyə yekəpər oğlan Ceyhunu adamların arasından axtarmağa başladı.
-O köpək oğlunu polis idarəsinə apardılar.
-Hə. Gedib orada onun anasını ağladacam,- deyə yekəpər oğlan sevinclə maşınına doğru getdi.
... Artıq Bəbirliyə ildırım sürətilə yayıldı ki, Ceyhunu həbs eləyib, polis idarəsinə aparıblar. Polis rəisi Murtuz Ceyhunun onun oğlunu döydüyündən zəncir “çeynəyirdi”. Ceyhunu həm özü, həm polislərə, həm də oğluna döydürmüşdü. Ceyhunun sir-sifəti göm-göy idi. Bəylik kostyumu da cırıq-cırıq idi. Bu görkəmdə o, əsir düşərgəsindən çıxana oxşayırdı. Oğlunun ardınca gələn Sadıq kişiyə onu göstərmək istəmirdilər və biləndə ki, bu gün həm də Ceyhunun toyudur, Murtuz da əlini belinə qoyub, mal kimi bağıra-bağıra Sadıq kişiyə dedi:
-Axmaq kişi, çox tərbiyəsiz, şərəfsiz oğul böyüdübsən. Sənin oğlunu bir şərtlə buraxacağıq ki, on min dollar pul verəcəksən. Ya da bacdıracam gedəcək qoduğluğa. On il orda yatacaq!..
On min dollar pul sözünü eşidən Sadıq kişinin boğazı qurumuş, şəkəri vurub çıxmışdı kəllə-çarxa. Toyu bəysiz eləmək də mümkün deyildi. Sadıq kişi təkcə kənddə yox, rayonda biabır olardı. Adamların da çoxu toya gəlməzdi. Buradan da Sadıq kişi tam müflis olardı. Bundan sonra gərək o, bir kəndir alıb, özünü asıb öldürməliydi. Çünki bu biabırçılığa dözə bilməzdi. O, rəis Murtuza nə qədər yalvarsa da, kəndin ağsaqqaları xahiş-minnətə gəlsələr də, yekəqarın, həbəş sifətli Murtuz heç cürə razılaşmadı.
...Toyu bəysiz keçirdilər. Toy dönüb oldu yas. Amma Sadıq kişinin böyük oğlu Səbuhi atasına və hamıya səbr verib deyirdi:
-Dədə, bircə gün gözlə. Heç nə eləmə. Mən Bakıya gedib-qayıdım, sonra nə desən eləyərik.
-Bakıya niyə gedirsən?
-Bu sirdi. Bu sirri heç kimə deyə bilmərəm. Yoxsa bütün işlər korlana bilər.
O, sübh tezdən evdən çıxıb, Bakıya gəldi. İstəyirdi ki, özünü hər gün səhər saat on birdə həm televizya və həm də radio ilə eyni vaxtda canlı yayımlanan “Rəhbərə salam” verilişinə çatdırsın. Bu veriliş məmləkətdə ən populyar, baxımlı veriliş idi. Demək olar məmləkətin “məmə yeyənindən-pəpə yeyəninə kimi” hamı bu verilişə maraqla baxırdı. Hətta bu verilişdə çıxış etmək üçün adamlar aylarla xahiş-minnətlə siyahıya yazılırdılar. Axı məddahlara özlərini ölkə başçısına göstərmək və onu tərifləməkçün bundan yaxşı fürsət yox idi.
Səbuhini Radio və Televiziya Verilişləri Şirkətinin girişində çox maraqla qarşıladılar. Niyə gəldiyini soruşdular.
-“Rəhbərə salam” adlı şeirimi “Rəhbərə salam” adlı verilişdə söyləməyə gəlmişəm.
-Lap yaxşı, - deyə ağ saçlı, gözündə böyük eynək olan bir kişi dedi. Söyləyə bilərsən qulaq asım?
-Bəli. Əlbəttə.
Səbuhi ədəbiyyat müəllimlərinin uzun illər məktəb və rayon tədbirlərində dediyi şeiri, onun kimi yüksək pafosla söylədi.
Ağ saçlı kişi və orada olanlar onu möhkəm alqışladılar. Ağ saçlı kişi yaxınlaşıb, Səbuhini öpdü. O üzündən, bu üzündən duz kimi yaldı. Elə bil bir vaxtlar Mariyadan qanunsuz doğulan oğlu idi, indi durub, Rusiyadan atasını görməyə gəlmişdi.
-Bravo, bravo. Nə maraqlı şeirdi. Cavan olasan, rəhbərə belə dahiyanə şeir həsr edəsən. İlk dəfədir ki, belə dərin, çox mənalı, çox axıcı şeir yazanla rastlaşıram. Sən getdin qabağa. Tez gedək. Verilişin başlamasına az qalır. Sən bu şeiri elə bu gün söyləyəcəksən. Bu, böyük sensassiya olacaq. Bu tapıntıma görə elə yəqin bu gün məni də Radio və Televiziya Şirkətinin prezidenti qoyarlar. Çünki indikinin yerinə kadr axtarırlar. Burada məndən də yaxşı kadr yoxdur.
