Super User
Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı
Bu günlərdə Kritika Yayınlarında yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı nəşr olunmuşdur. Süjet hörüyündə yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın taleyi fonunda imperiya ideologiyasının cəmiyyətin mənəviyyatına yoluxdurduğu sosial-əxlaqi problemlərin bədii çözümünə çalışılır.
Romanda real və şərti-meraforik üslubun sintezi müəllifə dönəmin qaranlıq, açıq söylənilməsi mümkün olmayan həqiqətlərini aşkarlamağa imkan verir. Xüsusilə, romanda çağdaş dünyada insanlığı mənəvi tənəzzülə sürükləyən özgələşmə probleminin fərqli tərzdə canlandırılması əsərin ideya-estetik çəkisini artırır.
İlk dəfə 1991-ci ildə “Gənclik” nəşriyyatında Azərbaycan oxuculara təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilmişdir. Həmçinin roman müxtəlif dillərə çevrilərək İngiltərə, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr olunmuş, haqqında xeyli araşdırmalar aparılmışdır.
Romanı Bakının kitab dükanlarından və Kritika Yayınlarından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
Hər yeni il gələndə…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O, şair və yazıçıların qruplaşmasından çox narahatdır. İstəyir ki, Azərbaycanda da qələmə alınan ciddi əsərlərin sayı çox olsun və yerli müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın. Yaxşı arzudur, amma...
Adətən yeni ilin ilk günündə baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, bayram əhval-ruhiyyəsi hələ də davam edir. Haqqında söhbət açmaq istədiyim şair, publisist Əbülfət Mədətoğlu da belə bir gündə, 1959-cu ilin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda “Yenisəs. az” saytının baş redaktorudur. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb...
Deyir ki:- “Əlifbanı tanıyandan yazıb oxumağı sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”
Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə müxtəlif müəlliflərin kifayət qədər ədəbi təhlili və şərhi var. Mən onun bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm...
Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…
“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. Rəhbərlik etdiyim "Yenisəs. Az” saytında ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olur. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.
Çox çətinliklərlə üzləşib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib. Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir...
Deyir ki:- “Həyatda elə vəziyyətlər yaranır ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə də Qarabağ azad olunandan sonra, kəndimizə səfər edəndə gördüyüm mənzərə mən çox acılar yaşatdı. Çünki mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Axı, məni qarşılayanlar onlar idi...”
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir...
“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında "işbirliyi" yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə...”- söyləyir.
Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz həvəslə addımlayır. Hər yeni ilin gəlişi yaşı kimi ümidlərini də artırır...
Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günü idi, 67 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
“Maraqlı söhbətlər”də Mark Tvenin kosmosla əlaqəsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu fotoşəkil yumor hissi və həyata fəlsəfi baxışı onu dünya ədəbiyyatının ən parlaq simalarından birinə çevirən yazıçı Mark Tvenin məlum olan ən son fotosu hesab olunur. Kadrda o, yorğun, lakin sanki artıq yaşadığı həyat yolunu yekunlaşdıran insan kimi sakit görünür.
Yazıçının ölümə münasibəti həmişə qorxudan uzaq idi. Tven bunu insanın doğulmazdan əvvəl artıq öyrəşdiyi təbii bir hal kimi qəbul edirdi. Bu fotoşəkil həm də onun ölümdən əvvəl bir anlıq sükutu əks etdirir - faciəsiz, lakin ona xas olan ironiya ilə.
Maraqlı burasındadır ki, məşhur yazıçı 1835-ci ildə Halley kometinin göründüyü ildə anadan olmuşdur. Məlum olub ki, Halley kometi 75 ildən sonra yenidən Yerin orbitində “zühur edəcək”. M.Tven bildirib ki, növbəti dəfə komet yenidən peyda olduqda, o da onunla “əbədi aləmə səyahət edəcək”.
Həqiqətən, 1910-cu il aprelin 21-də Halley kometinin yerə ən yaxın yaxınlaşmasının ertəsi günü Mark Tven infarkdan dünyasını dəyişir. Ona görə də M.Tvenin çox sayda araşdırmaçıları bu gün də bu məsələ ilə bağlı mübahisə edirlər. Bəziləri hətta iddia edirlər ki, böyük yazıçının kosmosla gizli əlaqələri olubmuş. Arqumentləri isə budur ki, belə güclü əsərləri adi bəşər övladı qələmə ala bilməzdi.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
Motal nədir? - NİYƏ DƏ BİLMƏYƏK?
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Pendir, yağ və şor maldar əhali arasında, əsasən, motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var:
Qarabağ motalı,
Qazax motalı.
Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq o qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir.
Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur. Dəri duzu aldıqdan sonra yenidən yumşaldılıb yunlu tərəfi içəri qatlanır. Duzlanmış yağ, pendir və ya şor motala doldurulur. Möhkəm sığanır və ağacla bərk basılır ki, içəridə hava qalıb motalın içərisindəki məhsulu xarab eləməsin.
Motal pendiri nəinki azərbaycanlılar, hətta Cənubi Qafqazın başqa xalqları arasında da yüksək qiymətləndirilir. Onun alıcısı çox, qiyməti üstün tutulur.
Bakı bazarlarında hazırda motal pendiri növündən asılı olaraq kilosu 35-60 manata satılır. Ən yaxşı motal pendiri keçi südündən hazırlanan hesab edilir.
Bəs Axtarma motal nədir?
Ağsaqqal-ağbirçəklərdən öyrənirik bunu:
-Bəziləri pendiri əvvəl-əvvəl çılğıya yığardı. Dərinin təmiz olan ət üzünə. Cılğıda pendir tamam yetişərdi. Sonra dərinin tük üzünə pendiri yığıb içinə azacıq nor, ya şor qatıb, üstünə bir az xama, süd vurub motal basardılar. Motal! Bir deyil-beş deyil, Allah bərəkət versin! Köç boyu özlərinə yük eləyib dağa çıxartmır, işarələdikləri bir yerdə torpağa basdırırlar ki, qayıdanbaş götürsünlər. Motal torpaqda 3-4 ay qalıb yetişir. Köç gedəndə hər yan çəmənzar, yarpaq, meşə idi. Geri qayıdanda həmin ağac-meşə libasını dəyişib, axtardıqlarını çətin tapır, bəzən heç tapmırlar. Qurd-quşa yem olur. Belə çətinliklə tapılan, qalıb torpaqda yetişən pendir bazarda da əl-əl axtarılır. Buna axtarma motal deyilir.
