Super User
BİZİM KİNO - "Onun bəlalı sevgisi"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Boşanmış qadın və subay oğlan sevgisi... Bütün zamanların qlobal problemi.
“Onun bəlalı sevgisi” Bayram Bayramovun “Bəlalı Sevgi” romanı əsasında 1980-cı ildə çəkilib. Film maraqlı bir səhnə ilə başlayır. Avtomobil idarə edən Şövkət işıqforda dayanıb, yaşıl işığın yanmasını gözləyir, yanında dayanan avtomobilin içində olan kişilər ona baxıb nəsə danışır...
Aradan 42 il keçib və bu epizod bu gün də yollarda baş verir... Hiss olunur ki, aradan illər keçməsinə baxmayaraq, Azərbaycan kişisinin təfəkküründə heç bir irəliləyiş olmayıb.
Filmdə tələbə Bəhruz diplom işi üçün istehsalat psixologiyası mövzusunu seçir və buna görə də tikiş fabrikində katib kimi işləməyə başlayır. Bir müddət çalışdıqdan sonra Bəhruz məhsulun aşağı keyfiyyətdə olmasını müəyyən edir. Buna səbəb isə işin düzgün aparılmamasıdır.
İş prosesində Bəhruz, gözəl direktor Şövkətə aşiq olur... Filmdə yer almış mahnılar da ürəkoxşayandır.
Bir ötən sevgini unuda bilsəm,
Könülümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına qayıda bilsəm,
Bağışla, bağışla, məni bağışla.
Bəzən olur, yeni tanış olduğun insanı sanki illərdir ki, tanıyırsan. Şövkət də Bəhruza bu hissi yaşadır. “Hərdən mənə elə gəlir ki, Sizi illərdir tanıyıram” deyir . Əslində belə idi, Şövkət gənc yaşlarında Bəhruzgilin məhəlləsində olan xalasıgilə gəlirmiş. Uzun hörükləri olan Şövkət, Bəhruzun elə o zamanlardan xoşuna gəlirmiş. Hər günün bir hökmü var...
Filmdə görünür ki, qadınlar hələ o dövrdə də lider ruhlu olublar. Şövkət boşandıqdan sonra tikiş fabrikində direktor vəzifəsində çalışır. Rəhbər ruhu onu Bəhruzla getdiyi restoranda da buraxmır. Yeməkləri o sifariş edib ofisiantdan tez gətirməsini tələb edir. Bəhruz isə alışmayıb Şövkətin bu davranışına, onun qadın kimi davranmasını arzulayır.
Romantik bir yemək əsnasında digər masalardan bir kişi onların masasına yaxınlaşıb söz atır:
“Şövkət sənmisən, aya günə dönmüsən, deyirlər vəzifəni böyüdüblər”.
Şövkət isə “düz deyirlər” deyib yeməyinə davam edir. Bu, Şövkətin keçmiş həyat yoldaşının dostlarından biri idi.
Şövkət tələbəlik illərində sevdiyi ilə ailə həyat qursa da, evliliyi heç 3 ay davam etmir.
Bir gün Bəhruz sevgisini etiraf edir... Şövkət bu sevgini qəbul etməkdə tərəddüd edir. Boşanmış olduğunu deyir. Amma Şövkətin boşanmış olması Bəhruz üçün problem deyil. O, Şövkəti təmiz hisslərlə sevir...
Bəhruz işlədiyi müddətdə Şövkətin səhvlərini də görür. Ancaq bu səhvləri qəbul etmək istəmir Şövkət. Amma sonda qalib gələn Bəhruzun sevgisi olur. Şövkət də qəbul edir bu sevgini...
Bütün dövrlərdə kişilər müstəqil qadınlarla münaqişədə olub. Bu, həqiqətən belədir: güclüsənsə, ayaq üstündə dura bilirsənsə, heç kimə möhtac deyilsənsə, mütləq əlindən heç nə gəlməyənlər səninlə mübarizə aparır. Səni aşağılamağa çalışır, əlindən gələni edir ki, səhvə yol verəsən...
Filmdə də Qaraxanovla Əjdər Sabiroviç, Şövkətin büdrəməsi üçün çalışır... Amma Bəhruz, Şövkətin büdrəməsinin qarşısını ala bilir. Sonda sevgi qələbə çalır...
Ümumiyyətlə, Azərbaycan kinoları arasında “Onun bəlalı sevgisi” filmi bir qədər müasirliyi ilə fərqlənir. Sanki film bu günlə dünənin sintezidir...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Milli kimlik və ədəbi dil: Gəncliyin məsuliyyəti
Rəqsanə Babayeva, rejissor, yazıçı, “Ədəbiyyat və İncəsənət” üçün
Azərbaycan xalqının minillik tarixi, zəngin mədəniyyəti, poeziya və nəsr ənənəsi bir mərkəzdə – ana dilimizdə toplanır. Bu dil bizim milli varlığımızın sütunu, kimliyimizin mayası, düşüncəmizin ifadə vasitəsidir. Lakin bu gün sürətlə dəyişən informasiya axınında, virtual dünyanın hökm sürdüyü bir çağda ana dilimizin – xüsusilə də onun ədəbi qatının – qorunması ciddi bir ictimai məsuliyyətə çevrilib. Və bu məsuliyyətin ən mühüm daşıyıcısı gənclikdir.
Dil yalnız vasitə deyil, dünyagörüşüdür
İnsanın ana dilində danışması, yazması və düşünməsi, onun sadəcə kommunikasiya ehtiyacını deyil, daxili dünyasını, mənəvi dayağını da formalaşdırır. Ədəbi dil – sadəcə gözəl ifadələr toplusu deyil, bir xalqın öz-özünü necə tanıdığını, necə başa düşdüyünü və necə yaşadığını göstərən güzgüdür.
Lakin son illərdə – xüsusən sosial şəbəkələrin və xarici mədəni təsirlərin güclənməsi ilə – ədəbi dildən uzaqlaşma, qarışıq və təhrif olunmuş nitq formalarının yayılması artıq adi hala çevrilib. “Like”, “story”, “vibe”, “xətrinə getməsin də”, “o qədər də yox eee” kimi ifadələr – nə danışıq, nə də yazı dili baxımından sağlam bir mənzərə yaratmır. Bu isə artıq fərdi seçim yox, milli məsuliyyət məsələsidir.
Ədəbi dildən uzaqlaşma: səbəblər və nəticələr
Bugünkü gəncliyin bir hissəsi dilə bəzən “əngəl” kimi baxır. Onlar üçün “sadə və sürətli” olan daha münasibdir. Lakin unutmaq olmaz ki, sadəlik və səviyyəsizlik eyni şey deyil. Sadə danışmaq olar, amma ana dilinin qaydalarını qoruyaraq. Təəssüf ki, bu məqamda həm ailə, həm məktəb, həm də media üzərinə düşən vəzifəni tam yerinə yetirmir.
Məktəblərdə bəzən ədəbi dilin tədrisi quru qrammatika çərçivəsində qalır. Gənclərə dilin ruhu deyil, strukturu öyrədilir. Halbuki ədəbi dilin gücünü dərk etmək üçün Nizaminin, Füzulinin, Səməd Vurğunun misraları öyrənilməli, onların içindəki fikir zənginliyi hiss edilməlidir.