O, Səbuhinin qoluna girdi. Polislər böyük məhəbbətlə, hörmətlə həmin yaşlı kişi ilə Səbuhini veriliş zalına yola saldılar. Adamın gərək işini Allah düzəltsin. Sən demə bu yaşlı, balacaboy, başı daz, sifəti monqol sifətinə oxşayan eynəkli kişi bu verilişin baş redaktoru imiş. Səbuhini tez veriliş gedən studiyaya saldılar. Tez sir-sifətinə qrimyor əl gəzdirdi. Saçını səliqə ilə daradı. Əyninə təzə bir kostyum geyindirdilər. Səbuhu bu görkəmdə artıq özünü tanımırdı. Kameralar ona tuşlandı. Rejissorun işarəsi ilə operatorlar onu çəkməyə başladılar.
Səbuhi özünə uyğun səbrlə sözə başladı:
-Salam olsun xeyirxah, millətini dərin məhəbbətlə sevən ölkə başçımıza. Sizi deyib gəlmişəm, ey bizim böyük atamız. Bizim başımıza belə bir dəhşətli hadisə gəlib. Mən Xançobanlı rayonunun Bəbirli kəndindənəm. Adım Səbuhi, ləqəbim Səbirli, atamın adı Sadıq kişidir...
Beləliklə, Səbuhu başlarına gələn hadisəni səbrlə, axıra qədər danışdı...
Studiyada elə bil ki, birdən-birə hər şey dondu. Hamı donmuş bir vəziyyətə ona baxırdı. Amma heç kim bir addım da ona sarı gələ bilmirdi. Səbuhi bütün bunları görüb, tez studiyadan çıxdı, giriş qapısına gəldi. Çünki o, artıq hər şeyi demişdi. Deməli, Cin artıq küpənin içindən çıxmışdı...
Gördü ki, burada da bütün polislər donmuş vəziyyətdə qalıblar. O, cəld bayıra çıxıb, tez Şəhidlər Xiyabanına tərəf getdi. Oradan da cəld “İçərişəhər” metrosuna tərəf addımladı. Bu vaxt onun mobil telefonuna zəng gəldi. Atası Sadıq kişi idi.
-Eşidirəm, dədə.
-Sən hardasan, ay oğul?
-Telestudiyadan çıxıb, metroya tərəf gedirəm.
-Bilirsən nə baş verib?
-Nə baş verib?
-Ceyhunu indicə Polis rəisinin müavini öz maşınında evə gətirdi. On min dollar da mənə güclə də olsa pul verdi. Dedi ki, toyu bu gün də davam etdirmək lazımdı. Rayonun bütün rəhbərləri həmin toya gələcək. Bütün xərcləri də onlar çəkəcək. Polis rəisi yalvarır ki, ondan daha şikayət etməyək. On dəqiqənin içində ölkə başçısı əmr verib, rayon İcra Hakimiyyətinin başçısını, müavinlərini, baş prokuroru, onun müavinini, Polis rəisini, müavinlərini, Təhlükəsizlik Şöbəsinin rəisini, baş hakimi işdən çıxarıblar. Hamısına da cinayət işi başlanılıb. Rayonun bütün camaatı mərkəzi meydana yığışıb, bunu bayram edirlər. Hamı “Səbuhi, Səhubi” qışqırır. Camaat istəyir ki, bu rayonun rəhbəri sən olasan. Təcili rayona qayıt, oğlum. Rayonun bir neçə cavanı səni Avtovağzalda gözləyir. Onlar özləri səni rayona gətirəcəklər. Oğlum, qəşəng balam, yalvarıram tez rayona gəl.
Atası bu sözlərdən sonra telefonunu qapadı.
Səbuhi, ağ buludlarla örtülü göyə baxdı. Oradan ağ saçlı, ağsaqqal, uzun ağ xalat geymiş bir kişi gülər üzlə Səbuhiyə baxır və ona əl eləyirdi.
-Şükür Sənə, ey Böyük Yaradan. Bəs bizim rayonun rəhbərləri deyirlər ki, Sən yoxsan?..
Bu vaxt kimsə Səbuhinin qolundan dartmağa, “Səbuhi, Səbuhi”,- deməyə başladı.
Səbuhi hövlank yuxudan ayıldı. Key kimi qardaşı Ceyhuna baxmağa başladı.
-Əyə, qaqa, niyə yuxuda qışqırır, çapalayırdın?
Səbuhi üzünün, alnının tərini üstünə örtdüyü ağ parça ilə silməyə başladı.
-Çox qəribə yuxu görürdüm...
-Yuxu vaxtıdır? Biz səninlə dərziyə getməliyik. Bəylik kostyumumu götürməyə. Artıq saat on birdir. Bəs nə vaxt gedəcəyik?