Dədə Ələsgər:
Axtarma motalın, balın, qaymağın,
Zənbur çiçəyindən bal alı, dağlar.
-deyəndə yaylağın digər nemətləri ilə yanaşı, məhz bu "axtarma motalı" nəzərdə tuturdu.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
Yaralıya istehza edər, yaralanmamış olan - PRİTÇA
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bir soyuq qış gecəsi idi. Səfəvi sarayının dəhlizlərində sakitlik hökm sürürdü. Şah Abbas İçərişəhərdəki gizli bir məclisdən qayıtmış, öz şəxsi otağında düşüncələrə dalmışdı. Onun sükutunu qıran isə Əmirzadə Arazın səsi oldu.
– Şahım, bu nə haldır? Axı hər kəs sizin cəsarətinizdən danışır. Nə üçün bu qədər kədər içindəsiniz? – deyə Araz ehtiyatla soruşdu.
Şah Abbas ağır nəfəs alıb əllərini ocağa tərəf uzatdı. Onun üzündə dərin qırışlar yaranmışdı. Sanki keçmişin ağırlığı bu qırışlara hopmuşdu.
– Araz, sən heç yaralanmısan? – deyə Şah Abbas birdən soruşdu.
– Yox, şahım, Allah saxlasın, mən hər zaman diqqətli olmuşam, – deyə Araz qürurla cavab verdi.
Şah Abbas acı-acı gülümsədi:
– Bəs sən heç bilirsənmi, yarası olan biri üçün istehza nə qədər ağırdır?
Bunu deyib şah sərt baxışlarını ona çevirdi:
– Mənim hər zəfərimdə, hər itirdiyimdə bir yara var, Araz. Amma insanlar bunu görmür. Onlar yalnız zahiri qələbəni görürlər, qəlbimin dərinliklərindəki qanayan yaralardan xəbərsizdirlər.
Araz susdu. Şahın sözləri ona düşündürdü.
– Bir hadisəni sənə danışım, – deyə şah davam etdi, – Çaldıran döyüşündə babam Şah İsmayıl böyük bir məğlubiyyət yaşadı. Onun yarası yalnız bədənində deyil, qəlbində idi. Amma nə oldu? İnsanlar onu məğlubiyyətinə görə qınadı. Heç kim onun yaşadığı acını, çəkdiyi əzabı anlamadı.
Araz sakitcə başını aşağı saldı.
– Şahım, mən sizdən öyrənməliyəm. Bəlkə də mənim bu günə qədər yaralanmamış olmağım məni anlayışsız edib. Amma mən indi başa düşürəm ki, yara bəzən qüruru öldürsə də, insanı kamilləşdirir.
Şah Abbas gözlərini bağladı, sanki ağır xatirələrdən qurtulmaq istəyirdi.
– Araz, insan həqiqi döyüşçü olmaq istəyirsə, əvvəlcə yaralanmağı öyrənməlidir. Yarasız olan, yaralanmışın acısını heç vaxt dərk edə bilməz.
O gecə Şah Abbasın sözləri Arazın həyatında dönüş nöqtəsi oldu. İnsan yalnız fiziki cəhətdən deyil, həm də ruhən yara alıb bunu başqalarına hiss etdirmədən yaşamağı öyrənməlidir.
Bu hadisə tarixdə bir izi olmayan adi danışıq kimi qaldı, amma Şah Abbasın sözləri saray divarlarından keçib, gələcək nəsillərə miras kimi çatdı.
“Yaralıya istehza edər yaralanmamış olan” – amma yalnız yaralanan anlayar ki, həyatın həqiqi dərsi bu yaraların dərinliyində gizlidir.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
ƏZİZ ƏLİYEV - mümkün olmayanları mümkünə çevirən dövlət xadimi
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev tək və yeganə liderimizdir ki, taleyin sərt üzündən özü öz torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycan məhz onun tərcümeyi-halında birləşir. 1897-ci il yanvarın 1-də Zəngəzurda, Hamamlı kəndində dünyaya gələn Əziz Əliyev İrəvanın elmi-mədəni mühitində yetişib, Bakıda, Təbrizdə, Dərbəndin qala divarlarının ətəyində - Dağıstanda nüfuzlu şəxsiyyət, mütəfəkkir dövlət xadimi kimi varlığını təsdiq edib.
1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev həmin il Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi, maliyyə yardımı ilə Petroqrada gedir, Hərbi Tibb Akademiyaya daxil olur.
Əziz Əliyev birinci kursu bitirəndə, 1918-ci ildə erməni daşnaklarının soyqrımları ilə üzləşir. On minlərlə Azərbaycanlı İrəvandan, Zəngəzurdan, Qərbi Azərbaycandan didərgin düşür. Əziz Əliyev isə, üstəlik, Petroqrad Hərbi Tibb Akademiyasından ayrılmaq məcburiyyətində qalır, Şərura, Şahtaxtı kəndinə köçür. Daşnaklar Naxçıvana ayaq açdıqdan sonra qanlı qırğınlar başlayır. Qan-qadadan canını qurtaran ailə bu dəfə Güney Azərbaycana, Ərəblər kəndinə pənah aparır. Naxçıvan Mirzə Nəsrulla bəy Əmirovun qurduğu Müdafiə Komitəsinin igidlərinin, IX İslam Ordusunun komandanı Kazım Qarabəkir paşanın və əsgərlərinin rəşadəti nəticəsində Andanikin, Ozanyanın hücumlarından xilas olduqdan sonra yenə Şahtaxtıya qayıdırlar. Əziz Əliyev bu illərdə valideynlərini, anası Zəhra xanımı o tayda itirir. Arazın bu tayında da, o tayında da həkim məntəqələrində çalışaraq ailəsinin qayğısını çəkən Əziz Əliyev elə burada Şahtaxtıda İrəvanın zadəgan soylarından birinə məxsus Leyli xanımla ailə qurur. İlk övladları akademik Zərifə xanım Əliyeva və professor Tamerlan Əliyev burada dünyaya gəlir. Sonra onun taleyinin Bakı üzü başlayır. Öncə Nəriman Nərimanovun qayğısı ilə Xalq Komissarları Sovetində kargüzarlıq şöbəsində müdir müavini, daha sonra müdir kimi fəaliyyətə başlayır. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur.