Sosial şəbəkələr və dilin deformasiyası
Sosial platformalar bir tərəfdən gənclərə öz fikirlərini ifadə etmək imkanı verirsə də, digər tərəfdən yazı və nitq keyfiyyətini ciddi şəkildə zədələyir. Emojilər, abbreviaturalar, səs uydurmaları (məsələn: “ştt”, “ufff”, “omg”, “awwww”) dilin axıcılığına və ədəbi-estetik gücünə zərbə vurur.
Bu problem yalnız estetik məsələ deyil – şəxsiyyətin formalaşmasına da birbaşa təsir göstərir. Dil bərbad olduqca düşüncə də səthi və qarmaqarışıq olur. Özünü doğru ifadə edə bilməyən bir gənc, zamanla nə hiss etdiyini, nə də nə istədiyini anlayacaq qədər dəqiq düşünə bilmir.
Ədəbiyyat yenidən gəncliyin içində yaşamalıdır
Bəs bu mənzərəni necə dəyişmək olar? Çarə təkcə qadağada deyil. Əsl çıxış yolu – ədəbi dili sevdirən müasir vasitələr yaratmaqdır. Gənclərin ruhuna toxunan romanlar, serial ssenariləri, tamaşalar və YouTube formatlı qısa monoloqlar yaradılmalıdır ki, gənclər bu dildə danışmaq istəsin.
Bu yolda dövlətin dəstəyi şərtdir, amma mədəniyyət xadimlərinin, yazıçı və rejissorların, müəllimlərin və valideynlərin birgə məsuliyyəti daha önəmlidir. Ədəbi dil mühazirələrlə deyil, həyatın içində yaşadıqca qorunur.
Gələcək dili qoruyanların olacaq
Bugünün gənci sosial şəbəkədə necə yazırsa, sabah elə də yazıçı olacaq. Bugün ana dili ilə məsafəli olan sabah nə parlamentdə, nə mətbuatda, nə də səhnədə özünü ifadə edə bilməyəcək. Millət – dili ilə var olur. Dil getdikcə – millət də sönür.
Tarix sübut edir: sözü güclü olan xalqın özü də güclü olur. Odur ki, bu gün gənclərə veriləcək ən dəyərli miras – var-dövlət deyil, ədəbi dildə danışma, yazma və düşünmə mədəniyyətidir.
Əgər gənclik bu məsuliyyəti dərk edərsə, ana dilimiz təkcə keçmişin yadigarı deyil, gələcəyin təminatına çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
İbn Sina – Həkimlərin piri
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Orta əsrlər intibah mədəniyyətinin ən qüdrətli simalarından biri, “Şərq təbabətinin atası”, “Həkimlərin öndəri”, “Böyük ustadı”, “Həkimlərin Piri” kimi şöhrət tapan, düşüncələri, kəşfləri ilə Hippokratdan belə yüksəkdə duran, tibbə dair 400-dən çox qiymətli kitabın müəllifi, 200 əsəri bu gün də Dünya Səhiyyə Təşkilatı tərəfindən ciddi məxəz, mənbə kimi qəbul edilən İbn Sina “Göz həkimlərinin dəftəri” əsəri ilə dünya aftolmoloqlarının ustadı hesab olunur.
“Təbabət elminin qanunu” əsəri ilə şöhrət tacını bu gün də qoruyub saxlayan İbn Sina fəlsəfə, riyaziyyat, astronomiya və astrokimya, fizika, kimya, tibb və musiqiyə dair əsərləri ilə klassik Şərq elmi fikrinin təməldaşlarından birinə çevrilmişdir.
“Peyğəmbərlik” və “Peyğəmbərin xüsusiyyətləri” haqqında, epistemologiya, həqiqət haqqında, vəhy haqqında, dini-fəlsəfə problemləri haqqında düşüncələrini ehtiva edən əsərləri üstündən illər, əsrlər ötməsinə baxmayaraq təkcə dünyanın məşhur kitabxanalarının hücrələrini bəzəmir, həm də, oxunur, istinad olunur. “Həkim şahın baxışına, qız əlinə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır”. “Təbib gərək zəngin libas geyinsin, barmağına qiymətli üzük taxsın, ən yaxşı ata malik olsun ki, gündəlik çörək haqqında fikirlər onu xəstəyə qayğıdan yayındırmasın” nidası ilə qələm çalan təbib filosoflar kimi sultanların baş köşəsində yer alan, kəşfləri, ixtiraları, istinad mənbələri illə klassikləşən müasirimizə çevrilən İbn Sina Türküstanda, Buxaranın ətəyində, Əmir Teymurun diyarında doğuldu. “Həqiqət carçısı”, “Böyük müdrik”, “Dahi təbib”, “Ölkənin şərəfli imzası” ilə saraylarda sultana çevrildi. Elmi-irfan bulağının gözü, çeşməsi sayıldı. Tibb, fəlsəfə, məntiq, kəlam, poeziya, texnologiya, yer haqqında elmlər, elmin fəlsəfəsi, fizika, psixologiya, astronomiya, astrofizika, kimya, geologiya, mexanika sahəsində ilklərə imza atdı.
Dünyasını dəyişəndən üç gün öncə xidmətində duranları qulluqdan azad etdi, mirasını imkansız insanlara payladı
Böyük İpək Yolunda, Yaxın və Orta Şərqdə qurduğu klinikalar – xəstəxanalarla şöhrət tapdı. Müdrikliyi ilə Buxara əmirini heyrətləndirən İbn Sina, ixtiraları ilə İsfahan və Həmədan əmirlərinin saray həkiminə çevrildi. Fikir və düşüncə sahibi kimi alimlər səltənətində yer aldı. İsfahan hakimi Aleyddövlənin “Müdriklər məclisinin başçısı” titulunu qazandı. İsfahanda və Həmədanda açdığı xəstəxanalarda Avropanın məşhur təbibləri ondan dərs aldı. 12 il Həmədan əmiri Əbu Cəfərinin xidmətində olmaqla onun elmi məsləhətçisi statusunu qazandı. Bir bir Türküstanlı üçün əlçatmaz məqam idi. İbn Sina buna mütəfəkkir alim, təbib filosof kimi əzəməti ilə nail olmuşdu. Dörd cidlik tibb ensiklopediyası, fəlsəfəyə dair qiymətli məxəzləri, astronomiya və astrofizikaya aid əsərləri ilə bu gündə müsəlman Şərqinin imzasına, qürur mənbəyinə dönən İbn Sina dünyasını dəyişəndən üç gün öncə xidmətində duranları qulluqdan azad etdi. Mirasını imkansız insanlara payladı, hər üç gündən bir Qurani-Kərimi mütaliə edən bu dahi 1037-ci ilin iyunun 18-də 57 yaşında dünyaya vida nəğməsi oxudu.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
BİRİ İKİSİNDƏ Anar Aminin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə şeir vaxtında – Anar Aminin şeirləri təqdim ediləcək.
ŞEİR VAXTI
Anar AMİN
Yazıçı Cəmilə Rüstəmzadə
üçün oxunmuş şeirlər
BİRCƏ ADDIM İMİŞ
ALLAHIN BOYU
Nənələr nənəsi Həvva nənəmiz,
babamız Adəmin içində imiş.
Bir qız bir oğlanın, nənəm babamın,
anam da atamın içində imiş.
Lal ola tufanın, susa dənizin,
suyun iki bölüb əsa dənizin.
İbrahim alovun, Musa dənizin,
İsa da edamın içində imiş.
