SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Məhəbbətim bölünmədi” Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ             

MƏHƏBBƏTİM BÖLÜNMƏDİ...

 

Birinci nəvəm oğlandı,

Bir dünya sevinc gətirdi

anadan olanda.

Ürəyimdə əvvəllər duymadığım

bir məhəbbət oyandı.

Ağlayanda,

ürəyimin başı sanki sökülürdü.

Gülüşündən hər tərəfə

qucaq-qucaq

işıq, sevinc tökülürdü.

Düşünürdüm:

Bir nəvəm də olsa,

Onu sevmək üçün

Qəlbimdəki məhəbbəti

Necə yarı böləcəyəm?

Ağlayanda kədərlənib

Qımışanda sevinəcək,

Güləcəyəm...

Sonra bir qız nəvəm oldu,

Gözləri göy, üzü göyçək,

Yanaqları dağ laləsi,

Dodaqları incə çiçək...

Qələm qaşı çatılanda,

Ala gözü süzüləndə,

Hərdən incik baxıb mənə

Dodaqları büzüləndə

Qəmlənirdim dərin-dərin.

Günlərimə çiçək-çiçək

Səpilirdi gülüşləri...

Elə bil ki, ürəyimdə

Nəğmə səsi eşidirdim

O yatanda mışıl-mışıl

yatağında.

Bir cüt nəvəm böyüyürdü.

Məhəbbətim bölünmədi,

az olmadı.

Oğlan nəvəm, qız nəvəmə

məhəbbətim yetər oldu,

artdı, artdı, azalmadı.

Üçüncü qız nəvəm oldu,

Qızıl saçlı, qonur gözlü,

Şirin dilli, şirin sözlü...

Ağlayanda yanğın saldı

Ürəyimin başına o.

Hərdən məni qərq elədi

Gözlərinin yaşına o.

Duzlu, şirin, göyçək bala

Hərdən şıltaq-şıltaq oynar,

Hərdən dalar xoş xəyala...

Məhəbbətim bölünmədi,

azalmadı.

Hər üçünə yetər oldu,

az olmadı.

Bir qız nəvəm yenə oldu,

Qaşı qara, gözü qara,

Elə bil ki, nur ələndi,

nur çiləndi buludlara...

Gülüşündən könül güldü,

Ağlayanda qəm töküldü.

Gah məzəli, gah dincdi o,

Həm fərəh, həm sevincdi o.

Şevdim onu

əvvəlki üç nəvəm kimi.

Məhəbbətim azalmadı,

Dördünə də yetər oldu,

az olmadı,

Bu körpəyə məhəbbətim

Onlardan da betər oldu.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.