Gənc yaşlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə edən Əziz Əliyev nəzəri, elmi biliklərə yiyələnməklə yanaşı, praktik məktəb keçərək alim, həm də qurucu - təşkilatçı kimi formalaşmışdı. Tibb İnstitutunu bitirdikdən sonar o, Xalq Səhiyyə Komissarlığı yanında müalicə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının birinci müavini, Dövlət Klinik İnstitutunun direktoru, Bakı Şəhər Soveti səhiyyə şöbəsinin müdiri, yenidən Tibb İnstitutunun direktoru, 1937-ci ilin dəhşətli repressiyaları zamanı həm də, Azərbaycan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərmişdi. Tarixi faktlar da sübut edir ki, “1930-cu ildə Azərbaycan Dövlət Universitetinin bir fakültəsi kimi sadəcə elan edilmiş Tibb İnstitutunun yaradıcısı Əziz Əliyevdir. Onun rəhbərliyi dövründə ən yaxşı mütəxəsislər cəlb edilərək müvafiq kafedralar yaradılmış, milli kadrlar yetişdirilmiş, həkimlər ixtisas artırmaq, tədqiqatçılar elmi işlərini davam etdirmək üçün Moskvaya, Leninqrada göndərilmiş, onlarla dərslik və dərs vəsaitləri yazılmış, institutun maddi-texniki bazası formalaşdırılmışdır.
1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin katibi seçilən Əziz Əliyev 1939-cu ildə Azərbaycan SSR Xalq Səhiyyə komissarı təyin edilir, ölkənin bütün bölgələrində səhiyyə ocaqlarının açılması, ixtisaslı kadrlarla təmin edilməsi, maddi-texniki bazasının yaradılması istiqamətində mühüm işlər görür.
İkinci Dünya müharibəsi başlayanda Əziz Əliyev kimi ciddi dövlət xadimlərinə təkcə Azərbaycanda, Bakıda deyil, Mərkəzdə, Moskvada da ehtiyac duyulur. Belə bir vaxtda Əziz Əliyev Azərbaycan K(b)P MK-nın katibi seçilir. Əziz Əliyev o dövrdə Azərbaycan sənayesinin kompleks inkişafının təmin olunması, xüsusilə neft məhsullarının cəbhəyə çatdırılması sahəsində mühüm işlər görür, təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə bir ərəfədə Sovet İttifaqının Yaxın və Orta Şərq, İran istiqamətində də problemləri yaranır. Onun qarşısını almaq üçün Əziz Əliyev ciddi bir kadr kimi önə çəkilir. Sovet ordusunun tərkibində “Güney Azərbaycan missiyası”nın, “Əziz Əliyev qrupu”nun rəhbəri kimi İrana təbliğat-təşviqat məqsədi ilə ezam olunan Əziz Əliyev burada ilk ana dilli mətbu orqanı-“Vətən yolunda” qəzetini qurur. Xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə işıq üzü görən qəzet ana dili məsələlərini təbliğ edir. Əziz Əliyev bununla kifayətlənmir. Təbrizdə ana dilində ilk məktəbi qurur, ilk səhiyyə ocaqlarını təşkil edir. Bu məsələ Moskvada Stalini, Güney Azərbayda Rza şah Pəhləvini qane etmir. Onların etirazı ilə üzləşən Əziz Əliyev qüdrətli dövlət xadimi, vətənpərvər tarixi şəxsiyyət kimi həqiqəti dilə gətirir: “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşayanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq və mətbuat məsələləri bizi qayğılandırır!”
“1941-ci ilin sentyabrından Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunan Əziz Əliyev 6-7 ay ərzində Güney Azərbaycanda inanılmaz dərəcədə böyük işlər gördü. Onun təşəbbüsü və səyləri ilə “Gülüstan” parkında teatr, musiqi dərnəkləri təşkil olundu, qırx birinci ilin noyabr-dekabr aylarında Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrolu təşkil edildi.”
Onun Güney Azərbaycanda gerçəkləşdirdiyi mühüm layihələr, millət quruculuğu istiqamətində gördüyü işlər, Azərbaycanın birliyi, bütövlüyü naminə atdığı addımlar İran şahını və Mikoyan- Beriya cütlüyünü qane etmədiyindən polkovnik-komissar Əziz Əliyev geri çağrılır…
Çox çəkmir ki, Sovet hökumətinin işi yenidən ona, onun zəngin dövlət idarəçilik və təşkilatçılıq təcrübəsinə düşür. Bu elə bir dövr idi ki, alman faşistləri Mozdoka qədər irəliləmiş, Qroznı neftini ələ keçirmişdi. Mahaçqalaya irəliləyən faşist ordusu Dağıstanı işğal etməklə Bakını, Bakı qarışıq Xəzər hövzəsini, Bakı neftini ələ keçirəcək, Güney Azərbaycanda möhkəmlənməklə Sovetlərin Yaxın və Orta Şərqə qapısını bağlayacaqdı.
Bunun qarşısının alınması məqsədi ilə Əziz Əliyev 1942-ci ilin sentyabr ayında Moskvaya çağrılır və ona Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi seçilməsi tövsiyə olunur. Əziz Əliyev vəzifəyə deyil, ölüm-qalım savaşına göndərilirdi. “Onun nə Qafqazda, nə də Moskvada alternativi var idi. Ağır fəlakətin və işğal təhlükəsinin qarşısını almaq üçün yalnız Əziz Məmmədkərim oğlu müdrikliyi, təcrübəsi, savadı, qətiyyəti, xalqa bağlılığı, ünsiyyəti və mərdliyi gərəkdi!”