Kilid qəlbindədir, dilində deyil,
kilidin açarı əlində deyil...
Həqiqət adamın çölündə deyil,
həqiqət adamın içində imiş.
Qoyma nəfsə çatsın tamahın boyu,
çatsa, boy verəcək günahın boyu...
Bircə addım imiş Allahın boyu,
Allah bir addımın içində imiş...
İBRAHİMİN BİR TELİ
Nəmrud İbrahimi oda atdırar,
İbrahim Nəmrudun odundan çıxar.
Alov peyğəmbərin bir telin ütsə,
dünya ləzzətindən, dadından çıxar.
Əynin qalındımı, odda üşüdən,
kimdir bu hay-küydə səni eşidən?!
Bərəkət Allahdan, xeyir kişidən,
şər olan nə varsa, qadından çıxar.
Hazır ol, dünyadan köçməyə hər gün,
cismində Sibir var, ruhunda sürgün...
Hər şey yaddaşından silinər bir gün,
hər şey yavaş-yavaş yadından çıxar.
NƏMRUDUN TONQALI
Alovda yanmayan həzrət İbrahim
Nəmrudun odundan o yanda imiş.
Peyğəmbər ömrünün ləzzəti, tamı
ağzının dadından o yanda imiş.
İçməyə su gəzən, daxma axtaran,
yeməyə bir tikə loxma axtaran,
bu ögey dünyada doğma axtaran,
yaxının yadından o yanda imiş.
O tonqal gör kimdən ötrü qalanmış,
İbrahim, bəlkə də, sənin balanmış.
Nə varsa, qadına qədər yalanmış,
həqiqət qadından o yanda imiş.
QADINDAN O YANDA
Həzrət Adəm qabırğadan,
həzrət Musa dənizlərdən,
həzrət İbrahim Nəmrudun
odundan keçib gedirmiş.
Bir gün dadmaq istədiyin
o dünyanın dadı, tamı,
bu dünyanın ləzzətindən,
dadından keçib gedirmiş.
Göydə qəfil gurultusu,
Yerdə qəfil təkanı var.
O laməkan olanın da
hardasa bir məkanı var.
Hər bir kəsin qismətində
adın böyük sükanı var.
Hər kəsin bəxti, taleyi
adından keçib gedirmiş.
Haqqa boylan, sən Haqqa bax,
"bax" qadından o yandadır.
Səni o Haqqa bağlayan
"bağ" qadından o yandadır.
Nahaq qadından bu yanda,
haqq qadından o yandadır.
Haqqa gedən o Yol ki var,
qadından keçib gedirmiş.
AYRILIQ QOXUSU
Zodan meşəsinə düşən ildırım
palıdı yandırır, cökəni yaxır.
Payız sarısını udub... qorxudan
göylər guruldayır, şimşəklər çaxır.
Buluddan ayrılıq qoxusu gəlir.
Ayı pəncəsindən canın qurtaran
qartal dimdiyində caynaqlanırsa,
sonuncu ölənə ümid deyirlər,
bir ümid gümandan qaynaqlanırsa,
"ümid"dən ayrılıq qoxusu gəlir.
Yel vurub yellənən yemişanların
budaqların qırıb barın yeyirlər.
Sonra da bax heç nə olmamış kimi,
"olub keçənləri unut" deyirlər.
"Unut"dan ayrılıq qoxusu gəlir.
"Dağlar haqqı, hər şey yaxşı olacaq,
bir azca səbir elə, bir azca döz" de...
Bənövşə ətirlim, tülpan dodaqlım,
susma, qurban olum, mənə bir söz de.
Sükutdan ayrılıq qoxusu gəlir.
Qırılmış budağın altında qalan
bir gülü oxşayıb çiçəyi ovut.
Ağacdələn bilir, ağac nə çəkir:
bir koğuş min ölən yarpağa tabut.
Tabutdan ayrılıq qoxusu gəlir.
ZƏLZƏLƏDƏN
SONRA
O vaxt ölən igidləri
birinci atlar ağlayıb.
Atlar, atalar, analar,
sonra tabutlar ağlayıb...
Tabut vardı, hara baxdım,
ora baxdım, bura baxdım.
Zəlzələdən sonra baxdım –
divarda çatlar ağlayıb.
Çatlayan divardan tutdum,
nəfəs dərib hava uddum.
Qəfil yuxum gəldi, yatdım,
elə biliblər, ölmüşəm,
yaxınlar, yadlar ağlayıb.
Boğdu məni qəhər, durdum,
yaz idi, birtəhər durdum,
axşam yatıb səhər durdum –
gördüm ki, otlar ağlayıb...
ADLARIN ALIN
YAZISI
Gördülər, həmişə meyxoş haldayam,
meylər oğulluğa götürdü məni.
Yerlər yiyə durub sahib çıxmadı,
göylər oğulluğa götürdü məni.
And olsun bu yaşıl tut ağacına,
barından ən yaxşı şərab çıxmağı,
tutların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Nə yaxşı, böyüyüb qoyun olmadı...
nənəmin... bir mələr quzusu vardı.
Nənəm nə biləydi, bizim həyətdə
hansısa bir qurdun ruzisi vardı?
İnsanın, heyvanın, ağacın, quşun...
külli-kainatda elə hər şeyin,
hər şeyin bir alın yazısı vardı.
...Hansısa divara, hansısa daşa,
hansısa bir vaxta necə düşməyi
çatların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Arandan yaylağa köç edən çoban
yurd tutar, yurd salar, yurd, yuxusunda.
Otlar yuxusunda quzu görərlər,
quzular qurd görər, qurd, yuxusunda.
Mal-heyvan səsinə bu yaz səhəri
diksinib yuxudan sərsəm durmağı...
otların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah.
Nə yaxşı, Allahı dərk etmək üçün...
deməyə sağlıq var, içməyə mey var.
Gəlin badə-badə düşünək, niyə? –
başımız üstündə yeddi qat Göy var;
yerdə də, Göydə də qat-qat olmağı
qatların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Nə qədər qorxu var bu Yer üzündə;
yaxın qorxusu var, yad qorxusu var.
Hələ də üzümdə ötkəm atamın
o cod əllərinin cod qorxusu var.
Yerdə, Yupiterdə, Uranda, Marsda –
külli-kainatda yana biləcək
hər şeyin canında od qorxusu var.
Bir göz qırpımında, bax, göz görəni
necə yandırmağı, necə yaxmağı
odların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah!
Sevinc oxşarlığı, dərd oxşarlığı,
kədər oxşarlığı vardır hər kəsin.
Tale oxşarlığı, bəxt oxşarlığı,
qədər oxşarlığı vardır hər kəsin.
Bütün olanlara, olacaqlara
ələstə dediyim o "BƏLİ" haqqı,
ağıllı dayanıb fikirləşincə
çayı vurub keçən o dəli haqqı,
alın yazısını adamların yox,
adların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri
atların alnına yazıbdır Allah.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Rəşad Məcid olduğu kimi - vicdanlı və ürəyiyumşaq
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Doğrudur, heçnədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kreativ”, 'icad" və bunlara bənzər kəlmələr yaranmayıb ki...
Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla nə dostluq, nə də yoldaşlıq etmişəm, həyatda cəmi bir neçə dəfə üz-üzə gəlmişik. Salam-əleykum, salam- vəssalam. Rəşad Məcidi deyirəm. Mərd və kişiyanə xarakterləri ilə ön plana çıxan Rəşad Məcidi...