-Ceyhun, səndən xahiş edirəm, dərzinin yanına getməyək. Məmməhəsən kişidən xahiş edək, kostyumu özü bizə gətirsin.
-Niyə,- deyə Ceyhun ona baxdı.
-Niyəsini toydan sonra, sabah deyərəm. Təki bu gün toyu sağ-salamat yola verək. Çünki mənim yuxumun düşər-düşməzi olar...
-Elə düz deyirsən. Biz rayon mərkəzinə gedəsi, kostyumu götürəsi, sonra kəndə gələsi, artıq üç-dörd saat keçəcək. Onda zəng vur, Məmməhəsən kişi özü kostyumu gətirsin,- deyə Ceyhun otaqdan çıxdı.
Səbuhi dərzinin telefon nömrəsini yığdıqca, bayaqkı yuxusunu heç cürə yaddan çıxara bilmirdi. Beynindən də bu fikir keçirdi: “Bəlkə elə mən həqiqətən “Rəhbərə salam” verilişinə gedim?”
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində 7-ci təlim keçirilib
“Diaspor Akademiyası-2” layihəsinin növbəti 7-ci təlimi baş tutub. Təlim “Diasporun imic və nüfuzu” adlı mövzuya həsr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına “İmic və nüfuz anlayışları”, “Diasporun imic və nüfuzunun özünəməxsus xüsusiyyətləri”, “Diasporun imic və nüfuzunun ölkənin obrazının formalaşdırılmasında rolu”, həmçinin “Diasporun imic və nüfuzunun formalaşdırılması və qorunması alətləri” və digər mövzular haqqında məlumat verib.
Təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında Kamil Qəhrəmanoğlunun “Bu gün qarğalar şeir oxudular” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Kamil Qəhrəmanoğludur.
Kamil Qəhrəmanoğlu
Xiyav
BU GÜN QARĞALAR ŞEİR OXUDULAR
Bu gün qarğalar şeir oxudular,
Qoxudular yer üzündə pendirləri
Oxudular şeiri qarğalar
Və qarladılar ağacları qarrr, qarrrr
Geyindilər yarpaqlar fəlsəfələri
Yedilər də gecəlikləri yavanlıqlarına...
Bu gün qarğalar şeir oxudular
Dilləri pəltək qarğalar
Öskürəyin beli sınmış qafiyəsində!
Sancağın qarasıl lakında
Və araba baxışında ağaclar hücumunda beləsi...
Şeirlərdən dəlisəl sellər
Sellərdən dəlisəl şeirlər
Ölülər mahnılarda uzanmışlar
Cəsədləri qar, qar, qarlar qarğalar
Yuxlayırlar dodaqlarında
Məsafəsiz yollar uçuşudur, qarğaların
Və küləkli kölgələr qanadları, beləsi.
Qarğalar şeir oxuyarlar gündə
Qoltuqlarında bir at yükü kitab
İki it hürüşü vəngilti
Sözləri düyün salırlar gözlərində
Ancaq günorta saat vaxtında
Adsız ölürlər qarğalar
Havasız kəlmələrdə
Sözsüz şeirlərdə
Və ləhləyir ağzımda
Bir...
İki...
Və... Əlli üç it balası...
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“Uğurun sizinçün nə olduğunu anlayın!” – UORREN BAFFET
Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 qaydadan ibarət “Uğur qazanmaq qaydası” təliminin 12 qaydası ilə sizləri tanış etmişdik. Bu gün sizlərə son qaydanı təqdim edəcəyik.
Qayda 13
Uğurun sizinçün nə olduğunu anlayın!
«Şəxsən mənim üçün uğur qazandığım pulun miqdarı deyil, məşğul olduğum işi necə sevməyimdir! Öz işindən tüklərin biz-biz durana qədər misilsiz həzz ala bilirsənsə, bax bu, əsil uğurdur».
Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Qayda 7
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Qayda 8
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
Qayda 9
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
Qayda 10
Qətiyyətli olun!
«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».
Qayda 11
Çökən müəssisədən vaxtında çıxmağa çalışın!
«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».
Qyda 12
Həmişə hər şeyin perspektivinə diqqət edin
«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».
“Ədəbiyyat və incəsənət”
(14.01.2024)
Yenə zülm. Yenə zorakılıq. Yenə əziyyət - ALMAS İLDIRIMIN ANIM GÜNÜDÜR
İnci Məmmədzadə
Bu dəfə sizə varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmiş Almas İldırımdan söhbət açacam. Tale elə gətirir ki, sonradan o ölkədən də xaric olunur…
Almas İldırım 1907-ci il mart ayının 25-də
Bakının Qala kəndində anadan olub.
1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir NKVD agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A. İldırım ideolojimiz üçün zərərli bir insandır…". Bundan sonra Türkmənistanda qalmaq onun üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar, dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilmir və çox yoxsul, acınacaqlı həyat sürür.