Əziz Əliyev rəhbər təyin olunanda Dağıstan darda, intizarda idi. Dağlıların köçü çeçenlər, inquşlar, bulqarlar, çərkəzlər, Ahıska türkləri, Krım tatarları kimi yol üstündəydi. Onlar Şeyx Şamilin varisləri kimi, Şura hökumətinə etimadsızlıqda, sadəcə müsəlman olduqlarına, Osmanlıya isti münasibətlərinə görə ləkələnir, cəsusluqda ittiham olunurdular. Bu damğaları qəbul etməyən dağlılar isə ölümü Savet Ordusundan xidmətdən üstün tuturdular. Əziz Əliyev Dağıstana gəlişi ilə dağlılarda dövlətə inam, Sovet dövlətində isə onlara etimad qazandırdı. Məhz oun çağırışı ilə iki ay içərisində 25 mindən çox dağlı igid səfərbər olub ön cəbhəyə yollandı. Dağıstan Vilayət Partiya Komitəsinin katibi, 48-ci cəbhənin komandanı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin təqdim etdiyi bayrağı Mahaçqaladan Berlinə, Reyxstaqa qədər qürurla daşıdı. Beş illik müharibə dövründə 100 mindən çox igidi ilə düşmənə qarşı savaşan Dağıstanın beş min qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, digərlərinin yaxasını orden, medallar bəzədi. Əziz Əliyev təkcə ön cəbhənin deyil, həm də arxa cəbhənin xilaskarı kimi tarix yaratdı. Müharibə şəraitində Dağıstanı yenidən tikdi, qurdu, 32-dən çox xalqın milli teatrının, məktəbinin, mətbu orqanlarının təməlini qoydu. Qələm sahiblərini, şair, yazıçı və bəstəkarlarını, teatr xadimlərini, istedadlı insanlarını SSRİ- nin ən ucqar nöqtələrində tanıtdı. Ayrı-ayrı institutların, Dağıstan Elmi Mərkəzinin qurucusu kimi tarix yaratdı. Səhiyyə ocaqlarını, tibb məntəqələrini qurmaqla onların sağlıq problemlərini həll etdi. Milli kadr potensialını formalaşdırmaqla onun mərkəzdən asılılığının qarşısını aldı. Qadınların təhsilə cəlb olunması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmaqla “Savadlı qadın, savadlı millət və gələcək!” konsepsiyasına böyük töhfələr verdi. Samur-Dəvəçi kanalını qurmaqla Dağlar Diyarına can gətirdi. Bu səbəbdən də istər Dağıstanda, istər də Mərkəzdə, Moskvada Qurucu Əziz titulu ilə adını 1941- 1945-ci illər müharibəsi zamanı Generalisimus Stalin, Marşal Jukov, Molotov kimi mümkün olmayanları mümkünə çevirənlərin sırasına yazdı!
Düz altı il, 1942-ci ildən 1948-ci ilə qədər Dağıstanın siyasi taleyini həll edən, kompleks inkişafına nail olub gələcəyini müəyyənləşdirən Lider kimi hər bir dağlının qəlbində abidəsini ucaltdı. Bu səbəbdən də adı çəkiləndə tarixi bir kəlam səslənir: “Dağıstanın və dağlıların ağır illərində polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev bir çıraq kimi yandı, peyğəmbər kimi göründü!”
1948-ci ilə qədər şöhrətin bütün çələnglərini başına qoyan, Sovet İttifaqı qəhrəmanı adını almasa da, insanların qəlbində məğrur, qüdrətli qəhrəmana çevrilən polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev sonsuz Vətən sevgisinin qurbanına çevrildi. Mikoyan - Beriya cütlüyünün qaldırdığı məsələni dəstəkləyən Stalinin qəzəbinə gəldi. Qərbi Azərbaycanın böyük bir hissəsinin, Qərbi Zəngəzurun boşaldılması məsələsini qaldıran erməni daşnakları bu torpaqların tarixi sakinlərinin köçürülməsi planını irəli sürmüşdü. Bu fakt Zəngəzurda doğulan Əziz Əliyevi qəzəbləndirmiş, etirazına səbəb olmuşdu. Öncə Xarici İşlər nazirinin müavini Malenkovla, sonra nazir Molotovla, daha sonra isə Stalinlə danışıqlara gedən Əziz Əliyevin bütün xidmətləri unudulmuş, arzuolunmaz kadra çevrilmişdi. Onun üzərindən isə bir anın içərisində xətt çəkmək mümkün deyildi. Hər halda o, Sovetlərin yetişdirdiyi ciddi dövlət xadimi və müharibənin taleyini həll edən tarixi simalardan biri idi.
“Elə buna görə də 1948-ci ildə Əziz Əliyev Moskvaya çağrılır, bir il İctimai Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Ali Partiya kurslarında təhsil alır və Sov. İKP MK-da inspektor vəzifəsində çalışır. 1950-ci ildə Mircəfər Bağırovun istəyi ilə Əziz Əliyev Azərbaycana göndərilir və Nazirlər Soveti sədrinin müavini təyin olunur. Bu təyinat əslində Əziz Məmmədkərimoğlunu “vurmaq” üçün şərait yaratmağa, zəmin hazırlamağa xidmət edirdi və əvvəlcədən düşünülmüşdü”.
Ulu öndər Heydər Əliyev həmin dövrü xatırlayaraq Əziz Əliyevin yubiley mərasimində qeyd etmişdi: “Əziz Əliyev mənə danışırdı ki, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına baş həkim müavini göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin, bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi”.