Niyə gizlədim, ona qibtə, paxıllıq edənlər də az deyil. Və bütün paxıllıqlar sonda riyakarlığa çevrildiyi üçün, bəzən eşidirəm ki, onu bəziləri hökumət qarşısında üzüyola və müxtəlif ittihamlarla suçlayırlar. Ümumiyyətlə, onun nümayəndəsi olduğu Şir bürcünün adamlarını bütün dünyada çox vaxt səhv anlayırlar. Çünki bu bürcün kişiləri özünəinam baxımından digər insanları geridə qoyurlar. Böyük özgüvənə sahib olan şirlər həmçinin xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarırlar. Bu da xəbis adamların bağrını çatladır. Şir bürcü kişilərinin ən müsbət xüsusiyyətlərindən biri də onların vicdanlı və ürəyiyumşaq olmaqlarıdır...
...Heç vaxt ona işim düşməyib, yəqin ki, heç düşməyəcək də... Amma yaxşı adamlar haqqında söz demək, fikir formalaşdırmaq vacibdir. Onun yardımsevər olması, insanlara kömək etmək arzusu, adamları sevindirmək istəyi məni onun haqqında düşündüklərimi sizinlə bölüşmək sevdasına saldı. Yaşı altmışı keçsə də, onun davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsli olması ürəyimcədir...
Ola bilər ki, kimsə onu eqoist, təkəbbürlü adam kimi tanıyır. Əslində o, təkəbbürlü yox, məğrur kişilərdəndir. Ağayanə davranışı, qürurlu şəxsiyyəti göz qabağındadır. Heç vaxt yardımını görməsəm də, fəqət yaxşı bilirəm ki, səxavətli adamdır. O, gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan heç də əliaçıq kişilərdən fərqlənmir. Bir sıra adamların düşündüyü kimi, nə var-dövləti var, nə də səltənəti. Sıradan, orta imkanı olan bir vətəndaşdır...
Amma rahatlığını, alnıaçıqlığını, qürurunu heç nəyə qurban vermir. Nəyisə əldə etmək üçün bütün enerjisini istifadə edərək istədiyinə zəhmətilə, halallıqla nail olmağı bacarır. Çox çalışqan və əzmkardır. Həm özünü, həm də ətrafdakı insanları yaşatmaq üçün səy göstərir. Odur ki, Allah da onun saf niyyətini görüb hər işində yardımçı olur, uğur qazandırır...
O, özünü cəmiyyətə çoxdan sübut etməyi bacarıb. İllər ötəcək, nə vaxtsa vəzifədən gedəndən sonra da, nüfuz və hörmətindən bir zərrə belə azalmayacaq. Soruşan ola bilər ki, niyə bunları söyləyirəm. Söylədim ki, rahatlıq tapım. Axı, demişdim- yaxşı adamları sağlığında dəyərləndirib barələrində xoş söz demək Allahın xoşuna gələn əməllərdəndir...
Bəli, mənim tanıdığım Rəşad Məcid zəmanəmizin yaxşı adamlarından biridir. Bu qədər haqsızlığın içində heç vaxt haqsız hərəkət etmir. Əqidəsinə, meyyarlarına sadiqdir. Dostlarına qarşı sədaqətlidir. Milli-mənəvi dəyərlərimizin təəssübkeşidir. Hansı vəzifəyə yüksəlməsindən asılı olmayaraq sadəliyini, səmimiyyətini qoruyub saxlaya bilir. İnsanlara yuxarıdan aşağı baxmağı xoşlamır. Bir sözlə, Rəşad Məcid xalqımızın qənimət övladlarından biridir...
...Yeri gəlmişkən, Rəşad adı ərəb mənşəli olub- "doğru yolla gedən", "düşüncəli" və "fərasətli" mənalarını verir. Məcid sözünün mənası isə "şan-şöhrətli" deməkdir. Beləliklə, Rəşad Məcid imzasının açılışı- Doğru yolla gedən şan-şöhrətli adam- anlamını daşıyır...
Bu gün - avqustun 21-i Rəşad Məcidin doğum günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Xatirələri redaktə etmək olmaz – NURİT SARXİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir. Bu gün Nurit Sarxi haqqında bəhs edəcəyik.
Nurit Zarxi
Nurit Zarxi (1941)- tanınmış şairə və nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Tel-Əviv Universitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. “Yediot axronot” qəzetində çalışıb. Çoxsaylı milli və beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.
Kişilər
Onlar niyə xoşbəxt olmadım deyə məndən hesab sorurlar,
hər dəfə də məni söz ehtiyatları ilə sarsıdırlar.
Onlar dilimdən iltizam almaq istəyirlər taleyimlə bağlı,
və fikrimi yönəldirlər ki,
sən demə, o şəhərdə yaşamamağımızın səbəbi
mənim pişiyimmiş.
Beynəlxalq konfliktlər zamanı
onlar məni anamgilə sürgün edirlər,
sanki mənim “ana”lığım boş şeymiş.
Onların bəziləri öz bişirdiyim peçenyeni uzadırlar mənə,
“sağ ol” gözləyirlər elektrikin kəşfinə,
qışa və mürəbbələrə görə. Mürəbbə sevməməyim isə
heç nəyi dəyişmir, onsuz da xatirələrimi redaktə edirlər onlar.
Gizlində inanırlar ki, səhmlərim var mənim,
amma bölüşmürəm heç kimlə,
gündəlik istifadə üçün nələrisə almaq istəyəndə onlarla birgə
ya yorğun olurlar, ya da ölçülərimdən narazı qalırlar.
“Narsiszm” sözünü gözlərini qıyaraq tələffüz edirlər,
sanki qəlyan çəkib acıqla donquldanırlar
pəncərələri yelçəkəndən və miçəklərdən qoruyanlar kimi.
Qorxularından azad olan kimi isə
hava ehtiyacımı qısqanır, hirslənirlər.
Çıxıb gedəndə fincan boşluğu buraxırlar arxalarında,
əvəzində mənim leksikonumu götürürülər,
sonra isə öz ömürlərinə dalırlar –
dənizə baş vuran Hollandiya kimi,
bir də ağrının mühərrikini işə salmaq üçün
heç bir sintaksis saxlamırlar mənim üçün.
Barbarlar
Təcili xatirə yaratmaq lazımdır.
Ev qurmaq. Ola bilməz ki, həyatım yaşanmayıb,
səhrada lampa, balıqqulağı, yalın döşəməni örtən kilimləri
toplayan quzğunlar kimi; əsnək dolu və nə qədər ki o qocalmayıb
gündüzü gizlədən sevgi dolu gecələri olan həyatım.
Üstündə uşaqların şəkli, yoxa çıxmış o komod hardadır?
Gözlərini açan əsməçiçəyi içəri boylanır.
İndi hardadır uşaqlar? Dəyəsən zaman ciblərini boşaldıb.
Onda da səhər idi, indikitək, yayın əvvəli.
Çardağa çıxmışdıq (nərdivansız, birlikdə) şəkil çəkdirmək üçün.
o itmiş şəkildən bəllidir ki, elə də əziyyət çəkməmişdik,
sadəcə yalandan yorulmuşduq.
Ağaclardakı şəffaf sırğalar kimi
mənə aiddir xatirələrin ömrü.