Burada qala bilməyib tezliklə Türkiyəyə gedir və 1934-cü ildə qardaş ölkənin vətəndaşlığına qəbul edilir. O, burada katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.
Vətən həsrəti, qəribliyin hüznü onun demək olar ki, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir. O, Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır.
1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verir, onların dərhal yığışdırılmasını təklif edib. 1954-cü il oktyabrın 9-da qəbul edilmiş qərara əsasən aralarında Almas İldırımın da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılır…
Kitabları:
1. Seçilmiş əsərləri
2. Qara dastan (şeir və poemalar)
3. Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev
4. Azərbaycan mahnıları
5. Азербайджан; До свидания, Баку! (стихи) (Авторский перевод А. Фересетели). "Молодёжь Азербайджана", 1993, 14–24 апреля.
6. Прощай Баку!; Азербайджан (стихи) (Перевод В. Кафарова). "Баку", 1993, 20 июля.
7. Что было?; Не вернулся (стихи) (Авторизованный пер. А. Манафова). "Молодёжь Азербайджана", 1994, 31 декабря.
Bəli. Bu gün onun anım günüdür.
Və yetər ki, onun dillər əzbəri olan bir şeirini paylaşaq:
ƏSİR AZƏRBAYCANIM
Nerdə məni gül
qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran,
Azərbaycan mənim
baxtsız anam, oy,
Neçə bir il həsrətinlə yanam, oy!..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa, oy!..
Hökm etsə, bu sərsəm gediş
dursa, oy!..
Xəbər alsam Muğanımdan,
Milimdən,
Nazlı Bakım, o neft qoxan
gülümdən,
Kim demiş ki, düşmüş adı
dilimdən,
Azərbaycan, mənim eşsiz
yurdum, oy!..
Ölməz eşqim,
içimdəki dərdim, oy!
Könlümə tək Kəbə yapdım
səni mən,
Sənsiz nedəm qurbət eldə
günü mən,
Sənsiz nedəm Allahı mən,
dini mən,
Azərbaycan, mənim tacım,
taxtım, oy!
Oyanmazmı kor olası
baxtım, oy?!.
Allah rəhmət eləsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
Oleq Kuzin: “Bakıya gəlmək bizi ölümdən qurtardı…”
Nigar Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün
Müsahibimiz, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutunun sosial texnologiyalar fakültəsinin dekanı Oleq Sergeyeviç Kuzindir.
Rusiyanın Əməkdar jurnalisti, siyasi elmlər namizədi, professor Oleq Kuzin hələ “Tribuna” qəzetinin baş redaktoru olarkən bütün qəlbi və düçüncəsi ilə xalqımıza qarşı gözəl münasibəti, doğma Bakımıza bağlılığı ilə tanınırdı. O, Azərbaycan həqiqətlərinə, Qarabağ probleminə heç zaman laqeyd qalmayıb, beynəlxalq tədbirlər zamanı regionunun inkişafının məhz bu münaqişənin həllindən asılı olduğunu dəfələrlər dilə gətirmişdir. Əslində Oleq Kuzini ölkəmizlə sadəcə jurnalist fəaliyyəti bağlamır, onun Azərbaycanla, Bakı ilə bağlı maraqlı xatirələri var. Məhz buna görə də biz, onunla həmsöhbət olduq.
-Oleq Sergeyeviç, Azərbaycana ilk səfəriniz, doğma Bakımızla bağlı xatirələrinizi sizin dilinizdən eşitmək istərdik. Bir jurnalist olaraq dünyanın çox ölkələrinə səfərlər etmisiniz, amma məhz bizim ölkəyə xüsusi münasibətinizin olması həmişə hiss olunub. Bu, nədən qaynaqlanır?
-Mənim Azərbaycanla, Bakı ilə tanışlığımın tarixçəsi uzun illər əvvələ təsadüf edir. Təxminən 20 il “Leninqradskaya pravda” və “Sankt-Peterburqskie vedomosti” qəzetlərinin baş redaktoru kimi çoxillik təcrübəmi nəzərə alaraq, “Tribuna” qəzetinə rəhbərlik etmək mənə həvalə olundu. O zamanlar “Tribuna” qəzeti Azərbaycanla sıx bağlı mətbu nəşri hesab olunurdu. Təsadüfi deyil ki, ölkənizin rəhbərləri haqqında iki kitabın müəllif olan Viktor Andriyanov bizim redaksiyada işləyirdi. Bu kitablardan birincisi böyük siyasi xadim və məşhur dövlət xadimi Heydər Əliyev haqqındadır. “Görkəmli adamların həyatı” seriyasından olan bu kitab bir neçə xarici dilə tərcümə olunub və həmin ölkələrdə də maraqla oxunur.