“Əziz Əliyev hələ Tibb İnstitutuna rəhbərlik edəndə guya antisovet təbliğatının və millətçiliyin qarşısını almaq üçün “ciddi tədbirlər” görmədiyi üçün Mərkəzi Komitə Bürosunun qərarı ilə töhmət alır və bu əsassız cəza “vaxtı çatanda” götürülür”. Əslində bu həqiqət idi. Onu 1958-ci ildə Bakıya oxucuları ilə görüşə gələn Nazim Hikmət Azərbaycan Dövlət Universitetinin xitabət kürsüsündən dilə gətirmişdi: “1937- ci ilin dəhşətli repressiyaları zamanı Azərbaycanda 35 mindən çox insan sürgün edilmiş, güllələnmişdir. Onların sırasında ən az yeri həkim personalı almışdır. Bunun üçün onlar Əziz Əliyevə minnətdar olmuşdular. Əziz Əliyev o dövrün nüfuzlu həkimlərini və alimlərini xilas edib qorumuşdur.” Burada digər bir fakt da var: “zəngin təcrübə toplamış, xalqın arasında çox yüksək nüfuzu olan Əziz Məmmədkərim oğlu artıq Azərbaycan SSR hökumətinə, Partiyanın Mərkəzi Komitəsinə rəhbərlik etməyə tam hazır idi və belə bir seçim bütün xalq tərəfindən böyük məhəbbətlə qarşılanardı. Buna yol vermək olmazdı, çünki Əziz Əliyevin yüksək mədəniyyəti, intellekti, obyektivliyi, nəhayət, milli təəssübkeşliyi o illərdə respublika rəhbərliyində birinci vəzifəni tutmaq üçün müəyyən edilmiş ölçülərin çoxuna uyğun gəlirdi. Məsələni birdəfəlik “gündəlikdən silmək” üçün “şiddətli töhməti” də az idi, vəzifədən də çıxarılmalıydı”…
“Dövrün tanınmış adamları, Əziz Məmmədkərim oğlu ilə yaxın ünsiyyətdə olanlar deyirlər ki, bu repressiyadan sonra da onun xarakterində, davranışında cəmiyyətə və insanlara münasibətində heç nə dəyişmədi, əvvəllərdə olduğu kimi, işgüzar, nikbin yaşadı, yenidən böyük elmə qayıtdı. Doğma “Azərbaycan tibb jurnalı”nda dəyərli elmi məqalələr çap etdirdi. Hamı yenə onu “Təcili yardım”, “Cəmiyyətin loğmanı”, “Qurucu Əziz”, “Qeyri-adi insan”, ya da sadəcə “Əziz müəllim” kimi tanıdı və sevdi”.
Alman faşizmi üzərində qələbənin 75 illiyi ərəfəsində xalqımız erməni faşizmi üzərində qələbə çaldı. 30 illik ədalətsizliyə son qoyuldu. Qarabağ işğaldan azad edildi. Rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tarixi ədaləti bərpa etdi. Şuşa qalasında, Xudafərin körpüsündə Azərbaycan Bayrağı dalğalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu cəsarətli, eyni zamanda ləyaqətli addımı ilə yüz illərdir Azərbaycanın tarixi torpaqlarına göz dikənlərə, sadəcə türk və müsəlman olduqlarına görə günahsız insanların qanını tökənlərə, onları soyqırımlara, deportasiya və repressiyalara məruz qoyanlara dərs verdi. Şuşanın, Qarabağın, Zəngəzurun, İrəvanın, Qərbi Azərbaycanın tarixi sakinlərinin, sahiblərinin ünvanını göstərdi, onların gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu həm də tarixin müxtəlif mərhələlərində Qılıncla Qələmin vəhdətində qüdrətli dövlətlər quran, sərkərdələr, dövlət və elm xadimləri, ustad sənətkarlar yetirən xalqımızın Birliyinin, Bütövlüyünün, Əyilməzliyinin, Vətənpərvərliyinin sübutu idi.
Əziz Məmmədkərim oğlu Əliyev qüdrətli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, ən əsası dar məqamlarda, çətin zamanlarda iradənin gücü, xarakterin əyilməzliyi ilə tarix yaradan qüdrətli sərkərdə-xaqanlardan idi. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, tarixi Zəfərə, Böyük Qələbəyə məhz qüdrətli genetik kodlara malik bir Lider imza ata bilər! Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin damarlarında iki müqəddəs genetik kodun daşıyıcısının, tarixi şəxsiyyətin, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən müdrik dövlət xadiminin – Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin, Odlar Yurdu Azərbaycanın və dağlar diyarı Dağıstanın xilaskarı Əziz Məmmədkərim oğlu Əliyevin qanı axır. Biz bir xalq, dövlət, millət olaraq çox qanlar, qırğınlar, soyqırımlar görmüşük. 20 Yanvar, Xocalı dəhşətlərini yaşamışıq. Əyilməmişik. Sınmamışıq. Əbədi istiqlala, milli müstəqilliyə nail olmuşuq. Bu il milli müstəqilliyimizin 33-cü ili tamam oldu. Tarix üçün qısa, milli dövlətçilik tariximiz üçün isə keçməkeşli olan bu illərdə biz Ulu öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin iradəsi, Xilaskarlıq Missiyası ilə Qayıdış, Qurtuluş dastanını yazdıq. Qayıdışın, Qurtuluşun təntənəsini
isə Şuşa qalasında, Xankəndində dalğalanan Azərbaycan Bayrağının əzəmətində yaşadıq. Qurucu Əzizin nəvəsinin Qarabağda, Şərqi Zəngəzurda gerçəkləşdirdiyi layihələri, möhtəşəm quruculuq işlərini gördükcə isə qürurla söylədik: Bu yoxdan var edənimizin, Baba yadigrımızın, Qurucu İlhamın dastanı, genetik kodlarının diqtəsidir! Sözü İmzası olan Liderimizin üzü Zəngəzura, Qərbi Azərbaycanadır! Babası polkovnik-komissar Əziz Əliyev onun yolunda görəvdən alınmış, mənəvi terrorla üzləşmişdi!
2020-ci il Zəfər, Qələbə ilimiz oldu. Bu il isə ömür yolu İrəvan xanlığından başlayan, Naxçıvandan, Güney Azərbaycandan, Bakıdan, Dəmirqapı-Dərbənddən, Moskvadan keçən, ucaldığı hər bir kürsüdə məsub olduğu xalqın haqq səsinə dönən, Vətən, Azərbaycan naminə cəsarətli addımlar atıb ciddi qərarlar alan Əziz Məmmədkərim oğlu Əliyevin bir qüdrətli dövlət xadimi kimi əzəmətini sübut etdiyi faşizm üzərində qələbənin 80 illiyi qeyd ediləcək.