Keçmişin çəyirtkə sürüsü barbar ordusu keçməsəydi,
talalarımızdakı bar-bəhər oğurlanmasa, tapdanmasaydı-
görəsən hardaydı, necə olardı onlar...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
“Başımıza nәlәr gәlir goy görüm...” demişdi Məmməd İsmayıl
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi adına layiq olsa da dünyadan yalnız xalqın şairi kimi köçən Məmməd İsmayılı dünən doğulduğu dogma Əsrik kəndində - Tovuz rayonunda dəfn etdilər.
Məmməd İsmayıl dövrünün vətənpərvər şairi idi, ana barədə ən gözəl lirik parçalar müəllifi idi, 80-lərin sonu, 90-ların əvvəlində yetişən azadlıqsevər, millətsevər gənclərin “Gənclik” jurnalının baş redaktru olaraq ustadı idi.
Onun yeri daim görünəcək.
Allah qəni-qəni rəhmət eləsin ona.
Şairin şeirləri çox sevilir. Xüsusən, onlardan biri günümüzlə çox səsləşir. Şairin taleyinə yazılanlarla necə də səsləşir bu şeiri.
“Ağacdələn, döy qapımı, döy, görüm” adlanan bu şeiri sizlərə paylaşmaq istəyirəım.
Məmməd İsmayıl
Ağacdələn, döy qapımı, döy, görüm
Yol azmısan bu payızın çәnindә
Ağacdәlәn, ağlın azıb sәnin dә,
Dәn gәzirsәn saçlarımın dәnindә
Atamoğlu, az qapımı döy görüm.
Bu cığırı bu qara kim bürüyüb?
Burda kimin yanan qәlbi kiriyib?
Hәyәtini qara yellәr kürüyüb
Başımıza nәlәr gәlir qoy görüm.
Haçanacan gözlәmәyә gәlmisәn?
Yoxsa mәnә söz demәyә gәlmisәn?
Ya borcunu istәmәyә gәlmisәn?-
Öz dilindә ünvanımı söy görüm.
Mәn dünyaya ata, ana borcuyam,
Ünvanım var, bu ünvana borcluyam.
Bir canım var, bircә cana borcluyam,
Özgә nәyә, taraq-taraq say görüm.
Bulaq kimi batan bәxti açılmaz,
Hәr iğidin atam, bәxti açılmaz...
Hәlә yatır, yatan bәxtim açılmaz,
Yatmışların yuxusuna qıy görüm.
Eldәn ayrı ömür olmaz, gün olmaz,
Eli sevәn ürәklәrdә kin olmaz.
Nәdәn Araz arzularım çin olmaz
Haçanacan yuxularda çay görüm?
Avand işim nәhsә düşüb deyәsәn,
Vaxt mәnimlә bәhsә düşüb deyәsәn.
Qulaqlarım sәsә düşüb deyәsәn,
Şimşәk çaxsın, guruldasın göy görüm.
Yavaş-yavaş çürümәdә taxda, bax.
O taxtada ovxam olan vaxda bax.
İnad olub nә döyürsәn baxda-baxt,-
Açılmayan düyünlәri duy görüm.
Elә yanır döyüşlәrin yanğısı
Nә tәsәlli söndürәcәk, nә dә su.
Mәnim qapım Yer üzünün qapısı
Ağacdәlәn, döy qapımı, döy görüm,
Başımıza nәlәr gәlir goy görüm...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılacaq
Sentyabrın 17-də Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılacaq.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu barədə AzərTAC-a muzeydən məlumat verilib.Məlumata görə, sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi 50-yə yaxın əsər təqdim olunacaq.
Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib.
Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva öncə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. ilə mükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunacaq “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə olunur.
“Əsrlərin sədasında xalça sehri” sərgisinin Azərbaycan Milli Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır. Muzey xalça mövzusuna müraciət edən rəssamları daim dəstəkləyir və bu sərgi də həmin diqqətin bariz nümunəsidir.
Qeyd edək ki, rəssamın əsərləri bu günədək Bakı, Paris, Ankara və Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. “Əsrlərin sədasında xalça sehri” sərgisi isə onun Azərbaycan mədəni irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda növbəti mərhələdir.
Sərgi sentyabrın 21-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
İngilis ədəbiyyatının amerikalı nümayəndəsi TOMAS ELİOT
“Ədəbiyyat və incəsənət” portalı sizlərə “Nobel mükafatı laureatları” silsiləsindən Tomas Eliot barədə yazını təqdim ediləcək. Müəllif İlham Abbasovdur.
1923-сü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, ingilisdilli irland şairi Uilyam Yeytsin. Vəfatından sonra bu sənətkarı bütün dünyada ingilis dilində yazan şairlərin ən yaxşısı sayırdılar. Bu iki görkəmli şairi birləşdirən əsas cəhət onların hər ikisinin bədii yaradıcılığının ilk növbədə lirik poeziya əsasında formalaşması idi. O bu günə qədər də dünyada ən çox çap olunan və ən çox oxunan şairlərdən biridir. Şeirləri dünyanın, demək olar, bütün mədəni xalqlarının dillərinə tərcümə olunub.
Söhbət 1948-ci ildə “müasir poeziyanı dəyərli novatorluqla zənginləşdirdiyinə görə” ədəbiyyat üzrə 43-cü Nobel mükafatına layiq görülmüş ingilis şairi Tomas Eliotdan gedir. Mükafata namizədliyi müzakirə olunanda İsveç Akademiyasının üzvü Andres Esterlinq onun yaradıcılığını xarakterizə edərək demişdi: “Tomas Eliotun şeirləri insanların yaddaşına almaz itiliyi və sərtliyi ilə həkk olunur”. Özü isə mükafata layiq görülməsinə belə reaksiya vermişdi: “Mən şairlərə Nobel mükafatı verilməsini poeziyanın ümumbəşəri dəyərinin daha bir təsdiqi hesab edirəm. Mənə verilən mükafatı şəxsi xidmətlərimin qiymətləndirilməsindən daha çox, poeziyanın əhəmiyyətinin rəmzi etirafı kimi qəbul edirəm”.
Onun mükafata layiq görülməsi haqqında Nobel Komitəsinin qərarında ingilis şairi kimi göstərilsə də, Tomas Sternz Eliot 1888-сi il sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Sent-Luis şəhərində zəngin sənayeçi ailəsində dünyaya gəlmişdi. Atası Henri sahibkar, anası Şarlotta yazıçı idi. Görkəmli adamların bədii bioqrafiyalarının müəllifi kimi tanınmışdı. Tomas yeddi uşaqlı ailənin sonbeşiyi idi.
T.Eliot mükəmməl təhsil almış, Harvard Universitetini magistr diplomu ilə bitirmişdi. Yeniyetməlik çağlarından bədii yaradıcılığa meyil salan gələcək şair qədim Şərq mədəniyyətinə maraq göstərərək ilk şeirlərini böyük fars şairi Ömər Xəyyamın rübailərini təqlid edərək yazmışdı. Həmin qələm təcrübələrini 1909-1910-cu illərdə Harvardda nəşr olunan “Harvrad vəkili” jurnalında dərc etdirdikdən sonra təhsilini davam etdirmək üçün Avropaya gedən Tomas 1910-1911-сi illərdə Fransada Sorbonna Universitetində fəlsəfə ixtisası üzrə təhsil alır, o cümlədən 1927-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı, görkəmli Fransa filosofu Anri Berqsonun mühazirələrini dinləyir, fransız dili və ədəbiyyatı üzrə məşğələlərə gedir. Ədəbiyyata gəldiyi ilk dövrdə o zaman Avropada aparıcı rol oynayan simvolizm ədəbi cərəyanı və simvolist yazıçıların yaradıcılığı ilə maraqlanır.Lap erkən yaşlarında dünyanın ən nüfuzlu universitetlərindən ikisinin diplomunu qazanan və dərin biliklərə yiyələnən gənc yazıçı ABŞ-yə qayıtdıqdan sonra poetik yaradıcılıqla paralel, elmi araşdırmalarla da məşğul olur. Onun tədqiqat işləri ədəbi yaradıcılığın fəlsəfi problemlərinin öyrənilməsinə həsr olunmuşdu. İlkin olaraq görkəmli ingilis filosofu Frensis Bredli haqqında dissertasiya üzərində işləyir.