İkinci kitab Azərbaycanın indiki Prezidenti cənab İlham Əliyev haqqındadır. Yadımdadır, dahi şəxsiyyət Heydər Əliyevlə bağlı məlumatların toplanılmasında Viktor Andriyanova tanımış yazıçı, dramaturq, uzun illər Millət vəkili olmuş, çox vətənpərvər insan Hüseynbala Mirələmov kömək edirdi. O, Heydər Əliyevin Moskvadakı xidmət illəri ilə bağlı kifayət qədər ciddi məlumatlara sahib idi. Üstəlik, rus dilini də yüksək səviyyədə bilirdi. Elə Hüseynbala Mirələmovla da məni Viktor İvanoviç tanış etmişdir. Bəstəboy, bir az kök, lakin çox çevik olan Mirələmov elə ilk gündən məndə xoş təəssürat bağışladı. Elə o vaxtdan aramızda müəyyən qardaşlıq, doğmalıq yarandı və bir-birimizi tez başa düşdük. Kitab isə 2005-ci ildə işıq üzü gördü. Hətta sonradan bir neçə xarici dilə tərcümə olundu. Bir ildən sonra “Görkəmli adamların həyatı” seriyasından Prezident , cənab İlham Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında kitablar üzərində iş başladı. Beləcə, bizim Mirələmovla dostluğumuz, Bakı ilə əlaqələrimiz da da möhkəmləndi, genişləndi.
-Bakıya ilk səfərinizi necə xatırlayırsınız?
-Bəlkə də təəccüblənəcəksiniz, amma Bakıya ilk səfərim də Hüseynbala müəllimin sayəsində baş tutub. Məhz bu səfər məni və həyat yoldaşımı böyük faciədən xilas edib. 2009-cu ilin noyabrında Hüseynbala müəllim “Yedinaya Rossiya" partiyasının 10-cu qurultayına dəvət edilmişdi və xarici qonaq kimi Moskvaya gəlmişdi. Sankt-Peterburqa getməzdən əvvəl ənənəvi olaraq Moskvaya gəlib, məni Bakıya dəvət etdi. Yadımdadır, mən razılaşmırdım, çünki noyabrın sonunda həyat yoldaşımın ad günü idi və ailə arasında qeyd etməyi planlaşdırmışdıq. Lakin o israrla bildirdi ki, tez evə zəng elə, yoldaşını razı sal, ad gününü Bakıda qeyd edək. Mən onun yanında həyat yoldaşıma zəng etdim. Düzünü desəm, razılaşmayacağını düşünürdüm. Amma o, eşidən kimi təklifi bəyəndi. Həyatında heç vaxt Azərbaycanda olmamışdı və sevinərək Bakı ilə tanış olmaq istədiyini məmnuniyyətlə bildirdi. Beləcə, noyabrın 27-də Bakıya yola çıxdıq.
- Bir az əvvəlki söhbətimiz vaxtı Bakıya gəlməklə böyük faciədən xilas olduğunuzu qeyd etdiniz. Siz, hansı faciəni nəzərdə tutursunuz?
-Dediyim kimi, Azərbaycana səfərimiz qəfil və plansız oldu. Əslində Bakıya gəldiyimiz gün biz Sankt-Peterburqa yola düşməli idik. Biletlərimiz də alınmışdı. Amma tale elə gətirdi ki, həmin gün Bakıya səfər etməli olduq. Gecə otelə çatanda çox yorğun idik. Yeməyimizi yeyib yatdıq. Səhər yuxudan oyananda eşitdiyimiz xəbərdən çox sarsıldıq. Sən demə, biz yolda olarkən "Nevski Ekspres" qatarında terror aktı törədilib və xeyli sayda insan həlak olub. Bu, bizim Sankt-Peterburqa bilet aldığımız qatar idi. Təsəvvür edirsiniz?! O qatara minsəydik, həyat yoldaşımla qeyd edəcəyimiz sonuncu doğum günü olacaqdı. Həyatını itirənlər arasında yaxından tanıdığım insanlar da var idi. Həmin gün telefonlarımız susmadı. Tanışlar, qohumlar bizim terrorun qurbanı olduğumuzu düşünüb sarsılmışdılar. Bax beləcə, Hüseynbala Mirələmov özü də bilmədən həmin gün iki insanın həyatını xilas etdi. Elə həmin vaxtdan hər il Svetlana xanımın doğum gününü həm də mənim ikinci doğum günüm kimi qeyd edirik. Alın yazısı ilə bağlı sizin həmyerliniz olan Əbu Turxanın belə bir maraqlı aforizmi var: “Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir”. Deməli, Böyük Yaradan bizə də bu şansı verdi ki, yaşayaq (Gülümsünür). Bu hadisədən sonra Hüseynbala Mirələmov mənim üçün əsl qardaşa, Bakı isə doğma şəhərə çevrildi. Təsəvvür edin ki, 2025-ci ilin iyununda Hüseynbala qardaşımın yubileyində iştirak etmək üçün artıq indidən məzuniyyətə çıxmağı nəzərdə tutmuşam (Yenidən gülümsünür).
- Çox güman ki, Bakını sizə sevdirən təkcə bu hadisə deyil...