Akademik Mustafa bəy Topçubaşovun dili ilə desək: bu “Qeyri–adi İnsan”ın ömründən keçən illər bizim ömrümüz, günümüz, tariximizdir. Onu oxumaq, öyrənmək, tədqiq və təbliğ etmək isə tariximiz, tarixi şəxsiyyətlərimiz qarşısında vicdan və vəfa borcumuzdur.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
“Güllələnmə təxirə salınır!” — Qanun, ədalət və insanlıq dilemması
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
“Güllələnmə təxirə salınır!”
Rejissor: Ələkbər Muradov
Çəkilmə ili: 2002/2003
Janr: Dram, kriminal motivli bədii film
Studiyası: “Azərbaycanfilm” kinostudiyası
“Güllələnmə təxirə salınır!” sadəcə kriminal hekayə deyil — o, cəmiyyətin dərin qatlarına nüfuz edən, ədalət, qərəz və insanlıq məsələlərini diqqət mərkəzinə gətirən vizual sənət əsəridir. Rejissor Ələkbər Muradov bu ekran işində cəmiyyətdə tez-tez qarşılaşdığımız “qəhrəmanlıq və qanun arasındakı incə sınaq” fikrini realist və düşüncəli dillə əks etdirir. Film bizə xatırladır ki, bəzən ən böyük dilemmanı açıq düşmən yox, insanın öz vicdanı yaradır.
Süjet — qanun, ədalət və vicdan
Filmin süjeti İkinci Dünya Müharibəsindən sonrakı Azərbaycanda baş verir. Bu dövrün ağır reallıqları insanları çətin qərarlar verməyə vadar etmişdi. Bir qrup gənc — varlıların əllərindən alınmış malları kasıblara paylayaraq və cəbhəyə gedən kişilərin arxasında qalan qadınların namusunu qoruyaraq fəaliyyət göstərir. Hüquqi baxımdan onların əməlləri “oğru” sayılır, amma camaat onların xeyirxah niyyətlərinə haqq qazandırır.
Bu gənclər qanunla sinxronlaşmayan yollar seçirlər, lakin film göstərir ki, insanlıq məhz bu ziddiyyətlərdən doğulur. Hər bir səhnə, hər bir dialoq — qanunla vicdan arasında incə tarazlıq yaratmaq üçün düşünülüb.
Obrazlar və aktyor oyunu
Filmin obrazları yalnız rollar deyil — onlar qanun, ədalət və cəmiyyət qarşısında insan tipologiyasını əks etdirir. Baş qəhrəman “Xan” (Fuad Poladov) obrazı cəsur, lakin vicdanlı bir liderdir. O, qanunla ziddiyyət təşkil edən addımlar atır, amma məqsədi insanlara yardım və ədalətin bərpasıdır. Onun hər qərarı tamaşaçıya etik və sosial dilemmanı hiss etdirir.
Nəsibə Zeynalovanın Xanbacı rolu, Məlik Dadaşovun müstəntiq obrazı və digər aktyorların ifaları filmi daha inandırıcı edir. Onlar yalnız personaj deyil, dövrün insan portretini canlandırırlar. Tamaşaçı onların davranışında həm real həyatda qarşılaşdığı insanları, həm də cəmiyyətin daxili mürəkkəbliyini görür.
Rejissor texnikası və dramatik gərginlik
Ələkbər Muradov gərginliyi yüksək səslərdə deyil, sükutda, baxışlarda və yarımçıq qalan cümlələrdə yaradır. Operator işləri, kamera bucaqları və musiqi ilə birləşərək, hər səhnəyə həm emosional, həm də düşüncəli ton verir. Film boyu hər kadr, hər dialoq vicdan və qanun arasındakı sınaq haqqında tamaşaçıya mesaj ötürür.
Publisistik ton — film və cəmiyyət
“Güllələnmə təxirə salınır!” yalnız keçmiş hadisələri deyil, bugünkü cəmiyyətin dilemmasını da əks etdirir. Film göstərir ki:
Hüquq və ədalət bəzən ziddiyyət təşkil edir.
İnsanların vicdanı qanundan daha yüksək ola bilər.
Cəmiyyətin gözləntiləri ilə şəxsi seçim arasında sınaqlar mövcuddur.
Bu gün də insanlar qərarlarını eyni dilemmanın içində verirlər — “doğru” nədir, ədalət haradadır, vicdanın çağırışına necə əməl etmək olar? Film tamaşaçıya xatırladır ki, həyatda ən çətin seçimlər açıq düşmənlə deyil, daxili vicdanla üzləşdikdə yaranır.
Tarixi və sosial kontekst
Filmin çəkildiyi dövr — 2002/2003-cü illər — Azərbaycan cəmiyyətində hüquq, qanun və ədalət məsələlərinin aktual olduğu bir vaxt idi. İnsanlar hüquqi sistemlə etika arasında tarazlıq tapmağa çalışırdılar. Film isə bu mövzunu dramatik, amma inandırıcı şəkildə təqdim edərək sosial dialoqa çağırır.
Hər bir səhnə — oğurluq, mühakimə, qisas və kömək — bu tarixi kontekstdə daha dərin mənalar daşıyır. Tamaşaçıya göstərilir ki, görünməz bir ədalət sistemi, vicdan və insanlıq prinsipləri qanundan da önəmli ola bilər.
Və nəhayət…
“Güllələnmə təxirə salınır!” filmi sadəcə kriminal hadisələrin ardıcıllığı deyil; o, qanun, vicdan və insanlıq arasındakı mürəkkəb dialoqdur. Hər baxış, hər söz və hər qərar tamaşaçıya düşünmək imkanı verir: Ədalət yalnız qanunla ölçülə bilərmi, yoxsa vicdanın çağırışı da bərabər dəyərə malikdir?
Film həm keçmişə, həm də bu günə işıq tutur və göstərir ki, insanlıq dilemması zamanla yox olmur — yalnız yeni formalar alır.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
Яркое событие в литературной жизни
Кенан Меммедли, «Едебиййат ве инджасанат»
В столице Республики Татарстан, городе Казани, на татарском языке вышла книга стихов "Звезда удачи" азербайджанской поэтессы, переводчицы, публициста и общественного деятеля, проживающей в Москве, Афаг Шихлы.