Həmin illərdə T.Eliot qədim Şərq mədəniyyətinə marağını davam etdirərək qədim hind – sanskrit dilini və ədəbiyyatını öyrənməyə cəhd edir, həmçinin buddizmlə ciddi şəkildə maraqlanır. Elmi tədqiqatlarına görə Harvard Universitetindən aldığı təqaüdü Almaniya elmi dairələrində bu ölkənin klassik fəlsəfəsini (Kant, Hegel, Şellinq, Feyerbax, Nitsşe) əsaslı şəkildə öyrənməyə sərf edir. Onu Harvard Universitetində professor kürsüsünə dəvət etsələr də, poetik yaradıcılıq yolunu davam etdirməyə üstünlük verərək, bu yüksək etimaddan imtina edir. 1915-ci ildə universitetin nəşriyyatında ilk şeir kitabını nəşr etdirir. Bir neçə il burada nəşr olunan ədəbi jurnalın baş redaktorunun müavini vəzifəsində çalışır. Əsasən ümidsizlik və ruh düşkünlüyü ovqatına köklənən lirik şeirlərini müxtəlif ədəbi nəşrlərdə dərc etdirərək bir şair kimi tanınmağa başlayır. Onu ilk dəfə məşhurlaşdıran “Alfred Pruforkun məhəbbət nəğməsi” (1917) poemasında gənc şairin bədii istedadının tam mənada üzə çıxması oldu. Mütəxəssislər bu əsəri XX əsr Amerika poeziyasının başlanğıc nöqtəsi sayırlar.
Maraqlıdır ki, ədəbi tənqiddə həmişə ingilisdilli poeziyanın klassiki olaraq dəyərləndirilən şairin əsərlərinin ingilis ədəbiyyatında nə kimi yer tutduğuna heç zaman bu cüt konkret qiymət verilməyib. O, Birinci Dünya müharibəsi başlayandan İngiltərəyə köçür və ömrünün qalan hissəsini bu ölkədə yaşayır. T.Eliotun əcdadları XVII əsrdə İngiltərədən Amerikaya köçmüşdülər. Şair ABŞ-də doğulduğu, böyüdüyü, təhsil aldığı üçün özünü amerikalı sayırdı. Amma xarakterinə, mental xüsusiyyətlərinə, həyat və düşüncə tərzinə görə T.Eliot amerikan yox, məhz ingilis idi. Hələ tələbəlik illərindən yoldaşları onun ləhcəsindən və vətəndaşlığından başqa hər şeydə amerikan yox, məhz ingilis olduğunu vurğulayırdılar. Və bu mənada, onun lap əvvəldən ingilis şairi kimi ad çıxarması da anlaşılan idi. Buna görə də şairin yetkinlik çağında – 39 yaşında ABŞ vətəndaşlığı ilə yanaşı, Britaniya vətəndaşlığını da qəbul etmək fikrinə düşməsi onu yaxşı tanıyanlardan heç kəsi təəccübləndirmədi. 1927-ci ildə əksər amerikalılar kimi doğuluşdan xristianlığın protestant məzhəbinə mənsub olan T.Eliot İngiltərə üçün daha səciyyəvi sayılan anqlikan təriqətinin qaydalarına uyğun olaraq, xaç suyuna çəkilmə mərasimini yenidən keçir və yeni məzhəbi ilə Britaniya təbəəliyini qəbul edir. Həyatında baş vermiş bu mühüm hadisələr barədə düşüncələr şairin 1930-cu ildə yazdığı “Küllük içində” poemasında öz əksini tapır.
Bədii yaradıcılığında əsas diqqəti, əvvəldə qeyd etdiyimiz kimi, insanın keçirdiyi mənəvi böhran və mənəvi dəyərlərin itirilməsi mövzusuna həsr olunmuş lirik poeziyaya verən şair 30-cu illərdən başlayaraq qələmini dramaturgiyada da sınamağa başlayır. Onun dram əsərləri sırasında ilk teatr uğuru qazanan dini mövzuda yazdığı “Kilsədə qətl” (1934) pyesi ABŞ və Avropanın bir çox nüfuzlu teatrlarında tamaşaya qoyulur. Bundan sonra qələmə aldığı “Ailənin birləşməsi” (1939), “Axşam kokteyli” (1950), “Şəxsi katib” (1954), “Yaşlı dövlət xadimi” (1954) pyeslərini oxucu və tamaşaçılar rəğbətlə qarşılaslar da, bu əsərlər birinci pyes qədər yüksək qiymət qazana bilmir.
Epik növdə yazdığı poetik əsərlərin sırasını “Bəhrəsiz torpaq “ (1922) poeması ilə qoyan T.Eliot 40-cı illərdə poeziya yaradıcılığını əsasən bu janrda yazılmış əsərlərlə davam etdirir. Ədəbi tənqidin mükəmməl əsər kimi qiymətləndirdiyi “İst Koker” (1940), “Byornt Norton” (1941), “Balaca Ciddinq” (1942), “Dörd kvartet” (1943) və s. poemalarının hər biri müəllifin insan mənəviyyatı və zaman haqqında düşüncələrini əks etdirir. Xüsusən “Dörd kvartet” poemasını vurğulamaq lazımdır. Bu əsərin çapından sonra T.Eliot ən nüfuzlu ingilisdilli şair kimi məşhurlaşır və onun şeirlərini çağdaş modernist poeziyanın ən yaxşı nümunələri kimi qiymətləndirirlər.
T.Eliot 1915-ci ildə Viven Heyvud adlı balerina qadınla ailə qurur, lakin tezliklə ruhi xəstəlikdən əziyyət çəkdiyi məlum olan xanım ömrünün qalan hissəsini psixiatrik xəstəxanada keçirməli olur.
T.Eliot 1922-ci ildə özünün ən dəyərli poetik əsərini – “Bəhrəsiz torpaq” poemasını nəşr etdirir. Bu əsərdə o, mənəvi dəyərlərdən uzaqlaşmış müair gəncliyi “itirilmiş nəsil” adlandırır. Maraqlıdır ki, ötən onilliklər ərzində dünyanın müxtəlif yerlərində, müxtəlif xalqların mədəniyyətində (o cümlədən bizdə) gənc nəsil haqqında bu ifadəni dönə-dönə işlədiblər. 1925-ci ildə şair özünün ən məşhur əsərlərindən biri olan və “ingilisdilli poeziyanın ən dəyərli nümunəsi” adlandırılan “İçiboş adamlar” şeirini yazır və burada həmin mövzunu uğurla davam etdirir.