- Əlbəttə. Bakıya ilk səfərimizdə təyyarədən düşən andan ancaq qonaqpərvər, gülərüz insanlarla rastlaşdıq. Kimin qonağı olurduqsa, yedirib-içirtməmiş bizə getməyə icazə vermirdilər. Qonağa bu qədər olan sayğı göstərilməsi məni sözün yaxşı mənasında təəccübləndirmişdi. Ümumiyyətlə, Bakıda olmaq mənim xoşuma gəlir. Ona görə ki, mən sizin şəhərinizi sevirəm, burada məni böyük dost kimi qəbul edirlər. Bakı sakinləri açıqürəkli olurlar, həmişə yaxşılıq etməyə hazırdırlar. Ümumiyyətlə, sizin millət başqa millətlərə nisbətən daha çox dostcanlıdır. Bu da yəqin ondan irəli gəlir ki, sizin millətin dostla bağlı çoxlu atalar sözləri, aforizmləri var. Bax, elə sizin millətin dostla bağlı bu atalar məsələləri hansı millətdə var?: “Dost-dosta tən gərək, tən olmasa gen gərək. Dost-dosta yaman gündə gərəkdir. Dost, dar gündə tanınan. Dost, ziyankar olmaz, ziyankar da dost ola bilməz”. Ümumiyyətlə, sizin millətin həm qədim tarixi və həm də çox qədim şifahi və yazılı xalq ədəbiyyatı var. Bütün bunlar da sizin millətin çox qədim olduğuna tutarlı bir sübutdur.
Sakinləri kimi Bakı özü də “qonaqpərvər”dir, celbedicidir. Burada özümü qərib kimi hiss etmirəm…
Çox böyük şəhər olmamasına baxmayaraq, gəzməli-görməli yerləri saymaqla bitmir. Şəhərin bir başı səni orta əsrlərə aparıb çıxardığı halda digər tərəfi Avropanın inkişaf etmiş şəhərlərini xatırladır. Zamanla Bakının necə gözəlləşdiyini müşahidə etmək çox xoşdur. Elə səfərimiz olmur ki, Dənizkənarı Milli Parkda gəzib-dolaşmayaq. Bakı bulvarı sanki gözümüzün önündə böyüdü. Bir zamanlar bir saata gəzib bitirdiyimiz Bakı bulvarının indi bir başından digər başına getmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Hər dəfə Bakıya gəldikdə, mütləq İçərişəhərə də baş çəkirik. Eyni mənzərəni yenidən görməkdən qətiyyən bezmirik. Orada hər şey tarixlə nəfəs alır. Kiçik suvenir dükanlarına, milli ornamentlərlə dizayn olunmuş restoranlara daxil olanda adamın ürəyi açılır. Dünyanın bir çox yerlərində olsam da, Bakı məndə xoş təəssürat yaradan tək-tük şəhərlərdəndir.
-Əminəm ki, milli yeməklərimizi də bəyənmisiniz...
- Məgər buna şübhə etmək olarmı? Sizin millətin qədim yeməkləri olan lülə kababını, yarpaq dolmasını, plovu necə bəyənməmək olar? Nəvəm Bakıya gedəndə gecə-gündüz ancaq “kotlet” adlandırdığı lülə kababı yeyir.
Bilmək olmaz, bəlkə böyüdükdən sonra birdəfəlik Bakıya köçdü... ( Gülümsünür.)
Eşitsəniz təəccüblənməyin. Artıq evdə bu barədə müzakirələr başlayıb. Ölkənizi o qədər sevir ki, məktəbi bitirdikdən sonra beynəlxalq münasibətlər fakültəsini seçdi, türk dilini öyrənməyə başladı. Nəvəmin ən böyük arzusu diplomat kimi məhz Azərbaycanda işləməkdir. Onun bütün kurs işlərinin, hətta diplom işinin mövzusu da Azərbaycanın xarici siyasəti ilə bağlıdır.
Xarici siyasət demişkən, Azərbaycan indi bütün dünyada mustəqil siyasəti olan bir dovlət kimi tanınır, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Elə keçən ilin sonunda keçirilən COP 29 beynəlxalq tədbiri buna tam sübutdur.
Ən çox maraq doğuran da bu nüfuzlu tədbirlərin həm idman, həm mədəniyyət, həm din, həm siyasətlə bağlı olmasıdır. 2024-cü ilin sonunda Bakıda "Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq" adlı mədəniyyət və maarifləndirmə layihəsi, Səkkizinci Beynəlxalq Bank Forumu və xüsusilə bir daha vurğulamaq istədiyim BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Bu tədbirdə 200 ölkədən 80 minə yaxın insan iştirak etdi. Həmçinin, sentyabr ayında Bakıda “Formula 1” Dünya Çempionatının 17-ci mərhələsi keçirildi. Bütün bunlar sübut edir ki, cəmi on bir milyondan bir qədər çox əhalisi olan Azərərbaycan dünyanın ən aparıcı, əhalisi 70-80 milyondan çox olan ölkələrilə bütün bu sahələrdə böyük rəqabət aparır. Bu da sizin məmləkətin ən böyük uğurudur. Mən, bir ziyalı və çoxlu xarici ölkələrdə olan insan kimi deyirəm: “Sizin məmləkətin böyük gələcəyinə çox inananıram”.