Руководителем проекта и автором предисловия к книге, выпущенной издательством "Язучы", является председатель Союза писателей Татарстана, депутат Государственного Совета Татарстана, Народный поэт, лауреат Государственной премии Ркаил Зайдулла.
Стихи из книги, изданной в серии "Литературное объединение" Союза писателей Татарстана, перевела на татарский язык Асия Рахимова – Кандидат филологических наук, тюрколог, переводчик, член Союза писателей Республики Татарстан. Ей удалось сохранить лиризм, интонацию и поэтическую семантику автора в соответствии с духом оригинала.
Эта благородная инициатива рассматривается как важное литературно-культурное событие с точки зрения укрепления литературных связей между Татарстаном и Азербайджаном, и в целом – между тюркскими народами.
С точки зрения тематики и идей, "Звезда удачи" – это лирико-поэтический сборник, охватывающий темы дружбы, любви, любви к родине, внутреннего мира человека и духовных поисков. Стихи приглашают читателя в поэтическое путешествие от личных чувств к общему тюркскому духовному наследию.
Стоит также отметить, что Афаг Шихлы является членом Союзов писателей Азербайджана, России и Евразии. На протяжении многих лет она переводит образцы поэзии разных народов на азербайджанский и русский языки, а также занимает должность ответственного секретаря Московского отделения Союза писателей Азербайджана. Литературное творчество поэтессы, врача по образованию, отличается глубоким гуманистическим содержанием.
Мы надеемся, что книга "Звезда удачи" (ISBN 978-5-6055333-4-4), увидевшая свет в Казани, одном из важных культурных центров тюркского мира, завоюет признание татарских читателей и внесет свой вклад в установление новых литературных связей.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
Prezidentin müraciəti: siyasi ritorikanın analizi
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Hər il olduğu kimi bu dəfə - “Konstitusiya və Suverenlik İli”nin son dəqiqələrində də Azərbaycan Prezidenti xalqa müraciət etdi, hər iki bayramlarla bağlı təbriklərini çatdırdı. İl qədim gündoğar təqviminə görə at üstə, çağdaş, rəsmi adlandırma ilə “Şəhərsalma və Memarlıq İli” olaraq qürurla, muradla və urbanik məzmunla gəldi. Əgər at ulu çöl irsimizi, axınlarımızı, fəth və cahangirliyimizi andırırsa, ilin rəsmi adı şəhərsalma mədəniyyətimizi və özəlliklə işğaldan qurtulmuş ərazilərimizdə tikinti-quruculuq, bərpa əzmimizi ifadə edir, nişan verir.
Budur, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi ritorikasında formalaşmış üslubun növbəti dəfə şahidi olduq. Bu üslub qələbəni emosiyadan daha dərin və üstün - sistemli dövlət ağlına çevirən liderlik məktəbinin növbəti örnəyidir. Bu müraciət, necə deyərlər, yalnız hesabat sayıla bilməz - Prezidentin bayram nitqi geosiyasi ismarıcların kodlandığı, ünvanların dəqiq seçildiyi strateji mətn-mahiyyətə malikdir.
Müraciətdə Türk dünyasına yönəlik xətt ayrıca və qabarıqdır. Bəli, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Zirvəsi diplomatik hadisədən üstün, mədəni-siyasi ailənin özünüdərki kimi tanıdıldı. Yenə Türk dünyası, yenə ailə vurğusu - möhtəşəmdir! Belə vurğular dostların könlünü şad edərkən, dost ola bilməyənləri kədərə boğur.
Gəlin buradakı əsas vurğuları sıralamağa çalışaq:
-Azərbaycan Türk dünyasının strateji mərkəzlərindən biridir;
-Zəfərimiz həm də ümumtürk siyasi düşüncəsinin çağdaş modeli olmağa layiqdir;
-Həm Orta Asiya Məşvərət Şurasına (Güney Qafqaz ölkəsi olaraq!) üzvlük, həm də Türk Dövlətləri platformlarında fəallıq tarixi-mədəni yaxınlığın siyasi institusionallaşmasıdır.
Bu, bir açıq ismarıcdır: Türk dünyası emosional romantizm mərhələsindən çıxıb, koordinasiyalı güc mərhələsinə keçir – və Azərbaycan prosesin önündədir.
Müraciətin ən önəmli alt qatlarından biri Rusiya və postsovet məkanı üçün səslənən sakit, amma sərt dərinliyi olan ismarıcdır. Bəli:
-ATƏT Minsk Qrupunun “tarixin arxivinə göndərilməsi” faktı, əslində, köhnə vasitəçilik mexanizmlərinin legitimliyinin itirilməsi deməkdir;
-“Biz yeni müharibəyə hazırlaşmırıq” cümləsi, klassik pasifist çağırışdan üstün - caydırıcı gücün açıqlamasıdır;
-Ermənistanla sülhün paraflanması isə Rusiyaya və bölgədəki digər güclərə açıq ismarıcdır: onun qəbul forması artıq qarşı tərəfin məsuliyyətidir... Yəni burada Bakının mövqeyi qətidir: Güney Qafqazın gələcəyi qıraqdan dizayn edilmir və o kiminsə “arxa bağça”sı olmayacaq.
Təqvim ilinin son müraciətində daha hansı ismarıclar var? Bizcə:
-Azərbaycan qalibiyyətini savaş meydanında olduğu kimi, diplomatiyada, beynəlxalq hüquq platformlarında da təsdiqləyib;
-BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə istinad, güc üstəgəl hüquq sintezinin nümayişidir;
-D-8 üzvlüyü Azərbaycanın İslam dünyasında da güvənli, çağdaş aktor kimi qəbul edildiyini göstərir.
Bu, bir prinsipial çağırışdır: Azərbaycanla diktə ilə danışmaq keçməz, gərək münasibət qarşılıqlı anlaşma və tərəfdaşlıq üzərində qurulsun.