T.Eliot 1925-ci ildən başlayaraq 1965-ci ilə (ömrünün sonuna) qədər bütün Avropada tanınan “Faber and Faber” nəşriyyatında redaktor vəzifəsində çalışmış, sonralar isə onun direktoru olmuşdu.
Peşəkar yaradıcılıq yolu 1905-1965-ci illəri əhatə edən T.Eliot bütün dünyada şair, dramaturq, novellaçı, esseist, ssenariçi, jurnalist kimi tanınsa da, poeziya ilə yanaşı, əsas yaradıcılıq fəaliyyəti ədəbi tənqidlə bağlı idi. O, görkəmli tənqidçi kimi nüfuz qazanmışdı. 1910-cu ildə ədəbi-tənqidi esselərindən ibarət “Müqəddəs meşə” adlı ilk elmi kitabı nəşr olunur. Bu kitabda o, ingilisdilli çağdaş poeziyanın Con Donn, Endrü Marvell, Con Vebster kimi nümayəndələrinin yaradıcılığını xüsusilə yüksək qiymətləndirir.
Ümumiyyətlə, T.Eliotun ədəbi-tənqidi yaradıcılığına aid olan məqalələr onun nəzəri-estetik görüşlərindən daha çox Avropa ədəbiyyatının müxtəlif dövrlərinə və cərəyanlarına mənsub olan sənətkarların yaradıcılığının praktik cəhətlərini əhatə edirdi. Bu, onunla bağlı idi ki, müəllif özü nəzəriyyəçi olmaqdan daha əvvəl ilk növbədə şair idi. Və bu əsərlər bir sənətkar və mütəfəkkir kimi onun ədəbi kredosunu bədii əsərləri qədər geniş və dərindən əks etdirə bilmirdi. Bununla belə, onun elmi-tənqidi yaradıcılığı qaldırılan məsələlərin səciyyəsinə və həlli yollarına görə məntiqi və estetik baxımdan bir sistem şəklində dəyərləndirilməlidir. Ədəbi tənqidin bu yeni cərəyanını İngiltərədə “Kembric məktəbi”, Amerikada isə “yeni tənqid” adlandırırdılar.
Bu sistemi xarakterizə edərkən onun banisi T.Eliotun bir ədəbiyyatşünas olaraq ilk əvvəl dövrünün yaradıcılıq tərzində nəzəri və praktik cəhətdən aparıcı rol oynayan formalist inikas üsullarına qarşı çıxdığını, çağdaş yaradıcılıq prosesində klassik ədəbiyyatdan gələn ifadə üsullarının kor-koranə təkrarlanmasını qəbul etmədiyini, yeni, modernist ifadə tərzinin tərəfdarı olduğunu vurğulamaq lazım gəlir. Bu yanaşma ilk növbədə onun bir şair kimi düşüncə azadlığı və yaradıcılıq sərbəstliyinə üstünlük verməsi, ehkamçılıqdan uzaq olmağa çalışması ilə izah edilə bilər.
Müasir poeziya barədə fikirlərini ifadə edərkən T.Eliot onun klassik poeziyadan daha yüksək məziyyətlərə malik olduğunu vurğulayır. Çünki klassik poeziya insanın duyğu və düşüncələrini bir-birindən təcrid olunmuş şəkildə əks etdirir. O, lirik poeziyada subyektivizmi etalon səviyyəsinə qaldırmağın, obyektiv gerçəkliyin inikasından qaçmağın əleyhinə idi. Onun fikrinə görə, şeirdə duyğuların əks etdirilməsi düşüncələrin ifadə olunması ilə obyektiv tarazlıq şəklində verilməlidir.
Ancaq onun nəzəri görüşləri ilk baxışda görünə biləcəyi qədər də birmənalı deyildi. Bu prinsiplərlə hətta onun öz bədii yaradıcılığına yanaşdıqda belə, cavabı aydın olmayan suallar meydana çıxır. Çünki onun nəzəri-estetik baxışları donuq ehkamlardan uzaq, daim hərəkətdə və inkişafda olan mühakimələr şəklində mövcud idi. Onları canlı ədəbiyyata tətbiq edəndə bu amilləri mütləq nəzərə almaq lazımdır.
O, poeziyanı həm onu yalnız estetik material kimi, götürənlərdən, həm də bədii düşüncəni formal məntiq nümunəsi kimi qəbul edənlərdən qoruyurdu. Onun mövqeyi böyük fransız yazıçısı Qustav Floberin Avropa ədəbiyyatşünaslığında sənətə yanaşma etalonu kimi qəbul edilən fikrinə əsaslanırdı: “Yazıçı əsəri öz duyğularının təzahürü nümunəsinə çevirməməlidir. Müəllif yaratdığı əsərdə özünü Allahın Özünü yaratdığı dünyada əks etdirdiyi kimi ifadə etməlidir”.
İndi incəsənətə bu cür baxış ümumi qəbul edilmiş yanaşma normasıdır. Lakin o zaman bu yanaşma tərzinə görə T.Eliot yaradıcılığı maarifləndirmə və tərbiyə vasitəsi saydığı üçün öz ünvanına sənəti fəlsəfə, yaxud din kimi qiymətləndirənlərin dilindən daim qınaq sözləri, ittihamlar eşitməli olurdu. Opponentləri onun incəsənətdə irəli sürdüyü “fərdisizləşdirmə” prinsipini yanlış olaraq “şəxsiyyətsizləşdirmə” tələbi kimi qələmə verərək inkar edirdilər. Şeirin müəllifin düşüncə prosesindən asılı olmadan “öz-özünə yarandığını”, “mistik vəhy kimi gəldiyini” iddia edənlər T.Eliotun poeziyadan tələb etdiyi duyğu ilə düşüncənin vəhdəti, harmoniyası prinsipini sona qədər anlaya, dərk edə bilmirdilər.
Nəhayətdə T.Eliot bu barədə düşüncələrini “Poeziyanın və tənqidin vəzifələri” kitabında şərh etməli oldu. Şair bu traktatda göstərirdi ki, duyğu və düşüncənin xaotik “sintez”indən incəsənət üçün xilasedici rol oynayan harmonik nizam meydana gələ bilməz. O hesab edirdi ki, poeziya insanın real dünyanı qavramasına hiss olunacaq qədər təsir göstərir. Poeziya bu funksiyanı yalnız insanın düşüncə tərzinin spesifik (obrazlı) bir forması olaraq yerinə yetirə bilər. T.Eliotu dəfələrlə klassik poeziyanı qəbul etməməkdə günahlandıraraq ədəbi ənənələri dəyərləndirməməkdə, onların canlı inkişafını görməməkdə ittiham etmişdilər. Amma nəzərə almaq lazımdır ki, həmin dövrdə Avropa ədəbiyyatı və estetikasında biz başa düşən mənada ənənə anlayışı, ümumiyyətlə, mövcud deyildi. Müasir poeziyanın dəyərləndirilməsi zamanı heç kim Avropa şeir sənətinin Homer, Vergili, Dante, Şekspir, Höte kimi klassik nümayəndələrini, onların bədii və estetik irsini yada salmır, müqayisələr aparmırdı.