-Hörmətli Oleq Sergeyeviç Kuzin, müsahibə üçün sizə təşəkkür edirəm və ümidvaram ki, yenidən görüşəcəyik. Çünki elə bu il Azərbaycanı daha böyük uğurlar və Qarabağa daha böyük qayıdışlar gözləyir. Təki sağlıq və əmin-amanlıq olsun.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)
“Çox vaxt yaxşı əsər də eybəcər mənəviyyatı dəyişdirə bilmir” - YARADICILIQ EMALATXANASINDA
Bu dəfə "Ədəbiyyat və İncəsənət" portalının "Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olan Gədəbəydə dünyaya göz açan, AYB-nin üzvü, yazıçı-publisist, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Pərvanə Bayramqızıdır.
-Xoş gördük, əziz Pərvanə xanım. Sizin kitablara, ədəbiyyata olan sonsuz sevginizi bilirik. Pərvanə xanım, düşüncə tərziniz, həyata baxış bucağınız məqalələrinizdən hiss olunur. Bir şeirinizdə:
Şeir də köhnələrmiş...
Birnəfəsə geyinilən nimdaş
paltarlar kimi
şeir dəbdən düşərmiş.
Köhnəlmiş paltarları
alırsan bir-bir ələ,
bəyənmirsən, atırsan.
Bəzən bəxşiş verirsən,
bəzən ucuz satırsan,
Şeirisə satmaq olmur.
Nə qədər incisən də
övladı atmaq olmur.
– kimi maraqlı misralar yazmısınız. Pərvanə xanım üçün poeziya nədir?
–Sualınız şeir haqqında yazdığım silsilə yazılarımı xatırlatdı. Poeziyaya dərindən bağlıyam. Çox şeir oxuyuram. Sevdiyim şeirləri dostlarla, oxucularla da paylaşıram. Mətnlərimdən birindən bir neçə fikri qeyd edəcəm, sualınıza aydın cavab olacaq.
“Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir, içindəki təlatümləri parçalayıb havaya buraxır. Susayanda birnəfəsə başına çəkdiyin su kimi yanan ürəyinə sərinlik gətirir. Bəzən ağlayanda gözünü silən, təsəlli verən mehriban dosta da çevrilə bilir”.
Şeirə bundan artıq necə münasibət bəsləmək olar?
– Gənclərin nə üçün kitaba olan maraqları azalıb? Bunu müasir texnologiya ilə əlaqələndirə bilərikmi?
–Cavab sualınızda var. Hazır informasiyalar (internetin “rahathülqum” məlumatları) gəncləri tənbəlləşdirib, kitabdan uzaqlaşdırır.
– Pərvanə xanım hansı əsərin obrazı olmaq istəyib?
–O əsəri özüm yazacam.
–Güclü ruha sahib olanlar dürüst, sadiq və insanlığı yüksək qiymətləndirənlərdir. Niyə bəziləri bu keyfiyyətə malik ola bilmirlər?
–Yaranış bu cürdür. Xeyirlə şər qoşa gedir. Keyfiyyətcə zənginləşməyin yolu kitablardan keçir, təəssüf ki, çox vaxt yaxşı əsər də eybəcər mənəviyyatı dəyişdirə bilmir. Daxili dünyası ali keyfiyyətlərlə zəngin olanlar rahat yaşayır, gözütox olurlar. Başqasının uğuru onları sevindirir. Yoxsul mənəviyyatlılarda əksinə olurlar. Kasadlıqlarının nədə olduğunu təyin edə bilmədiklərindən günahı yaxşı insanlarda görür, onları incidirlər.
–Sizdən elə bu an üçün şeir söyləmənizi rica etsək, hansı şeiri dinləyərik?
–Əgər öz şeirlərimi nəzərinizdə tutursunuzsa, bundan qaçıram. Şeir yazmaq cavanlıqda etdiyim səhv idi, ötüb keçdi. Başqalarından istəyirsinizsə, buyurun:
Vaxtında gəlmədin...
mən məndim onda;
Qanadım yerində,
qolum yerində...
Vaxtında gəlmədin. Bir çıxaq yola,
Bir gedək bir ömrün sonuna kimi.
Yollarda yorulaq, yolları yoraq,
Qəlbimiz baş-başa sönənə kimi.
Danışsaq çıxacaq dərd bir-bir üzə,
Qəlbimiz külü boz külqabı kimi.
Biz indi gərəyik bir-birimizə
Gərəksiz nəsihət kitabı kimi.
Səni kim yolladı ömrümə qonşu,
Qayıt, cəhlimini, yolumdan ayır.