Təsadüfi deyil ki, işğaldan azad edilmiş Xankəndidə ECO Zirvəsinin keçirilməsi müraciətin ən güclü simvolik qatlarından birini təşkil edir. – Bu addım Qarabağı keçmiş “münaqişə bölgəsi” kimi tanınmaqdan çıxarır, beynəlxalq diplomatiya məkanı kimi təqdim edir – Xankəndinə yaraşan da budur; “Böyük Qayıdış” proqramını emosional şüardan gerçək dövlət siyasətinə çevirir - Zəfərimizə yaraşan da budur;
Dünyaya göstərir ki, Azərbaycan dağıntı, mina yerləri üzərində intiqam toxumları səpilmir, quruculuq, mədəniyyət inşa edir. – Əcdadımızın ruhuna, gələcək nəsillərə yaraşan da budur!
Bax, 70 min insanın geri dönüşü – buna, artıq statistika deyib keçmək olmaz, bu, tarixi dönüş nöqtəsi, daha doğrusu, nidasıdır.
Bəli, Azərbaycan qalibiyyətlə yetinmir, onu sistemləşdirir; ədalətli sülh çağırışı yenilməzliyin, gücün təzahürüdür; dövlət–xalq birliyi isə geosiyasi resurs olaraq qəbulu haqq edir.
Ötən ilin son müraciətində Azərbaycan öz taleyinin müəllifi kimi danışır. Heç kimə hesabat vermirik, amma hamıya aydın ismarıc göndəririk. Deməli, bu, savaşsonrası dönəmin siyasi manifesti, Zəfərdən sonra formalaşan yeni siyasi mərhələnin ideoloji xəritəsidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
“Biri ikisində” Cavid Fərzəlinin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Cavid Fərzəlinin şeirlərini təqdim edilir.
QANA BATMIŞ YUXU...
Polad Həşimovun doğma xatirəsinə həsr olunur....
Bir uşaq yuxu görürdü,
üzünü təbəssüm ildırımı bürümüşdü.
Müharibənin beşiyində...
Mərmi səsi yelləyirdi əllərini,
yetim gecələr yuxu yoğururdu
pərdələrin gözlərində.
Mərmilər ayaq açıb yeriyirdi
bir qızın saçlarının yaddaşında.
Bir ana yaylığı güllələnmişdi
bayraq kölgəsində...
Tanrı dilini öyrənirdi kəpənəklər,
Ölümü əzbərləmişdi Vətən.
Səhərin gözlərini uşaqlar aça bilmədi...
Ana küçələr danışırdı:
– Əllərin səngərin atasıdır.
Bir duman bağırır
ayaqlarını...
Torpağın kürəyi
heç vaxt yerə dəymir,
arzular içində yatır
çarpayı.
Hər ata, bir oğul
hərfləri unutmuşdu
xəbər başlığında...
Ovuclarında xəyanət gizləyir
səngər baharı,
buludlar boylanır
çiyinlərindən...
Analar göz yaşından silah düzəldir
yuxusuz pəncərəsinin qarşısında.
Hər günün qapısı barmaqlarından günəş damır
məmləkətə...
Bir uşaq yuxudan ayılır indi,
qanadları boş
yellənir hər evin...
Küçəmizdə
ürəyi yerə dağılır
fotoşəkillərin,
soyuq baxışların gözünü çıxarır
daşürəkli lövhələr...
Şəhərin qorxaq küçələrində
Polad yağışlar yağır
ağacların köynəyinə...
Ürəyindən qızılgül dərir
küçələr indi...
Uşaq yuxular böyüyür,
xoşbəxt oyuncaqların gözündə
qarışır çinar boyuna...
Ayağını itirmiş yollar
taleyin çəkmələridir. soyunur ayaqlarını qırmızı şəkillər...
Uşaq yuxusunu yırğalayır bir payız.
Ayılır uşaq pəncərələr,
ayılır kağız
yuxusundan...
Uşaq buludlar dil tapa bilmir danışa.
Bu səhəng
yuxunu əlindən salıb sındırır...
Nar üzlü ömürə dağılır qız budaqlar,
oğul ağaclar!
İYDƏ AĞACLARI....
İydə ağaclarının
küçəyə atdığı
körpə kölgə
iməkləyir yolun kənarında.
Əmlik yağış
gölməçələrin üzünü cırır,
başını itirmiş buludlar
iydə çiçəklərinin üstünə qışqırır.
Ayaqqabılarını çıxarıb
yelkənli dumanların dalınca qaçır
günəşin qovduğu uşaqlar...
Keçmişin üstündə uzanıb
qoca bir budaq,
əllərini sevələyir küləklər.
Bircə göy üzü,
ayaqları unudulmuş buludların
yaddaşını saxlayır.
Axı unudulduqca yox,
unutduqca ölür
ağacların yaddaşı...
Bir pişik, zamanın yırtıcı pəncələriylə
küçələrin yaddaşını daşıyır.
Burda gecə də
öz qaranlığını oğurlayıb
iydə ağaclarının altına yığır.
Qəribdir iydə ağacları.
heç doğması yox,
amma hər ömrün üzünü xatırlayır.
Başını aşağı salıb,
günəşin yerə sərdiyi
yaddaşını yığır.
Hər budağı incikdir,
əlinə balta alan
Ərrəhman kişinin
dizlərinə yalvarır
qız salxımlarıyla...
Yuvası uçur qanadlarının,
qaranquşlar pozur payızın yaddaşını.
İydə ağacları
hələ də çiçəklərini
küçələrin yadına salır,
bir ana sarımtıl ayrılığını
daş ürəklə xatırlayır.
Küləyin içində ağlayan
bir budağını
oxşayır yasəmən divarlar...
Əlləri budaq-budaq
iydə ağacları oldu adamların.
Ərrəhman kişi
iydə ağacları boyda yaşadı,
iydə çiçəklərinin içində öldü...
Qırılmış iydə ağacı,
qollarında tabutunu götürdü...
Ölmüş bir baxışın kölgəsində
ətri havadan qopur
ölümü dadmış qız çiçəklərin.
Bir ata,
iydə ağaclarının susqunluğunu
küçələrə danışır,
yaddaşı qayıdır
iydə çiçəklərinin...
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)