Bunu ilk dəfə edən məhz T.Eliot olmuşdu. O da klassik irsi ideallaşdırmadan, apardığı müqayisələrdə yeni-modernist ədəbiyyatın xeyrinə nəticələr çıxararaq fikir bildirmiş, ötən günlərin ideyaları ilə yaşayan klassik ədəbiyyatdan fərqli olaraq, çağdaş poeziyanı canlı, yaşayan, zamanın çağırışlarına cavab verən bir hadisə kimi qiymətləndirmişdi. Eləcə də onun yaradıcılığı – şeirləri, pyesləri və tənqidi məqalələri müasir dünya ədəbiyyatına çox güclü təsir göstərmişdir. Onu da vurğulamaq lazımdır ki, Nobel mükafatına layiq görülmüş yazıçıların çoxundan fərqli olaraq, T.Eliotun yaradıcılığı Azərbaycanda diqqəti daha çox cəlb etmiş, nəşr və tədqiq olunmuşdur. Əvvəlki onilliklərdə olmasa da, müstəqillik dövründə onun ayrı-ayrı lirik şeirləri müxtəlif şairlərin tərcüməsində Azərbaycan mətbuatında dərc edilmiş, “Seçilmiş əsərləri” kitabı ədəbiyyat üzrə Nobel mükafatı laureatları seriyasından 2011-ci ildə Bakıda nəşr olunmuşdur. Kitabın tərcüməçisi, eyni zamanda tərtibçi və ön sözün müəllifi dosent Vahid Ərəbovdur. Ölkəmizdə T.Eliotun elmi-nəzəri yaradıcılığının tədqiqatçılarından biri istedadlı şair Qismət Rüstəmovdur. O, 2020-ci ilin 12 iyulunda “kulis.az” saytında T.Eliotun tənqidçi görüşlərini əks etdirən “Tənqidin sərhədləri” məqaləsini dərc etdirmişdir. Həmin məqalədən Nobel mükafatçısının tənqidçi konsepsiyasını anlamaq üçün gərəkli olan kiçik bir parçanı oxucuların diqqətinə çatdırmaq istərdik: “Hər nəslin öz ədəbi tənqidi formalaşmalıdır; çünki hər yeni nəsil sənətə öz meyarları, öz sənət tələbləriylə birgə gəlir və mədəniyyətin içində sənətə verdiyi əhəmiyyəti bunlara görə müəyyənləşdirir. Bu hökmü verəndə, əminəm ki, zövqdə və dəbdə olan dəyişikliklərdən daha artığına eyham vurmaq istəyirdim: ən azı bunu nəzərdə tuturdum ki, keçmişin şedevrlərini öz perspektivi içində dəyərləndirən hər yeni nəslin davranışları sələflərindən tamam fərqli təsirlər altında formalaşır”. Qismət T.Eliotun yaradıcılığı üzərində çalışmalarını davam etdirərək 2021-ci il yanvarın 20-də “kultur.az” saytında Nobel mükafatçısına həsr etdiyi “T.Eliotun poetikası” adlı araşdırmasını dərc etdirmişdir.
Azərbaycan filologiyasında T.Eliotun yaradıcılığı ilə bağlı daha ciddi, akademik səciyyəli tədqiqat əsərlərinə də təsadüf etmək mümkündür. 2015-ci ildə Raisa Əlizadə magistr elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poeziyasında mifologizmlər” mövzusunda; 2021-ci ildə isə Nurlana Axundova fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Tomas Eliotun poemalarının poetik xüsusiyyətləri” mövzusunda dissertasiyalar müdafiə etmişlər.
Bunlardan əlavə, professor Asif Hacılı “Yeni tənqid hərəkatı və Tomas Eliot” adlı tədqiqatında; professor Vaqif Sultanlı isə “Azərbaycan ədəbi tənqidi” kitabının “Yazıçı tənqidi” bölümündə T.Eliotun tənqidçilik fəaliyyətini nümunəvi örnək kimi götürərək ədəbi tənqid tarixindəki rolunu yüksək qiymətləndirmişlər.
Nəşr və oxunma sayına görə dünya miqyasında rekordçu olsa da, T.Eliot elitar şair idi, onun şeirləri heç zaman ümumi oxucu kütləsi arasında geniş populyarlıq qazanmamış, həmişə yüksək zövqlu poeziya xiridarlarının maraq dairəsində olmuşdu. Onun yardıcılığı hələ sağlığında yaşadığı ölkələrdə və Avropanın digər dövlətlərində yüksək qiymətləndirilmiş, nüfuzlu mükafatlararla təltif olunmuşdu. O, dünyanın çox prestijli 16 universitetinin fəxri doktoru seçilmiş, Nobel mükafatından əlavə, İngiltərə və Fransanın ali dövlət mükafatlarına, Almaniyanın ədəbiyyat üzrə ən nüfuzlu ödülü sayılan Höte mükafatına layiq görülmüşdü.
T.Eliot 1957-ci ildə 68 yaşında ikən ikinci dəfə ailə qurmuşdu. 1965-ci il yanvarın 4-də Londonda beyninə qan sızmasından vəfat etmiş, öz vəsiyyətinə uyğun olaraq, əcdadlarının vətənində – İngiltərənin Somerset əyalətinin Koker kəndində dəfn olunmuşdur.Vəfatından sonra, demək olar ki, tamam unudulan bir çox Nobel mükafatçılarından fərqli olaraq, onun əsərləri bu gün də bütün dünyada diqqət mərkəzində saxlanılır, böyük sevgi və hörmətlə tərcümə və nəşr olunur, tədqiq edilir.
1993-cü ildən başlayaraq şairin özünün 1953-cü ildə təsis etdiyi "Poetik kitablar Cəmiyyəti" hər il yeni nəşr olunan ən yaxşı şeir kitabının müəllifini Böyük Britaniyanın əsas ədəbi ödülü sayılan Tomas Eliot adına beynəlxalq mükafatla təltif edir.
Sabah sizə Tomas Eliotun aforizmlərini təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Şəhidlər barədə şeirlər - Şəhriyar İsmayılzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Şəhriyar İsmayılzadə
İsmayılzadə Şəhriyar Əkbər oğlu 7 iyul 1994 - cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində sadə zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Hacıqəhrəmanlı qəsəbəsi 12 saylı tam orta məktəbin 11 - ci sinfini bitirib. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. 27 sentyabr 2020 - ci il tarixində ll Qarabağ müharibəsi başladıqda torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Şəhriyar ailənin sonbeşik övladı idi. Çox cəsur, mərd, zəhmətkeş övlad olub. Zəngilan, Qubadlı, Füzuli, Şuşa şəhərlərinin alınmasında qəhrəmancasına vuruşub. 8 noyabr tarixində günorta saatlarında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. Şəhidimiz 10 noyabr 2020 - ci il tarixində Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Əsgər Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Salam, “Cəsur döyüşçü”
Medalı alan şəhid.
Vətənə dönən şəhid,
Tarixdə qalan şəhid.
İndicə oxumuşam
Sənin əsgər yolunu.
Sənin döyüş yolunu,
Sənin zəfər yolunu.
Sən evin sonbeşiyi,
Zəhmətkeş, mərd olmusan.
Dosta ürəyi yanan,
Düşmənə sərt olmusan.
Olmusan döyüşlərdə,
Ön səngərin igidi,
Zəngilandan Şuşaya,
Haqq zəfərin igidi.
Eşq olsun sənin kimi,
Qəhrəman oğullara,
Zəfər tariximizə,
İmzasın atanlara.
Dırx dörd günə aldınız,
Tarixi yurdumuzu.
Göylərə yüksəltdiniz,
Qələbə ordumuzu.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)