Mən indi yol azan bir səhra quşu,
Səsim də, sözüm də sözə baxmayır...
Vaxtında gəlmədin...
Vaxt köhlən atdı!
Vaxtında yalına yatanlar udur,
Yer göyə tulladı, göy yerə atdı,
Budur gecikənin töhfəsi, budur!
Məmməd Arazın şeiridir.
– Gənclərə hansı kitabları oxumağı tövsiyə edərdiniz?
–Zövq məsələsidir, ola bilsin, mən sevdiyim kitabları bir başqası istəməsin. Amma elə kitablar var ki, onu hər kəs oxusa həm özünə, həm də cəmiyyətə faydası olar. İnsani hisslərin baş qaldırması, mükəmməl yetişmək üçün humanist duyğular aşılayan əsərləri tövsiyə edirəm. “Oğurlanan şamdanlar, “dirilən adamlar” adlı mətnim var, bütövlükdə bu mövzudadır. Hansı əsərləri məsləhət görəcəyim mütaliəsevərlərə maraqlıdırsa, “Ulduz” jurnalının 2025-ci ilin yanvar buraxılışını gözləsinlər.
– Çağdaş Ədəbiyyatımızda hansı yazarların yaradıcılığını izləyirsiniz, ad çəkə bilərsinizmi?
–Xalqımızın taleyindən canıyananlıqla yazan kim olsa oxuyuram. Təki millətini ələ salmasın, dərdlərinə dərman ola bilsinlər. Amma millətin qüsurlarını ört-basdır etməklə də heç nəyə nail ola bilmərik. Konkret ad çəkməyə gəlincə, Şərif Ağayarı ardıcıllıqla oxumuşam. Bir də sanballı roman müəllifi kimi Sadıq Qarayevin adını çəkə bilirəm.
–M. Fales söyləyib ki, özünü tanımaq çətindir, başqasına ağıl vermək isə asandır". Pərvanə xanım bu ifadəyə necə rəy bildirər?
–Özümü yaxşı tanıyıram. Nəyi edə biləcəyimi, nədən uzaq duracağımı dəqiq bilirəm. Bilirəm ki, şirnikləşdirici heç nə ilə əqidəmdən dönmərəm, təkcə sevgiyə yenilərəm. Həyatda indiyədək heç kəsin işinə qarışıb ağıl öyrətməmişəm. Buna bənzər hal yalnız yazılarımda olur. O da ağıl vermək iddiasından deyil, insanlara yaxşı tərəfdən təsir etmək niyyətimdən irəli gəlir.
--İndi ki, öz şeirlərinizdən oxumadınız, qoyun mən oxuyum:
Dağ deyilsən, sən xırdaca təpəsən.
Yox zirvəndə tülə bənzər duman, çən.
Qəribədir, ay vəfasız, bəs görən,
Hansı dağın dumanında azmışam?
Gözdən axan yaşlar mavi gölümdü.
Niyə onun saf suları bölündü?
Bu məhəbbət mənim üçün ölümdü…
Öz qəbrimi əllərimlə qazmışam.
Küsdüm bəxtdən eşitdikcə dilini
İtirmişəm ömrümün çox ilini.
Sızıldatdın ürəyimin telini
Qəm üstündə köklənən bir sazmışam.
Dərd gözləyir məni hələ qabaqda.
Öləziyir ömrümdəki çıraq da
Yan-yörəmdə hamı gülən bir çağda
Mən kədəri uda-uda yazmışam.
( Pərvanə Bayramqızı)
Əziz Pərvanə xanım, "Sevgi nədir?" – sualı əsrlərə yol gələn və hər kəsin elə qəlbini ələ verən sualdır, deyilmi? Elə Siz də söyləyin, nədir axı bu sevgi?
–Sevginin mücərrəd anlayışlar sırasına aid edilməsini qəbul edə bilmirəm. Sevgi konkretdir. Yeniyetmə vaxtlarımda “Mən sevgini görürəm” adlı şeir yazmışdım. Bəlkə də, poeziya nümunəsindən çox israr idi. Sevgini görmək olur. Bu təkcə duyğudan ibarət deyil. Bir-birini sevən adamları tez tanıyırıq. Görürük ki, biri digərini görməyə can atır, görəndə sevinir, ondan uzaqda darıxır. Onların daxilindəki hisslər özlərinin bildiyi, rəftarları isə bizim gördüklərimizdir. Sevgi özünü unudub başqası olmaqdır. Sevgi könüllü könülsüz qalmaqdır. Yəni qəlbini xoşluqla başqasına verirsən.
–Dəyərli Pərvanə xanım, pozitiv enerjiniz, gözəl düşüncəniz, təxəyyülünüz hüzur vermə qabiliyyətinə malikdir. Zamanınızdan rubrikamıza pay verdiyiniz üçün Sizə minnətdarıq!
–Diqqətinizə, ruhlandırıcı fikirlərinizə görə mən də sizə təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)